ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Dilimin adını kim verib görən? Onun “Ol” dediyi andanmı gəlir? Tarixə sığmayan tarix yaradan Fatehlər doğuran qandanmı gəlir? Şumerdənmi gəlir? Hundanmı gəlir? Dilimin adını kim verə bilər? Sönmüş ocaqlara od verən mənəm! Qitədən-qitəyə axan çaylara, Yurdlara, ellərə ad verən mənəm! Başımın üstündən göy çəkilməmiş, Ayağım altından Yer qaçmayınca… Kimliyim, varlığım, ruhum, vücudum Soyuq məzarlara yol açmayınca… Şəhid qanı kimi son damla qanım Vətən torpağına hopana qədər. Bilin! Yürüdükcə ərzin zamanı, Dünya məhvərindən qopana qədər Dilimin adı da yalnız Türkdür, Türk! Amalım dünyanın özündən böyük! …Kəhər atlarımın dırnaqlarından Qopan daşlar belə türkcə danışır. O mavi səmanın ənginliyindən Uçan quşlar belə türkcə danışır. Əlçatmaz zirvələr, keçilməz dağlar, Yaxınlar, uzaqlar türkcə danışır. Kükrəyən dənizlər, sısqa bulaqlar, Çiçəklər, yarpaqlar türkcə danışır, Türk varan torpaqlar türkcə danışır! Yarıb neçə-neçə qaranlıqları – Ruhundan yol alan bir gündüzü var. Fəth edib əlçatmaz ucalıqları! Hər yerdə, hər yerdə Türkün sözü var. *** …Şirin layla səsi, telli saz səsi, Qolça qopuz səsi – Türkün dilidir! Haqqa əsgər olan Uca Millətin Əbədi nəğməsi – Türkün dilidir! Gah həzin, axıcı… bir bulaq kimi, Gah alov püskürər gur ocaq kimi… Dillər arasında durub dağ kimi! Dillərin zirvəsi – Türkün dilidir! Hər sözü İlahi – Cana can gəlir, Hər sözün içində bir ümman gəlir… Ruhu göydən gəlir, səmadan gəlir Tanrı möcüzəsi – Türkün dilidir
“Butov Azerbaycan” qazətinin əziz oxuculari, budəfəki söhbət iştirakçımız — tanınmış özbək şairəsi, tərcüməçi və jurnalist, Özbəkistan Yazıçılar Birliyinin üzvü Sənubər MEHMANdır. Söhbətimiz ustad-şagird ənənələri, Azərbaycan və özbək şeiriyyatı, təsəvvüf ədəbiyyatı, şair ilə şəxsiyyət arasındakı baxışlar haqqında oldu.
—Söhbətimizi poeziyaniz haqqında başlayaq. Şeirlərinizdə Mövlanə Rumi, Əhməd Yəsəvi, Baburəhim Maşrab kimi böyük ustadlarımızın işıqlı nəfəsi hiss olunur. Belə bir şans hər şairə nəsib olmur. Bu böyük və ilahi istedad yükünü daşımaq çətin deyilmi?
—Şeir bütün dövrlərin əbədi mövzusudur, niyə də olmasın… Sualınız çox yerindədir — əslində, Sözün yükü çox ağırdır, çünki bu yük Sözün özü qədər qədim və qiymətlidir. Amma, müdrik xalqımızda: “Allah yerin dağlarına baxıb qış göndərir” — deyə müdrik bir atalar sözü var. Böyük Yaradanımız söz demək cəsarətini və bacarığını verirsə, onu daşımaq üçün də güc verir. Bundan əlavə, bu dünyada məsuliyyət gözləri ilə baxsan, ən asan işin belə olmadığına rast gələ bilərsən, insan hər zaman, hər hansı bir halda da olsa insan olaraq qalmağın özü nə qədər çətin və əziyyətlidir! Amma insan hər zaman səbr və mətanət ilə özünü, özünün həqiqi qiymətini anlamağa çalışır.
—Ozod Şarofiddinov, Nəcmiddin Komilov kimi böyük ədəbiyyatşünaslar sizə öz yolunuzu tapmaqda necə kömək etdilər? Onlarla keçən dövrlər, söhbətlər haqqında fikirlərinizi bölüşsəniz…
—20-ci əsr özbək ədəbiyyatının zirvələri olmuş — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov haqqında danışmaq istəsək, onların nə qədər böyük Ustad, ensiklopedik bilik və yüksək təfəkkür sahibləri olduğunu söyləsək, bir suala cavab olaraq kitab yazmaq belə yetərli olmaz. Bu böyük ustadlarım ən əvvəl insanlıq elminin zirvələri idilər. Kim ki, bu ruhani söhbətlərdən faydalanıbsa, şübhəsiz ki, ruhu işıqlanmış və təfəkkürü parlaq olmuşdur, bunlar arasında mən də bu uca varlıqların nəzərinə layiq görülməyimdən məmnun olaraq, bu sevgidən təəccüblənərək, özləri çağırmasalar belə getmişəm. Doğrusu, deməliyəm ki, hər ikisi də mənim haqqımda özlərinin sevgi və etimad dolu məqalələri ilə — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov müəllimi “Dünya Ədəbiyyatı” jurnalında, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov müəllimi “Gülüstan” jurnalında yazıblar — amma mən hər ikisinin qarşısına getməkdən çox çəkinmiş və getməyə utanmışam, bu səbəbdən bu böyük ustadlarımdan dualar, səmimi sevgilər və gözəl bir yol arzuları ilə yazılmış ön sözlər mənim üçün miras qalmışdır. Amma, aramızdakı bu ruhani münasibətlərdə heç bir dünya görüşü qarışmamışdır, yəni mən onların vəzifələrindən və ya mövqelərindən heç bir şəkildə maraqlanmadım, ya da şəxsi problemlərimi, məsələn, təhsil haqqını ödəyə bilmədiyim halda məktəbi tərk etməyim barədə onlara danışmadım. Düzünü desəm, onların bu vəziyyəti hiss etmələrindən qorxmuşdum. Mənim üçün onlar ədəbiyyatın, biliklərin yüksək səmasında yaşayırdılar və mən onların o yüksək səma üzərində qalmasını, yerin kiçik qayğılarına qarışmamalarını istəyirdim. Bəlkə də, bu düzgün deyildi, bunu bilmirəm, çünki o vaxtlar çox gənc idim, həmçinin “qanla girən canla çıxar” — dedikləri kimi mən hələ də o cür təvazökar və utancaq idim. Şeirlərimdəki azad və sərbəst ruh və insanı təbiətimdəki təvazökarlıq mənim üçün çox çətindir. İlk sualın dəqiq cavabı burada ortaya çıxdı.
—Sizə görə təsəvvüfün tərifi nədir? Təsəvvüf şeirləri yazmaq prosesi zamanı hansı mənəvi halı hiss edirsiniz?
—Təsəvvüf əslində ruhun şeiridir. Onun içində ruh belə poetik yüksəlişlərdə yer və dünyadakı kiçik kədərləri rədd edir. Təsəvvüfün tərifi ilə yaşamaq, əslində bütün ömrü şairanə bir əhval-ruhiyyə ilə yaşamaqdır.
—Hər bir şairin, yazıçının ruhunun şairləri olur. Sizin ruhunuzu şairləri kimlərdir?
—Mən özbək ədəbiyyatının demək olar ki, bütün klassik şairlərini və Şərq ədəbiyyatının, Azərbaycan ədəbiyyatının böyük klassikləri Məhəmməd Füzulinin, fars-tacik ədəbiyyatından Həfiz Şirazi, Bədreddin Hilolinin qəzəllərini, bu günün ən yüksək Ruhiyyə səviyyəsində yüksək məqamlar yazan bütün şairləri diqqətlə oxuyuram. Bundan əlavə, Qərb ədəbiyyatından Jorj Sand, Xulio Kortasar, Emili Dikinsonun və Yaponiya şairi İsakova Takubokunun heykəlləri, klassik və müasir yapon şairlərini, Yasunari Kawabata’nın nazik təbiət tərənnümlərini, ispaniyalı şair Federico Garcia Lorcanın cazibədar heyrətlərini sevirəm. Həmçinin, Azərbaycan müasir şairləri Romiz Ravşan və Səməd Vurğunun gözəl tərcümələrini də axtarıb oxuyuram.
—Şair və şəxsiyyət kimi həyatınızdakı ən vacib qərarlar nə olub?
—Hər bir insanın öz həyat prinsipləri olmalıdır, mənim üçün! Prinsipi, qətiyyətli xarakteri və müəyyən sərhədləri olmayan insanın heç vaxt öz mənəvi kimliyi olmaz! Məni hər zaman tarazlıqda saxlayan qüvvə bu inamdır!
—Yaradıcı və şəxsiyyət kimi həqiqəti axtarmaq, söz və mənanı dəqiq göstərmək sizin üçün nə qədər vacibdir?
—Məhz bu sualınıza beşinci sualda özüm bilmədən cavab vermişəm (!!!) İlahi, yüksək inamı və qətiyyətli prinsipi olmayan yaradıcı insanın mənəvi kimliyi olmaz, çünki mənəvi kimlik olmadığı halda, o yaradıcı özü-özlüyündə itir. Söz və mənası mənim üçün can və bədən kimi bütöv bir anlayışdır!
—“Bəzi şeylər kitablardan öyrənilmir. Onları ustaddan öyrənmək lazımdır,” deyilir. Buna necə fikriniz var?
—Doğrudan da elədir — kitablardan öyrənilməyən, yalnız görməklə və yaşamaqla başa düşülən acı həyat həqiqətləri vardır.
—Əmir Qobus deyir ki: “Yüksək dərəcələrə yalnız başdan keçirilən çətinliklərlə nail olunur.” Sizə görə, şair və şəxsiyyət üçün yüksək dərəcə nədir?
—Mənim fikrimcə, həqiqətən Şair və Şəxsiyyət olmaq üçün ən yüksək dərəcə, hər hansı bir vəziyyətdə də özünün sadə bir insan olduğunu və ona verilən bütün mükafatların Allahın neməti olduğunu unutmamaqdır! Yəni ən yüksək dərəcə bu təvazökarlıqdır!
—Çox sayda yaradıcı mərkəz olaraq şəhərə meyllənir. Yaxşı şair, yazıçı olmaq üçün şəhərə meyllənmək nə qədər doğrudur?
—Bir zarafatlı aksioma var, böyük istedadlar kənddə doğulur, şəhərdə ölürlər… Demək istəyirəm ki, mərkəzin öz cazibəsi var, burada bütün istedadlar cəm olmuş və bu baxımdan bir növ yaradıcı mühitin qaynadığı yer olaraq tək bir yerdə yaradıcıları çəkən xüsusiyyətə malikdir.
—Mitskoviç deyir: “Bütün gün yaxşı yaşamaq, kitab yazmaqdan daha çətindir.” Sizə görə, biz yaxşı insan olaraq yaşamağı və yaxşı kitablar yazmağı nə qədər bacarırıq?
—Bu suala ümumi cavab vermək mümkün deyil, çünki yaxşı insan olaraq yaşamaq çox özünəməxsus bir prosesdir. Bir vaxtın özündə kimisi çox yüksək bir həyat yaşarkən, onun yanındakı biri də ən aşağılıq və axmaqlığın ən ucuna çıxa bilər.
—Azərbaycan ədəbiyyatına maraqlarınız haqqında da danışsanız. Azərbaycan ədəbiyyatından ən çox oxumağı sevdiyiniz şair və yazıçılar kimlərdir?
—Azərbaycan ədəbiyyatı mənim üçün hələ bir sirli dəniz, açılmamış xəzinə kimi durur. Azərbaycan klassik şairləri Məhəmməd Füzuli, İmaməddin Nəsimi və Bilal Nəzimi çox oxumuşam, xüsusilə Füzulinin otuzdan çox qəzəlini əzbər bilirəm, müasir Azərbaycan ədəbiyyatının zəhmətli nümayəndəsi Yusuf Samad oğlunun: “Qətl günü” romanını (Usman Qoçxor tərcüməsində) oxuyaraq çox təsirlənmişəm. Səməd Vurğundan gözəl tərcümələrini də axtarıb oxuyuram, Ramiz Rövşənin şeirlərini sevirəm, ən böyük arzum onları orijinalda oxumaqdır!
—Sizcə, Azərbaycan və özbək ədəbiyyatı arasında hansı ümumi xüsusiyyətlər və bənzərliklər var? Bu iki xalqın ədəbiyyatı bir-birinə necə təsir edir?
—Bu iki xalqın kökü birdir, bizim Azərbaycanla dinimiz ortaqdır, ədəbiyyatımız ortaqdır, buna görə ədəbiyyatımız da ruhən bir-birini tamamlayan əkiz ədəbiyyatlardır.
Söhbətləşdi: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.
Xalq şairi Səməd Vurğun və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı hərbiçi İsrafil Məmmədov. Bu nadir foto “Kirovabad Kommunisti” qəzetinin arxivinə məxsusdur.
“Qaranlıqdan qorxan bir uşağı asanlıqla bağışlaya bilərik. Həyatdakı həqiqi tragediya isə böyüklərin işıqdan qorxmasıdır”
Platonun “Sokratın Müdafiəsi”ndə verdiyi bu dərin fikir hüquq və ədalət anlayışına da işıq tutur. Çünki işıq, həqiqət və maariflənmə deməkdirsə, ondan qorxmaq cəmiyyətin ədalətdən və doğrulardan qaçışı deməkdir. Hüquq sistemləri insan qorxularının üzərində qurulmuşdur. İnsanlar cəzadan, haqsızlıqdan, anarxiyadan və haqsız hücumlardan qorxurlar. Lakin ədalətin gerçək imtahanı, cəmiyyətin qorxularını necə idarə etməsi ilə bağlıdır. Biz işıqdan – yəni həqiqətdən və maariflənmədən qorxduqda, ədalət ikinci planda qalır, çünki əsl həqiqətlərin ortaya çıxması cəmiyyətin və fərdlərin rahatlığını poza bilər.Sokrat heç kimə fiziki bir zərər vermədi. Onun silahı sadəcə suallar idi. Amma insanlar bəzən silahdan deyil, sualdan daha çox qorxurlar. Çünki sual, səndən düşünməyi tələb edir, öz həyatına, inanclarına, sistemlərə yenidən baxmağa vadar edir. Sokrat insanlara sadəcə bunu edirdi: onları oyandırmağa çalışırdı. Amma cəmiyyət həmişə rahat yuxuya üstünlük verir. Ona görə də onu məhkəməyə çıxardılar və ölümə məhkum etdilər. Bu, bizim üçün bir dərsdir. Ədalət, hüquq və həqiqət bizə sərf edəndə gözəl görünür. Amma həqiqət narahatlıq doğuranda, çoxumuz onu görməzlikdən gəlirik. Ya da onu danışanı susdurmağa çalışırıq.
Sokratın özü də məhz bu işıqdan qorxanların hədəfi oldu. O, insanların rahat yalanlara sığınmaq yerinə, çətin həqiqətlərlə üzləşməsini istəyirdi. Amma cəmiyyətin böyük hissəsi bu cür maariflənməni təhlükəli hesab etdi və onu ölümə məhkum etdi. Beləliklə, Platonun fikrindəki “böyüklərin işıqdan qorxması” hüquqi ədalətin korlanmasına bir işarədir. Hüquq ədaləti bərqərar etmək üçün mövcuddur, lakin bu, yalnız işığa doğru cəsarətlə addım atdıqda mümkündür. Ədalət sistemi, cəmiyyətin həqiqəti axtarmaq cəsarətinə malik olduğu qədər güclüdür. Əgər bir cəmiyyət işıqdan – həqiqətdən, azad düşüncədən və sorğulayıcı ağılın gücündən qorxursa, orada hüquq formal bir mexanizmdən başqa bir şey olmayacaq. Sokratın timsalında gördüyümüz bu prinsip, tarix boyu dəyişməyib. Qanunlar yalnız qorxusuz şəkildə tətbiq edildikdə və insanlar həqiqəti axtarmaqdan çəkinmədikdə həqiqi ədalət mümkündür. Buna görə də, biz nəinki uşaq kimi qaranlıqdan qorxmamağı, həm də yetkin insan kimi işığa sarılmaqdan çəkinməməyi öyrənməliyik. Çünki əsl tragediya qaranlıq deyil, işıqdan imtinadır.
Biz özümüzü sorğulamalıyıq. Rahat yalanlar əvəzinə narahat həqiqətləri qəbul etməyə hazır olmalıyıq. Ədaləti qorumaq üçün cəsarət lazımdır, çünki işıq həmişə göz qamaşdırır. Amma həqiqəti görmək üçün gözlərimizi açmaqdan başqa yolumuz yoxdur.
Çünki əsl faciə qaranlıqda olmaq deyil. Əsl faciə işığı görəndə ondan qaçmaqdır.
“Xəzan” ədəbi-bədii jurnalın yanvar-fevral (2025) sayı çapdan çıxıb. Sayca 64-cü (cari il üzrə birinci) nömrə sayılan 104 səhifəlik jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Xatırladaq ki, jurnal 2016-cı ildən çıxır. İlk sayı 23 fevral 2016-cı ildə işıq üzü görüb. Davamlı olaraq hər iki aydan bir nəşr olunub. Yazıçı, şair marağı və çapa hazırlanan materialların bolluğu nəzərə alınaraq bir neçə dəfə əlavə nömrələr hazırlanıb. Deməli, bu nömrə ilə jurnal fəaliyyətinin 9 ilini başa vurmuş hesab olunur. Onuncu ildə də nəşrini ənənəvi şəkildə davam etdirmək planlaşdırılır. Jurnalın PDF variantı martın birində “YAZARLAR.AZ” və “BEYDEMİR.RU” saytlarına yerləşdiriləcək.
Sizə təqdim olunan jurnalın bu sayının YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
1.Redaktor guşəsi -“Həqiqət niyə çılpaqdır?”
2.Publisistika -Mahir CAVADLI – “Gecə döyülən qapılar” (Nəbi Xəzrinin yüz yaşına) -Asya ƏHMƏDOVA – “20 Yanvar – Ümumxalq hüzn günü, yoxsa Müstəqillik uğrunda mübarizə günü?” -Əli BƏY AZƏRİ – “Məhəmməd Əli yaradıcılığında Şərqlə Qərbin vəhdəti” (Şair Məhəmməd Əlinin 75 yaşına ərməğan) -Ramiz İSMAYIL – “Məhərrəm Qasımlıdan Orxan Paşaya” (Aşıq yaradıcılığı barədə bir neçə söz) -Ünbülbənü MUSAYEVA – “Tamara Sadıqqızının poetik dünyası” -Əvəz KÜSKÜN – “Hər aşığın öz dövranı” -Əli BƏY AZƏRİ – “Xosrov Natil – taleyini yazan şair” -Mahir CAVADLI – “Neçə dövran görən şair” (Nizami Kolanılının yaradıcılığından) -Əli BƏY AZƏRİ – “Ziyadxan Budaqdan on dördüncü budaq” (Şairin “Bax budur yaşamaq” şeirlər kitabı ilə baş-başa) -Xuraman ZAKİRQIZI – “Ayaz İmranoğlunun “Komutan” romanı” -Asya ƏHMƏDOVA – ““Həm də böyüklər üçün” (Əli Bəy Azərinin “Köhnə il hara gedir?” adlı uşaq hekayələri kitabı haqqında təəssüratlar) -Lalə MAHMUDOVA – “Uzun gecə” (yada düşdü xatirələr) -Nazliyəbanu BƏYMƏHMƏTOVA – “Xurşid Dəvranın “Pədərküş” şeirindəki tarixi həqiqətlər” (tərcümə Rəhman BABACANındır)
Yollar sağaldır axı Təyyarəni qucaqlayan buludlar Yaralarıma sığal çəkən pambıq olur… Göy üzü kədərimə Boxça olur, sandıq olur Hər dəfə səmadan yerə enəndə Adam yenidən doğulur, Tanrıya təşəkkürlə, sevgiylə… Yollar sağaldır axı Məsələn, Sən ən uzağımda qalırsan Ayın üzündəki ləkə kimi… Qürub vaxtı ağacdan sıyrılıb torpağa söykənən kölgə kimi. Yollar sağaldır axı Elə qəşəng unuduram ki, səni… Yolda gördüyüm evə çatanda yadımdan çıxan Yuxu kimi… Ehhh neyləyim, Heç sən də bir adam olmadın Çoxu kimi…
RƏNGLİ YUXULARIMIN ŞƏHƏRİ: BEYLƏQAN… Ötən ili bütünlükdə yaradıcılıq qayğıları ilə məşğul olduğumdan həftələr, aylarla yazı masamdan ayrılmadım. Amma hiss edirəm ki, son iki-üç aydır bir ciddi işlə məşğul ola bilmirəm. Düşünüb-daşınıb, həyat tərzimdəki vərdişimi itirməyim deyə, özüm üçün bir cədvəl tərtib etdim. Yenə də işlərimə start verə bilmədim. Halbuki çox-çox illər dəyişən, yenilənən həyat cədvəlimi hafizəmə ötürür, ondan istiqamət alırdım… Masamın üstündəki yarımçıq yazılar mənə baxır. Hələ ki onlara yaxın düşə bilmirəm. Vaxtımı öldürmək üçün (sevmədiyim həyat tərzi!) gah arxivimdə “vurnuxur”, əlimə gələn bir kitaba baxır, ağ vərəqdə nəsə qaralayır, gah da sosial şəbəkəyə göz gəzdirirəm. Amma nə edirəmsə heç bir məşğuliyyətdə davamlı ola bilmirəm. Öz pərakəndəliyimə, diqqətimin dağınıqlığına təəccüb edirəm…
Nə baş verirdi? İşləməkdən ötrü ürəyi gedən mən, yazı masasından saatlarla ayrılmayan Şəfəq, niyə yaddaşının, ürəyinin yazı yükündən azad ola bilmir? Elə bu arada çoxdan unutduğum bir vərdişimi xatırladım. Və həmən də kitab rəfimin aşağı gözündə iri zərflərdə qalaq-qalaq topladığım şəkilləri ortalığa tökdüm. Gecə yarıdan ötənə qədər keçmiş günlərimin fotolarda donub qalmış zamanlarına qayıtdım. Bu fotoların hər biri həyatımın tarixidi. O gecə özüm də bilmədən o tarixlərə vardım. Qəribə hisslər keçirdim, anbaan yaddaşımda ağrıyabənzər bir tərpəniş duydum, həyəcan dolu anlar yaşadım. Uşaqlığım, məktəb həyatım, ailəm, mühitim, rayon qəzeti redaksiyasına, kitabxanaya getdiyim vaxtlar bir anda gözlərimin qarşısından kinolent kimi keçib-getdi. Məni yetişdirən, gələcəyə hazırlayan doğma yurdum Beyləqanı xatırladım. Sən demə, o illər ömrümün ən şirin, munis çağlarıymış…
Hələ də təravətini itirməyən xatirələrimin işığı məni vaxt-bivaxt rəngli yuxularımın şəhərinə, Beyləqana çəkir. Son bir neçə ildə yurdumun təbiətinə, adamlarına, ağaclarına tamarzı qaldığım qədim diyarıma qovuşmaqdan ötrü ürəyim əsir…
Fevral ayının ilk həftəsi Beyləqana yol aldım. İki günlük səfərimdə gördüklərimdən fərəhləndiyim, zövq aldığım, heyran qaldığım o qədər məqamlar oldu ki! Qışın çisəkli, yağmurlu günlərində bir məlakə gözəlliyində olan Beyləqanda görüb-duyduqlarımdan ürəyim dağa döndü…
Görüşdüyüm insanlar Beyləqanın mədəni yüksəlişinə öz yaradıcı əməkləri ilə töhfə verən ziyalılar idi: Mehman Əliyev, Raquf Budaqlı, Rövşən Qarabudaq, Fazil Əsəd, Vəliyəddin Əhmədbəy, Mehriban İsgəndərli, Gültəkin Məmmədova… Mən kiçik bir yazıda bu insanların fəaliyyətindən söz açmıram. Çünki, yaxın vaxtlarda onlarla bağlı təəssüratlarımı geniş bir yazıya gətirməyi düşünürəm.
Beyləqan özünün yeni dövrünü yaşayır. Bu yenilik məndə qosqocaman bir yurdun gəncləşdiyini, adamların tərtəzə bir ömür yaşadıqları təəssüratını yaratdı. O iki gündə gəzib-gördüyüm yerlər, eşitdiyim xoş hadisələr – yolların təmir olunması, abadlıq işlərinin aparılması, gözəl tədbirlərin keçirilməsi, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı, ehtiram, rayon əhalisinin rövnəqli, qaynar bir yaşam həyatından xəbər verirdi.
Təbii ki, rayonda bu təzəliyi, dirçəlişi yaradan, sözlə yox, əməli fəaliyyəti ilə camaatına xidmət göstərən Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovdur. O iki gündə kiminlə görüşdümsə, başçının səmimi, sadə, işgüzar İnsan olduğundan, gördüyü işlərdən danışdı. Hiss etdim ki, Əziz müəllim rayona gəldiyi gündən özünün region üçün yeni olan bir proqramı ilə işə başlayıb. Hiss etdim ki, Əziz Əzizov cənab Prezident Ali Baş Komandan İlham Əliyevin genişəhatəli fəaliyyətindən faydalanıb. Ölkə başçısının müdrik siyasətindən, xalqla görüşlərindən lazımınca dərs alıb. Elə olmasaydı, bu bölgədə fəaliyyətə başladığı cəmi 8 ayda beyləqanlıların etimadını bunca doğrultmazdı ki…
Beyləqandan qayıdandan sonra ürəyimdə təpər, ruhumda bir dinclik, fərəh hissi duydum. Bu gözəl əhvalı, enerjini yurdumdan almışdım…
34 il əvvəl (1991) “Beyləqanın güllü yazı” kitabım 30 min tirajla “Gənclik” nəşriyyatında çapdan çıxdı. Ölkəmizin bütün rayonlarına yayıldı. Kitabın nəşri tarixi bir dövrə təsadüf etmişdi. Uzun illər dilimizə yatmayan, camaatımızda qıcıq yaradan Jdanov adı ləğv olunmuş, yurdumuzun qədim adı – Beyləqan özünə qaytarılmışdı. “Beyləqanın güllü yazı” sanki rayonun təzə adına (adqoydusuna!) bir töhfə oldu. O vaxtdan çox sular axdı, çox-qəzavü-qədərlər yaşadıq. Düşünürəm, bu gün həyatı yeni tarixi hadisələrlə zənginləşən Beyləqanıma bir mənəvi borcum da var. Sağlıq olsun…