www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

SƏDULLA ŞİRİNOV – DOĞMA YURDUN CAZİBƏSİ

DOĞMA YURDUN CAZİBƏS

Kənddə yaşadığı zaman Camaldan ötrü ilin payızdan, qışdan gözəl fəsli yox idi. Ona görə yox ki, bu fəsildə gecələr uzanır, günlər gödəlir, işlər azalır bolluq olur. Onu payıza bağlayan başqa səbəb vardı. O uşaqkən yaşadığı bölgədə televizor yox idi. Ancaq evlərində patefon vardı. Bunun da iynəsi korşalanda valın səs cızığını korlayardı, oxunan mahnıların ahəngini pozardı. Bu aparatdan kənddə Camalgildən başqa heç kəsdə olmadığından, axşamlar qonşular onlara toplaşardı. Maraqla Xanın, Bülbülün, Rəşidin, Gülağanın, Saranın, Şövkətin, Zeynəbin və başqa xanəndələrimizin, müğənnilərimizin mahnılarını dinləyərdilər. Kənddə ancaq bir evdə radioqəbuledicı vardı. Elektirik enerjisi olmadığından, radioqəbuledicini iri batareyalarla işlədirdilər. Kənddə radio qovşaq yaradıldı, evlərə kabel çəkildi, radio aparatı yerləşdirildi. Sübh tezdən aparat işə düşərdi. Aparıcı gümrah səsiylə: – Danışır Bakı, – deyib, xəbərləri, sonra da hava haqqında məlumatı elan edərdi. Dizel mühərriki ilə kəndə elektirik enerjisi verilən vaxtı yaxşı xarırlayırdı o. Ancaq qaş qaralandan axşam saat on ikiyədək evlərə paylanan elektirik işığını möcüzə kimi qəbul etdən kənd camaatı heyrətə gəlmişdi. Bunu axır zamanın əlaməti kimi qəbul edənlər də vardı. Çox çəkmədi bölgə Mingəçevir Su Elektitik Stansiyasından ötürülən elektirik enerjisi ilə fasiləsiz təmin olundu. Babat imkanı olanlar radioqəbuledici aldılar. Onun atasının “Rekord” markalı radioqəbuledici alıb, evə gətirib işə saldığı gün onlarda toy-bayram əhval-ruhiyyəsi yaranmışdı. Onun uşaqlıq dövründə indiki kimi hər evdə televizor, hər adamda telefon yox idi. Kolxoz dövrünün gərgin işindən yorulmuş adamlar axşam yeməyini yeyəndən sonra vaxtlarını xoş keçirmək üçün demək olar ki, hər gecə bir-birlərinə qonaq gedərdilər. Bəzən axşamlar onlara o qədər adamlar söhbətə toplaşardılar ki, döşəməyə sərilmış döşəklərdə uşaqlara oturmağa yer olmazdı. Deyib-gülər, zarafat edərdilər. Hamı zarafat götürən idi, bir-birindən inciməzdilər, heç kəs heç kəsin sözünü kəsməzdi. Küsülülər də az olardı o zaman. Çox nadir hallarda kəndin naqis adamlarının adları hallanardı o söhbətlərdə. Yaxşı adamların yaxşı əməllərindən çox danışardılar. Bildikləri nağıllardan, dastanlardan parçalar söyləyənlər də olurdu. Onda evlərdə dini ədəbiyyat olmazdı. Quran ayələrini, Peyğəmbərimizin hədislərini dini məclislərdə mollalardan, cümə namazına məscidə gedənlər imamdan öyrənərdilər. Yadlarında qalan ibratəmız, müdrik kəlamları bu cür axşam söhbətlərdə paylaşardılar. O vaxtlar indiki kimi evlərdə ayrıca mətbəx olmazdı. Odun sobası bir otaqda yanardı. Biş-düş orda hazırlanardı. Həmişə evlərində söhbətə yığılanlar üçün yüksək kolorili xörəklər hazırlanardı. Xolestrini, zülalı, kreatini heç kəs vecinə almazdı. Beləcə kənd zəhmətkeşləri payız, qış aylarının necə gəlib keçdiyini hiss eləməzdilər.
Orta məktəbi bitirdi. Təhsil almaq üçün Bakıya gələrkən burda qalıb yaşayacağını planlaşdırmamışdı. Heç bu barədə düşünməmişdi də. Gözləmədiyi halda elə oldu ki, o göz açdığı, ilk havasını udduğu, ilk addımını atdığı dogma yurduna ildə bir aylıq məzuniyyət vaxtında, yaxud yaxınlarının xeyir-şərində gedib-gələsi oldu. Nə qədər ki, ata-anası sağ idilər, ata yurdunda özünü tam sərbəst aparırdı, özünü öz evində kimi hiss edirdi. Uşaqları heç bir sıxıntısız yay tətilini nənələriylə keçirərdilər. Anası dünyasını dəyişdikdən sonra bir neçə il belə davam elədi. Sonralar evin xanımlıq estafetini ələ alan kiçik qardaşının həyat yoldaşı içində gizlətdiyi soyuq münasibətini tədricən nəzərə çarpdırdı. Bu da ona “ulu sözünə baxmayan uluya-uluya qalar” atalar sözünü xatırlatdı. Hər dəfə məzuniyyətə gələndə atası, anası ona torpaq sahəsi götürüb ev tikməyi məsləhət görərdilər. O isə onların təklifinə razılıq vermirdi. Bir dəfə anası onlara gələrkən işdən dönəndə soruşmuşdu:
– Ana, günün necə keçdi?
– Yaxşı keçdi deyib, səni inandıra bilərəm. Özümü isə yox.
– Niyə? Yoxsa naxoşlamısan?
– Naxoşlamadım. Daha betərini yaşadım.
– Nə oldu ki?
– Heç nə baş verməyib. Bezdim sənin bu “qutu” kimi evinin icində. Ay oğul, indi işə gedib-gəlirsən, başın qarışır. Qocalanda bu qutulara sığmayacaqsan. Gəl daşı ətəyindən tök, məsləhətimi qulaq ardına vurma! Nə qədər ki, biz sağıq, yurdda yer göstərək, özünə ev tik.
– Ay ana, düşəydin həyətə, çıxaydın şəhərə gəzişəydin. Həm vaxtın keçərdi, həm də darıxmazdın.
– Şəhərin küçələrində veyillənməkləmi rahatlıq tapacaqdım? Mənim rahatlıq yerim dirriyimiz, bağ-bağatımızdı. Mən səni qandıra bilmirəm ki, bu dünyanın özünə də etibar yoxdur, adamlarına da. Elə düşünmə ki, çox oxuduğuna görə həyatı məndən çox öyrənmisən. Oxuduğun orta məktəbi mən də bitirmişəm. Sən dörd il ali peşə təhsili almısan, mən isə bir il oxuyub orta təhsil. Məndən üç il artıq oxuduğun məktəb sənə peşə dərsi verib. Ali dərəcəli mütəxxəsis yetişdirib. Sənin ali təhsil haqqında diplomunu ali məktəbə gedib-gəlib, oxumadan, rüşvətlə alanlar olub, var, olacaq da. İnsana son nəfəsinədək dərs keçən həyat akademiyasında isə rüşvət işə keçmir. Öyrənmək istəməyənlər, görüb-götürməyənlər bu dünyadan key kimi köçüb gedəcək. Yaş fərqimizin iyirmi beş il olduğunu nəzərə alsaq, hansımız həyatı daha yaxşı dərk edərik? Niyə adam deyəni eləmirsən?
Camal ata-anasının özündən qat-qat yüksək təfəkkürlü, müdrik olduğunu görürdü. Və bundan qürur hissi keçirirdi. Anasının canıyananlığını da dəyərləndirirdi. O, anasının təklifini ona görə qəbul eləmirdi ki, şəhərdə doğulub böyüyən övladlarının heç biri atası öləndən sonra gedib kənddə yaşamayacaq. Nə vaxtsa boş qalacaq mənzilin tikintisinə sərf edəcək vəsaiti, daha vacib dərd-sərinə yönəltməyi məqsədəuyğun sayırdı.
– Ay ana, ildə bir aylığa dogma kəndimə gəlirəm. Allaha şükür olsun ki, nə qədər istəsəm qalacaq yerim var. Xətrimi istəyənlərim də kıfayət qədərdir. Tikiləndən sonra il boyu qıfıllı qalacaq evin inşasına maya qoymağına dəyərmi?
– Bu gün ərklə açdığın qapılar bir gün üzünə bağlana bilər. Səni qandırmaq istəyirəm ki, bu gündən sabaha etibar yoxdur.
Anası onu qandırmaq istəyirdi, o isə qanmırdı. Onun qanmamazlıqda ittiham edən anası hirslənib demişdi:
– Baxt gələcək qanmamazlığının acısını dadacaqsan.
Camalın anası təxmininində yanılmamışdı. Düşündüyü vaxt yetişdi. Doğrudan da anasını qanmamasının acısını yaşadı. Bu məqamda o, anasının özünü qandırmağa cəhd etdiyi yaşında olardı. Onun üçün bu gecikmiş qanmağın bir qəpiklik də dəyəri yox idi…

*

Camal uşaqlarının yay tətili vaxtında, iş yerində yaranan vəziyyətə görə həmişəki kimi ailəsi ilə kəndə gedə bilməmişdi. Tətildən qayıdandan sonra Camal yoldaşı Sənubərdən soruşdu:
– İstirahətiniz necə keçdi?
Sənubər qısa sükutdan sonra ərinin üzünə baxdı:
– Pis keçmədi.
Camal yoldaşının cavabından hiss elədi ki, bu tətilin istirahəti yoldaşını qane etməyib. Özünü də aldığı cavab qane etmədiyindən dedi:
– Elə cavab verdin ki, görürəm yaxşı keçməyib.
– Dediyimə inanmadın?
– Axı cavabın inanılası kimi səslənmədi.
Sənubər bilirdi ki, əri ondan dəqiq cavab almamış əl çəkməyəcək. Cavab gözləyən ərinə baş verəni açıqlamalı idi. Amma necə? Bu necənin yumşaq yoluna düşməkdə çətinlik çəkirdi.

*

Həmişə olduğu kimi yenə də Camalın ona evlilik təklifi etdiyi günü xatırladı. İnstitutu bitirdikdən sonra təyinat üzrə eyni zavodda işləyirdilər. İşə gəldikləri vaxtlar ara-sıra olsa da, çıxdıqları vaxt həmişə avtobus dayanacağına kimi yol yoldaşı olurdular. Bir gün Camal minəcəyi avtobusu ötürdü. Sənubər səbəbini soruşdu:
– Niyə minmədin?
– Səbəbini bilmək istərdinmi?
Sənubər təəccüblə onun üzünə baxdı:
– Sənin avtobusu ötürməyinin mənimlə bir əlaqəsi varmı ki?
– Əlbəttə, var.
Sənubər Camalın dərin həyəcan keçirdiyini hiss elədi. Bunun özü ilə nə əlaqəsi ola biləcəyi ilə maraqlandı:
– Camal, örtülü danışırsan. Heç nə başa düşə bilmirəm.
– Açıq danışmağa cürət etsəydim örtülü danışmazdım.
Artıq onun məqsədini anlayan Sənubər gülümsündü:
– Ay Camal, elə danışırsan ki, elə bil ilk dəfə üz-üzə gəlirik. Səni açıq danışmaqdan məhrum edən bu cürətsizlik hardan çıxdı?
– Yadındadırmı oxuduğumuz vaxtlar tez-tez sənə baxardım?
– Onda kimə baxmırdın ki? Gözünü qızlardan çəkirdin ki?
– Nə bilirdin? Həmişə mən baxanda üzünü döndərərdin.
– Nə eləməliydim ki? Gözünü başqa qızlardan çəkmədiyini görmürdüm?
Camal bir anlığa o vaxtları xatırladı. Tələbə yoldaşı olan qızların hamısı gözəl idi. Əgər ondan soruşsaydılar ki, ən gözəli hansıdır? Hansısa birinə barmağını uzadıb, budur, deməkdə çətinlik çəkərdi. Həmişə onları nəzərdən keçirib, hansının daha gözəl olduğunu ayrıd etməyə çalışardı. Kimin daha ağıllı olduğunu soruşsaydılar, düşünmədən Sənubəri göstərərdi. Desəydilər ki, hansına elçi düşərdin? Sənubərə barmağını uzadardı. Dəfələrlə ona ürəyini açmaq istəsə də, rədd cavabı alıb üzüləcəyindən qorxub heç nə demədi. İndi öz dilindən eşidəndə ki, Sənubər də ona göz qoyurmuş, gec də olsa təəssüfləndi. Cəsarərsizliyinə görə özünü qınadı. İndi o, tam əminliklə qəlbini ona aça bilərdi.
– Sənubər, o zaman mənim niyyətimi düz başa düşməmisən.
– Necə başa düşməliydim ki, görmürdüm?
– Ay insafsız! Mən onlara heyran olduğum üçün baxmırdım. Aranızdakı fərqı ölçüb-biçirdim. Bircə dəfə mən baxanda üzünü yana çevirməyib gözümün içinə baxsaydın, cəsarətə gəlib ürəyimi sənə açardım. Gör neçə ilimi qəlbimdə sənə qarşı cücərən hissimi boğa-boğa keçirmişəm.
– Məni ittihammı edirsən? – Sənubər gülümsündü.
– Özümü ittiham edirəm.
– Bəlkə belə olmağı yaxşıdır.
– Gəl bu “bəlkə”ni qoyaq bir kənara, keçək mətləbə. Bir-birimizi yaxşı tanıdığımıza görə sənə birbaşa evlilik təklifi eləsəm, yenə üzünü döndərməzsən ki?
Bu günə qədər ağlından keçməyən təklif Sənubəri çaşdırdı:
– Bəlkə yaxşı-yaxşı düşünək?
– Demək istəyirsən ki, bir müddət də, yaxşı-yaxşı ürəyim üzülsün?
– Bu iş mal alış-verişi deyil ki, baxdın, gördün, bəyəndinsə o saat əl tutub sövdələşəsən.
– Kifayət qədər görmüşəm, baxmışam, bəyənmişəm. Məncə vaxt uzatmağın mənası yoxdur. Atam, anam tələsdirməsəydi, mənə qalsa nə qədər desən gözləyərdim.
Sənubər dünən anasının onu sorğu-sual edib fikrində kiminsə olub-olmadığını öyrənməyə cəhd edərkən, yalan uydurmaq zorunda qalmışdı. Çünki qohumlarından biri oğluna görə ona elçi gəlmək üçün anası ilə danışıq apardığını bilirdi. Anası ona bəyənmədiyi qonşusunun oğlunu tərifləyəndə demişdi:
– Bir də mənə bu barədə söz açma.
– Səbəbini bilmək olarmı?
– Yaxın günlərdə biləcəksən.
– İndi bilsəm dünya dağılmaz ki?
– Ay ana, bu günədək səndən məsləhətsiz bir iş görmüşəm? Sözündən çıxmışam? Adınıza zərər, utanc gətirəcək yanlışlığa yol vermişəm? Xahiş edirəm sənin narahat olduğun bu məsələdə məni sərbəst burax. Çünki bu, mənim həyatımdır. Bu həyatımı özüm davam etdirəcəyəm. Bu həyatımda sən kənarda qalacaqsan. Bilirəm nəzərin həmişə üstümdə olacaq. Şad günümdə sevinəcəksən, pis günümdə üzüləcəksən. Məni bu yerə çatdırınca çəkdiyin zəhmətinin üstünə, dərdimin də yüklənməsini istəmirəm.
Sənubər anasının narahatlığının səbəbini başa düşürdü. Onun həmyaşıdlarının hamısı ərə gedib. Evdə qalan təkcə özü idi. Bilirdi ki, əksər vayideynlər kimi ata-anası da qızlarının evdə qalıb, qarıyacaqlarından narahat idilər. O, dünən anasının narahatlığını səngitmək üçün “yaxın günlərdə biləcəksən” cavabına qarşı anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualına bu gün cavab verə biləcəyini planlaşdırmamışdı. Camalın dediyi “…ata-anam tələsdirməsəydi…” ifadəsi anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualı hər ikisinə vaxt uzadıb düşünməyə möhlət vermirdi. Xasiyyətinə bələd olduğu, güvəndiyi, həyatından silinməsi mümkünsüz tələbə yoldaşı kimi yer tutan bəyəndiyi həmyaşıdının təklifini qəbul etdi.
– Camal, biz indiki öz-özümüzü dolandıra biləcək məqama özbaşına gəlib çatmamışıq. Atamızın, anamızın dəstəyi, yardımından bəhrələnib istəyimizə nail olmuşuq. Artıq biz əvvəlki kimi onların dəstəyinə, yardımına yox, xeyir-duasına möhtacıq. Var-dövlətimiz başımızdan aşsa da, özləri ac-yalavac qalsalar da, bizdən elədiklərinin əvəzini ummazlar. Allah eləməsin, üz döndərsək də, bizə laqeyd qalmazlar. Dünən anamla təkbətək söhbətimiz oldu. Məndən ötrü necə narahat olduğunu görəndə özümü qınadım. Çünki hələ tələbə ikən bəyənilməsində əngəl olmayan bir neçə oğlanın mənə evlənmək təklifi etmələrinə peşman eləmişdim. Bu gün səndən bu təklifi alanda ilk ağlıma gələn bu oldu: “nə yaxşı ki, onlardan imtina eləmişdim”.
– Sənə qulaq asdıqca, mən də özümü qınayıram. Zənnimdə yanılmıramsa, o vaxtlar sənə ürəyimi açsaydım, məni peşman eləməzdin.
– Bəlkə də etməzdim. – Sənubər gülümsündü.
– Ax… axmaq baş. Kaş ki, indiki ağlım o vaxt olaydı, – Camal sağ əlini düyünləyib yumruğunu başına vurdu.
Yenə Sənubərin üzündə təbbəssüm göründü:
– Ağlım yox, cəsarətim – desəydin, daha düzgün olardı.
– Nə fərqi var ki, cəsarəti də ağıl idarə etmirmi? Nə isə. Olan olub, keçən keçib. Keçmiş gecikmiş ah-zarı qəbul eləmir. Allaha şükürlər olsun ki, heyfslənəcək itirdiyimiz bir şey yoxdur. Sən nə vaxt ailənlə danışıb atamla anamın səbirsizliklə gözlədikləri elçilik günümüzü mənə bildirəcəksən?
Sənubər anasının bu təklifə sorğu-sualsız razılıq verəcəyinə şübhə etmirdi. Atasının isə etiraz etməyəcəyinə əmin olsa da, qarşı tərəfi tam araşdırmayıb, tez bir zamanda razılıq verəcəyini gözləmirdi.
– Camal, səni yetərincə tanıyıram. Oxşar cəhətlərimiz də kifayət qədərdir. Bu da ondan xəbər verir ki, xoşbəxt ailə həyatı qura bilərik. Şərti şumda kəsək, sənə bircə təklifim olacaq.
– Cəmi bircə şərt? – Camal Sənubərin sözünü kəsdi.
– Bəli, ikinciyə gərək yoxdur. Əgər söz versən ki, aramızda heç bir qapalı sirrimiz olmayacaq, təklifini canla-başla qəbul edərəm.
– İnandıqlarının, müqəddəs saydıqlarının hamısına and içirəm, hətta gördüyüm yuxumu da oyanan kimi səninlə bölüşərəm…

*

Birgə yaşadıqları xoşbəxt ailə həyatının təməli qoyulan o günü illər keçməsinə baxmayaraq, bir an belə unutmamışdı Sənubər. Evə çatan kimi bildirəndə ki, tələbə yoldaşı ona evlilik təklifi edib, anası sevindiyindən doluxsunub ağlamışdı. Cəmi bircə şərtlə qəbul edilib reallaşan ailə həyatında onun ərindən gizlətdiyi heç bir sirri olmamışdı. İndi isə o, ərinin atasının evində üzləşdiyi xoşagəlməz münasibəti gizlətməyə məcbur idi. İstəmirdi ki, iki qardaş arasında soyuqluq yaransın.
– Sənubər, mən adamın gözünə baxanda ürəyini oxuyuram. Sənin də məndən nəyisə gizlətdiyini görürəm. Gəl öz xoşunla açıqla! Bil ki, ört-basdır etdiyin sirrin yerinə çatmamış əl çəkən deyiləm.
Birgəyaşayış dövründə Sənubər ilk dəfə ərinə yalan danışmalıydı. Bəyənilməz olsa da, bu yalan bir ailədə baş verəcək qalmaqalın qarşısını alacaqdı.
– Bu dəfə deyəsən kəndinizin havası mənə düşməmişdi. Tez-tez başım ağrıyırdı, təzyiqim qalxırdı, enirdi.
– Uydurmana mənim inandığımı zənn edirsənsə, yanılırsan. Niyə yad adamlar kimi üzümə yox, yerə baxıb danışırsan? Adam bacarmadığı işə girişməz. Axı səndə yalan uydurmaq alınmır. Evlənməyə qərar verdiyimiz gün səsləndirdiyin şərti unutdunmu? Gözümün içinə bax, gerçəyi danış. Onsuz da nə baş verdyini təxmin etmişəm.
Sənubər gördü ki, gerçəyi açıqlamaqdan başqa çarəsi qalmayıb, o gecəni xatırladı…

*

Camalın əmisi oğlu onu şam yeməyinə dəvət eləmişdi. Qonşuların da iştirak etdiyi məclis maraqlı keçdi. Qonağı olduğu qaynıgilə dönəndə gec idi. Uşaqlar yatmışdı. Pilləkənləri qalxanda, içəridən qaynının yoldaşına acıqlandığını eşitdi:
– Nə qədər ki, əlimdən xəta çıxmayıb, ağzını yum! Bu evdə mənimlə bərabər qardaşımın da haqqı var. Eşitsəm ki, onun külfətinin xətrinə dəymisən, məndən incimə!
Eşitdiyindən kefi pozulan Sənubər həyətə düşdü. Gəldiyini bildirmək üçün pilləkənin yanındakı boş vedrəyə toxundu. Səsi eşidib bayıra çıxan Kamal dilləndi:
– Deyəsən əmioğlu yaxşı qonaqlıq verib? Evə tez dönsəydim mən də gələrdim.

Özünü heç nə eşitməmiş kimi göstərməyə çalışan Sənubər üzrxahlıq elədi:
– Bağışla. Gecikib istirahətinizi pozdum. Əmioğlunun bəxti gətirib. Elə gözəl xasiyyətli, şirin dilli yoldaşı var ki, adam söhbətindən doymur.
– Bəxti gətirib yox, başı yaxşı işləyib desən, daha düzgün olardı. Nənəm onu qəbul eləmək istəmirdi. Qardaşı qızını ona sırımaqdan ötrü dəridən-qabıqdan çıxsa da, istəyinə nail ola bilmədi. Üstünə nə qədər adam salsa da, əmioğlu fikrindən dönmədi. Əmioğlu görür ki, təklənib. Hamı nənəsini dəstəkləyir. Babama deyib:
– Ay baba, arvadı hegomonluq edən kişilərə necə baxırsan?
– Babam cavab verib:
– Mən belələrini kişi saymıram. Kişinin evində kişinin sözü keçməlidir.
– Bəs bizdə niyə arvad hökmünü yeridir?
– Bu nə deməkdir? – babam hirslənəndə əmioğlu tez sözünü deyib:
– Baba, seçib bəyəndiyim qızdan ötrü sizi elçiliyə göndərə bilmirəm. Qızın eybinə görə yox, nənəmin hökmünə görə bəyəndiyim qızı qəbul etmirsiniz. Nənəmin məqsədi aydındır. İstəyir ki, qardaşı qızını yanına çəksin. Sizdən baş aça bilmirəm. Niyə xoşbəxtliyimə əngəl olursunuz?
Babam bir az düşündükdən sonra soruşub:
– Bəyəndiyin kimin qızıdır?
– Əmioğlu Sonanın atasının, anasının adını çəkən kimi babamın üzü gülüb. Nənəmlə əmimi yaxşıca töhmətləyib, vaxtı uzatmadan elçiliyə getmələrini tələb edib. Əmioğlunun başından elədiyi çanaq nənəmin istəyilə mənim başımda sındı.
Sənubər Kamalın dərindən köks ötürdüyünü görəndə, sözə baxanlığının azarını çəkdiyini hiss elədi, onun halına acıdı.
Sənubər o gecəni yuxusuz keçirmişdi. Qayınının yoldaşına qandırdığı: “bu evdə mənimlə bərabər qardaşımın da haqqı var” ifadəsi ara vermədən qulaqlarında təkrarlanırdı, onu düşündürürdü. Camalın təbii haqqından övladlarının yararlana bilməməsi ona qəribə gəlirdi. Ertəsi gün səhər Ulduz Sənubəri səhər yeməyinə dəvət etsə də, iştahasının olmadığını bəhanə edib, səhər yeməyindən imtina elədi. O, gedib bir neçə dəqiqədən sonra Kamal gəldi. Sənubərin pal-paltarını yığışdırdığını görəndə təəccüblə soruşdu:
– Gəlin bacı, sən nə edirsən?
– Kamal, Camaldan narahatam. Axşam qarışıq yuxular görmüşəm. Getsəm yaxşıdır.
Kamal bu günə qədər gedəcəyi barədə fikrini bildirməyən gəlinlərinin birdən-birə getməyə qərar verməsinin arxasında nəyinsə gizləndiyini hiss elədi. Və bu şübhəsi həyat yoldaşı Ulduza istiqamətləndi. Gözləmədiyi qərarın dəqiq səbəbini ondan soruşarsa, dəqiq cavab ala biləcəyinə ümidi yox idi. Özü bu müəmmalı səbəbin axtarışına çıxdı. İlk növbədə ağlına gələn keçən axşamkı yoldaşı ilə aralarında olan mübahisə oldu. İşdən evə qayıdarkən, dördyolda rastlaşdığı köhnə dostlarıyla başı söhbətə qarışdığından evə gec gəlmişdi. Gəlinlərini evdə görmədikdə yoldaşından soruşdu:
– Sənubər hanı?
– Harda olacaq. Əmioğlun qonaq çağırıb.
Ulduzun açıq-aşkar gözə çarpan aqressiyasına təəccüblənən Kamal qəzəbləndi:
– Çağıran yerə gedərlər də. Burda hiddətlənəsi nə var ki?
– Çox şey var. Onun kimi mən də bu nəslin gəliniyəm. Ona edilən hörməti heç kimdən görmürəm. O göydən yerə qızıl səbətləmi endirilib ki, hamı başına and içir? Səhər Sona gəlib onu nahara dəvət edib. Aradan yarım saat keçməmiş əmioğlun da gəlib təkrarlayır. Səhər evdən çıxandır. Görünür əmioğlun onun şərəfinə böyük ziyafət təşkil edib.
– Hörmət tələb edilmir, qazanılır. Özü də zor gücünə yox, şirin dillə, xoş rəftarla, xoş niyyətlə qazanılır. Kin-küdurət, eqoistlik adamı elin rəğbətindən məhrum edər. Hörmət adama adam olduğuna görə yox, necə insan olduğuna görə qoyulur.
– Deyirsən mən hörmətə layiq deyiləm? Hamınızın pərəstişkarlıq etdiyi gəlinbacı dediyin o şeydən nəyim əskikdir?
– Əskikliyini özün öz dilinlə təsdiqlədin. Elə təsdiqlədin ki, şərhə yer qalmadı, – Kamal ona ağzını açmağa imkan vermədən bütün əskik cəhətlərini açıqladı. Bu açıqlamadan nəticə çıxardacaq səviyyədə sağlam düşüncədən məhrum olan Ulduz ərinin nəsil-kökünü qatıb-qarışdırıb elə yoğurdu ki, Sənubər eşitsəydi bir daha onun olduğu yurda ayaq basmazdı.

Çıxılmaz durunda qalan Sənubər gerçəyi ərinə danışmağa məcbur idi. Elə danışmalıydı ki, qardaşlar arasında nifaq yaranmasın:
– Camal, mənim kənddən tez dönməyimin Kamalla heç bir əlaqəsi yoxdur. Onu həmişə öz qardaşım gözündə görmüşəm. İndidən sonra da münasibətim dəyişməyəcək.
– Bunu bilirəm. Çünki onun xasiyyətinə bələdəm. Səndən nə baş verdiyini soruşuram. Bil ki, gizlətdiyin bir “heç nə” məndə min “heç nə”nin şübhəsini yaradır.
Sənubər nə baş verdiyini ərinə danışdı. Kamalın halına acıdığını bildirdi.
– Qardaşımın evini nənəm yıxdı. Əmioğlunu sındıra bilmədi. O olmasın, bu olsun deyib, çox çətinliklə qardaşı qızını Kamala yüklədi.
– Bəs bunun axırı necə olacaq? Kamalın danışığından hiss elədim ki, onda yoldaşına qarşı sevgidən əsər-əlamət yoxdur.
– Əvvəldən də olmamışdı. Onun istədiyi qız vardı. Atamgil bir dəfə elçiliyə getdi. Qızın anasını anam razı saldı. Atasının isə razılığını ala bilmədilər. Kişi onu varlı bir qohumunun oğluna nişanladı. Kamal qaçırmaq istədi. Qız atasına bağlı olduğunu, onu üzəcək addım ata bilməyəcəyini bildirdi. Onun acığına nənəmin çoxdan cəhd etdiyi təklifini qəbul elədi.
– Ay Camal, Ulduzun nə dediyini eşitmədim. Nə demişdisə, Kamala bərk toxunmuşdu. Yoxsa, onun üstünə elə sərt qışqırmazdı. Doğma qardaşının təsdiq etdiyi kimi doğrudan da sənin doğulub boya-başa çatdığın ata yurdunda onunla bərabər haqqın var. Ulduza görə, sən dogma ata yurduna ancaq qonaq kimi gəlib-gedə bilərsən. Qonaq da düşdüyü yerdə aynan qala bilməz. Misalgəlişi deyirəm, Allah eləməsin, evziz-eşiksiz qalası olsan, orda sənə yer yoxdur. Mənim yanımda atan da, anan da sənə dəfələrlə dedilər ki, gəl köməkləşək bu yurdda ev tikək. Yay tətilinə gələndə öz evinizə düşün. Sən razılıq vermədin. Böyüklərin məsləhətini qulaqardına vurduq. Elə bildik savadlıyıq, onlardan çox bilirik. Dərk eləmədik ki, elmi çox bilsək də, həyatı onlardan çox görməmişik.
O vaxt Sənubərin qaynatasının onlar üçün ayırdığı sahədə ev tikmək təklifini Camal qəbul eləməmişdi. Nə biləydi ki, vaxt gələcək, təqaüdə çıxacaq, anasının dediyi kimi, şəhərə çıxıb veyillənməyə dizlərində taqət qalmayacaq. Bütün günü evində oturub televizora baxmaqdan başqa məşğuliyyət tapmayacaq. Anasının dediyi kimi “qutu”nun içində darıxacaq. Atası vəfatından bir il qabaq yurddan onun üçün ayırdığı sahəni göstərib dedi:
– İndi sən ömrünün gözünün ayağının altını görməyən, göydən gedən mərhələsini yaşayırsan. Qolundakı saata bax, saniyəölçən əqrəbin necə sürətlə addımladığını görəcəksən. Dəqiqəölçən əqrəb də dayanmır. Fasiləsiz hərəkətdə olsa da, saniyəölçən əqrəb altmış addım atmamış, dəqiqəölçənin hərəkət etdiyini görmürük. Saniyənin altmış addımını qəbul edən bir dəqiqə də, tam dəqiqliklə altmış addımını atır, zamanın bir saatı tamamlanır. Saatın iyirmi dörd addımı ömür kitabımızın bir vərəqini qatlayır, yenisini açır. Bu ardıcılıqla ömür kitabımızın vərəqləri qatlana-qatlana, yenilənə-yenilənə yaşımızdan silinən altmış ilimiz arxada qalır. Gücümüzün, taqətimizin, potensıalımızın zəifləmiş enerjisi ilə həyatımız davam edir. Yaş üstə yaş artdıqca, insanoğlunun həyat eşqi, istəyi isə zəifləmir, daha da zənginləşir. Amma uzaqlaşdığı cavanlığında görə biləcəyi işləri görməyə nə fiziki gücü, nə də maddı imkanı yetərli olmur. Gördüyün bu yurdda bir vaxt vardı atam olmayıb, babam olub. İndi mən varam, atam yoxdur. Bir gün görəsəksən, mən də yoxam, Kamal var. Nə qədər ki, biz varıq, sən bu evə öz evin kimi gəlib-gedəcəksən. Ananla mən olmayandan sonra necə olacağını nə mən, nə də anan görməyəcəyik. Öncəgörən olmasam da, təxmin edirəm ki, vaxt gələcək sözümə baxmamağının azarını çəkəcəksən. Gəl daşı ətəyindən tök, sözümə bax. Köməkləşək, sənə bu yurdda ev tikək.
Atası bu təklifi edəndə, indiki kimi kəndin hər həyətinə su xətti çəkilməmişdi. Camaat suyu kəndin mərkəzində qazılmış artezian quyusundan daşıyırdı. İndiki kimi hər evdə hamam yox idi. Yuyunmaq üçün rayon mərkəzinə gedərdilər. Ağlına da gəlməzdi ki, nə vaxtsa kəndlərinə qaz xətti çəkilər, evlərdə suqızdırıcı olacaq. Mətbəxdə qadınlar qab-qacağı boruyla gələn isti suda yuyacaqlar.
İndi o təqaüdə çıxıb, qızını köçürüb, oğlunu evləndirib. Oğlunun da işi var, gəlininin də. Onlar bir-birindən asılı olmadan özlərini dolandıra bilərlər. Əgər ata-anasının məsləhəti ilə kənddə ev tiksəydi, ər-avad öz evlərinə köçərdilər. Aldıqları təqaüdlə, şəxsi təsərrüfatlarını dirçəltməklə, bazardan asılılıqqlarını minumuma endirməklə, yaşayış səviyyəsini maksimuma yüksəldərək, səs-küysüz, bol oksigenli, dogma kəndində doğmaları arasında firavan həyat tərzi keçirərdilər.
Baxdığı Türk serialının reklam vaxtında Sənubər eyvanda tək-tənha şəhəri seyr edən ərinə yaxınlaşdı. Onun dərin fikrə getdiyini görüb, dərdinə şərik olmağa cəhd elədi:
– Camal, təqaüdə çıxandan sonra sənin elə bir günün olmayıb ki, gecənin yarısını eyvanda keçirməyəsən. Yay vaxtı başa düşüləndir. Otaq isti olur. Havalar sərinləşəndə də vərdişindən əl çəkmirsən. Kənardan göz qoyuram. Hiss edirəm ki, nəyinsə xiffətini çəkirsən.
– Sənubər, kəndimizə gedəndə elə bir gecəmiz olmurdu ki, tək qalıb darıxaq.
– Tək qalmağa imkan verirdilərmi? Hər gecə qonaq çağırırdılar. Vaxtın-vədənin necə keçdiyini hiss eləməzdik. Ulduzdan başqa hamının bizə xüsusi rəğbəti vardı. Bu da onu qıcıqlandırırdı.
– Sağlığında atam da, anam da, onların yoxluğunda sən də kəndimizdə ev tikməyə məni razı sala bilmədiniz. Onda tikinti məhsulları ucuz idi, imkanımız da vardı.
– O vaxt ucuzluq idi, kredit yoxuydu. Gəl büküb saxladığım, istifadə etmədiyim qızılları sataq, kredit götürək. Kamalla danışaq, atanın sənə ayırdığı sahədə ev tikək. Həm ömrümüzün qalan hissəsini səs-küysüz, təmiz havalı dogma kəndində, öz adamlarının əhatəsində olarıq, həm də yay tətilini uşaqlarımız, nəvələrimiz öz evlərində keçirərlər.
– Kamalla hər gün danışırıq. Bu gün də zəng eləmişdi. Dedi ki, atamızın ayırdığı sahədə ev tikmək istəsəniz özü də kömək edəcək.
– Mənə də zəng eləmişdi. Dedi ki, köçüb gəlin kəndə. Birləşib evinizi tikərik, ata-anamızın ruhunu şad edərik. Son vaxtlar elə bir gecəm olmur ki, yuxuma girməsinlər.
Camal indi anladı ki, qardaşı nəyə görə ona zəng edibmiş. Hansı vacib məsələni həll eləmək üçün sabah yanına gələcəyini bildiribmiş…
26.02.2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevda Nadir qızı Səfərlinin “Şuşanamə” adlı şeirlər kitabı işıq üzü görüb.

Sevda Nadir qızı Səfərlinin “Şuşanamə” adlı şeirlər kitabı işıq üzü görüb.

Sevda Səfərlinin oxucularla ilk görüşü 2005- ci ildə nəşr olunmuş “Xarıbülbül həsrəti” adlı şeirlər kitabı ilə olub.

Şuşa Şəhidlərinin və qazilərinin şərəfli döyüş yoluna həsr etdiyi “Vətən sizə oğul dedi” kitabı 2021-ci ildə çapdan çıxıb.

Sevda Nadir qızı Səfərli Şuşa şəhərində anadan olub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib və Şuşada pedaqoji fəaliyyətə başlayıb.

Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə ikinci ixtisas alıb və pedaqoji fəaliyyətini hal-hazırda da davam etdirir.

“Azərbaycan müəllimi” və “Şuşa” qəzetlərində vətənpərvərlik mövzusunda publisistik məqalələri və oçerkləri ilə müntəzəm çıxış edir.

1994- cü ildən Şuşa “Məclisi- üns”- “Söz gülüstanı” ədəbi birliyinin üzvüdür. “Qızıl qələm” media mükafatına layiq görülüb.

Şeirlərinə mahnılar bəstələnib.

“Qarabağım”, “Vətən”, ” Şuşa- xan şəhərim” adlı antologiyaların redaktorudur.

Sevda

Sevda Seferli

“Şuşanamə” kitabının redaktoru tədqiqatçı- jurnalist , nasir, publisist Vasif Quliyevdir. Ön söz müəllifləri yazıçı , jurnalist, AYB-nin üzvü, Prezident mükafatçısı Sona İsmayılova və jurnalist Əntiqə Rəşiddir. Kitabın giriş hissəsində yazıçı, milıət vəkili Aqil Abbasın və şair, AYB-nin üzvü, Şuşa “Məclisi-üns”- “Söz gülüstanı” ədəbi birliyinin sədri Əyyub Şırlanlının kitab haqqında fikirləri verilib.

Sevda Səfərlinin “Şuşanamə” kitabı elə adından göründüyü kimi doğma Şuşasına yazdığı ürək çırpıntılarıdır, Şuşaya yazılan namələrdir- Vətən namələri.. İlmə-ilmə toxunan, ürəkdən süzülüb gələn misralar… Otuz ilə yaxın əsarətdə olan Şuşasının dərd-səri ilə yanaşı nisgilli vüsalı, kədərli sevinci bir yerdədir bu kitabda.

Müəllif sanki illərlə qəlbində “bəslədiyi” qəmli duyğuları ilə nisgilli vüsalını, kədərli misraları ilə sevincli misralarını ,acı xatirələri ilə şirin xatirələrini üz-üzə qoymuşdu. “Şuşanamə” kitabında Şuşanın ağlar gözləri sevincdən dolan gözlərinə baxır, yağı tapdağı altında qalan Cıdır düzü əvvəlki kimi yenə çal-çağırlı Cıdır düzünə baxıb sevinir. Tənhalıqdan boynun bükən, məhəbbət gülü kimi sevilən Xarıbülbüllər Şəhid gülünə dönən Xarıbülbüllərə qürurla baxır. Kitab 6 bölmədən ibarətdir. Dram əsəri, poemalar, rübailər, qəzəllər, 300- dən çox bayatılar və mənsur şeirlərdən ibarət “Şuşanamə” kitabında yağış göy çəmənə necə hopursa, kədər, qəm-qüssə qarışıq sevinc müəllifin qəlbinə, sətirlərinə elə hopub. Dən sünbülə, qar suya necə dönürsə, müəllifin ürəyindəki Vətən nisgili ağrı-acıya elə dönüb.

Kitabda yazıçı , jurnalist Sona İsmayılovanın “Qəlbi Vətənlə döyünən şair” başlıqlı ön sözündən :

” Şuşa ətirli, Vətən şair… Ürəyi Vətənlə döyünən şairin poetik düşüncələrinin mərkəzində Vətən, yurd həsrəti, Qarabağ dərdi dayanır. Müəllif başdan-ayağa Vətənlə köklənib:

Vətən, dik tut başını,

Qoy öpüm hər daşını.

Bizsiz axan bulaqlar,

Tökməsin göz yaşını.

Sevda Səfərli poeziyası Vətən nisgilindən yoğrulsa da, həmişə Vətəni əzəmətli, qürurlu tərənnüm edir :

“Sənə qəmli misralar yaraşmır, Şuşam! Qıymaram sənə qəmli misraları.. Həmişə səni uca dağlar başında qürurlu tərənnüm etmişəm, mənim əzəmətli Qalam! Bu gün isə qəhrəmanlığınla öyünəcəm, Şuşam! Sən əsarətdə olanda da, kədərini yox, gözəlliyini vəsf etməkdən doymurdum”.

Sevda xanımın ” Şuşa” qəzəli Vətəninə olan ilahi məhəbbətin nümunəsidir:

Könlüm evində gözəl, istəkli canansan, Şuşa,

Elə bağlıyam sənə, gözümdə cahansan, Şuşa.

Həsrətə, nisgilə mən çox oldum dərdi-mübtəla,

Buludlar arasında sən bir kəhkəşansan, Şuşa.

Ey mənim xan şəhərim, söylə sən nələr yaşadın?

Desələr inanmaram, demə ki, talansan, Şuşa.

Vüsala yetməkçün nə edim mən qəlbipərişan,

Durmusan dağ başında, yenə zərəfşansan, Şuşa.

Çəkdikcə nazını dağlar, nazlanırsan daha da,

Qorudu dağlar səni, dağlarda ceyransan, Şuşa.

Bircə gün xəyalımdan silə bilmədim səni mən,

Otuz il ürəyimdə qəmi-zimistansan, Şuşa.

Sənin qədər sevilən şəhər görmədim dünyada,

Bu nə sevgi, bu nə sirr, ilahi məkansan, Şuşa.

Qəddi-qamətinə qurban, yenə şux dayanmısan,

Sevdanın söz mülkünün şahı-sultanısan, Şuşa.

Sevda Səfərlinin poeziyası çoxşaxəlidir. “Dağıdılmış abidənin fəryadı” adlı bir pərdəli dram əsəri Sevda Səfərlinin yaradıcılığının ən gözəl nümunələrindəndir. Dram əsəri M.P. Vaqifin Şuşada -Cıdır düzündə düşmənlər tərəfindən məzarüstü abidəsinin dağıdılmasına həsr edilmişdir.

Bütöv Azərbaycan dərdi şairin əsərlərinin ana xəttini təşkil edir:

Hikmətlər xəzinəsi, Nizami “Xəmsə”siyəm,

Bu dünyaya səs salan Üzeyir bəstəsiyəm.

Əhməd Cavad, Mumtazam, Müşfiqin naləsiyəm,

Keçmişimdən bu günə ələmlər şələsiyəm.

Sürgündə zillət çəkən Cavidəm, bağrı qanam,

Mərd oğullar anası, ulu Azərbaycanam!

Bu möhtəşəm misralar vətənpərvər şairin “Ulu Azərbaycanam” şeirindəndir.

İkiyə bölünmüş Azərbaycanının dərdini ürəkağrısı ilə qələmə almışdır:

İkiyə bölünmüşəm, Quzeyəm, həm Güneyəm,

İllərdi nalə çəkən, qəlbi dağlanmış neyəm.

Arazam, dərdli çayam, suyum da dərdli axır,

O tay hələ bu taya yaman həsrətlə baxır.

Başı bəlalar çəkmiş yad əldə İrəvanam,

Parça-parça olsam da, ulu Azərbaycanam!

Böyük ustalıqla yazılmış şeirin sonunda:

Gözü yaşlı Təbrizəm, Ərdəbiləm, Zəncanam,

Böyük Turan elim var, ulu Azərbaycanam!- deyən şair gələcəyə ümidlə baxır.

Azərbaycan bayrağının Şuşada dalğalanması sevincini ürək çırpıntıları ilə vəsf edən Sevda xanım “Azərbaycan bayrağı” şeirində iftixar hissi ilə yazır:

Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,

Amma tarixlər boyu qatil əllə boğuldun,

Şuşanın zirvəsində sən yenidən doğuldun,

Gözüm üstə qoyacam sən doğulan torpağı,

AZƏRBAYCAN BAYRAĞI !

Sevda xanım qələmini nəsr sahəsində də sınamışdı. Şuşa Şəhidlərinin və qazilərinin şərəfli döyüş yoluna həsr etdiyi “Vətən sizə oğul dedi” kitabı nəsrlə yazılsa da, müəllif şeirsiz ötüşə bilməmişdi. Haqqında yazdığı şəhid oğulların hər birinə ayrıca şeir həsr etmişdir. ” Şəhidlər” şeiri ürək ağrısı ilə yazılsa da, ,Vətən oğullarını böyük qürur hissi ilə vəsf etmişdir:

Ürəyi Vətənlə döyünən ŞƏHİD,

Vətənlə sevinən, öyünən ŞƏHİD,

Tək bayraq altında əyilən ŞƏHİD,

Bizə qürur verən ünvanımızsan,

Ey Şəhid, sən Azərbaycsnımızsan!

Bəli, müəllifin özünün etiraf etdiyi kimi : ” Şəhidlər haqqında yazmaq o qədər ağrılı idi ki, bəzən sətirlərdə ilişib qalırdım. Qovrula-qovrula qələmə aldığım misralardan sizlər boylanırsınız, Şəhid oğullar ! Sətirlər arasında qanı axan bir qəlb yarası ürəyimi sızladır. Nə çətinmiş Şəhid anası ilə üz-üzə gəlmək, nə ağrılıymış Şəhid balasını dilləndirmək, nə dəhşətliymiş Şəhid sevgilisinin qəmli gözlərinə baxmaq.. Ömrünün baharında qalan nakam oğullardan yazmaq mənə qismət oldu. Sizin tökülən qanınızdan Qarabağda otlar cücərdi, güllər, çiçəklər açdı”.

Amma Sevda xanım Şəhidlər haqqında ağlaya-ağlaya yazmır, qürur hissi ilə yazır:

Vətən damarında qanınız oldu,

Vətən boyda ad-sanınız oldu.

Yaranızdan qan verdiniz Vətənə,

Şərəfli ad-san verdiniz Vətənə.

Vətəndən güc alıb Vətən oldunuz,

Yandırdı düşməni Vətən odunuz.

Misralar sıraya düzülmüş atalar sözləri kimidir. Sözdən o qədər məharətlə istifadə olunmuşdu ki, bir sözü başqa sözlə əvəz etmək mümkün deyil.

Bu mənada Sevda Səfərlinin “Söz” qəzəli daha çox diqqəti cəlb edir. Klassiklərimizdən sonra bu mövzuya müraciət etmək böyük cürət tələb edir. Amma Sevda xanım öhdəsindən gəlmişdir. ” Söz bağçamdan bir çiçək də vermərəm”- deyən şair dilimizin saflığını ön plana çəkir:

Dürdür, dəniz dibindən hey çağlayan ümmandı söz,

Şah damar ruhumuza Tanrıdan güc, loğmandı söz.

Naxışdı, bircə-bircə söz düzülər ilmələrə,

Hər ilmədən toxunan güllü xalı, gülmandı söz.

Varı, mülkü, sərvəti dəyişməm söz sərvətimə,

Cahana şəfəq saçan sahilsiz ümmandı söz.

Sevda, topla fikrini, yığ, dəstələ sözlərini,

Toxu söz çələngini, çün dünyada qalmandı söz.

Ürəkdən süzülüb gələn misralarda müəllifin özünün yazdığı kimi, su torpağa necə hopursa, Sevda xanımın da mirvari kimi misralara düzdüyü sözlər şeirlərinə elə hopub.

Müəllifin sözləri ilə desək, misralarını “naxış-naxış sözdən toxuyan, fikirlırini yığıb dəstələyən və söz çələngi toxuyan ” vətənpərvər şairimizə yaradıcılıq uğurları arzulayıram.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SEVDA SƏFƏRLNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuz – Gedirəm

Gedirəm

Hərlənib, fırlanır önümdə bir daş
Bu dünyada boş durmayan daşmı var?
Sinənə çökəndə bu ağrı yükü
Qarşısında əyilməyən başmı var?

Önündən keçəcək daş qatar-qatar
Keçəcək, keçəcək baş qatar-qatar
Axacaq gözlərdən yaş qatar-qatar
Durduracaq sərt baxışlı qaşmı var?

Bu daş bilıməz kimin nəyi kimindi?
Nə loğmandı, nə təbibdi, həkimdi
Demə hürkər, demə qorxar, çəkindi
Cavan bilməz, qoca bilməz, yaşmı var?

Bu daş sənin öz ruhundur içində
Göydən baxar vücudun nə, için nə
Halallıq al bu dünyadan köçəndə
Heç bilmirəm əhləd adlı daşmı var?

28.06.2024.

Müəllif:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – “Zəhlətokənlər”

“Zəhlətokənlər”

(hekayə)

Nemət işlədiyi zaman hər iş günündə elə qəribə xasiyyətli zəhlətökən adamlarla üzləşirdi ki, evinə dönəndə yol boyu düşünürdü: “Görəsən, bunların çənəsinin inkişafına mane olmayıb, təfəkkürünü uşaqlığında bloklayan hansı fövqəlqüvvədir?” Bəzən qarşısına elə tiplər çıxırdı ki, etdiyini azyaşlı uşaqlar eləsəydi, əhəmiyyət verməzdi. Uşaqlığın şıltaqlığı kimi qəbul edərdi, zövq alardı. Yaşından, aldığı təhsildən, tutduğu vəsifədən asılı olmayaraq, özünü uşaq kimi aparanlarla ünsiyyətdə olanda bir atalar sözünü xatırlayardı: “Ağıl yaşda deyil, başdadır”.

Dördüncü sinifdə oxuyanda ibtidai sinif müəlliməsi Asiyə müəllimə bir dərs saatının yarıdan çoxunu təkəbbürdən və təfəkkürdən danışardı. Təkəbbürlü olmağın heç kimə başucalığı gətirmədiyini, insanın cəmiyyət arasındakı nifuzunu əngəllədiyini ətraflı izah edərdi. Təfəkkürün isə yüksək insani keyfiyyət kimi öndə gedən müsbət əlamət olduğundan daha çox danışardı. Sonda bir bayatı da söylərdi:

Təkəbbür gendən gələr,

Təfəkkür eldən gələr. 

İnsana gələn bəla

Təkəbüründən gələr.

O vaxt müəlliməyə sual vermişdi:

-Təfəkkürlü olmaq üçün nə etməliyik?

-Yaxşı oxumalısınız. Çoxlu bədii ədəbiyyat mütaliə etməlisiniz.

Atası da, anası da kitab həvəsskarı idi. Oxumağı öyrəndiyi vaxtdan ona uşaq kitabları alıb gətirərdilər. O da həvəslə kitabları oxuyardı. Onun oxuduğu dövrdə məktəblilərin hamısı klassik, müasir dövrün şair və yazıçılarını tanıyırdılar, kitablarını həvəslə oxuyurdılar. Onun həmyaşıdları arasında klassik və çağdaş şair və yazıçıların əsərlərini oxumayan az olardı. İndi onun məzunu olduğu məktəbdə şagirdlər arasında sorğu keçirilərsə, görəsən, onun oxuduğu kitabları oxuyanlar tapılardımı? Dünyanın bir çox çox ölkəsində məşhur olan Cingiz Abdulayevin və başqa müasir yazıçıların kitablarını oxuyan varmı? Genindən qaynaqlanan təkəbbürlü gənclik bədii əsərlər oxusaydılar, tanış olduğu obrazlar ilə təmasda olar, nəticə çıxarardılar. Bizim idealımız olan qəhrəmanlar qəlbimizdə indi də yaşayır.

Sözqanmazlar bəzən Neməti o dərəcədə bezdirirdilər ki, valideynlərin övladarının əsgərlik xidmətinin bitəcəyi günü gözlədikləri kimi, o da təqaüdə çıxacağı günləri hesablayırdı.

Nəhayət, səbrsizliklə gözlədiyi an yetişdı. Təqaüdə çıxdığı ilk gün həmişəki kimi sübh tezdən oyanıb, yeməyini yeyib işə tələsmədi. İstirahət günlərində olduğu kimi gec oyandı. Qalxıb geyindi, telefonunu götürüb “Fasebook”dakı bəyəndiyi paylaşımlara münasibətini bildirdi. Xoşuna gələnlərə rəy yazdı. Sonra “YouTube”dəkı yeni xəbərləri nəzərdən keçirdi. Onu oyatmamaq üçün mətbəxdə ehtiyatla qəlyanaltı hazırlayan yoldaşı Xavər onun oyaq olduğunu bilib səsləndi:

-Mən işə getməli olduğum üçün tez oyanmağa məcburam. Sənin ki, tələsən yerin yoxdur. Niyə oyandın?

-Elə bilirsən refleks qanununu pozmaq asandır?

Nemət yuyunub mətbəxə keçdi.

-Həmişə qapını bağlayıb, birlikdə işə gedərdik. İşdən səndən tez döndüyümə görə açar məndə olardı.Bu gün ilk dəfə evdən açarsız çıxacam.Tək-tənha darıxmayacaqsan?

Nemət gülümsədi:

-Mən uşaq olanda, kəndimizdə tək-tük evlərdən yola bir-iki uşaq çıxardı. Dörd uşaqlı ailə azuşaqlı sayılardı. İndi isə üç övladlı ailə çoxuşaqlı sayılır. Biz də valideynlərimiz kimi altı-yeddi uşaq böyütsəydik, heç olmasa biri daha yaxşı dolanışıq ücün xaricə üz tutmazdı. Biz də bu yaşımızda tək qalmazdıq.

Xavər içində qovrulan dərdini ört-basdır edib, ərinə ürək-dirək verdi:

-Harda olur olsunlar, fərq eləməz, təki canları sağ olsun.

-Bizim canımız sağ olmur axı. Nəvələrimlə “Vhatsapp”da görüntülü danışanda, bir-birini itələyib özünü qabağa verib, – baba, necəsən? – deyib halımı soruşandan sonra, günlərlə özümə gəlmirəm.

-Tələsmə! Üç aydan sonra mənim də şələ-şüləmi belimə yükləyib göndərəcəklər təqaüdə. Qoymaram səni darıxmağa.

-On uşağımız da olsa, mənə qalan sən olacaqsan.

-Mən də belə düşünürəm. – Xavər “off” eləyib dərindən köks ötürdü.

Yoldaşı işə gedəndən sonra tək qalan Nemət televizoru işə saldı. Baxılacaq bir veriliş tapmadığından söndürüb həyətə düşdü. Qış vaxtı olduğundan dirrikdə görəcək bir iş olmadığından, evə girib əynini dəyişib yola çıxdı. Kiminlə vaxt keçirəcəyini götür-qoy elədi. Evlərindən beş-altı yüz addım yuxarıda yaşayan Natiqgilə getməyə qərar verdi. O da təzəlikcə təqaüdə çıxmışdı, həm sinif, həm də əsgərlik yoldaşı idi. Bir az getmişdi, evlərinin qabağında, darvazanın yanında taxtadan düsəldilmiş oturacaqda oturub siqaret çəkən qohumu Malik onu görüb ayağa qalxdı.

-Qonşu, nə əcəb işə getməmisən? – deyib, qabağına gəlib onunla görüşdü.

Qonşu, qohum olsalar da, lağlağı danışığına görə onların aralarında isti münasıbət yox idi.

-Bu gündən təqaüddəyəm. Evdə görəcək iş tapmadım. Darıxdığıma görə Natiqgilə getməyi qərara aldım.

-Getmə! Evdə tapmayacaqan.Bir az əvvəl maşınıyla aşağı ötdü.

Nemət heyfsilənib geri dönəndə Malik dilləndi:

-A qonşu, evdə tək nə edəcəksən? Yenə darıxacaqsan. Əvvəllər yaxşı nərd oynayardın. Keçək evə, özümüzü sınayaq.

Nemət bir az düşündü. Öyrəşmədiyi tənhalıqdan bezəcəyini bildiyindən qonşunun təklifini qəbul elədi.

-O vaxtkı kimi uduzsan, cığallıq etməyəcəksən ki?

-Ağlın o vaxtlara getməsin. İndi bunu icad edəni axtarıram.

Onlar həyətə daxil olanda evin xanımı Narınc Neməti görüb sevindi:

-Nə xoş təsadüf, a Nemət, gün hardan doğdu ki, qapımızı açdın?

Nemət deməyə söz fikirləşincə Narınc sevincək halda onun qabağına gedib, görüşdü.

-A səni xoş gəlib, səfalar gətirdin. Necəsən?

-Sağ ol. Sən necəsən?

-Yaxşıyam. Çoxdandlr Xavəri görmürəm.Tovludurmu?

-Onu tovsuz olmağa qoyarammı heç.

-Bax, Malik, qonşundan nümunə götür. Qonşu, dunəndən danışdırmırdım bu Maliki. Nə olmuşdusa, birdən başımın ağrısı tutmuşdu, dözə bilməyib zarıyırdım. Halıma acımaq əvəzınə gör nə arzulayırdı. Deyirdi: “A arvad, sən ağrıyınca, mən ağrıyım. Mən ölüncə, sən öl”.

Malik qəhqəhə çəkərək güldü.

-Qonşu, görürsən də. Mən bunun ağrısına şərik çıxıram. Mən ölsəm, dəli olub dağlara düşəcəyindən narahat oluram. Yenə qədrimi bilmir. Bu qanmazı başa sala bilmirəm ki, ay arvad, ağrımaqdan ölmək yaxşıdır. Heç ölünün zarıdığını görübsənmi? Tapdala, tikə-tikə doğrasan da vecinə alarmı? Onsuz da hər birimiz bir gün, bir il, beş il, on il sonra, vaxtı bəlli olmayan bir məqamda öləcəyik. Ruh ki, cismimizdən ayrıldı, artıq nə sızlayacaq, nə də zarıyacağıq. Bu dünyanın ağrı-acısından, dərd-sərindən qurtulacağıq.

Nemət özündən bir neçə yaş böyük olan Malikin xasiyyətinə bələd idi. Şit, irəli-geri danışdığına görə ondan xoşu gəlməzdi. Şit zarafatını həzm etməyib üstünə cumduğu anlar da olub. O danışdıqca həm onun, həm də digər həmyaşıdlarının indiki davranışını analiz edirdi. Aralarında eləsi var ki, xasiyyəti müsbətə doğru dəyişib, tam başqa bir adama çevrilib. Eləsi də var ki, o vaxtı ilə müqayisə edəndə, tam əksini görür. Malik kimi necə vardı, o cür də qalanlar da var. Deyirlər: mühit adamı dəyişdirir. Görünür mühitin Malik kimiləri dəyişdirməyə gücü çatmayıb.

Nemət Narıncın üzünə baxanda hiss elədi ki, ondan həya etdiyinə görə dilində düyünlənən cavablar içində çalxalanır. Onun necə səbirli-təmkinli, mədəni insan olduğunu gördü və dəyərləndirdi. Bəzi tanıdıqlarını göz önünə gətirib, müqayisə elədi. Onların hansısa biri Narıncın yerində olsaydı, qarşısındakı padşah da olsa dözməzdi. Aləmi bir-birinə qatıb, qarışdırardı. İndiki dövrdə bir acı sözdən hiddətlənib, öz əliylə özünə xəsarət yetirib, ərini polisə yönləndirib, özü isə məhkəməyə üz tutan “cəsur” qadınlarla onu müqayisə elədi. Bu, onların heç birindən əskik deyildi. Nə qədər üstün olması isə göz qabağındadır. Belə üstün cəhətinə görə qohum-qonşular onun xətrini çox istəyirlər. Onun yerində bir başqası olsaydı, Malikin dəvətini qəbul eləməzdi.

-Malik, qonşumuzun sənin mülahızənə ehtiyacı yoxdur. Xoruzun göz verib işıq vermədiyi beçəni kəs, yolub təmizləyim. Siz də keçin evə.

Narınc üzünü Nemətə tutub sözünə davam etdi:

-Qonşu, qohumunun irəli-geri danışığına fikir vermə.

-Narahat olma. Bunu, cücəliyindən tanıyıram. Həm qonşudur, həm də qohum. Necə olmasından asılı olmayaraq, yola verməliyik.

-Verməlisiniz də. Nəslimizdə məndən ürəyiaçıq, xeyrə-şərə yarıyan biri varmı? Düz olduğuma, hər kəsin səhvini üzünə dediyimə görə bəzi qanmazların məndən xoşu gəlmir. Pisəmsə də, yaxşıyamsa da, buyam. Allah məni belə yaradıb. Qurbanı olduğum məni saxlayır. Hər istəyimi də yerinə yetirir.

-Allahın hansısa üstün cəhətinə görə səni dəyərləndirəcəyinə şübhə etsəm də, eşqindən dəli-divanə olduğun Fatmanın nişanını qaytartdırıb, qismətinə Narıncı yetirdiyi faktdır. Burda deyə bilərsən ki, Allah məni böyük xəta-bəladan xilas elədi. İfritə Fatma fağır Nazimin başına elə oyunlar açdı ki, onun yerində sən olsaydın, ömrün türmədə keçərdi. Yazığı hələ də yabıya döndərib minib sürür.

-Nazimini kişimi sayırsan? Mən Fatmanı Qırat kimi minib sürərdim. Məndən qızıl boyunbağı tələb elədi. Dedim, mən it yox, arvad alıram. Zəncirə gərək varmı? Onun cavabı dünyanı başıma dar elədi. Üzümə bozarıb, dişini qıcadı:

-Mən də itə yox, kişiyə ərə getmək istəyirəm. Boyunbağı al! Kişiliyini təsdiqlə. Yoxsa…

-Nə qədər ki, təpiyimin altına salıb qol-qabırğanı qırmamışam, “yoxsa”nı da qoltuğuna vur, itil gözümdən! – dedim. Gördüm yerindən tərpənmir. Duruşundan hiss elədim ki, iliyimi qaynadacaq kəsərli söz axtarışındadır. Özümü yol verə biləcəyim xətadan qorumaq üçün üzümü döndərib ondan uzaqlaşdım. Çox istəyən azdan da olar, deyirlər. O da çox istədi, azdan da oldu. Arada Narınc qazandı.

Nemət çolpanın kəslməsinə əngəl ola bilmədi. Malik hinə dən atıb çolpanı tutub kəsdikdən sonra umu-küsüsünü bildirdi:

-Son dəfə qapımızı açdığın tarixi unutmuşam. Olsaydı bu şərəfə qoç kəsərdim. Mən işimi gördüm. Qalanı arvadlıqdır. Gəl, keçək içəri. Köhnə haqq-hesabı çürüdək. Bu dəfə zərləri stəkanda çalxalayıb atacağıq.

İçəri keçdilər. Malik nərdi gərirdi. Daşları düzdü. Oynamağa başladılar. Bu dəfə də Malikinki gətirmədi. Oynadıqları üç oyunda mars olduğu üçün kefi pozulmuşdu.

-Qonşu, sən nəsə bir əməl işlədirsən. Heç kəsə uduzmadığım halda, necə oldu ki, məni dalbadal mars edirsən? – deyib ayağa qalxdı. Gedib mətbəxdən armudu stəkan gətirdı. Zərləri stəkana salıb, qarışdırıb Nemətə uzatdı. – Artıq məni uda bilməzsən.

Nemət stəkanı çalxalayıb:

-Ya Allah, – deyib zərləri nərd taxtasının içinə atdı.

Malik yan-yana düşən şeş qoşanı görəndə özündən çıxdı:

-Səni andıra qalasan, ay stəkan. Məni yağışdan çıxardıb, yağmura saldın. Qonşu, özündə çay içməyi sevmirəm deyə, bu stəkan məndən heyfini alır. Gəl əlnən ataq.

Nemət gülümsəyib zərləri iki ovcunun arasına alıb, qarışdırıb atdı. Bu dəfə gözlərini deşən beş qoşanı görəndə, Malikin gözləri kəlləsinə şıxdı. Hirslənib daşları qarışdırıb, nərdin qutusunu bağlayıb gileyləndi:

-Bu gün mənimki gətirmir də. Səhər gözümü açdım, arvaddan söz soruşuram, cavab vermir. Nədi-nədi dünən onun könlünü almaq üçün, həmişə etdiyim zarafatdan eləmişəm. Gör nə günə qalmışam ki, öz arvadım sözümü götürmür.

-Arvadım yox, həyat yoldaşım. Nə qədər çalışsan da, zamanı geriyə döndərə bilməzsən.

-Başa düşdüm səni. Babalarımız arvad alırdı. Nənələrimiz də kişiyə gedirdi. Biz isə evlənirik. Bu kənddə məndən başqa arvadına arvad deyən yoxdur. Narıncın bir dəfə də olsun mənə kişi deyə müraciət etdiyinin şahidi olmamışam. O gün xalası qızı ilə teleonda danışırdı. Bu ona deyir: “Yoldaşımla məsləhət edib, sənə zəng edərəm”. Danışıb qurtarandan sonra deyirəm: “Azz, kişimlə desən dilin quruyar?” Bu isə gülümsəyib, dedi:

-Mən keçmişə dönə bilmərəm.

Deyirəm:

-Gəl Türk seriallarındakı kimi bir-birimizə “aşqım” – deyək. Axı biz bir millət, iki dövlətik.

Deyir:

-Burası Azərbaycandır.

-Qonşu, görürsən də günümü? Kəbinli arvadımı mənə kişi dedizdirə bilmirəm.

Narınc mətbəxtdən səslənir:

-Malik, gəlin, yemək hazırdır.

– Eşitdin? “A kişi” desəydi dünya dağılardı?

Onlar mətbəxə keçdilər. Narınc zəngin süfrə açmışdı. Sanki uzun müddət görmədiyi bir doğması onlara gəlmişdi.

-A qonşu, özünə bu nə əziyyətdir verirsən. Mənə də xəcalət. Mən ki, uzaq yol qət eləməmişəm. Mənə bir fincan çayın, bir də gülərüzlu görsənməyin kifayətdir. Düz demirəm, Malik? – deyib Nemət üzünü ona tərəf döndərdı.

Malik masanın baş tərəfini göstərib, Nemətin sualını cavablandırdı:

-Qonşu, düz demirsən. Keç otur. Nəyi düz demədiyinə aydınlıq gətirim. Mənim evimin çardağından alov qalxarsa, ayaqyalın dadımıza yetişəcəyinə şübhə etmirəm. Üst-başın hisə bulaşacaq, əlin, üzün yanacaq, canını oda yaxacaqsan ki, gözlənilməz bəladan az zərərlə qurtulaq. Allah eləməsın, şikəst də ola bilərsən, hətta… təxmin etdiyim bu “hətta”nı səsləndirməyə dilim gəlməz, hər şey baş verə bilər. Bakıda, xaricdə yaşayan dogma qardaşlarım var. Bilirəm ki, laqeyd qalmayacaqlar. Özlərini yetirsələr də, ancaq dərdimə şərik olacaqlar. Nə üst-başları bulaşacaq, nə xəsarət alacaqlar. Edəcəkləri maddi yardım da, sənin zəhmətinin damlasını belə ödəməyəcək. Nə olsun ki, sən uzaqdan gəlməmisən? Bir neçə addımlığımızda yaşasan da uzun illərdir qapımızı açıb, bir dəfə də olsun… “a qonşu, nə var, nə yox?” – deməmisən. Mən pis də ola bilərəm, yaxşı da. Bu yurdu sata da bilərəm, dəyişdirə də. İstəsəm gedib dünyanın o başında da yaşayaram. Tutaq ki, adımı, soyadımı yenilədim. Babalarımızın əmi uşağı, bir baba-nənənın nəvələri olduğunu dəyişdirmək mümkündürmü? Qonşunun yaxın-uzağı, yadı-doğması ola bilər. Qohumluğun isə yaxını, uzağı olmamalıdır. Çox adamlar gətirmişəm evimə. Arvadım heç birini sənin kimi qarşılamayıb. İndi sənin yerində başqa adam olsaydı, onun yadına çolpa düşərdimi, səhərdən yer süpürən qaşqabağı açılardımı? Görürsən? Sən bu evdə arzuolumaz adam deyilsən. Atalarımız bir-birinə qarşı çox mehriban olublar. Hansının ocağında qazan qaynasa, bir-birini haraylayıblar. Biz isə ancaq yolda-izdə rastlaşandan-rastlaşana salamlaşırıq. Sən məndən savadlısan, ictimaiyyət arasında çalışmısan. Mənim öz boşbaşımla sənə ağıl verməyə haqqım yoxdur. Dediklərimi “dəlidən doğru xəbər” kimi qəbul elə. Papağını qabağına qoy, yaxşı-yaxşı düşün. Qaçılmaz reallıqdır ki, hansımız qabağa düşsək, nəşimiz qəbristanlığa çatınca, nərdivanın bir tərəfi çiynimizdə olacaq. Onu da etiraf edim ki, maraqla dinlədiyin, hiss edirdim ki, anlaşılıqla qəbul etdiyin bu uzun məruzəm öz təxəllüyümün məhsulu deyil. Əvvəli rəhmətlik qaynanamın, sonu isə bizdən fərqli olaraq tez-tez bir araya gələn, saatlarla söhbətləşən, dərdləşən böyüklərimizin fikridir. Hazırda biz o böyüklərin yerini tutmuşuq. O vaxtlar uşaqlarımızın üzünü yaydan-yaya, nəvələrimizi tətilindən-tətilə görürük. Onda da biz böyüklər bir araya gəlmirdik. Söhbətləşib, dərdləşmirdik. Bir yerə toplaşsaq da, danışsaq da, müasür uşaqlar bizə qulaq asacaqlarmı? Əllərində telefon, fikri-zikri “tiktok”da. Dünyanın baş-ayağı ovuclarında. Məsləhətlərimiz, iradlarımız qulaqlarından yayınıb, havaya sovrulacaq. Əcdadlarımızın böyüklərimizə, böyüklərimizin bizə ötürdükləri ibrət bunların yaddaşına həkk olunmayacaq. İndiki nəsil qərb intellektinə kökləniblər, Avropalaşıblar. O Avropaya ki, bir zamanlar mənimsədikləri Asiya mədəniyyətini modernləşdirib gerı, Asiyaya sırıyırlar.

Nemət Malikin dedikləri ilə tam razı idi. Onlara gələn böyüklər də stola əyləşən kimi ortaya çay gəlincə, telefonlarını çıxardıb “vayfay”ın kodunu soruşurlar. Malikin dediyi kimi, doğrudan da, onların ataları bir-birinə qarşı çox mehriban olublar. Onda indiki kimi hərənin cibində telefon yox idi. İnsanlar vacib ismarıclarını bir-birinə ya özləri gedib çatdırırdılar, ya da, rastlarına çıxan həmin istiqamətə gedənlərlə. Dəfələrlə olub ki, evlərinə qonaq gələndə, sobada qazan qaynayanda, Malikin ata-anasını dəvət etməyə onu göndərərdilər.

Narıncın təzəcə dəmlədiyi çayı armudu srəkanlara süzüb gətirməsi Maliki hövsələdən çixartdı.

-Ağız! Neçə dəfə sənə demişəm ki, mən məzə üçün çay içmirəm. Eşşəyi qandırmaq, səni qandırmaqdan asanmış. Bir də bu təkrar olsa, stəkan başında qırılacaq.

Qonaq qarşısında təhqir olunması Narıncın kefinə soğan doğrasa da, qonağın gəldiyinə peşman olacağından ehtiyatlanıb, hirsini içində boğdu, dillənmədən stəkanı dəyişdirib, gətirdi. Stəkanın ağzına qədər dolduğunu görən Malik yenə özündən çıxdı:

-Azz! Bu nədir? Dolamısan məni? Çay süzəndə dodaq yeri qoymurlar?

Narınc Nemətə görə hirsini içində boğsa da, artıq o, Malikin dəvətini qəbul edib onlara gəldiyinə peşman olmuşdu. Qohumunun həyat yoldaşını heç bir səbəb olmadan bu cür aşağılaması onu sarsıtsa da, etirazını bildirib, aradan çıxa bilmədi. Ona görə ki, belə olsaydı, o, heç nədən yaranan yersiz münaqişənin katalizatoru olardı. Davranışının qonşusu tərəfindən xoş qarşılanmadığını hiss edən Malik neqativ hərəkətinə haqq qazandırmağa çalışdı:

-Qonşu, bağışla. Öpkəmi cilovlaya bilmədim. Bu arvad tayfasının cilovunu boş buraxmaq olmur. Nə qədər desən də öz bildiklərini çalırlar. Sən Allah, incimə.

-Mənim inciyib-inciməməyim nəyi dəyişəcək? Gözlər gördüyünü görüb. Qulaqlar eşitdiyini eşidib. Beyin də bu həssas üzvülərin ötürdüyü informasiyanı yaddaşa köçürüb. İndi sənə desəm ki, niyə belə etdin? Gərək belə etməyəydin! Heç nə dəyişməyəcək. Çox üstünə gedib, bezdirsəm, dözməyib deyəcəksən ki, etmişəm, əcəb eləmişəm. Haqsız olsan da, özünü haqlı sanacaqsansa, olub-keçən şeyi qabartmağım nəyi dəyişdirəcək? Mən indi aranızda baş verən yersiz, səbəbsiz münaqişəni səngitmək üçün tək mənim yox, bütün qonşuların, qohumların xətrini istədiyi Narınca ərklə deyə bilərəm, – indiyədək dözmüsən, indən sonra da dözməyə məhkumsan. Ona görə ki, siz həyat verdiyiniz uşaqlarınızın, nəvələrinizin cazibə qüvvəsinin daxilindəsiniz.

Nemətin danışığı Malikin ürəyincə olmadı. Əsə-əsə, coşa-coşa etirazını bildirdi:

-Qonşu, heç səndən gözləməzdim. Sənin qohumun mənəmmi, arvadımdımı? Sənin də, digər qohumlarımın da məndən çox bu özgə qızının xətrini istəməyiniz nə dərəcədə düzgündür?

-Dediyin bu “özgə” qızı nəslimizin gəlinidir. Nəslimizin nümayəndələrinin anası, nənəsidir. Elin hörmətini də xoş, gözəl xasiyyəti, şirin diliylə qazanıb. Bəs sənin bundan fərəhlənmək əvəzinə, qıcıqlanmağın nə dərəcədə düzgündür?

-Görürəm ki, heç biriniz məni anlayacaq səviyyədə deyilsiniz. Dediklərinlə razılaşmasam da, bu dəfə susmalıyam. Uzun müddətdən sonra qapımı açan həm qohumumu, həm də qonşumu özümdən incik sala bilmərəm. Vaxt gələr, mənim haqlı olduğumu dərk edərsən.

Narınc Nemətin dediklərindən məmnun olsa da, ərini qıcıqlandırmamaq üçün məntiqli izahına görə təşəkkür etməyi sonraya saxladı. Nemətin söhbətindən sonra dərk elədi ki, əgər o bu cür hallarda ərinə baş qoşsaydı, özündən çıxıb kəllə-kələyə gəlsəydi, el arasında bu cür hörmət qazanmazdı.

Nahar süfrəsini yığışdırdıqdan sonra Narinc Nemətdən soruşdu:

-Qonşu, bəs Xavər təqaüdə nə vaxt çıxacaq?

-Bir neçə ay qalıb. İşimi davam etməyə istəyib-istəmədiyimi məndən soruşmadılar. Yaşım bitən kimi sorğu-sualsız dəhlədilər.

-Nə yaxşı eləməyiblərmi? Arvaddan bezəndə yola çıxıb saatlarla oturardım. Bir köpək oğlu gəlib yanımda oturmurdu ki, söhbət edək. Vaxt keçirək.

Malıkin nəyə eyham vurduğunu anlayan Nemət ürəyində dedi: “Bu ağız ki, səndə var, çətin bir də mənimlə həmsöhbət olarsan”. Nəyə görə qonşulardan heç birinin onun yanında oturub söhbət etməməsinin səbəbini açıqlamaq istəyirdi ki, Narınc onu qabaqladı:

– Görünür həndəvərimizdə səndən başqa arvadından bezən yoxdur.

Nemət Malikin üzünə baxanda gördü ki, onun gözləri parıldayır, yenə Narıncı əqrəb kimi sancacaq, özünü qabağa verdi:

-A Narınc, ağzımdan qopartdın ki, mən də eynən bunu deyəcəkdim.

Təkləndiyini həzm edə bilməyən Malik yenə də coşdu:

-Bu nə işdir, ay Allah! Hamı həmrəy, dilbir olub düşüblər üstümə. Layiq olmadığım ifadələri bir-birinin ağzından alıb, döşəyirlər üzümə.

-Burda emosiyanı qaynadacaq ifadə işlədildimi? – Nemət Maliki sakitləşdirməyə çalışdı.

-Görmürəmmi? Danışığınızdan belə çıxır ki, bu obanın ən pis kişisi mənəm.

-Səni pısləyən oldumu? Şəxsən mən yoldaşımı evdə tək qoyub, gəlib sənin yanında vaxtımı keçirmərəm. Mənim kimi də digərləri.

-Açıq de də! Məndən başqa hamınız arvad qulusunuz. Kimin necə olmağı məni maraqlandırmır. Nə qədər ki, nəfəsim gəlir, arvad mənim qulum olacaq. Çünki kişiyəm. Görürəm bu mövzunun urvası çox su apara bilər. Gəlin diski dəyişək. Vacib məsələləri qoyub, boş şeylərin həllinə vaxtımızı sərf etməyək. Artıq biz yetmişin astanasındayıq. Bu ona işarə verir ki, əcəlin finişinə yaxınlaşırıq. İndi bizim elə vaxtımızdır ki, fikrimizi, zikrimizi bu dünyadan ayırıb, axirətə kökləməliyik. Allahsız quruluş dağıldı. Müstəqil dünyəvi quruluş yaradıldı. Kəndimizdə məscid açıldı. Bir müddət namaza gəlsən də, sonra dayandın. Niyə bu vacib əməldən yayındın? Sənin kimi yaşlılar məscidə ayaq basmırsa, gəncləri qınamağa haqqımız varmı? Sabah cümə namazına gedəndə xəbər eləyimmi?

Nemət səhərdən ilişdiyi, gah müdrikləşən, gah da sərsəmləşən qonşusundan gözləmədiyi suala nə cavab verəcəyini bilmədi. Bir müddət düşündükdən sonra ağlına elə bir fikir gəldi ki, az qala adi bir təsadüf nəticəsində yeni fiziki qanun kəşf edən Arximed kimi “evrika!” (tapdım!) deyə bağıra-bağıra kəndin küçələrini dolaşacaqdı. O, tələbəlik illərində, işlədiyi müddətdə, həm də dost-tanışları arasında elə tiplərlə ünsiyyətdə olmuşdu ki, bunların cilddən-cildə girmələrinə məəttəl qalmışdı. Maliklə onları müqayisə elədi. Tanıdığı eyni xarakterli bu tiplərin aralarında heç bir qohumluq əlaqəsi olmasa da, əməllərinin, davranışlarının, niyyətlərinin üst-üstə düşməsi onu heyrətə gətirirdi. Bu tip insanların böyu, çəkisi, rəngi müxtəlif olsa da, sifətlərinin quruluşu bir-birinə bənzəyir. Onlar qısa müddətdə elə məharətlə obrazdan obraza girirlər ki, məşhur aktyorlar da məharətlərinə heyran qalarlar.

Malikin dediyi kimi məscid açılarkən bir müddət heç bir cümə namazını ötürmürdü. Bir gün həmişə yanaşı namaz qıldığı Natiqlə Aydını yanında görmədi. Rastlaşan vaxt səbəbini soruşanda Natiq demişdi:

-Məscid açılanda sevinmişdim. Düşünürdüm ki, bu müqəddəs Allahın evinə imanlı, mömin, günahsız, saf bəndələr toplaşacaq. Namaza başladığım müddətdə, yan-yörəmdə bir nəfər də olsun müqəddəs ocağa ayaq basmağa layiq saf Allah bəndəsi görmədim. Elə düşük adamlar gözümə dəydi ki, namaz qıldığım müddətdə fikrimi toplayıb ibadətimi yerli-yerində icra edə bilmədim. Ancaq Allana suallar ünvanlayırdım: “Ya Rəbbim! Mən toy məclisində, iclasda, tədbirdə iştirak etmiş olsaydım, ətrafımda gördüyüm bəzi ləyaqətsiz, bədəməl-bədniyyət dələduzların iştirakını adi hal kimi qəbul edərdim. Olmazmı ki, bu müqəddəs məkana qədəm basanları ələkdən, heç olmasa xəlbirdən keçirib, qəbul edəsən? Deyirlər, “məscidin qapısı açıqdır deyə, itin abrına nə gəlib?” Mən orda abırsız adamlar görürəmsə, onlara, “sən hara, bura hara?” – deyə bilmirəmsə, laqeydlyimə görə də balansıma günah yüklənirsə, ən yaxşısı, öz evimdə günorta namazı qılmaqla kifayətlənmək daha məqsədəuyğun deyilmi?

O vaxt Nemət Natiqin fikrinə qarşı çıxmışdı. Onu qandırmağa çalışmışdı ki, məscid də, kilsə də Allaha ibadət ocağıdır. Hər bir insanoğlunun necə biri olmasına baxmayaraq, ora gəlib ibadət etməsi vacibdir. Nə qədər cəhd etsə də, Natiqi fikrindən döndərə bilməmişdi. O, özünün haqlı olduğunu sübut etməyə cəhd eləmişdi:

-Evdə, bağ-bağçada etdiyim ibadətin Allahı bir başqasıdırmı? Öz evimdə sidqi ürəkdən tək olan Allaha etdiyim duam qəbul olunmayacaqmı? Məsciddə gördüklərimin çoxu öz evlərində namaz qılmır. Görünüş xatirinə ancaq cümə namazında edilən duaları Rəbbimiz qəbul edərmi? Elə adamlar tanıyıram ki, namaz  qılmırlar. Amma o dərəcədə safdılar ki, bir çox namaz qılanları adlayıb, birbaşa cənnətə gedəcəklərinə şübhə etmirəm.

O gün Malik Nemətə hər ikisinin yaxşı tanıdığı, namaz qılmayanları misal çəkdi. Onları cümə günləri məscidə gəlib, özlərini ibadətkar kimi nümayiş etdirən, kənarda isə min bir hoqqadan çıxan nadürüstlərlə müqayisə elədi. Onun, “Hər şeyi görən Allahın dərgahında bəndəsinin əməlimi vacibdir, yoxsa ibadətimi?” – sualını Nemət cavablandıra bilmədi.

Çox keçmədi Nemət abrını pərdələyib, məscidə soxulan bir-neçə səviyyəsizin yersiz atmacalarını həzm edə bilməyib, cümə namazlarına qoşulmadı. Natiq kimi o da günorta namazı qılmaqla kifayətləndi.

İndi Malik yox, normal xarakterli bir Allah bəndəsi olsaydı sualına düşünmədən “hə”deyərdi. Çünki o, camaat namazının fəzilətini anlayırdı. Davranışının, danışığının, amalının başı-ayağı bilinməyən ünsürlərin sərbəst girib-çıxdığı yer cənnətməkan da olsa, o, imkan daxilində belə yerlərdən uzaq dururdı.

Onun çox düşündüyünu görən Malik yenə soruşdu:

-Nə çox düşünəsi oldun? Sabah səni gözləyimmi?

– Yox! Çox düşündüm. Götur-qoy elədim. Bir qərara gələ bilmədim.

– Başa düşmədim. Dünyada bundan vacib işmi var?

-Var. Elə vacib işlər var ki, cümə namazı arxa plana keçir.

-Sən nə danışırsan, a qohum? Axı namaz dinin dirəyidir.

-Dinin dirəyi namaz olsa da, qayəsi saflıqdır. Təəssüf ki, məscidin qapısı açıqdır deyə, abır-həya yaddan çıxır. Kim gəldi, özünü içəri soxur.

-Mən bilən məscidə dəstəmazsız gələn olmur.

-Dəstəmaz dəridəki kiri təmizləyir. İnsanın daxili aləmini isə əməlisalehlik saflaşdırır.

-Səncə, kimlər məscidə girməməlidir?

Az qala Nemət deyəcəkdi, birinci sən. Özünü yığışdırdı. Qohumunun, qonşusunun öz evində, həyat yoldaşının yanında yox, başqa yerdə olsaydı, saflığın, necə adamların məscidə ayaq basmağa layiq olduğunu izah edərdi. İndi o, qonşusunun sualını elə cavablandırmalıydı ki, nə şiş yansın, nə də kabab.

-Malik, mən ilahiyyatçı deyiləm. Müqəddəs “Quran”ımızın Türkcə tərcüməsini və bir neçə dini kitab oxumuşam. Gəldiyim qənaətimə görə, tandığım məscidə gedənlərin çoxunun cənnətə qovuşmaq şansı sıfıra bərabərdir.

-Demək istəyirsən ki, heç bir namazımı ötürmədiyim halda, mənim də cənnətə qovuşmaq şansım sıfıra bərabərdir?

-Mənim dediklərim heç nəyi həll eləmir, heç nəyi də dəyişmir. Danışmağa nə var ki? Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu istədiyi kimi yozub söyləyə bilər. Sən soruşdun. Mən də oxuduğum kitablardan qavradığım təəssüratımı bildirdim.

-Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini Allah bilər. Mənim isə cənnətə gedəcəyim dəqiqdir. Allah gündəlik namaz qılan məni qoyub, məscidin qapısını açmayan Cəfəri cənnətə qəbul etməyəcək ki?

Nemət Cəfəri yaxşı tanıyirdı. Həmyaşıd idilər. Orta məktəbdə sinif yoldaşı olmuşdular. Sakit təbiətliydi, qapalıydı, heç kəsə qaynayıb-qarışmazdı. Uşaqlıq illərində də, indi də, qapısını açdığı yeganə adam özü idi. Heç kəslə six dostluq münasibəti olmasa da, ciddi, tərbiyəli, saf olduğuna görə kənd arasında hörmət qazanmışdı. Onun namaz qılıb-qılmadığından xəbərsizdi. Amma acı diliylə heç kəsin cüzi də olsa qəlbini qırdığının şahidi olmadığı bu adamın sorğu-sualsız cənnətə gedəcəyinə şübhə etmirdi. O, bu gercəyi Malikə açıqlamadı. Bilirdi ki, qəbul etməyəcək. Təəssüf hissilə onu süzdü və ürəyində dedi: “Malik, qalan ömrünü gecə-gündüz məsciddə keçirsən də, sənə cənnətdə yer olmıyacaq”.

***

Xavər heç vaxt işdən şıxanda evə belə tələsməmişdi. Çatan kimi ərindən soruşdu:

-İlk azad gününü necə keçirdin?

Nemət yoldaşına baxıb gülümsündü. Gözlədiyi cavabın ləngidiyindən hiss elədi ki, günü heç də xoş keçməyib.

-Niyə yola-izə çıxmadın? Azdırmı bu kənddə ərklə qapısını döyəcək dost-tanışın?

-Çıxmışdım. Bir qapını açmışdım. Yaxşı da qarşılanmışdım.

-Kimin qapısını açmışdın?

-Açmamışdım, açmışdılar. Yola çıxdım. Natiqgilə getmək istəyirdim. Malikgilin evinin qabağından keçəndə darvazalarının yanındakı taxta oturacaqda oturan əmizadəmiz qalxıb qabağıma gəldi. Hal-xəbər aldı. Evə dəvət elədi…

Xavər nə baş verdiyini təxmin etdiyindən onun sözünü kəsdi:

-Narınc səni görüb sevindi. Yaxşı süfrə açdı. Malik əvvəlcə müdriklərə məxsus söhbətə başladı. Səni heyrətə gətirdi. Çox keçmədi lağlağıya keçdi. Əsl simasını nümayiş elədi. Sən də bundan məyus oldun.

Yoldaşının baş verənləri sanki kənardan izləyirmiş kimi sadalaması Neməti çaşdırdı:

-Sən bunu kimdən öyrəndin?

-Heç kimdən. Hər ikisini yaxşı tanıyıram.

Nemət yoldaşının səmimiliyinə şübhə etmədiyinə görə, artıq heç nə soruşmadı.

-Narıncın halına acıdım, – deyib, köks ötürdü.

-Bütün kənd onun halına acıyır. O isə taleyindən gileylənmir. Bir dəfə də olsun ərindən şikayətləndiyini eşitməmişəm. Bir dəfə Qönçə ona deyəndə ki, mən sənin yerində olsaydım… Narınc gülə-gülə onun sözünü kəsmişdi, – ölmüşəmmi ki, yerimdə olasan. Qönçə gözləmədyi cavabdan pərt olmuşdu. Narıncın onu səhv anladığını zənn etdiyindən şübhələnib dillənmişdi, – a qonşu, bilirsən ki, səni çox istəyirəm. Yenə Narınc gülərək, – məni istə, amma başımın tacına söz demə! Necə olmasına baxmayaraq, o, mənim balalarımın atasıdır, – demişdi.

İllərini birgə keçirmiş, aralarında cüzi də olsa ixtilaf yaranmayan ər-arvad bir-birinə baxdılar. Ortaya dərin sükut çökdü. Əslində buna süküt demək olmazdı. Dil sussa da, gözlər danışırdı. Onlar bir-birini anlayırdılar. Gözlər bəzi yeri səhv düşənlər kimi bir-birinə: “sənə rast gəldiyim günə daş düşəydi” mesajını ötürmürdü. “Nə yaxşı ki, taleyimiz bizi birləşdirdi” – deyə şükranlıq edirdi.

-Elə bilirdin təqaüdə çıxdıqdan sonra zəhlətökənlərdən canın qurtaracaq? – Xavər sükutu pozdu.

Nemət bu gün yoldaşından bu sualı gözlədiyindən, cavabını hazırlamışdı:

-Mən işdən ayrılmışam, həyatdan yox. Nə qədər ki, dünyadan köçməmişəm onlarla üzləşəcəyəm. Həyatda bunlardan yayınmaq mümkündür. İş yerindəsə yox…

08.03.2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ İYUL – 2024 № 07 (43)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ İYUL – 2024 № 07 (43)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB- PDF: yazarlar-43

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədovun yeni şeirləri

GÖZ DÜNYAYA PƏNCƏRƏ…

Göz dünyaya pəncərə,

Pəncərədən baxırıq.

Bəlli yol gedir hərə,

Sonda yoxa çıxırıq.

* * *

Gəlməyindən bixəbər,

Gedişini nə bilər?!

Qalxanmazsan , ha dəbər,

Aylı sanlı gün gələr.

* * *

Sanki koruq, həm də kar,

Şeytan bizi güldürər.

Ələ salıb oynadar,

Nəfsimizdə öldürər.

* * *

Yüz yaşadıq, bilmədik,

Yaxşı nədir, pis nədir.

Haqq yoluna gəlmədik,

Bax, bu bizi göynədir.

* * *

Ğöz dünyaya pəncərə,

Ləzzət al, bundan adam!

Dillənməzsən bir kərə,

Bəsdi, doydum dünyadan!

RUHDU MƏNİ DİNDİRƏN

Hər günü nahaq yerə,

Sonuncu gün bilirəm.

Görən neçənci kərə,

Bu dünyaya gəlirəm?!

* * *

Alın yazım Allaha,

Yaradana bəllidi.

Bildiyim nə var daha?!

Cəmi boş təsəllidi.

* * *

Nə sabaha güvənim,

Nə bir vaxtdan macal var.

Nə olsun var sevənim,

Sevinmirəm, əcəl var!

* * *

Qaçıram, tələsirəm,

Göydəyəm, yox endirən.

Bilirəm ki, əsirəm,

Ruhdu məni dindirən.

* * *

Hamı bilir, bir son var,

Danışırıq, gülürük.

Canım, bəlkə bir yön var?!

Nə sən, nə mən bilirik!

… , KİŞİ !

Səni, qanın qaynayar,

Bu dünya sayar, kişi!

Nazınla çox oynayar,

Səsini yayar, kişi!

* * *

Genişdi, dalanı yox,

Sahmana salanı yox,

Deyərsən yalanı yox,

Ovcuna qoyar, kişi!

* * *

Sözünü udmaz, deyər,

Milyonu çeynər, yeyər.

Fikirləşmə baş əyər,

Sözünə uyar, kişi!

* * *

Tək olanı cüt edər,

Ağıllını küt edər.

İnsanları lüt edər,

Qabıq tək soyar, kişi!

* * *

Görsə ki, sürüşürsən,

Gündə haldan düşürsən.

İstidə bürüşürsən,

İyrənər, doyar, kişi!

* * *

Murad, ayıq ol, yatma!

Yaxşını pisə qatma!

Sakit gəz, əl-qol atma!

Gözünü oyar, kişi!

QOYMA , DEMƏSİNLƏR HARAMI OLSUN!

Gün döyən dərəyə, düzə nə var ki,

Oğulsan dağların başına dolan.

Saf, halal çörəyə, duza nə var ki,

Haramdı nəfsini əlindən alan.

* * *

Nə dilsiz kölə ol, nə nəfsə qul ol,

İnsan ol içində onun, on beşin.

Haramdan uzaq ol, halala qol ol,

Sabahı fikirləş, sabahı düşün.

* * *

Bir insan dünyadan heç nə aparmaz,

Qazancı bir qəbir üstə daşıymış.

Anlamaz, ya da ki, fərqinə varmaz,

Nə bilsin çiynində quru başıymış.

* * *

Səksən də, doxsan da, yüz də yaşasan,

Düz yaşa, əməlin yaddaşda qalsın!

Çətində, möhnətdə, düzdə yaşa sən ,

Qoyma deməsinlər haramı olsun!

BU YOLDA YANAN ODUQ

Əlim ətəkdən uzun

Yol aldım Günbatana.

Dərdinə bax yolsuzun,

Yol öyrədir çatana.

* * *

Bilmirəm harasında,

Yaxında, uzaqdayam.

Bu yolun ölçüsü yox,

Əlimdə nə var, sayam?!

* * *

Baxıram ki, yanımda

Kefsiz insanlar gedir.

Bir soruşsan, ay Allah,

Bir desən dərdi nədir?!

* * *

Göz açıb yuman kimi,

Saçlarına dən düşür.

Nəyin var itirirsən,

Ha toparla, ha döşür.

* * *

Səndən asılı olmur,

Nə qismətin, taleyin.

Yolu əlindən almır,

Ya asta get, ya yeyin.

* * *

Bir ömür yaşayırıq,

Hərəmiz bir zamanda.

Ayrı yük daşıyırıq,

Sən ahda, mən amanda.

* * *

Bu yolun yolçusuyuq,

Nə olsun yola yadıq.

Nə isti var, nə soyuq,

Bu yolda yanan oduq.

QALIRAM ƏLİM ÜZÜMDƏ

Qulağım yüz söz eşidir,

Qalıram əlim üzümdə.

Hərdən yazıq göz eşidir,

Qalıram əlim üzümdə.

* * *

Bəzən sakit olanmıram,

Şər-böhtanla dolanmıram,

Düz olanı çalanmıram,

Qalıram əlim üzümdə.

* * *

Yerin, göyün başımı var?!

Bu dünyanın yaşımı var?!

Ayıq olan naşımı var?!

Qalıram əlim üzümdə.

* * *

Mənim sözüm yalan olmur,

Çox satılır, qalan olmur.

Bəzən düzü alan olmur,

Qalıram əlim üzümdə.

* * *

Bu dünyanın sahibi var,

Hey aldadar, hey baş qatar.

Dünən olan əynimə dar,

Qalıram əlim üzümdə.

* * *

Dillənirsən, kimsə dinmir,

Baş bildiyim göydən enmir,

Qarğamağa dilim dönmür,

Qalıram əlim üzümdə.

ÇİN OLMAYAN ARZULAR

Nə dildə ah ola, nə gözlərdə nəm,

Yaxşılıq həyatda sayıla peşə.

Nə yazıq görəsən, nə üzlərdə qəm,

Baxıb sevinəsən bu xeyir işə.

* * *

Durub görməyəsən bir eldə kasıb,

Yaradan tamahın evini yıxa!

Dərdi qurudasan sinəndən asıb,

Dərd-azar yox ola, yadından çıxa.

* * *

Nə paxıllıq ola, nə də ədavət,

Dünyanın təkəri tərsinə dönə.

Hər yerdə bərqərar ola ədalət,

Dünyaya od vuran savaşlar sönə.

* * *

Mənim istəklərim hamının dərdi,

Hamı bu arzuyla oyanar, durar.

Bu dünya Allahın sevdiyi yerdi,

Bu dünya tək bircə bizləri yorar.

* * *

Bizim əlimizdən başqa iş gəlməz,

Tək çarə Allaha duadan keçər.

Bu dünya nə çəkir bir bəndə bilməz,

Bir Allah yaxşını yamandan seçər.

* * *

Arzular gül açsa, əməllər gülsə,

Həm bəndə sevinər, həm də Yaradan.

Hər kəs bu dünyada yerini bilsə,

Seçmək asan olar ağı qaradan.

BU DÜNYADA YAŞAMAĞA NƏ VAR Kİ…

İnsan olub abır-həya bilməsən,

Bu dünyada yaşamağa nə var ki!

Xəcalət tərini candan silməsən,

Bu dünyada yaşamağa nə var ki!

* * *

Hər bir əngəl rahatlıqla keçilsə,

Dərd-azarın göz bağlayıb kiçilsə,

Yaxşı-yaman irdələnsə, seçilsə,

Bu dünyada yaşamağa nə var ki!

* * *

Yaxşılıqdan dağ üstə dağ qalansa,

Sağlam nəsil sağlam kökə calansa,

Hamı təmiz, hamı halal dolansa,

Bu dünyada yaşamağa nə var ki!

* * *

İnsan çox yaşayar, qədər olmasa,

Qəm-qüssə olmasa, kədər olmasa.

Çəkdiyin əziyyət hədər olmasa,

Bu dünyada yaşamağa nə var ki!

* * *

Bəxti sonulama, yaşa, gəlməsə,

Guya əlacmı var, xoşa gəlməsə?!

Ay Murad, duyduğun başa gəlməsə,

Bu dünyada yaşamağa nə var ki!

QOŞMA

Özü də bilmədən qəlibdən çıxır,

Dünyanı taladı gözü insanın.

Nəfs ona doy gəlir, qısnayır, sıxır,

Dərdə mübtəladı özü insanın.

* * *

Sözün də rəngi var, ya ağ, ya qara,

Ayıq ol dinəndə, araşdır, ara.

Dilindən tuturlar çəkirlər dara,

Başına bəladı sözü insanın.

* * *

Əsəb cana yığır, səbri daralır,

Pul artır, azalır qanı qaralır.

Dərd alır canını rəngi saralır,

Keçilməz çaladı izi insanın.

* * *

Torpaq ana vətən olandan bəri,

Baxmaz şəhid olar, çəkilməz geri.

Dünyaya car çəkdi türkün əsgəri,

Alınmaz qaladı yüzü insanın.

* * *

Ay Murad, fikir ver səndən əzələ,

Heç nə dəyişməyib, axtar, çözələ.

Tanrı imkan verir bəlkə düzələ,

Sanır ki, yoladı üzü insanın.

QİSMƏT

Taleyin gərdişidi,

Yoxsa vardı, qismətim?!

Bu Allahın işidi,

Neyləyim ki, mən yetim?!

* * *

Qismət alında yazı,

Hamıda eyni olmur.

Halal olur ən azı,

Heyif ki yeri dolmur.

* * *

Olanı yaşayırıq,

Sevinci, ağrısıyla.

Məcburi daşıyırıq,

Yalanı, doğrusuyla.

* * *

Nə verir utandırmır,

Bəs olan qədər verir.

Verdiyini andırmır,

Olur ki, kədər verir.

* * *

Bilir ki, mən quluyam,

Mənə verdiyi itmir.

Hələ canı suluyam,

Ona görə incitmir.

* * *

Bu ömrün yollarında,

Yolçusuyam qismətin.

Çovğununda, qarında,

Yeridim sakit, mətin!

QOŞMA

Çadır qur baharda hamar bələndə,

Ruhun çağlayanda, təbin güləndə.

Fəsillər dəyişib hər yaz gələndə,

Bəlkə yaza xatir xatırlanasan.

* * *

Bülbül təbdə qalar yazın xətrinə,

Sevda şirin olar nazın xətrinə,

Sözə aşiq oldun sazın xətrinə,

Bəlkə saza xatir xatırlanasan.

* * *

Yanan ürəkləri soyudan buz ol,

Yaxşılar içində yaxşı ol, göz ol,

Tapdanan yol olma, balaca iz ol,

Bəlkə izə xatir xatırlanasan.

* * *

Keçirmə vaxtını boşa, ay Murad,

Ömrünü dağlarda yaşa, ay Murad,

Sözüylə nəfəs al, qoşa ay Murad,

Bəlkə sözə xatir xatırlanasan.

YAŞIN GİLEYLƏRİ

Arzulardan, istəklərdən doyuruq,

Yaş artdıqca ancaq dilləşirik biz.

Sevinci bükürük küncə qoyuruq,

Dərdiylə, kədərlə əlləşirik biz.

* * *

Nə daha sevinib gülə bilirik,

Sanki qayğıların başından aşır.

Nə də öhdəsindən gələ bilirik,

Sanırsan çevrəndə şeytan dolaşır.

* * *

Beynində, ağlında min fikir bişir,

Gah dağı arana tay eyləyirsən.

Tutduğun fırlanır əlindən düşür,

Salıb sındırırsan, bay eyləyirsən.

* * *

Elə bil dünyaya xərac verirsən,

Üzündən gözündən şikayət yağır.

Nə söz eşidirsən, nə iş görürsən,

Dinirsən, hər sözün çəkindən ağır.

* * *

Közərən ümidə bel bağlayırsan,

Başqa çıxış yolun, əlacın olmur.

Ha dincə qoyursan, ha yağlayırsan,

Ömür bezir səndən, deyir dayan, dur!

QOŞMA

Dünyaya gələndə elə bildik ki,

Həmişə kef edib, gülməyə gəldik.

Ləziz yeməklərin, hər cür içkinin,

Nuş edib dadını bilməyə gəldik.

* * *

Yıxıldıq, əzildik, bunu danmadıq,

Yaşadıq, bu ömrə heç vaxt yanmadıq.

Həyatdan bezmədik, bax, usanmadıq,

Pünhan dərdimizi bölməyə gəldik.

* * *

Ay Murad, şeytana, şərə uymadıq,

Düz olduq, əyrini yaxın qoymadıq.

Çalışdıq, vuruşduq, ancaq doymadıq,

Sonda anladıq ki, ölməyə gəldik.

DÜNYA

Dünya sonsuz müstəvidi,

Nə uzunu var, nə eni.

Sanki körpə bir səvidi,

Anlamazsan istəyini.

* * *

Nə dərdinə dərman olar,

Hər gün yıxar, bir can alar.

Yorar, yorar, heydən salar,

Yarı yolda qoyar səni.

* * *

Nə sonu var, nə əvvəli,

Ağıllını eylər dəli.

Tərs sualdı, sirdi, bəli

Anlayan yox bu düzəni.

* * *

Əksik olmaz qışda qarı,

Payız olsa bağda barı.

Dağ başında buludları,

Sıx dumanı, seyrək çəni.

* * *

Sən Allahın bir bəndəsi,

İsmin Murad haqqın səsi.

Sözdü fikrin şah pərdəsi,

Sən də qoru ənənəni.

A  QARDAŞ

(Avdı Qoşqarın doğum gününə)

Deyirəm, dünyanın halal insanı,

Tək təmiz adamı sənsən, a qardaş.

Anlayıb bilənə əzizi, canı,

Qanmaza dumansan, çənsən, a qardaş.

* * *

Dumduru su kimi təmizdir adın,

Ağrımaz başını dərdə salmadın.

Halaldan doğuldun, halal yaşadın,

Haramdan uzaqsan, gensən, a qardaş.

* * *

Görəndə bar verir arzun, muradın,

Sevincdən uçmağa olmaz qanadın.

Böyründə, başında qohumun, yadın,

Sevincinə yarı, tənsən, a qardaş.

* * *

Üzündən bəllidir səmimiyyətin,

Baxıram hər kəsə xoşdur niyyətin.

Nə özün dəyişdin, nə xasiyyətin,

Bir azca dəyişsən, dönsən, a qardaş.

* * *

Səni mən hər yerdə misal gətirdim,

İzlədim, çox şeyi səndən götürdüm.

Yaxşı nə bildimsə ruha ötürdüm,

Ruhumda bar verən dənsən, a qardaş.

BİR DƏRDİNİ ÇƏKƏN OLA…

Bir dərdini çəkən ola,

Əlin üzdə qalmayasan.

Arxanca su tökən ola,

Öz yolundan olmayasan.

* * *

Çaşmayasan öz yerini,

Saxlayasan ləngərini.

Bu dünyanın dərd-sərini,

Heç vecinə almayasan.

* * *

Dərd-azarın çox olmaya,

Dinən ruhun tox olmaya.

Təbəssümün yox olmaya,

Bulud kimi dolmayasan.

* * *

Şah olasan öz taxtında,

Öz şansında, öz baxtında.

Ayrılasan düz vaxtında,

Çiçək kimi solmayasan.

* * *

Yaşamaqdan bezməyəsən,

Ayrı ruhda gəzməyəsən,

Sevdiyini əzməyəsən,

Murad, dərdə salmayasan.

ÖZÜMÜN ÖZÜMLƏ SÖHBƏTİM

Zövqümə həmişə inanmışam mən,

Bu da bir duyğudu ruhumdan gələn.

O qədər səbrimlə sınanmışam mən,

Tanrı da zövq alır bundan mən bilən.

* * *

Adam tanıyanam bircə baxışdan,

Zənnimdə heç zaman aldanmamışam.

Gileyim olmayıb bəxtdən, naxışdan,

Nəyim var üzdədi heç danmamışam.

* * *

Nə qədər daş atan oldu arxamdan,

Səkmədim yolumdan heç bircə qarış.

Şamın yandığını tez duyar şamdan,

Piltə nə çəkirsə çıraqdan soruş.

* * *

Demirəm ruh kimi hər yerdə varam,

Qismətin, taleyin qulu olmuşam.

Allaha yaxınam, Tanrıyla yaram,

Onun kölgəsində məskən salmışam.

* * *

Bu ömrün əzabı yormadı məni,

Hər yükün altına sırtımı verdim.

Nə tənə, nə pislik qırmadı məni,

Nə də biganəlik olmadı dərdim.

* * *

Rəhimli, duyğusal, sakit bəndəyəm,

Kimsənin işinə qarışmadım heç.

Nə sizdən geridə, nə də öndəyəm,

Bircə haqsızlıqla barışmadım heç.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 İYUN – HƏMDƏM AĞAYEV

SƏNƏTİN SEÇDİYİ ADAM – ŞƏHİD HƏMDƏM AĞAYEV

OTUZUNCU  YAZI

(Polkovnik-leytenant Həmdəm Ağayevə həsr olunub)

Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.

Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.

Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.

Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.

ZAUR USTAC “QƏLƏMDAR-2”

QISA ARAYIŞ

Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.

Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”

Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…

Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.

Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.

HAŞİYƏ

İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.

Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…

30.12.2020. BAKI.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 İYUN ORDU GÜNÜ MÜNASİBƏTİLƏ

ZAUR USTACIN YAZILARI

QIRMIZI YARPAQLI AĞAC
(hekayə)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
Son.
03.12.2021-09.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 iyun – İlqar Mirzəyev

QARDAŞ
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

26 İYUN – ZAUR USTAC

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru