Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyev dəfn olunduğu gün Şəhidlər Xiyabanının qarşısı gecə saatları.
O GÜN (Şəhid İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. -Bakı.
Jurnalın bü sayında kimlər var? Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər… “XƏZAN” ədəbi-bədii jurnalının iyun-iyul, 2021 sayı çapdan çıxıb. Sayca 34-cü nömrəsi sayılan 128 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.Jurnalın redaksiya heyəti şairlərdən Əjdər Yunis Rza və Vahid Çəmənlinin 65, yazıçı Əli bəy Azərinin isə 55 yaşının tamam olması münasibətilə hər üçünü təbrik edib.Jurnal Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Şuşa Bəyannaməsi – bölgədə sülhə çağırışın salnaməsi” məqaləsi ilə başlayır. Eyni zamanda bölgə üçün Sülh və Barış çağırışı hesab olunan tarixi sənəd “Şuşa Bəyannaməsi” də bütövlükdə redaktor guşəsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, jurnalın beş yaşı tamam olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayeva “Xəzanın beş yaşına” məqaləsi ilə bu təqvimi qeyd edib.Şair-filoloq Elvin İntiqamoğlu “Əlli beş illik romanın on beş illik hekayələri” məqaləsi ilə Əli bəy Azərinin, şair-publisist Ələsgər Talıboğlu “Özünü sözündən asan şair” məqaləsi ilə Əjdər Yunis Rzanın, şair Zaur Ustac “Mən eşq atəşiyəm” məqaləsi ilə Vahid Çəmənlinin yaradıcılıqlarına səyahət etmişlər. Azərbaycan ədəbiyyatı divançılıq tarixində ilkə imza atan- bütün qəzəlləri yalnız azərbaycan sözlərindən istifadə etməklə yazılan Hafiz Əlimərdanlının “Divan”ı AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli bəy Azərinin məqalələrində qismən təhlil olunmuşdur.AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun kiçik elm işçisi, Bakı Dövlət Universitetinin doktorantı Təhminə Vəliyevanın təqdimatında Seyid Hüseynin “Ağvalideyn, yaxud, zavallı Məşədi Zaman” hekayəsi və onun təhlili yer almışdır.Özbək ədəbiyyatından Əzizbəy Abduməlikin “Qatarı dayandıran “Leyla”nın ifaçısı Türküstan bülbülü Dədəxan Həsən” məqaləsi şair Şahməmməd Dağlaroğlunun tərcüməsi əsasında çap olunub. Dilbər Rzayevanın “Vüqar Əhməd yaradıcılığında Qarabağ mövzusu”, şair Əliyar Yusiflinin yaradıcılığından bəhs olunan Ələsgər Talıboğlunun “Əzəl gündən könül verib vətənə” və Ələsgər Talıboğlunun Qəhrəman Qasımovla birgə hazırladığı “Qvami Məhəbbətoğlunun Alpan etüdləri” məqalələri ədəbi təhlillər sırasındandır. Natəvan Quıiyevanən “Kəndə onlarsız qayıtmalı olacağam” məqaləsi bir vaxtlar uşaqlıq illərini keçirdiyi, otuz ilə yaxın erməni işğalında inləyən doğma yurd yerlərinin ab-havasına həsr olunub. Tərlan Əliyevanın “Qızıllı Salman adı ilə tanınan zirək, qoçaq, mərd babam” məqaləsində isə bölgədə yaşanan qaydalardan, ağsaqqallıq missiyasından, böyüyə hörmət, ehtiram kimi ülvi milli dəyərlər fonunda əlbəttə ki, tarixi hadisələrə çevrilmiş həqiqətlərdən söhbət açılır. Rəna Mirzəliyevanın “Görüşə bilmədik bu il, bənövşəm”, Anar Əhmədovun ““Qarabağ” ordenli cəsur baş leytenant”, Sadıq Rəfiyevin “Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq qürurludur” məqalələrində 2020-ci ilin patızında baş vermiş 44 günlük döyüş iştirakçılarından və şəhidlərdən, Günay Rzayevanın “Türk şəhidi Xəlil Məmməd oğlu” araşdırma-məqaləsində isə adından göründüyü kimi XX əsrin əvvəlində Osmanlı qoşunu tərkibində Azərbaycana köməyə gəlmiş döyüşçünün taleyindən bəhs olunur.Poeziya bölməsində şair Budaq Təhməzin “Cəsarətdən doğan qeyrət” poeması çap olunub. Şairlərdən: Xaliq Azadi, Zeynalabdin Novruzoğlu, Hafiz Əlimərdanlı, Məhəmməd Əli, Cəlil Xeyirbəy, Qərib Hüseynov, Əbülfəz Əhməd, Ədalət Nəcəfoğlu, Şərqiyyə Balacanlı, Kirman Rüstəmli, Xaliq Laçınlı, Ələsgər Talıboğlu, İlqar Boranoğlu, Bəxtiyar Abbas İntizar, Gülşən Aydınqızı və Xəyal Zeynalın şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.Nəsr bölməsində Eyvaz Zeynalovun “Qiyaslı gilası”, Əli bəy Azərinin “Anama deyin, məni bağışlasın”, Rəşid Bərgüşadlının “Hacı Novruzəli” hekayələri, Ramiz İsmayılın “Əbədiyyata məktublar” elegiyasının son hissəsi yer alıb.Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və dəyərli yazıları ilə oxucularının görüşünə gəlib.
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (…şəhid İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Şəhid İlqar Mirzəyevin ziyarətində) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. – Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021 – Bakı.
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.
İLQAR
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı ş.
Azərbaycanın qəhraman oğlu şəhid polkovnik-leytenant Raquf Orucov
(Böyük qəhrəman Raquf Orucovun əziz xatirəsinə) ☆☆☆ Mıllətinin dar günündə Harayına gələn oğul. Ağrısına, acısına Sinəsini gərən oğul. * * * Çəkib qılıncı qınınnan, Yurdu suvardı qanınnan. Keçib öz şirin canınnan Torpaq üçün ölən oğul. * * * Damarında Türkün qanı, Bozqurdlar oldu dörd yanı. Qarı düşmənin bağrını Öz əliylə dələn oğul. * * * Qibləsi bilib Vətəni, Döyüşlərdə keçdi günü. Bir Murov qartalı kimi Səmaları yaran oğul. * * * Məmləkət yaşasın deyə, Ruhunu uçurdu göyə. Döndü gerçək əfsanəyə Gələcəkdən gələn oğul!
Bu gün onun ad günü …. Əfsanəvi kəşfiyyatçı şəhid polkovnik – leytenant Raquf Orucov 12.07.1972-ci il Ağdam rayon, Cinli kəndində anadan olub. Orucov Raquf İbrahim oğlu 2 aprel 2016 – cı il Aprel döyüşlərində şəhid olub. Allah rəhmət eləsin ruhu şad olsun. Amin.
Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!