Bu gün dəyərli qələm adamı, tanınmış şair Gülnarə İsrafilin doğum günüdür! Şad günü münasibəti ilə Gülnarə xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür bolluca yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Gülnarə xanım!
Gülümsəyən şeirlər… (Gənc şair Elnur Uğurun şeirləri haqqında) Çölünə baxsan alovdu, İçinə girsən tüstüdü. Elnur Uğurun şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, “şair” sözünün əvvəlinə qoşulan epitetlərdən xoşum gəlmir. Məsələn, istedadlı şair, vətəndaş şair, görkəmli şair, tanınmış şair və sair bədii sifətlər yazını bir az genəltmək, bir az da müəllifə yarınmaq üçün işlədilir… Şair sözündə hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq da, istedad da, vətən də… Elnur haqqında bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu idi ki, bir də heç kəs haqqında yazmayacağıma qərar vermişdim. Olsun. Amma Elnurun şeirləri məndən əl çəkmirdi axı. Yəni onun şeirləri haqqında fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabı vərəqlədikcə yeni nəsə tapırdım. Elə yuxarıda misal gətirdiyim misralar uzun müddət hara getdimsə, qarşıma çıxdı. Fikir verin, alovla tüstünün yerini dəyişməsi həyatın özüdür. Bax, burda həyat yanır. Əslində gözə görünənlərin hamısı tərsdi. Düzünü şair deyir. Tərslikləri düzəldir. Sən demə baş verənlərin üstündə alov içində tüstü varmış. Xalqda belə bir misal var: od olmasa, tüstü çıxmaz. Demək, tüstü odun xəbərçisidir. Bəs burda necə? Artıq adamlar indi siyasiləşib. Özlərini alov kimi göstərsələr də içlərində burum- burum tüstünü gizlədirlər. Əgər bu misralar yeni dövrün aforizminə çevrilirsə, demək, Elnur maraqlı şairdir. Elnurun şeirlərində çox gizlin mətləblər var. Bunlar elə də üzdə deyil. Bir az oxucudan bələdçilik tələb edir ki, gizlində olanları aşkar eləyə bilsin. Çünki Elnur həmin gizlinlərin nişanlarını aldadıcı rənglərlə işarələyib. Aşağıdakı bəndlərə fikir verək: Naşı yolur kal meyvəni, Bağı bağlığı yandırır. Qara utanmır ləkədən, Ağı ağlığı yandırır. Tanrım, bağışla səhvləri, Yoxsa oynar yer məhvəri. Ölünü hesab – dəftəri, Sağı sağlığı yandırır. Bağ, meyvə, qara, ağ, ölü, hesab-dəftər – bütün bu detalların hamısı yaşadığımız həyata, cəmiyyətə aiddir. Bu görüntülərin üzərində cəmiyyətin faciəsi, əzabı aşkarlanır. Şairin şeirlərinin əksəriyyəti ictimai məzmun daşıyır. Ancaq bu məzmun sadəcə didaktika deyil, poetik həqiqətlər fonunda göstərilir. Ayaqlarımız üzümüzə, Üzümüz özümüzə, Addamlayaq. Gəl çox yox, Vur-tut bir arzu tutaq, Geriyə qayıdaq. Bəli, harda olursa olsun ayaqlar düzünə çıxıb getməməlidir. O bir gün üzümüzə, üzümüz də özümüzə qayıtmırsa, demək həyat baş – ayaqdır. O zaman o, ayaqlar bizə qayadar ki, gərək ürəyimizdə bir arzu tutaq. Arzu insanın kompasıdır, yol göstərənidir. Artıq hər şey geridə qalıb. Geridə qalan isə əslində gələcəyin özüdür. Elnurda xoşuma gələn əsas cəhət odur ki, o nədən yazırsa- yazsın, misraları poetizimlə yükləyir. Yəni, onun şeirləri poeziyanın əbədi-əzəli düşməni olan publisistikadan min ağac uzaqdır. Aşağıdakı şeirə nəzər salaq. Bu arzu kimin ürəyindən keçməyib? Heç burada məqsəd təkcə suların altı deyil, insanların, cəmiyyətin içi və çölüdür. Heç olmasa bir dəfə Çox yox e, bircə dəfə Bir anlıq heç nəsiz Gözlərim açıq, Bata biləydim suların altına… Elnurun şeirlərindəki qafiyə sistemi çox maraqlıdır. Hamı elə bilir ki, qafiyə təkcə misraların sonunda olur. Elnur göstərir ki, qafiyə misranın əvvəlində və ortasında da ola bilər. O sahildən bu sahilə keçməmiş Bu körpüdə neçə körpə keçindi. Burada fonetik cəhətdən “körpə” və “körpü” sözlərinin səsləşməsi qafiyə yaradır. Həm də “körpə” və “körpü” sözlərinin poetik anlamı eynidir. Körpə də insanlar, xüsusən valideynlər arasında körpüdür və adını unutduğum bir şairin dediyi kimi valideynlər arasında “və” bağlayıcısıdır. Elnur bəzən şeirlərində sadəcə detalın adını çəkir. Detalın leksik mənası gözümüz önündə baş verə biləcək hər hansı bir hadisəni canlandırır. Baxaq: Şüşələrdən qan axır, Pəncərədən baxan var?! Şüşə əlimizi kəsə bilər və qan axar. Tam doğru. Bu yaddaşımızda var. Amma bu şeirdə kimsə pəncərədən baxırsa və gözlərdindəki yaşı günəş şüaları qırmızı rəngə boyayırsa, bu başqa bir anlayışdır. Bu cür düşüncə Elnur Uğurun uğuru olmaqla bərabər müasir şeirimizin uğurudur. Şüşələr və pəncərədən baxanın arasında yaranan assosiasiya çox maraqlıdır. Əslində qan “ağlayan” pəncərədən baxandır. Necə ki, M. Füzuli deyir: Gülü-rüxsarına qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Mətləb həmin mətləbdir. Yazıçılar Birliyinin Natəvan klubunda Elnurun “Təkcə sən bilirsən” kitabının təqdimatında dediyim kimi, onun şeirlərində mətnlərarası əlaqə güclüdür. Bu sözümdən o vaxt çoxları incimişdi ki, guya mən Elnuru təsir altında olan şair kimi təqdim edirəm. Amma yaxşı ki, Elnur özü həqiqəti bildi və məndən incimədi. Şairin şeirlərində mətnlərarası əlaqənin olması çox vacib məsələdir və bu, şairin ən böyük uğuru hesab olunmalıdır. Mən Elnuru çox oxuyuram. Elə bilirəm ki, onun şeirləri oxucunun üzünə gülümsəyir. Bu gülümsəmənin altında kədər də var, sevgi də. Həm də heç kəsə bənzəməyən bir şair ürəyi. Uğur olsun, şair dostum! Müəllif: Qəşəm NƏCƏFZADƏ “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri.
Bu gün gözəl insan, əsl ziyalı, uşaqların və böyüklərin sevimlisi, çox dəyərli qələm adamı Mina Rəşid Şıxovanın doğum günüdür! Mina xanım, bu gözəl gündə ən xoş arzularımız Sizə ünvanlanıb. Doğum gününüz mübarək olsun. Uğurlarınız bol olsun inşəAllah!
Bu gün dəyərli dostumuz, gözəl insan, əsl ziyalı, incə ruhlu, olduqca həssas və özünəməxsus ifadə tərzi olan, inanıram ki, hamımızın sevimlisi şair Nazim Əhmədli nin doğum günüdür! Şad gününüz mübarək olsun əziz və gözəl insan! Allah Sizi qorusun!
Bu gün Musa Ələkbərlinin doğum günüür. “Şeir möcüzədir” deyən şairi təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Şairin “Şeir möcüzədir” şeirini təqdim edirik:
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!
Bu gün Əliş Kərimlinin doğum günüdür. Anadan olduğu gündə görkəmli memarı rəhmətlə anırıq. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin. (Rəssam: Sehran Allahverdi )
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü) 22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)
“Şeirləri ilə ruhumuzu oxşayan, hisslərimizə toxunan Şair, insanlığı ilə ürəyimizə köçən, sevimli Adamdı Qulu Ağsəs. Bu gün onun günüdür. Nə yaxşı ki, dünyamıza gəlib, Sözümüzə gəlib. Təbrik edirəm. Çox yaşa, əzizim.” – Xanım İsmayılqızı
Bu gün gözəl insan, sadiq dost, hər sözündən, kəlməsindən Qarabağ, Ağdam, yurd həsrəti boylanan vətənpərvər şair Elnur Qərarinin doğum günüdür!!! Bu gözəl gün münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.
HƏYATI Kənan Hacı 3 mart 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
FƏALİYYƏTİ 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “Qərib axşamlar” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
MÜKAFATLARI 2004-cü ildə Müstəqil Media Mərkəzinin “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı” yarışmasında “2009-cu ilin Yeni Nəsil yazarı” mükafatını alıb. “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatıdır. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
ƏSƏRLƏRİ Kitabları 2008-ci il – “Retro yuxular” (Xüsusi buraxılış) 2009-cu il – “Özündən qaçmaq olmur” (şeir) 2010-cu il – “Çəhrayı qan” (nəsr) 2010-cu il – “Quşlar üçün karusel” (nəsr) 2011-ci il – “Yağ kimi” (roman) 2013-cü il – “Atamın sevgilisi” (nəsr) 2013-cü il – “Yaddaş kartı” (memuar-roman) 2014-cü il – “Rəqqasə” (roman) 2015-ci il – “Uzaqdasan, soyuqdur” (şeir) 2015-ci il – “Ədəbiyyatın kulisi” (esselər) 2017-ci il – “Fironun dəftəri” (roman) 2017-ci il – “İki qadını ayıran pəncərə” (nəsr)
Pyesləri 2004-cü il – “Kölgə” (pantomim) 2017-ci il – “Xəlbir və ney”
Tərcümələri Lev Tolstoy – “İnsan nə ilə yaşayır” Umberto Eko – “Naməlum O” “Həyat işığı” (Rus ədəbiyyatından seçmələr) “Əjdahanı necə öldürdülər” (Avropa yazarlarından hekayələr) “Actus reus” (müştərək)
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). 2-ci dərəcə Dövlət müşaviri.
HƏYATI Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (Bakı Slavyan Universiteti) (1974).
YARADICILIĞI Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). “Uzun müharibədə qısa görüşlər” (Tacikfilm) filmində Rüstəm, “Tütək səsi” filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı” (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “7 sual, 7 cavab” televiktorinası, “İdrak”, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.
SİYASİ FƏALİYYƏTİ 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).
1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.
ƏSƏRLƏRİ “Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə – vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007), “Azman” (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen “Olmuşlar, düşüncələr”, V.Mayakovski “Taxtabiti”, M.Zoşşenko “Nəhs günü”, J.B.Molyer “Meşşanın zadəganlığı”, A.Soljenitsin “Matryonanın ocağı”, A. Çexov “Hekayələr”, Qrimm qardaşları “Bremen musiqiçiləri”).
VƏZİFƏLƏRİ 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.
1991-1993-cü illərdə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.
Ailəlidir, iki övladı var.
FİLMOQRAFİYA Uzun müharibədə qısa görüşlər (1974-75) Tütək səsi (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Arxadan vurulan zərbə (film, 1977)
Bu gün Akif Əlinin 70 yaşı tamam olur. YAZARLAR cameəsi adından doğum günü, yubileyi münasibəti ilə Akif müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Akif müəllim!!! Doğum gününüz mübarək olsun!!!