Hamısı bir həyət evində yaşayırdı. Ata-ana, iki bacı, iki evli qardaş, bir subay qardaş. Ev vur-tut dörd otaqdan ibarət idi. Nə qədər ki, evlənməmişdilər, iki qardaş mehriban yaşayırdı. Elə ki, gəlinlər gəldi, vur-çatlasın başladı.
Gəlinlər yola getmir, ərlərini bir-birinin üstünə salırdılar. Hədə, təhqir, söyüş həddini aşmışdı.
Ata-ananı, bacını, subay qardaşı saya salan yox idi. Tərəflər qızışanda valideynləri belə eşitmir, ağızlarına gələni bir-birlərinə deyirdilər.
Axırda Səkinə arvad ərinə dedi:
-Vallah bir gün bizim yetimçələr Ağaəsədlə qardaşı Əsədin gününə düşəcəklər.
Məcid kişi təəccüblə arvadına baxdı:
-Nə Ağaəsəd, nə Əsəd?
-Yadından çıxıb, ay kişi?! Beş ilin söhbətidir. Arvadlarının fitvası ilə qardaşlar tutaşdılar. Böyük qardaş – Ağaəsəd vurub Əsədin hamilə arvadını qanına boyadı. Əsəd də arvadının qarnındakı ilə birlikdə öldüyünü görüb bıçağı böyük qardaşının – Ağaəsədin ürəyinin başına soxdu.
Polislər gəlib Əsədi apardılar. Bu dava-dalaşın, qan-qadanın axırı nə oldu? Ağaəsədlə qardaşı arvadı Sahibə öldü, Əsədə də on iki il iş verdilər. Hər iki ailə dağıldı, uşaqları başsız qaldı.
Məcid kişi fikrə getdi: “Arvad düz deyir, bu uşaqların bir xətası var. Axırda elə iş tutacaqlar ki, yanıb-yaxılacağıq. Əlimiz heç yana çatmayacaq”.
Məcid kişi əvvəlcə Əli ilə Vəlini, onlar gedəndən sonra gəlinləri çağırıb başlarına ağıl qoydu. Durub getdilər. Amma onların qırımından Məcid kişi başa düşdü ki, dediklərinin xeyri olmadı. Oğulları da, gəlinləri də qan-qan deyirdilər.
Əli Vəlidən anlaqlı çıxdı. Yığışıb ailəsi ilə birlikdə bu rayondan baş götürüb çıxdı. Qonşu rayonda iş tapıb mənzil kirayələdi. Arvadı işləmirdi, uşaqları balaca idi. Maaş ailəni güclə görürdü. Ev sahibi Dadaş xeyirxah adam idi. Əlinin çətinlik çəkdiyini, ehtiyacdan boğulduğunu görüb güzəştə getdi:
-Sənin vəziyyətini başa düşürəm. İndi kirayədə qala-qala ev dolandırmaq müşkül məsələdir. Qərara aldım ki, daha sizdən kirayə haqqı almayım. Nə zaman fərli bir iş taparsan, əlin gətirər, onda başlayarsan kirayə haqqı verməyə. İnsanıq, bir-birimizə əl tutmalıyıq.
Əli onun əlinə-ayağına düşdü. Sevindiyindən bilmirdi nə etsin.
Əlinin ailəsi də böyüklü-kiçikli Tükəzban arvada duaçı oldular.
Haradasa bir il keçdi. Hiss olunurdu ki, Əli özünə gəlirli iş tapıb. Yerində dingildəyir. Özünün, arvadının, uşaqlarının əyin-başına fikir verir, evinə yaxşı bazarlıq edir. Amma özünü o yerə qoymur, kirayə haqqı barədə fikirləşmirdi.
Bunu görən ev sahibi Dadaş hövsələsini basıb dinmir, Əlinin insafa gələcəyini gözləyirdi.
Bir gün Dadaş evə gələndə gördü ki, həyətinə bir neçə maşın daş tökülüb. Əli ilə görüşüb, ondan soruşdu:
-Bu nə məsələdir? Bu daşları bura kim töküb?
Əli heç nə olmayıbmış kimi:
-Mən tökdürmüşəm, – dedi. -Çox götür-qoy etdim. Fikirləşdim ki, nə vaxta qədər onun-bunun evində yaşayacağam. Mən də bir kişiyəm, mənim də öz evim olmalıdır.
Dadaşın dayanıb baxdığını görüb əlavə etdi:
-Deyirəm, özümə ev tikdirim.
Dadaş key-key və təəccüblə ona baxırdı. Axırda dilləndi:
-Özünə evi burada, mənim həyətimdə tikmək istəyirsən?
Əli sinəsini qabağa verib:
-Hə, başqa harada tikəcəyəm ki?! – deyə suala sualla cavab verdi. -Bir ildən çoxdur burada yaşayıram.
Dadaş ürəyini tutdu:
-Bura axı sənin yox, mənim həyətimdir.
Əli ayağını daşlardan birinin üstünə qoyaraq, etinasız şəkildə bildirdi:
-Nə olsun sənin həyətindir. Həyətin genişdir. Qorxma yerini dar eləmərəm. Həyətin bir küncündə tikərəm evi, çox o yan-bu yan eləsən, hasar çəkdirib, aranı bağlaram. Narahat olma.
Dadaş cin atına mindi:
-A kişi, necə yəni narahat olma. Sənə kim icazə verir ki, mənim həyətimdə özünə ev tikəsən? Məndən icazə almısanmı? Bir soruşmusan ki, olar-olmaz?
Əli siqaret çıxarıb alışqanla yandırdı, bir qüllab vuraraq tüstünü havaya buraxdı:
-Soruşmağa nə ehtiyac? Qanunla sənə 6 sot torpaq düşür. Amma hesablamışam ki, əslində sənin 8 sot torpağın var. Çox o yan, bu yan edərsən, gedib, şikayət edərəm ki, artıq torpaq sahən var.
Matı-mutu quruyan Dadaş artıq nə deyəcəyini bilmirdi. Əli artıq həyasızlıq edirdi:
-Əli, təqsir səndə yox, məndədir. Küçədə qalmışdın, sənə həyətimdə yer verdim, sonra kirayə haqqı almadım. Son bir ildə işığının, qazının, suyunun pulunu da mən ödəmişəm.
Əli özünə qoyulmurdu ki, qoyulmurdu. Dadaşın dediklərini heç vecinə almırdı:
-Bunlar hamısı bir vətəndaş kimi sənin borcundur. Əlsizə, köməksizə əl tutarlar. Kəsəsi, nəs gətirib mənə mane olma, qoy işimi görüm, bənna çağırmışam, sabah gəlib evin bünövrəsini qazacaqlar.
Dadaş onu dilə tutmağa, bu axmaq fikrindən daşındırmaq istədi:
-Əli, sən tərslik eləmə, adam ol, ev tikmək istəyirsınsə, get icra hakimiyyətinə, bələdiyyə idarəsinə, özünə torpaq istə. Yer ayırsınlar, harada istəyirsən ev nədir, lap imarət tik.
Əli əlini yellədi:
-Bu rayona pasport qeydiyyatım yoxdur. Torpaq ayırmazlar. Həm də dağa-daşa niyə düşüm? Hazır yer, boş torpaq var da…
Dadaşın başına sanki qaynar su tökdülər. Ağzı köpüklənə-köpüklənə:
-Əli, sən nə həyasız adam imişsən! Sənə adam, insan deməyə də dilim gəlmir. Adam olsaydın, öz rayonundan didərgin düşməzdin. Atalarımız doğru deyib: “Yersiz gəldi, yerli, qaç!” Eybi yoxdur, Əli, madam ki belədir, bu evi-eşiyi, həyəti sənə bağışlayıb, mən gedərəm bu həyətdən!
Onun sözlərini eşidən Əlinin gözləri güldü:
-Doğrudan? Sən nə yaxşı adamsan? Başa düşənsən!
Bunu görən Dadaş:
-Ay sən öləsən! – dedi. -Bu dəqiqə şələ-küləni də, ailəni də götürüb bu həyətdən, kirayəsini verməyib neçə aylar yaşadığın evdən rədd ol! Bildin! Bu dəqiqə qohum-əqrəbamı, oğullarını tökəcəyəm bura.
Əli yerində donub qaldı. Dadaş var gücü ilə qışqırdı:
-Eşitdin? Bir saat sənə vaxt verirəm. Tərpənməsən, səni bu həyətdə sürüyüb, sonra çölə atacağam! Nankor!
Bu gün – 17 İuly – tanınmış psixoloq-konsultant, Sənətşünaslıq üzrə fəlsəfə doktoru – kulturoloq Nigar Sultanlı nın doğum günüdür. Ad gününüz mübarək, Nigar xanım. Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I I MƏQALƏ
“SURƏT”, YOXSA “OBRAZ”
Bu istilahlardan hansinin hansi məqamda
işlədilməsi daha məqsədəuyğundur?
GİRİŞ
Məqalədə “surət” və “obraz” anlayışlarının xarakterik cəhətlərindən – oxşar və fərqli əlamətlərindən bəhs olunur. Qeyd olunur ki, “obraz” anlayışı müqayisədə “surət” anlayışından daha geniş məzmundadər. O mənada ki, həm insan, həm də təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıldığı, başqa sözlə “obraz” adlandırıla bildiyi halda, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər.
Həm rus, həm də Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdir “surət”və “obraz” anlayışlarını, fərqinə varmadan eyni anlamda və əsasən də “surət” anlamında işlətdiklərindən və bu sırada yalnız filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin fərqli mövqe sərgilədiyindən bəhs olunur. Qeyd olunur ki, ədəbi qəhrəman yalnız insan olduqda “surət” adlandırıla bilər, faunaya və floraya (və s.) aidliyi yetən ədəbi qəhrəmanları “surət” deyil, “obraz” adlandırmaq daha məqsədəuyğundur, N.Şəmsizadənin öz sözləri ilə desək, “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür”
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir.
ARAŞDIRMA
“Surət”, yoxsa “obraz”. Bu istilahlardan hansının
hansı məqamda işlədilməsi daha məqsədəuyğundur?
Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli məziyyətlərinə aydınlıq gətirək.
“Azərbaycan dilinin izahlı lüğət”ində ədəbiyyat termini olaraq, “obraz” istilahının “surət”, “obrazlı” (sifət) və “obrazlılıq” (isim) kimi mənaları olduğu diqqətə çatdırılır [1. s.297].
“Lüğət”də “surət” anlayışının yeddi anlamının qeyd olunduğu ilə rastlaşırıq ki, onlardan yalnız biri riyazi (məs., “kəsirin surəti”) anlamdadır, altısı isə ədəbiyyat və mədəniyyət sahələrini əhatə edir. Diqqət yetirək: 1 – zahiri görünüş, üz, sifət, sima; 2 – şəkil, üsul, qayda, tərz; 3 – bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz (məs., protokolun surəti); 4 – yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, surət; 5 – şəkil, portret, təsvir; 6 – “surətdə” tərzində (məs., süni surətdə, belə olan surətdə) [8].
Qeyd olunan altı anlayış hüquq vermişdir ki, ədəbiyyatşünaslıq illər uzunu həm insan, həm də dağ, dərə, heyvanlardan bəhs ediləndə “surət” anlayışından bəhrələnsin.
Bunu da xatırladım ki, “obraz” istilahı rus dilində “insan şüurunda obyektiv inikas forması”, “surət”; türk dilində isə “surət” anlamından başqa, “sima” və “şəkil” anlamlarında da işlədilir [2].
Ədəbiyyat nəzəriyyəçiləri arasında bu istilahları (təəssüf ki) eyniləşdirənlər də var, hər birini öz məqamı, yeri ünvanında qəbul edənlər də.
Qeyd edək ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlədilib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıla bilər, insan da. Ancaq dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər, bədii əsərdə surət olaraq ancaq insan ədəbi qəhrəman simasında təqdim oluna bilər. Ədəbiyyatçünas Nizaməddin Şəmsizadə bu qənaətdədir, fərqli mövqe yalnız N.Şəmsizadənin araşdırmasındadır: “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Xüsusi qeyd etməliyik ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar obraz anlayışı haqqında eyni fikirdə olublar. Yaradıcılıqlarında “obraz” istilahından bəhrələnmiş olsalar belə, bunu “surət” anlamında işlətmişlər.
Diqqət yetirək:
Leonid İvanoviç Timofeyevə görə, “bədii obraz bədii ədəbiyyatın köməyi ilə yaradılan və estetik əhəmiyyətə malik olan konkret və eyni zamanda, insan həyatının ümumiləşdirilmiş mənzərəsidir” [7. стр. 55].
Əziz Mirəhmədova görə, “Bədii surət (obraz) sənətin varlığa münasibətləri haqqında, sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır” [7. стр. 55].
Maksim Qorkinin fikrincə isə, “Bədii obraz, demək olar ki, həmişə fikirdən daha geniş və daha dərindir; insanı mənəvi həyatının bütün müxtəlifliyi ilə, hiss və düşüncələrinin bütün ziddiyyətləri ilə aparır” [9].
Nafiz Qəhrəmanlı obrazı “Ədəbiyyatın məğzində dayanan əsas anlayışlardan biri, bəlkə də birincisi” qismində qəbul edir. Tədqiqatçıya görə, “bədii obraz yaradıcılığın təbiətini, forma və funksiyasını təyin edir. Bədii obrazın mərkəzində isə ilk növbədə ümumiləşdirilmiş insan həyatının, insan səciyyəsinin təsviri dayanır” [3].
Mir Cəlal və Pənah Xəlilov da həmmüəllif olduqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində eyni qənaətdədirlər: “Bədii əsər surətlər aləmidir – ictimai varlığın yüksək səviyyədə canlandırılmasıdır. Hər bir əsərdə üç növ surət ola bilər:
Birincisi, insan və kollektiv surəti – tip, ya xarakterlər, personajlar heyəti;
Üçüncüsü: təbiət və əşya surəti – peyzaj, mənzərə, lövhə”…
“Hər hansı bir əsərin, surətin təsir gücü, bədii qüdrəti həyatı, varlığı dürüst, həqiqi, təsirli əks etdirməsindədir” [4. s.15].
Rafiq Yusifoğlu bütün bu qənaətləri təkrarlayaraq ümumi nəticə çıxarır: “Surətə belə tərif vermək olar: Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir” [6. s.52].
Müxtəlif ifadə tərzində olan, ancaq nəzəri cəhətdən bir-birini təkrarlayan bu fikirlər bir ümumi mərkəzdə birləşmişdir: insan da daxil olmaqla bütün predmetlər surətdir.
Və artıq qeyd etdiyimiz kimi, fərqli mövqe yalnız Nizaməddin Şəmsizadənin araşdırmasındadır: “Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Qeyd olunan bütün fikirlərə ehtiramımızı bildirərək biz də N.Şəmsizadənin nəzəri mülahizəsi ilə razılaşır və demək istəyirik ki, yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil.
Surətlə obrazı eyni təbiətdə qəbul etməsinə baxmayaraq, R.Yusifoğlu başqa bir məqamda özü də hiss etmədən N.Şəmsizadəyə fikrini əsaslandırmaq üçün “ipucu” verir: “Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə, insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir” [6. s.50].
Rus ədəbiyyatşünası L.İ.Timofeyevin də bu məzmunda mülahizəsi R.Yusifoğlunun fikri ilə səsləşir. L.İ.Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu, heç də o demək deyil ki, burada bərabər hüquqlu obrazlar: stol, insan və kreslo təsvir edilib. Stol və kreslonun təsviri insanın təsviri qədər vacib olsa da, ancaq bu onların bərabərhüquqlu olması demək deyildir, stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir [7. s.63].
Əsas məsələ də elə bundadır: insandan qeyri obrazların yardımçı, surətin isə aparıcı rol oynamasında, digər obrazların yalnız insanın obrazını tam əks etdirmək üçün vasitə olmasında.
Niyyətimizin anlaşıqlı ifadəsi üçün “müəllim” və “müəllimə” istilahlarına diqqət yetirək: həm kişi, həm də qadın cinsindən olan bu ixtisas sahibləri haqqında “müəllim” termini işlətməkdə heç də yanlışlıq etmiş olmuruq. Ancaq “müəllimə” anlayışı gündəmə gətirildikdə, məhz qadından bəhs edildiyi həmin andaca bəlli olur. Başqa sözlə, “müəllim” anlayışı hər iki cinsin nümayəndəsinə şamil olunursa, “müəllimə” anlayışı fikrin daha aydın ifadə formasıdır, yəni ilk andanca qadın müəllimdən bəhs edildiyi anlaşılır. “Учитель”, “учительница” terminlərində olduğu kimi.
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir: hansı məqamda “surət”, hansı məqamda “obraz” işlədilməsi daha məqsədəuyğundur, yaxud daha dəqiq ifadə tərzi hansıdır?!
NƏTİCƏ
N.Şəmsizadə surət haqqında mövcud qənaətləri tədqiqat müstəvisinə çəkəndən sonra fikrinin davamında yazır: “Hansı növə daxil olursa-olsun, obraz yazıçının həyata münasibəti zamanı əldə etdiyi hiss və duyğuların bədii ifadə şəklidir. Surət vasitəsilə yazıçı öz intibahlarını şəklə salır: adam şəklinə, at şəklinə və s. Bədii obraz yazıçının (sənətkarın) estetik idealının ifadəsidir. Onların xarakterini yazıçının estetik idealı müəyyənləşdirir. Biz deyilənləri nəzərə alaraq belə qənaətə gəlirik: yalnız insan obrazına surət deyilir: Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108]. Çünki, obraz nə qədər daha geniş anlayış olsa da, onun əsasında insan surəti durur.
Biz də bu spesifikliyi nəzərə alaraq N.Şəmsizadənin haqlı mövqeyinə (fikrin daha dəqiq ifadə edilməsi tələbinə) haqq qazandırır və burdan irəli gələn nəzəri qənaəti qəbul edərək, bədii obraz istilahının 1) insandan bəhs edildiyi halda “surət”, 2) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” kimi qruplaşdırılmasını məqsədəuyğun bilirik.
“Surət” anlayışına aidliyi yetən ədəbi qəhrəmanların özünü də iki təsnifatda qruplaşdırmaq olar: 1 – uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər. Məsələn, “Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);
2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıqdan zamanı uşaqdan bəhs edildiyi aydın olan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir (Qeyd olunan əsər adları Z.Xəlilin “Ağ leyləklər” kitabından götürülmüşdür – A.İ.).
Açar sözlər: ədəbiyyatşanaslıq, elmi mübahisə, nəzəri mülahizə. qənaət.
♦♦♦
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-2005, 452 səh.
2. Çaşıoğlu – 2013.
3. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı-BDU-2008.
4. Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyatşünaslığın əsasları. Bakı-Maarif-1972; s.15.
5. Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı-Proqres-2012, 434 səh.; s.100-108.
XİFFƏT… LƏNƏT VƏ SEVGİ (Cəbrayılı düşünərkən…) Yazını başlamaq çətin, bitirmək asandır. Bunu qələm çalanların hamısı bilir. Ona görə də nə uzaqdan, nə də yaxından başlamaq lazımdır. Sadəcə ortadan və mətləbə dəxli olmayan epizoddan. Məsələn: pəncərəmin önündən qumru ötdü. Halbuki qumrular uçmaqdan çox, gəzişməyi sevirlər. Fındıq boyda başlarını yellədə-yellədə, buğda boyda gözlərini çalxalandıra-çalxalandıra, bənövşəyi ayaqlarını yüyrək ata-ata ora-bura vurnuxur, təşər-təşər yürüyürlər… Qumrunun adını ona görə çəkdim ki, gözümü açandan bir cüt qumrunu həyətimizdəki qarağacın budaqlarında görmüşəm. Həm də bu quş Cəbrayılda müqəddəs hesab olunurdu. Deməli, pəncərəmin önündən qumruların uçub keçməsi təsadüfi deyilmiş. Həmin qumruları Bakıda, həyətimizdəki çinarın budaqlarında da görmüşəm. Külək əsdikcə budaqlar yellənir, qumrular da onlarla birgə mürgü vururdular. Və mənə elə gəlmişdi ki, bunlar elə həmin qumrulardır, həyətimizdəki. Sonra o çinarı kəsdilər və quşlar da yox oldu. Küsüb getdilər, yəqin. Bəlkə də elə həmin vaxt həyətimizdəki ağacları da düşmənlər, yağı qonşularımız kəsirmişlər. Bu yazı, bəlkə də belə başlamalı deyildi. Hər yazının bir düzəni olmalıdır. Orası da düzdür ki, plansızlıq yazının özəlliyi və gözəlliyidir. Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimimiz bizə vətən haqqında inşa tapşırdı. Mən təxminən belə yazdım: Vətən mənim evimdən başlayır, sonra həyətimizə keçir, məhləmizlə davam edir və getdikcə böyüyür. Sonra kənd, sonra rayon, axırda Ana Vətənimiz gəlir. Uzun illərdən sonra onu da anladım ki, əslində, elə dünyanın özü də bizim Vətənimizdir. Çünki hamımız burda yaşayırıq və onun inkişafı, rifahı, əmin-amanlığı üçün çalışırıq. İlk dəfə ana yurdumu (Cəbrayılın Mahmudlu kəndini, elə həyatın özünü də) ala-qaranlıq bir otaqda, lampa işığında görmüşəm. Atamın dizləri üstdə. Məni atıb-tuturdu. Bəxtimə gün düşüb, deyəsən, həmin vaxt. Və evdə işıq yanıb. Yəni mən “İliç lampası” ilə birgə doğulmuşam. Həmin il kəndimizə işıq çəkilib. 1962-ci ildə. Sonra kəndimizin ortasındakı tonqal yadıma düşür. Gur-gur yanır, alov dilimləri ərşə qalxırdı və adamlar onun ətrafında dövrə vururdu. Deməli, Novruz bayramında kəndimizi tanımışam, həmrəyliyin, birliyin qoxusunu duymuşam, suluq yaddaşıma köçürmüşəm. Sonra. Sonrası da sonralardır da: Cəbrayılın özü, yəni rayon mərkəzi, müxtəlif biçimli dükan-mağazalar, foto-atelyelər. Sonuncu ən çox sevdiyimiz yer idi. Çünki böyüdükcə sənədlərimizin sayı da, şəkillərimizin ölçüsü də dəyişirdi. Axırda Bakı, Rusiya, Türkiyə və müxtəlif ölkələr, məkanlar… Cəbrayılın ortasındakı çinar, onun altından keçən dupduru və buz kimi kəhriz suyunun tamı, soyuqluğu indi də yadımdadır. Həmin kəhriz Ziyarət Dağından başlayırdı. Bu cür sərin sudan Ərdəbildə, Şeyx Səfi məqbərəsinin həyətində də içmişəm: soyuqluğu, tamı eyniydi. Həmin qocaman çinarı nadan, nankor düşmənlərimiz kəsiblər, amma dibindən pöhrəsi çıxıb. İndi beş-altı metr hündürlüyündədir… Yaddaş təkcə ürək və beyinlə yox, həm də duyğusal orqanların varlığı ilə diridir. Deməli, qocaman çinarın da yaddaşı diridir və hələ də bizə lazım olduğunu anlayır və bizi gözləyir. Cəbrayılda kəhrizlər, bulaqlar çox idi. Sadalasam, uzun bir siyahı çıxar, amma mən tanıdıqlarım və suyundan içdiyim bulaqların adını çəkməsəm, olmaz: “Dostluq bulağ”ı, “Ayı bulağ”ı, “Şam bulaq”, “Cəfərabad bulağ”ı (ona “Urus bulağ”ı da deyirdilər), “Yaloba bulağ”ı, “Qoşa Çinar bulağı”… Bir dəfə yaxşı tanıdığım, suyundan bolluca içdiyim Cəfərabad kəhrizinin mənbəyini tapmaq üçün uşaqlarla xeyli yol getdik. Elə belə, maraq xatirinə. Təbii ki, sona qədər gedə bilmədik. Kəhrizin çəkildiyi arxın üstündə bacalar vardı, kənkanlar ordan sallanır və kəhrizin gözünü açırdılar. Kəhriz öz mənbəyini rayonumuzu dövrələyən Kiçik Qafqaz dağlarından alırdı. Onu necə çətinliklə çəkmişdilər, hansı müsibətlərdən keçmişdilər, bir Allah bilir. İlk pioner düşərgələrindən biri Sirikdəydi. O dağların ab-havası, suyu əvəzolunmazdır. Orda bircə dəfə, özü də ötəri olmuşam. Sonralar getməyə zaman olmadı. Çünki gəncliyimiz qanlı-qadalı illərə düşdü. Düşmənlər 28 ilimizi oğurladılar. Cəbrayıl azad olunandan sonra jurnalistlər sual verdilər ki, kəndə gedəndə ilk işin nə olacaq? Cavab verdim ki, öncə kəndimi qarış-qarış gəzəcəm, doğmalarımızın məzarlarını ziyarət edəcəm. Mənə tanış olan gülünü-çiçəyini, bağlarını, dağ və dərələrini salamlayacam. Uşaqlığımızın yadigarı, daim altında oynadığımız, kölgəsində dincəldiyimiz, “Alı xəndəyi”ndə “məğrur tənhalıqda” qərar tutan “Tək tut”a baş çəkəcəm, “Yaloba bulağı”ndan su içəcəm… Sonra bütün rayonu, axırda Qarabağı gəzəcəm, başımızın tacı Şuşaya gedəcəm… Körpəlikdən indiyə qədər – hər şey xırdalıqlarına qədər yadımdadır. Bəlkə ona görə ki, xaraktercə impressionistəm, nostalji hisslərə qapılmağı xoşlayıram, indidən daha çox, keçmiş xatirələrimlə yaşayıram. Rəssam olsaydım, qəmli bir cocuğun rəsmini çəkərdim. Təxminən belə: ayaqyalın, qüssəli bir uşaq, əlində künaltaq (çubuq) yerdə nəsə cıza-cıza, suya düşən kölgəsinə baxa-baxa Arazın qırağı ilə gedir və nəyisə düşünür… Ötən 28 ili mən bu cür qəmli-qüssəli xatırladım, yurdumun xiffətini çəkdim… Cəbrayıl elatı yayda Sisyana gedərdi. Bizim yaylaqlarımız orda idi. İmişlidən tutmuş bu yana qədər hamı sürüsünü Bazarçaya tərəf aparardı. Biz aralıda durub, kəndimizin yanından ötən köçə baxardıq. Atların üstündə çobanlar, dəvələrin belində arvad-uşaq oturardı, sürünü isə itlər qoruyurdu. Mərcanlı obası (Cəbrayılın ən böyük kəndi) SSRİ dağılana, münaqişə başlayana kimi yaylağa gedib-gələrdi… Mən o yaylaqlarda olmamışam. Amma yaylağın marşrutunu, yol-yolağasını böyüklərdən öyrənmişdim: Mahmudludan yola düşürsən, Laçını keçib “Üç təpə”yə qalxırsan, oranı adlayıb “Yazı”ya çıxırsan, “Xınzirəy”i, “Kömür təpə”ni, “Farmaş təpə”ni arxada qoyandan sonra “Göbək daşı”na çatırsan. Ondan sonra “Zor-zor bulağ”ı, “Qabırrı gədik”, “Qısır aşırım”, “Bazar çay”, “Bazar düz”, axırda da “Ballı sofka” və “Cənnət yurd”. Hərə bir tərəfdə alaçıq qurur. Hər tərəf yamyaşıl, aşağıdan isə dəli-dolu Bazarçay axır… Gözəl mənzərədir, eləmi? Oralara getmək mənim də qismətimə düşüb, lap sonralar, işğal zamanı… 2001-ci ilin yayında Avropa Şurasının xətti ilə beş jurnalist İrəvandan Gorusa, ordan isə Sisyanı keçməklə Xankəndinə səfər eləmişik. Cənnətməkan yerlər, sərin və təmiz hava, buz kimi bulaqlar… Şuşanı da ilk dəfə onda gördüm. Bizə yalnız bir küçəni göstərdilər – Yuxarı Gövhərağa məscidinə aparan küçəni. O gözəllikdə Şuşa xarabazara çevrilmişdi. Ətrafdakı yarıuçuq binalarda hərbçi ailələri qalırdı. Eyni aqibəti viran qalmış, dağıdılmış Laçın da yaşayırdı. Bizi ora aparmadılar. Ancaq aralıdan görə bildik. Səfər yoldaşım, operator Emil Süleymanov (laçınlıdır) evlərini görmək istədi, icazə vermədilər. Ermənilər bizi elə əhatə eləmişdilər ki, sanki hansısa terror hadisəsi törədəcəkdik. Səfərdən sonra bir yazı yazdım: “Bakıdan Xankəndinə uzun bir yol”. Yazının sonluğu beləydi: “Xankəndinin qonaq evində yatanda gecənin bir vədəsi qulağıma saz səsi gəldi. Bəlkə babalarımızın ruhu bizi çağırırdı?” Bu, şişirtmə, gop-filan deyildi. Həmin səs vardı. Mən onu eşidirdim… Şuşa bizə yaxın idi və hər yay, son zəngdən sonra orta məktəbi bitirənlər ya Göygölə, ya da onu ziyarətə gedirdilər. Amma mən gedə bilməmişdim. Səbəbi uzun və anlaşılmaz olduğundan yazmıram. Bircə onu deyim ki, son zəngi daha çox Şükürbəylinin (orta məktəbi orda bitirmişəm) aşağısında “Quycaq dərəsi” deyilən yerdə, “Çinarlığın altı”nda, ya da Sayaq düzündə keçirirdik. “Çinarlığın altı” həm də pir, ocaq idi. May bayramı özgə bir aləm idi. Yaşıl çəmənliklər, bağ-bağat bizi ağuşuna çağırırdı. O bayram bizi kişiləşdirirdi… İlin axır çərşənbəsi və Novruz bayramı, vətənimin hər guşəsində olduğu kimi, bizim də həsrətlə gözlədiyimiz günlər idi… Döyüşdürmək üçün yumurta tədarükü, atəşfəşanlıq üçün yalançı güllələr və mütləq papaq – qohum-əqrəba, qonşu qapısına atmaqdan ötrü. Uzun müddət, çoxları kimi, məni də bir sual daim düşündürüb: bu gözəl günlər hara yox oldu? Niyə belə oldu? Bəlkə bayramlar uşaqlar üçündür? Çünki işğaldan sonra böyüklər o bayramları yadırğamışdılar, yalnız uşaqlar üçün keçirirdilər. Yurd, doğma ocaq olmayan yerdə nə bayram!? Və bu suallara öz yazılarımda, qismən də olsa, cavab verməyə çalışmışam… Cəbrayılın özəlliklərindən biri də bazarının olmamasıydı. Bəlkə, ona görə ki, bura sufilər diyarıydı və təsadüfi deyil ki, rayon ərazisində ondan çox təkyə vardı: Tanrıyla baş-başa qalmağın, tək ibadətin nişanəsi kimi. Pirlərimizdən danışarkən “Mazan nənə” ziyarətgahının, Aşıq Dirili Qurbani məzarının adını çəkməsəm olmaz. Çələbilər kəndindəki “Hacı Qaraman” rayonda ən ağır pir, ocaq hesab olunurdu. Bizdə adamlar həkimlərdən daha çox, ona inanırdılar. Hacı Qaraman Sufi təriqətinin qollarından biri kimi hər yerdə tanınır: nəqşibəndilər kimi, bəktaşilər kimi… Mən orda olmamışam, amma Cəfərabad kəndinin üstündə yerləşən “Pir Çinar”a (ora “Yel Piri” də adlanır) getmişəm, çərşənbə gününün səhəri özümdən böyük uşaqlarla… Bu barədə “Pirə inamım necə itdi və necə qayıtdı” yazımda danışmışam. Bircə onu deyim ki, pirin ətrafı, budaqlarına rəngbərəng parçalar, lentlər bağlanmış ağacın altı qələbəlik idi: kimi qurban kəsir, kimi diləyinin qəbul olunması üçün ocağa nəzir-niyaz verir, kimisi də bulaqdan çıxan palçığı bədəninin ağrıyan yerinə sürtürdü… Uşaqları bilmirəm, amma mən ürəyimdə heç bir arzu tutmamışdım, nəzir-niyaza isə şərik çıxmışdım… Yeri gəlmişkən, Qüdsdə “Fəryad divarı”nın olmasını hamı bilir. İsrail səfərində olarkən ora da baş çəkdik və arzularımızı yazıb divarın yarıqlarına qoyduq. Tanrı vahiddir və hər dini məkan da ona məxsusdur. Bu şəhərdə beş konfessiya, beş məbəd yerləşir. Onlardan ən möhtəşəmlərindən biri də müsəlmanlara məxsus olan Əl-Əksa məscididir. Deyilənə görə, Tanrının elçisi Məhəmməd Peyğəmbər məhz burda Musa peyğəmbərlə görüşüb… Geri dönüşdə sədrimiz, Xalq yazıçısı Anar müəllim belə bir etiraf elədi: “Heç kim divara yazıb qoyduğu ürək sözlərini demir, ancaq mən deyəcəm: Qarabağın azadlığını dilədim!” Və Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini verən zaman dediyi sözləri xatırlayıram: “Məkkə ziyarəti zamanı Tanrıdan xahiş elədim ki, mənə güc versin, Qarabağı azad edim, atamın vəsiyyətini yerinə yetirim!” Biz bütün dualarımızla, elliklə Qarabağın azadlığını istəmişdik. Mən İç Anadoluda olarkən Hacı Bektaş ziyarətgahına getdim və onun girişindəki tut ağacının altında bu arzumu dilə gətirdim… Cərbayılın rəmzi sayılan, milli və klassik memarlığımızın şah əsərlərindən biri Xudafərin körpüsü azad edildikdən sonra möhtəşəmliyi daha da artıb. Bu memarlıq abidəsi çox hadisələrin şahididir. Bu körpüdən şahlar da keçib, nökərlər də, igidlər də, yağılar da, amma yenə də bizimdir. Dadaloğlu demiş “Fərman padışahın, dağlar bizimdir!” O taylı-bu taylı Azərbaycan türklərini birləşdirən Xudafərin indi Dostluq körpüsünə çevrilməkdədir… Mən bu körpünü lap yaxından 80-ci illərin sonlarında görmüşəm: “Xudafərin körpüsü” romanının müəllifi, mərhum yazıçımız Fərman Kərimzadə ilə birlikdə. İş elə gətirmişdi ki, ondan bir il əvvəl, yəni 88-ci ilin qışında Fərman Kərimzadə bir qrup ermənistanlı soydaşımızla Moskvaya, SSRİ Ali Sovetinə şikayətə gəlmişdi. Onunla Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tanış oldum. O zaman mən “Zemlyaçestvo” (“Yurddaşlar”) adlanan tələbə cəmiyyətinin sədriydim. Ali Sovetə məktubu bir qrup tələbə ilə, həm ermənistanlı soydaşlarımız adından, həm də öz adımızdan hazırladıq. Sonra Fərman müəllimlə tələbələrin görüşünü təşkil elədim. Tədbirdən sonra Moskva şəhərini gəzdik, dərdləşdik və xatirimdə mərd, təpərli bir insan kimi qaldı. Həmin yay Fərman Kərimzadə bizim rayona gələndə məni axtarıb tapmış və onun təklifi ilə Xudafərin körpüsünə getmişdik. Körpünün yanına çatanda dedi ki, əlini Arazda yumaq istəyir. Amma rus sərhəd keşikçiləri bizi ora buraxmadılar. Fərman bəy də onlarla ağızlaşdı, yarı rus, yarı azərbaycanca yağlı söyüşlər də söydü. Azman yazıçı olduğu qədər də azman kişiydi. Cənnətməkan olsun! İllər əvvəl onun barəsində “Vedinin yanı Fərman…” adlı bir yığcam məqalə də yazmışam. Yazıçının “Vedinin yanı dağlar…” adlı publisistik dənəməsi vardı… Fərman Kərimzadə dünyadan nisgilli, Vedidən narahat köçdü, özü də qəfil. Bəlkə də əbədi dünyada bu bayatı ona rahatlıq vermir: Vedinin yanı dağılar, Ürəyi, canı dağlar, Burda bir el var idi, Siz deyin, hanı, dağlar!? Rahat uyu, ustad! Fərman ağa! Vedi gözümüzün önündədir. Əlini gözünün üstünə qoysan yetər!.. Bayaq dedim ki, bizim rayonda bazar yoxuydu, yəni həyətinin məhsulunu satmaq tabuydu, yasaq idi. Yalnız Cəbrayılın özündə, Ziyarət dağının ətəyində bir balacası vardı. Ona şərti olaraq “erməni bazarı” deyirdilər. Çünki əsas alver edənlər ermənilər idi. Hadrutun ətrafındakı kəndlərdən – Hərəküldən, Banazurdan gəlirdilər. Əsasən göy-göyərti, çəkmə araq satırdılar. O bazarda bircə dəfə olmuşam: qarlı qış günündə atamla. Sonralar ora gedib-getməməyimi xatırlamıram… Sözümə qüvvət: Seyfəddin dayım (nənəmin dayısı oğlu) 80-ci illərdə rayonda təzə açılmış “Tədarük məntəqəsi”nə 60 kilo nar satmışdı (daha doğrusu, təhvil vermişdi). Nənəm bu xəbəri eşidəndə onun abrını ətəyinə bükdü, dedi ki, dayısı Məhyəddinin ruhunu incidib, bütün nəsli el içində biabır edib. Kişi ha and-aman elədi ki, bunu eləməyə məcburdu, çünki partiya (Kommunist Partiyası) üzvü və idarə müdirdir, xeyri olmadı… Bizim el-obada hamı dərdini bölüşdüyü kimi, olan-qalanını da bölüşərdi. Anam yaxşı bostan əkərdi. Yolnan ötən kəndçilərimizə bostanın nübarını verərdi. Qəribə səslənməsə deyərdim ki, burda hər şey kommunizm üstə qurulmuşdu: hər kəsə bacarığına görə, hər kəsə tələbatına görə. Yəni vətəndaş cəmiyyəti deyilən bir nəsnə hələ o zamandan bizlərdə vardı: qapın və süfrən açıq, evin (otağın) ən yaxşısı da qonağındır. Hara gedirsən get – qonşular həyət-bacana, mal-heyvanına, toyuq-cücənə yiyə duracaq, onları ac-susuz qoymayacaqdı. Bəlkə elə ona görə də yazılarımın, demək olar ki, hamısında kəndimizin ən mərdimazar adamına belə, sevgi və mərhəmətlə, ən pis halda isə ironiya ilə yanaşmışam. Bomarşesayağı desək, “ağlamamaq üçün dünyaya gülməyə tələsmişəm…” Maraqlı bir əhvalat danışım. Başqa bir rayonda yaşayan tələbə yoldaşım kəndimizə qonaq gəlmişdi. Bir gün məndən soruşdu ki, sizdə bazar var? Mən də qayıtdım ki, var, rayonun özündədir, təzə tikilib, ancaq orda nəsə tapmaq çətindir. Söhbət 80-ci illərin ortalarından gedir. Bazara gəldik. O böyüklükdə bazarda iki alverçi vardı. Biri bazarın bəri başında kartof, biri də o biri başında armud satırdı… Desəm ki, cəbrayıllı olmağımla fəxr edirəm, bəlkə də düzgün anlaşılmaz. Vətəni bölməzlər, düzdür. Mən həm də lənkəranlıyam, qusarlıyam, balakənliyəm, sabirabadlıyam. Amma xatirələrim daha çox Cəbrayılla bağlıdır. Çünki ilkin olaraq onu tanımış, onun özəlliklərini sevmişəm, insanlarının mərdliyinin, etibarlığının, səmimiyyətinin, gözütoxluğunun şahidi olmuşam. Bəlkə bu mehribançılıq, xeyirxahlıq həm də rayonun adının Cəbrayıl mələklə bağlı olmasıdır. Tanrının sevdiyi xoşniyyətli mələk daim insanlarımızın başının üstündə olub, onları şərdən-xətadan, haramdan qoruyub… Addan söz düşmüşkən, deyilənlərə inansaq, Cəbrayılın ilkin adı Qıraxdın olub. Niyə Qıraxdın? Bəzi ehtimallara görə, Şah Abbas töycü və vergi yığanlarını bu mahala göndərib, onlar da əliboş qayıdıblar və səbəbini belə izah ediblər: “Şahımız sağ olsun. Ona görə əliboş qayıtdıq ki, o mahalın adamları alqı-satqı nə olduğunu bilmirlər, varlarını bölüşürlər”. Şah özü də sufi olduğundan tapşırır ki, bir də o yerin camaatından töycü və vergi almasınlar. Ona görə də Cəbrayılın adı “qıraxda qalan” kimi dəftərə düşüb. Cəbrayılın qəribə relyefi var. Ərazisinin çox az bir hissəsi Arazboyunda (aranda) yerləşir. Bəridən gedəndə sağa tərəf təpələr, yaylalar və dağlar ucalır. Hər fəslə uyğun da meyvəsi… El-obamız, əsasən əkinçilik, ipəkçilik, maldarlıq və xalçaçılıqla məşğul olurdu. Bir haşiyə çıxım. Türkiyədə olarkən Konya qalasına qalxdıq. Qalanın ətrafında əntiq əşyalar satılırdı. Onların arasında “Gül gəbə” gördüm. Mənə elə gəldi ki, həmin gəbə bizim evdə, ya da kənddə toxunub. Rəngi solmuşdu. Bəlkə o da vətənin həsrətini çəkirdi. Kövrəldiyimdəm satıcıya heç bir sual vermədim, eləcə gəbəni sığalladım, ruhum dincəldi… O gəbənin bütün naxışları mənə tanış və doğmaydı, özümü də əməlli-başlı inandırmışdım ki, bizimkidir… Qış vaxtı hana qurulardı və gəbə kəsilənə qədər mən onun yanından əl çəkməzdim. Nənəmlə birgə dizi üstə oturub gəbəni toxuyardım, ilmələri qarışdıranda nənəm deyinə-deyinə onları açardı… Bizim o rəngli, naxışlı günlərimiz bir il əvvəldən başlayardı. Payızda qoyunlar qırxılardı. Yunun yuyulması, didilib əlçimlənməsi, daranıb əyrilməsi, yumağa dönməsi yaza qədər davam edərdi. İpin boyanması böyük bir ritual idi. Yazın əvvəlində, ağaclar çiçəklərini tökəndə nənəm məni kişi qırığı kimi yanına salıb yola çıxar, Rəşidin “Paz” avtobusuna mindirib rayona gətirərdi, ordan da payi-piyada çaylağa düşərdik. Tonqalın üstündə qaynayan ala-bəzək tiyanlar müştəriləri gözləyirdi. Biz də növbəmizi tutub dayanardıq. İplər boyanandan sonra nənəm onu çaylağın qırağındakı daşların üstünə sərərdi. Dağlarda qar ərimişdi və sel-su çaylaq boyu aşağı şütüyürdü. Getdikcə bollanır, özü ilə dağlardan mer-meyvə, qoz-fındıq gətirirdi. Suya girib onları tutmaq istəyirdim… Mən suya baxa-baxa və kişi dəyanətilə, özü də ac-susuz boyaq mərasiminin qurtarmasını gözləyirdim… Çay demişkən… Bizim çaylarımız balıqla dolu idi. Çoxları buna inanmır. Axı balıq əsasən Bakı, Siyəzən və Lənkəranda olur, yəni dənizətrafı bölgələrdə. Hərdən, az qala, özüm də inanmaq istəmirəm. Çünki paytaxtımızın bazarlarında Cəbrayıl balığı olmazdı. Ancaq çoxları bilmir ki, Araz İranla sərhəddən axsa da, qolları bizim kəndlərdən keçirdi. Araz sanki bizi qucaqlayırdı. Biz Arazın övladlarıydıq. Əbəs yerə Xan Araz demirlər ki… Xan təkcə hökmü və duruşu ilə yox, həm də mərdliyi və xeyirxahlığı ilə dəyərlidir. Onlardan biri, ən sulusu da bizim kənddən – Mahmudludan keçirdi. “Maralyan arxı” deyilən bol sulu kanal Şıxalağlı kəndində Arazdan ayrılırdı. Mən günlərlə ordan balıq tutmuşam: xəşəm, şirbit (“usaç”), durna balığı, sazan… Ona görə də yuxularımda daha çox balıq tutduğum epizodları görürəm. Bircə şeydən çox qorxurdum: Araz quruyar, balıqları ölər. Hətta bəzən yuxuda çayın quruduğunu, balıqlarının öldüyünü də görürdüm, səksənirdim. Məlum və möhtəşəm qələbəmizdən sonra kəndi görmüş, bizə qohum hərbçilərimizdən Arazı soruşdum. Eşidəndə ki, tam qurumayıb, suyu hələ də gəlir, arxayın oldum… Üzməyi beş-altı yaşından öyrənərdik. Yay başlayandan payız girənə kimi çaydan çıxmazdıq. Selliyin qırağındakı cillərdən bağ bağlayar, kəndin o başından suya atıb üstünə minər, bir də ayağında çıxardıq. Hərdən onları qayıq bilib yarışardıq da. Sudan çıxandan sonra “qayıq”larımızın arxasınca baxar və kədərlənərdim. Bir zamanlar alabəzək topum da, bax beləcə axmışdı… Mən öz qayığımın üstünə uzanıb, geniş səmaya baxa-baxa dünyanın sonuna qədər getmək istəyirdim. Cəbrayıl haqqında statistik məlumatlarla yazını doldurmaq istəmirəm. İstəyənlər internetdən, müasir məlumat kitabçalarından, ensiklopediyadan öyrənə bilərlər. Amma bizim üçün mahiyyət daha önəmlidir. Bilənlər bilir ki, Cəbrayıl öz alimləri, dövlət və sənət adamlarının çoxluğu, fərqliliyi ilə seçilib və seçilir. Tənbəllik edənlər və maraqlananlar üçün deyim ki, qaçqınlıq illərində rayonun əhalisi təxminən iki dəfə artıb, əlli mindən səksən minə yüksəlib. Bu illər ərzində nələrdən keçmədik. Cəbrayıl işğal olunanda mən ordaydım. Bir qrup əcnəbi jurnalistlərlə bölgəyə getmişdik. Yolboyu, günün istisində ev-eşiyini, bağ-bağçasını qoyub gedən, yalnız gücü çatanı götürən adamlar, əsasən də qadınlar və uşaqlar ürəyimi ağrıdırdı. Elə bil, o yolu mən özüm gedirdirm. Yerdən qalxan toz-torpaq sir-sifətlərindən süzülən tərə qarışıb üzlərində şırımlar açmışdı. Sanki bu adamlar bir çay idilər və müxtəlif qollara ayrılırdılar. Yəqin bu, onların hissləriydi: bir gözləri arxada, biri irəlidə, yan-yörədə… uzaqlarda… bilinməzlik… narahatlıq… Bu yerdə mərhum xalq yazıçımız Sabir Əhmədlini də yada salmasam olmaz. Cavan qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu Böyük Vətən Müharibəsində (1941-45), nakam oğlu Məhəmmədi isə Birinci Qarabağ Müharibəsində itirdi. Böyük itki və nisgildir. Amma təmkinlə, ədəb-ərkanla bu ağrını öz içində çəkdi. “Axirət sevdası” romanını oxuyanlar bunu yaxşı bilirlər. Ən ağır dərdlərindən biri də Cəbrayılın işğalıydı… “Gedənlərin qayıtmağı” romanında Böyük Vətən Müharibəsindən qayıdanların bizim Mahmudlu stansiyasında qatardan düşmələrindən yazır… Ustad yazıçımız indi rahat uyuya bilər! Çünki ruhu şaddır. Çünki gedənlər qayıtdılar! Bizim igid oğlanlarımız onun doğma yurdunu – Cəbrayılı, bütün Qarabağı qaytardılar və qayıtdılar. Qayıtmayanlar isə onun yanındadırlar. Yəqin ki, göz-qulaq olar!.. Cəbrayıl sona qədər döyüşdü. Hətta bir düjün erməni kəndini də dincliklə köçürdü. Amma sonralar fələyin çərxi döndü. Erməni himayədarları və özümüzdən olan bəzi nadürüstlər ov tüfənglərini belə, əhalidən yığdılar… Xocalı soyqırımından sonra adamlarda ruh düşkünlüyü yarandı. Mən həmin vaxt insanların üzündə bir təlaş, gözlərində narahatlıq duyurdum. Bununla belə, əzmkarlıqlarını itirmirdilər. Qarabağ savaşında, o cümlədən, Cəbrayılda çox şəhidlərimiz, çox igidlərimiz döyüşüb: istər Birinci Qarabağ savaşı olsun, istəsə də İkinci. Onların arasında 14 yaşlı, qarayanız, çəlimsiz Tiqananı (Samiri) unuda bilmirəm: əsgərlərə su, çörək, silah-sursat daşıyan, kəşfiyyata gedən, ölərkən ölümünə inanmayan cəsur oğlanı… Bir də əsirlikdə olarkən erməni bayrağına tüpürən vətənsevər İlqar Mehdiyevi… Hərdən dostlarla, qohum-əqrəbayla söhbətdə bir şeyi vurğulayıram: biz çox çətinliklər gördük. Uşaq vaxtı gözümüz ağarana qədər işlədik, qoyun-quzu otardıq, dərs oxuduq, Arazda çimdik, düzlərdə top qovduq, amma ac qalmadıq. Tək bir şeyə təəssüf edirəm: qulağımızın dibindəki “İsa bulağı”na, “Turşsu”ya gedə bilmədik. Zaman çatmadı, qoymadılar… Bu mənada Heydər Əliyev Fondunun dəstəyi və Respublika Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, şagirdlərin cəlb olunduğu “Ölkəmizi tanıyaq!” layihəsi çox vacibdir və inanıram ki, pandemiyadan sonra bu layihə davam edəcək. Vətəni sevmək, qorumaq üçün onu gəzmək, görmək lazımdır. Bu mənada gələcək nəsil hardan gəldiyini və hara getdiyini dəqiq bilməli, yaxşını pisdən, yalanı doğrudan ayırmağı bacarmalıdır. Qisas yox, ədalət hissi gənclərimizin amalına çevrilməlidir. Mənə elə gəlir ki, ilk, yəni ibtidai insandan indiyə kimi hisslər dəyişməyib: məhəbbət də eynidir, nifrət də. Dəyişən çağdaşlıq və zəmanədir. İnsanlar isə ona uyğunlaşmağa məcburdular. Yaddaş isə dəyişməyə yox, təzələnməyə məhkumdur! 28 il bizə çox şeyi öyrətdi. Sağ olsun vətənimiz, millətimiz. Məcburi köçkünlərə, bacı-qardaşlarına sahib çıxdılar. Dam verdilər, torpaq verdilər. Amma onların güzəranına ağız büzənlər, yerli-yersiz qınayanlar da oldu, ikitirəliyə cəhd edənlər də tapıldı. Bir dəfə uşaqlıq dostum, mənə zəng elədi və kövrələ-kövrələ dedi ki, televizorda bir nəfər məcburi köçkünlərin qarasına deyinirdi. “Niyə televizora çıxanda bizim haqqımızı müdafiə eləmirsən? Axı bizim hansı əzablar keçdiyimizi özün görmüsən!” Mən onu anlayırdım. Çünki gözümün qabağında ev-eşik qurmuş, min bir əziyyət və zillətlə bağ salmış, ailə sahibi olmuşdu. Zəhmətkeş adam idi. Qaçqın düşəndən sonra şəhərətrafı qəsəbələrdən birində məskunlaşmış, gecə-gündüz işləmiş, özünə güzəran qurmuşdu. İnsan zülmə tabedir, sözə yox. Ancaq elə adam var ki, zülmü götürür, haqsız sözü yox. Təsəvvür edin: min bir əziyyətlə qurduğun, yaratdığın ocağın tar-mar olur, illərlə yığdığın qazanc ayaqlar altına atılıb tapdanır, ruhun incidilir… Bütün bunlardan sonra ayağa qalxmaq üçün insanda iradə, inam və gələcəyə ümid olmalıdır. Bizim elatımız bunu bacardı. Qarabağlıların, yəqin ki, ən böyük dərdi ölməyə yerlərinin (qəbiristanlığın) olmamasıydı. Çoxları da üzü vətənə tərəf baxa-baxa dünyasını dəyişdi. Bir dəfə həmkarım Seymur Verdizadə mənə xitabən yazmışdı: “Bu iş çox uzandı. Ölənləri əmanət basdırırlar ki, yurda dönəndə özləri ilə aparsınlar. Biz getdikcə məzar yerlərimizi də unuduruq”. Mənim cavabım qısa oldu: “Qibləmiz itib, qağa! Çünki hərə bir tərəfə səpələnib. İndi harda olduğumuzu bilmirik”. Nə qədər ağrılı olsa da, daim işlətdiyim bir fikri yenə də təkrarlayıram: “İşğal təkcə torpağın qəsbi deyil, işğal – mənəviyyatımızın, adət-ənənələrimizin, ruhu-muzun, dostluq-qonşuluq əlaqələrimizin, mərasimlərimizin yağmalan¬masıdır…” Bizim qibləmiz Arazın o tayında – Güneydə olan “Üç qardaş” dağıydı… Bu sətirləri yazarkən fikirləşdim ki, bəndənizin Qarabağla bağlı onlarla məqaləsi var və onları bir kitabda toplamağın zamanı çatıb: iki il əvvəl nəşr etdirdiyim “Qarabağ hekayələri” kimi… Yurdumuzun xarabalıqlarına baxarkən (adamın bu sözü deməyə dili də gəlmir) düşünürdüm ki, onların bir qismini ermənilər dağıdıblar, bir qismi də baxımsızlıqdan, öz-özünə dağılıb gedib. Çünki tənha ruhlar kimsəsiz evlərdə dolaşmazlar. Qaraçuxalarımız yatıblar, yəqin… Şükür ki, oyandılar! Tez-tez cəbhə bölgələrində olur, məcburi köçkünlərlə görüşürdüm. Onların gözlərindəki kədəri ifadə eləmək çətindir. 2013-cü ildə İsraildə səfərdəydik. Dönəndən sonra belə bir sual verdilər: “Bakıdan gedən dostlarımızı gördünmü?” “Bəzilərini gördüm” dedim. “Necəydilər?” “Yaxşıydılar, – dedim, – yurd həsrəti çəkirlər. Sanki uşağı ən gözəl pioner düşərgəsinə göndərmisən, hər şəraiti var, ancaq anasından ötrü darıxır…” Məcburi köçkünlərə nə qədər qayğı göstərilsə də, onlar vətənlərini istəyirdilər. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi, insan da vətənindən, doğma yurdundan ayrı yaşaya bilmir. Avropada yaşamağa can atan və ora getməyə nail olan tanışlarımızdan biri qürbəti yarımçıq buraxıb vətənə qayıtdı, məşhur atalar sözünü dəyişdirib, belə bir status yazdı: “Gəzməyə də, ölməyə də vətən yaxşı!” Nə gizlədim. Hətta məclislərdə də “gün o gün olsun, ad günlərimizi, toylarımızı, bayramlarımızı kəndimizdə, yurdumuzda keçirək!” tostları da ciddi səslənmirdi… 2017-ci ilin payızında sədri olduğum Azərbaycan Yazarlar Klubunun xəttilə bir qrup tanınmış qələm adamı Cocuq Mərcanlıya, Horadizə səfər etdi. Səfərdən qayıdarkən Xalq şairi Nəriman Həsənzadə rəhbərimiz və ağsaqqalımız Anar müəllimə belə dedi: “Anar, Elçin bizi Cocuğa gətirdi, Şuşaya da aparacaq!” “Əlbəttə aparacam!” dedim. Ancaq boynuma alım ki, bu sözlərimdə bir inamsızlıq vardı. Çünki Azərbaycanın ürəyini, Qarabağın tacını işğaldan azad eləmək müşkül məsələydi. Beynəlxalq təşkilatlar, ermənipərəst qüvvələr “bu münaqişənin hərbi yolu yoxdur” deyirdilər, Ermənistana da heç bir təzyiq göstərmirdilər. Amma Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, hərbi həll vardı və bunu sübut elədik. Əsgərlərimiz ermənilərin 30 ildə yaratdığı istehkamları aslan kimi yarıb keçdilər və doğma Şuşamıza üçrəngli bayrağımızı sancdılar. İndi Cəbrayıla, işğaldan qurtulan yurdlarımıza dönüşə sayılı günlər qalır. İndidən sosial şəbəkələrdə, məclislərdə belə bir söhbət gedir: hökumət geri qayıdan məcburi köçkünlər üçün ayrıca qəsəbə salmalıdır, yoxsa öz dədə-baba yurdunda ev tikməyə vəsait ayrılmalıdır? Mənə elə gəlir ki, kəndin kənd olması üçün hərə öz-dədə baba yurduna qayıdıb binə olmalıdır. Çünki bunsuz kənd olmayacaq. Axı söhbət torpaqda yox, mahiyyətdədir. Özü də hər şeyi dövlətin boynuna qoymaq olmaz. Ayrıca qəsəbələrin tikilməsi üçün həm bolluca vəsait, həm də zaman lazımdır, özü də öz həyətindən, ocağından kənarda yaşamaq darıxdırıcıdır. Zaman isə gözləmir. Ölkəmizin qarşısında duran işlər də həddən artıq çoxdur. Hamılıqla əl-ələ verib, dövlətin də dəstəyi ilə kəndlərimizi tikməli və orda məskunlaşmalıyıq. Özü də bunun üçün yerli təbii sərvətlərimiz yetərincədir. Bir şeyi də deyim: Mən 18 yaşımda kənddən çıxmışam. İki ali təhsil almışam, Bakıda qeydiyyata düşmüşəm, işləmişəm. Və kəndə getməyə, ömrümün qalan hissəsini quruculuq işlərinə sərf etməyə hazıram və belə də olacaq. Bir əlimizdə qələm, bir əlimizdə külüng ata ocağımızda çalışmalıyıq… Zəfər əməliyyatının adını “Dəmir yumruq” adlandırırıq. Mənsə deyərdim ki, “Dəmir yumruq” elə Prezident İlham Əliyevin özüdür. Çünki xalqı, ordunu, bütün dövlət strukturlarını öz ətrafında beş barmağı kimi birləşdirməyi bacardı… Çoxdanın bir filmi yadıma düşür. Brut qalların mühasirəsində olan Avqust Yuli Sezara deyir: “Hücum etməliyik, Sezar!” Sezar isə tələsmir, səbirli olmağı məsləhət görür. “Nəyi gözləyirik!?” – Brut həyacanla soruşur. “Qalların hücumunu!” “Bəlkə etmədilər!?” “Edəcəklər, darıxma, təmkinli ol! Çünki onların sərkərdələri çoxdur”. Sezar deyən kimi olur. Qallarda çoxtirəlik yaranır, hücuma keçirlər və romalılar onları yenir. Eyni hadisə 90-cı ilin əvvəllərində bizim də başımıza gəlmişdi. Ancaq Ulu öndər Heydər Əliyev və onun varisi, Ali Baş Komandan İlham Əliyev vahid lider və sərəkərdə olduqlarını göstərdilər. Torpaqlarımız, yurd yerlərimiz, bizim doğulduğumuz, sevdiyimiz, daim həsrətində olduğumuz məmləkətimiz yağı düşməndən azad olundu! Yurdumuzun xarabalıqlarına baxdıqca ürəyimiz dağlanır. Zatən biz onları xəyallarımızda, yuxularımızda da görürdük, əsərlərimizdə yazırdıq (“Vida” romanımda və “Qaçaq qocalar” pyesimdə olduğu kimi). Amma biz xarabalıqları yox, gözlərimizin önündə yenə də güllü-çiçəkli dağları, dərələri, abad evləri canlandırırdıq. İnanırdıq ki, belə də olacaq! Biz yenidən oraları abadlaşdıracağıq. Ayağımızın dəydiyi hər yer güllü-çiçəkli bağçaya, yaşıl xiyabana çevriləcək! Vətənimizi qarşıda böyük bir intibah gözləyir: iqtisadı dirçəlişdən tutmuş mədəni qalxınmaya qədər. Buna görə şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borcluyuq. Şəhidlərsiz vətən azad və abad olmaz. Onların qanı ilə suvarılan torpaqda gül-çiçək bitər! Şəhidlərimizin ruhu qarşısında baş əyir, analarının hüzurunda diz çökür, atalarının əllərindən öpürük… Mənə elə gəlir ki, biz Şuşada, ya ona yaxın böyük bir ərazidə şəhidlərimizə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə, məcburi köçkünlərimizin 90-cı illərin əvvəlində yaşadıqları, gözlərimlə gördüyüm, qəlbimlə duyduğum məşəqqətə (dəmir vaqonları, çadırları, palçıq evləri unutmaqmı olar!?) və qəhrəman əsgərlərimizin şərəfinə bir muzey kompleksi tikməliyik. Belə komplekslər bir neçə ölkədə var və onlardan ən möhtəşəmi Qüdsdəki “Xolokost abidəsi”dir. Biz bu kompleksi ona görə tikməliyik ki, beynəlxalq təşkilatların nümayəndələri, xarici turistlər oranı ziyarət etsinlər, həm millətimizin başına gətirilənləri, həm də onların dəyanətini öz gözləri ilə görsünlər. Gələcək nəsillərimiz isə olanları unutmasınlar. Qoy, birinci sinfə gedən şagirdlərimiz məktəbdən öncə oranı ziyarət etsinlər… Hər şəhərimizdə isə düşmən vəhşiliyinin gerçək nümunəsi olan dağıdılmış binalar saxlanılsa yaxşıdır. Artıq dövlət başçısı İlham Əliyev belə bir göstəriş verib və belə də olacaq. Erməni vandalizmi (elə bütün vəhşiliklər) bəşəriyyətin lənət damğasıdır… Özümdən bir təklif: “Qəhrəman şəhər” adı təsis edilsin və bu ad həm işğaldan azad olunmuş şəhərlərimizə, həm də düşmən hücumlarına mərdliklə sinə gərən Tərtər, Bərdə, Gəncəyə verilsin… Bir şeyi də deyim: Mən bəzən məyus olsam da, ümidsizliyə qapılsam da, həmişə gələcəyə inanmışam. 1991-ci ildə yazdığım, o zamankı “Ədəbiyyat və incəsənət” qəzetində çap olumuş “Küləkli çöl” hekayəsində Qərbi Azərbaycanımızdan didərgin düşmüş, bütün ailəsini itirmiş, yurdu yağmalanmış qoca deyir: “Elə bilirlər, hər şey belə qalacaq!? Gələcək o oğullar, gələcək! Görərlər!..” Və 2013-2016-da yazdığım, “Yenə iki od arasında” romanından son cümlələr: “Mən ustadın (Yusif Vəzir Çəmənzəminlinin) başının üstündə dayanıb Vətən tərəfə baxırdım… Və sis-dumanın, qaranlığın arasından zəif Günəş şəfəqləri süzülür, ara-sıra atəş səsləri eşidilirdi. Deyəsən, bir də qələbə hayqırtıları vardı. Haydı, dostlar!!! Ruhun şad olsun, ustad!!! Vətənə doğru, millət!!!” Arzularımız çin oldu, Vətən! Biz yurdumuzdayıq! Biz Qarabağdayıq!!! Yanvar, 2021, Bakı. Müəllif: Elçin HÜSEYNBƏYLİ
Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I MƏQALƏ
UŞAQ ƏDƏBIYYATI
(uşaq əsəri),
YOXSA
UŞAQLAR ÜÇÜN ƏDƏBİYYAT
(uşaqlar üçün, yaxud uşaqlar haqqında
və ya uşaqlardan bəhs edən əsərlər);
Bu mövzu illərlə qələm sahibləri, o cümlədən ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən birmənalı qarşılanmamış, konkret bir məcraya yönələ bilməmiş, bu gün də mübahisə predmeti olaraq qalmaqdadır. Hətta mövzuya “uşaq ədəbiyyatı” nöqteyi-nəzərindən yanaşılıb, amma “uşaqlar üçün” anlamında fəlsəfə doktorluğu dissertasiya işlərinin müdafiə olunduğu hallar da var. Bu çaşqınlıqla uşaq kitabxanalarında da rastlaşmaq mümkündür.
Şəxsən mən özüm “uşaq ədəbiyyatı” kafedralarının birində dissertasiya mövzusunun təsdiqi zamanı belə bir hadisənin şahidi olmuşam.
Kafedra “filankəsin uşaq əsərlərində sənətkarlıq məsələləri” adlı mövzunu təsdiq üçün Ali Attestasiya Komissiyasına göndərmişdi. Amma mövzu “filankəsin uşaqlar üçün əsərlərində sənətkarlıq məsələləri” adı ilə təsdiqlənib geri dönmüşdü. Bu hal kafedra əməkdaşları arasında ciddi narazılıqla qarşılandı: “Bunlar tamam fərqli məsələlərdir”, “biz tədqiqat işini bu səpkidə istəməmişdik”.
Əlbətə, tədqiqatçı üçün mövzunun hansı yöndə işləməsinin elə bir önəmi yoxdur. Əksinə, “uşaqlar üçün əsərlərində” anlayışı “uşaq əsərlərində” anlayışı ilə müqayisədə daha geniş, əhatəli məzmun daşıdığı üçün tədqiqatçıya daha ətraflı – yazıçının həm uşaq əsərlərini, həm də uşaqlar üçün nəzərdə tutulmuş əsərlərini tədqiq etmək imkanı yaradır
Məsələn, N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” ilə “Ata nəsihəti” əsərləri uşaq mənzum hekayələri kimi VI siniflərin tədris proqramına daxil edilmişdir. Həmçinin, “Atanın oğluna nəsihəti”, “Kərpickəsən kişinin dastanı”, eləcə də, S.Vurğunun “Azərbaycan”, Ana”, “Ceyran”, “Dağlar”, B.Vahabzadənin “Kitab”, “Müəllim”, “Bayraq”, “İlk dərs” və bu kimi bir sıra əsərlər uşaq ədəbiyyatı nümunəsi kimi təqdim olunur ki, əslində həmin əsərlər heç də uşaq şeirləri deyil, uşaqlar üçün yazılmış əsərlərdir.
Zahid Xəlil, Füzuli Əsgərli və Bilal Həsənli kimi uşaq ədəbiyyatı biliciləri bu qənaətdədirlər ki, “uşaq ədəbiyyatı” dedikdə 3-17,18 yaşadək oxucular üçün yazılan ədəbiyyat nəzərdə tutulur. Həm də yazıçı hansı yaş mərhələsi üçün yazdığını, deyək ki, məktəbəqədər yaşda uşaqlar üçün (3-6 yaş); kiçik məktəb yaşı dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-14 yaş); yoxsa ilkin gənclik yaş həddi üçünmü (14-17 yaş) yazdığını irəlicədən nəzərə almalıdır [3. səh.13; 2. səh.3]. “Uşaq əsəri yaratmaq üşün sənətkarda istedad, əməksevərliklə yanaşı dünyaya uşaq gözləri ilə baxmaq, uşaq dünyasının incəliklərindən baş çıxarmaq bacarığı lazımdır. Yüksək sənət nümunəsi olan uşaqların bəyəndiyi əsəri yazmaq üçün sənətkarda bədii sözdən istifadə məharəti ilə yanaşı, uşaq qəlbinin, hiss və duyğularının təbiiliyi, sadəliyi, təvazöğkarlığı, saflığı olmalıdır” [2. səh.7].
Məsələn, Z.Xəlilin “Uçan çıraqlar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Torağaylar oxuyur”, “Cırtdanla Azmanın yeni sərgüzəştləri”, “Здраствуй Джиртан!” və s. şeir və nəsr əsərləri bu sıradandır.
“Uşaq yazıçısı necə və kimlər ola bilər?” sualını V.Q.Belinski belə cavablandırıb: “Uşaq yazıçısının yaranması üçün olduqca çox şərtıər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır” [1. səh.12].
Uşaq ədəbiyyatı (“uşaq əsəri”) necə olmalıdır sualını yazıçı Zaur Ustac belə cavablandırır: o əsər hamı tərəfindən qəbul edilir ki, hər kəs oxuduğu “hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, bu sözlər məhz onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdimetmə bacarığı – obrazlılıq – məhz budur” [6. səh.123. ”Obrazın özü” məqaləsi].
Tədqiqatçı Hədiyyə Şəfaqət isə belə mülahizə yürüdür: “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni, əyani material” [5.].
Fikrimizcə, mülahizənin daha dəqiq ifadə tərzi də mümkün idi. Başqa sözlə, bu fikir “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır” kimi deyil, hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi qəbul etmək olar” tərzində ifadə olunmalı idi.
Təbii ki, qələm sahibi ədəbi qəhrəmanını necə görürsə, hansı tərzdə qəbul edirsə, düşüncələrini o yöndə də qələmə alır. H.Şəfaqət “Problem” rubrikalı məqaləsində uşaq ədəbiyyatının qəhrəmanları haqqında mülahizələrinin ardını belə ifadə edir: “uşaq çaşmalıdır, ayağı işləməlidir, “2” almalıdır, yeməyini dağıtmalıdır, süd içəndə ağzının böyür-başı bulanmalıdır. Uşaqdır axı” … “Beləcə uşaq ədəbiyyatı yarada bilərik” [5.].
Biz XXI əsrin uşağına bunlarımı təlqin etməliyik? Pinti, XIX, yaxud XX əsrin birinci yarısında qalmış, II Dünya Müharibəsindən çıxmış bir ölkənin uşağınımı? Azyaşlıya bu təbiətli ədəbi qəhrəmanı təqdim etməklə onu bu simadamı görmək istəyirik?
Bəs azyaşlının özü necə? Bununla barışacaqmı?
Belə olan halda gəlin görək bu günün uşağı kimdir?
Mən XX əsrin II yarısında (1951-ci ildə) dünyaya gəlmiş nəslin nümayəndəsiyəm, bu yaşımda da mənə qaranlıq hər hansı işə əlimi bulaşdırmıram. Oğlum XX əsrin 80-ci illərinin əvvəlində (1981-ci ildə) dünyaya gəlib. Bir əlinin barmağının gücü çatmadığından iki əlinin barmaqlarını cütləşdirib televizorun pultunun düyməsini basıb uşaq filmlərinə baxırdı. Onun oğlu Ziyad XXI əsrin əvvəllərində (5 noyabr 2006-cı il) doğulub. Hələ əməlli danışmağı, qaydasınca yeriməyi bacarmadığı vaxtlardı, diski götürüb mənə uzadırdı ki, “baba, qoy”. Deyirdim ki, “mən bacarmıram, ata gəlib diski qoyar, sən də baxarsan”. Sizcə mənə cavabı nə olsa yaxşıdır? “Məni qucağına götür, boyum çatsın, özüm qoyum”.
Mülahizəmi süd qardaşım Arif Dəmirovla bölüşəndə gülümsədi: sən XX əsrin 20-ci illərində dünyaya gəlmiş Ziyatxanın, Böyük Vətən müharibəsinin ağrı-acılarını, sarsıntıları içində böyümüş təfəkkür sahibinin oğlusan, oğlun XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlmiş nəslin törəməsidir, nəvən isə oğlunun oğludur, XXI əsrin əvvəllərində dünyaya gəlmiş nəslin nümayəndəsi.
Təxminən 80 illik zaman hüdudunda doğulan üç nəslin nümayədəsinin təfəkkür tərzinə, hansı inkişaf yolu keçildiyinə diqqət yetirdinizmi?
XXI əsrin nümayəndəsi budur: qamışdan, qarğıdan “at” düzəldib çapan yox, səhərdən axşama qədər planşetlə, mobil telefonla, kompüterlə əlləşən!
Deməli, bu günün uşaq ədəbiyyatı da kimlər üçün yazıldığı ilə hesablaşmalıdır. Yazıçı “süd içəndə ağzının böyür-başını bulaşdıran” uşaq üçün yox, planşetlə oyuncaq kimi davranan uşaq üçün yazdığını ruhən qəbul etməlidir.
Əlbəttə, bunu da təbii qəbul etməliyik ki, uşaq – öz uşaq ömrünü yaşamalıdır. Həmçinin, unutmamalıyıq da ki, bu günün dərsdən “2” alan uşağı kimdənsə kömək gözləyən uşaq deyil, dərslərinə özü hazırlaşıb “2”-sini “5”-lə özü əvəz etməyi bacaran uşaqdır.
Türkiyə, Rusiya, Avropa, Amerika filmlərində uşaq surətlərini xatırlayaq: uşaq böyük bacı-qardaşı kimi danışır, iri adam düşüncəsi ilə mühakimə yürüdür, üzləşdiyi vəziyyətdən çıxış yolunu özü arayır.
Biz “hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi olaraq qəbul etmək olar” deyəndə, bu təbiətli uşaqlar üçün yazılan əsərləri nəzərdə tuturuq. Başqa sözlə, XXI əsrin uşağı XX əsr vətəndaşının tanıyıb-bildiyi uşaq deyil, tamamilə özgə təfəkkürə malik uşaqdır.
Bunu qəbul etməyə, zamanın bu diktəsi ilə barışmağa məhkumuq.
Nəticə: Beləliklə, qətiyyətli olaraq bu qənaəti qəbul etmək gərəkir ki, uşaq ədəbiyyatı – uşaqlar haqqında yazılan, yaxud uşaqlardan bəhs edən əsərlər deyil, içində uşaq dünyasının özü görünən əsərlərdir. Uşaq ədəbiyyatı – uşağı dərk etdiyimiz andan, uşaq dünyasını içimizə hopdurub onu təzədən yaşadığımız anlar qələmə alınan əsərlərdir.
Açar sözlər: uşaq dünyası, uşaq ədəbiyyatı, uşaqlar üçün ədəbiyyat.
♦♦♦
Ədəbiyat siyahısı
1. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı-1948;
2. Həsənli Bilal Azərbaycan uşaq ədəbiyyatı. Bakı-“Müəllim” nəşriyyatı-2015, 522 səh.;
3. Xəlil Zahid, Əsgərli Füzuli. Uşaq ədəbiyyatı. Bakı-2007, 490 səh.;
4. Xəlil Zahid. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2019, 306 səh.;
5. Şəfaqət Hədiyyə. Uşaq ədəbiyyatında obrazlar və dərsliklər. Problem. 2 iyul 2012-ci il. [https://modern.az/az/news/25987;
Pandemiya Üçüncü Dünya Savaşıdır. Öncəki savaşlar günbatanda başlamışdı, bu gündoğanda. Öncəkilər texnoloji idi, bu, bioloji. Öncəkilər meydanlarda gedirdi, bu, xəstəxanalarda. Öncəkilər qanlı idi, bu, qansız. Öncəkilərin əsgərləri vardı, bunun xəstələri. Öncəkilərin topu-topxanası varıydı, bunun gopu-gopxanası. Öncəkilərin gülləsi vardı, bunun virusu. Öncəkilərin ikinci cəbhəsi vardı, bunun ikinci dalğası. Öncəkilərə inanmayan yoxuydu, buna inanan. Öncəkiləri törədirdilər ki, hegemon olsunlar, bunu törədənlər hegemondu. Öncəkilərdə torpaqlar tutulurdu, bunda adamlar. Öncəkilərdə sərhədlər açılırdı, bunda bağlanır. Öncəkilərdə cavanlar qırılırdı, bunda qocalar. Öncəkilərdə bizimkilər vardı, bunda yoluxmayanlar. Öncəkilərdə düşmənlər vardı, bunda yoluxanlar. Öncəkilərdə özgələr öldürürdü, bunda özününkülər. Öncəkilərdə həkimlər arxada gedirdi, bunda qabaqda. Öncəkilərdə kiminsə sığortası vardı, bunda heç kimin. Öncəkilərdə yaralanırdın, bunda yoluxursan. Öncəkilərdə şəhid olurdun, bunda meyit. Öncəkilərdə “çölə çıx” deyirdilər, bunda “evdə qal!” Öncəkilərdə evə qaçanı güllələyirdilər, bunda evdən çıxanı cərimələyirlər. Öncəkilərdə kaska taxırdın, bunda maska! Öncəkilərdən çıxış varıydı, bunda yoxuş!
Koronovirus üçüncü dünya savaşıdır.
Öncəkilərdə də ölüm vardı, bunda da! Nə öncəkilərin Allahı vardı, nə bunun! Öncəkilərə də lənət, buna da!
Bu gün dünyada baş verən sürətli dəyişiklik və informasiya bolluğu insanlara həm müsbət, həm də mənfi təsirlər göstərir. Bir çox insanlar psixoloji, fizioloji və sosial yöndən çətinlik çəkirlər. Məhz buna görə də cəmiyyətdə yaxşı təhsil almış, təcrübəli və peşəkar psixoloqlara ehtiyac yaranır. Psixoloqlar insanların zəka, təfəkkür, təxəyyül, motivasiya və emosiya kimi bir sıra sahələrini öyrənir, gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etməyin və aradan qaldırmağın yollarını axtarırlar. Bu səpkidə olan bir çox problemlərin həlli üçün insanlara yol göstərir və kömək edirlər.
Qeyd edək ki, insanların problemlərinin böyük əksəriyyəti tibbi deyil, məhz psixoloji xarakter daşıyır. Ona görə də, dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır.
Bu səbəbdən də, ölkənin bir çox universitetləri “Psixologiya” ixtisasından bakalavr səviyyəsi üzrə kadr hazırlayır. Respublikanın aparıcı universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində də 2021-2022-ci tədris ilindən etibarən əyani və əlavə təhsil üzrə baklavr səviyəsində “Psixologiya” ixtisasından kadr hazırlığına başlanılacaqdır. Dərslər Pedaqoji fakültədə elektron kürsülü, geniş və səliqəli auditoriumlarda təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir.
Universitetin bu ixtisas üzrə kadr hazırlamaqda əsas məqsədi Azərbyacanda psixologiya elminin inkişafına təkan verimək, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətini yüksəltmək, vətəndaşlara peşəkar psixoloji xidmət göstərən psixoloqlar yetişdirmək, elmi psixoloji ekspertizalar təşkil etmək və həyata keçirməkdir.
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr psixologiyanın aşağıdakı sahələri üzrə elmi biliklərə yiyələnəcəklər:
1. Təhsil psixologiyası
2. Klinik psixologiya;
3. Sosial psixologiya;
4. Təcrübi psixologiya:
5. Fizioloji psixologiya;
6. İnkişaf psixologiyası;
7. Sənaye və təşkilat psixologiyası;
Həmçinin bu ixtisası üzrə təhsil alacaq tələbələr aşağıdakı imkanlardan da istifadə edə biləcəklər:
1. Məzunların ixtisasları üzrə gələcəkdə təhsilini xaricdə davam etdirmə imkanı;
2. Klinikalarda və xəstəxanalarda təcrübə keçmək;
3. Beynəqlxalq təlimlərdə, treninqlərdə, kurslarda, konfrans və simpoziumlarda iştirak etmək;
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə dərin biliyə yiyələnmiş tələbələrdə aşağıdakı keyfiyyətlər formalaşacaqdır:
1. Düşüncələrini yazılı və sözlü ifadə etmək;
2. Yaradıcı və analitik düşüncə qabiliyyətli olmaq;
3. Səbirli və təmkinli olmaq;
4. Dinləmək və ünsiyyət qurmaq;
5. Diqqətçil və özgüvənli olmaq.
Belə ki, “Psixologiya” ixtisasını bitirən məzunlar gələcəkdə əmək fəaliyyətlərini aşağıdakı sahələr üzrə davam etdirə bilərlər:
1. Xəstəxana və klinikalarda;
2. Elm və təhsil müəssisələrində;
3. Özəl şirkətlərdə;
4. Psixoloji xidmət mərkəzlərində;
5. Sənaye sahələrində.
“Psixologiya” ixtisasını bitirmiş məzunların peşə fəaliyyəti isə aşağıdakılardan ibarətdir:
1. İnsanların davranışlarını incələmək və davranışlarının səbəblərini araşdırmaq;
2. İnsanların düşüncə formalarını, reaksiyalarını, duyğularını və bütün bunların qaynaqlarını analiz etmək;
3. Müxtəlif tipli test və dəyərləndirmə vasitəsi ilə problem və ya problemlərin qaynağını aradan qaldırmağa çalışmaq;
4. Psixoloji problemlər yaşayan insanlarla tez-tez görüşlər təşkil etmək;
5. Psixoloji inkişafdakı yayınmaların qarşısını almağa yönəldilmiş profilaktik işlər aparmaq;
6. İnsanların müəyyən təbəqələri ilə işləməkdə həkimlərə köməklik etmək;
7. Psixoloji problemləri olan insanlar üçün sosial inkişaf proqramları tərtib etmək;
8. Psixologiya sahəsində yeni biliklərin inkişafına yönəlmiş psixoloji tədqiqat və təcrübələr aparmaq;
9. Özəl və dövlət şirkətlərində çalışan vətəndaşlara psixoloji xidmətlər göstərmək.
Əziz gənclər! Sizləri 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində yeni fəaliyyətə başlayacaq “Psixologiya” ixtisası üzrə ali təhsil almağa dəvət edirik.
Professor 50-55 yaşlarında, ağbənizli, mavi gözlü, arıq bədənli, balacaboy qadındır. Son dəblə olmasa da, zövqlə geyinməyi xoşlayır. Ayağında həmişə hündürdaban ayaqqabı olur. Üz-gözündən ətrafda hər kəsə meydan oxuyan hökmranlıq iddiası boylanır. Professor öz çəkisini, yerini, dəyərini bilən adamdır. Ətrafdakı adamlarla mümkün qədər məsafə saxlayır. Yaxından tanıyanlar deyirlər ki, çox qürurlu olduğundan adamlarla dil tapa bilmir. Tanıyanlar bunu da deyirlər ki, professor acıdildir, ünsiyyəti sevmir, amma ürəyi təmizdir.
Əlbəttə, onu yaxından tanıyanların sayı çox deyil. Professor yol gedərkən başını dik tutub ətrafa baxmadan, şəstlə yeriyir, salam verib yanından ötən tanış–bilişlərini də çox vaxt görmür. Buna görə ondan inciyənlərdə olur. Amma inciməyə dəyməz! Durub adamlara hesabat verməyəcək ki, niyə belə şəstlə yeriyirəm, niyə adamlardan bir pillə yuxarıda görünürəm? Hesabatı yalnız özünə verir. İçində ciddi bir qadın gizlənib, onu öz zəhmi, zabitəsi ilə daim yuxarıda saxlayır, artıq hərəkət etməyə, aşağı enməyə qoymur. Professor divarlarına yasəmən çiçəkli divar örtüyü çəkilmiş otağında tək yaşayır. Bir də “Zəvzək” adlı pişiyi var ki, evin içində quyruğunu dik tutaraq onunla o baş-bu başa gəzişir.
Pişik demişkən, professorun çalışdığı institutda bəzi xoşagəlməyən dedi- qodular gəzir. Guya professor tək yaşadığı evində pişiyi ilə adam kimi rəftar edir, onunla danışıb-gülür, məsləhətləşir, hətta ona mühazirələr oxuyur. Pişik də guya qeyri-adi pişikdir, dil açıb adam kimi onunla danışır. Guya professor pişiyinə sevgili tapıb, onları evdə görüşdürür, hətta toy da edib onlara.
Dedi-qoduçular ardınca da əlavə edirlər ki, yazıq neyləsin axı?.. Tək adamdır, özünü vaxtında sevən, alan olmayıb, o da azarını belə öldürür. Bu tipli bir çox dedi-qodular eşidilir və bəziləri gəlib professorun qulağına da çatır. Dedi-qoduçular bütün bunlardan sonra qulaqlarını şəkləyib gözləyirlər ki, görək professor nə cavab verəcək, nələri açıqlayacaq, nələri öyrənəcəklər? Amma boş yerə… Bütün bunlar professorun heç vecinə də deyil, baş qoşmur onlara. Bilir ki, şöhrətli adamın arxasınca həmişə belə dedi- qodular gəzir. Düşünür ki, hələ axtarsan, bəlkə, paxıllıq da var bunun içərisində. Bir sözlə, professor bağlı boğçadır, qıfıllı sandıqdır ətrafdakılar üçün. Bəzən adama elə gəlir ki, o, elə doğdubitdi, anadangəlmə,hazırca professordur. Ara-sıra qulağına dəyən ”Qarımış qız!”, “Evdə qalmış!”, “Ürəksiz müqəvva!” sözləri də professoru sındıra bilmir. Amma evindəki yasəmən çiçəkli divar kağızları yaxşı bilirlər ki, professorun gizlində, özüylə tək qaldığı vaxtlarda, geriyə baxıb qəhərləndiyi, köks ötürdüyü vaxtlar da az olmayıb. Divar örtüyündəki çiçəklər professorun sirdaşıdır. Professorun o çiçəklərlə danışdığı vaxtlar da çox olub. Hətta tək qaldığı uzun gecələrdə özü üçün bayatılar da deyib. O yasəmən çiçəkləri şahiddir ki, professorun geridə bir keçmişi var və bu keçmişin içərisində Qədir adlı bir oğlan da var. Bir vaxtlar tələbə yoldaşı olmuş bu oğlan onun zəif tərəfidir, xatırlamalı olduğu ən işıqlı yerdir. Həm də, Qədir onun keçmişindən boylanan yeganə kişidir. Çiçəklər də, professor da yaxşı bilir ki, bir vaxtlar Qədir adlı oğlan ölürdü onunçün. Məcnun kimi, Kərəm kimi, daha nə bilim, nə kimi dərdindən çöllərə düşmüşdü. Az qalmışdı sevgisi dastana çevrilsin. O vaxt professor da cavan, yaraşıqlı qızdı. Göz qoyanı, söz deyəni də az deyildi. Amma eşq, sevgi söhbəti heç vecinə də deyildi. Yüz dənə işi, qayğısı, planları vardı. Gecə-gündüz kitabxanalardan çıxmır, az qala yol gedə gedə kitab oxuyurdu. Elə tələbələr də, müəllimlər də savadına, çalışqanlığına görə onu “Professor” deyə çağırırdılar. Bu ad onu çox fərəhləndirirdi. Şöhrət özü gəlib onu tapmışdı, elmi iş də vermişdilər. O vaxtdan da ətrafdakı yaşıdları ilə arasında bir sədd yaranmışdı. Özünü yuxarıda hiss etdiyindən, nə qədər edirdi o uşaqların yanına enə bilmirdi. Belə bir məqamda Qədir də düşmüşdü onun dalınca. Hara gedirdisə, kölgə kimi izləyirdi. İnstituta gedirdi orda görürdü, kitabxanaya gedirdi orda qarşısına çıxırdı, dayanacağa gəlirdi Qədir ordaydı. Amma Qədir nə qədər cəhd edirdisə də qız yumşalmırdı ki, yumşalmırdı. Hər dəfə Qədirin sevgi dolu ismarıclarına qısa və sərt cavab verirdi. O zaman tələbələrin içərisindən Qədiri danlayanlar da çox idi: Bunun nəyini sevirsən? Qupquru odun kimi bir şeydir, hissi, duyğusu da yoxdur. Amma xeyri olmamışdı. Görünür, oğlan öz ürəyiylə bacarmırdı. Qədirlə sonuncu görüş isə professorun gün kimi yadındadır.
Diplom işi ərəfəsiydi. Tələbə yoldaşları ondan diplom işiylə bağlı məsləhətlər alırdı. Qədir də məsləhət almaq onun yaşadığı tələbə yataqxanasındakı köhnə, balaca otağına gəlmişdi. Masanın ətrafında üz-üzə oturmuşdular. “Professor” mövzunu bir müəllim kimi həvəslə başa salır, Qədiri tələbə kimi suala tutaraq bilmədiyini izah edirdi. Amma hiss edirdi ki, oğlanın fikri dağınıqdır, qonur rəngli gözlərini tez-tez ondan qaçırır. Sonra masaya çay gəldi. Oğlan çaydan bir qurtum alıb ürəyini boşaltdı. Bu çay da, qulpu düşmüş güllü fincan da professorun indiki kimi yadındadır. Hətta, bir az dərinə getsə, o çayın qurtumunun səsi də yadına düşər. Oğlan aramla danışırdı. Səsində əlacsızlıqdan doğan bir titrəyiş vardı, rəngi ağarmışdı, elə bil məhkəmədə ömürlük həbs cəzası alan birisi son nitqini söyləyirdi:
-Mənim sənə olan münasibətimi özün bilirsən. Bu gün sabah institutu bitirib hərəmiz bir tərəfə gedəcəyik. Səni uzaqdan da olsa görə bilməyəcəyimi fikirləşəndə dəli oluram. Səni görməsəm ölərəm! Sənsiz mümkün deyil! İnan ki, ölərəm!
O zaman Qədirin səsi onlarla tələbəni yola vermiş o köhnə otağın divarlarına dəyib ordan geri qayıdırdı. Otağın, saysız-hesabsız tələbələri o tərəf-bu tərəfə ötürmüş, üstünün rəngi qopmuş taxta qapısı belə, oğlanın ürəyindəki alovu- odu duyur, cırıltısını boğub susurdu.
Doğrudur, sonralar professor özünə hesabat verirdi ki, onu o vaxt içindəki bir dəli şeytan yoldan çıxartdı. Yoxsa, razılaşacaqdı Qədirin təklifiylə. Guya o gün az qalıb desin ki, razıyam səninlə getməyə, gəl evlənək! Amma deyə bilməyib, tamamilə əksini söyləyibmiş.
O gün “professor” ciddi görkəm alıb Qədiri qapıya ötürmüşdü:
– Əlvida! Get xoşbəxt ol! Mənim başqa planlarım var! Məni bir də narahat eləmə!
Qapının ağzında üzbəüz dayanmışdılar. Birdən- birə Qədir nə fikirləşmişdisə, qızı özünə tərəf çəkib sinəsinə sıxmış, dodaqlarını dodaqlarına yapışdırıb bərk- bərk öpmüşdü. “Professor” onun güclü qollarının arasından çıxmağa çalışsa, çabalasa da, çıxa bilməmişdi. Sonra sakitləşib qeyri -ixtiyari oğlana təslim olmuşdu. Bu eşq səhnəsi bir qədər çəkmiş və nəhayət ki, oğlanın qolları arasından qurtularaq özünü çarpayıya atmış, əlini hələ də göynəyən dodaqlarına sıxıb xeyli ağlamışdı. Qədirdən bunu gözləmirdi. Ona elə gəlmişdi ki, qüruru parçalanıb tökülüb, yerlə yeksan olub. Bərk qəzəblənmişdi.
Aradan illər keçmiş və professor bir daha Qədiri görməmişdi. Bu illər ərzində çoxlu uğurları olmuş, ad-san qazanmışdı. Bir vaxt müəllimlərinin ona verdiyi “professor” adını doğrultmuşdu. Artıq dünyanın çox yerində tanınırdı. Əlbəttə, bütün bunlar asan qazanılmamışdı. Geçə-gündüz çalışmış, zamanını, əməyini sərf etmişdi. Başı o qədər qarışmışdı ki, illərin necə keçdiyindən xəbəri olmamışdı. Amma tək qaldığı vaxtlarda Qədirlə olan son görüşünü də dəfələrlə xatırlamışdı professor. Daha əvvəlki kimi qəzəblə deyil, həyəcanla, həsrətlə xatırlayırdı. Hər dəfə də xatırlayanda dodaqları göynəyir, bədəninə həyəcan gəlirdi. Ürəyi xoşbəxlikdən çırpınırdı. Yenə də o sevgini, o həyəcanı istəyirdi. O sonuncu görüşü, rəngi tökülmüş qapının ağzında oğlanın qolları arasında sıxılıb qaldığı dəqiqələri heç unutmamışdı. Hətta professor belə güman edir ki, o vaxt oğlan onu qollarının arasından buraxmasaydı, tamamilə ona təslim də ola bilərdi… Sonralar bir neçə dəfə Qədirə zəng etmək də istəmişdi professor. Amma müxtəlif səbəblərdən fikrindən daşınmışdı. Sevdasını qüruruyla, şöhrətiylə birlikdə özüylə uzun illərin sonuna daşımışdı. Bütün bunları divar örtüyündəki yasəmən çiçəkləri də bilirdi. Yasəmən çiçəkləri sirr saxlamağı yaxşı bacarır…Tanış-bilişlərdən öyrənmişdi ki, Qədir evlənib, iki qızı da var. Qədir haqqında son məlumatı isə 5 il əvvəl almışdı: Qədirin yoldaşı rəhmətə gedib, qızlarını ərə verib, özü də evində tək yaşayır.
Bir gün professor yenidən Qədiri xatırladı. Özü də elə xatırladı ki, bu əvvəlki xatırlamalara bənzəmədi. Birdən–birə ürəyi Qədiri istədi. Bu gün sanki ona nəsə olmuşdu… Əslində, bu gün o biri günlərdən elə də fərqlənmirdi. Professor bu gün də həmişəki kimi institutda mühazirəsini oxumuş, dərslərə gəlməyən tələbələrə ciddi şəkildə xəbərdarlıq etmiş, xarici ölkədə keçiriləcək konfransa cavab məktubu yazmışdı. Mühazirəsini birtəhər, candərdi yola
verən müəllimləri danlamağı da unutmamışdı. Sonra institutun geniş dəhlizində xeyli gəzişmiş, tələbələrin, eləcə də gənc müəllimlərin onu görərkən özlərini necə yığışdırmasına
gizlincə göz qoymuş, ürəyində qürurlanmışdı. Yenə də küçədə şəstlə addımlamış, tanışlara başıyla salam verib keçmişdi. Evə həmişəki kimi yorğun qayıtmışdı. Amma bu dəfə
həmişəkindən fərqli olaraq elə dəhlizdəcə ayaqqabısını soyunarkən ürəyinə bir darıxmaq havası gəlmiş, onun ardınca da Qədiri xatırlamışdı. Görəsən, Qədir indi hardadır? Bu an nə edir? Yəqin ki, yatmış olar. Tək adamdır. Özlüyündə etiraf etdi ki, son günlər Qədiri yaman tez-tez xatırlayır, həm də həmişəkindən çox arzulayır. Görəsən, Qədir yenə də onu sevirmi? Aradan nə qədər illər keçib, sular axıb. Yox, unuda bilməz! Düz beş il “professor”la nəfəs alıb, arxasınca gəzib, zarafat deyil. Yağış bilmirdi, qar bilmirdi yataqxananın qarşısında dayanırdı. Professor köksünü ötürdü, yenidən ürəyinin başı odlandı.
Pəncərənin qarşısına gəldi. Küçəyə tamaşa edən professora elə gəldi ki, hamı qeybə çəkilib, bu şəhərdə bircə o mövcuddur, bircə o təkdir. Bu şəhər də, adamlar da harasa köçüb. Az qaldı dəli olsun. Onsuz da gecədən xoşu gəlmirdi. Gecə, adəti üzrə, küçədəki adamları sakitcə udurdu…
Professor ünsiyyət qurmağı sevməsə də, uzaqdan adamlara tamaşa etməyi sevirdi. Həmişə təkliyə meydan oxuyan professor əməlli-başlı darıxdı, az qaldı hönkürüb ağlasın, canavar kimi ulasın…
Divar örtüyündəki yasəmən çiçəkləri də ləçəklərini sallamışdı.
“Qədir də mənim kimi təkdir, bəlkə o da darıxır. Bəlkə, o da indi pəncərənin qarşısında dayanıb darıxmağını boğur”. Ruhlar haqqında yazılan kitablardan oxumuşdu ki, müxtəlif insanlar eyni anda eyni şeyi hiss edə, eyni şeyi düşünə bilirlər. Qədirə görə də ürəyi sıxıldı, ürəyinə sevgi qarışıq bir mərhəmət hissi də doldu. Amma bir az keçmiş ağlına bir fikir də gəldi. Bu dəfə bir az da bəd tərəfini düşündü… “Nə bilirsən, bəlkə heç tək deyil, kimisə tapıb
baş-başa verib, günü də xoşdur”. Bax, bu fikir az qaldı professoru dəli eləsin. “Bu axmaq fikir hardan ağlıma gəldi?!”
Evin ortasında o tərəf-bu tərəfə gəzişməyə başladı. Özünü danladı: “gərək elə harda pis şeylər var ağlıma gətirim. Yox, bu hamısı o şeytanın işidir…”
Professor əli ilə divar örtüyündəki çiçəkləri sığalladı. Çiçəklər sakitcə ləçəklərini şəklədi. Çiçəklərin professora kömək etməyə güçü çatmadı. Professor əməlli-başlı narahat
oldu, təlaşlandı. İçində həyəcan qarışıq bir qorxu baş qaldırdı. Yox, bu gün nə isə qəribə gündü. Bir az keçmiş içində bir işıq yandı, bu işıqdan ürəyi istiləndi. “Sabah Qədirə zəng edəcəm, açıq danışacam. Deyəcəm, gəl birlikdə yaşayaq! Baş-başa verək!” Ürəkləndi. Qəti qərara gəldi: bu dəfə alınsa da, alınmasa da sözünü deyəcək! Bu dəfə hər şey başqa cür olacaq! Necə də ağlına gəlməyib bu vaxta kimi… “Açıb deyəcəm ki, mən də səni sevirəm. Mən də sənə biganə deyiləm. Bunu sonralar başa düşmüşəm. Sadəcə açıb deyə bilmirəm”. Görəsən, alınarmı?
Divar kağızındakı yasəmən gülləri gülümsündü. Çiçəklər canlandı. Ləçəkər razılıqla başını yellədi. Professor daha heç nə düşünmədən yatmağa çalışdı, yatanda vaxt keçib gedirdi. “Birtəhər sabahı açmaq lazımdı. Kim nə deyir-desin, gündüzün öz hökmü var. Elə ki, sabah açıldı hər şey düzələcək. Sabah hər şey gözəl olacaq!” Amma nə qədər cəhd etdisə, yata bilmədi. Qədir söhbəti beynindən çıxmadı. “Görəsən, indi neyləyir, yatıbmı? Yatmış olar. Bəlkə elə indi zəng edim?..”
Vərəqləri saralmış dəftərçədə Qədirin, bir vaxtlar hər ehtimala qarşı köhnə tələbə yoldaşından götürdüyü və heç vaxt zəng etmədiyi, telefon nömrəsini tapdı. Əlləri titrəyə-titrəyə nömrəni yığdı. Ürəyi az qaldı həyəcandan yerindən çıxsın.
Dəstəyin o başından səs gəldi. Qədirin səsi heç dəyişməmişdi. Həm də səs aydın idi. Demək yatmayıbmış hələ…
Qədir dərhal onun səsini tanıdı. Səsində çaşqınlıq qarışıq sevinc hiss olunurdu. Bir-birini uzun müddət görməyən adamlar necə əhvallaşırlarsa, eləcə hal-əhval tutdular.
-Səni görmək istəyirəm,- söylədi- işim var.
Qədir yenə əvvəlki aydın səslə:
-Sabah iş yerimə gəl,- dedi. Sonra işin ünvanını başa saldı, sağollaşdılar.
Vəssəlam! Xoşbəxtliyin bu qədər yaxında olacağı, həm də belə asan başa gələcəyi heç ağlına da gəlməzdi. Çiçəklər baş-başa verdilər, ləcəklər alışıb yandılar. Sonra çiçəklər divarda yallı getdilər. Ev işığa büründü. Aman allah, xoşbəxt olmaq olurmuş! Hər şey adamın öz əlindəymş! Bu başqa cür xoşbəxtlik idi. Seminarlarda alqışlanmaq, institutun rəhbərinin əlindən diplomlar almaq, gözqamaşdıran titiullar, filan deyildi bu! Nə idisə, başqa şeydi
və çox gözəldi… “Görəsən, Qədir bura gələrmi yaşamağa? Bəlkə də, onun öz evində qalarıq. Nə fərqi var?.. Amma yox, bu evə öyrəşmişəm. O bura gəlsə yaxşı olar. Yataq otağının mebelini də dəyişərəm. İki adamlıq çarpayı almaq lazımdır”.
Səhər işdən icazə aldı. İşlədiyi müddət ərzində ilk dəfə işə getmədi.
Evdən çıxmazdan əvvəl xeyli güzgünün qarşısında dayandı. Fərəhlə üz-gözünə əl gəzdirdi, bacardığı kimi bəzəndi. Hiss etdi ki, bəzənməyə əli yatmır. Belə şeyləri çoxdandı yadırğamışdı. Amma rəngi xeyli açılmışdı. Güzgüdən sanki başqa bir qadın boylanırdı. Bu qadın xeyli cavan görünürdü.
Tələsmədən, Qədirin söylədiyi kimi, 4-cü mərtəbəyə qalxdı. Qapının ağzında xeyli tərəddüd elədi. Nəhayət qapını döydü. İçəridən səs gəldi. Ağ xalat geyinmiş 40-45 yaşlarında xoşsifətli, gülərüz bir qadın qapıda göründü. Professorun düşündüyünə görə qapını Qədir açmalıydı. Hələ qapının ağzında bir xeyli donub qalmalıydı da… sonra qucaqlaşıb görüşməliydilər.
-Buyurun, professor! Qədir demişdi gələcəksiz. Bir iş üçün çıxdı, 10 dəqiqəyə qayıdacaq. Siz allah, əyləşin, çay verim sizə.
Küncdəki kolbalardan və başqa cihazlardan anladı ki, bu qadın Qədirin laborantıdır. Qadın mehribanlıq göstərdi, çay süzdü.
-Qədir sizdən danışıb. Bilirəm, birlikdə oxumusunuz. Ən yaxşı oxuyan, şöhrət qazanan da siz olmusunuz tələbələrin arasında.
Professor istədi soruşsun ki, daha nələri danışıb Qədir, üzü gəlmədi. Qadının Qədir müəllim yox, eləcə Qədir deməsi professoru açmadı. Nəsə narahatlıq yarandı ürəyində. Bu niyə Qədir müəllim demir?! Həm də, bu qadının yanında Qədirlə necə açıq danışacaq? “Yəqin ki, bu qadın çölə çıxar, ya da biz başqa bir yerdə oturarıq”. Gözəyarı qadını süzdü, ürəyində onu özüylə müqayisə etdi. Üstünlüyü özünə verdi və anladı ki, bu yerdə çığallıq edir. Çox keçmədən Qədir qayıtdı. Qapıdan içəri girən kimi professorun üstünə gəldi, professorun ürəyi titrədi. O qədər də dəyişməmişdi. Şux qaməti, qonur gözləri, gülümsəməyi əvvəlkiydi elə. Doğma adamlar kimi qucaqlaşdılar. Professor onun ürəyinin döyüntüsünü də hiss elədi. Ona elə gəldi ki, neçə il əvvəlki kimi, yataqxanada, qapının ağzında qucaqlaşıblar. Ürəyi sevinclə çırpındı. Adətinə xilaf olsa da, birinci özü hal-əhvl tutdu, həm də dil-dil
ötdü.
Qadın ayaq üstə dayanıb onlara tamaşa edirdi. Birdən Qədir qadına tərəf döndü, ona işarə edib dilləndi:
– Yəqin ki, artıq tanışsınız, bu da mənim köməkçi laborantım, dostum, iş yoldaşımdır. Həm də…həm də, həyat yoldaşımdır – bir sözlə, hər şeyimdir… 3 ildir evlənmişik. Yəqin xəbərin oldu, həyat yoldaşım 5 il bundan əvvəl vəfat edib. Mən də təkliyin daşını bu gözəl xanımla atdım.
Professorun ürəyinə sanki ox sancıldı. Bir anda əli yerdən-göydən üzüldü. Qüruru çilk-çilik olub yerə səpə ləndi. İmkanı olsa, özünü gizlədib yoxa çıxardı. Nə edəcəyəni, nə söyləyəcəyini bilmədi. Sanki halalca əri öz evində üstünə başqa arvad gətirmişdi. Az qaldı müvazinətini itirsin. Dizləri titrədi. Bayaqkı gülərüz, mehriban qadın gözünə
ifritə kimi göründü. Birtəhər özünü ələ aldı. Şeytanı köməyə çağırdı, şeytanla köməkləşib rol oynadılar.
–Hə, nə gözəl! Sevindim, əladır! Xoşbəxt olun! Təklik bir şey deyil… Doğrudur, mənim üçün elə də fərqi yoxdur. Başım qarışır, elə tək olmaq sərf edir. Elmi işlərim, məqalələr…
Ürəyindən qara qanlar axsa da, professor şöhrətindən, uğurlarından söz açdı, bir az da qadının acığına qazandıqlarını dönə-dönə sadaladı. Özü də hiss etdi ki, danışdıqları sabun köpüyü kimi uçub getdi. Qədir maraqla onu dinlədi, qadına üzünü tutdu:
– Sənə danışmışdım axı, professor bizim tələbələrin gözü idi. Çox istedadlıdır. Hətta bir müddət dəlicəsinə vurulmuşdum da ona. Az qalırdım dərdindən intihar edəm. Gənclik idi də, hisslərimiz coşub daşırdı. Dəlilikdi…
Şeytan professorun yadına saldı ki, bura gəlməyinin məqsədini deməlidir, nəsə uydurmalıdır.
-Mən də sizin mərkəzlə bağlı bir elmi məqalə yazmaq üçün gəlmişdim. Amma işə qayıtmalı oldum. Qalsın gələn dəfəyə.
-Hə… Necə istəyirsən. Amma nə vaxtdır görüşmürük. Aşağı düşək, üçümüz birlikdə nahar edək, həm də söhbətləşək.
-Yox, sağ ol! Çox tələsirəm! İşdən zəng ediblər, təcili qayıtmalıyam!
Aşağı düşdü. Qədir onu küçəyə kimi ötürdü. Dərhal taksiyə əyləşib oradan uzaqlaşdı.
Taksidən düşüb ayağını sürüyə -sürüyə gəlib oturacaqda əyləşdi. Ürəyində, beynində bir boşluq hökm sürürdü. Daha nə Qədir vardı, nə də illərlə ürəyində gəzdirdiyi xəyalları! Belini oturacağa söykədi. Uzaqdan çalışdığı institutun ağappaq divarları görünürdü. Ağappaq, boyasız, rəngsiz divarları…
Eheyy… odlar yurdu, odun sönməsin, İşığın odundan üzü dönməsin, Ucaltdığın bayraq göydən enməsin,- Qanınla etdin həkk, cənab general, – Məqamın mübarək, cənab general! * * * Üzün nur saçırdı, zəhmin yox idi, Amma yağılara rəhmin yox idi, Dərrakən dərindi, fəhmin çox idi, Etmişdin haqqı dərk, cənab general, – Məqamın mübarək, cənab general! * * * Ay-ulduz işıqlı, mənim boz qurdum, Sənə söykənmişdi müzəffər ordum, Olsaydı hər kəsdə, cənnətdi yurdum, Səndə olan ürək, cənab general,- Məqamın mübarək, cənab general! * * * Bir an haqq yolundan dönmədin geri, İmarət bilirdin soyuq səngəri, Necə qoruyurdun yurdu, əsgəri, Gözün bəbəyi tək, cənab general, – Məqamın mübarək, cənab general! * * * Ulduzlar içrə ən parlağı idin, Mərdlik libasının yarlığı idin, Varlığın çoxunun varlığı idi, Yoxluğun “haqqa” şəkk, cənab general, – Məqamın mübarək, cənab general! * * * Ağla, Dəli Domrul, ey Dəli Həsən, Çəkmək el yükünü deyildir asan, Sən elə müqəddəs ucalıqdasan, Çatmaz huri-mələk, cənab general,- Məqamın mübarək, cənab general! * * * Nağıl həyatına odanı yazdın, Sönmüş ocaqlara odunu yazdın, Ölməzlər fövqündə adını yazdın, İmzaladı fələk, cənab general,- Məqamın mübarək, cənab general! Müəllif: Məmməd QƏDİR