Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ…
Qarabağ ağrı idi…
Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.
Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…
Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…
Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…
Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…
Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…
Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…
Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…
******
Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…
Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…
1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə şəhadətə ucalmışdı…
Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…
Ondan yadigar qalan qara köynəkli sazı həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.
*****
27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…
27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…
Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…
Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…
Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!
Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!
*****
İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…
Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…
Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…
Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…
Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…
Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…
Hələ diplomunun mürəkkəbi qurumamışdı…
Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…
Dünya boyda ürəyində bir dünya arzuları vardı…
18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…
19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…
Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…
Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…
Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…
Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…
Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…
Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!
Ayşən RƏHİM1999-cu il yanvarın 1-də Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 №-li məktəbində bitirib. Eyni zamanda, Mingəçevir şəhər “Üzeyir Hacıbəyov adına musiqi məktəbində” fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib.“Yazarlar”jurnalının redaksiya heyətinin üzvüdür.
Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.
Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.
May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.
YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.
Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…
Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),
QURBAN BAYRAMOVUN KİTABI.
“Lirik qəhrəman və zaman” (1986)
QURBAN BAYRAMOVUN KİTABI.
kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.
Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.
QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.
Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
Ruhu şad olsun böyük şairimizin…
Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…
Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…
Ağdam – varlığın yoxluq səhnəsi Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı. Ağdamda 10 ballıq erməni zəlzələsi olub. Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi. Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib. Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir. Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər. Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi. Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər. Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq. Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı. İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq. Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik… Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da. Torpaq varsa, Vətən var! Qalanı düzələr… Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var. Bir də 28 illik zaman. Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar… Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri. Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım. Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa. Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama – torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm. Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış. Bu sevinc ayrı sevincdi. Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar. İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq. İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək. Həyat davam edəcək. Hər tarix bir dərsdi. Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi. Qarabağa, Ağdama, Şuşaya hər gedənə Yolçu mənə quş göndər, Dimdiyində torpağım – deyirdim. Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm. Bu səfər həsrətin, nigaranlığın son günü idi. Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur. Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir. Məni MƏN edən AĞDAMIM! Məni yaşadan məkan! Sənə qovuşmaq həyatımın ən xoş anıdı!
Qurban Bayramovun “Səməd Vurğun – lirik qəhrəman və zaman” monoqrafiysının latın qrafikası ilə yeni nəşrinə akademik İsa Həbibbəylinin ön sözü
Azərbaycan elmi-ədəbi və tənqidi fikrinin inkişafında özünəməxsus yeri olan filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovun çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal düşüncənin və professionallığın vəhdətindən ibarətdir. O, müraciət etdiyi problemlərə, ədəbi şəxsiyyətlərə zamanın gözü ilə baxmağı bacaran, qələmə aldığı məsələləri yüksək vətəndaşlıq səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə, həyata keçirməyin öhdəsindən gələ bilən əsl ədəbiyyat adamıdır. Yazdığı sanballı elmi əsərlərin bir çoxu ədəbiyyatşünaslıqda və tənqiddə mühüm əhəmiyyəti ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsidir…
Qurban Bayramovun ədəbi-bədii fakta, seçilmiş mövzuya ziyalı-vətəndaş mövqedən yanaşması, əsaslandırılmış, professional elmi-tənqidi münasibətin və universal düşüncəsinin kamil ifadəsi olan əsərləri bu reallığın göstəricilərindəndir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 1970- ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi əsəri 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiyası olub… Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib… Bunlardan “Vurğun poeziyası”(1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (1986), “Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv) (1988), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq”, (Jalə Qurbanqızı ilə birgə) (2001), “Poeziyanın sirri…” (monoqrafiya) (2009), “Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” (monoqrafiya) (2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. kimi kitabların müəllifidir.
Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “Məhəmmədhüseyn Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi maraqlı tədqiqat işləri vardır. Qurban Bayramovun bir sıra əsərləri, Türkiyədə, İranda, İraqda – Kərkükdə, Rusiyada, Macarıstanda, Krımda, Qazaxstanda, Litvada çap olunub…
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb. Xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları elmi mühitdə maraq doğurub…
Qurban müəllim ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda gənclik həvəsi ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə özünəməxsus rövnəq verir…
Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2011) olub.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), “Tanınmış Vurğunşünas alim” (2011), “Fədakar alim” (2011), “Səməd Vurğun mükafatı” (2011), “Elm fədaisi” (2012), “Vintsas” mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.
Çap etdirdiyi elmi əsərlər Qurban Bayramovun 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin, zəhmətkeşlik və fədakarlığın nümunəsi kimi meydana çıxmışdır.
Bu araşdırmaların və məqalələrin sərlövhələrindən də göründüyü kimi, o, tənqidimizdə, həmişə Mikayıl Müşfiqin sənət prinsipinin – “Şairə ilhamdan maya gərəkdir!” prinsipinin qoruyucusudur! O, istedadla yazılan, insanın və cəmiyyətin inkişafına xidmət edən əsl ədəbiyyatı təqdir etmiş, elmi cəhətdən qiymətləndirilmişdir.
Xatırladım ki, Xalq şairi Səməd Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Vurğunşünaslar Qurban müəllimin bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi-alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin və yaradıcılığının böyüklüyünü təhlildən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə çatdırııb. Elə bu baxımdan da Qurban Bayramovun Səməd Vurğuna həsr etdiyi elm əsər fərqlidir, yenidir və önəmlidir.
“Vurğun poeziyası” (1976)
Fikrimcə, Qurban Bayramov ədəbiyyatşünaslığımızın Vurğunşünaslıq qolunun ən ləyaqətli nümayəndələrindən biridir. Onun böyük Səməd Vurğun yaradıcılığına həsr etdiyi “Vurğun poeziyası” (1976), “Səməd Vurğun – lirik qəhrəman və zaman” (1986) monoqrafiyaları, onlarla məqalələri elmi mühitdə həmişə yüksək dəyərləndirilmişdir.
“Səməd Vurğun – lirik qəhrəman və zaman” (1986)
Akademiklərdən – Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, professorlar – Mirzağa Quluzadə, Kamran Məmmədov, Yəhya Seyidov, Əkbər Ağayev, Qasım Qasımzadə, Qulu Xəlilov, Atif Zeynallı, Cəlal Abdullayev, Şamil Salmanov və sonralar Səməd Vurğun irsinə müraciət edən bütün tədqiqatçılar Qurban Bayramovun bu sahədə olan xidmətini yüksək səviyyədə dəyərləndirmişlər…
Bu sıradan, bütün rəy və fikirlər üçün səciyyəvi olan iki faktı xatırladıram:
Filologiya elmlər doktoru, professor Cəlal Abdullayev: “Mən özüm də Səməd Vurğunun tədqiqatçılarındanam. Qurban Bayramovun tədqiqatı həm böyük şairin tədqiqatı sferasında, həm də bizim ədəbiyyatşünaslıqda öz orjinallığı və yeniliyi ilə fərqlənir. Mən, doğrusu, bu tədqiqatı nəzəri səviyyəsinə görə Ümumittifaq səviyyəsində ola bilən bir əsər kimi qəbul edirəm. Əsər onun müəllifinin yüksək erudisiyaından xəbər verir.”
Filologiya elmlər doktoru, professor Yəhya Seyidov: “Qurban Bayramov …gündən-günə yüksələn, inkişaf edən müasir ədəbi proseslə çox canlı, fəal məşğul olan, mətbuatda ciddi və yetkin məqalələrlə müntəzəm çıxış edən istedadlı tənqidçi və ədəbiyyatşünasdır.”
Qurban Bayramovun Səməd Vurğun poeziyası haqqında yazdığı tədqiqatların böyük bir qismi keçmiş sovet rejiminin sərt ideoloji qadağaları dövründə qələmə alınmasına baxmayaraq, müəllif fikirlərini yüksək peşəkarlıqla ifadə edərək müasir məzmunlu, milli ruhlu bir əsər yarada bilmişdir. Və buna görə də, bu sanballı əsərlər bugün də öz aktuallığını və elmi səviyyəsini saxlayan dəyərli ədəbiyyatşünaslıq faktlarındandır…
Təqdim edilən monoqrfiyanın birinci nəşrinə sanballı ön söz yazmış, hamımızın ustadı olmuş akademik Məmməd Cəfər Cəfərovun ifadə etdiyi kimi, “Qurban Bayramov “Lirik qəhrəman və zaman” əsərində çoxmillətli sovet şeirinin ən görkəmli yaradıcılarından biri olan Səməd Vurğunun lirik qəhrəmanı, onun şair obrazı, şair şəxsiyyəti haqqında faydalı və yeni elmi təsəvvür yarada bilmişdir. Bu kitab qüdrətli sənətkar Vurğun poeziyasının pərəstişkarlarına layiqli bir töhfədir.”
Dəyərli ustadımızın bu qiymətli fikrinə, onu da əlavə edim ki, Azərbaycan ədəbiyyatşünaslığında Vurğunşünaslığın yaradılması bütövlükdə elm tariximizin əhəmiyyətli hadisələrindəndir. Ayrı-ayrı vaxtlarda bu mövzuda yazılmış əsərlər, aparılmış tədqiqatlar, çap olunmuş məqalələr ədəbiyyatşünaslıq elmimizin “Vurğunnaməsi” kimi dərin mənaya malikdir və olduqca ətraflı, zəngin elmi-məlumat bazasını əhatə edir…
Əsasən, müasir Azərbaycan ədəbiyyatının tədqiqi məsələlərinə həsr olunmuş elmi və bədii əsərlər, Qurban Bayramovun tədqiqatlarında geniş yer tutur. Xalq yazıçısı İlyas Əfəndiyevi, tanınmış jurnalist-yazıçı Əli İldırımoğlu, görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayev haqqındakı araşdırmalarının hər biri sistemli monoqrafik elmi əsərlərdir. Qurban Bayramov bütövlükdə müasir Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin əsas yaradıcılarından olan bu şəxsiyyətlərin yaradıcılıq özünəməxsusluğunu müəyyən edən ana xətləri seçib ayırmağı və qiymətləndirməyi bacarmışdır.
Müasir ədəbiyyata dair digər tədqiqatlarında olduğu kimi, ədəbi elmi dövriyyəyə gətirdiyi “poeportret” janrında ədiblərə ünvanlanmış əsərlərində də, Qurban Bayramov memuar janrının cizgilərini tənqidi mətnə daxil edərək, təhlilləri və tədqiqatları ilə vəhdətdə oxuculara təqdim edir. Bu yolla yazıçıların, şairlərin və ədəbiyyatşünasların təkcə ədəbi-elmi xidmətləri deyil, həmçinin tərcümeyi-hallarının maraqlı məqamları, şəxsiyyətləri, mənəvi dünyası da təqdim olunur. Bütün bunlar isə yazıçını və ya ədəbiyyatşünas alimi mühiti və müasirləri, mənəvi aləmi və münasibətləri ilə birlikdə tam halda oxuculara çatdırmağa şərait yaradır. Bu tip tədqiqatları və məqalələrində Qurban Bayramov sənətkar və zaman münasibətlərinə də aydınlıq gətirir. Bu əsərlərdə ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, istedadlı qələm sahiblərinə dərin ehtiram qırmızı xətt kimi keçir…
İctimai həyatda ədəbiyyatın rolunu dərindən dərk edən Qurban Bayramov tədqiqatlarında ədəbiyyat və həyat məsələlərinə dair araşdırmalara geniş yer verib. O, haqlı olaraq yazır ki, böyük ədəbiyyat yarandığı zamanın tarixi, fəlsəfəsi və sosiumun kompasıdır. Zaman faktoru həmişə böyük ədəbiyyat üçün zəruri olub. Ədəbiyyat zamanı dərk və əks etdirən, irəli aparan əsas hərəkətverici qüvvələrdən biridir. Ədəbiyyat – Zamanı ələkdən keçirir və gələcəyə aparır…
Qurban Bayramov müasir ədəbi prosesi düzgün qiymətləndirməyi bacaran tənqidçi və ədəbiyyatşünasdır… O, ədəbiyyatın ümummilli inkişafdakı mənəvi-estetik funksiyasını dərindən təhlil edib qiymətləndirən tənqidçi-filoloqdur.
Tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ədəbi proses haqqında dəyərli araşdırmaları ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli tədqiqatlardır. Onun Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Əhməd Cavad, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nazim Hikmət, Nikolay Tixonov, Məmmədəfər Cəfərov, Mehdi Hüseyn, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Kərimli, Qasım Qasımzadə, Zeynal Xəlil, Kamran Məmmədov, Qulu Xəlilov, Əkbər Bayramov, Yaşar Qarayev, Qəzənfər Kazımov, Qəzənfər Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Əhməd Cəmil, Nəbi Xəzri, Cabir Novruz, Adil Babayev, Yusif Əzimzadə, Cəmil Əlibəyov, Anar, Elçin, Məmməd Araz, Əliağa Kürçaylı, Fikrət Qoca, Nəriman Həsənzadə, Balaş Azəroğlu, Hökümə Billuri, Əzizə Cəfərzadə, Əzizə Əhmədova, Leyla Əliyeva, Mahirə Nağıqızı, Firuzə Məmmədli, Musa Yaqub, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, Hikmət Ziya, Tofiq Mütəllibov, İbrahim Göyçaylı, Hidayət, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Vaqif Arzumanlı, İslam Ağayev, Akif Bayramov, Aydın Dadaşov, Nazif Qəhrəmanlı, Şirindil Alışanlı, Rəhim Əliyev, Asif Rüstəmli, Mahiras Gamzayevas (Mahir Həmzəyev), Şakir Qabıssanlı, Hamlet İsaxanlı, İslam Qəribli, Ənvər Əhməd, İsgəndər Etibar, Şahməmməd, Əli İldırımoğlu, Yusif Kərimov, Hikmət Mahmud, Əhməd Elburus, Seyran Səxavət, Aqil Abbas, Taleh Həmid, Əlirza Xələfli, Zakir Fəxri, Şöhlət Əfşar, Məmməd İlqar, Qələndər Xaçınçaylı, Elçin İsgəndərzadə, Adil Cəmil, Ziyəddin Məhərrəmov, Məsiağa Məhəmmədi, Gülhüseyn Kazım, Elxan Məmmədli, Əbülfət Mədətoğlu, Yusif Nəğməkar, Əhməd Qəşəmoğlu, Nazim Əhməd, Zaur Ustac, Nəcməddin Mürvətov, Vəliyulla Novruz, Alim Qasımov, Ağarəhim Rəhimov, Tamxil Ziyəddinoğlu və b., xüsusən, “Qarabağ – Şuşa ədəbi mühiti: uzaq tarixi keçmişimizdən bu günümüzə qədər” (2003), “Şuşa elm və mədəniyyət mərkəzi kimi” (2003), “Qan içində “Xarı Bülbül” (2003), Naxçıvan şairlərinin yaradıcılığına həsr olunmuş tədqiqat istiqamətli “Arazın nəğmələri” (1979), “Çağdaş poeziya – ədəbi istiqamətlər və sənətkarləq məsələləri” (2006), “Müasir poeziyanın imkanları və imkansızlığı” (2011) qəbildən məqalələri, həmçinin, onlarla müasir gənc şair və yazıçılar haqqındakı elmi və ədəbi-tənqidi məqalələri müasirliyi, aktuallığı ilə ədəbiyyatşünaslıq elmimizin, tənqidimizin qiymətli faktlarındandır…
Qurban Bayramov həmçinin bacarıqlı publisistdir. O, vətəndaşlıq mövqeyindən çıxış edərək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli mətbuatımızda dövlətçiliyimizin uğurlarını təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.
Qurban Bayramov böyük enerji ilə bu gün də azərbaycançılıq ideyaları iıə zəngin ədəbiyyatımızı yüksək vətəndaşlıq, universal ziyalı düşüncəsi səviyyəsində əzmkarlıqla təbliğ edir. Millətinə və dövlətinə, ədəbiyyatına və mədəniyyətinə bağlılıq tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun elmi-ədəbi andıdır…
Bir cəhəti də qeyd etməliyəm, bu gün də dövrü mətbuatı açıb baxsanız, Qurban Bayramovun cavanlıq ruhu ilə yazılmış yüksək səviyyəli yazılarına rast gələrsiniz…
Bizim XX əsr ədəbiyyatımızın, hətta müstəqillik dövrü ədəbiyyatımızın tədqiqində və təbliğində Qurban Bayramovun özünəməxsus xidmətləri vardır. O, Ədəbiyyat İnstitutunun aşiqidir, Ədəbiyyat İnstitutunda uzun illərdən bəri baş verən nailiyyətləri və dəyişiklərə ürək dolusu sevinən Qurban Bayramov həmin nailiyyətləri öz tərcümeyi-halının hadisəsi kimi qeyd etməyi bacaran və onu ürək dolusu cəmiyyətə çatdıran ədəbiyyatşünasdır. Hesab edirəm ki, Ədəbiyyat İnstitutu Qurban Bayramov üçün, və ümumiyyətlə bizim hamımız üçün bir məbəddir. Eyni zamanda, Qurban Bayramov özünün çox illik fəaliyyəti ilə doğma İnstitutun inkişafına öz töhfələrini vermişdir. Ona görə böyük sürətlə uçub gedən bu illərdən keçmişə baxarkən görürəm ki, hər hansı mərhələdə Ədəbiyyat İnstitutuna nəzər salsaq, orada Qurbanın sözü var, özü var, əsəri var. Çap etdirdiyi çoxsaylı kitabları və məqalələri Qurban Bayramovun həm də Ədəbiyyat İnstitutu qarşısındakı hesabatıdır.
Gənclik dostum Qurban Bayramovun 75 yaşını ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayıram.
Tənqidçi-ədəbiyyatşünas alim, professor Qurban Bayramovun anadan olmasının 75 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığı barədə hələ ötən əsrin 80-ci illərində nəşr olunmuş “Lirik qəhrəman və zaman” adlı kitabı müasir Azərbaycan əlifbası ilə nəşr olunaraq oxucuların öhdəsinə verilib. Kitabın elktron forması da var. Bir daha Qurban müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Qurban müəllim!!!
Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbi nin nümunəvi şagirdi Altay Baqeridən Azərbaycana məktub var. Məktubu və fotonu olduğu kimi sizlərə təqdim edirik. Bayramınız mübarək, soydaşlar! Dünyanının harasında yaşayırıqsa, yaşayaq hamımızın bir Vətəni var! Azərbaycan!
And olsun doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə Əlincə böyüklükdə azadlığa!Bu Vətən cənnətin öz bənzərində… Bir daşına dünya dəyməz, Qiymətini yadlar bilməz!
And olsun Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə! Milli ruhun odu sönməz, Bir kərə yüksələn bayraq, bir daha enməz!
And olsun Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah- naləyə, üzərində donmuş uşaq, qırmızı- bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə- tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı – damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara! Bu xalq torpaq verməz,Şəhidlər ölməz, Vətən bölünməz!
And olsun zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üç rəngli əzəmətinə, iki yüzü yox edən birin öz- özünə heyrətinə, el- obaya özü təskinlik verən şəhid atasının yerdən- göyə qeyrətinə, vətən- oğul sevgisinə- iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman- ümman qüruruna! Səkkizguşəli ulduzlar heç zaman sönməz, Şəhid ruhlu bayrağımız, ləkə götürməz!