“Tək-tək saralan ümid yarpaqları tökülür, gözlərimdəki Günəşin həzin dəfnində. Bu təlatümlü gözyaşlarının dərinliyində Axıdır qan selini həsrətə Hayqırır arzuların yalvarışları.. Bu, qanadsız payızımın sonuncu çırpınışları… Səndən sonra neçə bakirə gecələrin açılmamış pərdələri Ağrıları doğub, boş küçələrin xatirə bətnində, Lavinia ətrində.. Neçə nəfəs külqabının tüstüsündə boğuldu bu Günəşsiz soyuq divarlarda. Neçə misralar inildədi dodaqlarımda.. Gözlərimdənsə, qayıdasan deyə çəkdiyim yollar keçdi.. Öləzidi vüsalın hənirtili arzusu.. Sonuncu özləmin yelləndiyi edam ipi də o gecə yuxuda əllərinlə hördüyün saçımın hörüklərindən yıxıldı.. Hər telim barmaqlarının darağından keçdi həmin an. Və susdu bütün müqəddəslərin səsləri Sükunətə həbs oldu.. Uzaqdan kilsə zəngləri Mozartın “Lacrimosa”sına gülümsədi.. Dağıldı bütləri məbədlərin, Bircə səs ucaldı minarələrdən: “Gedənlər, tələsin darıxmağa” Sonra yalnızlığın alın təri axdı şərabıma Və yadıma düşdü demədiyim yalanlar, etmədiyim günahlar.. Tənhalıq simfoniyasının şikəst notları üzərində ölü mələklər son duasını etdi kimsəsiz divarlarımın sükunətində: Tuere eum Jesus , amen” (İsa, onu qoru! Amin) Mənsə, and içirəm balıq yaddaşıma ki, səni unudacağam. Və qurudacağam xatirələri bircə əlvidanın arasında…”
Azərbaycan Mətbuat Şurasında tanınmış Özbəkistan yazarı ilə görüş keçirilib
Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistanın “Şöhrət” medalı laureatı şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib. Bizimyazi.az xəbər verir ki, görüşdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər və yazarlar iştirak ediblər. Tədbir mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinin bir dəqiqəlik sükua yad olunması ilə başlanılıb. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid X.Rüstəmin bioqrafiyası ilə iştirakçıları tanış edib. “1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir. X.Rüstəm Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazardır. Onun 44 günlük müharibə dönəmində yazdığı “44 gün” kitabı çap olunub. 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlamaqları əlamətdar məqamlardan biridir”. MŞ sədri sözügedən şairin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı poema yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu da diqqətə çatdırıb. R.Məcid özbək jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib. “Yeni Müsavat” media qurumunun rəhbəri Rauf Arifoğlu çıxışı zamanı X.Rüstəmin Özbəkistanı ədəbi cəhətdən Azərbaycanlaşdıran ziyalı kimi təsnif edib: “Xasiyyət xanımla Turan qurultaylarında görüşmüşəm, onun evində qonaq olarkən əsl ziyalı mühiti görmüşəm”. R.Arifoğlu turan ellərində növbəti görüşlərin keçirilməsini arzulayıb. Tədbirdə iştirak edənlər arasında “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, MŞ idarə heyətinin üzvü, jurnalist Ceyhun Musaoğlu, şair İlqar Türkoğlu, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, DGTYB idarə heyəti üzvü Yusif Nazim Ərəbsoy, yazar Gülşən Behbud, gənc türkoloq Məleykə Mirzəli, gənc yazarlar Rübabə Sahib, Həsən Kür, Ayşən Rəhim, Banu Məhərrəm, “Vision TV” internet televiziyasının rəhbəri Şöhrət Eldəniz və başqaları yer alıb. Çıxış edənlər özbəkistanlı yazarın yaradıcılığındakı xarakterik məqamları dilə gətiriblər. Onlar X.Rüstəmin türk xalqlarını bir-birinə yaxınlaşdırmaq amalını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər.Onlar qeyd ediblər ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi əhəmiyyət daşıyır. İştirakçılar dünyada Azərbaycana qarşı güc nümayiş olunduğu bir zamanda onun Türk birliyinin qorunmasına xidmət etməsini təqdirəlayiq olduğunu vurğulayıblar. Tədbirin sonunda X.Rüstəm ədəbi fəaliyyətinə və gördüyü işlərə verilən yüksək dəyərə görə tədbir iştirakçılarına minnətdarlığını dilə gətirib. Azərbaycanda olmasından və tədbirdə iştirak etməsindən dolayı məmnunluğunu ifadə edib. O, bu dəyərin və haqqında səslənən xoş fikirlərin onu daha da ruhlandırdığını bildirib. Azərbaycanı özünə ikinci vətən hesab etdiyini vurğulayan qonaq müəllifi olduğu şeirlərdən nümunələr səsləndirib. Tədbirin sonunda X.Rüstəm tərəfindən Rəşad Məcid və İntiqam Yaşara rəhbəri olduğu qəzetin fəxri diplumları təqdim olunub. Xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub. Fotolar:
Qeyd: Təqdimat 26.01.2024-cü il tarixində baş tutub.
SALAM Gəl, Sən Allah üzürlü say Buralar tör-töküntüdür Gözlə açım pəncərəni Hə Otaq biraz bürküdür. Bu nəhəng təkliyim səni Deyəsən yaman hürküdür. * * * Əsl qadın faciəsi Tozlu pəncərə şüşəsi Dəhlizin ortasındadır Dağılmış bir zibil qabı Cırılmış iki-üç şəkil Çərçivənin sınıqları Parçalanmış qırmızı don Və dikdaban ayaqqabı.. * * * Sükut, vahimə , kölgələr Dualar çarmığa çəkir Ümidləri , intiharı .. Qürur geyinir əzabı Yalnızlığın taleyimdə Yaratdığı iltihabı.. * * * Xatirələr guruldayır Yağış yağır damır tavan Zamanın çatlarında qan.. Biraz asta gəz nə olar Xatirələr oyanacaq Və qarşında utanmadan Ağrıları soyunacaq… * * * Ayağını qanadacaq Son arzunun çilikləri Və anamı ağladacaq.. * * * Bilirsənmi? sükut səsi Adamı lap dəli edir İntəhasız tənhalığın Darıxmağın iniltisi . * * * Bir də gecə olan kimi Bu itlərin ulaması Xatirənin tikan kimi Bədənimi dalaması … * * * Hərdən , vahiməli olur Ayrılıq da udur məni Bir söz deyim amma gülmə Düz başımın üstündəki Bu eybəcər Mona Liza Hə o da qorxudur məni .. * * * Ay yad adam , getmə dayan Bir çay qoyum , təzə dəmlə Elə adamsızlaşmışam .. İstəmirəm itirməyi. Axşamacan dərdləşirik Bir mən bir də qara pişik .. yox onun günahı deyil Talemin tərs gətirməyi ..
SALAM ƏZİZİZM Salam əzizim… burda yenə gecədir Yazıram ki , soruşum Görən halın necədir? Bircə nigaran qoyma ..bir kəlmə də olsa yaz Özünə yaxşı bax ha eşitdim ki, soyuqdur Qalın geyin əynini.. Tamam yadımdan çıxıb,ağlım çaşıb bağışla Axı sən xoşlamırdın anan kimi danışıb Qayğını çəkməyimi.. * * * Nə yeyib nə içirsən? Yoxsan getmisən bil ki ,gündə ən azı min yol gözlərimdən keçirsən.. İstəmirəm korlayım əhvalını amma ki Heç özümdə deyiləm.. Yediyim dərddir ancaq, içdiyimsə zəhərdir Sənsiz məni yaşadan bir quru xatirənsə həsrətində gecələr öldürən bu qəhərdir. * * * Ax üşüdür səsinin buz kimi soyuqluğu Titrəyirəm..tənhalıq iliyimə işləyir İsti hərarətinlə hansı heykəl baxışa Ruh üfürdün görəsən? Yenə hava küləklidir ,üşüməli küləkdir Gözəl günlər səninlə getdi xatirə olub Bilirəm ki heç zaman geri gəlməyəcəkdir Deyirəm ki ,biləsən.. * * * Payladım ən sonuncu əlvidamı hardasa Məni yalnız buraxma vidaları sevmirəm Gəl yenə əvvəlkitək köksünə sıx , qucaqla Allahhaqqı saçlarım çiynin üçün darıxır Kəsmirəm heç dəymirəm uzadıram acıqla. * * * Bu sərsəri duyğular..yox heç tanış deyildi Səndən əvvəl o adamın gözü də yaş deyildi Saçı da payız idi , o balaca qız idi Sərçətək kövrək idi ürəyi daş deyildi.. Hələ ömrün yazıydı , hələ də qış deyildi.. * * * İndi bu boz şəhərin bütün küçələrində Sənin ayaq izlərini baxışlarım yalayır Hamıya sevgi düşdü, payımasa tənhalıq “Xalqa it hürüyəndə, mənə çaqqal ulayır”
XATİRƏLƏR Keçmişin rəflərində itib-batmış xatirələr Unutmaq zəncirini qırıb Yapışır darıxmağın yaxasından.. Və vəhşi vüsalın əlləri ayrılığın ayaqlarını qapır.. Tale xətləri ovucumun qırışlarına hopur Və qopur ömrümün əqrəbləri saatdan Əskilir təqvimlər. Dəhlizin divarlarında son ümid rəqsilə Tənhalaşır kölgələr. İndi bu qurumuş cümlələr Vergüllərə dönən nöqtələrlərlə Epiloqda bitəcək Sonuncu səhifədə son sətrinlə.. Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar. Neçə ip utandı zaman asarkən Arzuları boğazından.. Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi Gözəldir təkliyim. Ehtişam, İki şam, Dörd divar , Boş otaq fəlsəfəsi və köhnə grammafonda retro.. Təbəssüm gizlənən dolu qədəh və Freda kahlo: “İçimdə qırx qadın Qırxı da özgə Qırxı da digəri”.
Ayşən RƏHİM1999-cu il yanvarın 1-də Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 №-li məktəbində bitirib. Eyni zamanda, Mingəçevir şəhər “Üzeyir Hacıbəyov adına musiqi məktəbində” fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib.“Yazarlar”jurnalının redaksiya heyətinin üzvüdür.