Şəki şəhərinin bir müddət Nuxa adlanmasının səbəbi yəqin ki, oxucularımız üçün də maraqlıdır. Yunan coğrafiyaçısı Klaudius Ptolemaeus (100-170) qeyd edirdi ki, Alban şəhərlərindən biri də Niqa adlı yaşayış məntəqəsidir.
Məşhur sovet-tatar tarixçisi və filoloqu, Ukrayna Elmlər Ajademiyasının qurucusu Ağatanğel Yefim Qırımlı (1871-1942) isə yazırdı ki, Niqa toponimi sonradan Nuxaya çevrilmişdir.
Nuxa adlı yaşayış məntəqəsi indiki Şəki şəhərinin yerləşdiyi ərazidə, bugün Yuxarıbaş adlanan yerdə yerləşirdi. Əsl Şəki isə bir qədər cənubda idi.
1772-ci ildə güclü sel Şəkini yerlə yeksan etdi. Bu fəlakətdən sonra şəhər əhalisi qərara aldı ki, Kiş çayının dağıdıcı təsirinə məruz qalmayan yerdə məskunlaşsın. Beləliklə, Şəki camaatı Nuxa kəndinə köçdü. Şəki şəhərinin uzun müddət Nuxa adlanmasının səbəbi məhz budur.
Onu da vurğulayaq ki, qədim Şəki və Nuxada yaşayanlar bir elin, bir tayfanın üzvləri idilər.
P.S. Şəkinin 2.700 yaşı var. Şəhəri əhatə edən dağlar isə 11 milyon il əvvəl yaranmışdır.
Şəki ziyalısı Qalib Əsədovun paylaşımında, “Şəki və onun təbabət tarixi” kitabından.
ERMƏNİLƏRİN AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ “BÖYÜK ERMƏNİSTAN ARZUSU“
(1918-1920-Cİ İLLƏR)
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi – azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Sonrakı mühüm tarixi hadisələr – 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və XI Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa da 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanılmış, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan xalqı bir daha öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır. Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqı üçün heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur. Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. Əslində bütün bu hadisələrin hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar.
I Dünya müharibəsinin başlanması ilə, 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, neftlə zəngin Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.
Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.
I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 6 vilayəti ərazisində “Böyük Ermənistan”ı yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər. Çoxsaylı erməni əhalisi “Daşnaksutyun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirilər.
Bu cəza əməliyyatı “Daşnaksutyun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində Erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək Erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin “dənizdən dənizə” qədər uzanan “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.
Bakı qəzası-Mart 1918-ci il
1918-ci ilin martında Bakıdasiyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Ter-Mikaelyans Erməni Milli Şurası və “Daşnaksutyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış 36 cild 3500 vərəq istentaq materiallarından 6 cild və 740 vərəqi təkcə Bakı və onun ətraf kəndlərində baş verən faciələrlə bağlıdır. Bu sənədlərdən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlman öldürülmüş, xalqın bir çox ziyarətgahları o cümlədən Təzə pir məscidi və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş və şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edilmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.
Quba qəzası-Aprel-May 1918-ci il
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Qubada da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi buraya Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız ermənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Hamazaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini inkar etmirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm” deyirdi. Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Harınlamış ermənilər qocalara, uşaqlara, qadınlara belə aman verməyərək qabaqlarına çıxan bütün müsəlmanları məhv etmişdilər.
Şahid ifadələrinə görə aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin burada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qeyri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə “Dəyirmançı” ləqəbli yerli erməni Harutyun Hayrapetov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.
Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyidlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi əhalini qorxutmaq və vahimə içində saxlamaq. Zorakılıqlar, qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.
Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdir. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur.
Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayan vəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların meyitlərindən əl çəkmirdilər. Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi.
Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən ailələrə dəymiş ziyan ümumi şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdir.
Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600-700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi
1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmış, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmişdir.
Quba qırğınlarının birbaşa təşkilatçıları – Şaumyan, Korqanov, icraçıları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idilər. Bolşevik və daşnak S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi – soyqırımı hadisəsi idi.
Şamaxı qəzası-1918-ci il
Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı soyqırımı ayrıca yer tutur.Şamaxı qəzasında bədnam S. Lalayanın və T. Əmirovun rəhbərlik etdikləri erməni daşnakları azğınlaşaraq müsəlman əhaliyə misli görünməmiş divan tutmuşlar. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, pullarını alır, sonra ailələri bütünlüklə qətlə yetirmişlər. Eləcə də S.Lalayanın əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidlərinə, həmçinin VIII əsrə aid olan Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırmışlar. Zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.
Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdır. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai bina¬lar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilmişdir.
Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumlarından zərər çəkmişlər. Hücumlar zamanı və əsirlikdə öldürülənlərin – ümumi sayı 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülmüşdür. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi 607.167.420 rubl təşkil etmişdir.
Şamaxı soyqırımını Azərbaycanın digər bölgələrindəki soyqırımlarından fərqləndirən cəhət qəzanın molokan-rus əhalisinin də bu hadisələrdə ermənilərlə birgə fəal iştirakı olmuşdur. Şamaxı soyqırımına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsinin miqyasını bilməyə imkan verir.
Göyçay qəzası-1918-ci il
1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün evlər talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir. Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir. 1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.
Cavad qəzası-1918-ci il
Aprel ayının əvvəllərindən başlayaraq erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından başlayaraq Kür boyu hərəkət etmiş və qəzanın azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi və Hilə-Mirzəlikəndə hücumlar etmişlər. Gözlənilmədən kəndləri mühasirəyə alan erməni daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə yetirilmiş, 44 yaşayış evini , kənd məscidini, müqəddəs kitabları yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər. Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndlər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə misli görünməmiş vəhşiliklə qətlə yrtirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Məşədi Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edilişdir. Bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əlimərdan bəy Topçubaşovun arxivindən aşkar edilmişdir. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olmuşdur.
Rəşad Məcid – yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru.
BAŞ BƏLAMIZA ÇEVRİLMİŞ AKTUALLIQ
və ya HƏMİŞƏYAŞIL MÖVZULAR:
Dindirir əsr bizi, – dinməyiriz, Açılan tоplara diksinməyiriz.
M.Ə. SABİR.
OXULAQ, BƏLALARDAN QURTULAQ
Əziz oxucu!
Tale elə gətirib ki, mən bu yazını çap olunandan təxminən bir il sonra Laçın rayonunun Qarıqışlaq kəndində oxumuşam. Qarıqışlaqda hər kəs Qaragöllə nəfəs alar, dədə-baba yurdumuza düşmənin göz dikməsi ilə kimsə barışmazdı. Necə ki, Laçın işğal olunduqdan sonra rayonun bütün əhalisi doğma dağlara qayıdacağına inamını bir gün də olsun itirmədi. Bu məqalədə haqqında söz açılan Çingiz Mehrəliyevi də yaxından tanıyırdım. Qaragöllə bağlı SSRİ kimi qüdrətli imperiyaya dava açan o mərd və yorulmaz ziyalı həm Bərdəyə gələndə yolunu bizdən salar, həm də biz Laçına, Qarıqışlağa gedəndə ailəmizə yüksək qonaqpərvərlik göstərərdi. Məcburi köçkün düşdükdən sonra da mərhumla bir neçə dəfə görüşmək fürsətim oldu. Üzərindən on illər keçdikdən sonra yazının müəllifi Rəşad Məcidlə də tanış oldum. Bir qədər geniş söhbət etmək imkanı olanda mütləq Qaragöldən, Çingiz Mehrəliyevdən, Gəloxçu elinin başqa bir mərd ziyalısı, 1992-ci ilin mayında Laçını tərk etməyərək şəhid olan İbiş Əsgərovdan danışardıq. Qaragöl ətrafında sərhədlərin demarkasiyası ilə bağlı yaranmış gərginlik bu yazını yenidən xatırlamağıma səbəb oldu və mətni əldə etdim. 1989-cu ildə qələmə alınmış və o dövrün nüfuzlu “Elm və həyat” jurnalında çap olunmuş bu yazı həqiqətən də Qaragöllə bağlı çox qiymətli araşdırmadır. Bu araşdırmada üzə çıxan ən önəmli faktlardan biri də budur ki, o dövrdə Ulu Öndər Heydər Əliyev cəmi ikicə ay öncə hakimiyyətə gəlmiş olsaydı, Azərbaycanın bu gün Qaragöldə demarkasiya aparmasına lüzum olmayacaqdı. Beləliklə, AzNews.az portalı olaraq Qaragöllə bağlı Rəşad Məcidin unudulmaz, aktual və konkret faktlarla zəngin məqaləsini diqqətinizə təqdim edirik.
Taleh Şahsuvarlı, baş redaktor
***
“Min cür nemətlərlə zəngin olan cənnət Azərbaycan torpağı!” Uzun illər dəbdəbəli kəlmələr torpağımız haqqında yazılan cild-cild əsərlərdən, romanlardan, poemalardan, şeirlərdən düşməyib. Uzun illər bu Vətəni qarşımıza qoyub eninə-uzununa tərifləmişik. Amma bu gözəlliyə, bu nemətlərə qəsd ediləndə, cənnət torpağımız tikə-tikə, parça-parça kəsilib “qonşulara” veriləndə səsimiz çıxmayıb, çıxıbsa da, tezcə ağzımıza daş basılıb.
Cənnət Azərbaycan torpağında hüsnünə şeirlər qoşduğumuz göllər var – Göygöl, Maralgöl, Ağgöl və s. Bu göllərdən biri də Azərbaycan SSR-in Laçın rayonu ilə Ermənistan SSR-nin Gorus rayonu arasındakı sərhəddə yerləşən Qaragöldür.
İndiki sərhədlərimizdən uzaqda yerləşən qədim Göyçə Sevana döndüyü kimi, Qaragöl də yavaş-yavaş özünə təzə ad “qazanmaqda” – “Sevlic”ə dönməkdədir. Dönməkdədir yox, Azərbaycan xalqının “fərasətli” oğullarının köməkliyi sayəsində artıq çevrilibdir.
Yaman mürgüləmişik. Qulağımızın dibində top atılıb, oyanmamışıq. Hələ deyəsən, indi-indi mürgüdən qalxırıq, oyanırıq, top səsini, mərmi səsini eşidirik! Daha doğrusu, torpağımızın daha bir cənnət guşəsinin – ürəyimizin başı Dağlıq Qarabağın Artsağa “çevriləcəyini” eşidib ayılırıq və mətbuatımızda 1969-cu ildə Azərbaycan SSR-dən kəsilib Ermənistana verilən torpaqların, meşələrin, kəndlərin, o cümlədən, Qaragölün taleyi barədə söz deyirik, hay salırıq.
… Qaragöl haqqında bu yazımla əlaqədar Laçın rayonunda olarkən qəribəydi ki, mənə Qaragölün dərdiylə bilavasitə haçansa məşğul olmuş hansısa bir təşkilatın sənədləri ilə deyil, Qarıqışlaq kənd orta məktəbinin müəllimi Çingiz Mehrəliyevlə görüşməyi tövsiyə etdilər.
Laçın Rayon Partiya Komitəsinin binasında təsadüfən tanış olduğum Çingiz müəllim, sən demə, elə Qaragöllə bağlı yenə birinci katiblə görüşmək arzusundaymış. Niyyətimi bildirən kimi Çingiz müəllim qoltuğundakı qovluqları göstərdi, sanki sinəsindən alov püskürürdü, yanıqlı-yanıqlı danışırdı. Yox, sızıldayırdı. Deyəsən, yaxşı tapışmışdıq…
Bu adam – istedadlı müəllim, kənd ağsaqqalı saçlarını Qaragölün taleyi uğrunda ağardıbdı. İyirmi ildən artıqdır ki, Laçın rayonunun və respublikanın əlaqədar təşkilatlarının qapısına ayaq döyür, həyəcan təbili vurur, di gəl ki, nə səsinə səs verən var, nə sözünü eşidən. Qaragöl yaylağının günü-güzəranı da qarala-qarala gedir. İyirmi il ərzində Çingiz müəllimin təşəbbüsü, kənd camaatının köməkliyi ilə respublikanın, ölkənin bu məsələ ilə az da olsa əlaqəsi olan təşkilatlarına 500-ə yaxın ərizə, məktub, onlarca teleqram göndərilib. Təsəvvür edirsinizmi, 500-ə yaxın!.. Çingiz müəllimin evində üst-üstə qalaqlanmış çoxlu qovluqlarda Qaragöllə bağlı qiymətli sənədlər, müxtəlif illərin xəritələri bu adamın narahat ömründən xəbər verir.
Çingiz müəllimin söhbətini dinlədikdə onun qoynunda yaşadığı bu uca dağlara bənzəyən qəddi-qaməti qarşısında, ağrıyla danışdığı həqiqətlər qarşısında əyilirəm, Qaragölün qara taleyində özümü və ümumən hamımızı günahkar sayıram. Və Çingiz müəllimin dəst-dəst yığılmış qovluqlarındakı sənədləri, topladığı xəritələri, bir də ömrü Qaragöl yaylağında keçən bu ağsaqqalın yaddaşındakı söz-söhbətləri bu yazı üçün ən etibarlı mənbə hesab edirəm.
ÖNCƏ BİR AZ YAXIN KEÇMİŞDƏN…
Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və Qaragöl yay otlağı Gəloxçu tayfası adlanan doqquz para (Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni və s.) kəndin olub.
Yazağzı dədə-babalarımız bu yaylaqlara qalxar, bu otlaqlarda mal-qoyun saxlardılar. Qaragölün dupduru, tərtəmiz suyundan çay qoymaq, xəmir yoğurmaq üçün istifadə olunardı. Məscid adlanan yerdə camaat dini mərasimlər keçirər, yaylaqda ölənləri buradakı Qaraməmmədli, Qanlıca qəbiristanlıqlarında dəfn edərdilər.
Xalq Qaragölə həm də müqəddəs ibadətgah – pir kimi baxardı. Camaat payızda yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur- red.) üzərində piltə yandırardılar. Qədim bir inamın işartısı gələn bu adət hələ yaxın illərə kimi qorunub saxlanırdı.
Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ, Böyük İşıqlı, Sarı dağ, Göy dağ, Dəmirdaş, Boz dağ) və otlaqların (Ayıdərəsi, Əyriqar, Qanlıca, Dəlijəli, Yolaşan) adlarını lap qədimdən öz dillərində adlandırmış, nəsildən-nəslə ötürmüşlər.
Sovet hakimiyyəti qurulduqdan sonra 1927-1929-cu illərdə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xətti müəyyən olunmuş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. Həmin sərhəd xəttinə əsasən, Qaragöl yay otlağı Azərbaycanın tərkibində qalmışdır. O illərdə nəşr olunan bütün xəritələrdə gölün və ərazinin Azərbaycan SSR-ə məxsusluğu açıq-aşkar görünür.
1928-ci ildə kolxoz quruluşu başlanandan sonra Qaragöl yaylağı Laçın rayonu üzrə 3 N-li yay otlağı kimi qeyd edilmiş və Qarıqışlaq kəndindəki Telman adına kolxozun istifadəsinə verilmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 N- li qərarında da Laçın rayonunun inzibati ərazisində yerləşən Qaragöl yay otlaq sahəsinin Laçın rayonu təsərrüfatlarının istifadəsinə verildiyi bir daha göstərilir.
1960-cı illərə kimi Qaragöl yay otlağından Laçın rayonunun təsərrüfatları, Laçın camaatı əvvəlki kimi istifadə edib. 1960-cı illərdən isə yaylağa Ermənistan SSR Gorus rayonunun təsərrüfatlarının da ayağı açılmağa başlayıb. 1964-cü ildə həmin rayon Qaragölün sahilində böyük su-nasos stansiyası qurub və gölün suyunu insafsızcasına çəkib ətrafdakı erməni fermalarına, otlaqlarına vurmağa başlayıb. Bu nasos stansiyasının kimin razılığı ilə nəyə əsasən qurulduğu isə müəmma olaraq qalıb. Nasos stansiyası göldə suyun səviyyəsini aşağı salmaqla bərabər, həm də onu çirkləndirməyə başlayıb.
Bu özbaşınalığa əks tərəfdən elə bir ciddi müqavimət görməyən Gorus rayonunun rəhbərləri Qaragöldə balıq yetişdirmək fikrinə düşüblər. Qaragöldə yetişdirilən qiymətli balıq Gorus şəhərinin ərzaq mağazalarında geninə-boluna satılıbdı.
Laçın rayonunun, respublikanın əlaqədar təşkilatlarının mürgülədiyini görən Çingiz müəllim həmin dövrdən Qaragölü müdafiəyə qalxır, müxtəlif təşkilatlara məktublar, şikayətlər göndərməyə başlayır.
1968-ci ildə onun “Azərbaycan kommunisti” jurnalına göndərdiyi məktub jurnalın 1969-cu il 10-cu nömrəsində çap olunur:
“…Qaragölün taleyi təkcə Laçın rayonunun rəhbərlərini deyil, habelə respublikanın əlaqədar təşkilatlarını da narahat etməlidir. Qaragöl bütün ətraf təbiətin həyat mənbəyidir. Qaragöl yaylağında ətraf kəndlərin mal-qarası otarılır. Bu göl yaylaq əhalisi üçün misilsiz sərvətdir. Sevan gölündə suyun səviyyəsini qaldırmaq üçün milyon manatlarla vəsait xərcləyən ermənistanlı yoldaşlar nə üçünsə güclü nasoslarla Qaragölün suyunu sorur, onu tamamilə sıradan çıxarırlar. Bir müddət də belə davam etsə, Qaragöl quruyacaq, yaylaq isə öz təsərrüfat əhəmiyyətini itirəcəkdir. Nə qədər ki, gec deyil, bu barədə təsirli tədbirlər görülməlidir.
Məktubun işıq üzü görməsindən bir az əvvəl isə, sən demə, Qaragölün, eləcə də Qaragöl yay otlağının ən axar-baxarlı sahəsinin taleyi Azərbaycan və Ermənistan SSR Ali Soveti Rəyasət heyətlərinin 7 may 1969-cu il qərarı ilə gizlicə yüksək kabinetlərdə həll olunmuşdur.
Həmin bədnam qərarla ikitərəfli komissiyanın razılığı əsasında Azərbaycan əliaçıqlıq edərək Qaragöl ərazisindən xeyli torpağı kəsib Ermənistan SSR-ə vermişdir. Lakin bu “qərar” Azərbaycan xalqından xəbərsiz imzalanmış, xəyanətkar rəhbərlər xalqdan gizlin bu qərara razılıq vermişlər.
Bu gün aşkarlıq və demokratiya şəraitində Azərbaycan xalqının 7 may 1969-cu il qərarının səbəblərini, bu qərarı kimlərin və necə hazırladıqlarını, sərhəd xətlərinin çəkilməsində kimlərin iştirak etdiyini, ümumiyyətlə, bu qərarla bağlı bütün məsələlərin işıqlandırılmasını tələb etməyə tam haqqı var. Bu qaranlıq məqamlar aydınlaşdırılmasa, xalq bu satqın “əliaçıqları” tanımayacaqdır. Bunun isə keçmişdən daha çox bizim gələcəyimizə zərəri vardır.
1969-cu ilə kimi isə erməni “alimləri” bekar dayanmamış, həmin bədnam qərara “real zəminlər” hazırlayıbmışlar. Ən öncə Zaqafqaziya MİK-nin 1927-1929-cu il arxiv sənədləri, həmin illərin xəritələri yoxa çıxmışdır. Onu da deyim ki, hətta 1928-ci ildə tərtib edilmiş Laçın rayonu yay otlaqlarının pasportlaşdırma xəritəsi də yoxa çıxmışdır.
DƏMİRDAŞ, YOXSA KİÇİK İŞIQLI?
X.C.Zamanovun “Kiçik Qafqazın gölləri və anbarlarının su balansı” (Bakı, 1969) kitabından:
“…İşıqlı Qaragölü Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sağ qolu Xoznavarçayın mənbə hissəsi rayonunda, dəniz səviyyəsindən 2666 metr yüksəklikdə yerləşmişdir. İşıqlı Qaragölü Azərbaycan SSR-in dövlət sərhədindəki Böyük İşıqlı dağının (3552 m) şimal ətəyindədir. Qaragöl şimaldan Boz dağ və Göy dağla, şimal-qərbdən DƏMİRDAŞ və Kiçik İşıqlı dağı (3455 m) ilə, cənubdan Keçəl dağ, şərqdən isə alçaq Moren tirəsi ilə əhatə olunmuşdur”.
1969-cu ildə çap olunmuş bu kitabda Qaragölü əhatə edən dağların adı aydın şəkildə göstərilir. Zaqafqaziya MİK-nin 1927-1929-cu illərə aid sənədlərində sərhəd xəttinin Böyük İşıqlı və Kiçik İşıqlı dağlarından keçdiyi qeyd edilib.
Erməni alimlərinin “ustalığı” və belə işlərdə “yüksək təcrübəsinin” nəticəsi olaraq 1942-ci ildən sonrakı xəritələrində Kiçik İşıqlı dağı Dəmirdaşın “yerinə köçür”, Dəmirdaş isə “yoxa çıxır”.
Çingiz müəllim 1985-ci ilin noyabr ayında hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöl ərazisində olarkən Azərbaycan SSR-in 1:25000 miqyaslı 1942-ci il xəritəsində həmin düzəlişi öz gözü ilə gördüyündən ürək ağrısı ilə danışır.
Deməli, bu “düzəlişin” məqsədi aydındır. Belə ki, 1969-cu ildə təsdiq olunacaq xəritələrdə bu faktdan istifadə olunacaq, sərhəd xətti Kiçik İşıqlı əvəzinə Dəmirdaşdan keçəcək və 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə doğru çəkiləcəkdir. Beləliklə, Laçın rayonunun Qaragöl yay otlağının sahəsi təxminən 250 hektar azalacaq, gölün böyük hissəsi Ermənistan SSR-in ərazisində qalacaqdır.
SURƏTİN SURƏTİ
Başqa bir “real zəmin” isə müəmmalı bir protokolun surətinin surətinin tapılması (!) olacaq. SSRİ Dövlət Yer Quruluşuna Nəzarət İdarəsinin rəisi A.S.Zemtsevin Azərbaycan SSR Qarıqışlaq kənd sakini Ç.Mehrəliyevə 6 fevral 1987-ci il tarixli cavabından:
“Hörmətli Ç.Mehrəliyev yoldaş.
Sizin 22 dekabr 1986-cı il və 17 yanvar 1987-ci il tarixli məktublarınıza əsasən SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivindəki materiallar öyrənilmişdir. Buna əsasən bildiririk:
1. SSRİ Dövlət Yer Quruluşu və Xəritəçilik İdarəsinin arxivində Zaqafqaziya MİK-nin sənədləri yoxdur…
2. Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin sərhəd xəritələrinin dəqiqləşdirilməsi ilə bağlı respublikalararası müşavirəsinin 05.03.1938-ci il tarixli protokolunun surətinin surəti (!) tapılmışdır. Protokolun 8-ci maddəsində deyilir: “Qaragöl Ermənistan SSR-ə məxsusdur”…
3. Dəmirdaş dağı ilə bağlı deyərdik ki, çap olunmuş müvafıq xəritələrdə həmin ərazidə belə dağ qeydə alınmayıb “..
Göründüyü kimi, A.S.Zemtsev çox bəxtəvərcəsinə protokolun surətinin surəti tapıldığını bildirir. Yəqin ki, oxuculara həmin varlığı və yoxluğu dəqiq məlum olmayan “protokolu” kimlərin imzaladığı maraqlı olar. Buyurun, tanış olun: İsaxanyan, Qalustyan, Çerekeşveli, Metreveli, Ağalarzadə, Akopocan, Karkaşadze, Matsknviç, Kotyuk, Tatulov, Komarovski və Qriqoryan.
Sizcə, Azərbaycan SSR tərəfindən həmin protokolun doğruluğunu kim təsdiq edib? Qəribə və ağrılı da olsa, deyək: Azərbaycan MİK-nin o illərdəki işlər müdiri Qadakçyan.
Həmin protokola əsasən 10.IV.1945-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində respublika sərhədləri təsdiq edilmişdir. Təsdiq olunmuş xəritədə artıq Qaragöl Ermənistan SSR-in ərazisinə düşüb. Həmin xəritəni imzalayıblar: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Kübra xanım Fərəcova, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin məsləhətçisi M.Kələntərov və Azərbaycan SSR Baş Geodeziya və Xəritəçilik İdarəsinin əməkdaşı P.Savenko.
Təəssüf ki, 1969-cu ildəki qərarı və xəritələri imzalayanların kim olduğunu öyrənə bilmədik. Yəqin ki, illər ötəndən sonra həmin şəxslər də məlum olacaq.
Ancaq 1969-cu ildə Qaragölü, eləcə də respublikamızın başqa rayonlarından gizlicə verilmiş torpaqları qonşularımız tam zəbt edə bilmirlər, Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçilməsi buna mane olur.
Çingiz müəllim və başqa qeyrətli oğlanlarımız isə dayanmadan öz tələblərini, həyəcan dolu məktublarını müxtəlif təşkilatlara yollamaqda davam edirlər.
1973-cü ilin 29-30 avqustunda həmin məktub və şikayətlərin əsasında Qaragölə qarşılıqlı komissiya gəlir və 1927-1929-cu illərin sənədlərinə əsaslanaraq Qaragölün Azərbaycan SSR-ə məxsus olduğunu göstərir. Ancaq komissiya neçə illərdən bəri Ermənistan SSR-in gölün suyunu sorub qurtaran nasosunu yığışdırmaq əvəzinə, qərara alır ki, Azərbaycan SSR də bir nasos qursun. Bu isə gölün daha şiddətlə çirklənməsinə şərait yaradır.
Nəhayət, 1984-cü ildən sonra saxta tarixlər yer üzərinə köçürülməyə başlayır. “İzvestiya” qəzetinin 1986-cı il 29 yanvar nömrəsində Çingiz Mehrəliyevin “Dağlar gözəlinin taleyi” adlı məktubu çap olunur. Bu məktubda Qaragölün taleyi ilə bağlı məsələlərdən bəhs edilir. Hər iki respublika Nazirlər Sovetinin müavinlərinin cavabları və redaksiyanın fikri də həmin məktubla bərabər işıq üzü görür. Göstərilir ki, bu “dağlar gözəlini” gələcək nəsillərə qoruyub saxlamaq hamının borcudur.
Qəzetin işə qarışması təsirsiz qalmır. 1986-cı ilin 7 avqustunda hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur. Komissiya qərara alır ki, göldən su-nasos stansiyaları götürülsün, balıq yetişdirilməsi və tutulması qadağan olunsun, respublikalararası Qaragöl Dövlət qoruğu yaradılsın. Komissiyanın üzvləri Qaragöl ərazisində azərbaycanlıların Qara Məmmədli, Qanlıca qəbiristanlıqlarının erməni ekstremistləri tərəfindən vəhşicəsinə dağıdılmasının şahidi olur. Qeyd edək ki, bu cür hadisələr başqa sərhəd rayonlarımızm ərazisində də baş vermişdir. Amma heç kim bu barədə ağzını açıb bir kəlmə danışmamışdır.
Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti “Qaragöl” (“Sevlic”) dövlət qoruğunun yaradılması haqqında 17 noyabr 1987-ci il 408/717 nömrəli qərar qəbul edir.
Sahilin çəmənlik, axar-baxarlı hissəsi, gölün demək olar ki, 90 faizi Ermənistan SSR-in “Sevlic” qoruğuna tabe olur. Qaragölün cüzi hissəsində və daşlı-çınqıllı, ayaqdəyməz sahilində isə 1988-ci ilin yanvarın 1-dən “Qaragöl” qoruğu yaradılır.
RESPUBLİKALARARASI “QARAGÖL” DÖVLƏT QORUGU artıq iki ilə yaxındır ki, yaradılıb. Qoruğa yeddi nəfər işçi ştatı verilib. Qoruq yaradılarkən Bakı şəhərinin sakini, Azərbaycan Geodeziya İdarəsinin əməkdaşı Cəlal Nağıyev qoruğa direktor təyin olunur. Qaragölə olan “böyük məhəbbət” onu bura çəkib gətirir. Qoruqda elmi işlər üzrə direktor müavini ştatı isə hələ də boşdur. Qoruğun idarəsi göldən təxminən 50 kilometr aralıda, Laçın şəhərində, Meşə Təsərrüfatı İdarəsinin binasında bir otaqda yerləşir.
Qoruğun üç nəfər yegeri, yəni bilavasitə Qaragöldə işləyən adamlar 10-15 km aralı kəndlərin sakinləridir və çox zaman həftələrlə Qaragölə ayaq basmırlar. Heç gölün sahilində yegerlərin qalması üçün münasib bir tikili də yoxdur.
Qarşı tərəfdən Qaragölə geniş yol, işıq çəkildiyi, tikililər inşa edildiyi halda, qoruğun işçilərinin və Laçın rayonu əlaqədar təşkilatlarının Qaragölə belə münasibətinə ənənəvi etinasızlığın və laqeydliyin davamından başqa nə ad vermək olar? Bax, biz beləyik, qulağımızın dibində top atılır, ayılırıq və təzədən mürgüyə gedirik. Yaxşıca yığışaq, ağlaşaq, vəssalam…
“Elm və həyat”, 1989.
Müəllif: Rəşad MƏCİD Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.