Ulduz” jurnalının sentyabr (2024) sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb (pdf: ulduz-sentyabr-2024). Dərginin bu nömrəsi Türkiyənin “Genç Yürekler” jurnalına həsr olunub. “Ulduz”un və “Genç Yürekler”in birgə layihəsinə əsasən dərc olunan yeni sayda 51 türk müəllif yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”. “Genç Yürekler”in baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayımız çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulan “Genç Yürekler” “Ulduz” jurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək. “İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcəklər.
Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi tarixi günlərdə “Ulduz” və “Genç Yürekler” dərgilərinin birgə əməkdaşlığı Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.
Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri
Əhməd bəy Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısını əhatə edən dövrdə formalaşmış Azərbaycan ictimai-siyasi fikrini formalaşdıran böyük mütəfəkkirlərdən biri olmuşdur. Hərtərəfli dünyagörüşünə sahib olan Ə. Ağaoğlu Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi bilinir. O, çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədib, filosof, ictimai xadim, mübarizəsindən dönməz inqilabçı, siyasətçi, jurnalist, pedaqoq, hüquqşünas, şərqşünas alim, yazıçı, türkoloq, qələmi kəskin tənqidçi, ədəbiyyatşünas olmuşdur. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır.
Ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük və mühüm sahəsini təşkil etmişdir. Əhməd bəy Ağaoğlunun yaradıcılığının bütün dövrlərində ədəbi tənqid məsələləri onu maraqlandıran problemlərdən olmuşdur. Əhməd bəy Azərbaycan ədəbiyyatından başlayaraq ədəbiyyatın bir çox janrlarını, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığını məqalələrində təhlil etmiş, yeri gəldikdə janrlar və ya yazıçıların əsərləri arasında paralellər aparmışdır. Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı, tənqidi, dini dünyagörüşünün formalaşması üçün gördüyü işlər bugün də aktualdır və dəyərlidir. Əhməd bəy Ağaoğlu ədəbiyyatın ən qədim dövrlərindən başlayaraq tədqiqi və təbliği ilə məşğul olmuşdur. Yaradıcılığı dövründə yazdığı ədəbi-tənqidi məqalə və elmi əsərlərin təhlilləri olduqca qiymətlidir.
Dövrünün ən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisə və problemləri, Azərbaycan və dünya ədəbiyyatında yazılmış əsərlər, həmçinin ədibin yaşadığı dövrdə yazılan əsərlər onun elmi və ədəbi-tənqidi əsərlərində, məqalələrində özünə yer tapmışdır.
Əhməd bəy Ağaoğlu yaradıcılığında dəyərli məxəzlərdən olan ədəbi-tənqidi irsin Azərbaycan ədəbiyyatı tarixində oynadığı yeri və rolu müəyyənləşdirməkdən ibarətdir. Ə.Ağaoğlunun məqalə, məruzə, şərh, icmal, məktub və s. janrlarda qələmə aldığı ədəbi-tənqidi xəzinəsini araşdıraraq onların sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirmək ədəbiyyatşünasların daim diqqət mərkəzlərində olmuşdur. Əhməd bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin ədəbiyyat tarixinin öyrənilməsində müstəsna rolu olmuşdur. Ədibin dünya dinlərinə münasibətini və dini dünyagörüşünü onun yaradıcılığındakı kulturoloji fikir tariximizi müəyyənləşdirməklə nail olmaq olar. Ədibin özünün də yaradıcılığında tez-tez müraciət etdiyi tarixi-müqayisəli metod tədqiqatçılar tərəfindən onun yaradıcılığının öyrənilməsində ən çox istifadə olunan metoddur. Ağaoğlu irsi dərindən araşdırılmış, əlyazmalarına müraciət olunmuş, ədəbi tənqidlə bağlı yazıları müqayisəli şəkildə tədqiq edilmişdir. Azərbaycan ədəbiyyatında Ağaoğlu yaradıcılığının tədqiq edilməsi daim vacib məsələlərdən olmuşdur. Onun ədəbi tənqidlə bağlı məsələləri araşdırması, o dövr tariximiz, həyatımızla bağlı mühüm faktların ortaya qoyulması deməkdir. Ədibin əsərlərinin vasitəsilə Azərbaycanın hansı məhrumiyyətlərlə, problemlərlə üzləşib, onlarla mübarizə aparıb bu günə gəldiyinin şahidi ola bilərik. Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyagörüşü və kulturoloji düşüncələr məsələsi olduqca aktual bir mövzudur. Belə ki, müəllifin mövqeyinin ədəbiyyatşünaslıqda geniş yayılmış bir konsepsiya yarada bilməsini onun yaradıcılığına əsaslanaraq, araşdırmaq üçün bu məsələni bilmək olduqca vacibdir. Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini onun yazmış olduğu nəsr əsərlərində açıq bir şəkildə görmək olur. Əhməd bəyin əsərləri vasitəsilə gələcək nəsillərə ötürdüyü dünyagörüşünü və kulturoloji düşüncələri tarixi hadisələr və problemlər baxımından da çox dəyərlidir. Əhməd bəy əsərlərində tarixi hadisələri, sənədləri, tarixi gərçəklikləri təhrif etmədən tarixdə qalan hadisələrə özünəməxsus bir şəkildə öz mövqeyini bildirmişdir. Bu mövqe bizə onun dini dünyagörüşünü və kulturoloji düşüncələrini meydana çıxarmaqda çox kömək olur. İslamda qadına verilən dəyərlərin ədəbiyyatdakı əhəmiyyəti, tarixi spesifik xüsusiyyətləri Əhməd bəyin yaradıcılığından gətirilən nümunələr vasitəsilə sistemləşdirilmişdir. Əhməd bəyin yaradıcılığının bir qismi uzaq tarixi keçmişin, bir qismi isə yaxın tarixi keçmişin nümunələrini özündə əks etdirir. Ədibin əsərlərini bütünlüklə tarixi əsərlər kimi dəyərləndirmək düzgün deyildir. Lakin Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini müəyyən etməkdə bu tarixi vacib amillərin çox böyük xidmətləri olmuşdur. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənməsi öz əksini tapmışdır. Bununla yanaşı, İslamdan öncəki dövrdə və İslamda qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri əsasında sistemləşdirilmişdir. Ədib bu mövzunu dövrün ziddiyyətli problemlərini nəzərə alaraq, öz düşüncələrini keçmiş tarixi hadisələrin timsalında oxucuya çatdırmışdır. Əhməd bəy “İslama görə və islamiyyətdə qadın” əsərində yaşamaq hüququ, cəmiyyətdə iştirak etmək hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ, seçmək və seçilmək hüququ, təhsil hüququ, iqtisadi müstəqillik hüququ, xərclərini tələb etmək hüququ, nikahda sərbəstlik hüququ, miras hüququ, eyni haqq və cəzanın verilməsi kimi məsələlər araşdırılmışdır.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsinə üstünlük verdiyini açıq bir şəkildə görürük. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyət vasitəsilə dünyada qələbə qazanmağın mümkünlüyü fikrini dəstəkləmişdir. Şərq mədəniyyətinin və Budda-Brahma mədəniyyətinin bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olduğu fikrində olmuşdur. Ümumiyyətlə, Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü.
Azərbaycan ədəbiyyatşünaslığında Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətinə tam aydınlıq gətirilmişdir. Əhməd bəyin dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərməsi, yaradıcılığında bu tarazlığı qoruyub saxlaya bilməsi onun əsərlərindən gətirilən faktlar vasitəsilə əsaslandırılmışdır. Əhməd bəy Ağaoğlu əsərləri vasitəsilə İslam və Xristianlığı müqayisəli şəkildə təhlil etmişdir.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Qərb mədəniyyətinə bu qədər çox meyilli olmasının səbəbini aydın bir şəkildə görürük. O bu fikirdə idi, çünki Qərb mədəniyyətini qalib mədəniyyət hesab edirdi. Ədib Qərb mədəniyyətinin başqa mədəniyyətlər üzərində qələbə qazanmasını çox böyük yazıçı istedadı və məharəti ilə oxucuya çatdırmağı bacarırdı. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında öz əksini tapması vasitəsilə onun qadınlara, onların hüquq və vəzifələrinə qarşı fikirləri və həssaslığı öz əksini tapır. Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri onun qadınlara qarşı olan fikrinin sistemləşdirilmiş yekun nəticəsidir. Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətini təhlil edərək belə bir nəticəyə gəlinir ki, Əhməd bəyin dünya dinlərinə münasibəti tamamilə obyektivdir. O bu fikirlərində də tarazlığı qoruyub saxlamağa nail ola bilmişdir. Əhməd bəy Ağaoğlu istər İslam dini olsun, istərsə də, Xristian dini o, saf və təmiz fikrə, düşüncəyə sahib ola bilməyin insan üçün vacib olması fikrində idi. Əhməd bəy Ağaoğlunun yaradıcılığında ədəbiyyat problemləri məsələsinədə çox geniş yer verilmişdir. Ədib haqqında yazılan əsərlərdə onun Qərb ədəbiyyatını öz yaradıcılığında təhlil etməsi, dünya klassiklərinin yaradıcılığı ilə bağlı fikirləri əsas götürülmüşdür. Əhməd bəy yaradıcılığının böyük bir qismini Qərb ədiblərinin yaradıcılığına həsr etmişdir. Onun yaradıcılığında Qərb ədiblərini təhlil etməsi və gəldiyi nəticə əsərlərindən gətirilən vacib ünsürlər ilə sübut olunur. Əhməd bəyin Qərb meyilli olması və Qərbdə ədəbiyyatın gücü haqqındakı araşdırmaları əsərləri vasitəsilə tədqiq olunmuşdur. Müəllifin tarixi real şəxsiyyətləri və onların yaradıcılığını ümumiləşdirmə vasitəsilə öz yaradıcılığında tədqiqata cəlb etməsi və dünya klassiklərinin yaradıcılıq xüsusiyyətlərinə həm tarixi, həm də qeyri-tarixi cəhətdən yanaşmaq Əhməd bəyin qələmi üçün xarakterik idi. Əhməd bəy Ağaoğlunun Qərb ədəbiyyatının hər dövr üçün aktual ola biləcək istedadlı nümayəndələrinin və orijinal, zəngin əsərlərinin olduğunu bildirirdi. Əhməd bəy Qərb ədibləri olan Lavellenin, Edel de Merilinin, E.Renanın, F.Mişelinin, Şekspirin, Volterin, Leybnitsinin, Dantenin yaradıcılıqlarına xüsusi bir diqqətlə yanaşmışdır. Onların müəllifliyini böyük bəşəri ideyalar uğrunda mübarizə aparmağa layiq kimi qiymətləndirmişdir. Əhməd bəy rus ədibləri olan Tolstoy, Dostoyevski, Qorki kimilərin yaradıcılığını ideya baxıxımdan ən üst səviyyədə olan kimi dəyərləndirirdi. Puşkinin, Qorkinin, Lermontovun, Qoqolun, Dobrolyubovun, Turgenevin, Tolstoyun rus ədəbiyyatı üçün etdiklərini çox qiymətli hesab edirdi. Əhməd bəy Puşkini Rusiyanı olduğu kimi təsvir etdiyinə, həyatı və mühiti bütün gerçəkliyi ilə təsvir etdiyinə görə alqışlayırdı. Onun yaradıcılığının seçilmiş cümlələr ilə zəngin olduğu nəticəsinə gəlirdi. Əhməd bəy Ağaoğlu bu fikirdə idi ki, Lermontov, Qoqol, Turgenev belə təbiət təsvirləri yaratmaqda mahirdirlər. O yazırdı ki, Lermontov, Puşkin, Tolstoy Qafqazın, Krımın bədii dillə təsvirini oxucunun gözləri qarşısında elə canlandırırdılar ki, heç vaxt Qafqazda və Krımda olmayan oxucu belə Qafqaziyanın səmalarını, Qafqaz dağlarının uca zirvələrini, Krımın sahillərini gedib öz gözləri ilə görmüş kimi olurdu. Əhməd bəy Ağaoğlunun Şekspir, Milton, Lokk, Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makfavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və s. kimi ədiblər haqqındakı fikirləri onun yaradıcılığından gətirilən nümunələr ilə əsaslandırılmışdır.
Ə.Ağaoğlunun Şərq ədəbiyyatına münasibətini əsərlərində rast gəlinən nümunələr ilə əsaslandırılıb və izah olunmuşdur. Onun Şərq klassikləri olan N.Tusi, Ş.Sədi, Hafiz, M.C.Rumi, Siseron, Platon, Nizami, Füzuli haqqındakı fikirləri geniş bir şəkildə dövrü ab-havanı nəzərə alaraq, müəllifin mövqeyinə aydınlıq gətirilmişdir. Əhməd bəyin Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblərinə qarşı fikirləri əsərlərində öz əksini tapmış və ədibin fikirlərinin açılmasında mühüm rol oynamışdır.
Ə.Ağaoğlunun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqatlara cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır. Xalqının mənəvi dəyərlərinə sahib çıxması, keçmişini daim təbliğ etməsi, haqsızlığa qarşı mübarizə aparması, humanizm və tolerantlıq hisslərini ön plana çəkməsi Əhməd bəyin yaradıcılığı üçün daim ön planda olmuşdur.
Əhməd bəy Ağaoğlu dini dünyagörüşünü və kulturoloji düşüncələrini sənətkar bacarığı ilə öz əsərləri vasitəsilə müasir dövrümüzə qədər çatdırmağa nail ola bilmişdir. Onun mövqeyi, araşdırmaları hadisə və problem əks etdirmə baxımından daim müasirliyini qoruyub, saxlaya bilmişdir. Onun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqata cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır.
O, səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə “özününkü” kimi görünür bu adam. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu adam.
Minillərin yükünü, biliyini, dərdini çəkir bu adam. Ona görə səssiz yeriyir. Qorxur ki, çəkdiyi bu yük dağılıb tökülər, məhv olar, töküləni kimsə qaldırmaz, heyif olar. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa, bu qəbilə ona bir əmanət qoyub; Qan yaddaşı əmanəti. Bu yaddaşı hər kəsə əmanət qoymurlar. Bu yaddaşı seçilmişlərə əmanət verirlər.
Onun səssizliyinin içində müdriklik var, məsuliyyət var. Bu üzdən səssiz yeriyir, səssiz danışır.
Onun səssiz addımlarının səsini eşidirəm. Səssizlik səs yaradır, mühit yaradır, məktəb yaradır.
İlahi! Bu səssizliyin içində nələr yoxdur? Min illərin tarixi, dili, şifahi və yazılı ədəbiyyatı. Səssiz danışır. İçindən tarixi dostları axışıb gəlir. Bu günün dostları yox eee… Bu bilikləri ona ötürən dostlar axışıb gəlir. Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar, dilimizin mükəmməlliyini və gözəlliyini ötürürlər ona. Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər. Yükünü heç kimə verməsini istəmirlər. Başını müdrükcəsinə yelləyərək səssiz yeriməyində davam edir.
Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə vəziyyəti ağırdır, biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır. Ətrafının hay-küyü onu səssiz yeriməyə vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır. Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən, o, içində səssiz yeriyir. Qarşısına qoyulan ali məqsədə doğru yeriyir… səssiz yeriyir. Onu başa düşənlər barmaq sayı qədərdir. Arada dayanıb nəfəs alır, ətrafına baxır. Onlar harda, o harda? Arada təəssüf də edir. Seçilmişlərin bəziləri sosial, ailə qayğıları içində itib batır, sonra hamıya qarışırlar. Əlini atıb onları oradan çıxarmaq istəyir. Amma ağır əllər onu özlərinə doğru çəkməyə başlayanda o, geri çəkilir. Sonra yenə səssiz yeriməyinə davam edir.
O, hissəcikləri, dağılıb itməkdə olanları kütlə halına gətirməyi bacarır. Sonra bu kütləni strukdurlaşdırır, süxurlaşdırır, ona forma və məzmun verir.
Səssiz yeriyə-yeriyə ruhunu keçmişdən gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı və zamanı bitmiş hissəcikləri, kəsləri elə o dayanacaqda düşürür, özünü silkələyib yenə səssiz yoluna davam edir.
Yeridikcə kəhkəşanları görür, onların içində millətin tutacağı, dilinin söykəndiyi mənbəni görür, qürur duyur, fəxr edir, qürurlanır.
Dostlar arasında güləndə gülüşü titrəməyə, zəlzələyə çevrilir. Çoxları görmür bu titrəmənin, zəlzələnin içindən nələr tökülüb səssiz yeridiyi yollarda qalır. Yad ünsürləri, nifrəti, xəyanəti, satqınlığı, əcaib-qəraib şeyləri özü ilə apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları töküb sökür bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu, eşqin yoludur. Səssizlik həm də Tanrı yurdudur. Tanrı yoluna bundan savayı yol yoxdur.
Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri də olmadan beynində “fikir qəbiristanlığı” yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki “fikir qəbiristanlığı”nda basdırır. Sonra buna səssizcə peşman olur, fəryad edir, təəssüflənir, amma yenə səssizcə yoluna davam edir.
Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi olar. Səssiz yeriməyinsə öz aləmi, öz xatirələri var, hər mənzilin öz dayanacağı var. Bu dayanacaqda səssizcə lazım olmayanlar tökülür… tökülür… gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır. O isə səssiz yoluna davam edir.
Onun üçün vətən millət deyil, millət vətəndir. O yoldan nələr görünür… nələr? İlahi eşqdən başlayan millət, vətən, dövlət.
Səni sevəcəklər də, tənqid edəcəklər də.
Vətən – səni sevməyəcək hər yoldan ötən!
Yol gedirsən, səssiz yeriyirsən bu yolda. Sən bu yoldasan.
Millət yolu ruhunda!
Vətən yolu canında!
Dövlət yolu qanında!
İlahi eşq yolu vəhdəti vücudundur.
Vəhdəti vücudun mübarək olsun! Bu üçü olmasa, vəhdəti vücudun olmaz”.
Караул. Əslindəbu söz türkcə “qara qul” sözündən götürülüb. Gözətçi mənasındadır. В самих же тюркских языках «караул» имел значение «дозор» или «стража», но имелись и другие равнозначные понятия, нетипичные для нашего языка. Пример — «мушка на ружье».
Деньги. Türkcü “dəngə”, “tanqa” sözündən yaranıb. İndi bu sözü ruslar “denqi” kimi işlədir. Qazax dilində isə “tenge” ifadəsi halhazırda pul mənasında saxlanılmaqdadır. Слово «деньга» в тюркских языках означало любую монету, сделанную из серебра — оно перекочевало в XIV веке к нам в схожем значении. Интересно отметить, что в ряде языков (киргизский, узбекский, казахский), корень этого слова имеет второе значение — белка. Все дело в том, что в древности пушнина часто использовалась людьми как валюта.
Хозяин. Fars mənşəli türkizmdır. Belə ki, “xoca” sözündən götürülüb. История слова берет свое начало именно в период нашествия татаро-монгол. Изначально появилось в персидском языке («ходжа» — господин), откуда и перекочевало в тюркские наречия.
P.S Qəribədir, mənim pulsuz apardığım maarifçilik işi kiməsə xoş gəlmir. Bəs Sizə..?
“Xəzan” ədəbi-bədii jurnalının gecikmiş altmışıncı sayı çapdan çıxıb. Jurnal iki ayda bir dəfə mütəmadi olaraq 2016-cı ildən çıxır. Sizə təqdim olunan cari ilin iyul-avqust aylarında nəzərdə tutulmuş nömrədir. Bu barədə mətbuata jurnalın baş redaktoru yazıçı Əli bəy Azəri məlumat verib. O, deyib:
“Bunu məlumat kimi yaymamaq da olardı. Jurnalın çapının gecikməsi elə də qeyri-adi hadisə hesab olunmamalıdır. Ancaq ədəbiyyat tarixi naminə bunu mütləq bildirməliyəm. Biz – redaksiya heyəti formalaşdıraraq neçə ildir ki, ədəbiyyatla məşğuluq. Müəlliflər ən yaxşı əsərlərini çap etdirmək üçün bizə ünvanlayırlar. İndiki məqamda Azərbaycan ədəbi mühitində bizdən cəld işləyən hələ ki, yoxdur. Heç bir əsər aylarla redaksiyanın arxivində yatmır”. Baş redaktor onu da bildirib ki, gecikmələr başqa jurnalların taleyində də olub. Uzun sürən tətillər, yerdəyişmələr, çap materialının tapılmaması və s. səbəblərdən bu hal da normal qarşılanmalıdır.
Jurnalın iyul-avqust nömrəsi rəngarəng materiallarla zəngindir və yazı düzümü aşağıdakı kimidir:
Redaktor guşəsi
-Parlament seçkilərində şair faktoru
Publisistika
-Vüqar ƏHMƏD – “Ziyalı ömrünün akkordları” (şair İbrahim Yusifoğlunun 70 yaşına)
-İntizar TURAN – “Füruzə Məmmədlinin çoxşaxəli yaradıcılıq yolu”
-Göyərçin KƏRİMİ – “Polis generalı, və yaxud, hardan başlayır Vətən?”
-Nağdəli KEŞTƏKLİ – “Damət Salmanoğlu: ictimai-siyasi şeirlər müəllifi”
-Nəzakət EMİNQIZI – “Zəfər yolu ilə səfər”
-Əli BƏY AZƏRİ – “Nəzmə çəkib nəğmə kimi”
Poeziya
-İbrahim YUSİFOĞLU – “Bu səsə dözə bilmirəm”, “Yaylaq lövhələri”, “Gəlmişəm sizləri görəm, a dağlar”, “Çiçəklə, badam ağacı”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Dağlardan o yan da dağlardı, ana”, “Bir də ələ düşməz bu yaz yağışı” (şeirlər)
-Seymur SÖNMƏZ PAŞAYEV – “İnan, inanma”, “Dəlinin birinə rast gəlmişəm mən”, “Görüşək”, “Darıxsan, özün yazarsan”, “Ölsəm, məni ağlama ha”, “Kimsə məndə məndəki sən deyil ki”, “Dönüşü olmayır bu son mənzilin”, “Bir sən çatışmırdın, hər şey düz idi”, “Möcüzə göstərə Allah” (şeirlər)
-Həqiqət ŞAMİLLİ – “Şəhid qızı”, “Sən başqa adamsan, mən başqa adam”, “İlləri geriyə qaytara bilsəm”, “Şəhidlər xiyabanı”, “Yuxuma gəl, görüşək”, “Qəlbini təmiz saxla”, “Mən belə dünyanın nəyini sevim? (şeirlər)
Nəsr
-Sədulla ŞİRİNOV – “Zəhlətökənlər” (hekayə)
-Damət SALMANOĞLU – “Alabaşın bir üzü” (hekayə)
-Ramiz İSMAYIL – “Hacı qardaşlar” (novella)
-Sabir ETİBAR – “Üç fədakar” (hekayə)
-Əli BƏY AZƏRİ – “Erməni BORİSOV” (povest)
Redaksiya heyəti jurnalın yeni sayının işıq üzü görməsi münasibətilə müəllifləri və oxucuları təbrik edir. Yaxşı oxu və qızğın müzakirə arzulayır.
Jurnalın elektron variantı “BƏYDƏMİR.RU” və “YAZARLAR.AZ” saytlarında yerləşdiriləcək.
Bu günlərdə Filoogiya elmləri doktoru Esmira Fuadın ərsəyə gətirdiyi “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunub. Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd – Kürəkçay müqaviləsi – Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay “Sülh” müqaviləsi yer alıb. Və bu adında “sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir. Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllikləri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, “Fləş Fikşn”: Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı – Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu təhlil edilir. Bu dəyərli kitabın təqdimatı 10 sentyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında keçirildi… Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, oxucular iştirak edirdi. Çıxışçıların hər biri kitabın ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza olan layiqli bir töhvə olduğunu vurğuladı. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” hər bir vətəndaşın masaüstü kitabı olması fikri önə çəkildi.
Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı “Ulduz” və “Ədirnə fəthi” əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirmişdir. Dramaturq “Ədirnə fəthi” əsərində islam xalqlarının birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı “Ədirnə fəthi” əsərində türk milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi taleyinin bədii təsvirini əks etdirmişdir. “Ədirnə fəthi” əsərində Bizans imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. “Ədirnə fəthi” əsərində Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə, tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının “Ədirnə fəthi” əsəri dramaturqun türkçülük ideallarına həsr olunmuşdur. Belə ki, əsərdə dövrün çox mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq, dolğun əsər yaratmışdır. Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda fədakarlıqla mübarizə aparırdılar. Ədib “Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə göstərirdi. Dramaturq “Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil edir. Ədib əsəri ömrünün gənclik çağında (18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq “Ədirnə fəthi” əsərində Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur. Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər. Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə hazır olan gənclər idilər. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində vətən müharibəsi üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir. Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki, bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız, qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. “Qardaşlar! Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ “Sülhmü еdəlim”, “Hərbmi еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər, son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk qızlarının, türk əsgərlərinin ürəyində bir “idеal”, dilində bir söz vardır: Ya şərəfli bir ölüm və ya dəyərli bir həyat”! Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində idilər. Dramaturq “Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin, qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı. Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha yalvarırdı. Şanlı Türk xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək idi. Ədib Şanlı Türk xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən ayağı altında tapdalansın. Türk xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən, azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq “Ədirnə fəthi” əsərində Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki, Ədirnə şanlı Türk ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları öz əksini tapmışdır. Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.