Nə yaxşı gəldi…. Və o gün bəşər tarixinin ən gözəl günüydü bəlkə də…. Dünya belə sevgi görməmişdi, əminəm… Vətən deyib ayaq basdığım torpağımı bu dəfə başqa sevdim… Çünki bu torpaqda Onun da addımları var idi…. Milyonların içində sıxıldığım şəhəri bu dəfə başqa sevdim…. Çünki eyni şəhərin havasını udurdum Onunla…. Elə gəldi ki, qapımı döymədən, icazə almadan gəldi ruhumun tanışı… Gəldi və belə də olmalı imiş kimi taxt qurdu ürəyimdə…. O qədər xoşbəxtlikdən ayaq açıb yeriyə bilməz ikən, qanad açıb uçdum bir andaca…. Şəkillərdə güldüyüm halda həyatıma gülüş gətirdi, bütün daşları yerinə oturtdu halbuki…. Gəldi, sanki indiyədək yazdığım bütün misralar Ona aid imiş, sanki hər şeydən xəbəri var imiş kimi gəldi….. Düşünsənə, sanki bir ömürə yetmətəcək qədər tanıyıram Onu….əlifbanın altıncı hərifinə sığdırdığım bir dünyanın başlanğıcı idi adının ilk hərfi…. Bəzəkli kəpənəklərə dönüşdürdü məni. Fəqət tırtılın da son günü idi kəpənəyə dönən günü….. Halbuki gəlişi toy bayrama çevirmişdi bəxti qara məmləkəti… barmaqlarımın uclarına içimdən gələn sözlər hərflərlə birləşib sevgiylə tökülürdü bütün sözlərimə…. Bütün sözlərimi cümlələrdə birləşdirəndə rəqs edirdi fikirlərim…. Təntənə marşı səsləndirdi ömrümün 27 ilinin son akordlarında…. Xoşbəxtlik bu deyilsə əgər, mənim istəyim sadəcə budur. Səmanın altında , yerin üstündə idi o gözəl ruhunu daşıdığı cismi…. Eyni kainatda idik…. Bəlkə Tanrıya etdiyim duaların qəbulu, bəlkə də savablarımın qarşılığı idi O. Kim bilir? Bəlkədə nacizanə gəlişində idi bu sehir… Sanki, işi gücü yox imiş kimi həyatıma Günəş kimi doğdu. Günəş kimi saldı şəfəqlərini üstümə isitdi məni…. Sevgi ya eşq?… Məhəbbət…. Əslində sinonim səslənən bu üç sözü birləşdirən ruhumuzun harmoniyası idi….bir ömürə sığışmayan məhəbbət sığışdı 1 günə…. 10 Yanvar…. 365 günlük bir təqvimin ilk 10- cu günündəydi Onu tanıdığım…. Və insan maksimum bir saata danışıb mövzu tapmayıb yorularkən, 10 saatı keçmişdi danışmağımız….. Nəyin sürəti idi anlamadım…. Amma bu sürət dağıtmadı, qəza etmədi… Əksinə çiçək açdı ömrümün torpağı…. Su çilədi həyatıma… Huzur sanki… Və insan toxunmadığı birini də sevərmiş demək ki,.. Eynilə bətnində daşıdığının üzünü belə görməyən, amma sevgisini ona adayan analar kimi idi sevgim…. Gəldi laləzar etdi büsbütün sinəmi….. İllərdi varlığından belə xəbərim olmayan hisslərimi oyatdı… Gəldi… Gəlişində idi bütün sehir…. Üzündəki təbəssümündə idi möcüzə…. Bəlkə mən öz üzümü sevməsəydim, mütləq alın yazımı sevərdim…. Çünki ora ” O ” yazılmışdı…. Bilsəydim adını görəcəm aynanın qarşısından bir an da çəkilməzdim…. İndi ən çox alnımı sevirəm. Onun öpdüyü, yazısının olduğu yeri. Milyonlara meydan oxumağa hazır ikən Ona heç nə demədən nitqini susduran eşq idi… Toxunduğum əllərini buraxmama hissi… Bu doğmalıq…. Dağınıq, pərakəndə həyatımı düzənə salan adam… Söhbətindən doya bilmədiyim halda səssizliyini də dinləyə bildiyim insan… Amma hiss edirdim gələcəyini, içimdə yolunu səbirsizliklə gözlədiyim bir eşq idi…. İndiyədək özümə sadiqliyimin hədiyyəsi idi bəlkə də. Böyük bəzəkli bağlamada verilmədi, amma kainatın ən gözəl, ən təmiz hədiyyəsi idi… və bəhs etdiyim “O” elə sənsən. Sən nə gözəl gəldin… Xoş gəldin sevdiyim.
Sənə lazım olan yeganə insan Özünsən. Hara gedirsənsə get, çevrəndəki hər kəsi özünlə apara bilmərsən, hər kəslə hər sözünü, sirrini danışa bilmərsən, hər kəslə 1 yerə qədər münasibət qurarsan və səni bir yerdə tək başına buraxar. Çünki çevrənin missiyası budur. Bəzən təcrübə qazandırar, bəzən dərs verər, bəzən isə bizi gələcəyə hazırlayar….
Çevrə dediklərimiz seçicidir bəzən, yaxşı halına sevinməzlər, dara düşdüyündə səndən uzaqlaşmaq üçün bir bəhanə arayar…. və unutma, axtaran tapar… Yaxşı görmək istəyən yaxşı, pisi görmək istəyən isə pisi görər həmişə… Səni bəyənməyənlər bəyənməmişlərdir, səni sevməyənlər sevilməmişlərdir ələ salanlar ələ düşmüşlərdir unutma. Bir sözlə, sənə çata bilməyənlərdir…. necə deyərlər “Pişiyin əli ətə çatmayınca”…
Odur ki, özünü sev, özünə güvən, özünə arxalan. Kimsə sənin “mən”ini səndən yaxşı bilməz. İçini gözəl tut, insanın içi gözəl olarsa, çölünə də yansıyar….
Səhvlərini, düzlərini sev… qəbullan və önündəki daşları nərdivan et zirvəyə qalx… Hərçənd zirvə də yüksəlişin sonu, enişin başlanğıcıdır, amma bir şeyi unutmaq olmaz ki, ağac da bar verərkən başını aşağı əyər. Qalxmaqdan da, enməkdən də qorxma. Və heç vaxt özünü günahlandırma.
Çünki öyrənməyin üçün kamilləşməyin üçün ən çətin etaplardan keçməlisən – gücünü görmək üçün. Həyatdır bu. Özünü kəşf etdiyin andan həyat sənə istədiyin qapıları açar, yetər ki, doğru qapıya yaxınlaşmağı bil və yanlış qapıdan çıxdığında bir də o qapıya tərəf getmə.
QURBANI OLMA (20 Yanvar) Neçə ildir ürəyimiz dərd çəkir, Ağlımızı aparıbdır dərd, fikir. Mərd ağacın bu dünyada mərd əkir, Namərd gülləsinin qurbanı olma. * * * Çox igid var canlarına qıydılar, Damarlarda qanlarına qıydılar. Səsimizi axirətdə duydular, Namərd gülləsinin qurbanı olma. * * * Bu vətən yolunda şəhid vermişik, Ey şəhid anası, saçını yolma. Həmişə qalibiyyət əldə etmişik, Namərd gülləsinin qurbanı olma. * * * Gözlərimiz yaş tökməsin heç zaman, Neçə oğul itirmişik nə yaman. Başımızdan çəkilməyir çən, duman, Namərd gülləsinin qurbanı olma.
AZƏRBAYCAN Azərbaycan, Azərbaycan, Ulu öndər Heydərin var. Qadınlarda abır, həya, Kişilərdə qeyrətin var. * * * Azərbaycan, Azərbaycan, Heydər oğlu İhamın var. Döyüşlərdə qalıb gələn İgidsən sən, meydanın var. * * * Azərbaycan, Azərbaycan, Uzun bir tarix yolun vardır. Əzəldən zirvəli olan Murovunun başı qardı. * * * Azərbaycan, Azərbaycan, Ərənlərinə eşq olsun. Düşmənə meydan oxuyan, Müzəffərinə eşq olsun.
QARABAĞ Hər sətiri, hər misrası Dolur ruha aram – aram. Havalanır Xanın səsi, Qəlbimdə Sağalan yaram, Bütöv Azərbaycanım mənim, Doğma yurdum Qarabağım. * * * Şuşam, Zəngilanım mənim, Xocalım, Xocavəndim mənim, İstisulu Kəlbəcərim, Qurbanın olaram sənin. Bütöv Azərbaycanım mənim, Doğma yurdum Qarabağım. * * * Qubadlı cənnət məkanı, Cəbrayılım gəl – gəl deyir. Laçının gözü yoldadır, Füzuli həsrətim mənim. Bütöv Azərbaycanım mənim, Doğma yurdum Qarabağım. * * * Ağdərəmdən danış gəlsin, Ağdamım nura bələnsin. Vətənimdə himn səslənsin, Ali baş komandanım desin: Bu torpaqlar qandır, candır Qarabağ Azərbaycandır! * * * Gözün aydın yurd ellisi, Torpaqlarımız azaddır. Artıq bütün dünya bilir, Qarabağ Azərbaycandır!
ŞUŞANIN DAĞLARI Şuşanın dağından dumançəkildi, Torpağına güllər, çiçək əkildi. Şuşada nə qədər qanlar töküldü. * * * Əsgər bu nə cəldlik, bu nə mərd, Düşmənə vermisən ağır dərd, Onları sındırdın elə sərt. * * * Şuşaya sancmışıq bayrağımızı, Öpüb qucaqladıq torpağımızı, Dünyaya çatdırdıq sorağımızı. * * * Əsgər bu nə cəldlik, bu nə mərd, Düşmənə vermisən ağır dərd. Oldular dünyada rəzil, pərt.
– Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Buyurun.
– Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam. Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı. 2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu. 2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm. Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur. Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm. Aşağıdakı təltiflərim var: Mükafatlar; “İlin yazarı” (2014), “ İlin Mədəniyyət Jurnalisti” (2014), “Qızıl Qələm” mükafatı laureatı (2016). Şəhadətnamə; Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ). Sertifikatlar; Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir, Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı, Nişantaşı Universiteti – Tv proqramı, Nirvana Akademi – Yaşam koçluğu eğitimi, GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s. Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
Salam mənim nəfəsim, sənin dediyin fani dünyadayam. Gəlmişəm səni görməyə…Sən indi yatırsan bəlkə də məni görmürsən… Sənin üçün yuxumu deyim, kabusmu deyim bax oyam. Səbəb hər nə oldusa mən canımı tapşırdım artıq, yaşamıram, yanında deyiləm. O qədər istəyərdim ki, qollarında uyumağı, qismət olmadı. İndi girib qollarına sənə sarılmışam. Heç çıxmaq belə istəmirəm. Sənin Sənin yanında olmağım sənə bir gün kimi gələcək, mənim üçünsə vur – tut cəmi üç saniyədir. Sağ olanda o qədər dalaşırdıq ki, barışsaq belə mən o gözlərinə baxa bilmirdim. İndi sənə baxıb bütün varlığımı unuduram… Əslində mən qəza keçirmədim, həyatımdan bezdim və intihar etdim. Hər şey üstümə – üstümə gəldiyi halda sən də gəldin. Tək ümidim, tək güvəndiyim sən idin. Sən də dinləmədin məni. Heç kimin başını aşağı edib intihar etmək istəmədim. Axı sizin cəmiyyət pis qəbul edərdi, axı biz özümüzü bir kənara qoyub başqaları üçün yaşayırıq. Onda pəncərədən yıxılmadım, atdım özümü. Hə, düz başa düşdün, atdım.. Heç nə gözümə görünmədi, başıma o qədər insan yığışdı, fəqət onların arasında sən yox idin, çünki sən yatmışdın. Çünki sən səhərlər həmişə yuxudan gec oyanardın. Xəbər də etmədim. Çünki sənin səhərinin bəd xəbərlə açılmasına göz yuma bilməzdim. Çünki… Çünki… Çünki… Sevirdim səni və həqiqətən çox sevirdim…. Sənin dırnağına dəyən zədə mənim ürəyimə dəyərdi hər dəfəsində… Di gəl ki, bildirə bilməzdim… Mən yorulmuşdum… Ən çox da həkimdən aldığım diaqnoz artıq məni mənlikdən çıxarmışdı. Deyə də bilməzdim sənə. Başa düşürsən? Mən səni bədbəxt edə bilməzdim. Xərçəng xəstəsi idim. Hansı ki, bədənim hər gün öz funksiyasını itirirdi, bitirdim hər dəfəsində. Huşumu belə itirirdim get – gedə. Səninlə yemək yediyimiz sonuncu günü özümə bağışlaya bilmirəm. Səni mən çağırmışdım, guya ki, sürpriz edəcəkdim. Amma sürpriz ürəyimin getməsi, həkimlərin restorana gəlməyi, səni biyabır etmək deyildi. Restoranda tələsikdən qoyub çıxdığın çantanın iç cibindəki balaca hədiyyəm idi. İkimizin şəklini çəkmişdim, sonar da taxtaya düzəltdirmişdim ki, həmişəlik qalsın. Bir də əsas səbəb səni görməyim idi. Bağışla o gün hər şeyi zəhər etdiyim üçün, bağışla həyatına girib alt – üst etdiyim üçün. Sən xoşbəxtliyə layiq birisən. Mənə nə qədər çətin olsa da sən həyatını qurmalısan. Ruhlar qırılmır deyirlər, amma mən hər dəfə paramparça oluram burada. Hər gün gələcəm yanına, hər gün…
Beş mininci il də gəlib çatdı. Çox dəyişikliklər, fərqliliklər var. Min illər biz insanlar heyvan əti ilə qidalanırdıq. Amma indi heyvanlar da adi qaydada qidalanır. Quşlar, mal – qaralar insanlar kimi ayaqqabı geyinir, ziynət əşyaları taxır, salonlara gedirlər. Heç də pis görünmür.
İndi insanlar ədviyyatlı ərzaqlarla qidalanırlar.
Atları dənizdə görmək çox maraqlıdır. Onlara çimərlik geyimləri necə də gözəl yaraşır. Insanlar qoyunlarla bir gəzir, atlarla oturub dururlar. Hər heyvanın da özünəməxsus işi var. Şəxsən gördüyümü deyəcəım.
Bir xəstəxanaya girdim. Baş həkim at idi. registrasiyada oturan xanım (hansı ki, məni birinci palataya göndərdi) keçi, xəstəxananın süpürgəçisi isə eşşək idi. Məəttəl qaldım: normal danışırdılar, insani hərəkət edirdilər. Orada pələng də gördüm. Açığı üstümə hücum edər deyə çox qorxdum. Lakin elə deyildi. Onunla tanış oldum. O qədər gözəl xasiyyəti var idi ki, gəl görəsən. Gözündən əməliyyat olunmuşdu, çox heyif.
Mən xəstəxanada çox qalmadım, cəmi iki gün yatdım. O da ki, onurğa sümüyüm bir balaca əzilmişdi deyə özümü narahat hiss edirdim. Xəstəxanadan evə göndəriləndə bir az eynim açılsın deyə mağazalara baxmaq üçün çıxmışdım. Hə… bu arada artıq şəhər, kənd ayrı – seçkiliyi yoxdur. Ancaq dağlıq olan yerlər kənd sayılırdı. Ona da mikrokənd deyirdilər. Qalan kəndlərdə isə ağacları, meşələri yox etmiş, yerində göydələnlər ucaltmışdılar. Bu isə makroşəhər sayılırdı. Nə isə, mən mağazalara baxırdım. Satıcılardan it olanı da var idi, eşşək olanı da. Küçədən toy maşını keçirdi. Dönüb baxdım ki, bir adam quzu ilə evlənirdi. Çox qəribə zamandı.
Mən gələcəkdən keçmişə birbaşa sualtı raket vasitəsilə qayıtdım. İndi 2014 – cü ildir. Amma bu hadisəni kimə danışıramsa inanmır, gülür. Demək olar ki, hamı məni dəli, ya da sadəcə yalançı kimi qəbul edir. Düz də edirlər. Amma mən yalan danışmırdım.
YAŞIM ÖTÜB Hanı sevgin, hanı əhdin, ilqarın? Hanı sənin yenilməyən vüqarın? Hanı ürəyində qalan qubarın? Yaşım ötüb deyə üz döndərirsən. * * * Əvvəl mənlə əhdi-peyman bağladın, Ayrılsan da ürəyində ağladın. Heyif sənə bu yaşımda bağlandım, Yaşım ötüb deyə üz döndərirsən. * * * Kaş geri dönəydi sənli günlərim, Mənimlə saralıb, soldu güllərim. Salam ver, havada qaldı əllərim, Yaşım ötüb deyə üz döndərirsən. * * * Hanı andın, sənki məni sevirdin?! Səni sevdiyimi yaxşı bilirdin. İndisə olmusan, sən mənə düşmən, Yaşım ötüb deyə üz döndərirsən. * * * Tanrım salar səni min bir oyuna, Baxmaz baharına, baxmaz yayına. Lənət gəlsin bu cür sevgi payına, Yaşım ötüb deyə üz döndərirsən. * * * Məndən ayrılmağın olacaq gizli, Ürəyimdə sevgim varsa təmizdi. Allahın qarğışı tutacaq bizi Yaşım ötüb deyə üz döndərirsən.
UNUDUM GƏRƏK (Nüsrət Kəsəmənlinin şeirindən ilhamlanaraq) Mənə “ ayrılırıq”, “unut” deyirsən, Sənli günlərimi yox edim gərək. Sən mənim özümsən bunu bilirsən, Unutsam özümü unudum gərək. * * * Hər gecə yuxuma gizli gəlirsən, Döyünən qəlbimin sevgisi sənsən. Sən mənim yuxumun şəhzadəsisən, Unutsam yuxumu unudum gərək. * * * Allahdan arzumdur geri dönəsən, Xoşbəxt anlarını birgə böləsən. Heyif ki, sən mənə unut deyirsən, Unutsam dünyamı unudum gərək. * * * Sevgin məni şair etdi biləsən, İstəyirəm göz yaşımı siləsən. Axı niyə mənə unut deyirsən? Unutsam hər şeyi unudum gərək.
YUXU Hər gecə yuxuma gizli gəlirsən, Bu ki, həqiqətdir, yuxu deyilsən. Gizlincə durursan bir qıraqda sən Bəlkə də özünsən bildirməyirsən. * * * Oyatma sən məni yuxudayam mən, Dünyanın ən şirin yuxusundayam. Yuxuda görürəm bir sən, bir də mən, Sevgi körpüsünün ortasındayam.
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm qəmi? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, qoy yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün Yasıma gələrək ağla, gedirəm.
HEÇ OLDU Mən aşiqdim, bir cavana vuruldum, Könlün alım deyə ona qul oldum. Ürəyimdə sevinc əkdim, qəm bitdi, Nalə çəkdim iztirabım heç odu.
NİYƏ MƏNDƏN KÜSMÜSƏN? Leylidən, Məcnundan söylədin mənə, Sevirəm deyərək yanaşdın mənə. Gizli-gizli girdin sevən qəlbimə, Söylə indi nədir məndən küsmüsən? * * * Hündür zirvələri tən yaratmışam, Qara saçlarımda dən yaratmışam, Bu sevda yolunda “Sən” yaratmışam, Söylə indi nədir məndən küsmüsən? * * * Həyatda qəlbimi sənə vermişəm, Tək sənə inanıb, səni sevmişəm. Tanrıdan tək səni istəmişəm mən, Söylə indi nədir məndən küsmüsən? * * * Sabahdır, ağladım bütün gecəni, Düşündüm eləcə olub keçəni. Sevənlər də günahlardan keçəndi, Söylə indi nədir məndən küsmüsən? * * * İncisəm də səndən küsən deyiləm, Özümü doğrayıb, kəsən deyiləm. Sünbülün mən idim, süsən deyiləm, Söylə indi nədir məndən küsmüsən? * * * Dərdimi, qəmimi sənlə bölərəm, İnan bu həyatda sənsiz ölərəm. Həyatın mənası səni bilərəm, Söylə indi nədir məndən küsmüsən? * * * Qəribə bir eşqə düçar olmuşam, Qıfıllı qəlbinə açar olmuşam. Günəştək istilik saçar olmuşam, Söylə indi nədir məndən küsmüsən? * * * Küsməyinin səbəbi olmalıdır, Bu sevən gözlərim kor baxmalıdır. Bu ömrüm ömrünə yar olmalıdır, Söylə indi nədir məndən küsmüsən? * * * Ərşə çəkildi yuxu gözlərimdən, Taqət düşdü bu duran dizlərimdən. İncimisən de hansı sözlərimdən? Söylə indi nədir məndən küsmüsən? * * * Böyük tarixim var səninlə birgə, Hörmətim, sevgim var səninlə birgə. Həyatda böyüdüm səninlə birgə, Söylə indi nədir məndən küsmüsən? * * * Ürəyimi aldın, qaytar demədim, Sevgimi yad qızda axtar demədim. Mən sənə, “Axtaran tapar” demədim, Söylə indi nədir məndən küsmüsən? * * * Sənin sevgin məni Leyli eylədi, Qəməri təqvimi Hicri eylədi. Əsli də Kərəmi yanar eylədi, Söylə indi nədir məndən küsmüsən? * * * Hər şeyin səbəbi olmalıdır, bil, Ağlasam gəl yenə gözlərimi sil. Məcnunun sevdası itəcək deyil, Söylə indi nədir məndən küsmüsən? * * * Şəlaləyəm, üzüm güldü səninlə, Qəlbindəyəm, qəlbin səsini dinlə. Sənsiz ömrüm hədər oldu qəminlə, Söylə indi nədir məndən küsmüsən?
GÖZƏL Gözə gələrsən, gözəlim, Gözlərin gözəldi sənin. Gözəllərdən seçilirsən, Sənə baxır bu gözlərim.
APARIR MƏNİ Bu necə sevgidir üzür qəlbimi, Ağlayıram hər gün düşünüb səni, Bacarmıram ürəyimlə deyəsən, Sevgim uçuruma aparır məni. * * * Şirin candan keçərəm, bil, səninçün, Dözərəm hər əzaba səninçün. Son qoyaram bu həyata səninçün, Sevgim uçuruma aparır məni.
ƏZƏLİ, YA ƏBƏDİDİR? Bu sevgidə ikimiz də günahkarıq, Yaşamaqçün səbəbimiz de nədir? Yaşamağa ikimiz də inadkarıq, De sevgin əzəli, ya əbədidir? * * * Heç biri,.. demək ki, bir variant var, Sevgiylə oynamaq, tez atmaq da var. Sevməyəndə qəlbi oyuncaq etmək, Sevənlərdə sevgi yaratmaq da var. * * * Hardan girdin ürəyimə bilmədim, Həyatımda sən olandan gülmədim. Mən sənin sevgini oyun bilmədim, De sevgin əzəli, ya əbədidir? * * * Yaratmaq eşqilə yaşayıb yazdım, Səni sevib tez də yolumu azdım. İstədim məktubda bir sual yazım, De sevgin əzəli, ya əbədidir? * * * Eşqindən şamların başına dönüb, Pərvanə olmuşam, səni düşünüb. Sual verəcəyəm, qəlbinə düşüb, De sevgin əzəli, ya əbədidir? * * * Bu həyatdan köçsəm, bil, üzülmərəm, Ürəyimi qəm oduyla üzmərəm. Gözlərimə kədər yaşı düzmərəm, De sevgin əzəli, ya əbədidir? * * * Ayları qatmışam artıq illərə, Səs-sədam düşübdü indi ellərə. Pərişan – pərişan düşüb çöllərə, De sevgin əzəli, ya əbədidir?
GİZLİ Sən getdin, “Əlvida” deyərək mənə, Getdiyin yollara baxıram gizli. Daha gücüm çatmır bir də sevməyə, Getdiyin yollara baxıram gizli. * * * Qarşında diz çöküb ağlamayacam, Ölsən yasını da saxlamayacam. Alışdım, bird aha odlanmayacam, Getdiyin yollara baxıram gizli. * * * Ayrılıq, amma ki, sevmişəm düzü, Əlvida olmuşdu sənin son sözün. Nədən sevmədinsə yaşardı gözün? Getdiyin yollara baxıram gizli. * * * Hərdən yuxularıma girəndə mənim, Qəlbimi odlara yaxıram gizli. Ağrıdı həmişə yandı bu qəlbim, Getdiyin yollara baxıram gizli. * * * Ayrılmayaq, yalvarmışdım Allaha, Qələm də mürəkkəb axıtmır daha. Saxta məhəbbəti satmışdın baha, Getdiyin yollara baxıram gizli.
CAN DİLƏ Sevgi üçün candan keçib can dilə, Xəstə oldum, bağlanıbdır can dilə. Şirin sözün ilan çıxardar qından, Gərək bu dil cana yetsin, can dilə.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Məhəbbətim kəmmi gəldi sevəndə? Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
QOCALMA SEVGİLİM Mən səni sevmişəm ömrüm uzunu, Həyatda sevgi də, nifrət də olar, Dəyişərəm ölsəm alın yazımı, Qocalma, sevgilim, qocalma, nolar. * * * Gözünə nur gəlsin, qoluna qüvvət, Dilinə söz gəlsin, dizinə taqət. Heç zaman ölməyər sevgiyə hörmət, Qocalma, sevgilim, qocalma, nolar. * * * Heyif deyilmi ki, cavan qalasan, Bil ki, istəyirəm qocalmaysan. Hətta istəyirəm mənlə olasan, Qocalma, sevgilim, qocalma, nolar. * * * Qocalsan saçına vaxtsız düşər dən, Qəlbində olmasın nə kədər, nə qəm, Uşaqlıq sevgimsən, deyirdim hərdən, Qocalma, sevgilim, qocalma, nolar. * * * Mən uşaq, sən isə yetkin bir gəncdin, Mənim ürəyimi kədərlə sancdın. Bəlkə də mənimçün adi inancdın, Qocalma, sevgilim, qocalma, nolar. * * * Səni gördüm, sanki dünyam dəyişdi, Ürəyimdə bil hisslərim dəyişdi. Aradan vaxt keçdi, zaman dəyişdi, Qocalma, sevgilim, qocalma nə olar. * * * Sevgi əzabından uzaq olacam, Kədər yuvasında boş qalacağam. Dizinə baş qoyub çox yatacağam, Qocalma, sevgilim, qocalma nolar. * * * Ürək dəftərindən adımı silmə, Zəmanə tez keçir, bil, ilmə-ilmə. Qocalıq nə şeydi sən hələ bilmə, Qocalma, sevgilim, qocalma nolar. * * * Mən bir dilənçiyəm, sənə əl açıb, Sevgimi geriyə istəsəm olar? Xatırımdə ancaq məhəbbət qalar, Qocalma, sevgilim, qocalma nolar. * * * Unutma, tənhalıq yıxar evini, Hələki cavanlıq yaşadır səni. Mən hələ görmədim eşqin məhvini, Qocalma, sevgilim, qocalma nolar. * * * Sən məni atmısan, unutma ey yar, Sevgiyə dönüklər sayılar əğyar, Həyat gözlərində görünəcək dar, Qocalma, sevgilim, qocalma nolar. * * * Cavansan, çalış ki, xoş yaşayasan, Qocalıq barədə düşünmə hələ, Nə badə bir daha qocalmaysan Qocalma, sevgilim, qocalma nolar. * * * Qoy nəzər dəyməsin gözəlliyinə, Sən hələ cavansan, qal həmişə belə. Qocalıq kəlməsin gətirmə dilə, Qocalma, sevgilim qocalma nolar.
GÖRMƏYƏCƏKSƏN Darıxsan yanına gələ bilərəm, Ağlasan gizlində gülə bilərəm, Yatsan yuxuna da gələ bilərəm, Gəlsəm də sən məni görməyəcəksən. * * * Dindirsən çox şeyi deyə bilərəm, Deyərək xətrinə dəyə bilərəm. Bəlkə də qəddini əyə bilərəm, Əysəm də sən məni görməyəcəksən. * * * Gəlib əllərindən tuta bilərəm, Kədəri bir yolluq ata bilərəm. Səninlə arzuma çata bilərəm, Çatsam da sən məni görməyəcəksən. * * * Dayanıb gözünə baxa bilərəm, Baxaraq qəlbini yaxa bilərəm. Əyilsəm özüm də qalxa bilərəm, Qalxsam da sən məni görməyəcəksən. * * * Həyatı həmişə qəliz bilərəm, Sevgi hisslərini təmiz bilərəm. Mən səni gözümdə əziz bilərəm, Gəlsəm də sən məni görməyəcəksən.
BÜDRƏYİB KEÇİR Həyatın yolları keşməkeşlidir, Kimi asta gedir, kimi bərk gedir. Kimi keçə bilmir, dayanıb baxır, Kimi də keçəndə büdrəyib keçir. * * * Həyatı ikiyə bölən insanlar, İkini ikiyə bölə bilməyir. Yaşaya-yaşaya ölən insanlar, Ruhsuz bir bədəndə ölə bilməyir. * * * Həyatın bir üzü əgər ağ olsa, Mütləq digər üzü qara olacaq. İnsanlar əbədi yaşayacaqsa, Bil ki, ürəkləri yara olacaq. * * * Kimi bu yollara həsrətlə baxır, Kimi də qəlbini yandırıb yaxır. Kimisi yollarda əyilib qalxır, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi uçuruma düşür ağlayır, Kimi ürəyini üzür ağlayır, Kimi həyatından bezir ağlayır, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi başqasının əlindən tutur, Kimi keçmişini çox tez unudur. Kimi yıxılana söyəyir ki, dur, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi bu yolların xəstəsi olub. Kimi mahnıların bəstəsi olub. Kimi bu yollarda canını qoyub, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi ürəyində min diləyilə, Kimi başqasının köməyi ilə. Kimi öz gücünün əməyi ilə, Kimi də keçəndə büdrəyib keçir.
SƏNİ DƏ VƏFASIZ BİR ADAM SEVƏR Rüzgar olub niyə əsdin qəlbimə? Xışıltında ayrılıqdan söyləmə. Sən özünlə bir bu qədər öyünmə, Səni də vafasız bir adam sevər. * * * Bir daha mənimlə görüşə gəlmə, Ciddi ol həmişə, mənimlə gülmə. Məni aldatmısan, çox da sevinmə, Səni də vafasız bir adam sevər. * * * Tale yollarını palçıqlı edər, Nikbin ürəyində kədər gizlənər. Çox özünü öyüb döşünə döymə, Səni də vəfasız bir adam sevər. * * * Ayağın büdrəyər, düşərsən yerə, Duranda gözünə görünər dərə. Bundan sonra getsən hansı ellərə, Səni də vafasız bir adam sevər.
NİYƏ BİZ AYRILIRIQ Sanıram ki, bu son görüşümüzdü, Gözlərin gözümə baxmayır artıq. İlk görüşdən bir-birimizə bağlandıq, Söylə indi niyə biz ayrılırıq? * * * Gözlərini qaçırırsan, baxmırsan, Yox, bu sən deyilsən, qəlbi yaxmırsan. Gedirsən, geriyə heç qayıtmırsan, Söylə indi niyə biz ayrılırıq? * * * Əlimdən əlinin istisi getmir, Sənə olan eşqim tükənib bitmir. Gözlərin gözümün önündən getmir, Söylə indi niyə biz ayrılırıq?
AĞLAGÖZLƏRİM Vəfalı bildiyim vəfasız çıxıb, Durub oğrun-oğrun ağla, gözlərim. Sənin ürəyini uçurub, yıxıb, Üzünə baxaraq ağla, gözlərim. * * * Ürəyin yanacaq, qanın donacaq, Əlinin istisi tez soyuyacaq. Sevənlər həmişə xoşbəxt olacaq, Sevənlərə baxıb ağla, gözlərim.
OLSUN Məni sevsən cavabında hə desəm, Sonra bu sevgidən baş alıb getsəm. Səndən ayrılmağı özüm istəsəm, Yatdığım çarpayım məzarım olsun. * * * Əgər ki, sevgidə dürüst olmasam, Ayrılan günü mən alt-üst olmasam, Sevgi çiçəyitək təmiz solmasam, Dayandığım yerdə baş daşım olsun. * * * Bütün sevənlərə bir arzum olub, Sevib sevilənlər qoy xoşbəxt olsun. Yaman kövrəlirsən, gözlərin dolub, Xoşbəxtlik bizə də qoy nəsib olsun.
HEYİF Sənə söz deməyə çox utanıram, Onsuz da ayrıyıq, faydası nədir? Dərdimi deməyə adam tapmıram, Sənsiz bu həyatım puçdur, heç nədir. * * * Sənsiz qalmağımda səbəb özüməm, Kaş sənə yalandan deyəydim getmə. İndi sənsizliyə necə dözüm mən? Sevgilim nə olar gözümdən itmə. * * * Nə vaxt ki, əlimdən tutmaq istədin, Mən isə əlimi qaçırdım, heyif. Gözümə baxaraq sevirəm dedin. Gözümü gözündən qaçırdım heyif.
YUXULU KEÇİB Gəlsən də görüşə ayrılacağam, Daha bu həyatdan yorulacağam. Tutsan da qolumdan yıxılacağam, Ömrümün yarısı yıxılı keçib. * * * Öndə durmasam da arxadayam mən, Matəmdə, yasda, ağıdayam mən, Sən məni düşünə yuxudayam mən, Ömrümün yarısı yuxulu keçib.
GECİKDİ Bu ilk görüşümüz çox tələsirəm, Həyəcan tez gəldi, sevinc gecikdi, Həyəcandan titrəyirəm, əsirəm, Tələssəm də ümidlərim gecikdi. * * * Vurulmuşam qamətinə nə işdi? Sevənlərin məzarları behiştdi. Çox tələsdim görüşünə tez gəlim, Tələssəm də ümidlərim gecikdi. * * * Gül çöhrəni görcək qəlbim sevindi, O gülər üzünə dedim mənimdi. Sevinc gətirəndə yaman tələsdim, Tələssəm də ümidlərim gecikdi. * * * Ömür karvanıyla birgə gəlirdim, Geciksəydim, gedəcəkdim, bilirdim. Bu ilk görüşümüz, yaman tələsdim, Tələssəm də ümidlərim gecikdi. * * * Həyat yavaş-yavaş davam elədi, Hər kəs bu həyata nakamdı dedi. Gecikməmək üçün tez gəlmişdim mən, Tələssəm də ümidlərim gecikdi.
ATMASIN Mənəm öz bəxtində taleyi kəm qız, Bu gen dünyada mən qalmışam yalqız. Tanrıdan diləyim bil budur yalnız, Səni taleyimdən silib atmasın. * * * Bu həyat üzümə gülmədi bir an, Öz tale, bəxtimdən olmuşam viran. Tanrı həqiqəti etməsin yalan, Səni taleyimdən silib atmasın. * * * Tək arzum bu olub yaradanımdan, Səni əziz bildim mən öz canımdan. Bir gün üzüm dönsə də həyatımdan, Səni taleyimdən silib atmasın. * * * Səni sevdiyimi mən gizlətmirəm, Səndən qeyrisini mən gözlətmirəm. Allaha əl açıb yalvaran mənəm, Səni taleyimdən silib atmasın. * * * Getdiyin yolların torpağı olum, İstəsən gülünün yarpağı olum, Qumral saçlarının darağı olum Səni taleyimdən silib atmasın. * * * Gözlərin qaradı, dodağın baldı, Bu kasıb ömrümdə məhəbbət boldu, Tanrıya etdiyim duam bu oldu, Səni taleyimdən silib atmasın.
UNUTSAN ƏGƏR Sevgimlə gözünü kor eyləyərəm, Bəlkədə bu sözüm xətrinə dəyər. Səni el içində xar eləyərəm, Məni bu dünyada unutsan əgər. * * * Sənsiz bu dünyada solaram yəqin, Sənin də yanacaq gizlində qəlbin. Əqlini başından alacam bir gün, Məni bu dünyada unutsan əgər. * * * Qəlbini yandırıb yaxacam sənin, Dünyanı başına yıxacam sənin, Nifrəti gözünə sıxacam sənin Məni bu dünyada unutsan əgər. * * * Dünya qucağıdan atacaq səni, Sevgin başqasına satacaq səni, Alahın qarğışı tutacaq səni, Məni bu dünyada unutsan əgər. * * * Gecə yuxu nədir bilməyəcəksən, Yatsan yuxunda da dərd görəcəksən. Sən mənim eşqimlə əriyəcəksən, Məni bu dünyada unutsan əgər. * * * Beynində, qəlbində mən dolaşaram, Eşqindən dünyada mən alışaram, Sənə qarğış edib çox danışaram Məni bu dünyada unutsan əgər.
SEVGİMİ QƏLBİMDƏ YAŞADACAĞAM Dağdan coşub daşan bir şəlaləyəm, Mən böyük qüvvəyəm, çırağam, şəməm. Məcnunun eşqindən yanan Leyliyəm, Sevgimi qəlbimdə yaşadacağam. * * * Leylinin sevgisi yox olub daha, Məcnunun kamanı ox olub daha, Məhəbbət aşkarda çox olub daha, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məhəbbəti ələ salıb gülməyin, Nakam həyat sevgisiyçün ölməyin, Bu sevginin sonunu siz bilməyin, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məcnundan əbədi ayrılıb getdim, Ömür kitabına nələr qeyd etdim… Mən onu tükənməz eşqlə sevirdim, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məcnuntək səhrada səni axtarsam, Sənsə Leyli deyib başqasını tapsan. Başqası naminə məni unutsan, Sevgimi qəlbimdə yaşadacağam. * * * Al, qanlı bıçağı qəlbinə vur, sanc, Al qanlı bıçaqda minlərlə qazanc. Daha can verirəm, sən yenə qısqanc, Sevgimi qəlbimdə yaşadacağam. * * * Hanı uzun saçlım deyib ağlama, Hanı qonur gözlüm deyib ağlama. Hanı şirin sözlüm deyib ağlama, Sevgimi qəlbimdə yaşadacağam. * * * İsti nəfəsimçün çox da darıxma, Sevgi həvəsimçün pərişan olma. Sən mənim sevgimçün nigaran olma, Sevgimi qəlbimdə yaşadacağam.
İNDİ HARDA QALDIN? Bu sevgidən cəfa çəkdim bilmədən, Vaxt var idi bir sən idin, bir də mən. Tələsirdin görüşə tez gələsən, İndi harda qaldın, harda bir dənəm? * * * Çox gözlədim saçlarıma düşdü dən, Dünya gözlərimdə dəyişdi hərdən. Sevincim dəyişdi oldu kədər, qəm, İndi harda qaldın, harda bir dənəm? * * * Sən yoxsan, saçıma heç sığal dəymir, Heç kim heç kimə bir sağ ol demir. Sevginin saatı, vaxtı bilinmir, İndi harda qaldın, harda bir dənəm? * * * Eşqim, bir dənəm, bir sən, bir də mən, Dünya dəyişsə də mən dəyişmərəm. Eşqim, bir dənəm, gözlərimdə nəm, Yerini kimsəyə verə bilmərəm.
XOŞBƏXTİN XOŞBƏXTİ Səninlə bir ömür paylaşıram mən, Səninlə birlikdə yaşayıram mən, Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən. * * * Şirin röyayam mən, bir xəyalam mən, Bil sevinc də mənəm, kədər də mənəm. Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən. * * * Röyayam, mələyəm, iblis deyiləm, Sualla doluyam, qəliz deyiləm. Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən.
ALMARAM Əgər məndən sevə-sevə ayrılsan, Düz gedərəm, dönüb geri baxmaram. Nə vaxtsa üz-üzə gəlsək bir zaman, Üz çevirib salamını almaram. * * * Yaddaşına yaz ki, mən Şəlaləyəm, Heç kimi özümə tay eyləmərəm. Sevgi üçün qürurumu əymərəm, Üz çevirib salamını almaram. * * * Köksünə dağ basıb kül eyləyərəm, Tikanı, qanqalı gül eyləyərəm, Hər zaman sevinib, gül söyləyərəm, Üz çevirib salamını almaram. * * * Sevsəm öz sevgimə dönük çıxmaram, Dönük deyə xəyanətkar olmaram. Sağ olunu məcbur olub alsam da, Üz çevirib salamını almaram. * * * Sənsiz qalıb bu qəlbimi dağlaram, Gecə-gündüz zari-pünhan ağlaram. Qürur bir hissdir ki, o da məndə var, Üz çevirib salamını almaram. * * * Söylə, mən ki iblisi can deyiləm, Bu həyatda gizli cahan deyiləm. Qəlbində gizləndim, pünhan deyiləm, Üz çevirib salamını almaram. * * * İlahi qüvvəyəm, sevincəm, eşqəm, Üç günlük ndünyada əsla çəkmə qəm. Mən yanından düz keçəcəyəm hərdən, Üz çevirib salamını almaram.