
GÖRMƏYƏCƏKSƏN
Darıxsan yanına gələ bilərəm,
Ağlasan gizlində gülə bilərəm,
Yatsan yuxuna da gələ bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.
* * *
Dindirsən çox şeyi deyə bilərəm,
Deyərək xətrinə dəyə bilərəm.
Bəlkə də qəddini əyə bilərəm,
Əysəm də sən məni görməyəcəksən.
* * *
Gəlib əllərindən tuta bilərəm,
Kədəri bir yolluq ata bilərəm.
Səninlə arzuma çata bilərəm,
Çatsam da sən məni görməyəcəksən.
* * *
Dayanıb gözünə baxa bilərəm,
Baxaraq qəlbini yaxa bilərəm.
Əyilsəm özüm də qalxa bilərəm,
Qalxsam da sən məni görməyəcəksən.
* * *
Həyatı həmişə qəliz bilərəm,
Sevgi hisslərini təmiz bilərəm.
Mən səni gözümdə əziz bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.
BÜDRƏYİB KEÇİR
Həyatın yolları keşməkeşlidir,
Kimi asta gedir, kimi bərk gedir.
Kimi keçə bilmir, dayanıb baxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Həyatı ikiyə bölən insanlar,
İkini ikiyə bölə bilməyir.
Yaşaya-yaşaya ölən insanlar,
Ruhsuz bir bədəndə ölə bilməyir.
* * *
Həyatın bir üzü əgər ağ olsa,
Mütləq digər üzü qara olacaq.
İnsanlar əbədi yaşayacaqsa,
Bil ki, ürəkləri yara olacaq.
* * *
Kimi bu yollara həsrətlə baxır,
Kimi də qəlbini yandırıb yaxır.
Kimisi yollarda əyilib qalxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi uçuruma düşür ağlayır,
Kimi ürəyini üzür ağlayır,
Kimi həyatından bezir ağlayır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi başqasının əlindən tutur,
Kimi keçmişini çox tez unudur.
Kimi yıxılana söyəyir ki, dur,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi bu yolların xəstəsi olub.
Kimi mahnıların bəstəsi olub.
Kimi bu yollarda canını qoyub,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi ürəyində min diləyilə,
Kimi başqasının köməyi ilə.
Kimi öz gücünün əməyi ilə,
Kimi də keçəndə büdrəyib keçir.
SƏNİ DƏ VƏFASIZ BİR ADAM SEVƏR
Rüzgar olub niyə əsdin qəlbimə?
Xışıltında ayrılıqdan söyləmə.
Sən özünlə bir bu qədər öyünmə,
Səni də vafasız bir adam sevər.
* * *
Bir daha mənimlə görüşə gəlmə,
Ciddi ol həmişə, mənimlə gülmə.
Məni aldatmısan, çox da sevinmə,
Səni də vafasız bir adam sevər.
* * *
Tale yollarını palçıqlı edər,
Nikbin ürəyində kədər gizlənər.
Çox özünü öyüb döşünə döymə,
Səni də vəfasız bir adam sevər.
* * *
Ayağın büdrəyər, düşərsən yerə,
Duranda gözünə görünər dərə.
Bundan sonra getsən hansı ellərə,
Səni də vafasız bir adam sevər.
NİYƏ BİZ AYRILIRIQ
Sanıram ki, bu son görüşümüzdü,
Gözlərin gözümə baxmayır artıq.
İlk görüşdən bir-birimizə bağlandıq,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Gözlərini qaçırırsan, baxmırsan,
Yox, bu sən deyilsən, qəlbi yaxmırsan.
Gedirsən, geriyə heç qayıtmırsan,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Əlimdən əlinin istisi getmir,
Sənə olan eşqim tükənib bitmir.
Gözlərin gözümün önündən getmir,
Söylə indi niyə biz ayrılırıq?
AĞLA GÖZLƏRİM
Vəfalı bildiyim vəfasız çıxıb,
Durub oğrun-oğrun ağla, gözlərim.
Sənin ürəyini uçurub, yıxıb,
Üzünə baxaraq ağla, gözlərim.
* * *
Ürəyin yanacaq, qanın donacaq,
Əlinin istisi tez soyuyacaq.
Sevənlər həmişə xoşbəxt olacaq,
Sevənlərə baxıb ağla, gözlərim.
OLSUN
Məni sevsən cavabında hə desəm,
Sonra bu sevgidən baş alıb getsəm.
Səndən ayrılmağı özüm istəsəm,
Yatdığım çarpayım məzarım olsun.
* * *
Əgər ki, sevgidə dürüst olmasam,
Ayrılan günü mən alt-üst olmasam,
Sevgi çiçəyitək təmiz solmasam,
Dayandığım yerdə baş daşım olsun.
* * *
Bütün sevənlərə bir arzum olub,
Sevib sevilənlər qoy xoşbəxt olsun.
Yaman kövrəlirsən, gözlərin dolub,
Xoşbəxtlik bizə də qoy nəsib olsun.
HEYİF
Sənə söz deməyə çox utanıram,
Onsuz da ayrıyıq, faydası nədir?
Dərdimi deməyə adam tapmıram,
Sənsiz bu həyatım puçdur, heç nədir.
* * *
Sənsiz qalmağımda səbəb özüməm,
Kaş sənə yalandan deyəydim getmə.
İndi sənsizliyə necə dözüm mən?
Sevgilim nə olar gözümdən itmə.
* * *
Nə vaxt ki, əlimdən tutmaq istədin,
Mən isə əlimi qaçırdım, heyif.
Gözümə baxaraq sevirəm dedin.
Gözümü gözündən qaçırdım heyif.
YUXULU KEÇİB
Gəlsən də görüşə ayrılacağam,
Daha bu həyatdan yorulacağam.
Tutsan da qolumdan yıxılacağam,
Ömrümün yarısı yıxılı keçib.
* * *
Öndə durmasam da arxadayam mən,
Matəmdə, yasda, ağıdayam mən,
Sən məni düşünə yuxudayam mən,
Ömrümün yarısı yuxulu keçib.
GECİKDİ
Bu ilk görüşümüz çox tələsirəm,
Həyəcan tez gəldi, sevinc gecikdi,
Həyəcandan titrəyirəm, əsirəm,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Vurulmuşam qamətinə nə işdi?
Sevənlərin məzarları behiştdi.
Çox tələsdim görüşünə tez gəlim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Gül çöhrəni görcək qəlbim sevindi,
O gülər üzünə dedim mənimdi.
Sevinc gətirəndə yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Ömür karvanıyla birgə gəlirdim,
Geciksəydim, gedəcəkdim, bilirdim.
Bu ilk görüşümüz, yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Həyat yavaş-yavaş davam elədi,
Hər kəs bu həyata nakamdı dedi.
Gecikməmək üçün tez gəlmişdim mən,
Tələssəm də ümidlərim gecikdi.
ATMASIN
Mənəm öz bəxtində taleyi kəm qız,
Bu gen dünyada mən qalmışam yalqız.
Tanrıdan diləyim bil budur yalnız,
Səni taleyimdən silib atmasın.
* * *
Bu həyat üzümə gülmədi bir an,
Öz tale, bəxtimdən olmuşam viran.
Tanrı həqiqəti etməsin yalan,
Səni taleyimdən silib atmasın.
* * *
Tək arzum bu olub yaradanımdan,
Səni əziz bildim mən öz canımdan.
Bir gün üzüm dönsə də həyatımdan,
Səni taleyimdən silib atmasın.
* * *
Səni sevdiyimi mən gizlətmirəm,
Səndən qeyrisini mən gözlətmirəm.
Allaha əl açıb yalvaran mənəm,
Səni taleyimdən silib atmasın.
* * *
Getdiyin yolların torpağı olum,
İstəsən gülünün yarpağı olum,
Qumral saçlarının darağı olum
Səni taleyimdən silib atmasın.
* * *
Gözlərin qaradı, dodağın baldı,
Bu kasıb ömrümdə məhəbbət boldu,
Tanrıya etdiyim duam bu oldu,
Səni taleyimdən silib atmasın.
UNUTSAN ƏGƏR
Sevgimlə gözünü kor eyləyərəm,
Bəlkədə bu sözüm xətrinə dəyər.
Səni el içində xar eləyərəm,
Məni bu dünyada unutsan əgər.
* * *
Sənsiz bu dünyada solaram yəqin,
Sənin də yanacaq gizlində qəlbin.
Əqlini başından alacam bir gün,
Məni bu dünyada unutsan əgər.
* * *
Qəlbini yandırıb yaxacam sənin,
Dünyanı başına yıxacam sənin,
Nifrəti gözünə sıxacam sənin
Məni bu dünyada unutsan əgər.
* * *
Dünya qucağıdan atacaq səni,
Sevgin başqasına satacaq səni,
Alahın qarğışı tutacaq səni,
Məni bu dünyada unutsan əgər.
* * *
Gecə yuxu nədir bilməyəcəksən,
Yatsan yuxunda da dərd görəcəksən.
Sən mənim eşqimlə əriyəcəksən,
Məni bu dünyada unutsan əgər.
* * *
Beynində, qəlbində mən dolaşaram,
Eşqindən dünyada mən alışaram,
Sənə qarğış edib çox danışaram
Məni bu dünyada unutsan əgər.
SEVGİMİ QƏLBİMDƏ YAŞADACAĞAM
Dağdan coşub daşan bir şəlaləyəm,
Mən böyük qüvvəyəm, çırağam, şəməm.
Məcnunun eşqindən yanan Leyliyəm,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Leylinin sevgisi yox olub daha,
Məcnunun kamanı ox olub daha,
Məhəbbət aşkarda çox olub daha,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məhəbbəti ələ salıb gülməyin,
Nakam həyat sevgisiyçün ölməyin,
Bu sevginin sonunu siz bilməyin,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnundan əbədi ayrılıb getdim,
Ömür kitabına nələr qeyd etdim…
Mən onu tükənməz eşqlə sevirdim,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnuntək səhrada səni axtarsam,
Sənsə Leyli deyib başqasını tapsan.
Başqası naminə məni unutsan,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Al, qanlı bıçağı qəlbinə vur, sanc,
Al qanlı bıçaqda minlərlə qazanc.
Daha can verirəm, sən yenə qısqanc,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Hanı uzun saçlım deyib ağlama,
Hanı qonur gözlüm deyib ağlama.
Hanı şirin sözlüm deyib ağlama,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
İsti nəfəsimçün çox da darıxma,
Sevgi həvəsimçün pərişan olma.
Sən mənim sevgimçün nigaran olma,
Sevgimi qəlbimdə yaşadacağam.
İNDİ HARDA QALDIN?
Bu sevgidən cəfa çəkdim bilmədən,
Vaxt var idi bir sən idin, bir də mən.
Tələsirdin görüşə tez gələsən,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Çox gözlədim saçlarıma düşdü dən,
Dünya gözlərimdə dəyişdi hərdən.
Sevincim dəyişdi oldu kədər, qəm,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Sən yoxsan, saçıma heç sığal dəymir,
Heç kim heç kimə bir sağ ol demir.
Sevginin saatı, vaxtı bilinmir,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Eşqim, bir dənəm, bir sən, bir də mən,
Dünya dəyişsə də mən dəyişmərəm.
Eşqim, bir dənəm, gözlərimdə nəm,
Yerini kimsəyə verə bilmərəm.
XOŞBƏXTİN XOŞBƏXTİ
Səninlə bir ömür paylaşıram mən,
Səninlə birlikdə yaşayıram mən,
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Şirin röyayam mən, bir xəyalam mən,
Bil sevinc də mənəm, kədər də mənəm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Röyayam, mələyəm, iblis deyiləm,
Sualla doluyam, qəliz deyiləm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
ALMARAM
Əgər məndən sevə-sevə ayrılsan,
Düz gedərəm, dönüb geri baxmaram.
Nə vaxtsa üz-üzə gəlsək bir zaman,
Üz çevirib salamını almaram.
* * *
Yaddaşına yaz ki, mən Şəlaləyəm,
Heç kimi özümə tay eyləmərəm.
Sevgi üçün qürurumu əymərəm,
Üz çevirib salamını almaram.
* * *
Köksünə dağ basıb kül eyləyərəm,
Tikanı, qanqalı gül eyləyərəm,
Hər zaman sevinib, gül söyləyərəm,
Üz çevirib salamını almaram.
* * *
Sevsəm öz sevgimə dönük çıxmaram,
Dönük deyə xəyanətkar olmaram.
Sağ olunu məcbur olub alsam da,
Üz çevirib salamını almaram.
* * *
Sənsiz qalıb bu qəlbimi dağlaram,
Gecə-gündüz zari-pünhan ağlaram.
Qürur bir hissdir ki, o da məndə var,
Üz çevirib salamını almaram.
* * *
Söylə, mən ki iblisi can deyiləm,
Bu həyatda gizli cahan deyiləm.
Qəlbində gizləndim, pünhan deyiləm,
Üz çevirib salamını almaram.
* * *
İlahi qüvvəyəm, sevincəm, eşqəm,
Üç günlük ndünyada əsla çəkmə qəm.
Mən yanından düz keçəcəyəm hərdən,
Üz çevirib salamını almaram.
Müəllif: Şəlalə CAMAL,
Yaradıcılıq məsələləri üzrə menecer.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru