ZAMANIN VƏ MÜHİTİN FÖVQÜNDƏ DAYANAN ŞƏXSİYYƏT ” Sən ona görə dünyaya gəlmisən ki, Ulu Tanrının köməyi ilə özünə xalq məhəbbəti qazanasan”. Məhəmməd peyğəmbər Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Səliqə müəllimə də mənəvi cəhətdən zəngin, daxilən gözəl insanlardan biridir. Bu da onun şəxsiyyətinin, mənəvi dünyasının, işıqlı ürəyinin böyüklüyündən xəbər verir. Məhiz ona görə də Səliqə müəllimədə xeyirxahlıq, alicənablıq, mərdlik və s. kimi müsbət xüsusiyyətlər özünü tez – tez büruzə verir. Və o bir şəxsiyyət kimi ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir. Dediyi sözləri, görəcəyi işlərlə uyğunlasdırmağı bacaran, məktəb direktorunun müavini kimi çalışan Səliqə müəllimənin adı Azərbaycan təhsilində, gənclərin təlim- tərbiyəsində xidmətləri olan şəxsiyyətlərdən söhbət düşəndə hörmətlə çəkilir. Uzun illərdir Zərdab şəhəri, Zərdabi adına bir saylı litsey məktəbdə direktor müavini, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Səliqə müəllimə Azərbaycanın qabaqcıl ziyalılarındandır. Azərbaycan Pedaqoji cəmiyyətindəki hər bir şəxs o böyük insanı, işıqlı ziyalını yaxşı tanıyır. Hətta onu tanımayanlar da, ancaq haqqında eşidənlər də onun fəaliyyətindən, nüfuzlu bir ziyalı kimi millətə, vətənə xidmət etməsindən məhəbbətlə söhbət açırlar. Kiçik bir xatırlatma: 1963- cü ildə Zərdab rayonunun Körpükənd kəndində ziyalı ailəsində anadan olub. 1971-1978- ci illərdə Xasa kənd səkkizillik məktəbində oxuyub. Atası Oruc müəllimin sənətini davam etdirmək onun ən böyük arzusu idi. O, bu arzu ilə də sənədlərini Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimi fakültəsini verib və oranı əla qiymətlərlə bitirərək Zərdab rayonunun ən ucqar kəndi olan Sileyli kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Səliqə müəllimə 1983- cu ildə işləyə -isləyə sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və instituta qəbul olub. Təhsilini başa vurandan sonra Xasa səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Körpülü kənd orta məktəbində və işlədiyi səkkizillik məktəbinin her ikisində Komsomol təşkilat katibi kimi də çalışıb. Mənalı və şərəfli bir ömür yolu yaşayan Səliqə müəllimə mütəmadi olaraq ” Azərbaycan gəncləri”, ” Pambıqçı”, ” Sovet kəndi” qəzetlərində məqalələrlə çıxış edirdi. 1988- ci ildə institutu bitirib ailə həyatı quran Səliqə xanım ailə vəziyyəti ilə əlaqədar olaraq 1991- ci ildə rayon mərkəzinə köçmüş, Maksim Qorki (indiki Həsən bəy Zərdabi) adına bir saylı məktəbdə işə başlamışdır. 1996- cı ildən fəal müəllim kimi ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişlər. 2015- ci ildən bu günə qədər bu vəzifədə işləməklə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi də fəaliyyətini davam etdirmişdir. Üc kitab müəllifidir. Səliqə müəllimənin keçdiyi mənalı həyat yolu uğurlu, işıqlı yoldur. Hər dəfə institut müəllimlərini xatırlayanda deyir: “Bizim görkəmli müəllimlərimiz olub. İsmayıl Şıxlı, Həsən Mirzəyev, Mürsəl Həkimov, Himalay Qasımov, Hacıbaba Əzimov kimi saf, təmiz vicdanlı alimlərdən həm elmin sirlərini öyrənmişəm, həm də həyat dərsi almışam”. Səliqə müəllimə böyük nüfuz sahibi, tanınmış pedaqoq, sözün əsl mənasında xalqını, vətənini, şagirdlərini, müəllim kollektivini sevən direktor müavinidir. Haşiyə: Səliqə müəllimə deyir ki, dünya şöhrətli Nyutondan soruşurlar ki, elimdə belə nəhəng gorunməyinizin səbəbi nədir? O, tərəddüd etmədən, iftixarla demişdir. ” Mən müəllimim Dekartın çiyinləri üzərində dayanmışam”. – Nyuton sevimli müəllimi Dekartı dünyanın ən uca dağına – Comolunqa zirvəsinə bənzətmiş, özünü bu zirvədə dayanan şəxs kimi təsəvvür etmişdir. Min nəfərə yaxın şagirdi olan bir məktəbin direktor müavini kimi çalışan Səliqə müəllimə pedaqoji kollektivdə böyük nüfuz sahibidir. Müəllim adını hörmətlə yanaşır. O deyir: “Müəllim adı yüksəkdir. Müəllimlərim mənim üçün qibləgahdır. Həyatımda ilk dəfə yazı taxtasına muncuq kimi düzülən təriflər, sonsuz həyat yoluma, ömür yoluma çevrilib. Həyatda nə qazanmışamsa valideyinlərimə və müəllimlərimə borcluyam”. Şərəfli bir həyat məktəbi keçən Səliqə xanım müəllim həyatına, ziyalı işığına hörmət bəsləyir. İnsanların taleyini, şagirdlərin gələcəyini düşünən, vətənin yaralarına məlhəm olan, intellektual səviyyəyə malik olan şəxs kimi böyük nüfuz sahibidir.
O, mənim nəzərimdə hər şeydən əvvəl yer üzünün əşrəfi sayılan insanlardan,eyni zamanda,o zamanın və mühitin fövqündə dayanan, heç kimin və heç nəyin dəyişdirə bilmədiyi bir şəxsiyyətdir. Səliqə müəllimə 2024- cü il Azərbaycan Respublikası Milli Məclisinə 95 saylı Ucar-Kurdəmir – Zərdab seçki dairəsindən Yeni Azərbaycan Partiyasının fəalı kimi yeddinci çağırış deputatlığa namizəd seçilmişdir. Üç övladı var, həyat yoldaşı uzun illər polis orqanlarında çalışıb, müharibə veteranıdır! Və ən nəhayət, demək istəyirəm ki, Səliqə müəllimə qəlbinin, ürəyinin işığıyla yeniyetmə və gəncləri haqq yoluna çağırır, onların yolunu işıqlandırır, cəmiyyət üçün gərəkli və layiqli övladlar hazırlayır, onların qayğı və problemlərilə maraqlanır, bir müəllimə kimi, ziyalı kimi bilik və bacarığını millətin balalarından əsirgəmir.
Hüseyn İSAOĞLU, yazıçı – publisist, AYB-nin və AJB-nin üzvü
Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi. Taxtaya ingiliscə bir cümlə yazdım: “Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb. Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun. Aydın oldumu?” – dedim.
Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana dikib fikirləşməyə başladılar. Beş dəqiqə sonra sinfi dolaşaraq vərəqləri yığdım və bir-bir oxudum. Kosmik gəmi, Ferrari, Mayamidə bilet, Maldivlərdə ada… Mən oxuyurdum, sinif gülürdü.
Sonuncu vərəqi isə içimdə oxudum: “If I were rich, I would buy flowers for my mom.” (Əgər varlı olsaydım, anam üçün çiçəklər alardım).
Bu cümlənin sahibi həmin il sinifə yeni gəlmiş, çəlimsiz və içinə qapanıq bir uşaq idi. “Aramızda çox duyğusal bir dostumuz var!” – dedim. – “Səlim, qalx görüm, yazdığını yoldaşlarına deyə bilərsənmi?”
“Çiçək alaram, yazmışam, müəllim”, – dedi.
Sinifdə yüngül bir gülüş qopdu. “Mən sizə çox varlı olduğunuzu düşünün, xəyal gücünüzü işlədin demişdim. Sən buna baxmayaraq “çiçək alaram” yazmısansa, deməli mühüm bir səbəbin var”, – dedim.
O bir müddət susdu, sonra asta səslə ayağa qalxaraq: “Başqa heç nə ağlıma gəlmədi, müəllim”, – dedi.
Üzündə Mona Liza tablosunu xatırladan, gülmək və ağlamaq arasında qəribə bir ifadə vardı.
“Oğlum, məni ələ salırsan?” – dedim sərt səslə. Heç cavab vermədi. Vərəqləri geri payladım. Dərs bitəndə zəng çalındı və şagirdlər arı sürüsü kimi həyətə axışdı. Çöldə narın bir yağış yağırdı.
Ertəsi gün məktəbə gələndə Səlimin atasını foyedə məni gözləyərkən gördüm. Onun qarşısındakı stolun üstündə, bir gün əvvəl sinifdə payladığım büzüşmüş vərəq dururdu. Oturub bir az söhbət etdik. Qısa bir görüşmədən sonra ayrıldı.
… Mən isə çətinliklə otağıma doğru getdim. Başım fırlanırdı. Hıçqırtıya bənzər qəribə bir şey, diafraqmamdan boğazıma qədər qalxmış, partlamağa hazır dayanmışdı.
O balaca boşluğu “çiçək”lə dolduran Səlimin həyatındakı ən böyük boşluğu da çiçəklə doldurmağa çalışdığını anladım. Onu da bildim ki, Səlim üç ay əvvəl anasını avtomobil qəzasında itirib və o gündən etibarən, atasıyla hər Cümə günü məzarlığa gedib, anasının məzarına çiçək qoyur.
Atası deyirdi ki, Səlim ötən gecə üzünü yastığa qoyaraq səhərə qədər hıçqırıb…
Mən isə bir şeyi anladım. Universitet diplomu ilə müəllim olmaq mümkün deyil.
“Müəllimlik səhər gedib günortaya qayıtdığın, şənbə, bazar, tətil, yay istirahəti etdiyin bir peşə deyil. Müəllimlik ana olmaqdır. Ata olmaqdır. Qardaş olmaqdır. Bir sözlə, insan olmaqdır.”
Əziz dostlar, Sizə riyaziyyat sahəsində Nobel mükafatına bərabər hesab edilən Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında qısa məlumat vermək istəyirəm. O, 3 may 1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atası Əhməd Mirzəxani elektrik mühəndisi, anası Zəhra Mirzəxani evdar qadın idi. Ailədə üç uşaq – iki bacı, bir qardaş olublar. Məryəm ibtidai təhsilini Tehrandakı adi məktəbdə almış, orta təhsilini isə Nadir İstedadlıların İnkişafı liseyində davam etdirmiş, həmin illərdə riyaziyyat üzrə İran Milli Olimpiadasının iştirakçısı olmuşdur. O, 1994-1995-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında İranı təmsil etmiş, 1994-cü ildə qızıl, 1995-ci ildə isə ən yüksək bal toplayaraq yenə də qızıl medal almışdır. 1999-cu ildə İranın Şərif Texnologiya Universitetinin bakalavr pilləsini bitirmiş, sonra ABŞ-a köçmüş və təhsilini Harvard Universitetində davam etdirmişdir. 2004-cü ildə Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə “Hiperbolik səthlərdə sadə geodezik əyrilər və əyrilərin modul fəzasının həcmi” mövzusunda dissertasiya müdafiə etmişdir. Məryəm 2004-cü ildə ABŞ-ın Clay Riyaziyyat İnstitutunda tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən fəaliyyətini Stanford Universitetində professor kimi davam etdirmişdir. 2005-ci ildə Mirzəxani Stanford Universitetində professoru Jan Vodrakla ailə həyatı qurmuşdur. Onların Anahita adında bir qız övladları olmuşdur.
Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. O, 2014-cü ildə riyaziyyat sahəsində ən nüfuzlu mükafat olan Filds medalı almış ilk və yeganə müsəlmandır. 2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmış, 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada 40 yaşında vəfat etmişdir. . Şərif Universiteti təhsil aldığı riyaziyyat fakültəsinə Mirzəxaninin adının veriləcəyini bəyan etmişdir.
Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…
“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyir.
İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirir ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir. Onu ütüləməkdir…
Deyir ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim…”
Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib…
…Xarizmatik adamdır, öz sözü, mövqeyi olan şəxslərdəndir. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyil. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Emosional tərəfi güclüdür. Fəqət üzərində nəzarəti itirmir. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanumlara bağlı adamdır…
“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyir.
Təvazökar və çox çalışqandır. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verir. Kifayət qədər dürüst və həqiqətpərəsdir. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata böyük əhəmiyyət verir. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyil. Həyatda ciddi və özünə qarşı tələbkardır. Şübhəsiz ki, tənhalığı xoşlamır. O, səxavətli, açıqürəklidir və insanlarla səmimidir. Kiməsə yardım edəndə özünü həqiqətən də xoşbəxt hiss edir. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır və hər kəsə kömək etməyə hazırdır…
Deyir ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli…”
…Gərginlik keçirmədən yaşamağı xoşlayır. Qaynardır, oturaq həyatı xoşlamır. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır. Bir sözlə, zahirən soyuq görünsə də əslində nəcib, emosional və canlıdır. İnsanları sevəndə həqiqətən ürəkdən sevir. O, müstəqil və azaddır. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır…
“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara…”- söyləyir.
…Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı. Bu günlərdə eşitdim ki, sağlamlığında ciddi problemlər yaranıb. Ona Allahdan şəfa arzulayaraq “Qan-tər içində” şeiri ilə söhbətimi başa vurmaq istəyirəm:
“Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, Qan-tər içində.
Bu əlim, bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib-becərən dilim, Sözüm qan-tər içində, anam, Dilim qan-tər içində.
Alnımın qırış yerindən Taleyin çaparı keçir. Bu yurdun süyər yerindən Bir ölüm qatarı keçir, Elim qan-tər içində, anam, Obam qan-tər içində.
ANAMA MƏKTUB (avtoportret) Ana, sənə məktubu ön cəbhədən yazıram, Başım çox qarışıqdı, hər gün səngər qazıram… Bilirəm, göynədikcə əllərimin qabarı, Səni də çox incidir ürəyinin qübarı… Gecələr yuxunda da oğlunu gözləyirsən, Günəşdən erkən çıxıb yolumu gözləyirsən. Fikrində bir mən varam, bir də geri dönüşüm, Ana, bitmir savaşım, bitmir mənim döyüşüm!.. Dörd yandan qəvi düşmən elə durub qəsdimə, Mərmilər dolu kimi yağır hər gün üstümə!.. Ürəyimə tuşlanıb qəlbsizlərin qəlpəsi, Ana, mənim ömrümün yoxdu arxa cəbhəsi!.. Məni belə doğmusan, bu adda, bu biçimdə, Ömrüm keçir atəşin, od-alovun içində əsgər arzularımla səngərdə yaşamaqdan, yaralı ümidləri çiynimdə daşımaqdan!.. Hər ümid bir təsəlli, hər savaş bir sınaqdı, Hələ döyüş bitməyib, hələ oğlun da sağdı! Sağdı! Daşlı-kəsəkli yolum – açdığım cığır, Elə darısqaldı ki, öz çəkməm ancaq sığır… Burda ölmək asandı! Burda ölməyə nə var! Ölüb sənin qapına burdan gəlməyə nə var, ya çaxan ildırımla, ya da yağan yağışla!.. Ana, məni getdiyim yola-izə bağışla… Mən özümdən keçirəm, düşmən gülləsi məndən!.. Elə utanıram ki, saçlarındakı dəndən, Gözlərindəki nəmdən, qurban olum, ağlama! Geriyə bir qarış da yoxdu yolum, ağlama!..
Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr olunmuş silsilə yazımın beşinci bölümü ilə söhbətimizə davam edirik.
Azərbaycan ədəbiyyatında publisistika xüsusi bir mərhələdir. Bu janr həm tarixi yaddaşın qorunmasına, həm ictimai-siyasi hadisələrin işıqlandırılmasına, həm də milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Müasir publisistikamızda bu missiyanı özünəməxsus üslubu, duyğusal səmimiyyəti və eyni zamnada elmi-nəzəri, analitik baxış bucağı ilə davam etdirən qələm sahiblərindən biri də Mahirə Nağıqızıdır.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının (Hüseynovanın) elmi məqalələri belə demək olar ki, onun can-dildən sevə-sevə həyata keçirdiyi yurdsevərlik (ana dilimizin qayğıları çərçivəsində) missiyasının tərkib hissəsinə çevrilir. Bu baxımdan Mahirə Nağıqızının qələm təcrübələrinin böyük əksəriyyəti özündə tamam fərqli və yeni çalarlar əks etdirir. Elmlə bədiiliyin çuğlaşmasından yaranan faydalı və ecaskar belə nümunələri elmi-publisistik üslubda qələmə alınmış ədəbiyyat salnamələri adlandırmaq olar.
Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri və dil məsələləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı, problemin daşıyıcısı kimi görür
Mahirə Nağıqızının publisistik yazılarında bir neçə əsas mövzu diqqəti cəlb edir:
-Milli kimlik və vətənpərvərlik – Onun məqalələrində Azərbaycan torpaqlarının tarixi, xalqın mübarizə yolu, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı geniş işıqlandırılır.
-Mədəniyyət və ədəbiyyat – Müəllif Azərbaycan ədəbiyyatının və folklorunun unudulmaz dəyərlərinə, söz sənətinin böyük nümayəndələrinə tez-tez müraciət edir.
-Sosial problemlər və insan taleləri – O, yazılarında sadə insanların həyat hekayələrini, gündəlik problemlərini, ictimai ədalətsizliklərə münasibətini, qürbətçiliyi qələmə alır.
-Qadın mövzusu – Məqalələrində Azərbaycan qadınının (Ana obrazının) cəmiyyətdəki rolu, onun ailə, ictimai və yaradıcı mühitdəki yeri xüsusi vurğulanır.
-Qayğıkeşlik və səmimilik – Mütləq nəzərə almalıyıq ki, Mahirə Nağıqızı elmi-pedaqoji fəaliyyəti (+rəhbərlik) ilə yanaşı bədii yaradıcılıqla, aktiv ədəbi fəaliyyətlə (heç birini axsatmadan – necə deyərlər birini o birinin ayağına vermədən) məşğuldur. İndiki vaxt qıtlığı şəraitində bu işin necə çətin olduğunu, hər bir şəxsdən əlavə güc, qüvvət tələb etdiyini hamımız (yaradıcı insanlar) yaxşı bilirik. Hər iki sahəni qoşa qanad kimi söz səmasında məharətlə süzdürən Mahirə Nağıqızının bu sonsuz kəhkəşanda heç bir təbəddülat şahin kimi iti nəzərlərindən yayınmır. Bu məsələdə də o qadın ürəyinin həsaslığına, ana qayğıkeşliyinə və səmimiliyinə arxayın olaraq hərəkət edir.
İNSAN
“Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır, anıdır. “Böyük” sözündən daha böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı, öz işinin öhdəsindən məharətlə gələn bacarıqlı bir mütəxəssis, nəhayət, gözəl şair.
Yelkənlər, gəminin bəyaz duvağı
nə bilim, gördüyüm yuxudu, bəlkə
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudu, bəlkə.
Müəllif dənizçi olmasaydı belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs alan biri təsəvvür edərdim. İfadənin səmimiliyi, reallığı bunu deyir. Necə də yerndədir: “Yelkənlər, gəminin bəyaz duvağı”. Amma elə “şeir” sözü özü də həyatın gözəlliklərini əks etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi, güzgüzü deyilmi?! də doğruluğu, dürüstlüyü, səmimiliyi, cöqunluğu təbliğ edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv bir şeir onu yazan müəllif haqqında nələr deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi qəlbindən süzülüb qələminə, oradan da ağappaq vərəqlərə süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini sevən bir vətəndaş, gah sevgisi aşıb-daşan bir aşiq, gah sənətinə vurğun mütəxəssis-bir dənizçi, gah da nəvələrini oxşayıb-tumarlayan baba olur şeirlərində Faiq Balabəyli. (Olaylar.- 2024.- 16-22 avqust, №29.- S.15.)”
Bu təqdim etdiyim parça “Olaylar” qəzetinin ““Böyük” sözündən daha böyükifadə olsaydı…” başlığı ilə dərc etdiyi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissədir. Biz bu kiçik hissədə nələri görürük? Əvvəlki; bayatılar, şeirlər, hekayələr haqqında olan yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Mahirə Nağıqızı böyük məharətlə (ustalıqala), yüksək peşəkarlıqla bir yazıda (janrından asılı olmayaraq) mövzunu bir neçə aspektdən ümumiləşdirərək işləyir. Gələk, yuxarıdakı gözəl insan, gözəl şair, gözəl ailə başçısı Faiq Balabəyli haqqında olan yazıya (Mahirə Nağıqızının baxş bucağına diqqət edək):
-Ön planda şairin (Faiq Balabəylinin) insanlığı gəlir. Ö, səmimi, həsas insan, gözəl ailə başçısıdır. Artıq həyatın keşməkeşlərindən keçmiş yetkin insandır (60 yaşı var).
-O, özü sakit olduğu qədər, təlatümlü dənizin yol yoldaşıdır. O, dənizçidir, dənizin sirdaşıdır.
-O, kövrək, həsas və olduqca duyğusal bir şairdir.
Müasir dövrümüzdə bu qədər yazan-pozanın içində Faiq Balabəylinin söz sərrafı olan Mahirə Nağıqızının diqqətini cəlb etməsi təbiidir. Və mən bir qələm adamı kimi bu halı təqdir edir, alqışlayıram. Qeyri-iradi ustad Cabir Novruzun (Allah rəhmət eləsin) “Sağlığında qiymət verininsanlara” ifadəsini (şeirini) xatırlayıram. İnsanlara sağlığında qiymət verməyi bacarmaq üçün ilk növbədə səmimi, həsas, ədalətli insan olmaq lazımdır. Mahirə xanım ən yüksək qiymətə layiq çox dəyərli xanım-xatın ziyalımız, gözəl insan, mahir söz ustası, peşəkar mütəxəsisidir (dilçi).
YURD VƏ DİL (ŞEİR)
“…Hidayətin şair və insan taleyini şərtləndirən tale yazısıdır. Qəlbində ancaq doğmalarına deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür karvanı dünyanın harasından keçir keçsin, onu çəkən bircə ünvan üçün qəribsəyir:
…Sənin Vətənini sevdim ürəkdən,
Sevdim ilk addımdan, ani baxışla.
İndi qucağına çağırır Vətən,
Həsrətim qor olub, məni bağışla!
Onu demək çətindir ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu bilmirik, bildiyimizsə o faktdır ki, ötən əsrin 70-ci illərində o, mürgülü İrəvan ədəbi mühitini silkələyə bilib. Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə qədər qorunub saxlanılıb və bu “saxlanılmaq” Sovet Ermənistanında 1948-53-cü illərə qədər ancaq dözülə bilən siyasi ab-hava ilə sinxronlaşmadan başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması, ilk növbədə, təzədən boy verən daşnak təfəkküründən qidalanan və azərbaycanlı ziyalıları tarixi yurdlarından perik salan gerçəklik idi. Daha pis olansa, əlbəttə, işinin sürünə-sürünə də olsa, keçməsi üçün “erməniyə dayı deyənlərin” sırasının genişlənməsi idi.
Onun “Şahmat taxtası önündə” şeiri yaşadığı emosiyanı bu cür təqdim edir:
Sənin topun da var, zabitin də var,
Mənim ümidimsə piyadalardır.
Şahıma tuşlanan başsız hücumlar,
“Dirsəklər”ə dəyib qayıdacaqdır.
“Şeir nədir” – sualının cavabı da elə beləcə tapılır: “Şeir, nəinki yadında qalan, zaman-zaman içində təkrarlamağa ehtiyac duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir”. Şair “Şahmat taxtası önündə” dayanarkən həmin münasibətin ifadəsini görürük. Buna görədir ki, Kantın həmyerlisi və fəlsəfi baxışlarının ən görkəmli davamçısı Humboldt poeziyanı “insan təfəkkürünün ən qüsursuz ifadə vasitəsi” olaraq qəbul edirdi. (Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.12-14.)”
“Ədəbiyyat qəzeti”ndə “Həqiqət pıçıltılarının poeziyası” adı altında Hidayətin (Hidayət Xuduş oğlu Orucov) yaradıcılığı (şeirləri) haqqında dərc olunmuş geniş yazısında Mahirə Nağıqızının bird aha “İnsan”, “Yurd” və “Dil” qavramlarının vəhdətindən necə bəhrələndiyinin şahidi oluruq. Geniş məqalədən təqdim etdiyim bu kiçik parçada yurdsevərlik haqqında uzun-uzadı danışdığım məqamlardan əlavə gələcəyə olan böyük ümidin işartılarını görürük. Bu işartılar uzaq üfüqdə doğmaqda olan birlik, bütövlük, vəhdət Günəşinin ilk şəfəqləridir.
Mahirə Nağıqızı publisistik məqalələrində həm analitik təhlil, həm də emosional çalarları bacarıqla birləşdirir. Onun yazıları oxucunu düşündürməklə yanaşı, emosional təsir gücü ilə də fərqlənir. Bu onun özünün bəzi məqamlarda, xüsusilə söhbətin mövzusu Vətən, torpa, Ana dili olanda emosianal davranması ilə bağlıdır (bu barədə birinci–giriş yazımda da qeyd etmişəm). İstər-istəmz o, bu hissləri qələmə aldığı mətnlərlə oxucusuna da ötürür. Hər bir məqalə həm faktların dəqiqliyi, həm də səmimi üslubu ilə yadda qalır, olduqca əhəmiyyətli və faydalıdır.
Mahirə Nağıqızının publisistik yaradıcılığı bir daha sübut edir ki, publisistika yalnız hadisələri işıqlandırmaq yox, həm də oxucunu düşündürmək, milli mövqeyini möhkəmləndirmək, gələcək üçün məsuliyyət hissini artırmaq missiyası daşıyır. Onun məqalələri milli yaddaşı qorumaq, gənc nəslə ibrət dərsi vermək baxımından xüsusi dəyərə malikdir.
Beləliklə, Mahirə Nağıqızının publisistik məqalələri Azərbaycan publisistikasının çağdaş nümunələri arasında seçilir. Onun qələmi ilə yazılan yazılar həm tarixi faktların salnaməsi, həm də mənəvi gücün ifadəsidir. Bu məqalələr oxucunu təkcə məlumatlandırmır, həm də düşündürür, ruhlandırır, milli mənsubiyyətini xatırladır və bu milli kimliyə bağlayarq gələcəyə böyük ümidlər yaradır. Onun bütün yazdıqlarının və fəaliyyətinin yekun sözünü – tezisini belə dəyərləındirmək olar: “Ey uca millətin böyük övladı sənin şərəfli keçmişin olduğu kimi şanlı gələcəyin var (bu həqiqətən belədir –heç çübhəniz olmasın)!”
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzda növbəti altıncı – yekun yazımızı oxumağı unutmayın. Hələlik.