Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var. Şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar.
Əziz qonaqlara Şamaxının qədim tarixi,zəngin mədəniyyəti, bugünkü inkişafı və Şahi Xəndanın həyatı və fəaliyyəti barədə geniş məlumat verdik. İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə – Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.
Göyçə gölünün xiffəti (esse) Göyçə gölü… Uzaqlardan adını eşidəndə belə insanın qəlbinə sərinlik, bir az da kədər çökür. Bu göl təkcə mavi suların əks olunduğu bir təbiət gözəli deyil, həm də bir xalqın yaddaşı, bir elin nəfəsi, bir neçə nəslin qüruru idi. Göyçə – uşaq gülüşlərinin, çoban nəğmələrinin, sazın-sözün sədalarının qaynayıb-qarışdığı müqəddəs bir məkan idi. Burada hər daşın, hər çiçəyin öz dili vardı. Suya baxanda elə bil səmadan düşən ayın parıltısı da bu məkanın sehrinə heyran qalırdı. Amma indi o gözəl gölün xiffətini çəkirik – sanki həsrətində qaldığımız bir ana nəfəsi kimi. Qəriblikdə yaşayan hər Göyçəlinin yuxularında o göl var. Gecənin bir aləmi qapını açıb sakitliyə qulaq asanda, elə bil uzaqdan suyun ləpiri, dalğaların pıçıltısı gəlir. Amma ayılanda bilirsən ki, bu sadəcə xəyal, sadəcə həsrətdir. Çünki Göyçə artıq bizdən uzaq salınıb, yad əllərdədir. Göyçənin küləyi başqaydı. O külək insanın üzünə toxunanda həm sərinlik verirdi, həm də içində bir yanğı oyadırdı. Çiçəklərin ətri gölün suyuna qarışar, gölün dalğası isə dağlara salam göndərərdi. İndi bunların hamısı ürəkdə bir xiffət, gözlərdə bir xəyal olaraq yaşayır. Göyçə gölü bir elin kitabı idi – açıb baxan hər kəs tariximizi, mədəniyyətimizi, kimliyimizi görürdü. Balıqçının qayıqla sudakı izi, çobanın dağ yamacındakı səsi, qız-gəlinlərin “Xuraman”-ın bulağı “Şölənin” bulağı adlanan bulaq başında pıçıldaşması… Bunların hamısı bir millətin ruhunu daşıyırdı. İndi isə bu yaddaş köçkün düşüb, insanların ürəyində bir qara yara kimi yaşayır. Amma bir həqiqət var, heç bir həsrət əbədi deyil. Göyçə gölü bizim ruhumuzun gücü ilə yaşamağa davam edir. Hər dəfə Göyçə haqqında yazanda, danışanda, nəğmə qoşanda onun suları bir az da saflaşır, yaddaşda bir az da dirçəlir. Ümid edirik ki, bir gün bu xiffət yerini sevincə, qovuşmağa verəcək.
Gələcəm, gözlə, Göyçə
Bir sevinc hissi sarıb Nə vaxtdır ürəyimi. Ağrı-acılar didir Bir yandan kürəyimi. Zəfərlə yoğururam Mən indi çörəyimi.
Daha qəm dumanında Əvvəlkitək azmıram. Daha qəmli şeirlər, Qəmli sözlər yazmıram. Daha yuxularımı Bədbin ruhla yozmuram.
İnanıram, eşqimin Çiçəyin üzəcəyəm. Həsrət sona yetəcək, Havada süzəcəyəm. Bir gün anam Göyçənin Qoynunda gəzəcəyəm.
Əyilməz qamətini Bəzədim sözlə, Göyçə. Sona yanına gəlir, Ocaqla, közlə, Göyçə. Gələcəm bu gün, sabah, Gələcəm, gözlə, Göyçə.
PSNƏ XOŞBƏXTİK Kİ,BU GÖZƏLLİKDƏ DOĞULUB BOYA BAŞA ÇATDIQ. YENƏ GEDƏCƏYİK…
Kökü minilliklərin ötəsində tarixin ən dərin qatlarında rişələnmiş poeziya ağacımızın ən ümidverici budağından – müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlundan – iki yarpaq:
Həmidə xanıma iki şeir
1.
Yolunun üstündə tək ağac olub bitsəm, kölgəmdə dincələcəksənmi? Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm yayın qızmarında bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə – torpağın ətri çıxacaq onda, ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
Ya yağış qəfil haqlasa səni evə tələsəndə, islanıb, peşmanlanıb, göylərə lənət yağdırıb söylənəcəksənmi?
Cənubda qar az tapılar, bir qış axşamı quşbaşı qar olub yağsam, uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?
Ya uşaqlardan biri yıxılsa, ya totuq barmaqları donsa, de, gülüm, hirsələnəcəksənmi?
Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm, ölümün yaxasından tutub dillənəcəksənmi? Ya çıxıb getsəm, yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?
Və bir gecə elə beləcə şeirlər yazıb, yuxuna haram qatıb, səni oyadıb oxusam sənə, düzünü de, gülüm, xoşlanacaqsanmı? 2 oktyabr, 1997
2.
İndi sükut tez-tez kəsir mənim sözümü, Əvvəlkitək qan qaynamır indi damarda. Güzgülərdə qaçırdıram tez-tez gözümü, Adımı da heç yazmıram tərli divarda.
Qırxı çıxdı bu ömürün, canım sevgilim, Heç darılma, çarxı hələ, şükür, fırlanır. Bir sabahı sual etsən: hanı sevgilim? Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər, Asta-asta qanad çalıb qalxar yuxarı. O quş onu yuvasında divara hörər, Qorumaqçün ətcəbala quş balaları.
Dövrənə al nəvələri, sən də əzizlə, Üzlərində gözümü tap, adımı çağır. Kədəri qov, gizlə, gülüm, sən məni gözlə, Bu səfərdən dönər qocan o axşamçağı.
Müəllif: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.
27 sentyabr həmin gündür! O gün! Bu şeir yazılanda 44 günlük müharibənin başlamasına hələ 26 gün qalırdı. Vəziyyət gərgin olsa da müharibə olacağı məlum deyildi.
VƏTƏN EŞQİNƏ
Şir ürəkli igidlər, Durun, Vətən eşqinə. Düşməni milçək kimi, Qırın, Vətən eşqinə.
Düşmən çıxsa qarşına Girəcək dondan dona, Aman verməyin ona, Vurun, Vətən eşqinə.
Əfv etməyin yağını, Söndürün çırağını, Yenə də qulağını Burun, Vətən eşqinə.
Düşmən qorxsa da səndən, Ayıq ol beləsindən, Xaindir, gülləsindən Qorun, Vətən eşqinə.
Görməsin qılınc qını, Tökülsün düşmən qanı, Xocalının haqqını Sorun, Vətən eşqinə.
01.08.2020
NƏ QALDI?
Saatlarım gündə yandı, Günlərim aya calandı, Aylar üst-üstə qalandı, Bir ilim də belə soldu, Görəsən sona nə qaldı?
Ömür axır dağ seli tək, Sürətinə dözmür ürək, Son zamanlar olub kövrək, Könlümə qəm yaman doldu, Görəsən sona nə qaldı?
İnsan ömrü yüyənsiz at, Ürküb qaçır, bacarsan çat, Qaçhaqaçla bitir həyat, Hamının keçdiyi yoldur, Görəsən sona nə qaldı?
Elçin də belə qocaldı, Bir arzusu vardı, qaldı, “Görsün ki, peyğəmbər oldi, İlahidən bir vəhy aldı, Bildirdi, sona nə qaldı.”
…Zaman çox sürətlə getdi, Ömür şam tək yandı, itgi, Vaxtım çatdı, hər şey bitdi, Son anımı mələk çaldı, Məndən sonra bəs nə qaldı?
GÜNDÜZ GEDİR, GECƏ GƏLİR
Başımda qüssə dumanı Gündüz gedir, gecə gəlir. Dərdlə yüklü qəm karvanı Gündüz gedir, gecə gəlir.
Bağlanıb Tanrı qapısı, Tutmağa yoxdur əbası, Axsayan kədər yabısı Gündüz gedir, gecə gəlir.
Sönüb sevincin sobası, Geyinmişəm qəm libası, Tanrının kədər zopası Gündüz gedir, gecə gəlir.
Ürəyimə düşən yara, Hər gün məni çəkir dara, Fikir adlı “bəxtiqara” Gündüz gedir, gecə gəlir.
Hardan əsdi kədər yeli, Əydi qəddi, bükdü beli, Dağ çayı tək qüssə seli Gündüz gedir, gecə gəlir.
PAYIZDA
Əvvəldən payızı sevməyirəm mən, Artır dərdim, qəmim, qadam payızda. Bezdim palçığından, bataqlığından, Külək, yağış olur müdam payızda.
Gümüş göllərimdən sonalar uçur, Bizi tərk eləyib durnalar köçür, Torpağı yarpağın cəsədi qucur, Necə göz yaşımı tutam payızda.
Tanrı göy üzünü buluda bükür, Bulud gecə-gündüz göz yaşı tökür, Təbiət ruhumu edama çəkir, Qəmə boğuluram, atam, payızda.
Yaşadım sevinclə baharı, yayı, Varmı gül-çiçəyin, otların tayı? Payız divan tutdu, etdim ah-vayı, Nə qədər kədərə batam payızda?
Fəsillər ruhumu ikiyə bölür, Kədərdən ağlayır, sevincdən gülür, Təbiət öləndə Elçin də ölür, Cismimi torpağa qatam payızda.
HƏSRƏT NƏĞMƏSİ
Həsrətinlə çoxdan məni üzürsən, Söylə, məni salırsanmı yadına? Aybənizlim, məndən uzaq gəzirsən, Günəş kimi yanıram eşq oduna.
Həsrət axı niyə belə uzandı, Buz ürəklim, eşqim qaynar qazandır, Sığın mənə, sevgimizi qızındır, Saf eşqimiz çatsın vüsal dadına.
Dağ başımı qəm sarıbdır, dumandır, Ayrılığın ölümdən də yamandır, Ay təbibim, bal dodağın dərmandır, Eşqə təşnə dodağımın çatına.
Çox güvənmə məndə olan dözümə, Ölüm rəngi qonub artıq üzümə, Ay mələyim, görünmürsən gözümə, Qəm içində söz qoşuram adına.
Naz edirsən, adətindir, bilirəm, Min əzabla sənə doğru gəlirəm, Artıq məndə can qalmadı, ölürəm, Burax nazı, çat Elçinin dadına.
SƏN NECƏ SEVDİRDİN ÖZÜNÜ MƏNƏ
Eşqdən uzaq durdum, sevgini dandım, Qəlbimi alınmaz bir qala sandım, Səni görən kimi alışdım, yandım, Gözümdən sanki od düşdü bədənə, Sən necə sevdirdin özünü mənə?
Mən ki, təbiəti sevirdim ancaq, Sevdiyim uca dağ, meşə, buz bulaq, Tez-tez yamaclara gedirdim qonaq, Heyrətlə baxırdım gülə,çəmənə, Sən necə sevdirdin özünü mənə?
Eşq də bir din imiş, sonradan bildim, Qəlbimdən “xəyanət” sözünü sildim, Peyğəmbərim oldun, mən dinə gəldim, Bilməzdim sevgi nə, eşq, məhəbbət nə, Sən necə sevdirdin özünü mənə?
Vüsala çatmaqla unutdum ahı, Sevinclə açıram hər bir sabahı, Eşq mülkü qurmuşam, olmuşam şahı, Sən də tac olmusan, gülüm, Elçinə, Gör necə sevdirdin özünü mənə.
BİR DƏ MƏNİ BU DÜNYAYA GƏTİRMƏ
Bu dünyaya ilk gəlişim səhv olub, Bir də məni bu dünyaya gətirmə. Arzularım, xəyallarım məhv olub, Bir də məni bu dünyaya gətirmə.
Nə ömürdür, bəxtim yazıq-yazıqdır, Dərd qazılıb, sevinc nazik cızıqdır, Məndən sonra gələn mənlər yazıqdır, Bir də məni bu dünyaya gətirmə.
Mən dəliyəm, yoxsa dünya dəlidir? Gözlərimdən axan dərdin selidir, Məni boğan taleyimin əlidir, Bir də məni bu dünyaya gətirmə.
Ürəyimdə bundan ağır dağ olmaz, Viran könlüm dönüb gözəl bağ olmaz, Mən olmasam dünya mənsiz dağılmaz, Bir də məni bu dünyaya gətirmə.
Söylə, nədir Məlhəmlinin günahı? Hər gün aha calamışam mən ahı, Yenə gəlsəm nə görəcəm, Ilahi? Bir də məni bu dünyaya gətirmə.
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi ilə seçilən qələm sahiblərindən biri də Fərhad Əsgərovdur. Onun yaradıcılığında ədəbi sözə bağlılıq, milli dəyərlərə sədaqət və həyat həqiqətlərinə səmimi yanaşma hər zaman ön planda olub. Yazıçı olaraq qarşıya məqsəd kimi oxucunu düşündürməyi, ona həyat dərsi verməyi əsas bilir.
Onun ədəbiyyata gəlişi fikrimcə, təsadüfi olmayıb, qəlbində daşıdığı söz sevgisinin, müşahidə qabiliyyətinin və zəhmətinin nəticəsidir. Fərhad Əsgərov publisistik yazılarında da, bədii əsərlərində də cəmiyyətin müxtəlif problemlərinə toxunur. O, gündəlik həyatın ən sadə hadisələrindən belə dərin mənalar çıxarmağı bacarıb. Məhz bu onun yazılarını həm oxunaqlı, həm də düşündürücü edir.
Əsgərovun kitabları oxucular arasında xüsusi maraq doğurur. Çünki orada bədii təsvirlə yanaşı, həm də gerçəkliyin özü əks olunur. Yazıçı kimi qəhrəmanlarını həyatdan götürür, onların psixologiyasını, davranışını və düşüncələrini incəliklə açır. Əsərlərində insan xarakterlərinin rəngarəngliyi, cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzi, ən əsası isə mənəvi dəyərlərin qorunmasını hər zaman diqqət mərkəzində saxlayır. Onun qələmə aldığı mövzular arasında vətənpərvərlik, milli kimlik, gənclərin mənəvi inkişafı, ailə dəyərləri və ictimai münasibətlər geniş yer tutur. Yazıçı həm tarixi mövzulara müraciət edir, həm də müasir dövrün reallıqlarını işıqlandırır. Oxucu Fərhad Əsgərovun kitablarını vərəqlədikcə, sanki Azərbaycanın müxtəlif guşələrinə səyahət edir, xalqımızın mənəvi dünyası ilə tanış olur.
Fərhad Əsgərovun qələm məhsulları yalnız ədəbi zövq üçün yox, həm də bir məktəb kimi dəyərləndirilməlidir. Onun publisistik məqalələri də oxucuya ibrətamiz nümunələr təqdim edir, cəmiyyətin problemlərini göstərməklə yanaşı, həll yolları haqqında düşünməyə vadar edir. Bu səbəbdən də əsərləri həm ədəbi, həm də ictimai baxımdan dəyərli mənbələrdir.
Onun kitabları kitabxanalarda, oxucuların şəxsi kolleksiyalarında geniş yayılıb və müxtəlif nəsil nümayəndələri tərəfindən maraqla oxunur. Əsgərovun yazılarında dilin sadəliyi, fikrin dəqiqliyi, təsvirlərin canlılığı oxucunu ilk sətirdən özünə bağlamağı bacarır. Fərhad Əsgərov ədəbi sözə xidmət edən, öz qələmi ilə cəmiyyətə fayda verən, gələcək nəsillərə mənəvi miras qoyan yazıçılarımızdandır. Onun yaradıcılığı həm bugünkü oxucunun, həm də gələcək nəsillərin maraqla müraciət edəcəyi bir xəzinədir.
Onun yaradıcılığına keçmişdən-indiyə qədər ölkəmizin ictimai və mədəni həyatının aktual mövzularını əhatə edən zəngin düşüncə və ifadə dünyası hakimdir. Əsgərovun qələmi ədalət, dürüstlük və insanpərvərlik ideallarını yüksək tutan, oxucuda dərin həssaslıq oyadan sətirlərlə zəngindir.
Onun ilk çap olunmuş əsərləri “Tale” (1996), “Ötən günlər” (1997) və “Yurd həsrəti, Vətən sevgisi” (1997) sənədli povestlərdən başlayaraq insan talelərinə, vətən müqəddəsliyinə dair düşüncələri ifadə edir. Sonrakı illər yazıçının “Prokuror – Ümid qapısı” (1998), “Filin dərdi böyükdür” (1998), “Ömür elə qısadır ki…” (1998), “Aqibət” (1999), “El ağsaqqalı” (1999) və “Boz Pələngin yuxusu” (1999) kimi əsərlərdə özünəməxsus bir üslub formalaşdırdı .
Onun ən dolğun toplularından biri də 2014-cü ildə çap edilən “İllərin nəfəsi” yazıçının müxtəlif dövrlərdə qələmə aldığı hekayələr, alleqorik nağıl və poemalar, oçerklər, monoloqlar, novellalar və qəzetlərdə işıq üzü görən məqalələrini bir araya gətirir.
2018-ci ildə çap edilən “Vicdan və nəfs” adlı kitabda yazarın son dövrlərdə yazdığı 12 hekayə ilə yanaşı, “Təsirləndiyim məqamlar” adlı həyat düşüncələri yer alır. Kitabın rus dilində nəşri isə onun universal mesajlarının dil sərhədlərini aşdığını göstərir.
Əsgərov publisistik fəaliyyətində də özünəməxsus yer tutmağı bacarıb. O, 2005-ci ildə “Nüanslar” adlı müstəqil publisistik qəzet təsis edib. Bu mətbu orqanın hər sayı obyektivliyi, aktuallığı və oxunaqlığı ilə fərqlənərək ictimaiyyət tərəfindən müsbət qarşılanıb .
Yazıçı həmçinin alleqorik nağıl və poemalar, uşaq hekayələri, novellalar, monoloqlar, sənədli povestlər və hekayələr sahəsində zəngin yaradıcılıq irsinə malikdir. Onun “Qaranlıq meşədə gizli oyunlar”, “Boz Pələngin yuxusu” (nağıl və poemalarda), “Filin dərdi böyükdü”, “Ditdili şantaj edir” (poemalarda) məhz bu janrın incilərindəndir . Uşaq hekayələri arasında “Əkiz qardaşlar”, “Yad cücələr”, “Yalanın üstü açıldı”, “Uşaqların borcu”, “Samirin arzusu” kimi əsərlər diqqət çəkir. Onun “İki qızın anası” adlı novellası, “Desəm öldürərlər”, “Mənə tupoy deyirdilər” adlı monoloqları, “Yurd həsrəti Vətən sevgisi”, “Ürəklərdən gələn səs”, “Prokuror – ümid qapısı”, “El ağsaqqalı” və “Neslomlennıy repressiyami” kimi sənədli povestləri, eləcə də “Qız atasını tapdı”, “Əzizim, bəxti yarım”, “Tamahkar”, “Vicdan və nəfs”, “Rüşvət necə gizlədilirdi” və başqaları janr çeşidliliyi ilə seçilir .
Əsgərovun əsərlərinə Dövlət tərəfindən verilən qiymətlər də yüksəkdir. O, “Qaranlıq meşədə gizli oyunlar” kitabına görə “İti qələm” mükafatına layiq görülüb, eyni zamanda “Qızıl qələm” mükafatına da sahib olub . 1997-ci ildə Jurnalistlər Birliyinə, 2002-ci ildə Yazıçılar Birliyinə üzv seçilib, 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Fərhad Əsgərovun yaradıcılığı bədii təsvirlərdən maarifçi qeydlərə, publisistikadan sanatoriya hekayələrinə qədər geniş diapazonu əhatə edir. Onun əsərləri dil sadəliyi, dəyərli mesajı və insanpərvər mövqeyi ilə oxucunu düşündürür, cəmiyyətə dərd ifadə edir. Bu həmin yazardır ki, yaradıcılığı ilə həm bugünkü, həm də gələcək nəsillərə mənəvi miras qoyur.
“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır. “Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir. “Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır. “Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir. “Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır. “Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir. Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz. “Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə…) yazısı ilə Şəhriyar Məmmədzadədir. Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz. “Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir. “Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.
Baltam yaman baltadı Axır ki, yontalandım. Ağac – ağac kəsildim, Meşə-meşə talandım.
Qarət etdi könlümü Bu canavar sürüsü Ah, bu talançı zümrə! Ah, bu yalançı kürsü!
Ətrafım dolu adam, Yanımda yox bir nəfər. Mənafe oynunda İnsanlıqdan yox xəbər.
Nə udum, nə uduzum, Gəlib gedən qalmadı. Göydə tale ulduzum, Yerdə Vətən qalmadı.
Mühacirim, yavaş get, Mən də gəlib yetişim. Göz calağı deyiləm Hər gövdədə bitişim.
Söz adamı Alış yan, Öz-özünlə barış yan! Ən böyük dərd budur ki, Sünbül-sünbül tarladan Bir dən sənin olmasın. Adın vətəndaş olsun, Vətən sənin olmasın…
Nəsimi (1369–1417) 1417-ci ildə Hələbdə (indiki Suriya ərazisində) edam olunmuşdu. O dövrdə Hələb Misirdə iqamətgahı olan Məmlük Sultanlığına tabe idi.
Tarixi faktlar:
-Məmlük Sultanlığının həmin dövrdə başında əl-Müəyyəd Şeyx əl-Mahmudi (1412–1421) dayanırdı.
-Hələbin idarəsi isə sultanın təyin etdiyi vali və əmirliklər vasitəsilə həyata keçirilirdi. Yəni, Nəsiminin edam hökmünü birbaşa yerli hakimiyyət – Hələbin əmiri və dini-siyasi çevrələr vermişdi.
Vaqeə:
-Vaqeə belə olmuşdu. Nəsimi təxminən indi məzarının (məqbərəsinin) olduğu ərazidə Hələbin küçələrində Allahın adlarını (99 adını) zikr edə-edə gəzirdi, bu zaman məmlük əsgərləri onu gördü və küfür etdiyini zənn edərək tutub əmirin yanına apardılar. Nəhayətdə onun edamına qərar verildi. Edam icra olunandan sonra əsl həqiqət üzə çıxdı. Başda sultan olmaqla hamı çox peşman oldu. Şairi hörmətlə dəfn etdilər. Sonradan məzarının üstündə məqbərə tikildi.
-Nəsiminin təriqətçi, hürufi dünyagörüşü ortodoksal dini dairələr üçün “təhlükəli” sayılırdı, buna görə də onun edamı həm dini, həm də siyasi motivli idi.
Deməli, Nəsimi edam ediləndə Hələbdə Məmlük Sultanlığı hakimiyyətdə idi və sultan əl-Müəyyəd Şeyx əl-Mahmudi idi.
Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.
Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.
Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.
Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.
Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.
Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.
Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.
Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.
Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.
“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.
“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.
Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.
Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.