(hekayə) Günlərdən bu gün də, bir dərsin bitməsi üçün dəqiqələri sayırdım. Hər dəfə özümə “bu mühazirəni dinləyəcəyəm” deyib təlqin etsəm də, yenə necə olurdusa, bir andaca xəyallar məni öz ağuşuna alır, oturduğum yerdəcə yuxulayırdım. Həmişəki kimi universitetə gecikmişdim. Lənət kor şeytana! Səhərin gözü açılmamış dursam belə, tez-tələsik çıxmalı olurdum. Metro ilə getdiyim üçün tıxac problemi yaşamırdım, metroya minməyim də xalaların öhdəliyində idi. Onların arasına ehmalca qarışırdım ki, qatara mindikləri zaman məni də içəri salsınlar. Qayıdanda isə “Həzi” boş olardı deyə, doyunca yata bilirdim. Metroda kitab oxumağı bir başqa sevirdim. Di gəl ki, oxuyan zaman insanların kitaba maraq göstərməsi adama ləzzət edirdi. Millətə bir oxumaq lazımdır, bir də oxuduğunu başa düşmək! Mənim sözüm deyil ha, rəhmətlik babam çox deyərdi, onun belə gözəl kəlamları xeyli var idi, dilindən də heç düşməzdi. Universitetə gedən yolun üstündə iki işıqfor var idi. Hər dəfə içimdə allaha yalvarardım ki, gözləməyim, amma elə bil gecikdiyim üçün allah məni cəzalandırırdı–həmişə işıqforun qırmızısına düşürdüm. Metrodan çıxan kimi qaça-qaça işıqfora çatmışdım ki… qırmızı! Gözləməyə başladım, amma soyuq yaman kələyimi kəsirdi. İşıqfor yaşıl olana qədər artıq ətrafıma ayrı “dünya”lardan 15-20 nəfər yığılmışdı. Sanki hamımız fərqli həyatların eyni nöqtədə kəsişdiyi qovşaqdaydıq. Tıxac yarananda “tələsən”lər keçməyə başlayırdılar. Hətta bir xala məni dirsəyi ilə itələyib irəlilədi: –Ay qız, çəkil görüm, maşın dayanıb, keç də! Düzü, onun dediyini yox, nə söyləcəyimi düşünürdüm. Hər zaman da dilim susur, baxışlarım danışırdı. Beləliklə, 20 nəfərlik “dəstə” bir göz qırpımında azaldı. Onlar üçün rənglərin bir önəmi yox idi, işıqfordakı rəngləri eyni görürdülər. Əsas məsələ- gecikməmək! İşə çatmaq, məktəbə çatmaq, universitetə çatmaq! Amma aramızdan həyata çata bilənlərin yolları ayrı idi. Belə-belə işıqforun yaşıl olmağına yaxın ətrafımdakı insan sıxlığı xeyli azalmış, yanımda qalanlar isə yəqin ki, bir ehtimal cərimələri düşünürdülər. Öz-özümə sual verirdim: bu qədər insan içində, görəsən, mənim kimi həyatı düşünənlər var idimi? Yoxsa həqiqətən, həyat və onun nizamlı quruluşu heç kimə maraqlı deyildi. Hələ nizam istəyənlərə bir bax! Xaosla qidalanıb, xaosa qarışırdılar. Amma bu da bir həqiqətdir ki, həyat öz qaydalarını da qoyur və bəzən o qaydalar bizi heç gözləmədiyimiz anlarda sınayır. Nə deyim ki, sonda nəhayət işıq yaşıl oldu. Digər tərəfə keçib ikinci işıqforun yanında dayandım. Bu səfər də fərqli bir şey görəcəyimi düşünmürdüm. Elə bu anda qulağıma şirin bir səs gəldi: –Ana, sənə dünən demişdim ha, bizə məktəbdə işıqfor qaydalarını öyrətdilər, bu gün mən o qaydaların hamısını bilirəm! –Malades balama, indi isə getməliyik. Geciksən, müəllimin buna görə də ayrı danlayacaq səni. Uşaqdan çox mən öz-özümə tərəddüd etdim. O, həvəslə və yorulmadan öyrəndiyi qaydadan danışacaqdı, amma ona öyrədilən qaydalar tələskənliyə uduzdu. İstədim, qayıdım deyəm ki, “ey balaca, sən yalnız öyrəndiyini danışma, öyrəndiyini yaşa”. Maşınlar yenə sıxlıq yaradanda ana balasının əlindən tutub onu özü ilə dartaraq qarşıya keçdi. Dərsə çata bildilərmi? Bunu bilmirəm. Amma bildiyim bir şey var: uşaq bu gün ilk dərsini almışdı – bəzən həyat qaydalardan daha sürətlidir. Bu ardıcıllıqla Öz-özümə düşünürdüm elə ki.. birdən diksindim! Sən demə, arxa partadan Leyla bayaqdan məni çağırırmış. Bizim Leylanın əli necə ağırdırsa, çiynimə elə vurdu ki, yerimdən dik atıldım. O, zarafatyana gülərək gözlərini mənə dikdi: -Ay qız, bayaqdan səninləyəm, yenə haralara səyahət edirdin? Uşaqlar, Günay yenə öz ampulasındadır! Uşaqların gülüşü sinifi doldurdu. Birdən müəllim arxaya dönüb bizi süzdü: -Söhbət çox maraqlıdırsa, deyin, biz də gülək. Leyla başını tərpədərək yenə sözündən qalmadı: -Müəllim, sizin gülüşünüz dərsimizə daha da çox rəng qatır, vallah! Müəllim yumşalaraq: –Yaxşı, yaxşı, davam edirik, –dedi və dərsə keçdi. Sinifin havası birdən dəyişdi, hər şey qaydasında idi. Mən isə artıq saata yox, müəllimə baxırdım.
22-si mart Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimovun anadan olduğu gündür
Bu gün Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimovun xatirə günüdür. O, yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçıdır. Əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. “Şamo” və “Saçlı” kimi çoxcildli romanların müəllifidir. Bu romanlarda yazıçı qəhrəmanlarını əsrin və həyatın böyük ictimai hadisələri və konfliktləri içərisində alıb təsvir etmiş, əsas obrazların xarakterlərini açmış, insani keyfiyyətlərini göstərmişdir. Süleyman Rəhimov “Şamo” romanı ilə ədəbiyyata gəlmiş və 50 ilə yaxın bu əsərin üzərində işləmişdir. Xalq yazıçısı Süleyman Rəhimovu böyük ehtiramla xatırlayırıq.
Həyatı: Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo”dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. Onun ən tanınmış əsərlərindən biri də “Qara torpaq və sarı qızıl”dır. İndi bu əsər 5-ci sinif ədəbiyyatlarda istifadə olunur.
Süleyman Rəhimov 1939–1940, 1944–1946 və 1954–1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934–1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940–1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941–1944), Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri Komitəsinin sədri (1945–1958) vəzifələrində işləmişdir.
Görkəmli yazıçı 1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Ruhu şad olsun!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Eldən soraq gəldi, sevin, ey nəğməm, Sevincin, şadlığın bir bulaq olsun. Azadlıq eşqilə gülsün bu aləm, Arada nə həsrət, nə fəraq olsun. Gülün, ey yazısız qalan varaqlar! Bəyaz sinənizdə yollar görünsün. Sizi nəfəsilə oxşasın bahar, O ağ qanadınız şeirə bölünsün. Gül sən də ey qələm, sakit durma heç, Qəlbimin atəşi axsın qəlbinə. Sənət yollarından cəsarətlə keç, Elin sınağından çıxaq biz yenə. Sevin, sən də sevin, ey yazı masam! Qoymaram tənhalıq sıxa qəlbini. Yaxın dostum kimi səni anmasam Vəfasız tanıyar bu ellər məni. Çoxdandır başımı qoyub sinənə Şirin xəyallara dalmamışdım heç. Arzumu, sözümü bildirib sənə Səninlə sübhədək qalmamışdım heç. Gözəldir baş-başa verib axşamı Ülkər doğanadək nəğmə deməyim. Alışıb söndükcə göylərin şamı Bir şeir eşqilə yana ürəyim…