“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(birinci hissə)

Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.

“Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov “Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi” adlı əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir”.

Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır”. D.E.Yeremeyev isə özünün “Türk etnonimlərinin semantikası” adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.

Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.

Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.

Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.

Firdovsinin “Şahnamə” əsərində də “Turan” sözünün “tur”, daha sonra isə “türk” termini ilə bağlılığı göz qabağındadır.

“Divanü luğat -it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada verib:

1.    Türk kudaş edi – günəş göyün ortasında

2.    Türk üzüm edi – üzümün dəymiş vaxtı

3.    Türk yigit – ər türk, döyüşkən cavan

“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:

1.    Türk – güclü, qüdrətli

2.    Türk – tayfalar ittifaqı

Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər: “TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli – məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər – “TUR”lar, “TURUK”lar, DURALLAR demişlər”.

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.

Professor F.Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır: “Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər”

Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.

“Turuk düşmanı çıxdı və (…)yə getdi.

O, Kakkulatimi işğal etdi…bu hücumdan bəzi tutukların sayı çox görünmür.

Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək”.

Umumiyyətlə, “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V.Tomson və Y.Nemət “güc”, “qüvvət” mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.

Bununla yanaşı “türk” termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, “türk” sözü “qanun”, “adət” deməkdir və “türk” f”türü”g xalqların qanun əsasında birləşməsi” mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.

Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.

A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır”.

Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: “Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü “Allah” anlamında işlənir”.

Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.

Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “…Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış”.

Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu “el” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.

“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”, “Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə – dövlət mənasında işlədilir. Bu sözə “Kitabi – Dədə Qorqud”da tez-tez rast gəlirik. Burada “el” sözü həm də siyasi məna daşıyır. Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.

Mahmud Kaşğarinin lüğətində də “el” termini öz mahiyyətini itirmir:

El = el, vilayət

El = açıqlıq, boşluq

Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı

El = iki bəy arasında barışıq

Elboy = sülh, barışıq etmək

L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “el” adlandırırlar.

F.Ağasıoğlu “el” sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: “Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “el” sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır”.

“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:

1.    El – tayfa ittifaqı; (men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)

2.    El – xalq

3.    El – dövlət

4.    El begi – vəzifədə olan

5.    El kün – xalq

6.    Elçi – səfir, qasid, elçi

A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.

A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk, turuk, türkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası “türk” terminidir.

L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.

Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq “türk” sözünü “tör” ilə də başlatmaq olar. Bu zaman bunun mənası “layiqli yer” kimi də başa düşülə bilər.

E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”. “dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer” mənalarını verir.

Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər… Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir”.

Göründüyü kimi “türk” sözünün anlamına XIX – XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz “güc”, “qüvvət” mənasını verir. Təbiidir ki, “güc”, “qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi təəccübləndirməməlidir.

Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer” mənasında “hakim”, “ağa”, “qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. “El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz”.

Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. “Türk” hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin adı “hun” etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: “Bilqamıs adında “Bilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən” el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözlərilə vermişlər. Bilqamısın adı  türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan “Bilgə” titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.

İndi baxaq, aydınlaşdıraq, görək ki, “bil” sözü türklərdə hansı anlamı verir.

ARDI  BURADA: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adil Babayev – Sonet

İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,

Sağ ikən ölən də var, ölüb sağ qalan da var.

Günlərin əllərindən gah şirin şərbət içir,

Gah acı zəhər içir dünyada yaşayanlar.

***

Mənə də bəxş edilib adi bir insan ömrü,

Ya tez, ya gec, bir gün çatacaq sona.

Ana torpaq, bəlkə də dərindən köks ötürüb,

Alacaq övlad kimi məni də öz qoynuna.

***

Ölüm müdhiş deyildir, yaşamaq çətin işdir,

Onun hər dəqiqəsi enişdir, yüksəlişdir.

Gəlin, əziz dostlarım, yaşamağı öyrənək.

***

Əlçatmaz üfüqlərə toxunsun qanadımız,

Coşğun nəğmələr kimi səslənsin həyatımız,

Öləndə də yaşayaq ölümsüz nəğmələrtək!

Müəllif: Adil Babayev

ADİL BABAYEVİN YAZILARI

Turan Novruzlu – Yollar

Yollar

Yollar sağaldır axı
Təyyarəni qucaqlayan
buludlar
Yaralarıma sığal çəkən
pambıq olur…
Göy üzü kədərimə
Boxça olur, sandıq olur
Hər dəfə səmadan yerə enəndə
Adam yenidən doğulur,
Tanrıya təşəkkürlə, sevgiylə…
Yollar sağaldır axı
Məsələn, Sən
ən uzağımda qalırsan
Ayın üzündəki ləkə kimi…
Qürub vaxtı ağacdan sıyrılıb
torpağa söykənən kölgə kimi.
Yollar sağaldır axı
Elə qəşəng
unuduram ki, səni…
Yolda gördüyüm
evə çatanda
yadımdan çıxan
Yuxu kimi…
Ehhh neyləyim,
Heç sən də
bir adam olmadın
Çoxu kimi…

RƏNGLİ YUXULARIMIN ŞƏHƏRİ: BEYLƏQAN…

RƏNGLİ YUXULARIMIN ŞƏHƏRİ: BEYLƏQAN…
Ötən ili bütünlükdə yaradıcılıq qayğıları ilə məşğul olduğumdan həftələr, aylarla yazı masamdan ayrılmadım. Amma hiss edirəm ki, son iki-üç aydır bir ciddi işlə məşğul ola bilmirəm. Düşünüb-daşınıb, həyat tərzimdəki vərdişimi itirməyim deyə, özüm üçün bir cədvəl tərtib etdim. Yenə də işlərimə start verə bilmədim. Halbuki çox-çox illər dəyişən, yenilənən həyat cədvəlimi hafizəmə ötürür, ondan istiqamət alırdım… Masamın üstündəki yarımçıq yazılar mənə baxır. Hələ ki onlara yaxın düşə bilmirəm. Vaxtımı öldürmək üçün (sevmədiyim həyat tərzi!) gah arxivimdə “vurnuxur”, əlimə gələn bir kitaba baxır, ağ vərəqdə nəsə qaralayır, gah da sosial şəbəkəyə göz gəzdirirəm. Amma nə edirəmsə heç bir məşğuliyyətdə davamlı ola bilmirəm. Öz pərakəndəliyimə, diqqətimin dağınıqlığına təəccüb edirəm…

Nə baş verirdi? İşləməkdən ötrü ürəyi gedən mən, yazı masasından saatlarla ayrılmayan Şəfəq, niyə yaddaşının, ürəyinin yazı yükündən azad ola bilmir? Elə bu arada çoxdan unutduğum bir vərdişimi xatırladım. Və həmən də kitab rəfimin aşağı gözündə iri zərflərdə qalaq-qalaq topladığım şəkilləri ortalığa tökdüm. Gecə yarıdan ötənə qədər keçmiş günlərimin fotolarda donub qalmış zamanlarına qayıtdım. Bu fotoların hər biri həyatımın tarixidi. O gecə özüm də bilmədən o tarixlərə vardım. Qəribə hisslər keçirdim, anbaan yaddaşımda ağrıyabənzər bir tərpəniş duydum, həyəcan dolu anlar yaşadım. Uşaqlığım, məktəb həyatım, ailəm, mühitim, rayon qəzeti redaksiyasına, kitabxanaya getdiyim vaxtlar bir anda gözlərimin qarşısından kinolent kimi keçib-getdi. Məni yetişdirən, gələcəyə hazırlayan doğma yurdum Beyləqanı xatırladım. Sən demə, o illər ömrümün ən şirin, munis çağlarıymış…

Hələ də təravətini itirməyən xatirələrimin işığı məni vaxt-bivaxt rəngli yuxularımın şəhərinə, Beyləqana çəkir. Son bir neçə ildə yurdumun təbiətinə, adamlarına, ağaclarına tamarzı qaldığım qədim diyarıma qovuşmaqdan ötrü ürəyim əsir…


Fevral ayının ilk həftəsi Beyləqana yol aldım. İki günlük səfərimdə gördüklərimdən fərəhləndiyim, zövq aldığım, heyran qaldığım o qədər məqamlar oldu ki! Qışın çisəkli, yağmurlu günlərində bir məlakə gözəlliyində olan Beyləqanda görüb-duyduqlarımdan ürəyim dağa döndü…

Görüşdüyüm insanlar Beyləqanın mədəni yüksəlişinə öz yaradıcı əməkləri ilə töhfə verən ziyalılar idi: Mehman Əliyev, Raquf Budaqlı, Rövşən Qarabudaq, Fazil Əsəd, Vəliyəddin Əhmədbəy, Mehriban İsgəndərli, Gültəkin Məmmədova… Mən kiçik bir yazıda bu insanların fəaliyyətindən söz açmıram. Çünki, yaxın vaxtlarda onlarla bağlı təəssüratlarımı geniş bir yazıya gətirməyi düşünürəm.


Beyləqan özünün yeni dövrünü yaşayır. Bu yenilik məndə qosqocaman bir yurdun gəncləşdiyini, adamların tərtəzə bir ömür yaşadıqları təəssüratını yaratdı. O iki gündə gəzib-gördüyüm yerlər, eşitdiyim xoş hadisələr – yolların təmir olunması, abadlıq işlərinin aparılması, gözəl tədbirlərin keçirilməsi, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı, ehtiram, rayon əhalisinin rövnəqli, qaynar bir yaşam həyatından xəbər verirdi.

Təbii ki, rayonda bu təzəliyi, dirçəlişi yaradan, sözlə yox, əməli fəaliyyəti ilə camaatına xidmət göstərən Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovdur. O iki gündə kiminlə görüşdümsə, başçının səmimi, sadə, işgüzar İnsan olduğundan, gördüyü işlərdən danışdı. Hiss etdim ki, Əziz müəllim rayona gəldiyi gündən özünün region üçün yeni olan bir proqramı ilə işə başlayıb. Hiss etdim ki, Əziz Əzizov cənab Prezident Ali Baş Komandan İlham Əliyevin genişəhatəli fəaliyyətindən faydalanıb. Ölkə başçısının müdrik siyasətindən, xalqla görüşlərindən lazımınca dərs alıb. Elə olmasaydı, bu bölgədə fəaliyyətə başladığı cəmi 8 ayda beyləqanlıların etimadını bunca doğrultmazdı ki…

Beyləqandan qayıdandan sonra ürəyimdə təpər, ruhumda bir dinclik, fərəh hissi duydum. Bu gözəl əhvalı, enerjini yurdumdan almışdım…


34 il əvvəl (1991) “Beyləqanın güllü yazı” kitabım 30 min tirajla “Gənclik” nəşriyyatında çapdan çıxdı. Ölkəmizin bütün rayonlarına yayıldı. Kitabın nəşri tarixi bir dövrə təsadüf etmişdi. Uzun illər dilimizə yatmayan, camaatımızda qıcıq yaradan Jdanov adı ləğv olunmuş, yurdumuzun qədim adı – Beyləqan özünə qaytarılmışdı. “Beyləqanın güllü yazı” sanki rayonun təzə adına (adqoydusuna!) bir töhfə oldu. O vaxtdan çox sular axdı, çox-qəzavü-qədərlər yaşadıq. Düşünürəm, bu gün həyatı yeni tarixi hadisələrlə zənginləşən Beyləqanıma bir mənəvi borcum da var. Sağlıq olsun…

Müəllif: Şəfəq Nasir

Şamxal Rüstəmin yazıları

Şəfəq Nasirin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova yazır

“Cəmiyyət, Hüquq və Vicdanın Tələsi: Dostoyevski və Cəlil Məmmədquluzadənin İnsan Taleyinə Baxışı”

Fyodor Dostoyevskinin “Zəif Ürək” (rusca: Слабое сердце) povesti insan psixologiyası, cəmiyyətin sosial-siyasi təzyiqləri və hüquqi aspektlər baxımından maraqlı bir əsərdir. Dostoyevski fərdin azadlığının nə qədər məhdud olduğunu göstərir. Vasili Şumkov, şəxsi xoşbəxtliyini yaşamağa çalışarkən, cəmiyyətin və dövlət aparatının ciddi nizamı ilə üz-üzə gəlir. Onun ruhi sarsıntıya düçar olması, sistemin insan üzərində yaratdığı psixoloji və sosial təzyiqin nəticəsidir. Vasili tədricən nevroz və psixi pozuntuya düçar olur. Bu hal müasir hüquqda bir şəxsin hüquqi məsuliyyət daşıma qabiliyyətinə təsir edən faktorlardan biridir. Əgər bu vəziyyət cinayət hüququ kontekstində baş versəydi, o zaman Vasilinin ruhi vəziyyəti onun məsuliyyətini yüngülləşdirən amil ola bilərdi. Dostoyevski insanın daimi şəkildə öz mənasını tapmağa çalışdığını və bu axtarışın təhlükəli bir yola gətirib çıxardığını göstərir. Vasili, cəmiyyətin üzərindəki təzyiqi yaşamağa çalışarkən, öz daxilindəki qorxuları, narahatlıqları və qeyri-müəyyənliyi də hiss edir. Bu, insanın öz mənəvi varlığını axtararkən yaşadığı ən dərin və qorxulu mübarizədir.Əsər, həmçinin əxlaq və insanın mövcudluğunun mənası arasındakı gərginliyi də müzakirə edir. Vasili öz mənəvi həyatını, sosial və əxlaqi gözləntilərlə qarşılaşdıraraq tapmağa çalışır. Bu, insanın özünü və əxlaqını anlamağa çalışarkən yaşadığı təzadları, eyni zamanda özünü dərk etmə və azadlıq anlayışının ziddiyyətini ifadə edir. İnsan bəzən əxlaqın, cəmiyyətin yazılı qaydalarından asılı qalır, bəzən isə özü üçün yeni bir əxlaq yaratmağa çalışır.

Vasili sevdiyi qadınla nişanlanır, amma sevinc hissi onun üçün gözlənilməz bir yükə çevrilir. O, işinə davam edə bilmir, çünki sevinc onun psixikasını alt-üst edir. Burada maraqlı hüquqi və fəlsəfi sual yaranır: Cəmiyyət insanı müəyyən çərçivədə yaşamağa məcbur edirsə, o, fərdi emosiyalarına görə məsuliyyət daşımalıdırmı? Bu, hüquqi pozitivizm və təbii hüquq fəlsəfəsi arasında bir dialoq yaradır. Hüquqi pozitivizmə görə, hüquq yalnız yazılı qanunlardır və fərdin psixoloji vəziyyəti nəzərə alınmır. Təbii hüquq isə fərdin vicdanını və daxili ədalət hissini əsas tutur. Vasili, cəmiyyətin və öz içində yaratdığı qaydaları pozduğunu düşünərək, daxili ədalət məhək daşına çevrilir. Burada Kantın “kategoriya imperativi” anlayışı tətbiq oluna bilər – insanın əxlaqı yalnız qanunlara deyil, həm də daxili vicdanına əsaslanmalıdır. Hüquqi baxımdan Vasili tam azaddır, lakin cəmiyyətin gözləntiləri onu sıxır. O, hüquqi cəhətdən heç bir təzyiq altında deyil, lakin daxili qorxu və vicdan əzabı onun üzərində hüquqi bir hökm kimi təsir edir. Dostoyevski göstərir ki, cəmiyyətin qəbul etdiyi normaların xaricinə çıxan insanlar hüquqi cəhətdən təhlükəli hesab olunmasalar belə, hüquqi sistem onları qorumaq əvəzinə, daha da məhvə sürükləyir. Cəlil Məmmədquluzadə “Dəli Yığıncağı” pyesində eyni problemi başqa cür göstərir. Burada “dəli” damğası vurulan insanlar əslində daha ağıllıdır, daha ədalətlidir, amma cəmiyyət onları anlamaq istəmir. Guya ağıllı olanlar isə əslində ədalətsiz, zalım və riyakardır. Əsərdə hüquqi və sosial sistemin necə ədalətsiz olduğu satirik və tragikomik formada təsvir edilir. Cəmiyyət öz çərçivəsinə sığmayan insanları qəbul etmir, onlara qarşı hüquq da, sistem də ədalətli olmur. Dostoyevski bunu dərin psixoloji analizlə, Cəlil Məmmədquluzadə isə satira ilə göstərir. Amma hər ikisi eyni nəticəyə gəlir – fərqli düşünən insanlar təkcə cəmiyyətin yox, həm də hüququn qurbanına çevrilir.

“Zəif Ürək” əsərində Vasili qanun qarşısında cəzalandırılmasa da, öz vicdanı və psixoloji durumu onu məhv edir. Dostoyevskinin Vasili adlı qəhrəmanı öz vicdanının və cəmiyyətin gözləntilərinin altında əzilərək psixoloji sarsıntıya düşür. Azərbaycan ədəbiyyatında da buna oxşar taleyi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki İsgəndər yaşayır. Vasili sevdiyi qadınla nişanlandıqdan sonra xoşbəxt olmalıdır, amma cəmiyyətin qoyduğu öhdəliklər və iş məsuliyyəti onun psixoloji çöküşünə səbəb olur. O, hüquqi cəhətdən konkret bir cəzaya məruz qalmır, amma öz vicdanı onu məhv edir. İsgəndər isə cəmiyyətdəki mövcud ədalətsizliyi və riyakarlığı görəndən sonra daxili bir böhran yaşayır. O, xalqını oyatmağa çalışsa da, başa düşür ki, ətrafındakılar onu anlamır və yalnız qalır. İsgəndər, cəmiyyətin axmaq qanunlarına qarşı çıxdığı üçün cəzalandırılır və məhv edilir. Yəni Vasili öz daxili dünyasında boğulur, İsgəndər isə cəmiyyətin zorakı hüquq sistemi tərəfindən basqıya məruz qalır.



Vasili zəif ürəyini daşıyarkən, bu, bütün insanlığın təcrübəsini simvolizə edir. İnsan hər zaman öz daxili mübarizələri ilə mübarizə aparır, amma əslində, bu mübarizə əsl daxili azadlığa və insanın içindəki həqiqətə doğru bir yoldur. Dostoyevskiyə görə, insanın mövcudiyyəti özü ilə birlikdə əzabı da gətirir. Vasili, daxili əzabını çəksə də, bu əzab onu həm də insanın psixoloji və mənəvi zəifliklərinin üzə çıxmasına məcbur edir. İnsan öz zəifliklərindən qaçmağa çalışır, lakin bu, onu daha da azaldır. Krisis və varlıq fəlsəfəsi bu məsələdə əsaslıdır. Dostoyevski, varlığın əslində bir növ əzab və narahatlıq olduğunu göstərir, insan hətta yaxşılıq və ya xoşbəxtlik axtarsa da, bu prosesin özündə əzabları daşıyır. Dostoyevski insanın təbiətində həm yaxşılıq, həm də pislik meylinin olduğunu qəbul edir. Vasili özü pisliklə mübarizə aparmaq istəsə də, daxili zəifliklər və kədər onu sürükləyir. Bu, insanın təbiətinin dobro və zlo (yaxşılıq və pislik) arasındakı giriş nöqtəsini, insanın içindəki pisliyi və yaxşılığı eyni anda yaşadığını və bu qarşıdurmanın insanı bəzən məhvə sürüklədiyini göstərir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mənim üçün yazmaq vacibdir

MƏNİM ÜÇÜN YAZMAQ VACİBDİR

Stefano Chiesa: şair, yazıçı, musiqiçi, fəlsəfəçi, jurnalist, dünya sülhü və mədəniyyətinin səfiri olan şair Elisa Mascia ilə bəzi suallar verir – İtaliya

—Şairlik istedadın hansı şəraitdə və necə yaranıb?

—Uşaqkən hər zaman yaradıcılıq etmək istəyini hiss edirdim və hər hansı bir vəziyyət mənim üçün yaratmağa başlamaq üçün bir ilham qaynağı idi. Məsələn, bir parça parça ilə bir köynək və ya ətək hazırlamağı xəyal edirdim, yaxud yun və pambıqla bir sviter, şal və ya bəzəkli masa örtükləri hazırlamağa çalışırdım. Bir dəfə, Milad şənliyindən sonra şirinliklər paylanmışdı və mən bir neçə dənəsini evə gətirib tərkibini oxudum və özüm də şirinlikləri necə hazırlaya biləcəyimi düşünürdüm. Bu hadisələri danışmağımın səbəbi, yaradıcılığın nə qədər doğuşdan gələn və irsi olduğunu göstərməkdir.
Şeir də, təxminən qeyd etdiklərimlə paralel olaraq, ilhamın təsiri ilə yaranmağa başlamışdı. Şeir yazmaq, oxumaq istəyim də mənim atamın yalnız bir kitabı olub, daim oxuyub yenə də yeni sözlər və yeniliklər tapması ilə əlaqədar idi. Mənim üçün öz düşüncələrimi yazılı şəkildə ifadə etmək çox cəlbedici idi və yazmaq mənə yaxşı hiss etdirirdi. Bu, azad edici bir proses idi və bunu yalnız sonradan dərk etdim.
O dövrlərdə həyatımın izlərini saxlamaq istəmədim, amma məhz onlar mənim inkişafımda, mənim işıqlı yolumun başlanğıcı oldu.

—Sənin ilk ədəbiyyat əsərlərində ailəvi böyük dəyərlərin rolu nə olub?

—Ailəm, şeirə olan marağımı qəbul edib, ilk kitabımın nəşrini mənim üçün bir yuxunun reallaşması olaraq qəbul etdilər.

—”Şeir yazmaq” sənə nəyi ifadə edir?

—Mənim üçün yazmaq vacibdir və insanlar, təbiət, şəkillər və mənə hisslər oyadan hər şeydən ilham alıram.
Yazmaq həm də müalicəvi, azad edici bir prosesdir və daha da əhəmiyyətlisi, çox sayda insanın mənim şeirində özlərini tapmaları, bəzən mənə deyirlər ki, sanki həmin şeir məhz onlar üçün yazılıb, ya da şeirlərim onların həyatlarının bir hissəsidir.

—Şeirlərində hansı mərkəzi mövzular və “gerçəklik parçalarını” əks etdirməyə çalışırsan?

—Mənim şeir yazılarımın mərkəzində bəşəriyyətin yaranmasının mühərriki olan sevgi dayanır.
Sevgi, mənim üçün həm insanlar, heyvanlar, təbiət, həm də şeylərə aid olan geniş mənanı əhatə edir. Mən ilhamı gözləmədən və ya doğru fürsəti gözləmədən yazıram. Şeir yazmaq mənim üçün, şeir müsabiqələrinə və çağırışlara cavab olaraq mövzulara uyğun yazmaq qabiliyyətimdir.
Mənim şeirlərimdə hər mövzu əks olunub, amma xüsusilə mənim əks etdirdiyim mövzular bəşəri dəyərlər və ruhaniyyətdir.

—Başqa ədəbiyyatçıları tanımaq və onlarla özünü müqayisə etmək imkanı olubmu? Əgər bəli, kimlər olub?
Mənim online radio proqramları təqdim etməyə imkanım olduğu üçün yalnız İtalyan şairləri deyil, dünyadakı digər şeir və ədəbiyyat sevərlərini tanımaq imkanım olub.
Amma mən daha çox onların mədəniyyətlə bağlı hazırlıqları ilə müqayisə etməkdən çox, ünsiyyət qurmağı sevirəm, çünki bu, müxtəlif poetik üslubların paylaşılmasından və mənim öz şeir üslubumu formalaşdırmaq üçün faydalı təcrübə qazanmaqdan irəli gəlir.

—Son illərdə hansı universal İtalyan şairləri səni təsirləndirib və ya ilham verib?

—Hamımızın təhsilimizdə öyrəndiyi şairlər və yazıçılar diqqətimi çəkib, onlar mənim üzərimdə iz buraxıblar. Lakin onların poetik üslubları əvəzedilməzdir və bu üslubu emulə etmək, gündəlik məşq ilə mümkündür. Bu, şəxsi poetik təqdimatımı inkişaf etdirmək üçün ən yaxşı yoldur.

—İndiyə qədər əldə etdiyin ən möhtəşəm ədəbiyyat mükafatları hansılardır?

—İlk mükafatım (Histonium Premio) şübhəsiz ki, mənə ilham verdi və motivasiya etdi. Çünki mənim üçün mükafat qazanmaq, onu fəxrlə göstərmək deyil, yazdıqlarımın dəyərini qəbul edilməsi və bu dəyərin musabiqə və ya yarışma mütəxəssisləri tərəfindən qiymətləndirilməsidir. Birincisini çox sayda mükafat izlədi və mən heç vaxt podiuma tələsdim.

—Hal-hazırda hansı məsuliyyət və idarəetmə vəzifələrini yerinə yetirirsən?

—Mən müxtəlif fondlara, beynəlxalq akademiyalara və xüsusilə şeir, ədəbiyyat və sənətin yayılmasına xidmət edən çox sayda layihəyə könüllü olaraq kömək edirəm.
Mən həmçinin, dünyanın ən məşhur festival və tədbirlərini təşviq edən, PIAF və PILF kimi tanınmış festivalların təşkilatçısıyam. Beş ildən artıqdır ki, İtaliyanın Albap Akademiyasının koordinatoruyam. Həmçinin Ciesart-ın mədəniyyət səfiri və üzvüyəm.
Mən həmçinin, Braziliyanın 103 illik akademiyasının, Espirito-Santense Akademiyasının üzvüyəm. Hər gün 1350 məqalə ilə onlayn “Alessandria Today Magazine”-da yazıram. Bunlar yalnız bir hissəsidir.

—Bugünkü dünyada, bəzən mədəniyyətə qarşı laqeydlik göstərilən bir zamanda, intellektualın rolu nədir?

—Mən hesab edirəm ki, bugünkü dünyada “maye cəmiyyət”də şeir yazmaq, elmi fəaliyyət göstərmək çox çətindir. Hamı öz düşüncəsini ifadə etməyə çalışır və hamı mədəniyyətin içində olduğunu hiss edir. Təvazökar olmaq və hər zaman öyrənmək istəyənləri qiymətləndirmək çox azdır. Həmçinin, bu fəaliyyətlər maddi cəhətdən qarşılanmır və hər kəs öz vaxtını başqaları üçün sərf etməyə hazır deyil.

—Şair bir döyüşü necə, azimlə, mübarizə apara bilər?

—Bir şair yalnız tək bir səs olaraq yox, bir çox səsdən ibarət olan bir xor kimi mübarizə apara bilər. Biz yalnız müharibəyə qarşı bağırmalıyıq deyə deyil, sülhün düşüncələrini və fəaliyyətlərini yaymaq üçün birləşməliyik.
Çünki sülh, insanların yaradılışının ən təməl hissəsi olan sevgini ifadə edən ən güclü sözdür.

—Stefano, sualların üçün təşəkkür edirəm. Onlar mənə iç dünyama doğru bir səyahətə çıxmağımda və cavablarım vasitəsilə hisslərimi, duyğularımı və inanclarımı ifadə etməyə kömək etdi.

Təqdim etdi: Cahangir NAMAZOV,
” Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

"…yazarlar, ancaq yazarlar…"