Etiket arxivi: AKİF ABBASOV

Professor Akif Abbasovun əsərləri” kitabı nəşr olundu

AKİF ABBASOVUN YAZILARI

Professor Akif Abbasovun əsərləri” kitabı nəşr olundu

Yaxınlarda “Mütərcim” nəşriyyatında “Professor Akif Abbasovun əsərləri” kitabı işıq üzü görmüşdür. Bu kitab bir növ buklet xarakterlidir.

Kitab 8 bölmədən ibarətdir: “Dərsliklər və dərs vəsaitləri”, “Romanları”, “Povest, pyes və hekayələr”, “Bədii əsərlərin 10 cildliyi”, “İngilis və rus dillərindən bədii tərcümələri”, “Kitabları”, “Pedaqoji-psixoloji lüğətlərin tərtibi”, “Tədris proqramları”.

Həmin bölmələrdə professorun son vaxtlara qədər çap olunmuş dərsliklərinin və dərs vəsaitlərinin, tədris proqramlarının, kitab və kitabçalarının, romanlarının, pyes və hekayə kitablarının üzqabığı öz əksini tapmışdır. Əsərlərin nə zaman, hansı nəşriyyatda nəşr edildiyi və neçə səhifədən ibarət olduğu göstərilmişdir.

Hazırladı: Tuncay ŞƏHRİLİ

AKİF ABBASOVUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV.   TOL.

AKİF ABBASOVUN YAZILARI

TOL

(hekayə)

Fərhad Alatavadakı evini  təmir etdirirdi. Arvad-uşağı aparıb qaynanasıgilə qoymuşdu. O, dostlarından Azərlə Əkbərə dedi:

-Baxmayaraq ki, yaydı, bizim həyətdə sərinlikdir. Məzuniyyətdəsiniz. Gedən yeriniz də yoxdur. Evdə ustalar işləyəcək. Mən də təkəm. Yığışın  bizə. Pivələyək, damino oynayaq.

Razılaşdılar. Əkbər axşamüstünə kimi oturur, sonra durub gedirdi. Ailəli idi. Azər həm subay idi, həm də kirayədə qalırdı. Elə axşamlar da yıxılıb Fərhadgildə yatırdı.

Sovet hökumətinin dövrü idi. Tikinti materialları açıq satışda olmurdu. Ordan-burdan, tikinti gedən yerlərdən oğurluq-doğurluq alardılar. Birisi ilişəndə də, gəl qurtar görüm necə qurtarırsan? Milisdə sorğu-sual başlanırdı: “Bu daşı, bu qumu, bu sementi, bu şiferi haradan almısan?”

Ya tutub atırdılar içəri, yəni dama, ya da möhkəmcə soyurdular, yəni pul qoparırdılar.

Qadağalar vardı, amma hamı rahat ev də tikdirirdi, daşdan qaraj da.  Hasar da çəkdirirdi… Ərizə ilə ispolkoma müraciət edərdin, müəyyən miqdarda tikinti materialı ayırırdılar. Qalanını axır ki, yenə oradan-buradan tapardılar.

Əlqərəz, Fərhad Əkbərlə Azərə dedi:

-500 metr aralıda tikinti obyekti var. Gözətçi ilə danışmışam, pulunu da vermişəm. Axşam saat on birin yarısında-on birdə gedib adama bir dənə tol götürərik.

Əkbər yenə cığallıq elədi:

-Mən o vaxta qala bilmərəm. Anam rayondadır. Arvad körpə uşaqla evdə təkdir.

Fərhad:

-Onda sənə bir quş. Azər, birdən sən də evlənməli olarsan, bu gecə məni tək qoyarsan. Toy zad eləmirsən ki?..

-Mən səninləyəm. Adaxlı  tapmışam ki, toy edim? Axşam birlikdə gedib o tolun başına daş salarıq.

Əkbər getdi. Fərhadla Azər bir az nərd oynadılar. Sonra şam etdilər. Fərhad ortaya sərin araq və pivə də qoymuşdu. Saat on birə işləyəndə ayağa qalxdılar. İnşaat meydanına gəldilər. Gözətçi onları gözləyirdi. O, tolların yerini göstərdi. Hərəsi bir tolu çiyninə alıb yola düzəldilər.Söhbət edə-edə, Əkbərin dalınca danışa-danışa bir az getdilər. Qaranlıq idi, göz-gözü görmürdü. Qabaqdan bir neçə adam gəlirdi. Birdən rusca səs eşidildi:

-Stoy!

Hərbi komanda idi. Azət əsgərlikdə olduğundan bu komandanın mənasını yaxşı bilirdi. Onlar patrul dəstəsinə rast gəlmişdilər. Komanda verən növbətçi zabit, yanındakılar da əsgərlər idi. Azər tez:

-Qaranlıqdır, heç nə görünmür. Tolları yavaşca çiynimizdən atib, növbəti komandaya qədər  irəli yeriyək  ki, nə  apardığımızı görməsinlər.

Elə də etdilər. Növbəti komanda eşidildi:

-Stoy, strelyat budim.

Və avtomatın şaqqıltısı eşidildi.

Gülləni ayağa vermişdilər.

Fərhad əsgərlikdə olmadığından bütün bunların mənasını bilmir, nə demək olduğunun fərqinə varmırdı. Bir qədər də baməzə və əhli-kef olduğundan vəziyyətin ciddiliyini anlamırdı. Odur ki, Azər cəld ona dedi:

-Onlar xəbərdar etdilər. Yerindən tərpənsən, yaxud  bir addım belə atsan, səni vura bilərlər.

Azərlə Fərhad yerlərində dondular. Zabit yanında da iki dığa yaxınlaşdı:

-Burada nə gəzirsiniz?

Fərhad kəkələyə-kəkələyə:

-Evə gedirik. Üz yüz metr aralıda bizim evdir.

-Bəs bilmirsiniz ki, bura hərbi hissənin ərazisidir?

Bu dəfə Azər dinləndi:

-Haradan bilək? Buralarda  hərbi hissə yerləşdiyindən xəbərimiz var. Mən də əsgərlikdə olmuşam. Hərbi hissənin ərazisi adətən hasara alınır. Bura isə…

Azərin çoxbilmişliyi zabitə xoş gəlmədi. Acıqlı halda:

-Buraları bizə təzə veriblər. Sabah hasara alınacaq.

Bunu eşidən Azərin dili çıxdı:

-Sabahdan buralarda görünmərik…

Zabit  qəzəbli:

-Hünəriniz var, burada bir də dolaşın, onda alarsınız payınızı, indi isə marş evinizə…

-Oldu.

Patrul dəstəsi yoluna davam etdi. Gecə qara, cücə qara. Gecənin qaranlıgında nə zabit, nə də əsgərlər tolları görmüşdü. Bəlkə də həmin tikinti hərbçilərin idi. Görsəydilər, gör nə həngamə qopardı.

Fərhdla  Azər tolları çiyinlərinə alıb yollarına düzəldilər. Patrul dəstəsi ilə aralarında olanları yada salır, deyib-gülürdülər. Bir də qabaqlarına üç nəfər mülki paltarda adam çıxdı və onları saxladılar:

-Biz gecə reydinə çıxmışıq. O görünən tikintinin məsul işçiləriyik. Bizə siqnal çatıb ki, gözətçilər tikinti mallarını gecələr ona-buna dəyərinə-dəyməzinə satır. Fikirləşdik ki, yoxlayıb, sonra bir əncam çəkək. İndi hər şey məlum oldu. Bu tollar sizə haradan? Tikintidən ya oğurlamısınız, ya da qanunsuz almısınız. Hər iki halda  məsuliyyət daşıyırsınız.

Fərhad ali təhsilli idi. Azər institutda qiyabi oxuyurdu. İkinci kursda  idi. Azər o dəqiqə öz taleyini fikirləşdi: nağdı institutdan qovacaqlar, işdən çıxaracaqlar, tutmasalar da, dərisini soyacaqlar. Pul üçün kimin üstünə qaçacaq? Qohum-əqrəba hərəsi özünü birtəhər dolandırır?

Azər dil tökməyə başladı:

-İki toldur, bundan ötrü bizi dama basacaqsınız?

Növbə rəisi:

-Məsələ iki tolda deyil. Bu cinayətin üstü açılmalı, günahkarlar cəzalandırılmalıdırlar. Bu dəqiqə milis çağıracağıq. Hərə iki tol, hərə beş şifer, bir kisə sement arasa, bilirsən dövlətə nə qədər ziyan dəyər? Siz maddi-dəlilsiniz. Sizin köməyinizlə o gözətçinin boynuna qoyacağıq ki, o, dövlət əmlakını necə dağıdır. Siz bizimlə tikintiyə getməlisiniz…

Fərhad əslən Masallıdan olub, ünsiyyətli, söhbətcil, görüb-götürmüş bir adam idi. Öz söhbətləri ilə ətrafdakıları tez ələ ala bilirdi, dostu-tanışı da çox idi. Növbə rəisinin danışığından başa düşdü ki, o, Talış zonasındandır. Bundan istifadə etməyə çalışdı:

-Dədə bala, deyəsən Talış zonasındansan axı. Ehtiyatlı ol.

Növbə rəisi Gəldi Gedərov bir anlığa duruxdu, sonra özünü ələ aldı: “Burada nə var ki, ləhcəmizdən bilirlər haradanıq. Bunun mətləbə nə dəxli? Tikintinin direktoru çağırıb bərk-bərk tapşırıb: “Tikintini dağıdırlar. Tapın səbəbkarları, atasını yandırım!”

İndi Gəldi Gedərova maddi-dəlil lazım idı, kiminsə onun haradan olmasını bilməsi yox. Odur ki tez:

-Yoldaş, xahiş edirəm dostunu da başa sal və düşün qabağımıza gedək idarəyə.

Fərhad zonanın ağsaqqalını yadına saldı və bundan yararlanmağa çalışdı:

-Birdən Hacı Yusif desə ki, bənd olma, onda nə deyərsən?..

Gəldi Gedərov diksindi, key-key Fərhada baxdı:

-Hacı Yusifi haradan tanıyırsan?

Yaxınlarda Hacı Yusifin köməyi, maddi dəstəyi ilə Gəldi Gedərovun atası ölümün pəncəsindən qurtulmuşdu. Onların üstündə Hacı Yusifin böyük haqqı-sayı vardı.

Ox hədəfə dəymişdi. Fərhad:

-Hacı Yusif anamın əmisi oğludur.

Gəldi Gedərovun boğazı qurudu:

-Doğrudan?

İndi Fərhad özünü çəkməyə başladı:

-Əlbəttə, sizinlə zarafatım var?! Bəlkə də bu saat bizdədir. Atamla nərd oynayır.

Gəldi Gedərov siqaret çıxartdı. Fərhad alışqanı yandırdı.

-Doğru deyirsən, Hacı nərd oyamağı xoşlayır.

Fərhad telefonda kiminləsə danışırdı. Hətta zarafata da saldılar. Sonra:

-Burada yanımızda bir dostumuz da var – Gəldi Gedərov. Sizinlə danışmaq istəyir.

Fərhad  mobil telefonu Gəldi Gedərova verdi. O zamanlar az-az adamlarda mobil telefon olardı. Gəldi Gedərov səsindən danışdığı  adamı tanıdı. Bu, Hacı Yusuf idi.

Fərhad sinayıcı nəzərlə Gəldi Gedərova baxdı:

-İndi bizi idarəyə aparırsan, yoxsa yolumuza davam edək?

Gəldi Gedərov çar-naçar dedi:

-Hacı Yusufin qohumuna kim qaşın üstə gözün var deyə bilər?.. Əlbəttə, gedin.

Fərhadla Azər yollarına davam etdilər. Fərhad:

-İlan ulduz görməsə, ölməz, – dedi.

Beləliklə, tolu mənzil başına çatdırdılar.

Narahat bir gün idi. Fəhlələr evin damına çıxmışdılar, bayaqdan tolu gözləyirdilər. Tolu axşamın sərinində vurmaq lazım idi. Gündüzlər isti adamın atasını yandırırdı. Tol dalınca gedənlər axır ki,  gəlib çıxdılar. Usta Xanbala:

-Müəllim, niyə belə yubandınız? Gözətçi yerində deyildi?

Fərhad alnının tərini sildi:

-O, yerində idi. İşlər yerində deyildi. Əvvəlcə patrullara rast gəldik. Asıb-kəsib, axırda buraxdılar. Dedilər ki, bir də oralarda dolaşsaq, avtomatın bütün güllələrini qarnımıza boşaldacaqlar.

Bəybala  həyəcan və qorxu içərisində soruşdu:

-Niyə, müəllim, nədən ötrü? Hansı günahın sahibi idiniz?

Azər aydınlaşdırdı:

-Demə, yol gəldiyimiz ərazini hərbçilərə veriblərmiş. Onların ərazisinə isə, bilirsiniz ki, icazəsiz girmək olmaz.

Bəydəmir xəbər aldı:

-Müəllim, doğrudan dedilər ki, güllələyəcəklər? Birdən yol azarıq, gedib oraya çıxarıq. Fağır adalarıq, uşaqlarımız yetim qalar.

Bəydəmirin sadəlövhlüyünə Fərhadın gülməyi tutdu:

-A kişi, zarafat edirəm.

Bu dəfə Xanbala xəbər aldı:

-Elə bu?

Azər dedi:

-Bu azdır?

Fərhad dilləndi:

-Sonra da yoxlama briqadasına rast gəldik. Demə, tikintini söküb-aparırlarmış. Biz də elə bu zaman oblavaya düşdük. Bir xoş təsadüf nəticəsində onların əlindən qurtulduq. Nə isə, ertə ikən tolu evin damına çəkin. İşiniz çoxdur, sabaha qalmasın.

Xanbala həyətdə idi. Tolun birini açmağa çalışdı. Dartışdırdı, dartışdırdı, lakin istəyinə nail olmadı. Sonra üzünü Fərhada tutaraq:

-Müəllim, açılmır ki… Xarab olub, köhnəymiş.

Fərhad az qala dəli olacaqdı:

-Bayaqdan itin-qurdun danlağını çəkirdik. O boyda yolu pay-piyada, çiynimizdə gətirmişik.

Bu səfər Fərhad tolu açmağa  cəhd göstərdi. Alınmadı.

-O biri tolu gətirin.

Bəydəmirlə Bəybala evin damından düşdülər və tolu dama çıxartdılar.

-Bu tol açılır.

Bunu Azər dedi.

Tolu Bəydəmir açırdı. Tolu yarıya  qədər açıb evin damına salmışdı ki, əl saxladı. Fərhad narahat halda:

-Niyə əl saxladın? – deyə xəbər aldı.

-Daha açılmır.

Fərhadın qışqırığı məhəlləni başına götürdü:

-Bayaqdan bu tolların həyəcanından az qala ürəyimiz dayanmışdı. İşə bir bax.

O, yerə oturub siqaret çıxartdı. Xanbala:

-Müəllim, onsuz da işimiz yarımçıq qalacaqdı.

Fərhad tərs-tərs ona baxdi:

-Niyə, oğurluqdur, ona görə?

-Yox, bizə üç tol lazım idi. Bizim isə iki tolumuz var.

Fərhad:

-Üçüncü tolu Əkbər gətirməli idi. O, aradan şıxdı. Başımıza gələn o qədər işdən sonra bir də o tikintiyə qayıda bilmərik. Gərək tolu başqa yerdən tapaq.

Xanbala başı ilə təsdiq etdi:

-Bu tollardan kar aşmaz.

_____

Tol – damlara çəkmək üşün islanmayan qatranlı karton

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. TEXNİKLƏRİN OTAĞI.

AKİF ABBASOVUN YAZILARI

TEXNİKLƏRİN OTAĞI

            (hekayə)

         Gəldi Gedərov  124 nömrəli mənzil-istismar kontorunun müdiri idi. Qabaqlar – SSRİ dövründə mənzil-istismar kontorları fironluq edirdilər. Müdirlərin qəbuluna düşmək çətin idi, çox çətin. Düşəndə də çox vaxt işin düzəlmirdi. Kontorların müdirlər də, işçilər də, necə deyərlər, “qaz vurub qazan doldururdular”.  Çox zaman hər işdən ötrü bu kontorlara ayaq döyməli olurdun. Daha nə iş  qalmırdı ki, mənzil-istismar kontorları məşğul olmasın?!

         O zamanlar Bakı qapalı şəhər elan edildiyindən pasport qeydiyyatı olmayanları işə götürmürdülər. Şəhərə gələn, burada qohum-əqrəbası olmayan şəxslər üçün pasport qeydiyyatına düşmək müşkül məsələ idi. Mənzil sahibi razılıq verəndə də mənzilin neçə kvadratmetrdən ibarət olmasına fikir verilirdi ki, həmin şəxsi pasport qeydiyyatına götürə bilsinlər. Yoxsa qanun pozğunluğu olardı.

           Ev növbəsində durmaq istəyənlər də mənzil-istismar kontorundan arayış almalı idilər. Həmin arayışda  yenə də mənzilin neçə kvadratmetrdən ibarət olduğu,  müraciət edənin ev növbəsinə dura bilib-bilməməsi qeyd edilirdi.

         Çox zaman əlin cibində olanda daxili işlər şöbəsinin pasport qeydiyyatı şöbəsi ilə mənzil-istismar kontoru müdirinin bir araya gəlməsi sayəsində  pasport qeydiyyatı öz həllini tapırdı.   

         Mənzil-istismar kontorları eyni zamanda dövlət hesabına tikilmiş  mənzillərin   təmirini də həyata keçirirdi. Amma hər bir adamın müraciətini nəzərə almaq mümkün deyildi. Kontora bu məqsədlə ayrılmış vəsait növbəyə duranların hamısının mənzilini təmir etməyə imkan vermirdi. Bir sıra hallarda  rüşvət kimi isə qabağa salırdı. 

         İş yerinə, müxtəlif təşkilatlara təqdim etmək üçün yaşayış yerlərindən arayışı da mənzil-istismar kontorundan alırdın.  Bir zamanlar SSRİ deyilən ölkədə ərzaq qıtlığı baş qaldıranda əmək və müharibə veteranları, təqaüdçülər mənzil-istismar kontorunun qabağını kəsdirirdilər. Ərzaq talonlarını buradan alırdılar.

Bir sözlə, mənzil-istismar kontorlarının müdirlərinin əlləri pulla oynayırdı.

         SSRİ dağıldı. Mənzil-istismar kontorları ilə bağlı mif də yoxa çıxdı. Ölkəmizdə yeni strukturlar yaradıldı. Mənzil-istismar kontorlarının fəaliyyət dairəsi məhdudlaşdırılsa da, yenə beşdən, ondan qazanırdılar. Yoxsa Gəldi Gedərova nə düşmüşdü ki,  bütün günü divarlarının rəngi getmiş kabinetində   oturub qalsın?!

         İndi Gəldi Gedərov kabinetində əyləşib televizora baxırdı. O, katibəsi Nazlı Qəmzəliyevanın  gətirdiyi xoruzpipiyi çayı təzəçə içməyə başlamışdı ki, baş mühəndis qaranəfəs içəri girdi:

         -Rayon İcra Hakimiyyətindən gələn var. İki nəfər əməkdaşdır.

         Gəldi Gedərov qonaqları qarşılamaq üçün cəld ayağa qalxdı. Salamlaşıb bir-birindən  hal-əhval tutdular.

         İndi xoruzpipiyi çayı üçlükdə içirdilər: Gəldi Gedərov, İcra Hakimiyyəti   əməkdaşları Yoxlamazadə və Nəzarətli.  Çay içə-içə gözlərini televizora dikmişdilər. Xəbərlərə qulaq asırdılar.

         Çay məclisi başa çatandan sonra Yoxlamazadə dilləndi:

         -Gəldi müəllim, İcra başçısı yanında Şuraya  sizin mənzil-istismar kontorunun fəaliyyəti ilə bağlı məsələ hazırlamalıyıq. Bizə şərait yaradın ki, yoxlamanı həyata keçirək.

         -Oldu, cənab Yoxlamazadə.

         Gəldi Gedərov tez sərəncam verdi,  kontorda yoxlama başlandı. Onlara   otaq ayırmışdılar. Sənədlərə baxır, yazıb-pozurdular.

         Mənzil-istismar kontorunun bir neçə otağı vardı. Birində – müdir, digərində – müavini, başqasında – baş mühəndis əyləşirdi. Mühasibliyə 3 otaq ayırmışdılar. Biri – baş mühasib, digəri – iki mühasib, biri də – xəzinədar üçün. Texniklərin də ayrıca otağı vardı, amma ayaqyolu ilə üzbəüz yerləşirdi.

         Otaqları gəzib qurtarandan sonra Nəzarətli üzünü müdirə tutaraq:

         -Bu binəva texniklərdən ötrü münasib otaq tapılmırdı ki, onları ayaqyolunun iyinə verirsiniz?

         Gəldi Gedərov etinasız tərzdə:

         -Onlar işdə tapılırlar ki otursunlar?  – dedi. -Bütün günü çöldə-bayırdadırlar. O çağırışda, bu çağırışda olurlar.

         Yoxlamazadə söhbətə qoşuldu:

         -Əslində bu texniklər sizin kontorun ürəyidirlər.  Sakinlərin dərdinə-sərinə daha çox onlar yarıyırlar. Baş mühasiblə üzbəüz otağı onlar üçün ayırmaq olardı. İndiki halda orada ehtiyat hissələri saxlanılır.  Xəzinədar da  mühasiblərlə bir otaqda əyləşə bilərdi. Onun otağını isə texniklərə verərdiniz. Texniklər üçün də şərait yaradılmalıdır. Onların da istirahət etmək, otaqda çay içmək, yemək yemək hüququ var. O otaq yararsızdır, təmirsizdir, tör-töküntülüdür… Nə isə.

         Nəhayət, bir neçə gün sonra yoxlama başa çatdı. Bir həftə sonra İcra başçısı yanında Şura qərar çıxardı. İşdə yol verdiyi qüsurlara, səlahiyyət vəzifələrini aşdığına, mənzil-istismar idarəsinin fəaliyyətini lazımınca qura bilmədiyinə görə Gəldi Gedərova töhmət verilməklə  işdən azad olundu. Əyləşdiyi kreslonu, kabinetinin açarını və kontorun möhürünü yeni təyin olunmuş müdir Qol Budaqova təhvil verdi. Az sonra    Budaqov Gəldi Gedərovu kabinetinə çağırıb:

         -Necə olmasa bu kontora rəhbərlik etmisən, – dedi. -Səni işsiz qoymaq istəmirəm. Qərara aldım ki,  səni texnik vəzifəsinə təyin edim. Bu da əmrin.

         Gəldi Gedərov əmri alıb, təşəkkür etdi, baş endirib  çıxdı.

         O, texniklərin əyləşdiyi otağa sarı gedə-gedə öz-özünə düşündü: “Sənə nə olursa, ədabazlığından olur. Bu texniklər çox dedi, mən az eşitdim. O gün Yoxlamazadə ilə Nəzarətli də mənə irad tutdular. Yenə əlimi əlimin üstünə qoyub oturdum. Mən nə biləydim ki, axırda o otaqda mən özüm oturmalı olacağam.   Gərək vaxtında tədbir görəydim. Texniklər üçün münasib otaq ayırardım, oranı təmir etdirəydim… İndi hər dəfə otağa girəndə, hər dəfə otaqdan çıxanda  ayaqyolundan gələn üfunətli iyi qoxulaya-qoxulaya dəhlizdə addımlamalı olacağam. Səd heyf”.

                                              Bakı şəhəri, 20 fevral 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV. GİZLƏNPAÇ

AKİF ABBASOVUN YAZILARI

GİZLƏNPAÇ

(hekayə)

         İyirminci və iyirmi birinci yüzillilklərin ən böyük faciələrindən biri.   2023-cü ilin fevral ayı. Gecənin bir aləmi. Sanki göylərin Yerə acığı tutmuşdu. Acığını isə heç bir dövlətin işinə qarışmayan, bütün xalqlara məhəbbəti olan Türkiyəyə tökdü. Böyük səhvə yol verdi. Ölkənin 10 vilayətini darmadağın etdi, daşı daş üstə qoymadı.

         Hündür mərtəbəli binalardan əsər-əlamət qalmamışdı. Uçaraq yerdə daş-kəsək olmuşdu. Dağıntılar altından Zübeydə adlı bağça yaşlı bir qız və onun anası çıxarıldı. Neçə müddət iri daşların, parçalanmış beton piltələrin altında ac-susuz qalaraq ölümlə əlləşən ana ilə  balanın gözlərində qorxu və ümidsizlik vardı. Az sonra bu qorxu və ümidsizlik yoxa çıxdı. Ana da, balaca Zübeydə də özlərinə gəldilər.

         Zübeydə üzünü anasına tutaraq:

         -Anacan, yaxşısanmı? – deyə soruşdu.

         Ana qızını bağrına basaraq:

         -Yaxşıyam, həyatım, yaxşıyam – dedi. -Şükür ki, sağsan. Sən yaxşı ol!

         Zübeydə anasını öpərək dilləndi:

         -Anacan, sən yaxşı ol ki, mən də yaxşı olum!

         Ana da qızını öpüb:

         -Zübeydəcan, sən də gərək yaxşı olasan ki, mən yaxşı olum. Sənsiz mən necə yaxşı, necə xoşbəxt ola bilərəm?!

         Ana-bala bir-birinə sarıldılar. Zübeydə dönüb xilasedicilərə baxdı. Onlar da bu şirindil, yaraşıqlı qızı söhbətə tutdular:

         -Məktəbə gedirsən?

         Zübeydə başını yellədi:

         -Mən hələ balacayam. Necə gedim? Məni bu yaşda  məktəbə götürməzlər.

         Qız xilasedicilərdən soruşdu:

         -Biz haradayıq? Evdəyik?  Bizim evi kim uçurub? Siz bizim evə necə girmişiniz?

         Xilasedici:

         -Sizin evi biz uçurmamışıq. Evinizə pəncərədən girmişik.

         Zübeydə təəccüblə əvvəlcə anasına, sonra xilasedicilərə baxdı:

         -Pəncərədən? Mən gizlənmişdim?

         Xilasedici onun sözlərindən istifadə edərək söhbətini davam etdirdi:

         -Hə, sən gizlənmişdin. Gizlənpaç oynayırdıq.

         Zübeydənin dili açıldı:

         -Mən tək deyildim. Ananla mən daşların altında uzanmışdıq. Gizlənmişdik ki, bizi tapa bilməyəsiniz. Yaman qaranlıq idi. Az qalırdın boğulasan. Hava yox idi. Anama demək istəyirdim ki, bura gizlənmək üçün yaxşı yer deyil, gəl duraq. Amma nə deyə bilirdim, nə də tərpənə bilirdik. Qorxmayım deyə gah gözlərimi yumurdum, gah  da açıb qaranlığa baxırdım. Siz də bizi tapa bilmirdiniz. Niyə?

         Xilasedici tez:

         -Axır ki, tapdıq, – dedi.

         Zübeydə şən:

         -Yaxşı ki tapdınız, – dedi. -Daşlar anamı da, məni də sıxırdı. Ac idik, susuz idik. Evimizdə anam məni yedisdirmək istəyəndə ərköyünlük edir, yemirdim. Burada isə yaman acmışdım, amma yemək tapılmırdı. Durmaq istəyirdim, dura bilmirdim, qışqırmaq istəyirdim, qışqıra bilmirdim, anamı qucaqlamaq istəyirdim, əlim çatmırdı… Bir də gizlənpaç oynamayacağam.

         Xilasedici onun saçlarına tumar çəkdi:

         -Zübeydə, gizlənpaç yaxşı oyundur. Bundan sonra da oynayarsan. Amma çox qaranlıq, gizli yerlərə getmə. Yaxşı?

         -Yaxşı.

         Ana qucağında balaca Zübeydə xilasedicilərə təşəkkür edib ayrıldı.  Zübeydə də onlara əl elədi.

Yaşadıqları binadan əsər-əlamət qalmamışdı. Ana binanın dağıntılarına baxıb göz yaşlarını axıtdı və hərəkətə gəldi. Doğmalarından xəbər tutmalı idi.

Bakı, 13 fevral 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. DƏRSDƏ

AKİF ABBASOVUN YAZILARI

                     DƏRSDƏ

                     (hekayə)

         Həyat bilgisi dərsində müəllim insanın yaşaması, fəal həyat sürməsi üçün lazım olan məsələlərdən danışırdı.  Şagirdlər diqqətlə qulaq asırdılar. Müəllim dedi:

         -İnsanın yaşaması üçün hava, oksigen, su və yemək lazımdır.

         Murad əlini qaldırdı. Müəllim:

         -Buyur, Murad, sualın var?

         Murad cavab verdi:

         -Bəli, müəllim. Mənim üçün, elə yoldaşlarım üçün də maraqlıdır. İnsan neçə  müddət ac və susuz, havasız yaşaya bilər?

         Müəllim:

         -Yaxşı sualdır, – dedi. –  İnsanların oksigensiz – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaması mümkündür.

         Bu sözlərdən sonra sinifdə canlanma yarandı.

          Banu ayağa qalxaraq:

         -Müəllim, müstəsnalar mümkündürmü? – deyə soruşdu. -Fevral ayında Türkiyədə əsrin ən böyük faciəsi baş verdi. Minlərlə insan zəlzələnin qurbanı oldu. Hər gün dağıntılar altından cəsədlərlə yanaşı, sağ qalmış adamları çıxarırdılar.

         Atilla söhbətə qarışdı:

         -Müəllim,  zəlzələdən 5 gün, daha doğrusu, 128 saatdan sonra ölümün pəncəsindən 2 aylıq körpə azad edildi. Mətbuat, internet saytları, radio və televiziya, radio bu barədə məlumat verdi.

         Müəllim:

         -Elədir, mənin də xəbərim var.

         Atilla:

         – Belə çıxır ki, “insan oksigensiz, – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaya bilər” fikri şərtidir. Heç də özünü doğrultmur. Deməli, bəşər övladının oksigensiz,   susuz     və yemək yemədən 5 gün də yaşaması mümkündür.

         Müəllim başı ilə təsdiq elədi, Banu ilə Atillanın, digər şagirdlərin məntiqinə heyran oldu. Bir də doğru sözə nə demək olardı?

        Lakin bununla belə məsələyə aydınlıq gətirdi:

        -Yeməksiz, susuz yəqin mümkündür. Amma oksigensiz, havasız çox  çətindir. Gəlin nəzərə alaq ki, dağıntılar zamanı bəzən daşların, beton təbəqələrinin aralarda boşluqlar qalır, o boşluqlarda, təbii ki, hava olub, havasız körpə boğulardı. Deməli, nəfəs ala bilib.

         Bu dəfə şagirdlər başları ilə təsdiq edib müəllimin fikri ilə razılaşdıqlarını bildirdilər.

 Bakı şəhəri, 14 fevral 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV. MƏKTƏBƏ GETMƏLİYƏM

AKİF ABBASOVUN YAZILARI

MƏKTƏBƏ GETMƏLİYƏM

 (hekayə)

          Sanki göy yerə gəldi. Aləm bir-buirinə qarışdı. Binalar bir anda uçaraq yerlə bir oldu. Nə baş verirdi? Gecə yarısı idi. Hamı şirin-şirin yatırdı. Bir anda ölüm insanların başının üstünü kəsdirmişdi. Zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu idi. Lakin az sonra Türkiyənin daha 9 vilayəti zəlzələnin qurbanı oldu. Yüzlərlə, minlərlə insanın həyatına son qoyuldu.

        Uçan binaların dağıntıları arasında saysız-hesabsız körpə, qadın, ahıl, xəstə qalmışdı. Daşların, betonun altından çıxa bilmirdilər. Fəlakətdən canlarını qurtaranlar o tərəfə-bu tərəfə qaçır, əzizlərini, yaxınlarını, doğmalarını axtarırdılar. Lakin hara qaçırdılarsa qarşılarını uçmaqda olan bina kəsirdi. Geriyə dönürdülər, bu zaman başqa bina üstlərinə gəlirdi.

        Zəlzələ Hatayın İskenderun rayonunu xarabazara çevirmişdi. Dağıntılar altında qalanların qışqırığı ətrafı lərzəyə gətirirdi. Ayaq üstə olanlar onlara köməyə tələsirdilər. Bütün ölkə  ayağa qalxmışdı. 7 günlük matəm elan olundu. Müxtəlif ölkələrdən köməyə gəldilər. Birinci növbədə qardaş Türkiyəyə öz köməyini Azərbaycan göstərdi. Çoxsaylı canlı qüvvə, texnika və humanitar yardımlarla.  

          Neçə gün idi ki, dağıntılar altında qalan, lakin  hələ nəfəs almaqda olan insanlar azad edilirdi. Həyatlarını itirənlərin cəsədləri də çıxarılırdı. Ara-sıra uşaq iniltisi eşidilirdi. Zəlzələdən neçə saat sonra bir oğlan uşağı çıxarıldı. 12-13 yaşlarında olardı. Onu tez xərəyə qoydular. Yaralıların yerləşdiyi sığınacağa aparacaqdılar. Oğlan xərəkdə uzanmaq istəməyərək:

         -Mən məktəbə getməliyəm, – dedi.

         Fəlakətin böyük, təsəvvürəgəlməz  miqyasından xəbərsiz olan uşağın sözləri ətrafdakılarda təəccüb və heyrət doğurdu. Lakin bu təəccüb və heyrət tezcə ötüşdü. Onu başa düşüb dəyərləndirdilər. Oğlanın  sözləri təhsilə ciddi münasibətindən irəli gəlmişdi.

                                       Bakı şəhəri, 10 fevral 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. SİZƏ KİM LAZIMDIR?

                                SİZƏ KİM LAZIMDIR?

                                     (hekayə)

         Hava isti idi. Yayda heç belə istilər düşməmişdi. Oqtay müəllimin Abbas müəllimlə işi vardı. Tez özünü instituta çatdırdı. Dost idilər. arada xətir-hörmət vardı. Oqtay müəllim pilləkənlə ikinci mərtəbəyə qalxa-qalxa: “Həm sözümü deyərəm, həm də insafı olsa bir stəkan çayını içərəm” deyə fikirləşib qapını açdı. Möhkəmcə susamışdı. Dili-dodağı da qurumuşdu.

         Abbas müəllim tədqiqat institutunda direktor müavini idi. O, içəridə olmasa da, Oqtay müəllim keçib divanda əyləşdi. Boyun-boğazının tərini sildi. Abbas müəllim gəlib çıxmaq bilmirdi. Oqtay müəllim durub gəzişdi. Otaq sərin idi. Kondisioner işləyirdi. Pəncərəyə sarı gedib əlini çaydana vurdu. İsti idi. Elektrik çaynikini qoşdu. Özünə çay süzdü. Gözü stolun üstündəki kitaba sataşdı. Yan Amos Komenskinin “Böyük didaktika” əsəri idi. Yenicə nəşr olunmuşdu. Fincanı Abbas müəllimin stolunun üstünə qoyub onun yerində əyləşdi. Kitabı vərəqləyə-vərəqləyə çayını içirdi ki Abbas müəllim içəri girdi. Oqtay müəllimi öz yerində oturan görüb sanki çaşdı. Bir müddət beləcə dayandı. Oqtay müəllim haçandan-haçana başını qaldırdı, özünü sındırmadan:

         -Bağışlayın, sizə kim lazımdır? – dedi.

         Hər ikisini gülmək tutdu. Oqtay müəllim:

         -A kişi gəl çıx da… Gözləməkdən gözümün kökü saraldı…

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ALLAHIN BƏLASI – ATİLLA” – AKİF ABBASOV

ŞƏKİLDƏ (sağdan sola): yazıçı Akif Abbasov və nəvəsi Atilla

>>>>ƏVVƏLİ BURADA

ARDI

PS:“ALLAHIN BƏLASI – ATİLLA” romanı yazıçı Akif Abbasovun sayca 6-cı romanıdır. Bu romandan əvvəl o, “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh SÜultan Məhmət” romanlarını yazmışdır. Akif Abbasov eyni zamanda “Əliş və Anna dastanı”, “Ananın qəlbinə gedən yol”, “Yaxşı yoldaş” povestlərinin və “Atatürk” pyesinin müəllifidir.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Allahın bəlası – Atilla” – Akif Abbasov

ŞƏKİLDƏ (sağdan sola): yazıçı Akif Abbasov və nəvəsi Atilla

              

                    “ALLAHIN BƏLASI – ATİLLA”  (ROMAN)

                                      (romandan parçalar – 1)

         Honoriya yeddi incə belli qızla sarayın bağçasında gəzib dolaşırdı. Qızların hərəsi bir dünya gözəli idi. Baxan göz çəkmək bilmirdi. Xoş, gülərüz sifətli, lətafətli, təravətli idilər, ətli dodaqlı vardı.  Güləndə ağappaq, sədəf dişləri görünürdü. Sinələrini qabağa verib ahəstə addımlarla yeriyir, şirin söhbətləri, duzlu-məzəli lətifələri ilə xanımlarının könlünü oxşamağa çalışırdılar.

         Qızların gözəlliyi, təravəti nə qədər çox idisə, Honoriyanın yanında solğun görünürdü. Honoriya Ulu Tanrının dünyaya, həyata bəxş etdiyi çox gözəl yaranış, möcüzə  idi. Gündüzlər – Günəş, gecələr – Ay onun həsrətini çəkərdi.

         Həmişə gülərüz, xoş simalı olan, bununla cazibədarlığını daha da artıran Honoriya bu gün nədənsə qayğılı, fikirli görünürdü.  İncə belli qızların nə söhbəti, nə də lətifələri onun qırışığını acmırdı.

Qızlar özlərinin yığışdırdılar. Honoriyanın xətrinə dəyən, xoşuna gəlməyən bir hərəkətə yol verməklə, artıq söz işlətməklə onun qəzəbinə tuş gələ bilərdilər.

Honoriya nə qədər nəzakətli, mərifətli, mədəni, ürəyiyumşaq, mehriban qız olsa da, əsəbiləşəndə, səbri tutmayanda aləmi bir-birinə qatardı.

Honoriya birdən ayaq saxlayıb üzünü incə belli qızlara tutdu:

-Yaxşı, qızlar, kifayətdir. Dağılışın. Tək qalmaq istəyirəm.

 Qızlar təzim edib tez hərəsi bir tərəfə üz tutdu. Honoriya ağır addımlarla bir qədər irəli yeriyib dayandı. Bağ-bağça qızıl gül kollarına bürünmüşdü. Ətrafı qəlboxşayan, əsəbləri sakitləşdirən xoş ətir bürümüşdü. Honoriya qızılgül koluna doğru əyilib, gülləri iylədi. “Uf” eləyib əlini çəkdi. Barmağı qızılgül budağındakı  tikana toxunmuşdu.

Bağbanı çağırıb işarə etdi. Bağban üç ədəd qızılgül dərib qıza uzatdı. Honoriya gülümsəyib gülləri aldı: qırmızı, sarı, ağ qızılgüllər idi. Honoriya gülləri sinəsinə sıxıb yaxınlıqdakı oturacaqda əyləşdi. Sərin meh əsir, lap yuxu gətirirdi.

Bağban da, incə belli qızlar da uzaqlaşmışdılar. Ətrafda kim isə gözə dəymirdi. Sakitlik idi. Honoriya xəyala dalmışdı. Əhvalının dalğın olması səbəbsiz deyildi.  Neçə gün idi, narahat gündüzlər, yuxusuz gecələr keçirirdi.  Rahatlığını əlindən alan vardı. 

Əvvəllər bir-birindən ötrü dəli-divanə olanlara çox qəribə baxır, hətta onları qınayırdı. Sevginin, məhəbbətin bu qədər şiddətli olmasına inanmırdı. Vaxt-vədə gələndə  kişilər evlənir, qadınlar ərə gedirlər. Bəzən onların fikrini soruşan da olmur, evdəkilər kimi deyirlərsə, oğlan onu alır, qıza da kimi deyirlər – ona ərə gedir. Özləri tapışanlar da çoxdur.   Bu izdivaclardan uşaqlar doğulur, böyüyür, onlara da gün-güzəran düzəldirlər. Platonik məhəbbət yoxdur, yalandır.

Bunlar, Honoriyanın qənaətləri idi.

Amma indi özü eşqə mübtəla olmuşdu. Qənaətlərində yanıldığını başa düşürdü. Evli olmaq heç də sadəcə bir yastığa baş qoymaq demək deyilmiş.

Məhəbbət adlı ülvi hiss sən demə həqiqətən varmış. Özü də adamı qəfildən yaxalayır, insanı özünün əsrinə çevirir. Sən demə, düşmənə əsir düşəni bir yolla – razılığa gəlməklə, mal-mülk hesabına əsirlikdən qurtarmaq olurmuş. Məhəbbət əsirini isə,  azad etmək mümkünsüzmüş.  Məşuqu məşuqədən savayı bu əsirlikdən kimsə qurtara bilməzmiş.

Bunları düşünən Honoriya birdən xəyallar aləmindən ayrıldı. “Gərək ehtiyatlı olum. Bu halımdan yaxınlar xəbər tutmamalıdırlar. Yoxsa sorğu-sual başlanacaq”.

Qəfil ayağa qalxdığından dizinin üstünə qoyduğu  qızıl güllər sürüşüb düşdü. Bir istədi onları burada – bağçada qoyub getsin. Lakin fikrindən daşındı. Əyilib onları götürdü. Yavaş-yavaş, fikirli halda  hərəkətə gəldi. Saraya daxil olub otağına çəkildi.

22 mart 2022-ci il

                         >>>>ARDI VAR

PS: “ALLAHIN BƏLASI – ATİLLA” romanı yazıçı Akif Abbasovun sayca 6-cı romanıdır. Bu romandan əvvəl o, “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh SÜultan Məhmət” romanlarını yazmışdır. Akif Abbasov eyni zamanda “Əliş və Anna dastanı”, “Ananın qəlbinə gedən yol”, “Yaxşı yoldaş” povestlərinin və “Atatürk” pyesinin müəllifidir.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. JURNAL MƏQALƏSİ.

AKİF ABBASOVUN YAZILARI

JURNAL MƏQALƏSİ
(hekayə)
İdris bir məqalə yazmışdı. Pis çıxmamışdı. Aparıb jurnallardan birinə vermək istəyirdi. Amma jurnal redaksiyaları yazıları rəysiz qəbul etmirdilər. Üstəlik işlədiyin şöbənin iclas protokolundan çıxarış da istəyirdilər.
Odur ki, məqaləni gətirib şöbə müdiri Əmir Mübarizova verdi. Əmir müəllim başını qaldırıb İdrisə baxdı:
-Məqalədir?
İdris cavab verdi:
-Məqalədir.
Əmir müəllim soruşdu:
-Özün yazmısan?
İdris dedi:
-Özüm.
Əmir müəllim sorğu-sualını davam etdirdi:
-Köçürüb eləməmisən ki? Başımıza iş açarsan. Rəy verəcəyik. Sonra səni qoyub yapışarlar bizim, şəxsən mənim yaxamdan ki, plagiat yazılar verirlər jurnala.
İdris inandırmağa çalışdı:
-Köçürmə yoxdur. İqtibaslar var. Onların da mənbələri göstərilib.
Onun cavabları Əmir müəllimi qane etdiyindən dedi:
-Lap yaxşı. baxıb, nəticəsini sənə deyərəm.
Əmir müəllim İdrisin dayanıb baxdığını görüb:
-Yəni deyirəm ki, tanış olum, layiq bilsəm aparıb verərsən çapa, – dedi.
İki gün keçdi. Əmir müəllim İdrisi yanına çağırtdırdı. Şöbə müdirinin ayrıca otağı vardı. İşçilər isə başqa bir böyük otaqda əyləşirdilər. İdris kiçik elmi işçi idi. Elmi-tədqiqat institutunda bir il olardı ki, işləyirdi.
-Əyləş.
İdris oturdu. Əmir müəllim sözünə davam etdi:
-Məqalənə baxdım. Açığ, xoşuma gəldi. Halal olsun sənə. İşinin çəmini tapmısan. Amma məqalənin sanbalını bir qədər artırmaq lazımdır.
İdris baxdı. Yəni “necə?”.
-Soruşursan necə? Sən kiçik elmi işçisən, məqalə müəllifliyinə bir elmlər doktoru, professor da artırsan, yazının sanbalı artar.
-Başa düşdüm.
İdris gedib Əmir müəllimin də adını yazdı. Özü düşdü ikinci yerə. Yazını gətirib Əmir müəllimə verdi. Əmir müəllim razı halda:
-Bu başqa məsələ. Əla. Məqaləmiz tüğyan edəcək. Sən işində ol. Məqaləni mən özüm redaksiyaya göndərərəm. Elə bilirsən hər məqaləni çap edirlər. Gərək adamın ola.
İdris dönüb getmək istəyəndə Əmir müəllim onu saxladı:
-Hələ bir dayan. O Fəridə xanımın əri bilirsən ki, dostumdur. Professor Mustafa müəllimi deyirəm. Mənə ağız açıb. Bu Fəridə xanıma bir məqalə lazımdır ki, illik hesabatında adını göstərsin. Etiraz eləməsən onun da adını yazardıq. Biz heç nə itirmirik. Məqalənin sanbalı artır. Fəridə xanım da fəlsəfə doktorudur.
İdris əlacsız qalıb:
-Siz bilən məsləhətdir, Əmir müəllim.
-Yaxşı, get.
Bu də İdris müəllif kimi üçüncü yerə düşdü.
Təxminən bir ay keçdi. Əmir müəllim yenə İdrisi kabinetinə çağırdı. Jurnal çıxmışdı.
-Əyləş.
İdris oturdu.
-Oğlum. Təbrik edirəm, məqalə çap olundu. Çox yaxşı da qarşılanıb. Böyük zəhmət çəkmisən. Amma jurnal çapa getməmişdən əvvəl baş redaktor mənə zəng etmişdi. Dedi 5-6 səhifəlik məqalənin 3 nəfərin imzası ilə çap olunması məsləhət deyil. Həm də professor, fəlsəfə doktoru olduğu halda kiçik elmi işçinin adının yazılmasına nə ehtiyac var? Mən də etiraz edə bilmədim. İndi məqalə dərc olunub. Sənin adını çıxarıblar. Mənim imzamla Fəridə xanımın imzası göstərilib. Gərək bağışlayasan.
İdris sakitcə ayağa qalxdı. Şöbə müdirinə indi nə desin? “Daldan atılan daş topuğa dəyər”. İş işdən onsuz da keçmişdi. Odur ki özünü sındırmaq istəmədi:
-Əmir müəllim, narahat olmayın. Görünür belə məsləhət imiş, – deyib otaqdan çıxdı.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru