“Allahın bəlası – Atilla” – Akif Abbasov

ŞƏKİLDƏ (sağdan sola): yazıçı Akif Abbasov və nəvəsi Atilla

              

                    “ALLAHIN BƏLASI – ATİLLA”  (ROMAN)

                                      (romandan parçalar – 1)

         Honoriya yeddi incə belli qızla sarayın bağçasında gəzib dolaşırdı. Qızların hərəsi bir dünya gözəli idi. Baxan göz çəkmək bilmirdi. Xoş, gülərüz sifətli, lətafətli, təravətli idilər, ətli dodaqlı vardı.  Güləndə ağappaq, sədəf dişləri görünürdü. Sinələrini qabağa verib ahəstə addımlarla yeriyir, şirin söhbətləri, duzlu-məzəli lətifələri ilə xanımlarının könlünü oxşamağa çalışırdılar.

         Qızların gözəlliyi, təravəti nə qədər çox idisə, Honoriyanın yanında solğun görünürdü. Honoriya Ulu Tanrının dünyaya, həyata bəxş etdiyi çox gözəl yaranış, möcüzə  idi. Gündüzlər – Günəş, gecələr – Ay onun həsrətini çəkərdi.

         Həmişə gülərüz, xoş simalı olan, bununla cazibədarlığını daha da artıran Honoriya bu gün nədənsə qayğılı, fikirli görünürdü.  İncə belli qızların nə söhbəti, nə də lətifələri onun qırışığını acmırdı.

Qızlar özlərinin yığışdırdılar. Honoriyanın xətrinə dəyən, xoşuna gəlməyən bir hərəkətə yol verməklə, artıq söz işlətməklə onun qəzəbinə tuş gələ bilərdilər.

Honoriya nə qədər nəzakətli, mərifətli, mədəni, ürəyiyumşaq, mehriban qız olsa da, əsəbiləşəndə, səbri tutmayanda aləmi bir-birinə qatardı.

Honoriya birdən ayaq saxlayıb üzünü incə belli qızlara tutdu:

-Yaxşı, qızlar, kifayətdir. Dağılışın. Tək qalmaq istəyirəm.

 Qızlar təzim edib tez hərəsi bir tərəfə üz tutdu. Honoriya ağır addımlarla bir qədər irəli yeriyib dayandı. Bağ-bağça qızıl gül kollarına bürünmüşdü. Ətrafı qəlboxşayan, əsəbləri sakitləşdirən xoş ətir bürümüşdü. Honoriya qızılgül koluna doğru əyilib, gülləri iylədi. “Uf” eləyib əlini çəkdi. Barmağı qızılgül budağındakı  tikana toxunmuşdu.

Bağbanı çağırıb işarə etdi. Bağban üç ədəd qızılgül dərib qıza uzatdı. Honoriya gülümsəyib gülləri aldı: qırmızı, sarı, ağ qızılgüllər idi. Honoriya gülləri sinəsinə sıxıb yaxınlıqdakı oturacaqda əyləşdi. Sərin meh əsir, lap yuxu gətirirdi.

Bağban da, incə belli qızlar da uzaqlaşmışdılar. Ətrafda kim isə gözə dəymirdi. Sakitlik idi. Honoriya xəyala dalmışdı. Əhvalının dalğın olması səbəbsiz deyildi.  Neçə gün idi, narahat gündüzlər, yuxusuz gecələr keçirirdi.  Rahatlığını əlindən alan vardı. 

Əvvəllər bir-birindən ötrü dəli-divanə olanlara çox qəribə baxır, hətta onları qınayırdı. Sevginin, məhəbbətin bu qədər şiddətli olmasına inanmırdı. Vaxt-vədə gələndə  kişilər evlənir, qadınlar ərə gedirlər. Bəzən onların fikrini soruşan da olmur, evdəkilər kimi deyirlərsə, oğlan onu alır, qıza da kimi deyirlər – ona ərə gedir. Özləri tapışanlar da çoxdur.   Bu izdivaclardan uşaqlar doğulur, böyüyür, onlara da gün-güzəran düzəldirlər. Platonik məhəbbət yoxdur, yalandır.

Bunlar, Honoriyanın qənaətləri idi.

Amma indi özü eşqə mübtəla olmuşdu. Qənaətlərində yanıldığını başa düşürdü. Evli olmaq heç də sadəcə bir yastığa baş qoymaq demək deyilmiş.

Məhəbbət adlı ülvi hiss sən demə həqiqətən varmış. Özü də adamı qəfildən yaxalayır, insanı özünün əsrinə çevirir. Sən demə, düşmənə əsir düşəni bir yolla – razılığa gəlməklə, mal-mülk hesabına əsirlikdən qurtarmaq olurmuş. Məhəbbət əsirini isə,  azad etmək mümkünsüzmüş.  Məşuqu məşuqədən savayı bu əsirlikdən kimsə qurtara bilməzmiş.

Bunları düşünən Honoriya birdən xəyallar aləmindən ayrıldı. “Gərək ehtiyatlı olum. Bu halımdan yaxınlar xəbər tutmamalıdırlar. Yoxsa sorğu-sual başlanacaq”.

Qəfil ayağa qalxdığından dizinin üstünə qoyduğu  qızıl güllər sürüşüb düşdü. Bir istədi onları burada – bağçada qoyub getsin. Lakin fikrindən daşındı. Əyilib onları götürdü. Yavaş-yavaş, fikirli halda  hərəkətə gəldi. Saraya daxil olub otağına çəkildi.

22 mart 2022-ci il

                         >>>>ARDI VAR

PS: “ALLAHIN BƏLASI – ATİLLA” romanı yazıçı Akif Abbasovun sayca 6-cı romanıdır. Bu romandan əvvəl o, “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh SÜultan Məhmət” romanlarını yazmışdır. Akif Abbasov eyni zamanda “Əliş və Anna dastanı”, “Ananın qəlbinə gedən yol”, “Yaxşı yoldaş” povestlərinin və “Atatürk” pyesinin müəllifidir.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on ““Allahın bəlası – Atilla” – Akif Abbasov”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir