Etiket arxivi: Elman Eldaroğlu

Adamlara sevinc bəxş etməyə tələsən insan…

Adamlara sevinc bəxş etməyə tələsən insan…

Xeyirxahlıq təkcə maddi yardımla ölçülmür ki… İnsanlara diqqət ayırmaq, onların əhvalına sevinc qatmaq, sayğı göstərmək özü də bir xeyirxahlıqdır. Xeyirxahlığın gücü insan ruhunun gözəlliyindən, səmimiyyətdən qaynaqlanır və ən böyük mənəvi dəyərlərdən biridir…

…Onunla “Facebook” sosial şəbəkəsindən tanışıq. Həyatda da bir neçə dəfə görüşmüşük. Müxtəlif yazılarla yanaşı, təbrik mətnlərilə dostlarını sevindirməyə çalışır. Onların hər birinə təbəssüm bəxş etməkdən usanmır, ruhdan düşmür. Axı, təbrik olunanların arasında elələri də olur ki, bu diqqəti, bu sayğını dəyərləndirməyə qadir deyil, qarşılığını verməyə nə nəzakəti, nə də insanlığı çatmır. Amma atalar yaxşı deyib ki, “heç bir xeyirxahlıq boşa getməz”, “yaxşılığı at dəryaya, balıq bilməsə də Xaliq bilər…”

Müsahibələrinin birində deyir ki:- “Mən 1-ci sinifdən 11-ci sinifə qədər təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Yəqin ki, Ağdamın suyu, havası mənim tərbiyyəmdə rol oynayıb. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdım. Axı, xasiyyət dəyişməzdir…”

Söhbət Zaur Ustac kimi tanıdığımız Mustafayev Zaur Mustafa oğlundan gedir. İstedadlı qələm adamı, şair-publisistdir. O, 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində alaraq Bakı Dövlət Universitetində,sonradan Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirib. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Onun “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan”, “Ülyahəzrət”, “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə aldığı “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” adlı məqalə topluların, o cümlədən Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Oriyentir ulduzu” (povest) kitabının müəllifidir…

“5-ci sinifdə oxuyarkən ilk dəfə əlimə qələm alıb “Sülh göyərçini” şeirini yazdım və bu şeirlə də ədəbiyyata gəldim. Elə həmin illərdən də “Azərbaycan pioneri”, “Odlar yurdu” qəzetində, “Pioner” jurnalında çap olunmağa başladım. 2010-cu ildə “Günaydın” (“Ağ çiçəyim”) şeirlər kitabım işıq üzü gördü. 15-dən çox kitabın müəllifiyəm. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığım “Oriyentir ulduzu” adlı 4 hissədən ibarət povestim 3500 tirajla 5 dəfə nəşr olunaraq hərbi hissələrə, respublikanın bütün bölgələrində fəaliyyət göstərən kitabxanalara və eləcə də ümumtəhsil məktəblərinin kitabxanalarına paylanılıb. Bu kitab mənə uğur gətirdi. Xeyli oxucu qazandırdı. Eyni zamanda, adıçəkilən kitabın elektron variantı kitabxanalarda saxlanılır. Bədii əsərlərlə yanaşı, təhsil sahəsində bir sıra kitablarım işıq üzü görüb. Belə ki, 1-ci sinif şagirdləri üçün “Əlifba”mızdakı bütün rəqəmlərə aid şeir və tapmacalardan ibarət “Gülünün şeirləri” kitabının müəllifiyəm. Sözügedən kitab 3 dəfə nəşr olunub və bütün məktəblərdə sinifdənxaric oxu kimi istifadə edilir. Statistik məlumata görə, gündə, ən azı, 500-600 nəfər bu kitabdan istifadə edir. 2016-2018-ci tədris illərində “İlin ən çox oxunan kitabı” adına layiq görülüb…”- söyləyir.

…Davranışından, ifadə tərzindən, yazı üslubundan hiss olunur ki münasibətlərdə etibarlı, həssas və sabitdir. Hər şeydə sabitliyin olmasını sevir. Onun üçün gündəlik həyatda rahatlıq və başqaları üçün qayğının təzahürü vacibdir. Və yalnız sədiq insanlara etibar etməyə çalışmır, həm də başqasının kədərinə həssasdır, dostlarının köməyinə həvəslə getməyi bacarır. Hərəkətləri nadir hallarda kobud və ya aqressiv olur. O, öz natiqliyi sayəsində konkret fərdlərə və bütövlükdə böyük sosial qruplara təsir edə bilir. Və həmişə zərif və nəzakətli olmağa çalışır. Rahat yaşamaq üçün faydalı əlaqələr qurmaq, əlaqələr əldə etmək onun üçün çətin deyil. Kobud və həyasızların qarşısında gücsüzdür. Onun fitri zəkası və nəcibliyi kobud hərəkətlər etməyə imkan vermir…

Bəli, yanvarın 8-i Zaur Uctacın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HAFİZ RÜSTƏM- 75

HAFİZ RÜSTƏM- 75

Bir vaxtlar Bərcan kəndini “Yardımlının avropası” adlandırmaqda yanılmadığıma hələ də əminəm. Çünki bu kənd Yardımlının tarixində çox ilklərə imza atıb. Bəyləri də olub, qoçuları da, eləcə də rayonun ilk ali təhsillisi də o yurddan pərvazlanıb. Xülasə, Bərcan kəndi çox işıqlı adamların el-obası, dil açıb ilk dəfə danışdığı, qədəmlərini ilk basdığı yurddur. Belə işıqlı adamlardan biri də- şair, şərqşünas, tərcüməçi Hafiz Rüstəmdir. Seyyid nəslindən olduğuna görə, yardımlılar ona Mir Hafiz ağa da deyirlər. Salyanda dünyaya gəlsə də Bərcanla nəfəs alıb, Bərcanla böyüyüb…

…Otuz beş ildən çoxdur ki, Mirmahmud Mirəlioğlunu tanıyıram desəm, yəqin ki, səhv danışmaram. Hafiz Rüstəm tək-tək adamlardandır ki, Mirmahmud ağa ona “Ustad” deyə müraciət edir. Bəli, Hafiz Rstəm bir sıra kitabların müəllifi, bir neçə əcnəbi dildə yazılmış kitabın tərcüməçisidir. Uzun illər “Maarif” nəşriyyatında çalışıb. Yanvarın 8-i Hafiz müəllimin 75 yaşı tamam olur. 75 yaşında kişiyə nə arzulamaq olar? Düşünürəm ki, bu yaşda kişiyə ağrı-acısız həyat, balalarının xoş günlərini, uğurlarını görməyi arzulamaqdan gözəl istək ola bilməz…

Əzizimiz Mir Hafiz ağa, nə olar, çox yaşa da. Axı, yaxşılara, işıqlı adamlara həmişə ehtiyacımız var…

Yubileyn mübarək olsun, təbrik edirəm!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vətən və vətəndaş sevgisinin təcəssümü

SƏKSƏNİNCİ YAZI

Vətən və vətəndaş sevgisinin təcəssümü
Elman Eldaroğlu – 60
Salam olsun çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu çox mühüm və vacibdir.
3 yanvar 1966-cı il – bu gün yalnız Sumqayıt (Yardımlı) üçün deyil, bütün Azərbaycan mətbuatı və ədəbiyyatı üçün əlamətdar bir gündür. Elman müəllim özü qeyd etdiyinə görə yanvarın 11-də anadan olmuşdur. Ancaq rəsmi qeydiyyat 3 – yanvarı göstərir. Azərbaycan jurnalistikası, publisistikası və ədəbiyyatı üçün dəyərli şəxsiyyət, jurnalist, naşir və şair-publisist Elman Eldar oğlu Mustafayev (Əmioğlu), geniş ictimaiyyət tərəfindən Elman Eldaroğlu kimi tanınan şəxs – əmioğlum, 60 illik yubileyini qeyd edir. İdarəetmək, münasibət bildirmək üçün dünyaya gəlib Elman Eldaroğlu.
Elman Eldaroğlu 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Təhsil həyatına 9 saylı orta məktəbdə başlayan gənc Elman 1976-cı ildən 17 saylı məktəbdə davam edərək, 1981-ci ildə 8 illik təhsilini başa vurub. Elman Eldaroğlu üçün jurnalistika sadəcə peşə deyil, həyat yolunun bir hissəsi olmuşdur. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı illərdə o, paralel olaraq “Sosialist Sumqayıtı” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmiş və jurnalistikanın incəliklərinə yiyələnmişdir.
1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Elman Eldaroğlu vətənpərvərlik nümunəsi göstərmiş, vətənə bağlılıq və məsuliyyət hissini həyatının hər mərhələsində öz fəaliyyətində əks etdirmişdir.
Elman Eldaroğlu təkcə jurnalist kimi deyil, həm də publisist və şair kimi geniş yaradıcılıq diapazonuna malikdir. Onun əsərləri arasında “Alın yazısı”, “Bir yarpaq ömrü”, “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” kimi publisistik və ədəbi kitablar xüsusi yer tutur. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifidir ki, bu da onun ictimai maarifçilik və mədəniyyət sahəsindəki əvəzsiz xidmətini göstərir.
Elman Eldaroğlu yalnız yazıçı deyil, həm də sənədli film quruluşçusu və təşkilatçısıdır. 19 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında çəkilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında isə “Söz və əməl sahibi” sənədli filmlərinin quruluşçu rejissoru olaraq ictimai yaddaşın formalaşmasına böyük töhfə vermişdir.
Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu, Prezident təqaüdçüsü kimi də qiymətləndirilmişdir. O, həm ölkə içində, həm də xaricdə jurnalistika və ədəbiyyat sahəsində Azərbaycan adını layiqincə təmsil etmişdir. 2015-2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması və orada fəaliyyət göstərməsi onun beynəlxalq perspektivə malik düşüncəsini və yaradıcılıq imkanlarını daha da genişləndirmişdir.
Elman Eldaroğlu həm də Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biridir. “Yardımlının səsi” müstəqil qəzetinin təsisçisi və baş redaktoru kimi, o, həm öz bölgəsinin, həm də ölkənin sosial problemlərinə işıq tutmuşdur. Bu fəaliyyət onun yalnız jurnalist, yazıçı və publisist kimi deyil, həm də ictimai xadim kimi də böyük nüfuz qazandığını göstərir.
Elman Eldaroğlunun həyat yolu və yaradıcılığı göstərir ki, söz yalnız kağız üzərində qalmır – söz həm də əməl, həm də tarix olur. O, jurnalistika və ədəbiyyat sahəsində, ictimai fəaliyyətində və maarifçilik təşəbbüslərində hər zaman millətin xeyrinə, tarixə və mədəniyyətə xidmət etmişdir. Onun əsərləri gənc nəsillərə örnək, həmkarlarına isə ilham qaynağıdır. Bütün bu çoxsahəli fəaliyyətilə yanaşı Elman müəllim qələm dostlarını, ziyalıları, mədəniyyət xadimlərini hər zaman diqqətdə saxlayır. Onları izləyir, hamısını yaxşıca tanıyır. Tanınmayanları təqdim edir, tanınmışlara münasibət bildirir. Bir sözlə Elman Eldaroğlu sözün əsl mənasında Azərbaycan ədəbiyyatını, mədəniyyətini, jurnalistikasını birləşdirən zəncirinin ən əsas, ən möhkəm həlqələrindən biridir.
60 illik yubileyində, Elman Eldaroğlu həm Azərbaycanın mətbuat və ədəbiyyat tarixində, həm də ictimai həyatında öz izini qoymuş bir şəxsiyyət kimi əlaqədar qurumlar və qələm dostları tərəfindən təbrik edilir. Onun zəhməti, yaradıcılığı və sadiqliyi hər bir oxucu və izləyici üçün böyük dəyər daşıyır.
60 illik ömrü və fəaliyyətinin hər bir səhifəsi, Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün bir işıqdır, bir nümunədir. Bu yubiley, yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyə inam ifadə etmək, gənclərə nümunə və yol göstərmək günüdür.
Yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, silahdaşımız, qələmdaşımız – əmioğlu – Elman Eldaroğlunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah ikimizə də ömür versin, 80 illik yubileyiniz münasibətilə də yazmaq qismət olsun!
Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN ŞƏFƏQ ÇAĞI


SÖZÜN ŞƏFƏQ ÇAĞI

Elman Eldaroğlu – 60
Sabah 2026-cı ilin üçüncü günü… Hələ də Yeni il bayramının feyz şəbnəmləri ilə süslənmiş bir ovqatdayıq. Bu xüsusi gündə düşünürəm ki, dəyərli bir eloğlumuz və əziz aydınımızın, Söz Adamının 60 illik yubileyi də bayram təntənəsitək qeyd olunmağa layiqdir. Bu özəlliyi isə onun uzun illər boyu gur olan idrak işığı, düşüncə dünyası dəyər olaraq özündə ehtiva edir.
“Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir…” Bu sətirlər elə ona – şair, publisist, jurnalist Elman Eldaroğluna məxsusdur və mənim haqqımda qələmə aldığı məqalənin girişindən iqtibasdır. Fərəhlə deyə bilərəm ki, vurğulanan müsbət və fəzilətli keyfiyyətlər eyni zamanda həmin fikirlərin müəllifininin özünə də şamildir, həm də onun daxili aləmini və yaradıcılıq mövqeyini əks etdirir.
Zaman elə insanlar yetişdirir ki, onların həyatı şəxsi taleyin deyil, bütöv bir mühitin, bir elin, bir dövrün salnaməsinə çevrilir. Elman Eldaroğlu da məhz belə şəxsiyyətlərdəndir. Onun 60 illik ömür yolu təkcə yaşanan illərin ardıcıllığı deyil, sözə sədaqətin, ictimai məsuliyyətin, vətən və insan sevgisinin tərcümeyi-halıdır.
Əslən Yardımlıdan olan Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Sənaye şəhərinin zəhmətkeş mühiti, insanların sadə və səmimi yaşam tərzi onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini 1973–1976-cı illərdə Sumqayıt şəhər 9 saylı orta məktəbdə alan Elman Eldaroğlu daha sonra 17 saylı orta məktəbdə oxuyaraq 8 illik təhsilini başa vurub. Gənc yaşlarından həm texniki biliklərə, həm də humanitar sahəyə maraq göstərməsi onun çoxşaxəli şəxsiyyətinin ilk əlamətlərindən idi.
1981–1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə yanaşı, o, paralel şəkildə “Sosialist Sumqayıtı” qəzetində fəaliyyət göstərən iki illik jurnalistika kursuna qatılıb. Məhz bu dövrdə qələm onun üçün sadəcə yazı aləti deyil, düşüncənin, mövqenin və ictimai sözün ifadə vasitəsinə çevrilib. Həmin qəzetdə ştatdankənar müxbir kimi çalışması Elman Eldaroğlunun jurnalistika yolunda ilk ciddi addımı olub.
Onun həyat yolunda hərbi xidmət də mühüm yer tutur. 1985–1987-ci illərdə Sovet qoşunlarında, daha sonra 1995–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməsi Elman Eldaroğlunun vətənə bağlılığını, dövlətçilik düşüncəsini daha da möhkəmləndirib. Bu təcrübə onun publisistik yazılarında hiss olunan vətəndaş mövqeyinin, milli məsuliyyət duyğusunun qaynaqlarından biridir.
1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunması onun əzmkar xarakterini, daim öyrənməyə, özünü inkişaf etdirməyə olan istəklərini təsdiqləyir. Lakin Elman Eldaroğlunun həyatında yalnız fərdi inkişaf deyil, ictimai fayda da hər zaman ön planda olub. Bu düşüncənin nəticəsi olaraq Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradılması və “Yardımlının səsi” müstəqil qəzetinin təsis edilib baş redaktoru olması onun ictimai fəaliyyətinin zirvələrindəndir. Bu qəzet uzun illər Yardımlının, onun insanlarının səsi, dərdi və sevinci olub.
Elman Eldaroğlu həm də söz adamıdır. Onun “Alın yazısı”, “Bir yarpaq ömrü” şeir kitabları insan taleyinə, zamanın ötəriliyinə, daxili duyğuların səmimiyyətinə işıq salır. “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” publisistik kitabları isə müəllifin doğma yurda, el-obaya, tarixi yaddaşa olan dərin bağlılığının bədii-publisistik ifadəsidir. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifi kimi Elman Eldaroğlu cəmiyyətin bilik və düşüncə ehtiyacına xidmət edən qələm sahiblərindəndir.
Onun yaradıcılığı yalnız yazı ilə məhdudlaşmır. 19 noyabr vertolyot qəzasında həlak olmuş dövlət xadimi Vəli Məmmədova həsr edilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, el ağsaqqalı Baxas Qubadov barədə “Söz və əməl sahibi” sənədli filmləri Elman Eldaroğlunun tarixi şəxsiyyətlərə, milli dəyərlərə verdiyi önəmin ekran ifadəsidir. Bu filmlərdə o, unudulmamalı taleləri yaddaşlarda yaşatmaq missiyasını üzərinə götürür.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu Prezident təqaüdçüsü kimi də dövlət tərəfindən qiymətləndirilən ziyalıdır. 2015–2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması onun dünyagörüşünü daha da genişləndirmiş, beynəlxalq təcrübə ilə milli düşüncənin sintezini yaradıcılığına gətirmişdir.
Bu gün Elman Eldaroğlunun 60 yaşı tamam olur. Bu 60 il sözün, əməyin, vicdanın və xidmətin 60 ilidir. O, qələmi ilə insanlara yol göstərən, publisistik mövqeyi ilə cəmiyyəti düşündürən, fəaliyyəti ilə doğma elinə dayaq olan ziyalı obrazıdır. Elman Eldaroğlu üçün yaş yalnız rəqəmdir; əsas olan arxada qalan iz, deyilən söz və görülən işdir. Bir şeirimdə dediyim kimi : şairlərin yaşı olmur.

Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdürsə uzun, qısa…
Şairlərin yaşı olmur!

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairlərin yaşı olmur!

Nə vaxt gəlsə ilham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim…
Şairlərin yaşı olmur.

Ömür təqviminin 60 illik zaman məsafəsindən dünyaya ulu sözün gözü ilə baxan Elman Eldaroğlunun ədəbi dünyasına, düşüncələrinə, publisist mövqeyinə bələd olduqca bələ qənatə gəlmək olur ki, sözün gücünü və gözəlliyini yalnız kağıza köçürən deyil, həm də oxucusunun ruhunu oxşayan, düşüncələrinə gur işıq salan bir insanın 60 illik yubileyini qeyd edirik. Onun yazdıqları zamansızdır, millətinin və cəmiyyətinin səsini və ruhunu əks etdirən əbədi işıqlardır. Məncə, “SÖZÜN ŞƏFƏQ ÇAĞI” ifadəsi Elman Eldaroğlunun bir şair, fikir adamı olarqaq ən təbii xülasəsidir. Şəfəq, təkcə səhərin ilk işıqlarını, ağaran dan yerini deyil, həm də şairin sözlərinin, düşüncələrinin oxucuların qəlbinə necə işıq tutduğunu simvollaşdırır.
60 il boyunca sözü ilə insanlar arasında körpülər qurmuş, fərqli fikir və görüşlər arasında anlaşma yolunu açmış bir şair və publisist, şübhəsiz ki, özünü bir zamanlar təqdir etdikləri və oxuduqları yazıçılardan biri kimi görür. Onun irsi yalnız bu günün deyil, gələcəyin də əhəmiyyətli bir qaynağı olacaq. Çünki hər bir yazısında bir insanı düşündürən, onu idrak dərinliyə aparan və onu insanlıq adına daha yaxşı bir yola yönəldən bir mesaj var.
Bu yubiley yalnız bir aydının 60 illik həyatını qeyd etmək deyil, həm də o insanın sözlərinin və düşüncələrinin gələcək nəsillərə necə bir işıq tutduğunun tanınmasıdır. Sözünün şəfəq çağı heç vaxt bitməyəcək, hər zaman yeni səhərlər, yeni ümidlər gətirəcək.
Ömür təqviminin 60 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli aydınımız Elman Eldaroğlu!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əyyar Cəfərli – Elman Eldaroğlu – 60

TANIDIĞIM ELMAN

Elman Eldaroğlu – 60

İnsan doğulur, yaşayır və günlərin bir günü köçünü yığıb dünya ilə vidalaşır, əbədiyyətə qovuşur. Nə doğulmaq, nə də ölmək kimsənin iradəsindən asılı deyil, təbii bir prosesdir, bu…

Ancaq doğumla ölüm arasındakı məsafəni yaşamaq, yolu getmək hər kəsin özündən asılıdır. Baxır, necə yaşayacaqsan, neçə gedəcəksən, nəyin qalacaq həyatda: pisliklərlə dolu ömürmü, yoxsa ləyaqət, qeyrət, xeyirxahlıq, hörmət?! Eniş də, yüksəliş də bu sualın cavabından asılıdır…

Hələ ki, hər birimiz yol gedirik, ömür deyilən yolun yolçulayırıq. Bu yol nə vaxt qurtaracaq, sonu hardadır-bilmirik, bilə də bilmərik. Ona görə də yaşamağa tələsmək lazımdır: nəcib əməllər sahibi olmaq, xeyirxahlıq etmək, el-obaya, adamlara, Vətənə gərək olmaq üçün!

Elman da- Elman Eldaroğlunu deyirəm- hələ yol gedir, sözün əsl mənasında inamla, qeyrətlə, ləyaqətlə. Əməli ilə sevilir, seçilir, hörmət edilir ona. “Vətən mənim üçün Yardımlıdan başlanır, böyüyür, bütövləşir, tamlanır”- deyir Elman. Əslində o, heç Yardımlıda doğulmayıb. Altmış il əvvəl dünyaya da, Günəşə də, Vətənə də ilk dəfə Sumqayıtdan boylanıb. Ağlı kəsəndən Yardımlı sevgisi qəlbini, ürəyini işğal edib. Kim bilir, bəlkə bu elə onun kövrək, pak uşaq dünyasının yadigarıdır.
Məktəb illərində bir qayda olaraq, hər il yay tətilini Yardımlıda- Dəlləkli kəndində keçirərdi. Babası Ağadin kişinin maraqlı, duzlu, bir az da məzəli söz-söhbətlərindən doyammazdı. El-oba, kənd-kəsək, Vətən sevgisi, məhəbbət də babasından yadigardır, ərməğandır ona. Elman deyir ki, bu gün də o dağlardan, qayalardan, çöllərdən, çəmənlərdən, meşələrdən, bumbuz bulaqlardan ilham, enerji alır. Ona görə də nə enerjisi, nə də doğma yurda sevgisi, məhəbbəti tükənmir. Elə bu amil də Elmana çiynlərini ən ağır yükün altına verməsinə səbəb oldu. Mərdi-mərdanə ortaya atıldı, təşəbbüs göstərdi, gecəsini gündüzünə qatıb “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratdı, ərsəyə gətirdi. “Yardımlının səsi” qəzetini təsis etdi. Bunu adlı-sanlı yardımlılar da edə bilərdi, etmədilər: ya istək olmadı, ya da bacarmadılar. Məncə, istək olmadı, el-oba yanğısı çatmadı. Elmanda isə hər şey içdən gəlir, təmizdir, dupdurudur, novdur, aydındır: istək də, məhəbbət də, sevgi də, yanğı da. Yanğı içdən gələndə istək gerçəkləşir, arzu reallaşır…

Çalışdı, iradə göstərib “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratdı. Onu formalaşdırıb ayaq üstə qoydu. Bu xəttnən daha nələr etmətyib ki? Yardımlıdan bəhs edən internet saytı yaratdı- dünyaya nəfəslik açıldı: Rayon barədə demək olar ki, bütün məlumatlar bu saytda yerləşdirilmişdi. Kimsəsizlərin, tənhaların, imkansızların siyahısını tərtib edib, hər əziz bayramlarda yüzə yaxın adama yardım bağlaması verirdi. Bu qədər insana dayaq durmaq, yanında olmaq, sevinc yaşatmaq məgər asandırmı? Əlbəttə, yox, ancaq Elman bunu etməyi bacardı. Dünyasını dəyişmiş adlı-sanlı yardımlılara xatirə gecələri keçirdi, anım məclisləri təşkil etdi. Rəhbərlik etdiyi təşkilatın xəttiylə keçirilən belə tədbirlərdə başqa bölgələr də yaddan çıxmırdı. Elə şair-puplisist Vaqif İbrahimin latın qrafikasında ilk kitabının nəşri və həmin kitabın təqdimat gecəsi, daha kimlərin Sumqayıt şəhərində anılması bunu bir daha təsdiqləyir. Öz təşəbbüsü ilə dörd-beş dəfə rayona həkim briqadası aparıb, müxtəlif xəstəliklərdən əziyyət çəkən imkansızları əməliyyat elətdirib, müayinədən keçirtdirib. Bundan da böyük alqış, xeyirxahlıq olarmı? Yenə onun səyi ilə ilk dəfə ölkə miqyaslı idman yarışları (şahmat və karate üzrə) Yardımlıda baş tutub. Birdirmi, beşdirmi Elmanın Yardımlı ilə yardımlılar üçün gördüyü işlər. Hamısını sadalasam, bütün bunları bir nəfərin necə edə bildiyinə heyran qalarsınız. Bu gələcəyin mövzusu olduğu üçün, onu indidən gözə gətirmək istəmirəm, onsuz da nə vaxtsa onun böyüklüyünün Siz də şahidi olacaqsınız…

Cəmiyyət də, qəzet də onun ən əziz, dəyərli övladlarıdır. Hər dəfə qəzetin növbəti sayı işıq üzü görəndə elə bil, bir dünya sevinc verirdilər ona. Həm də bütün bu işləri köməksiz, təkbaşına görürdü. İmkanlı, vəzifəli yardımlılar da bunu edə bilərdi axı. Sadəcə olaraq dediyim kimi istək, həvəs, o böyük yanğı yoxdur belələrində. Elmanda isə var, həm də tükənməzdir. Elə ən böyük qazancı, var-dövləti də el-oba sevgisi, məhəbbətidir. Bəlkə də Elmanı yaxından tanımayanlar düşünsünlər ki, yəqin onun belə işlər gördüyünə görə yaxşı vəzifəsi, geniş maliyyə imkanları var. Yox, yox, min dəfə yox. Nə elə böyük vəzifəsi, nə də pulu var. Onun da cibi böyük əksəriyyətimizin cibi kimidir. Sadəcə olaraq Elmanın ürəyi çox böyük, genişdir. Sumqayıtda beşmərtəbəli evin beşinci mərtəbəsində də kasıbyana, iki otaqlı mənzili var. Vəssalam! Yəni Elman da maddi durumuna görə sıradan birimizdir. Ancaq əməllərinə görə sıradan seçilən birimizdir. Yarımçıq, saxta deyil, tamdır, bütövdür, böyükdür-işi, əməli, istəyi ilə…

Bir dəfə söhbət zamanı rəhmətlik dostum Şükür Səlimxanlı dedi ki, Elmanın yaxası yardımlılara hamımızın yaxasından daha yaxındır. Bu, nə qədər dəqiqliklə deyilmiş, düzgün müşahidə və təkzib olunmaz faktdır. Bunu mən də dəfələrlə hiss etmişəm, duymuşam.
Əslində Elmanla tanışlığımızın tarixçəsi elə də uzun deyil. Ancaq elə ilk gündən söz-söhbətimiz tutub, onun içindəkiləri görmüşəm, təmizliyi məni heyran edib. Başa düşmüşəm ki, Elman olmaq çətindir, çox çətin. Yenə Şükür demiş, Elman girən yükün altına heç kim girməzdi. İndi onunla tez-tez görüşürük və uzun-uzadı dərdləşirik. Nə boyda arzuları, istəkləri, Yardımlı ilə bağlı gerçəkləşdirmək istədiyi planları var. İçində o qədər nədən, nə üçün sualları var ki?.. Yardımlı nə vaxt abad olacaq, nədən su, mavi yanacaq problemi həll olunmur, nə üçün kənd yollarımız bərbad gündədir? Büsbütün sosial problemlərlə dolu rayonun sual yükünün altından çıxmaqmı olar? Təkcə bu suallardırmı onu məşğul edən? Öz-özümə düşünürəm: Həqiqətən də böyüklük, ağsaqqallıq yaşda deyil. Elman cavan da olsa böyüklüyü, ağsaqqallığı ilə seçilir, lider olmağa layiqdir…

Beləcə, son nöqtəni qoymağın vaxtı çatdı- Elman haqqında söz demək xatirinə söz demədim. Tanıdığım Elman barədə səmimi hisslərimi Sizlərlə bölüşdüm. Mən də onu belə tanıyıram…

Müəllif: Əyyar Cəfərli

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yanvarın 3-ü Aysel Əlizadənin ad günüdür

Yanvarın 3-ü Aysel Əlizadənin ad günüdür

Deyir ki:- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”

İstedadın da üç növü olur:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…

“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.

Çox ağıllı, zəkası iti, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”

Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq, çıx(-) azadlıq, böl (:) azadlıq, vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı, yanvarın 3-ü Aysel Əlizadənin növbəti ad günüdür…
Arzuları çin olsun!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hər yeni il gələndə yaşı kimi ümidləri də artır…

Hər yeni il gələndə yaşı kimi ümidləri də artır…

Şair və yazıçıların qruplaşmasından çox narahatdır. İstəyir ki, Azərbaycanda da qələmə alınan ciddi əsərlərin sayı çox olsun və yerli müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın. Yaxşı arzudur, amma…

Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir. Haqqında söhbət açmaq istədiyim şair, publisist Əbülfət Mədətoğlu da belə bir gündə, 1959-cu ilin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Yenisəs. Az” saytının baş redaktorudur. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…

Deyir ki:- “Əlifbanı tanıyandan yazıb oxumağı sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”

Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə müxtəlif müəlliflərin kifayət qədər ədəbi təhlili və şərhi var. Mən onun bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…

Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…

“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim “Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.

Çox çətinliklərlə üzləşib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…

Deyir ki:- “Həyatda elə vəziyyətlər yaranır ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə də Qarabağ azad olunandan sonra, kəndimizə səfər edəndə gördüyüm mənzərə mən çox acılar yaşatdı. Çünki mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Axı, məni qarşılayanlar onlar idi…”

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…

“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.

Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz həvəslə addımlayır. Hər yeni ilin gəlişi yaşı kimi ümidlərini də artırır…

Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Elçin Hüseynbəylin doğum günüdür! – Təbrik!

Yazıçı sözdən qorxmamalıdır

(Elçin Hüseynbəylinin doğum gününə)

Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…

Heç vaxt yaradıcılığında plan tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…

“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.

Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…

Deyir ki:- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”

Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”

“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.

Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə insanları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…

Bəli, dekabrın 23-ü nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 64 yaşı tamam olur. Onu həm ad günü və həm də qarşıdan gələn təzə il münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram! – I>>Elçin Hüseynbəyli

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu: – Səlim mənim qaqamdır – Təbrik

Səlim mənim qaqamdır

“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…

Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…

Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…

…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…

Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..

HörmətləElman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Arif Buzovnalı dərin adam idi

Bütün ömrü boyu mükəmməllik axtarışında olub və detallara olan diqqəti ilə seçilib. Fitrətdən gələn təbii analitik bacarıqlara malik idi.

Hər bir vəziyyəti dərinliklə təhlil edir, ən yaxşı qərarı qəbul etməyi bacarırdı. Həm də çalışqan və məsuliyyətli adamdı. Hər zaman öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərirdi. O, eyni zmanda təşkilatçılıq qabiliyyəti ilə tanınırdı. Həyatda nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərirdi. Ətraflarında baş verən hadisələrin fərqinə varır və bunları diqqətlə nəzərdən keçirirdi. Bu da onun həm işdə, həm də şəxsi həyatda uğurlu edirdi…

Müsahibələrinin birində deyirdi ki:- “Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, şeir onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir…”

O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilirdi. Həmçinin, səmimi və etibarlı dost idi. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də etibarlı məsləhətçi kimi tanınırdı. Onun özünütəkmilləşdirmə və öyrənmə arzusu böyükdü. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışırdı. Onun özünəməxsus dünyagörüşü vardı…

“Günlərin bir günü müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim meyxanaçılarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım…”- söyləyirdi.

Ciddi və ləyaqətli adam idi. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətiydi. Çox gözəl davranış qaydaları vardı. Özünü məclislərdə və cəmiyyət qarşısında alicənab kimi aparırdı.

Onu aldatmaq mümkün deyildi. Yalanı, qeyri-səmimiliyi sevmirdi. Onun xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət etmək lazım gəlirdi…

…Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. İlk şeiri 1987-ci ildə 1991-ci ildə, on doqquz yaşında ikən “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeron yarmadasında fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda- “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, o cümlədən “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” beynəlxalq şeir festivalının qalibi seçilib, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi, 2018–2019-cu illərdə isə 1-ci və 2-ci “Nəsimi- Şeir, incəsənət, mənəviyyat” festivalı çərçivəsində “Nəsimi məclisi” və “Bir qəzəlin şərhi” proyektlərinin müəllifi və aparıcısı olub. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Yeddi kitab müəllifidir və bir sıra tərcümələri var…

Deyirdi ki:- “Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir. Mənə elə gəlir, müasir gənclər iki qola bölünüb. Bir tərəf ifrat dərəcədə Qərbə meyllidir, digər tərəf də Şərqə meyllidir, amma utanır, özünü göstərmək istəmir, gizlənir. Sanki “Bizə ikinci dərəcəli şair kimi baxırsız” deyə onlar da görünmürlər. Sizə deyim ki, eyni şeyi mən də öz üzərimdə hiss eləmişəm, mənə də nə vaxtsa ikinci dərəcəli şair kimi baxıblar. Bu gün artıq diqqət var, dünənə qədər yox idi. Mən düşünürəm ki, əruza münasibət dəyişəcək…”

Onun mükəmməllik axtarışı, bəzən həddindən artıq sərt olmasına səbəb olurdu. Qüsurlara çox diqqət yetirirdi. Bundan əlavə, o, həyatdakı cılız insanlarla barışa bilmirdi. Bu da onda narahatlıq və stres yaradırdı. Riski xoşlamırdı və həmişə çalışırdı ki, riskli məsələlərdən uzaq olsun…

“İrfani məclislər Azərbaycanda həmişə olub. Bu məclisləri adətən dünya ilə əlaqəsi olan tacirlər, imkanlı adamlar keçiriblər. Çünki həm məclis təşkil etməlidir, həm gələn şairlərə, müğənnilərə müəyyən məbləğ ödəməlidir. Sovet dövründə qarşısı alındığı üçün Qumri məclisləri keçirilirdi. Camaat evlərə yığılıb Qumrinin şeirlərini oxuyurdu. Onun İmam Hüseyn haqqında iki külliyyatı var. Bakıda, Lənkəranda möminlər bu məclisləri təşkil edib Qumrinin mərsiyələrini oxuyurdular. Bu məclislər irfani məclisin oxşarı idi. İndi bəzi yerlərdə irfani məclislər bərpa olunub. Məqsəd nədir? Bir neçə saatlıq dünya və dünyada olanlardan azad olub dincəlməkdir.”- söyləyirdi.

Xülasə, ARİF BUZOVNALI dərin adam idi. Ariflik, müdriklik, məzmun, ağayanəlik onun alın yazısıydı. Bəli, təfəkkürün inkişafında təhsilin rolu olsa da, kökü İlahidən gəlir. Hətta alimin də təfəkkürü zəifdirsə Allahı, dünyanı dərk edə bilməz. Nəsimi deyirdi ki:

“Ey könül, həqq səndədir, həqq səndədir,

Söylə həqqi kim, ənəlhəq səndədir,

Nuri-mütləq, zati-mütləq səndədir.

Müshəfin hərfi mühəqqəq səndədir…”

Allah öz rəhmətini ondan əsirgəməsin! Yeri cənnət olsun!

Dərin hüznlə, Elman Eldaroğlu

ARİF BUZOVNALININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana