Etiket arxivi: Elman Eldaroğlu

Elman Eldaroğlu – Yaşasaydı

Yaşasaydı

Çox təvazökar insan idi. Necə deyərlər, başını aşağı salıb öz işi ilə məşğul olurdu. 2022-ci ilin söhbətidir, həmin il yubiley yaşı olduğunu hamıdan gizlətdi ki, tədbir keçirmək üçün heç kim narahat olmasın. Və beş-altı nəfərdən başqa heç kim bilmədi ki, onun 60 yaşı tamam olur…

Geniş təxəyyülə malik, dərin düşüncəli, dəyişikliklərə meyilli, öz dünyası olan birisi idi. Araşdırma, tədqiqat onun ən çox sevdiyi fəaliyyət növlərindəndi. Öz hisslərini sərbəst ifadə etməyi bacarırdı. Cəsarətli və qorxmazdı. Heç təəccüblü deyil ki, diskomforta, rahatsızlığa qarşı dözümlülük göstərirdi. Ona xas olan şəfqət hissi heç də təxəyyülündən geri qalmırdı. Diqqətli, kövrək və mərhəmətli idi. Necə deyərlər, kimsə ağrıyır və ac qaiıbsa, kiməsə soyuq və ya istidirsə, o, bunu tamamilə öz üzərində oiduğu kimi aydın, canlı şəkildə hiss edirdi…

Qısa xronika

Söhbətimin qəhrəmanı Nəsiman Yaqublu 1962-ci ilin fevral ayının 22-də Zəngilan rayonunda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə oranı bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını ərsəyə gətirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabların, o cümlədən “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” adlı kitabın müəllifidir…

…Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən, biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsiləsə heç bir don geyindirilmədən, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsinə həvalə edilir. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi…

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüydü. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilmişdi. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı. Tarix üzrə fəlsəfə doktoruydu…

…Hərəkət onun üçün çox vacib idi. Odur ki, daim axtarışdaydı. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi və bu mövzuya sədaqətliydi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi. Bəli, onun ərsəyə gətirdiyi hər bir əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır. Heyf ki, 2024-cü ildə amansız ölüm onu 62 yaşında aramızdan apardı…

Deyirdi ki:- “Nazirlər Kabinetini yanında Terminologiya Komissiyasının rəsmi tövsiyyəsi var ki “Məmməd” kəlməsi Məhəmməd olaraq yazılsın. Əgər bir şəxsin rəsmi sənədlərində və yazılarında Məhəmməd Əmin Rəsulzadə yazılıbsa, onu necə Məmməd Əmin Rəsulzadə adlandırmaq olar? Hər kəsi öz adıyla təqdim etmək lazımdır. Rəsulzadə nə Mamed Əmin olub, nə Məmməd Əmin, onun bir adı var- Məhəmməd Əmin… ”

Yaşasaydı, fevralın 22-də tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun 64 yaşı tamam olacaqdı. Ruhu şad olsun!

Dərin hüznlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

Pərvanə Məmmədlinin yazıları

ASİF RÜSTƏMLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Özünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edən alim

Özünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edən alim

Əziz dostlar, bu dəfə sizə Pərvanə adlı, Məmmədli soyadlı bir alimdən söhbət açmaq istəyirəm. Pərvanə xanım Şəmkirdə dünyaya gəlib. AMEA-nın Ədəbiyyat institutunun dosenti, Güney ədəbiyyatı, mədəniyyəti və mətbuatı ilə bağlı 20 kitabın məllifidir…

Deyir ki:- “Qəribə elmi taleyim var. Universiteti bitirəndə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov idi. O, mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də, tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər.”

Ali təhsilini BDU-nun jurnalistika fakultəsində başa vurub. “1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələlri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra “Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib…

“O vaxt Cənubi Azərbaycan mətbuatının öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Amma yenə də bir boşluq var idi. Qərara gəldim ki, ”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını ərsəyə gətirim. Və mən bu mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”, “aynasını” arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-1979-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub.”- söyləyir…

Özünə qarşı çox tələbkardır. Başladığı işi sona çatdırmayanadək dayanmaq bilmir. Ünsiyyətdə mehriban və gülərüzdür. Yüksək mədəniyyəti, davranışı ilə könülləri fəth edə bilir. Elmi fəaliyyətinə gəldikdə isə, bütün ömrünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edib…

Deyir ki:- “Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür. Vətənpərvərlyin mahiyyəti vətən sevgisinə əsaslanan emosional bağlılıqdır və çox zaman “millət” anlayışı ilə eyniləşdirlir. Vətənpərvərlik milli və milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da qüvvətlənir. Vətənimizin Güneyində bu hiss çağdaş dövrümüzdə daha aktualdır, özünü bütün emosiya çalarları ilə ədəbiyyatda göstərir…”

Fevralın 17-si Pərvanə xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

Pərvanə Məmmədlinin yazıları

ASİF RÜSTƏMLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – GƏRƏKLİ ADAM

GƏRƏKLİ ADAMAsif RÜSTƏMLİ

İnsan sadə olduğu qədər də mürəkkəb varlıqdır. Necə deyərlər, onun haqqında yazmaq, olduğu kimi tanıtmağı bacarmaq adamdan səriştə və məharət tələb edir. Xüsusən də elm camiyyəsinə məxsus olan adamları tərənnüm etmək olduqca çətindir. Bəli, haqqında söhbət açmaq istədiyim şəxs də elm adamıdır. Parlaq zəkası, savadı və mükəmməl araşdırmaları ilə tanınır. Təmsil olunduğu mühitdə həm ideyaları, həm də görünüşü ilə diqqət çəkməyi bacarır. Fikirlərində çox sabitdir. Bacarığına, biliyinə arxayın olduğu üçün gündəlik çətinliklər onu maraqlandırmır. Yalnız bəşəriyyətə fayda vermək uğrunda mübarizə aparır. Yerində saymağı xoşlamır, daim müasir dövrlə ayaqlaşmağa can atır. Yeniliklərə həmişə açıqdır. Azadlığa olan həvəsi isə, onu məhdudlşdırılmaqdan uzaq saxlayır…

1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Uşaqlıq illərində qoyun-quzu da otarıb, ot da çalıb, su da daşıyıb. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Univeristetinə qəbul olunub və 1982-ci ildə oranı bitirərək, ali təhsilə yiyələnib. Sonra müsabiqə yolu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna daxil olub. Baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifələrinədək yüksələ bilib. Bir müddət “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, İctimai elmlər və Sənətşünaslıq, 2020-ci ildən isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.
Onun elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayaraq, ilk dəfə ərəb qrafikasından transliterasiya və tərtib edib. Ön söz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında çap etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik “Əsərləri”nin də tərtibi, ön sözü və şərhləri ona məxsusdur. O, bu nəşrə “Bədii həqiqətlər ustası” sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb və sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib. Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan ədəbiyyatı” seriyasından buraxılan Cəfər Cabbarlının “Seçilmiş əsərləri”ni də o, ərsəyə gətirib. Son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. “Molla Nəsrəddin” Ensiklopediyası”na onun 33 məqaləsi daxil edilib. Ona yaxın elmi əsərin, iyirmiyə yaxın kitabın müəllifidir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır….

Həmyerlisi, sabiq Xarici İşlər naziri Vilayət Quliyev onun haqqında yazır: “Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirəndə otuz bir yaşı vardı. O, böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini, tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki “ağ ləkələrin” aradan qaldırılması deyildi, həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı.
Onun yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz – Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar məhz Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə “Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət” adlı ümumrespublika konfransı keçirdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində “Azərnəşr”də çap olundu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin o, olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur “Azərbaycan Cümhuriyyəti” kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra başqa bir Cümhuriyyət xadiminin – xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın “Azərbaycan” kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim “Yoxdan bayraq yaradanlardan biri” adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi.”

Onun da həyatda öz prinsipləri var- ətrafında yalnız ağıllı, savadlı, təfəkkürlü insanlar olmalıdır. Dediklərini başa düşməyən və ya həyatda məqsədi olmayan insanlardan həmişə uzaq gəzib. Poeziyanı çox sevir. Parlaq istedada, kamil yaradıcılığa qiymət verməyi bacarır. Duyumu, hissləri mükəmməldir. Bir yaxşı misradan kövrələ bilir…

Deyir ki:- “Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi – musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır…”

Gözəl xasiyyəti var, ünsiyyət qurmağı, diqqət göstərməyi xoşlayır. Uzun illər ayrı düşsə də canı qədər sevdiyi Qarabağa çox bağlıdır. O gün zarafat edərək söyləyir ki: “Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Görəsən Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi?!.
Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq – xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb…”

Xalq arasında hər hansı adamın mahiyyətini qısa ifadə etmək üçün belə bir ifadə var- GƏRƏKLİ ADAM. Bəli, fevralın 16-sı hamının GƏRƏKLİ ADAM kimi tanıdığı- filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 72 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

ASİF RÜSTƏMLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu AYB-nin “Fəxri fərmanı” ilə təltif olunub – Təbrik!

Tanınmış jurnalist Elman Eldaroğlu anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Fəxri fərmanı” ilə təltif olunub. “Fəxri fərmanı” AYB-nin sədri Xalq yazıçısı Anar müəllim şəxsən özü təqdim edib.

Elman Eldaroğlu görüş və təltif barədə təəssüratlarını bölüşüb:

“Təşəkkür edirəm, Anar müəllim- AYB!

Bu gün xalq yazıçısı Anar müəllimin dəvəti ilə Azərbaycan Yazıçılar Birliyində oldum. Qısa söhbətdən sonra Anar müəllim məni təbrik edib, 60 illik yubileyimlə bağlı “Fəxri Diplom” təqdim etdi. Söhbət əsnasında ona Çörçilin bu sözlərini- “Demokratiya ideal quruluş olmasa da, indiyə qədər sınaqdan çıxmış ən yaxşı idarəetmə formasıdır.”- xatırladıb əlavə etdim ki: “Barənizdə özündən müştəbehlər nə qədər tənqidi fikirlər səsləndirsə də, bu gün AYB-yə rəhbərlik etməyə sizin qədər haqqı çatan ikinci adamı tanımıram.”

Nə qədər haqlı olduğuma əminəm. Çünki yaxşı bilirəm ki, Anar müəllimin AYB-dən uzaqlaşması, bu təşkilatın bugünkü imkanlardan məhrum olunması deməkdir və nə vaxtsa Azərbaycan Yazıçılar Birliyi də Azərbaycan Jurnalistlər Birliyi kimi imkansız bir təşkilata çevriləcək…

Mənə göstərdiyi diqqətə görə, AYB-nin sədri, Azərbaycan nəsrinin sonuncu mogikanı Anar Rzayevə minnətdarlığımı bildirirəm.
Bəli, hələ ki, ədəbiyyatımız Anardan güclü yazıçı yetişdirə bilməyib…”

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Elman Eldaroğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vəfatından bir il ötür

Vəfatından bir il ötür

Öncə onu deyim ki, haqqında söhbət açmaq istədiyim xanımın il məclisi fevralın 14-də, həftənin altıncı günü, saat 11:00-dan 14:00-dək Təzəpir məscidinin 1-ci mərtəbəsində yerləşən mərasim zallarından birində veriləcək…

Düşüncə və intellektual sahədə çox aktiv idi. Dünyanı dərk etmək və hər zaman yeni biliklər qazanmaq onun həyat kredosuydu. Onun üçün hər bir təcrübə, hər bir insan və ya hər bir fikir öyrəniləsi bir müəmma idi və hər mövzunu dərindən analiz etməyi xoşlayırdı…

Deyirdi ki:- “Uşaqlığı və gəncliyi sovet totalitar cəmiyyətində keçmiş bir nəslin XX əsrin sonlarında yaşadığı hissləri bölüşmək çox çətindir. Bizə öyrədilən tarixlə unutdurulan tarix arasında qalan gəncliyimiz bir-birinin ardınca Ermənistandakı soydaşlarımızın öz minillik dədə-baba yurdlarından çıxarılması, 20 Yanvar, Xocalı və Qarabağ faciələrini yaşadı. Xalqlar dostluğu haqqında oxunan nəğmələrin, şeirlərin qara niqabı altından kor xislətlər baş qaldırdığı zaman görünənlərin, beynimizə həkk edilənlərin bir ilğım olduğunu anladıq. “Müsəlmanın sonrakı ağlı” düz 70 il sonra da düşmənini tanımadı, ta ki, o özünü və üzünü göstərənəcən. Yaddaşımızın humanizmə və ədalətə olan inamı xainliyi, naqisliyi, təəssüf ki, heç hifz etməmişdi. XX əsrin əvvəllərini, 40-cı illərin erməni siyasətini unutduq ki, 80-ci illərin sonunda yenə eyni məkrlə üz-üzə qalıb, Qarabağı və ətraf rayonları itirdik…”

Onun həyat fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmırdı. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışırdı. Tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür və bu mövzular ətrafında dərin mülahizələr yürütməyi xoşlayırdı. Onun təfəkkürü isə həmişə inkişafda olan bir prosesdi, çünki hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini fəaliyyətinə tətbiq etməyə çalışırdı…

““Xortdanın cəhənnəm məktubları”nı oxuyanda hiss etdim ki, o getdiyim və son otuz ildə gedə bilmədiyim yolların hər qarışına bələd olmamışam. Bələd olsaydım, Əbdürəhimbəy kimi ən kiçik yaşayış məskəninin də tarixçəsini yaddaşıma hörərdim. Bugünkü ağlımla keçmirdim o yollardan. Sadəcə, gözəlliyinin sehrinə düşdüyüm məkan idi Qarabağ. Zamansa yaddaşlara iri bir qıfıl vurub dağ çaylarına atmışdı. Amma o çayın kənarında Şeytanın balası da məəttəl qalmışdı bu dünyanın işlərinə; o da bizim kimi bilmirdi ki, özü burda, quyruğu uzaqda olan böyüyü hansı kələfin ucunu dolaşdırırdı”- söyləyirdi.

Uşaq vaxtı yay aylarını Qarabağda çox olub. Orta məktəbdə oxuduğu illərdə isə, may ayının son günlərini səbirsizliklə gözləyib. Axı qarşıda üç ay yay tətilli onu gözləyirdi. Bu həmin zamanlardı ki, bütün sovet məktəbliləri kimi, o da boynuna bağladığı pioner qalstuku, yaxasına taxdığı komsomol nişanı ilə qürurlanırdı. Qoca babasının nağıllarını dinləyib, Ərzurumun gədiyini xəyalında canlandırırdı…

Deyirdi ki:- “Genetik yaddaşımız yaxın yaddaşımızla açıqdan-açığa üst-üstə düşmür, amma özünü doğma xalqımın şirin bayatıları və dastan hekayətləri ilə qoruyub saxlayırdı. Bakıdan dağlara uzanan yollar sadəcə babamıza və nənəmizə aparan yol idi və heç də çətin deyildi. Çətini Bərdəyə çatmaqdı, sonrası dağlardan gələn meh kimiydi. Ağdamı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq asan idi. Bu yerlərin sehrinə düşməyəninsə qəlbinə güvənmək olmazdı. Hələ 90-cı illərə çox vardı, Laçına çatmaqsa dolayları keçəndən sonra göz açıb yumana qədərdi…”

Əlbəttə ki, söhbət filologiya elmləri doktoru, fevralın 14-də vəfatının bir ili tamam olan Pərvanə Bəkirqızından gedir. O, Bərdə rayonunda dünyaya gəlmişdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdi. Namizədlik (PhD) dissertasiyasının mövzusu: Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri, Doktorluq dissertasiyasının mövzusu isə: XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında) olub. Ölkədə və xaricdə 65-dən yuxarı elmi məqaləsi nəşr olunub. O, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Eyni zamanda Ali Attestasiya komissiyası Humanitar və ictimai elmlər şöbəsində – müdir müavini vəzifəsində çalışırdı…
Maraq dairəsi çox geniş idi. Hər hansı bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona yönəldir, lakin tez bir zamanda paralel olaraq başqa bir maraqlı mövzuya keçə bilirdi. Bu dəyişkənlik onu bəzən qeyri-sabit və qərarsız göstərə bilərdi, lakin əslində bu, onun zəka və maraqlarının nə qədər geniş olduğunu göstərirdi…

“Qarabağsız- Ağdamsız, Qubadlısız, Kəlbəcərsiz, Zəngilansız, Cəbrayılsız, Laçınsız yaşadığımız otuz ilə yaxın bu zaman kəsiyi bizdən nə apardı deyə düşündükcə Aşıq Ələsgərin “Arsız aşıq elsiz necə yaşadı?” sualını da xatırladığım çox olub. Bir məqamsa dəyişmişdi; milli tarix yaddaşımızın alt qatlarından “Qan ilə dəstəmaz alıb, yürü namaza gedəlim” çağırışı için-için boy atırmış. Odur ki, “Qarabağ Azərbaycandır!” nidası beynimizdə, düşüncəmizdə elektroşok təsiri yaratdı…
2020-dən artıq bir neçə il ötüb. Artıq Qarabağ azaddır. Qarşıdan qış gəlir, amma uşaqlığımın yay tətilindəki kimi, Ağdamı, Əsgəranı, Xocalını, Xankəndini keçib Şuşaya çatmaq, dolaylardan boylanan Laçına tez bir zamanda çatmaq istəyim var. Bambaşqa duyğularla, bambaşqa düşüncələrlə…”- söyləyirdi.

İnsanlarla ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı çox sevirdi. Hər bir mövzuda söhbət etməyi bacarırdı. Onun sosial çevrəsi çox geniş olub və o, hər bir adamda müsbət xüsusiyyətləri görə bilirdi. Onun üçün dialoq və müzakirə çox vacibdi, çünki bu onun ürəyincə idi. Məntiqli, analiz edən və zamanında qərar verməyi xoşlayırdı. Dərin zəkası və sürətli düşünmə qabiliyyəti onun uğurlarının qayəsi olub. Problemləri kreativ və gözlənilməz yollarla həll etməyə meyilli idi…

Deyirdi ki:- “Xalqımıza, millətimizə bu şan-şərəf, ləyaqət və qürur dolu günləri yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və o çətin sədləri qanı bahasına aşmış şəhid oğullarımızın əziz xatirəsinə dərin minnətdarlıq duyğuları ilə…”

Bəli, mən bu söhbətimlə filologiya elmləri doktoru Pərvanə Bəkirqızının necə vətənpərvər, işgüzar, geniş ürəkli xanım olduğunu sizə bir daha xatırlatmağa çalışdım…

…Bu qəddar, amansız, fani dünyadan,
Köçənlər qovuşur Haqqa, nə dərdi?
Ölüm- ölənlərə bir sakit ada,
Ölüm- qalanlara ən ağır dərddir…

Ruhu şad olsun!

Ehtiramla, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu AYB haqqında

Bu gün AYB-ni kimlər idarə edir?

Doğrudur, mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağıma mərhum xalq şairi Fikrət Qoca səbəb olub. Məhz onun təklif və dəstəyi ilə mən də AYB-yə üzv olmuşam. Tələb olunan üzvülük haqqını da vaxtaşırı ödəyirəm. Hətta bir dəfə Prezident təqaüdünə də layiq görülmüşəm. Və bu təşkilatdan heç bir narazılığım yoxdur…

Sözümün canı var. Bu gün sizə AYB-nin icra aparatında çalışan soydaşlarımız haqqında danışmaq istəyirəm. Düşünürəm ki, AYB-nin icra strukturunda bir nəfər də olsun təsadüfi adam yoxdur. Əvvəla onu qeyd edim ki, sədr seçki yolu ilə seçildiyi üçün seçicilərin haqqına girmək istəmirəm. O ki qaldı AYB-də maliyyə, təsərrüfat işləri üzrə I katibə və Gənclərlə iş və ümumi rəhbərliyə kömək məqsədi ilə fəaliyyət göstərən sədr müavininə onların da hər biri yerində olan adamlardır- Çingiz Abdullayev və Rəşad Məcidi nəzərdə tuturam. Demək olar ki, onları ölkədə tanımayan adam yoxdur. Hər biri kifayət qədər nüfuzlu qələm adamlarıdır…

Katiblər isə sədrin təqdimatı ilə komandası kimi qurultayda seçilir. İndi də keçək katiblərə: İlqar Fəhmi- erkən gəncliyindən parlaq istedadı ilə ədəbiyyatsevərlərin rəğbətini qazanıb. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. O, AYB-nin filiallarla işi koordinasiya edir. Ölkənin ən yaxşı qələm adamlarından biridir. Düşündürücü, bədii yükü olan müxtəlif nəsr əsərlərinin, gözəl poeziya nümunələrinin müəllifidir. Tutduğu vəzifəni məsuliyyətlə icra edir. Əməkdar mədəniyyət işçisidir. Xaraktercə, çılğın, duyğusal, məntiqli və məzmunlu adamdır…

Elçin Hüseynbəyli- Əməkdar incəsənət xadimidir. İstedadlı yazıçı-dramaturq, publisistdir. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. AYB-nin seksiyalarla işi koordinasiya edir. 30-dan çox kitabın müəllifidir. Xaraktercə, centelemen, sakit, təmkinli və müdrik adamdır…

Səlim Babullaoğlu- 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsilə yiyələnib. Xarici əlaqələr və tərcümə məsələləri üzrə AYB-nin katibidir. Bundan əlavə o, Qəbul komissiyasının sədridir. Şair, tərcüməçi, esseistdir. 10-a yaxın kitabın müəllifidir. Xaraktercə, mədəni, ağıllı, ehtiyatlı, təmkinli və etibarlıdır…

Bəli, bu gün AYB-nin rəhbər strukturlarında təsadüfi adam yoxdur. Onların hər biri tutduqları vəzifə layiqdirlər. Və bu təşkilatın sıravi üzvü kimi onların hər birinə işlərində uğurlar arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu isimin altı halında

Səlim Babullaoğlu isimin altı halında…

(Dostluq şarjı)

SƏLİM öz adına layiq adamdır. Onun adı ərəb mənşəli olub, mənası “sağlam”, “salamat”, “qüsursuz”, “doğru”, “təhlükəsiz” və “etibarlı” deməkdir. Bu ad, əsasən sakit, dürüst, düşüncəli və ağlı başında olan xüsusiyyətləri təmsil edir…

SƏLİMİN daşıdığı adla tarixdə üç məşhur hökmdar olub- I Səlim, II Səlim və III Səlim…

SƏLİMƏ Allah xüsusi fərqlilik bəxş edib. Onun adına hətta “Səlimi təqvimi” də var. Bu təqvim tarixi mənbələrdə, xüsusilə Osmanlı dövründə Sultan I Səlimin (Yavuz) dövründə istifadə edilən və ya onunla əlaqələndirilən təqvim sistemidir və astronomik hesablamalarla bağlılığı olub…

SƏLİMİ sevməmək günahdır. Dədə-babalarımızdan miras qalan KİŞİLİK dəyərlərinin ağırlığını gələcəyə daşıyanlardandır…

SƏLİMDƏ xüsusi qüdrət var. Hündürlüyü 1 metr 70 santimetr, çəkisi 74 koloqram, eni 46 santimetr olsa da, hündürlüyü 8849 metr, çəkisi minlərlə tona bərabər, eni yüzlərlə kilometri əhatə edən Everest dağından da əzəmətlidir…

SƏLİMDƏN bədgüman olmaq Xeyirə qarşı çıxmaq, Şeytanın komandasında təmsil olunmaq deməkdir…

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Ruhu şad olsun!

Ruhu şad olsun!

Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşduq. Eyni oteldə qalırdıq. Arada otelin həyətində görüşəndə, olub keçənlərdən, başına gələn məzəli hadisələrdən danışır, mənə özü haqda məlumat ötürürdü. Ciddi görkəmi, zamanın dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…

“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyirdi.

İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirirdi ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir, onu ütüləməkdir…

Deyirdi ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim…”

Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, poeziya almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. 2025-ci ilin oktyabr ayının 13-də gözlərini əbədi yumaraq haqq dünyasına qovuşub…

…Öz sözü, mövqeyi olan xarizmatik adam idi. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyildi. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmirdi. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmirdi. Emosional tərəfi güclü olsa da, fəqət üzərində nəzarəti itirmirdi. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanunlara bağlı adam idi…

“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyirdi.

Təvazökar və çox çalışqandı. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verirdi. Kifayət qədər dürüstlüyü və həqiqətpərəsliyi var idi. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilirdi. İctimai həyata böyük əhəmiyyət verirdi. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyildi. Həyatda ciddi və özünə qarşı tələbkardı. Şübhəsiz ki, tənhalığı xoşlamırdı. O, səxavətli, açıqürəklidir və insanlarla səmimi rəftarı ilə seçilirdi. Kiməsə yardım edəndə özünü xoşbəxt hiss edirdi. Analitik təfəkkürü vardı…

Deyirdi ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli…”

…Gərginlik keçirmədən yaşamağı xoşlayırdı. Oturaq həyatı xoşlamırdı. Bir sözlə, zahirən soyuq görünsə də, əslində nəcib, emosional və canlı adamdı. İnsanları sevəndə həqiqətən də ürəkdən sevirdi…

“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara…”- söyləyirdi.

…Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Hərdən otelin həyətində görüşəndə olub keçənlərdən, başına gələn hadisələrdən danışır, mənə özü haqda məlumat ötürürdü. Ciddi görkəmi, zamanın dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…

Yaşasaydı, fevralın 8-də 72 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!

Ehtiramla, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Ən qiymətli cehiz

Ən qiymətli cehiz- ATA MƏKTUBU

“Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox…”

Dostlar, aşağıdakı şəkildəki masanın başında əyləşən professor Cahangir Məmmədlidir. Mənimlə üzbəüz əyləşən isə professor Allahverdi Məmmədlidir. Onların hər biri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktorudur. Bu gün sizə heç vaxt rast gəlmədiyim, amma örnək olan bir nümunədən danışmaq istəyirəm. 84 yaşlı Cahangir Məmmədlidən söyləyəcəyim bu nümunə inanıram ki, çoxlarınızı düşündürəcək və içinizdə heyrət hissi keçirəcəksiniz…

Əvvəla onu deyim ki, Allah Cahangir müəllimə beş qız övladı qismət edib. Həzrət Peyğəmbər deyirdi ki, üç qız böyüdüb ərsəyə çatdıran və onları ismətlə gəlin köçürən atanın yeri cənnətdir. Cahangir müəllim Peyğəmbərin dediyindən çox- beş qız böyüdüb, gəlin köçürdüyünə görə yəqin ki axirətdə yeri cənnətin üst qatlarından birində olacaq…

Sözümün canı var, deməli, adətən gəlin köçürərkən bütün atalar qızlarına cehiz verir. Amma, Cahangir müəllim qızlarına verdiyi cehizdən başqa, hər birinə gəlin köçərkən bağlı bir zərfdə məktub da verib və tapşırıb ki, zərfdə olan məktubu müəyyən bir müddətdən sonra açıb oxusunlar. Siz heç belə bir şey eşitmişdinizmi?..

Nə isə, məktublardan birində yazılan bu kəlmələri sizə də təqdim edirəm:

“Qızım, sən şəhid ailəsinə gəlin köçmüsən, xoşbəxt ol! Qızım, getdiyin ailənin anası Şəhid Anasıdır. Sən gərək o ailədə elə davranasan ki, Şəhid Anasının xidmətində elə durasan ki, fərəhdən gözləri gülsün, dərdi yüngülləşsin… ”

…”Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox”…

Söhbətimin əvvəlində nahaq yerə rəhmətlik Baba Pünhanın “Kişilik” qəzəlindən bu beyti söyləmədim. Mən Cahangir müəllimi junalistikamızın sonuncu mogikanı kimi tanıyırdım, bu gün onu həm də Azərbaycan kişilərinin mogikanlarından biri kimi tanıdım. Var olsun! Gəlin köçürərkən qızlarının hər birinin cehizinə öz əliylə yazdığı öyüd, nəsihət dolu məktubları hədiyyə verməklə Azərbaycanda ilkə imza atıb…

“Onun xəmiri xeyirxahlıqdan yoğrulub. Çox adama əl tutub, çox adamın işinə yarayıb. Ola bilsin ki, kimsə bunu danar, etiraf etməyə hünəri çatmaz. Demək, o adamın zatında nakişilik, körpə vaxtı əmdiyi süddə qarışıqlıq var…”- Bu kəlmələr isə Cahangir müəllimin professor həmkarı Allahverdi Məmmədli haqqında söylədiklərindəndir…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Gülnarə- nar çiçəyi və ya qırmızıyanaq qız

Gülnarə- nar çiçəyi və ya qırmızıyanaq qız

Onun yaradıcılığı və ədəbi fəaliyyəti barədə danışmaq istəmirəm. Qorxuram ki, nəyisə düz demərəm, nədəsə səhvə yol verərəm. Bu barədə ədəbiyyatşünaslar, ədəbi tənqidçilər danışsa daha yaxşı olar. Bir də ki, sosial mediada onun yaradıcılığından bəhs edən kifayyət qədər yazılar var. Kim istəsə tapıb oxuya bilər…

Bu gün mən sizə onu mənalandıran, taleyini istiqamətləndirən adı barəsində söhbət açmaq istəyirəm. Axı, adın insan taleyində böyük rolu var. Gülnarə! Fars mənşəli qadın adı. Mənası “nar çiçəyi”, bəzi mənbələrdə isə “qırmızıyanaq” deməkdir. Bu adın fonosemantik- yəni səslə məna arasında əlaqə təhlili adın sahibinin cəsarətli, güclü, eyni zamanda sadə bir insan olduğunu söyləyir. Bu adı daşıyan adam istənilən şəraitə asanlıqla uyğunlaşır. Dəyişikliklərdən və gözlənilməz vəziyyətlərdən qorxmur. Amma o, heç vaxt qayda və qanunları pozmur. O, bir insan kimi sədaqət və davamlılığı ilə xarakterizə olunur. Yaşa dolduqca daha da sakitləşir, duyğularının öhdəsindən daha asan gəlir, qətiyyət və əzmkarlıq göstərir. Bu adı daşıyan qadın münasibətlərdə tələbkardır, amma diqqət və qayğıya ehtiyacı var. O, dinamik və temperamentlidir, necə hərəkət etməyi yaxşı bilir. Bəli, Gülnarə adının daşıyıcısı mehribandır, həssas və ünsiyyətcildir. Bu adın sahibi ideya çeşməsidir, dayanmadan qaynayır və bu ideyaları özü həyata keçirməyi xoşlayır. Vaxtını mənasız yerə itirməyi sevmir. Qarşısına həmişə müxtəlif hədəflər qoyur, sonra da israrla uğura doğru tələsir. Və bundan mənəvi zövq alır. Heç də təsadüfi deyil ki, çalışqanlğına və təşkilatçılıq qabiliyyətinə görə, onu yüksək qiymətləndirirlər. Elə ona görə də ötən illər ərzində parlaq karyera qura bilib…

Bəli, söhbət AYB-nin Sumqayıt bölməsinin sədri, şair, publisist Gülnarə Cəmaləddindən gedir. Yanvarın 27-si bu gözəl xanımın növbəti ad günüdür. Yəqin ki, dostları, həmkarları təbrik etmək üçün, daha çox onun yaradıcılığından söhbət açacaqlar. Mən isə atasının qoyduğu Gülnarə adının mənasını və mistik gücünü izah etməyə çalışdım…

…Yeni yaşınız mübarək, Gülnarə xanım!..

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I