Etiket arxivi: Salimas Babullaoglu

Sevil Azadqızı yazır

“Aprel melanxolik zümzümələr”

(Aprel şeirin bədii təhlili)

Səlim Babullaoğlunun Seyfəddin Hüseynliyə ithaf olunmuş “Aprel melanxolik zümzümələr” şeiri insanın daxili aləmi ilə təbiətin harmoniyasını (və ya ziddiyyətini) modern-fəlsəfi müstəvidə təqdim edən dərin bir mətndir.
Şeirdə aprel ayı – yazın gəlişi adi sevinclə deyil, melanxolik bir hüzn və intellektual sorğu-suala çəkmə prosesi ilə təsvir olunur. Müəllif yağışlı aprel havasını ruhun aynasına çevirir. Yağış burada həm təmizlik, həm də keçmişi xatırladan bir vasitədir.
“Yaddaşın çətri”: İnsanın xatirələrə sığınmasını, özünü keçmişin “yağışından” qorumağa çalışmasını ifadə edən orijinal tapıntıdır.
“Göy üzü – əcaib bir qapaz”: Buludlu göyün insanın ruhuna verdiyi ağırlıq, basqı hissi uğurlu metaforadır.
“Çölümdə paşa qürur, içim məğlub gizirəm”: Şeirin ən güclü bədii təzadıdır. İnsanın cəmiyyət içindəki dik duruşu ilə daxilindəki sarsıntıları, “məğlubiyyəti” arasındakı uçurumu göstərir.
Müəllif “Basat” və “Təpəgöz” obrazlarına toxunaraq, insanın dualist təbiətinə işarə edir. “Hamı bir az insandır: həm Basat, həm Təpəgöz” misrası ilə deyilir ki, hər bir insanın içində həm qəhrəmanlıq (xeyir), həm də canavarlıq (şər- eqo) eyni vaxtda mövcuddur.
Şeir həm klassik (nisan, əruz), həm də müasir (peyzaj, hayku, vitrin) terminlərin sintezindən ibarətdir. “Ya əruz, ya da hayku – fərq etməz” ifadəsi sənətin formasına deyil, mahiyyətinə – insandakı o qəribə boşluq hissinə diqqət çəkir.
Bu şeir aprel ayı timsalında insanın tənhalığını, yaddaşla mübarizəsini və daxili parçalanmasını “zümzümə” ritmində oxucuya ötürür. Müəllif sübut edir ki, hər şeyin sonunda “söz” qalır və insan öz ziddiyyətləri ilə gözəldir.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, dəyərli ziyalımız Salim müəllim!

15.04.2026

Müəllif: Sevil AZADQIZI

Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. AJB-nin üzvü.

SEVİL AZADQIZININ YAZILARI


SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Seyfəddin Hüseynlinin yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu – Aprel

Aprel
(Melanxolik zümzümələr)

Seyfəddin Hüseynliyə

Aprel bir az nisandır,
Çünki hər şey sözdür, söz.
Yağış bir az leysandır,
Qaçanlar da təpəgöz.

Yağmur yuyur vitrini,
Hava palçıq qoxuyur.
Yaddaşımın çətrini
Onun ətri saxlayır.

Qafamda həmin sükut,
Yenə həmin avazdır.
Göy üzü tutqun bulud,
Əcaib bir qapazdır.

Susur mənasız hay-küy,
Peyzaj boş və sürüşkən.
Ya əruz, ya da hayku –
Fərq etməz – sanki rişxənd.

Heç nə məni ovutmur,
Küçəboyu gəzirəm.
Çölümdə paşa qürur,
İçim məğlub gizirəm.

Yağış durur, dayanır,
Küçə dolur adamla.
Ağaclar sırğalanır
Ağappaq, damla-damla.

Aprel bir az nisandır,
Çünki hər şey sözdür, söz.
Hamı bir az insandır:
Həm Basat, həm Təpəgöz.

Müəllif: Səlim BABULLAOĞLU


SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Seyfəddin Hüseynlinin yazıları

Sevil Azadqızı “Aprel”dən yazır

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu – Fotolar

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ – FOTOLAR

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ

20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq  yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlu isimin altı halında

Səlim Babullaoğlu isimin altı halında…

(Dostluq şarjı)

SƏLİM öz adına layiq adamdır. Onun adı ərəb mənşəli olub, mənası “sağlam”, “salamat”, “qüsursuz”, “doğru”, “təhlükəsiz” və “etibarlı” deməkdir. Bu ad, əsasən sakit, dürüst, düşüncəli və ağlı başında olan xüsusiyyətləri təmsil edir…

SƏLİMİN daşıdığı adla tarixdə üç məşhur hökmdar olub- I Səlim, II Səlim və III Səlim…

SƏLİMƏ Allah xüsusi fərqlilik bəxş edib. Onun adına hətta “Səlimi təqvimi” də var. Bu təqvim tarixi mənbələrdə, xüsusilə Osmanlı dövründə Sultan I Səlimin (Yavuz) dövründə istifadə edilən və ya onunla əlaqələndirilən təqvim sistemidir və astronomik hesablamalarla bağlılığı olub…

SƏLİMİ sevməmək günahdır. Dədə-babalarımızdan miras qalan KİŞİLİK dəyərlərinin ağırlığını gələcəyə daşıyanlardandır…

SƏLİMDƏ xüsusi qüdrət var. Hündürlüyü 1 metr 70 santimetr, çəkisi 74 koloqram, eni 46 santimetr olsa da, hündürlüyü 8849 metr, çəkisi minlərlə tona bərabər, eni yüzlərlə kilometri əhatə edən Everest dağından da əzəmətlidir…

SƏLİMDƏN bədgüman olmaq Xeyirə qarşı çıxmaq, Şeytanın komandasında təmsil olunmaq deməkdir…

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Rumın yazıları” işıq üzü gördü – yeni kitab

Təxminən 1 il bundan əvvəl 2026-cı ildə tərcüməçi kimi fəaliyyətimi yekunlaşdıracağımı, bəzi son, nəzərdə tutduğum yarımçıq işlərimi bitirəcəyimi demişdim.
Rumıniya, Moldova istiqamətində gördüyümüz işlərin yekunu, hesabatı kimi “Rumın yazıları” kitabım nəşr edildi.
Bugünkü “Ədəbiyyat qəzeti”ndə “Minnətdarlıq və xatırlama…” adlı yazım dərc olundu ki, paylaşıram.

Minnətdarlıq və xatırlama…
“Rumın yazıları” işıq üzü gördü

Bu günlərdə Səlim Babullaoğlunun “Rumın yazıları” adlı məqalələr toplusu işıq üzü görüb.
“Zərdabi Nəşr”də işıq üzü görən kitaba Səlim Babullaoğlunun Rumıniya və Moldova poeziyası nümayəndələrinin – klassiklərdən tutmuş, çağdaşlara qədər, müxtəlif nəsilləri təmsil edən şairlərin – Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper və Nikolae Spetarunun 2017-2025-ci illərdə Azərbaycan dilində nəşr edilən kitabları, yaradıcılığı barədə yazıları daxil edilib. Müəllif kitabı indiyə qədər çap olunmuş şeir toplularının hazırlanmasına dəstək vermis dostu, tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzova ithaf edib. Kitabda haqqında bəhs açılan şairlərin yaradıcılığından, hərəsindən bir şeir olmaqla nümunələr də verilib, maraqlı fotoşəkillər, bu illər ərzində Azərbaycanda işıq üzü görən şeir kitabları və qəzet-jurnal publikasiyalarının biblioqrafik siyahısı təqdim olunub.
Bütün oxucu kateqoriyalarına ünvanlanan “Rumın yazıları” postsovet dövrü Azərbaycanla Rumıniya və Moldova arasında ədəbi əlaqələri, tərcümə məsələlərini və tərcüməşünaslığın problemlərini öyrənən tədqiqatçılar üçün əsaslı mənbə sayıla bilər.
Babullaoğlunun son söz yazısını oxuculara təqdim edirik.

2017-ci ilin martı, ya apreli idi. Xalq yazıçısı Çingiz Abdullayevdən zəng gəldi. Dedi ki, Moldovanın Bakıdakı səfiri cənab George Leuka sənə zəng eləmək istəyir, “nömrənizi verə bilərəmmi?” deyə soruşdu. “Ola bilsin, Kişineuya, festivala gedəsiniz. Anar müəllimlə məsləhətləşdik, siz bizim Bədii Tərcümə Mərkəzinin rəhbərisiniz, əlaqə də yaradarsız …” – dedi.
Getdim, Kişineu və Moldovayla, rumındilli ədiblər, o cümlədən, rumınlar ilə tanışlığım, 8 ilə yaxın uzanan yolçuluq beləcə başladı. Amma o səfərin, 2017-ci ildə Kişineuda keçirilən “Avropa Şairlərinin Baharı” VII Beynəlxalq Poeziya Festivalında iştirakımın ən böyük nəticəsi Vüqar Novruzovla görüşümüz, tanışlığımız oldu.
Bir vaxtlar eyni siyasi coğrafiyada yaşadığımız Moldova, dil baxımından elə Rumıniya da hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun alın yazısıydı, əsgərliyini orada çəkmiş, hüquq təhsili almış, 15 il Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş, bu günə qədər rəhbəri olduğu “Azmol Group” Holdinqi qurmuşdu. Vüqar Novruzov sıradan iş adamı deyil. Şəxsi həyatında və gündəlik davranışında sözün gücünü hiss edən və hiss etdirən, ədəbiyyata və sözə dərindən bağlı olan Vüqar bəy Azərbaycan və Moldova arasında sarsılmaz, təmənnasız, canlı körpüdür. Onun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Anar, Elçin, Vaqif Səmədoğlu, Çingiz Abdullayev, Əjdər Ol, Fərid Hüseyn və başqa ədiblərimizin kitabları, 30-a yaxın azərbaycanlı müəllifin əsəri toplanmış “Çağdaş Azərbaycan nəsri” antologiyası, Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper, Nikolae Spetaru və İqor Volnitskinin, eləcə də başqa rumın ədiblərinin kitabı, 40-dan artıq Moldova şair və yazıçısının əsəri toplanmış “Dünya ədəbiyyatı” dərgisi “Moldova ədəbiyyatı” xüsusi sayının hazırlanması və nəşri mümkün olub; 2018-ci ildə Kişineuda “Azərbaycan ədəbiyyatı günləri”, Bakıda “Moldova ədəbiyyatı günləri” keçirilib; 5 il ərzində Kişineuda təşkil olunan “Avropa Şairlərinin Baharı” Beynəlxalq Şeir Festivalında və başqa, o cümlədən, həm də Rumıniyada keçirilən ədəbiyyat tədbirlərində Azərbaycan ədiblərinin iştirakı təmin edilib; Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mümkün olub.
Bu sadalananlar son 8 ildə gerçəkləşməsində şəxsən iştirak etdiyim, məhz Vüqar Novruzovun dəstək verdiyi böyük işlərin bir hissəsiydi. Vüqar Novruzov həm bu illər, həm də Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etdiyi əvvəlki uzun illər ərzində xeyli başqa kitabların, elmi və populyar ədəbiyyatın nəşrinə, Qarabağ həqiqətlərinin Moldovada və Rumıniyada təbliğinə, Azərbaycanla bağlı kitabların çapına, həm Bakıda, həm Kişineuda təşkil olunan onlarla mədəni tədbirlərin təşkilinə ardıcıl dəstək verib. Onun təşəbbüsü və köməyi ilə 2004-cü ildə Kişineuda Nizami parkı salınıb, parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü qoyulub, Moldovanın Sıncerey şəhərində “Dostluq qapısı” abidəsi ucaldılıb. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Vüqar Novruzovun fəaliyyəti həm Moldova dövləti, həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, müxtəlif vaxtlarda Moldova prezidentlərinin fərmanlarıyla “Gloria Muncii” və Moldovanın ali dövlət mükafatı olan “Respublika” ordenləriylə təltif olunub. Əlinizdə tutduğunuz kitabda – “Rumın yazıları”nda barəsində yazılar toplanmış Moldova və Rumıniya ədiblərinin Azərbaycan dilindəki kitablarının (bu yazılar 8 il ərzində ərsəyə gələn, tərcüməçisi olduğum 11 kitaba Ön söz, son söz və rəylər kimi qələmə alınıb) tərcüməsi və çapı da məhz hazırkı nəşrin ithaf ünvanı Vüqar Novruzovun dəstəyi, bir çox hallarda isə onun təşəbbüsü ilə mümkün olub ki, mən indi bunu dərin minnətdarlıq hissi ilə xatırlayır, məmnuniyyətlə qeyd edirəm.


İndi təxminən, qırx üç il əvvələ qayıdıb, rumın ədəbiyyatı adına ilk oxuduğum mətni xatırlamağa çalışıram. “Pəhləvan Ageran” nağılıydı. 1976-cı il nəşri. Əli Bayramlıda evimizdən çox da aralıda olmayan (ayaqla 3-5 dəqiqəlik yoldu) kitabxana vardı; uşaqlar, yeniyetmələr, bəlkə də, məktəblilər üçündü, qarışdıra bilərəm. Elə şənbələr vardı ki, gün ərzində üç dəfə baş çəkirdim kitabxanaya. 30-40 səhifəlik kitabları bir-iki saata oxuyub geri qaytarır, təzəsini götürürdüm. Amma rumın nağılları ilə vəziyyət başqa cür olmuşdu. Kitab qalındı və mən həmin kitabdan, nağıllardan haradasa, bir həftə-on gün ayrılmadım.
Sonradan absurd teatrının banisi rumın əsilli fransız dramaturqu Ejen İoneskunun “La Salutation” (mən “Hal-əhval” kimi çevirərdim əsərin adını) qısa pyesini, bəlkə də, indiki dəblə desək, sketçi oxudum; İonesku mənim “üzləşdiyim” ikinci rumındı, 1997-ci ildən danışıram. Sonra Emil Çoranla “tanış oldum”, “Tarixin sonundan sonra” əsəriylə, daha doğrusu, bu əsərin fraqmentləriylə, bir də “islaholunmaz sonuncu pessimist”in 2003-cü ildə oxuduğum aforizmləri ilə; “şüur barmağına batmış tikan deyil ki, bədəninə sancılmış xəncərdir” fikri, filosofun bir çox başqa əqli nəticələri kimi sarsıtmışdı məni.
Əsərlərini oxuduğum rumınların sırasına rumındilli ədəbiyyatın klassiki Eminesku da əlavə olundu, 2004, ya da 2005-ci ildi gərək ki. Bu yerdə hər nə qədər utansam belə, bir etiraf da etməliyəm: bir vaxtlar moldovan adlandırdığımız insanların elə rumın, “moldav dili” dediyimiz dilin isə elə “rumın dili” olduğunu mən həmin illərdə öyrəndim. 2009-cu ildə mən adını sonradan sevdiyim Şərqi Avropa şairlərinin siyahısına əlavə etdiyim Qriqore Vyerunun bir neçə şeirini oxudum, Ramiz Rövşənin tərcüməsində, “Xəzər” jurnalında; bu böyük şairin yaradıcılığına mən 15 il sonra əsaslı şəkildə baş vuracaqdım.


2017-2025-ci illərdə mən müxtəlif nəsilləri təmsil edən və müxtəlif ədəbi çəkiyə malik Moldova şairləri – Qriqore Vyeru, İon Hadırka, Leo Butnaru, Arkadie Suçevyanu, Nikolae Spetaru, Qriqore Kiper, Marqareta Kurtesku, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Viktoriya Fonari, Olqa Xodova, Todur Zanet, Olqa Radova-Karanastas və Güllü Qərənfilin (Qaqauz Yerindən olan sonuncu üç şair, həm türkdilli ədəbiyyatın, həm də Moldova ədəbiyyatının təmsilçiləridir) Rumıniya şairləri – Ana Blandiana, İon Deakonesku, Nikita Danilov, Adi Kristi və Daniel Korbunun, eləcə də Rumıniya və Moldova ədəbiyyatının, rumındilli ədəbiyyatın ortaq klassiki Mihay Emineskunun poeziyasını ana dilimizə çevirdim; bir çox tərcümələr kitablaşdı, 11 poetik toplu ərsəyə gəldi ki, bu prosesdə mən dəyərli həmkarlarım, şairlər, tərcüməçilər, alimlər – adını ilk növbədə qeyd etmək istədiyim tarix və filologiya üzrə fəlsəfə doktoru J.İsmayıl, professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmovla əməkdaşlıq etdim; “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, dərginin Moldova və Rumıniya xüsusi saylarının hazırlanmasında böyük zəhməti olan həmkarım, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli ilə ortaq işlədim, həm adıçəkilən rumın şairlərin yaradıcılığı, bütövlükdə isə rumındilli poeziya ilə bağlı xeyli materiallar oxudum. Şərqi Avropa coğrafiyasının ən unikal poetik ərazisini – Moldova və Rumıniyanı yaxından tanıdım. İş elə gətirdi ki, Blandiana, Hadırka, Deakonesku, Suçevyanu, Butnaru, Spetaru, Kiper, Kurtesku, Miroslava Metlyayeva, Kristi, Korbu, Danilov, Mariya və İvan Pilkinlər, Todur Zanet, Viktoriya Fonari, Olqa Radova-Karanastas və əsərlərini tərcümə etmədiyim İqor Volnitski, Boris Marian, Teo Kiriak, Moni Stanila, Dumitru Krudu, Vladimir Lorçenkov və onlarla başqalarıyla Bakıda, Kişineuda, Ankarada, İstanbulda, Yaşda, Krayovada, Moskvada, Qdanskda dəfələrlə görüşdüm. Nikolae Spetaru ilə münasibətlərimiz dostluğa çevrildi və o mənim tərcümələr üzərində işlədiyim zaman ən yaxın, təmənnasız məsləhətçim olmaqdan usanmadı. Öz-özünə, planlaşdırılması mümkün olmayan bir proses başladı və Azərbaycan oxucusunun ixtiyarına buraxılan, az əvvəl söylədiyim kimi, 11 şeir kitabıyla bitdi, deyə bilərəm.
Əlbəttə, həm bu kitablara daxil edilən şeirlər, həm də həmin şeirlərin tərcümə səviyyəsi haqqında fərqli fikirlər ola bilər. Necə ki, illər sonra mən öz tərcümələrimə baxanda müəyyən şeyləri başqa cür eləməyin mümkünlüyünü daha aydın hiss edir, təsdiq edirəm ki, yaradıcılıq, həmçinin tərcümə işi nəhayətsiz redaktə prosesidir bir az da. Amma ümid edirəm, sonradan bir faktı təsdiqləyənlər az olmayacaq ki, bu 8 il rumındilli ədəbiyyatın, xüsusən, poeziyanın ana dilimizə çevrilməsinin təkcə 34 illik müstəqillik dövründə deyil, hətta 70 ilə yaxın “sovet epoxası”nda da ən məhsuldar dövrü sayıla bilər.
Bu illər ərzində nəşr olunan kitabların həm Azərbaycanda, həm Moldova və Rumıniyada təqdimatları oldu, “ədəbiyyat günləri”, festivallar, tədbirlər keçirildi. Mən Moldovanın Azərbaycandakı səfirləri – George Leuka, Alexsander Esaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə dəfələrlə ünisyyətdə oldum, cənab Soare ilə isti dostluq münasibətlərimiz də formalaşdı ki, mən indi bu şəxslərin hamısına səmimiyyətlə təşəkkür edirəm.
Yeri gəlmişkən, Mihay Emineskunun Vüqar Novruzovun dəstəyi ilə hazırladığımız şeirlərindən xəbər tutan (onda hələ biz öz Bakı nəşrimizi çapa verməmişdik) Rumıniyanın Bakıdakı səfiri cənab Vasile Soare Azərbaycandakı diplomatik fəaliyyətinin ilk aylarında tərcümələri bizdən istəyərək ilk nəşri də gerçəkləşdirmişdi.
Kitablara daxil edilmiş şeirlər zamanında tərcümə edilə-edilə “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, “525-ci qəzet”, “Mütərcim” toplusu, “Elm” qəzeti, AMEA-nın saytı, www.kulis.az, www. mustaqil.az, www.manera.az, www. zefernews, www. yazarlar.az və b. elektron resurslarda dərc olunmuşdu.
Kitablar çap edildikdən sonra isə onların təqdimatları (bəzən müəlliflərinin iştirakı ilə) yuxarıda adını çəkdiyim elektron KİV-lə yanaşı, AzTV, “Mədəniyyət” kanalı, Real TV, Baku TV, Reaksiya TV və başqa televiziya və internet kanallarında geniş təbliğ olunmuş, işıqlandırılmışdı.
Bu təqdimatların keçirilməsində Bakı Kitab Mərkəzi, AMEA Ədəbiyyat İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Milli İncəsənət Muzeyi, Muğam Mərkəzi bizə, Azərbaycan Yazıçılar Birliyinə yaxından köməklik göstərmişdi. Mən adıçəkilən bütün qurumlara və KİV-ə minnətdarlıq edirəm.
Amma bu müddət ərzində, daha doğrusu, bir dövrün sonuna yaxın (ümid edirəm ki, başqa bir dövrün və prosesin başlanğıcında), ola bilsin, başqaları üçün əhəmiyyətli görünməyən bir şəxsi sual məni ciddi şəkildə düşündürür. Bu prosesdə daha çox kim olaraq iştirak etmişdim? Tərcüməçi kimimi, ya ədəbi işin təşkilatçısı olaraq, öz vəzifə borcunu yerinə yetirən şəxs qismindəmi?
Hər halda xatırlayıram, 2023-cü il yanvar ayının ilk günlərində mən ölüm yatağında olan atamın çarpayısı başında ona qulluq edirdim, elə gecələr, gündüzlər olurdu ki, 40-50 dəfə, bəlkə də, daha çox ona su verir, dodaqlarını isladır, yatağında rahat olsun deyə, yerini azacıq da olsa dəyişirdim. Və bu işlərin arasında 2-3 dəqiqəlik fasilələrdə Emineskunun nəşriyyata göndərməli olduğum kitabının (kitab yanvarın 14-nə qədər nəşr olunmalıydı) son oxusuna baş vurur, redaktə eləməyə çalışırdım, bilmirəm, bəlkə də, özümü ovutmağa, ölümü yox, həyatı düşünməyə çalışırdım. Amma atamın tez-tez halsız səslə saatı soruşmağı yenə də həyatdan yox, ölümdən danışır, ölümü xatırladırdı; adətən həyatımızı, günümüzü planlaşdırmağa xidmət edən zamanın, saatın, sən demə, daha çox ölümü xatırlatmalı olduğunu mən ilk dəfə belə aydın-açıq hiss etdim. Atam yanvarın 15-i, Emineskunun doğum günündə vəfat etdi: bu isə ağlagəlməz həyat-ölüm qafiləsinin təklif etdiyi ağrılı qafiyələr idi. İki il sonra, yəni indi anlayıram, bütün işlər həmişə yarımçıq qalacaq.


Kollektiv, ictimai təcrübə və yaşantılarla şəxsi təcrübə və yaşantıların arasında əsas əlaqə ədəbiyyat və xüsusən, ali nitq hadisəsi kimi poeziya vasitəsiylə qurulur. Çılpaq, soyuq, zahiri hadisələr, faktlar, statistika ilə daxili, batini hadisələr – hisslərimiz, fikirlərimiz az-çox düşünən adamların içindəki iki səs kimi bizi ömrü boyu müşayiət edir. Poeziya bu iki, sanki həm özgə dillərdə danışanların öz aralarında, ortaq məxrəcə gəlib bütünləşəndə isə həm də onlar ilə cəmiyyət arasında dilmanc, tərcüməçi rolunu oynayır. Rumın şairlərin şeirlərini tərcümə edərkən mən bu fikrin bir daha təsdiqini tapdım.

Həyatının yetkinlik illərində Şərqi Avropa ədəbiyyatının, poeziyasının, belə demək mümkünsə, muxtariyyəti, özəlliyi haqda tez-tez danışan, bu ədəbiyyatın ümum-Avropa ədəbiyyatı, mədəniyyəti kontekstində bir çox hallarda gözardı edilməsi ilə heç vaxt barışmayan, XX əsrin görkəmli şairlərindən biri, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, böyük polyak düşünər Çeslav Miloş (1911-2004) yazırdı: “Avropa mədəniyyəti xeyir və şər, həqiqət və yalan kimi aydın meyarların itirildiyi, fərdlərin isə dəyərləri təhrif etməkdə təcrübəli və güclü olan kollektiv hərəkatların oyuncağına çevrildiyi bir mərhələyə qədəm qoyub. Nəticədə, hər gün qara ağa, cinayət tərifəlayiq əmələ, aşkar yalan isə hər kəs üçün məcburi doqmaya/ehkama çevrilir…”
Bu fikirlərlə razılaşmamaq olmur; üstəgəl, düşünürəm ki, Avropa mədəniyyəti deyərkən, pan Miloş yalnız siyasi-coğrafi ərazi olaraq Avropadan bəhs etmir, 300 ildir ki, dominantlıq təşkil edən bir mədəniyyətin ərazisindən, əslində bütün sivil dünyadan bəhs edirdi. Məsələ budur ki, Avropa xalqlarının poeziyasının böyük “kütləsi” bu dövr ərzində həm də Miloşun dediyi çöküşə refleksiya, reaksiya kimi meydana çıxıb; fikirləşirəm ki, mənim tərcüməçilik fəaliyyətimin, ya şüurlu, ya təhtəlşüur, bizim ərazilərdə – Qafqazda, Orta Asiyada, müsəlman və türk Şərqində baş verməkdə olan mənəvi çöküşü önləmək kimi bir hərəkətverici qüvvəsi, niyyəti, sadəlövh bir inam olub. Təbii, bu cür işlərdə heç bir və qəti müvəffəqlikdən söz gedə bilməz. Hər necəsə, dəyərli oxucuların əlində tutduğu bu kitab və bu kitaba yazılmış son söz poeziya tərcüməçisi kimi fəaliyyətinə son verməkdə olan bir adamın bir az hesabatı, daha çox minnətdarlığı və xatırlaması idi.

10 dekabr 2025-ci il

Mənbə və müəllif: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi

SƏLİM BABULLAOĞLUNUN DİGƏR YAZILARI


DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MİN SÖZ DEYƏN BİR AN

MİN SÖZ DEYƏN BİR AN

(esse)

Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:

Biri gələcəkdir, o biri keçmiş,
İndiki zamanda qoşa, mehriban.
Gələnə gedənin sözü çox qısa:
Yükün çox ağırdır, yaşa mehriban!

Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:

Dədə Qorqud deyir: – dinlə Qazan xan,
O qədər olacaq oyun pozan xan,
Ağılına gələni şeir yazan xan,
Hamısın yola ver, yaşa mehriban!

Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:

Bizik söz mülkünün sədri-əzəmi,
Çox olub bu mülkün xəstə, cüzəmi,
Heç zaman söyləmə: – qalıb bizəmi?!
Hamısın yola ver, yaşa mehriban!

Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:

Ustac şəklə baxır, şəkildə yoxdur,
Oxumaqda acdır, yazmaqda toxdur,
Dədənin sözündə həqiqət çoxdur:
“Hamısın yola ver, yaşa mehriban!

Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!

07.01.2015 – 5:10. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SENTYABR SARISININ SƏSSİZ SARSINTISI

Sentyabr. Eylül. Veresen. September

YETMİŞ YEDDİNCİ YAZI

SENTYABR SARISININ SƏSSİZ SARSINTISI
(Səlim Babullaoğlu şeirində güzun güzəranı)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimizin mövzusu tanınmış şair Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri haqqında olacaq. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim etmək istəyirəm.
QIŞA ARAYIŞ
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq  yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri əvəzsizdir. Bir yaradıcı şəxs kimi təkcə öz uğurları üçün deyil, ümumilikdə ədəbiyyat, kitab, kitabçılıq adına onun gördüyü bütün işlər təqdirəlayiqdir. Bu yazını yazdığım gün Səlim Babullaoğlunun 53 yaşı tamam olur. Şairi doğum günü münasibətilə təbrik edir, tutduğu yolda bolluca uğur arzulayıram!
Yuxarıda qeyd etdiyim kimi, bu yazımda bütün digər fəaliyyətlərini bir kənara qoyub, müəzzəm bir şeir haqqında söhbət edəcəyik:

Sentyabr. Eylül. Veresen. September

Sentyabr – il təqviminin sadəcə bir vərəqi deyil. O, zamanın içində səssizcə yetişən bir xatirədir. Payızın ilk nəfəsidir. Sarı rəngin, kədərin, yüngül, amma dərin melanxoliyanın ilk cümləsidir. Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri də məhz bu nəfəsdir: dörd dildə bir ayın adı, dörd tərəfdən eyni duyğunun səsləndiyi bir poeziya aləmi.
HAŞİYƏ
Sentyabr. Eylül. Veresen. September
eyni ayı – sentyabrı – müxtəlif dillərdə verir:
Azərbaycan: Sentyabr
Türk: Eylül
Ukraynaca (Slavyan mənşəli): Veresen
İngiliscə: September
Bu, ayın müxtəlif mədəniyyətlər və dillərdə eyni kədərli payız duyğusu ilə yaşanmasını vurğulayan poetik bir üsuldur.
Şair bir ayı sadəcə adlandırmır – onu yaşayır, ona çevrilir, onun ritmində danışır. Şeirin ilk sətri artıq bir manifestdir. Sentyabr bir coğrafiya deyil, bir xəyal durumudur. Ay sanki dörd dilin arasında dolaşır, sözlərin səddini aşır, “yerlə göyün arasında” gizli bir təlatümü çatdırır.
Dil dəyişir, duyğu dəyişmir:
Sentyabr.
Eylül.
Veresen.
September.
Dörd ayrı söz, dörd ayrı mədəniyyət. Və eyni sarı rəng, eyni kədər.
Sanki dünya kiçilib bir vərəqə yerləşib: yağış köndələndən yağır, külək göz doldurur, yarpaqlar qəpik kimi səpələnir. Şairin poetik kamerası geniş panoramı çəkmir – o, detalı göstərir: tozlu əlcək, sapsarı arı, çətir çiçəyi, köynəyin altındakı ürək. Bütün bunlar payızın metaforasıdır. Və bu metafora heç vaxt təmtəraq axtarmır. O sadədir, ləngərsizdir və buna görə də təsirlidir. Yarpaq bir rəngdə olsa da, şair onu müxtəlif rakurslardan çəpandazı süzərək, gah gözlərini qıyır, gah da daha geniş açaraq təbiətin möcüzəsi olan payız səhnələrini öz gördüyü kimi müxtəlif spektrli çalarlala bizə təqdim edir. Müəllifin baxış bucağı saniyələr çərçivəsində dəyişdikcə dillər və coğrafi sərhədlər dəyişsə də insan və onun hissləri dəyişməz olaraq qalır.
Şeirdə ayların dilini dəyişmək, sanki mədəniyyətlərin arasında sərhədsiz bir təcrübə yaratmaq deməkdir. Təqvimlər “özünü biyabır” eləyir: çünki insan onsuz da bilir – payız gəlib. Təqvimə baxmağa ehtiyac yoxdur. Güz gözün içindədir.


Şeirin ikinci bölümü sükutun fəlsəfəsinə dayanır. Sükut – qalib gəlir. Sözlər, dillər, təqvimlər yarışır, amma sonunda barmağını dodaqlarına qoyan bir səssizlik hamını susdurur. Qələmin ucu şimşək kimi “çaxanda” çiçək açan çətirlər həm qorunma, həm də təslimiyyət simvoludur.
Bu mənzərənin içində bir kədərli insan obrazı peyda olur – sədəqə istəyən. Şair ona pul verir, təbəssüm verir, diləyir: “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”  Bu, yalnız bir sosial səhnə deyil. Payızın içində insanın insana son sığınmasıdır. Pəncərənin dalından göyə uçan sözlər insanın içində yaşarıb gözə çevrilir.
Üçüncü bölümdə göy üzünün “tənbəl-tənbəl” ağarması – həyatın ritminin yavaşımasıdır. Məğrurluq miskindir burada. Çünki insan əvvəldən göylərə məğlubdur. Payızın fəlsəfəsi də budur: “Biz ki göylərə əvvəldən məğlubuq.”
İmre Kertesin açıq qalmış kitabı – yaddaşın, tarixin, fəlsəfənin bir simvoludur. Vərəqlər geri çevrilir, amma ömür geri dönmür. “Еh… kaş…” misrasının nəfəsi oxucunun sinəsində səslənir.
Həqiqət yalanlardan daha ağırdır. Buna görə süni gülün üzərində qalan miçək öpüşü belə təsirlidir. İnsan yalanı dinləməyə alışır. Çünki yalan sığallayır, həqiqət isə üşüdür.
Şeir finalda sanki kinonun son kadrı kimi dayanır. İşıq, kölgə, qızarmış üfüq, frigid qadıntək bir qələm. Və divarda bitən sevgi oyunu. Film bitir. Payız isə bitmir. Çünki payız yalnız bir fəsil deyil, insan ruhunun halıdır.
Bu şeir bir fəsil (ay) haqqında deyil – insanın öz içindəki payız haqqındadır. Sarı rəng və kədər, qüssəli tembr… Bunlar yalnız təbiətin deyil, düşüncənin rəngləridir.
Səlim Babullaoğlu payızı dilə gətirmir – payızı dildən azad edir. Ona görə dörd dil eyni nəfəsdə səslənir. Bu şeir coğrafi deyil, metafizikadır. Bu şeir fiziki təqvim deyil, ruh təqvimidir.
“Sentyabr. Eylül. Veresen. September” – təqvim dəyişəndə deyil, insan dəyişəndə başlayan bir aydır, ömrün payızdır.
O səssiz fırtınadır.
Sapsarı təlatümdür.
Bir tozlu əlcəkdir pəncərə önündə.
Dünyadan əl çəkmək yox, dünyanı sakitcə seyr etməkdir.
Bu şeir həm mətn, həm də güzgüdür. Payız hər kəsə bir başqa cür görünür. Amma sarı rəng hamının kədərinə uyğundur.
Və sual hələ açıqdır: Sentyabr, Eylül, Veresen, September… Adın nə fərqi var? Ay həmin aydır. İnsan, həmin insandır. “Payız” və ya “güz” de, nə fərq edər, fəsil həmin fəsildir, insan həmin insan…
Ayın adı dəyişir. Duyğunun adı dəyişmir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum. Allah amanında.

10.12.2025. – Bakı .

Şeiri buradan oxumaq mümkündür: >>

|>>Sentyabr. Eylül. Veresen. September

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Sentyabr. Eylül. Veresen. September

Sentyabr. Eylül. Veresen. September

1.

Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundu.
Diş yoxdu, deməli işlər də yoğundu:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da tamahın itidi.

Eylül, veresen, september, sentyabr
işğal eləyir bütün diyarı
köndələn yağışla, gözdeşən küləklə.
Sonrası rəsmdi: nə toxun, nə rənglə!
Payızdı. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.

Veresen.September. Sentyabr. Eylül.
Yarpaqlar qəpik tək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri, görürsüz.
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!

September. Sentyabr. Eylül. Veresen.
Ad üçün hansı söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən var ipisti.

2.

Sentyabr.Eylül. Veresen.September.
Lüğətlər arası ən adi tender
qalib edərdi yəqin ki sükutu.
Sonrası nöqtədi: qələmin ucu;
o isə lap çoxdan yazıbdı: şimşək
çaxanda açacaq çətirlər çiçəktək.

Eylül.Veresen. September. Sentyabr.
Təqvimlər özünü eləyir biyabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdı təqvimlər həyatla.
Açıqdı pəncərə, uçuşur bir arı.
Onun da rəngi sənintək sapsarı.

Veresen. September. Sentyabr. Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nida tək siqaret kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında ağappaq köynəyin.

September. Sentyabr. Eylül. Veresen.
Sədəqə istəyir birisi, verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
“Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”-
qapının dalından sezilən sözlərin
ünvanı göylərdi. Yaşarır gözlərin.

3.

Sentyabr. Eylül. Veresen. September.
Göyüzü ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon yürüşü
geridə buraxır uçağı və quşu.
Miskindi bu yerdə hər hansı məğrurluq.
Biz ki göylərə əvvəldən məğlubuq.

Eylül. Veresen.September. Sentyabr.
Gecələr mavrdı, səhərlər kentavr
gödəni, bədəni, rəngi ilə hər kəs.
Divanda açıqdı İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır… eh…kaş…

Veresen. September.Sentyabr. Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur müğənni:
“Dərdimi göylərə danışsam alışar…”
Eybi yox, qulaqlar buna da alışar …

September. Sentyabr. Eylül. Veresen.
Frigid qadıntək qələmdən bezirsən.
Üfüqü qızardan qürubun şəfəqi
güldanda bərq vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.

Müəllif və mənbə: Səlim Babullaoğlu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hörmətli Salim Babullaoğlu, təbrik edirik!

Hörmətli Salim Babullaoğlu!

Azərbaycan Yazıçılar Birliyi adından doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Siz müasir ədəbiyyatımızın ən önəmli şairlərindən biri kimi dərin fəlsəfi məzmunu, orijinal poetik üslubu və özünəməxsus yaradıcılıq xəttinizlə seçilirsiniz. Kitablarınız ölkəmizdə geniş tirajla nəşr olunur, xarici ölkələrdə çap edilir, müxtəlif dillərə tərcümələri isə Sizin poetik səsinizi beynəlxalq ədəbi mühitə daha da yaxınlaşdırır.
Şeirə, bədii tərcüməyə və ədəbi tənqidə verdiyiniz töhfələr ölkədə və ölkə xaricində yüksək qiymətləndirilmişdir. Layiq görüldüyünüz mükafatlar uzun illər ərzində göstərdiyiniz fədakar yaradıcılıq fəaliyyətinin, sənətkarlığınızın və sözə olan məsuliyyətinizin bariz göstəricisidir.
Ədəbi layihələrdə, beynəlxalq proqramlarda və nəşr təşəbbüslərindəki iştirakınız Azərbaycan ədəbiyyatının dünyaya layiqincə təqdim olunmasına, mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yaradıcılığınızda davamlı ilham, yeni uğurlar və geniş oxucu rəğbəti arzu edirik. Hər yeni əsəriniz Sizə həm sevinc, həm də yeni üfüqlər gətirsin.

Dərin hörmətlə,
Elvira Atluxanova
Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytının
baş redaktoru

Уважаемый Салим Бабуллаоглы!

От имени Союза писателей Азербайджана примите наши сердечные поздравления по случаю Вашего дня рождения.
Вы являетесь одним из наиболее значимых поэтов современности, чьё творчество отличается особой глубиной, философской насыщенностью и ярко выраженным индивидуальным стилем. Ваши книги издаются широкими тиражами в Азербайджане, публикуются за рубежом, а переводы на различные языки делают Ваш голос узнаваемым и весомым в международном литературном пространстве.
Ваш вклад в развитие поэтической мысли, художественного перевода и литературной критики получил высокую оценку как в стране, так и за её пределами. Награды и премии, которых Вы удостоены, служат признанием многолетнего самоотверженного труда, тонкого мастерства и неослабевающей творческой ответственности перед словом.
Ваше участие в литературных проектах, международных программах и издательских инициативах способствует укреплению культурных связей и достойному представлению азербайджанской литературы мировому читателю.
В этот знаменательный день желаем Вам крепкого здоровья, долгих лет плодотворного творчества, новых вдохновений и больших читательских успехов. Пусть каждый Ваш новый труд приносит радость, признание и открывает новые горизонты

С глубоким уважением,
Эльвира Атлуханова
главный редактор официального сайта
Союза писателей Азербайджана (СПА)

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I