14 fevral – Sərhədsiz səhifələr

Sərhədsiz səhifələr
Fevralın bu soyuq günündə pəncərələri döyən külək sanki bizə unudulmuş bir həqiqəti pıçıldayır. Bu gün həm də kitabların o kağızdan qanadları olan xəyal gəmilərinin bir sahildən digərinə köçdüyü gündür. Beynəlxalq Kitab Bağışlama günü, əslində, bir insanın öz daxili dünyasının qapılarını başqasının üzünə taybatay açmasıdır. Çünki birinə kitab vermək, ona sadəcə kağız topası yox, həm də öz keçmişini, altını cızdığın o tənha sətirləri və ruhunu titrədən o gizli sirləri əmanət etməkdir.
Təsəvvür edin ki, illərdir rəfinizdə sükutla gözləyən, vərəqləri bir az saralmış, kənarları bəlkə də bir az bükülmüş o köhnə kitab yenidən canlanır. Siz onu rəfdən götürüb bir dostunuza, bir tanışınıza, hətta bəlkə də heç tanımadığınız bir uşağa uzatdığınız an, o kitabın taleyi yenidən yazılır. Sizin bitirdiyiniz yerdə başqasının hekayəsi başlayır. Tozlu səhifələr yeni bir gözün nuruyla işıqlanır, yeni bir ürəyin döyüntüsünə qovuşur. Kitablar paylaşıldıqca çoxalan, hədiyyə edildikcə sahibini zənginləşdirən yeganə xəzinədir.
Kitab bağışlamaq bir insana özünü dəyrli hiss etdirməyin ən nəzakətli yoludur. Bəlkə də bağışladığınız o kiçik hekayə kiminsə ən qaranlıq gecəsində bir mayak tək parlayacaq, bəlkə də həyatın yollarında büdrəyən bir gəncə yol göstərən qütb ulduzu olacaq. Bir kitabı bir parkın oturacağında, bir kafenin küncündə və ya avtobus dayanacağında “sahibini gözləyən sürpriz” kimi qoyub getmək, dünyanın ən gözəl gizli dostluğuna imza atmaqdır. Taleyin o kitabı kimin qarşısına çıxaracağını bilməsəniz də, bir insanın dünyasını dəyişmək ehtimalının həyəcanı bütün soyuğu isitməyə yetir.
Gəlin bu gün rəflərimizdəki sükutu pozaq. Qoy kitablar öz rəflərindən azad olub şəhərin küçələrinə, insanların qəlbinə süzülsün. Bir uşağın ilk dəfə nağıllar aləminə addım atmasına, bir qocanın köhnə xatirələrini vərəqləməsinə vəsilə olaq. Çünki bağışlanan hər bir kitab, bir insanın ruhunda açılan yeni bir pəncərədir və o pəncərədən görünən dünya həmişə daha gözəl, daha mənalı olur. Bu gün qəlbimizdən keçən bir hekayəni başqasının həyatına qataq və unudulmaz bir izin başlanğıcını qoyaq.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir