Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Xəlil Mirzə:
“Dəyərli dostum, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü Əli Bəy Azəri redaktoru olduğu, tanınmış özbək yazıçısı Züleyxa Maşərifovanın Azərbaycan dilinə tərcümə edilmiş “İntiqam hissi” kitabını (romanını) mənə hədiyyə etdi. Yenicə çapdan çıxmış bu roman müəllifin Azərbaycan oxucuları ilə ilk görüşüdür və kriminal-dedektiv mövzusunda yazılmışdır. Əsəri özbəkcədən Rəhman Babacan dilimizə tərcümə etmişdir. Dəyərli hədiyyə üçün Əli bəy Azəriyə dərin təşəkkürümü bildirirəm!”
Sərhədsiz səhifələr Fevralın bu soyuq günündə pəncərələri döyən külək sanki bizə unudulmuş bir həqiqəti pıçıldayır. Bu gün həm də kitabların o kağızdan qanadları olan xəyal gəmilərinin bir sahildən digərinə köçdüyü gündür. Beynəlxalq Kitab Bağışlama günü, əslində, bir insanın öz daxili dünyasının qapılarını başqasının üzünə taybatay açmasıdır. Çünki birinə kitab vermək, ona sadəcə kağız topası yox, həm də öz keçmişini, altını cızdığın o tənha sətirləri və ruhunu titrədən o gizli sirləri əmanət etməkdir. Təsəvvür edin ki, illərdir rəfinizdə sükutla gözləyən, vərəqləri bir az saralmış, kənarları bəlkə də bir az bükülmüş o köhnə kitab yenidən canlanır. Siz onu rəfdən götürüb bir dostunuza, bir tanışınıza, hətta bəlkə də heç tanımadığınız bir uşağa uzatdığınız an, o kitabın taleyi yenidən yazılır. Sizin bitirdiyiniz yerdə başqasının hekayəsi başlayır. Tozlu səhifələr yeni bir gözün nuruyla işıqlanır, yeni bir ürəyin döyüntüsünə qovuşur. Kitablar paylaşıldıqca çoxalan, hədiyyə edildikcə sahibini zənginləşdirən yeganə xəzinədir. Kitab bağışlamaq bir insana özünü dəyrli hiss etdirməyin ən nəzakətli yoludur. Bəlkə də bağışladığınız o kiçik hekayə kiminsə ən qaranlıq gecəsində bir mayak tək parlayacaq, bəlkə də həyatın yollarında büdrəyən bir gəncə yol göstərən qütb ulduzu olacaq. Bir kitabı bir parkın oturacağında, bir kafenin küncündə və ya avtobus dayanacağında “sahibini gözləyən sürpriz” kimi qoyub getmək, dünyanın ən gözəl gizli dostluğuna imza atmaqdır. Taleyin o kitabı kimin qarşısına çıxaracağını bilməsəniz də, bir insanın dünyasını dəyişmək ehtimalının həyəcanı bütün soyuğu isitməyə yetir. Gəlin bu gün rəflərimizdəki sükutu pozaq. Qoy kitablar öz rəflərindən azad olub şəhərin küçələrinə, insanların qəlbinə süzülsün. Bir uşağın ilk dəfə nağıllar aləminə addım atmasına, bir qocanın köhnə xatirələrini vərəqləməsinə vəsilə olaq. Çünki bağışlanan hər bir kitab, bir insanın ruhunda açılan yeni bir pəncərədir və o pəncərədən görünən dünya həmişə daha gözəl, daha mənalı olur. Bu gün qəlbimizdən keçən bir hekayəni başqasının həyatına qataq və unudulmaz bir izin başlanğıcını qoyaq.
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
Atamın xatirəsi
O sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə “can” söyləməkdən Övlad üçün can verməyi daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn kimi bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki mən Qoy bilməyim O utanıb öz ölümündən Ah, o niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı.
*** Bəzən haqq qazanır insan öləndə, Hətta unudulur ağır günahı Hamıya dərd olur cavan getməyi, Oduqca az görüb, az yaşamağı…
Deyirlər:”bilsəydik, ayıq olardıq Onu qoyardıqmı heç gözdən iraq? Hər bir dərdinə də çarə tapardıq, Nə bilək, o belə az yaşayacaq?”
Eh! Bu gün nə qədər xəyala daldım, Eh! Qəlbim nə qədər alışdı, dindi. Sən mənim qədrimi biləsən deyə Bu cavan yaşımda ölümmü indi?
İlk görüş
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadımdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək. Kəlmələr dağıldı sahil boyunca Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don, Gözündə çaşqınlıq ala-toranı. Əllərin qonmağa bir yer tapmadı, Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti: – Sevirsən? – Sevirəm. – Hər zaman? – Hər an! Sonra da dillərin şirin yalanı: – Sevmirsən? – Sevmirəm? İndi o vaxtdan:
Saatlar, həftələr, illər ötüşür. Amma o ilk görüş yaşayır hələ. Qocalmır, zamana yanıqlar verib, Yaşayır hər yeni görüşümüzlə.
İlk görüş yox olsa, yox olub gedər, Dönər bir heçliyə görüşlərimiz… Görüşlər hamısı vərdişə dönər, Bəlkə bir saatda qocalarıq biz.
Hər yeni görüşlə ilk görüş gəlir, Bütün görüşlərə nur səpir bir-bir. İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir.
Nə xoşbəxt imişəm bir zaman Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona baxmağım da xoşbəxtlik imiş, Onu yuxusundan ayıltmağım da. Dünya başdan-başa səadət imiş, Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə, Bəs indi nə olub belə dayanmış? Göylər səadətin çətiri imiş, Torpaq da səadət məhvəri imiş. Gecələr toranlı vüsal məskəni, Hər səhər, ruhumun səhəri imiş. Dilin quruyaydı sənin, ay həsrət, Sən bu gün könlümü tarımar etdin. Ya bunu vaxtında deyəydin mənə, Ya da ki lal olub heç dinməyəydin. Dünya başdan-başa səadət imiş, Görəsən, heç bir də olarmı yenə? Dünya başdan-başa nə imiş dedin? Dünya başdan-başa nə imiş, de nə?
Şəhidlik zirvəsi
“Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz” İmadəddin Nəsimi
I
Altı yüz ildir idrakçırpınır pələng kimi Nərə çəkir ağlayır tapa bilmir ki, bilmir – o bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inidlər Altı yüz ildir bəşər düşünər, çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə. Altı yüz ildir, altı Nəsimini soyurlar, Qanlı yaralarına hələ də duz qoyurlar. “Uf” da demir Nəsimi Əmmaməlilər baxır dəli suçlular kimi Təpədən dırnağadək soyurlar özləri qorxur neçin? Göylərə göz dikirlər.
Şəhidigörməməkçün, İlahi də görünmür! – Onun qorxusu nədir? Niyə azad eləmiş, Hər ağrıdan şəhidi? Şəki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş qaçmış yaratdığından!” Təpədən dırnağadək Əqidə olan kəsi Dırnaqdan təpəyədək Soydu xəncər tiyəsi Şəhid, odur nə dindi göz yaşı tökdü nə də, O oldu yer də göy də ilahi də bəndə də Amalıyla ağrısı biləşib daha güclü bir qanadla Tanrı tutası yerə uçub, o bülənd oldu Küfr edən də çox oldu duyub bilən də oldu
II
Yarım ölümdən ötrü azmı ağlayan olmuş Azmı könlə, beyinə qorxu qurşunu dolmuş? Xırda yarasının da ağrısını doğmaca balasıyla bölənlər Ölümün gəlişini eşidəndə ölənlər Bir qəzəbli baxışın ucunda tir-tir əsən Adam görsən, Nəsimi, əlbət, heç nə deməzsən Ləkələnməzsən əsla Yazmaq istedadını, ölmək istedadını, Dinməzsən ucalardan, Enməzsən ucalardan.
Epiloq
O, altı yüz il qabaq Dərisindən çıxaraq Göylərə baxa-baxa Dözüb hər məşəqqətə Getdi əbədiyyətə Al-qanı axa-axa, Yeridi, gücü artdı Tarixləri qızartdı.