
Müstəqillik havasını içənlər… lap yaxından. Seirimizin gümüş dövrünü cızanlar: HƏMİD HERİSÇİ…
…Söz ki, şeir və Şair mövqeyindən düşdü; yaşca da, savaşca da Həmid Herisçi üzərinə gəlməliyik, məncə. Onu da 1980-cilərin sonundan izləyirəm yazılarımda, bəlkə Muraddan da çox; və təbii, öz qənaətlərimi daha dürüst bilirəm…
…Həmid Herisçinin ardıcıl ideya və estetik təkamülünü mən yazıçının daim oyaq yaradıcılıq stixiyası ilə bağlayıram; o cümlədən Həmidin şeirləri bu kontekstdədir; Yazılarının birində o özü sənət baxışlarını bu cür təlqin edir: “Ədəbi mətn isə rasionalizmə yox, mistikaya söykənir…” (bax: Kultaz-da, “Ölümün 17 anı”); sənətin bilavasitə şüurun deyil, məhz şüurun işləmədiyi ərazilərin (alt və üstşüurun) yetirməsi olması bəllidir; amma bunu təkcə mistik qatla bağlamaq vacib deyil, bədii idrakın, duyğu-intuisiya-təxəyyül qanadlarının kontakta girdiyi hər növ aləmlər, görünməz dünyalar sənət üçün yaşam predmeti ola, mətnə girə bilər. O başqa məsələ ki, Həmid Herisçinin öz yaradıcılıq stixiyasında mistikaya marağın yeri ümdədir; bunu mən proses yazılarımda dəfələrlə qeydə almışam: habelə onu Qərb simvolizminə bağlayan da lap əzəldən mistikaya aludəçiliyi, gerçəklərin altyapısında aradığı hər növ mistik işarələrdir; fərqi yoxdur, bu gizlinlərin mənbəyi Şərq, ya Qərb biliklərindən gəlir…
…“peyğəmbərlik” məqamına gəlirik; əgər mistikin missiyası varıb da, faniliklər arxasındakı gizlinlərə qovuşmaqdırsa, fərqli olaraq şair, sənətçi bir ilham-vəcd dəmində həmin qata çatıb da götürə bildiyini mətnə gətirir, oxucuya çatdırır və heç vəch mistikanın yox, məhz mətnin yiyəsi-subyekti olduğunu unutmur. Həmid Herisçi sanki müasir nəzəriyyələrə söykənərək deyəndə ki: “Bədii mətnin hökmü isə həmişə müəllif iradəsindən asılı olmayaraq daha dərin mənalara malikdir…” (“Ölümün 17 anı”), həm onu da unutmamalı ki: bu, mətndə müəllif iradəsizliyi, “hökmsüzlüy”ü demək deyil. Bu yalnız o deməkdir ki: müəllif bir mətn yazır, amma bahəm nə qədər də başqa (gizlin, mistik) qatları ehtiva etdiyinin fərqində olmaya bilər; bax elə bu anda istedadla (ilham-vəcd dəmində) ərsəyə gələn bir Mətn, müəllifindən daha çox söz deyə bilir və şeir Şairdən ayrıla bilir. Həmid Herisçinin ilhamla qələmə aldığı gözəl şeirlər var, burda mistik duyum və yaşamlar da yerində-qədərincə olur, son şeirlərindən məsələn, “Herisçi- Ey mənə bənzər insan” kimi; bir çox şeirləri, yazıları da var ki, Həmid özünü burda bir mistik, gizli mənalar yiyəsi (“peyğəmbər”mi?) bilsə də, məhz bu “bilmək” məqamı (“rasio”mu, rasionalizmmi? ) mətnləşməyə əngəl olur, gizlin qatlarla (mistikamı?) kontakt baş tutmur, ya da çox çox zəif olur; bu halda Şair mövqeyi daha çox publisist, esseist mövqeyi ilə əvəz olunur…
…Mən o fikirdəyəm ki, Həmid Herisçi şeirinin mistik haləsi də, təsir gücü də Şairin üsyankar ruhuna bağlıdır; elə bu önəmdə də poeziyamızda yerini almış. İdeya mövqeyindən asılı olmayaraq, nə qədər ki bu ehtiras var, diridir, hər an Şairin yeni şeirlərini, publisist ritorikasını, prozaik gəzişmələrini oxumaq şansı da açıqdır; mistik kontaktların qəfildən oxucuya bəxş eləyəcəyi mətnləri də hakəza…
Müəllif: Tehran ƏLİŞANOĞLU
Mənbə: Yeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru