“Bugunlərdə yazıçı Səadət Kamal AYB sıralarına qəbul olunub.Yazıçılar Birliyının üźvlük vəsiqəsi gənc yazara təqdim olunub.” – bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!
RƏNA TƏBƏSSÜM (İMANOVA) Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə xanım yazıçı öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu payızın ilk ayı mənim həyatımda silinməz iz qoyub. Məni yaradıcılığıma dəyər verib öz sıralarına – Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edən birliyin sədri Anar müəllim, sədr müavini Rəşad Məcid, katib, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu, komissiyanın katibi Məlahət xanım Qənbərovaya dərin minnətdarlığımı bildirirəm. Məni ilk təbrik edən sədrin baş müşaviri Rauf Aslanov, tanınmış yazıçı Seyran Səxavət, birliyin şöbə müdiri, şair Dayandur Sevgin, birliyin multikultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə və başqalarına təşəkkür edirəm. Sevincimə şərik olan hər kəsə, var olun, deyirəm!”
Rəna Təbəssüm (İmanova)nı bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Rəna xanım!
Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu.
Bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu öz izləyiciləri ilə bölüşüb: “Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.
Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etibar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı “Ədəbiyyat qəzet “ndə çap olunacaq. Bu gün vəsiqəsini aldı. Necə deyərlər xeyirli olsun. Ad günü münasibətiylə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm…”
Mövzuya uyğun fotolar:
YAZARLAR.AZ olaraq, HƏMİDbəyi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
AYB-nin yeni üzvü Mirnəzər Mirkazımlı: – “Doğrusu, tələbəlik dövründən üzübəri, çox sayda yazarlarla salam-kalamım olsa da, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq heç yadıma düşməmişdi, üzv olub-olmamaqda əlahiddə fərq də hiss etmirdim. Fəqət, bir təsadüf nəticəsində ərizə verdim. Qəbul olunduğumu çoxdan bilirdim, AYB Qəbul komissiyasının katibi Məlahət xanım məlumat vermişdi. Dünən komissiyanın sədri, sevimli şair-tərcüməçi Səlim Babullaoğlu ilə görüşdüm, xatirə şəkli çəkdirdik. Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim başda olmaqla, qəbul üzrə komissiya üzvlərinə təşəkkür edirəm.”
“Yazarlar” olaraq, təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq
Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2023-cü ilin aprel ayının 14-dən may ayının 5-ə qədər üzvlük üçün tələb olunan sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər. Təqdim ediləcək sənədlərin siyahısı ilə “Ədəbiyyat qəzeti”nin növbəti sayında tanış olmaq mümkündür.
Şəkidə yaşayıb-yaradan tanınmış şair Zaur İlhamoğlu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə o: – “Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Mənə etimad göstərən, yaradıcılığıma dəyər verən, mütəmadi soruşan, maraqlanan, uğuruma sevinən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm!” – deyə öz sosial şəbəkə hesabında sevincini çoxsaylı oxucuları ilə bölüşüb. Mənbə: facebook.com
Zübeydə Heydərqızı (Rzayeva) AYB-nə üzv qəbul olunub. Şair bu barədə öz sösial şəbəkə hesabında sevinci belə bölüşüb: – “Salam, əziz dostlar! Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 2019 – cu ildə sənəd vermişdim, lakin pandemiya səbəbindən yubadılsa da, nəhayət ki, vəsiqəm mənə təqdim edildi. Xeyirli – uğurlu olsun!”Mənbə: facebook.com
Uzun illərdən bəri qürbət eldə,-Rusiyanın Belqorod şəhərində yaşasa da dünyaya göz açdığı Borçalı mahalına və ana vətənimiz Azərbaycana qəlbən qırılmaz tellərlə bağlı olan Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunmuşdur. Azərbaycan və rus dillərində yazdığı şeir və esseləri ilə tanınan Gülnarə xanımın son illərdə “Ədalət”, “525-ci qəzet”, “Kredo”, “Mingəçevir” qəzetlərində, “Xəzan”, “Azad qələm” ədəbi dərgilərində, bir sıra elektron portallarda, AYB Mingəçevir bölməsinin bu il iyun ayının əvvələrində çapdan çıxan “Ruhumuzun yaz havası” almanaxında dərc olunan əsərləri insanlara unudulmaz anlar bəxş etməklə, nəcib hisslər aşılamaq gücündədir.
Son üç ildən bəri AYB Mingəçevir bölməsinin tədbirlərinə onlayn şəkildə qatılan Gülnarə Acalovanın imzası mingəçevirli oxuculara da yaxşı tanışdır.
Uzaq qürbət eldə soydaşlarımızın təmsil olunduqları icmada fəallığı ilə də seçilən xanım həmkarımızı Mingəçevirli yazarlar adından təbrik edir, ona ailə-övlad xoşbəxtliyi, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Əfşan Yusifqızı AYB-nə üzv qəbul olunub. O bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda maraqlı məqamlar olduğuna görə onu sizlərə təqdim edirik:
“Haqqında çox haqsız fikirlər eşitdim, “rüşvət lazımdır” və ya “adamın olmasa” qəbul etmirlər kimi fikirlər…Amma həqiqətən böhtan xarakterli fikirlər imiş hamısı…Kimsənin qəbulunda olmadım, sənədlərimi təqdim edib həyacanla gözlədim o günü.. və o gün, bu gün idi…
Azərbaycan Yazıçılar Birliyi bu ad mənimçün həmişə müqəddəs olub, danmıram, həsrətində olmuşam, arzulamışam və nəhayət arzuma çatdım. Bu arzumun gerçəkləşməsində əməyi olanlara minnətdaram. Öz dəyərli fikirlərini yazıb zəmanət verən əziz insanlar, hörmətli İsmayıl İmanzadə , Səxavət Talıblı və Südabə Sərvi sizlərə təşəkkür edirəm. Yaradıcılığıma dəyər verənlər, başda hörmətli Anar müəllim olmaqla hər biriniz var olun. Hörmətli Salim müəllim, mənə zəng edib ilk təbrik edən Məlahət xanım, vəsiqəni təqdim edən hörmətli Reshad müəllim və mənimlə bərabər sevinən, məni bu şad günümdə tək qoymayan Sudabe xanım, hər biriniz var olun, uca olun. Minnətdaram!”