Etiket arxivi: Həmidə xanım Cavanşir

Həmidə xanım Cavanşir – Son dəqiqələr

SON DƏQİQƏLƏR

Mirzə Cəlil bir neçə dəqiqənin içində tamam əldən düşdü.Biz Qəmərlə onun oturub qaldığı yerə, böyrünə yataq sərdik və birtəhər, çox çətinliklə onu stuldan tərpədib yatağa uzatdıq. Ayaqlarına isti su ilə dolu şüşə qablar qoyduq, əllərini isti suda ovxalamağa başladıq, başına isə soyuq dəsmal bağladıq. Yelizaveta Nikolayevna Midhəti (Mircə Cəlilin oğlu – O.M) çağırdı və dedi ki, təcili olaraq həkim gətirsin. Bizdən başqa evdə heç kəs yox idi; az əvvəl Lizanı şəkər almağa göndərmişdim. On beş dəqiqə sonra Mirzə Cəlil soruşdu: “Edya gəldimi?” Bu onun son sözləri idi. Cavab verdim ki, indi gələcək. Yenə ağzından sarı su gəldi. Biz onun əllərini və ayaqlarını isti suda ovxalamaqda davam edirdik, Qəmər isə ona kamfora iynəsi vururdu. O, ağır nəfəs almağa başladı. Saat iki oldu. Nəhayət, yazıq Midhət bənizi qaçmış, qorxmuş, qaranəfəs özünü evə çatdırdı. Dizi üstə atasının üzərinə əyildi. Onu öpməyə və səsləməyə başladı: “Ata… ata…”, ancaq atası yazıq artıq onu tanımırdı. Gözünün qarası tərpənməz, üzü cansız idi. O, get-gedə daha ağır nəfəs alırdı. Midhət telefona qaçıb həkim çağırdı. Az sonra həkim gəldi, müayinə etdi və dedi: “Beyin qansızmasıdır. O, huşsuz və ümidsizdür.” Xəstəni öz çarpayısına uzatdılar, əllərini və ayaqlarını ilıq suda sürtməyi davam etdilər, yenə iynə vurdular. Nəhayət, Ənvərlə (Mirzə Cəlilin oğlu) Teymur da gəlib çıxdılar. Mirzə Cəlilin jurnaldan köhnə həmkarı Faiq əfəndi (Ömər Faiq Nemanzadə) də gəldi. Mən Mirzə Cəlilin ölümünə inanmırdım, inadla onun əllərini ovuşdurur, alnının tərini silirdim. Qəmər sol əlini ovxalayırdı. Gündüz saat üç olardı. Xəstə ağır-ağır, xırıltı ilə nəfəs alır, sinəsi qalxıb-enirdi. Həkim arada nəbzini tuturdu. Həkim yavaşca mənə dedi ki, xəstənin ürəyi sağlamdır, başqası çoxdan canını tapşırmışdı. Birdən Mirzə Cəlilin üzü ağappaq oldu. Sinəsindən sonuncu nəfəs çıxdı və əbədi olaraq sakitləşdi. 1932-ci il yanvarın 4-ü, gündüz saat 3 idi.

Müəllif və mənbə: Həmidə xanım Cavanşir

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Həmidə xanım Cavanşir

HƏMİDƏ XANIM CAVANŞİR

 Maarifçi və xeyriyyəçi

Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi xanımlarından biridir. O, həm də tərcüməçilik, xeyriyyəçiliklə yanaşı Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Həmidə xanım 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində maarifçi və tarixçi Əhməd bəy Cavanşirin evində dünyaya gəlmişdir. Ailə məktəbində təhsil almış, yeniyetmə vaxtlarından rus dilini mükəmməl mənimsəmişdir. İlk həyat yoldaşı İbrahim bəy Davatdarovun və atasının vəfatından sonra atasının mülkünü idarə edir. 1905-ci ildə Tiflisdə Mirzə Cəlil Məmmədquluzadə ilə tanış olur və 2 il sonra onunla ailə həyatı qurur. “Molla Nəsrəddin” jurnalının çap edilməsində illərlə Həmidə xanımın həm maddi, həm də mənəvi dayağı olmuşdur. Həmidə xanımın xeyriyyəçiliyi dillər əzbəri idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Həmidə xanıma həsr etdiyi məqaləsini “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün, milyonçu kişilərin olmasına baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi” sözləri ilə bitirir.Həmidə xanım Tiflisdəki “Müqəddəs Nina” məktəbində Azərbaycan dili müəlliminin olmadığını görüb ora bir müəllim tapır və maaşını öz hesabından ödəyir, 1909–1912-ci illərdə isə Kəhrizlidə öz hesabına toxuculuq emalatxanası, tibb məntəqəsi, məktəb açdırıb və özü də bu məktəbdə dərs deyib. Həmidə xanımın xeyriyyəçiliyi ömrünün sonuna kimi davam etmişdir. 1955-ci ildə vəfat etmiş və Fəxri Xiyabanda Mirzə Cəlilin yanında dəfn edilmişdir.

Mənbə: Beynəlxalq Qadın Klubu


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru