
SON DƏQİQƏLƏR
Mirzə Cəlil bir neçə dəqiqənin içində tamam əldən düşdü.Biz Qəmərlə onun oturub qaldığı yerə, böyrünə yataq sərdik və birtəhər, çox çətinliklə onu stuldan tərpədib yatağa uzatdıq. Ayaqlarına isti su ilə dolu şüşə qablar qoyduq, əllərini isti suda ovxalamağa başladıq, başına isə soyuq dəsmal bağladıq. Yelizaveta Nikolayevna Midhəti (Mircə Cəlilin oğlu – O.M) çağırdı və dedi ki, təcili olaraq həkim gətirsin. Bizdən başqa evdə heç kəs yox idi; az əvvəl Lizanı şəkər almağa göndərmişdim. On beş dəqiqə sonra Mirzə Cəlil soruşdu: “Edya gəldimi?” Bu onun son sözləri idi. Cavab verdim ki, indi gələcək. Yenə ağzından sarı su gəldi. Biz onun əllərini və ayaqlarını isti suda ovxalamaqda davam edirdik, Qəmər isə ona kamfora iynəsi vururdu. O, ağır nəfəs almağa başladı. Saat iki oldu. Nəhayət, yazıq Midhət bənizi qaçmış, qorxmuş, qaranəfəs özünü evə çatdırdı. Dizi üstə atasının üzərinə əyildi. Onu öpməyə və səsləməyə başladı: “Ata… ata…”, ancaq atası yazıq artıq onu tanımırdı. Gözünün qarası tərpənməz, üzü cansız idi. O, get-gedə daha ağır nəfəs alırdı. Midhət telefona qaçıb həkim çağırdı. Az sonra həkim gəldi, müayinə etdi və dedi: “Beyin qansızmasıdır. O, huşsuz və ümidsizdür.” Xəstəni öz çarpayısına uzatdılar, əllərini və ayaqlarını ilıq suda sürtməyi davam etdilər, yenə iynə vurdular. Nəhayət, Ənvərlə (Mirzə Cəlilin oğlu) Teymur da gəlib çıxdılar. Mirzə Cəlilin jurnaldan köhnə həmkarı Faiq əfəndi (Ömər Faiq Nemanzadə) də gəldi. Mən Mirzə Cəlilin ölümünə inanmırdım, inadla onun əllərini ovuşdurur, alnının tərini silirdim. Qəmər sol əlini ovxalayırdı. Gündüz saat üç olardı. Xəstə ağır-ağır, xırıltı ilə nəfəs alır, sinəsi qalxıb-enirdi. Həkim arada nəbzini tuturdu. Həkim yavaşca mənə dedi ki, xəstənin ürəyi sağlamdır, başqası çoxdan canını tapşırmışdı. Birdən Mirzə Cəlilin üzü ağappaq oldu. Sinəsindən sonuncu nəfəs çıxdı və əbədi olaraq sakitləşdi. 1932-ci il yanvarın 4-ü, gündüz saat 3 idi.
Müəllif və mənbə: Həmidə xanım Cavanşir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında