MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.