
Misralarla ömrü axşam edən şair – Qulu AĞSƏS
Hər şair bir kənddən, bir torpaqdan pərvazlanır, amma hamısı poeziyanın göylərində özünəməxsus, silinməz bir iz qoya bilmir. Azərbaycan ədəbiyyatının və mətbuatının son qırx illik tarixinə nəzər salsaq, fərqli intonasiyası, dərin fəlsəfi baxışı, cəsarətli ictimai mövqeyi və intiharsayağı səmimiyyəti ilə seçilən bir imza görərik: Qulu Ağsəs. 1969-cu ildə Ağdamın dilbər guşəsi, musiqi və söz beşiyi olan Gülablı kəndində dünyaya göz açan bu istedadlı qələm adamı, sözün həqiqi mənasında, həyatı poeziyaya, poeziyanı isə ömür xəritəsinə çevirməyi bacaran nadir simalardandır.
Qulu Ağsəsin yaradıcılıq cığırı çox erkən yaşlardan, hələ uşaq ikən başlayıb. İlk mətbu şeirinin 1980-ci ildə, cəmi 11 yaşında “Pioner” jurnalında dərc edilməsi gələcəyin böyük şairindən xəbər verirdi. Zaman keçdikcə bu istedad daha da cilalandı və 1990-cı ildə “Ulduz” jurnalında işıq üzü görən silsilə şeirləri ədəbi mühitdə ciddi əks-səda doğurdu. Şairin taleyi təkcə poeziya ilə deyil, həm də mətbuatla sıx bağlandı. 1991-ci ildə “168 saat” qəzetində başlayan jurnalist fəaliyyəti, sonradan “Azad Azərbaycan” qəzetində müxbir, məsul katib, baş redaktor, eləcə də Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, şöbə müdiri və baş redaktor müavini kimi məsuliyyətli vəzifələrlə davam etdi. Onun hər bir publisistik yazısında, hər bir redaktor qeydində jurnalist itiliyi ilə şair həssaslığı bir araya gəlirdi. Nəhayət, 2004-cü ildə baş redaktor müavini kimi fəaliyyətə başladığı “Ulduz” aylıq ədəbiyyat dərgisinə 2014-cü ildən bu günə qədər baş redaktorluq etməsi, onun müasir ədəbi prosesin tən ortasında dayandığının ən bariz sübutudur.
Qulu Ağsəsin şeirlərində zaman və insan münasibətləri qeyri-adi bir bədiiliklə təqdim olunur. O, gündəlik həyatın adiliyində böyük fəlsəfəni görə bilir. Həyatın müvəqqətiliyini, gecə ilə gündüzün əbədi növbələşməsini insanın taleyi ilə elə bağlayır ki, oxucu sarsıdıcı bir vizual lövhənin şahidinə çevrilir:
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…
**
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Şairin dünyagörüşündə ironiya və realizm daxili bir sızıltı ilə birləşir. O, ətrafındakı haqsızlıqlara, dünyanın gərdişinə bəzən eynəyin arxasından, bəzən ise birbaşa qəlbinin açıq yarasından baxır. Onun misralarında həyatın acı həqiqətləri belə estetik bir formaya düşür:
Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…
Qulu Ağsəs lirikaşünaslıqda saf və təmənnasız sevginin tərənnümçüsü kimi çıxış edir. Lakin bu sevgi vüsalla bitən adi nağıllardan deyil; o, daxili çırpıntılarla, tənhalıqla və bəzən də intiharsayağı bir fədakarlıqla yoğrulub. Şair sevdiyinin gəlişini “başdan ayağa kimi” sevməyi, onun qoynunda bir çağatək ağlamağı arzulayır. Getməyin belə bir zərifliyi, bir dramı var onun poetik dünyasında:
Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar – yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…
Eyni zamanda, o, sevginin gətirdiyi izdihamdan qaçıb tənhalığa sığınmaq istəyir. Ürəyini yoldan ötənə açmaq bahasına olsa belə, sevgilisini o müqəddəs məkanda tək saxlamağa çalışır. Çünki onun üçün əsl sevgi gizli qalan, Allaha və bəndəyə bəyan edilməyən gizli bir dünyadır:
Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…
Bunu bir mən bilim, bir də sən Ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!.
Lakin illər keçdikcə sevginin mahiyyəti şairin gözündə dəyişir, fəlsəfi suallara və bəzən də bir geri çəkilməyə çevrilir. “Məni sevməklə dala çəkirsən” deyən şair, sevginin indi bəlkə də gələcəyə yox, keçmişə, xatirələrə tərəf açılan qapı olduğunu bəyan edir:
Bilmirəm dünyanın xoşbəxti deyim,
Bilmirəm dünyanın bədbəxti sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı sənə…
**
Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni səvməklə dala çəkirsən.
Qulu Ağsəs fildişi qülləsində oturub yalnız buludlardan yazan şair deyil. Onun poeziyası cəmiyyətin ən ağrılı yerinə toxunmağı bacarır. Müharibənin gətirdiyi fəsadlar, Vətən uğrunda canını, sağlamlığını qoyan bir insanın sosial və mənəvi dramı onun misralarında heç bir pafosa varmadan, bütün çılpaqlığı və acılığı ilə təqdim olunur. “Müharibə əlili” şeiri Azərbaycan poeziyasında bu mövzuda yazılmış ən sarsıdıcı, ən dürüst və ictimai vicdanı oyadan nümunələrdən biridir:
Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var – dinmirəm,
İki ac balam var – dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…
Bu misralar təkcə bir qazinin taleyi deyil, həm də cəmiyyətin, insanların laqeydliyinə qarşı şairin çəkdiyi böyük bir üsyandır. Qulu Ağsəs bu ağrını öz içindən keçirərək oxucuya ötürür.
Şair yaradıcılığında sənətkarın taleyi, yaradıcılıq iztirabları da ana xətlərdən birini təşkil edir. O, şeirin sadəcə qafiyə xatirinə yazılmadığını, hər misranın arxasında bir yaşantı, bir hekayə dayandığını vurğulayır. Müasir dünyanın bozluğunu, insanların laqeydliyini “ulduzların yanmayıb, his eləməsi” kimi dərin bir bənzətmə ilə ifadə edir. Şair üçün ilham, istedad bəzən sadəcə bir bəhanədir; əsl dərd daxildəki o bitib-tükənməyən ağrılardır:
Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər
Ulduzlar yanmır ha… His eləyirlər.
**
Beş-üç arzu etməz ömrün qalığı
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
**
Nə talant? Nə vergi? Nə sehr? – Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim, nə kitablarım…
Bu misralar şairin sənətə və həyata olan dürüst münasibətinin göstəricisidir. O, iztirabların pəhrizi ilə yaşayır, daxilən təmizlənir və bu təmizlik onun kitablarına yansıyır.
Qulu Ağsəsin təbiətə baxışı da fərqlidir. O, dağı sadəcə bir coğrafi relyef kimi görmür; onun gözündə dağ – taleyi gətirməyən, yoxsul və kimsəsiz bir insan kimidir. Bu metafora sənətkarın bədii təxəyyülünün miqyasını göstərir:
Dağa bax…sən allah
nə gündədi
Ayağı ayağına dolaşan
beş-altı ağacdı
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu
ildırım vuranda çığıra
pulu yoxdu
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…
Şairin daxili dünyasını gəmirən dərdi fərqlidir. O dərd o qədər amansızdır ki, şair onu ilahi mərhəmətdən uzaq, “allahsız” adlandırır. Lakin bu dərdin bir gün hər kəsə bəyan olacağı günü də poetik bir intizarla gözləyir:
Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlərin.
**
Nəfsi bıçaqdan iti,
içimi dağıdır, didir,
vecinə deyiləm qəti
Mən çəkən dərdlərin.
**
Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
…Bir gün “sərgisi” açılacaq,
Mən çəkən dərdlərin.
Qulu Ağsəs poeziyasının ən maraqlı, cəsarətli və bəlkə də ən çox müzakirə olunan tərəfi onun Yaradanla qurduğu səmimi, bəzən də ərkyana dialoqdur. O, insanın bu nəhəng və mürəkkəb kainatda öz yerini axtarmasındakı çarəsizliyini gizlətmir. Dünyanın nizamsızlığına qarşı daxili bir etiraz və heyranlıq eyni misrada birləşir:
Kimsən, nəçisən, ay Allah –
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Amma bu etiraz heç vaxt tam üsyana çevrilmir, əksinə, Tanrının möcüzələrinə – qışda donan ağacın yasına baharda yarpaq yazdıran uca nizamına heyranlıqla, böyük bir təslimiyyət və şükranlıqla nəticələnir:
Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…
Ölüm mövzusu Qulu Ağsəs yaradıcılıq fəlsəfəsində qorxulu bir son deyil, sirli bir yoxlanış, bəzən isə mistik bir “yuxu”dur. İnsanın ölümlə olan çarəsizliyini, Tanrının əbədiliyi qarşısındakı acizliyini şair son dərəcə sarsıdıcı misralarla ifadə edir. Bu müraciətdə həm bəşəri bir xof, həm də Allaha olan gizli bir sevgi var:
Dan yeri – gecənin göydə od tutan bağrıdı.
Xəbərin varmı? – Bilmirəm.
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı qırmır bizi… Ancaq ölümə yoxladır.
Xəbərin varmı? – Bilmirəm…
**
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
**
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirəm qabağından.
**
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
**
…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..
Şairin yaradıcılığında valideyn mövzusu, xüsusilə ana və ata obrazı o qədər təbii və kövrək işlənib ki, oxuyarkən insanın boğazı qəhərlənir. Ananın dünyadan köçməsini “atamın iş yerinə yollandı” kimi mistik və saf bir dillə təqdim edən şair, ölümün o biri üzündəki cənnəti ailə bütövlüyündə görür. Və ən nəhayət, yaşından asılı olmayaraq, valideyn qarşısında özünü uşaq hiss edən insanın o müdhiş qorxusu və həyası:
Anam bu dünya evində
tumanı qırışanacan oturdu.
Dan atdı- gün batdı,
şər qarışanacan oturdu.
**
Axşam qonşu arvad
çay süzdü, yemək çəkdi ərinə.
Anam başımız üstdən
yollandı atamın iş yerinə.
Bilirəm, tapıb onu- lap qır qazanında olsa.
Hər yer cənnətdi kişiyə- arvad yanında olsa!
Görən nə deyib məndən anam orda atama?
Bircə “yetim” deməsin- kişi utanar…
Bu misralar şairin daxili dünyasının nə qədər təmiz, ailə bağlarına necə bağlı və valideyn ruhuna necə böyük ehtiram bəslədiyinin poetik heykəlidir.
Qulu Ağsəsin bu bənzərsiz yaradıcılığı həm dövlətimiz, həm də beynəlxalq ədəbi qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü və Azərbaycanın Əməkdar jurnalistidir. Onun poeziyası hələ 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin “Altay-Alp” mükafatına, sonrakı illərdə isə Şahmar Əkbərzadə, Rəsul Rza Beynəlxalq Ədəbiyyat mükafatlarına, Fikrət Sadıqın xatirəsinə təsis olunmuş “İşıq” və Mikayıl Müşfiq ədəbi mükafatlarına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Avrasiya Yazarlar Birliyinin üzvü olan Qulu Ağsəsin səsi çoxdan ölkə hüdudlarını aşıb. Onun şeirləri türk, rus, özbək, gürcü, ukrayna və polyak dillərinə tərcümə edilərək xarici oxucuların da qəlbini fəth edib.
Qulu Ağsəs bu gün də yazır, yaradır və “Ulduz” jurnalının rəhbəri kimi gənc nəslə yol göstərir. Həyatı poeziya pəhrizində keçən şairin hər yeni misrası ədəbiyyatımızın xəzinəsinə yeni bir inci kimi daxil olur. O, öz bənzərsiz “Ağsəs”i ilə Azərbaycan poeziyasının göy üzündə həmişə parlayacaq bir ulduzdur.

Müəllif: Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında