Ailə modelinin qorunub saxlanması Natella Nurun “Allahın hədiyyəsi” romanında ana xətt milli dəyərlərə sədaqətdir
Həyat möcüzələrlə doludur. Ulu Yaradan təbiətin əşrəfi sayılan insanın qarşısına zaman-zaman bu möcüzələrdən çıxarır ki, insan onlardan dərs alsın, ibrət götürsün, nəticə çıxarsın. Lakin çox vaxt insan bu məntiqi dərk etmir və düşüncəsi yetkin olmadığından qarşılaşdığı hadisələrin mahiyyətinə vara bilmir. Bəzən insan möcüzələrin öz-özünə yaranmalı olduğunu düşünür. Əslində isə belə deyil və heç vaxt da belə olmayıb. İnsan öz davranışları, min illərin sınağından keçərək formalaşmış mənəvi prinsiplərə düzgün əməl etməklə həyatındakı möcüzələrin yaranmasında birbaşa iştirak etməlidir. Əbəs yerə deməyiblər ki, filankəs öz həyatını cənnətə çevirib, bəhmənkəs isə özü-özünü quyunun dibinə salıb. Bu barədə yüzlərlə film çəkilib, saysız-hesabsız əsərlər yazılıb. Azərbaycan ədəbiyyatında 2026-cı ildə filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin təqdimatı ilə oxuculara təqdim olunan Natella Nurun “Allahın hədiyyəsi” mini-romanı da insan münasibətlərinin, mənəvi dəyərlərə sədaqətin və düzgün davranışın həyatdakı müsbət nəticələrini ön plana çıxaran əsərlər sırasındadır. Bununla belə, roman hər hansı məlum süjetin təkrarı, davamı və ya oxşarı deyil. Əsər real həyat hadisələri üzərində qurulan, özünəməxsus dəst-xətti və orijinal süjet xətti olan bir nəsr nümunəsidir. Əsərin əsas ideya xətti milli dəyərlərimizin, bəlkə də, ən mühüm dayaqlarından biri olan ailə modelini qoruyub saxlamaqdır. Üstəlik, müəllif sevgi üzərində qurulan ailənin məhz sevgi, sədaqət və qarşılıqlı anlayışla qorunmasının vacibliyini əsərin əsas dönüş nöqtələrindən birinə çevirir. Natella Nur “Allahın hədiyyəsi” əsərində Arzu və Fərhad adlı iki yetkin insanın şüurlu şəkildə qurduğu ailədə və bu ailənin ətrafında baş verən hadisələri ardıcıl şəkildə, fəsil-fəsil nəql edir. Müəllif bir növ müəllim həssaslığı və qayğısı ilə oxucuya həyat üçün vacib olan mənəvi şərtləri çatdırır, daha doğrusu, onları təhlil edir. Hadisələr fonunda Tanrının bəxş etdiyi nemətlərdən, sağlam həyat tərzindən, düzgün davranış prinsiplərindən, sağlam qidalanmadan və faydalı meyvə-tərəvəzlərdən bəhs edən müəllif oxucunu yalnız hadisələrin gərginliyi içində saxlamır. O, eyni zamanda, baş verən üzücü hadisələrdən çıxış yollarını göstərir, bəzi hallarda isə oxucuya belə vəziyyətlərdən əvvəlcədən yayınmaq üçün konkret məsləhətlər verir. Natella Nur romanında çoxsaylı personajlar yaratmaq və hadisələri müxtəlif istiqamətlərdə şaxələndirmək məqsədi güdmür. Əsas diqqət Arzu və Fərhadın iştirak etdiyi hadisələrə yönəldilir. İradə xanım, Zümrüd xanım, Sevinc həkim, Nadir kimi obrazların yaradılması isə əsərin bədii panoramını genişləndirir. Bununla belə, müəllif həmin personajların ailələrində və iş yerlərində baş verən hadisələri ətraflı təsvir etmir. Görünür, bununla o, əsas ideyadan uzaqlaşmamağa və oxucunu əlavə süjet xətləri ilə yormamağa çalışır. Natella Nur poeziyasında duyğusal bir insan olduğunu lirik qəhrəmanlarının dili ilə ifadə etməyi bacarıb. O, nəsr əsərində də yaratdığı obrazların hiss və həyəcanını təsirli şəkildə göstərib və bununla da əsəri daha maraqlı şəklə sala bilib. Əsərin ana xəttini sevgi, insanlıq, milli dəyərlərə bağlılıq, Yaradan qarşısında mənəvi məsuliyyət, min illərin sınağından keçmiş həyat prinsiplərinə və sağlam yaşam qaydalarına əməl etmək kimi məsələlər təşkil edir. Natella Nur bəzi məqamlarda hadisələrin gedişinə müəllif kimi birbaşa müdaxilə edir, çətin vəziyyətə düşən personajlarına öz şeirlərindən nümunələr təqdim etməklə mənəvi dəstək verir. Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin də qeyd etdiyi kimi, Natella Nur ədəbi mühitdə daha çox şeirləri ilə tanınır və “Allahın hədiyyəsi” onun ilk nəsr əsəridir. Müəllifin romanda öz poetik nümunələrindən istifadə etməsi də əsərin diqqətçəkən xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər. Müəllif əsərdə yaratdığı personajları canlı şəkildə təqdim edir, onları hadisələrin içində hərəkətə gətirir və cəmiyyətə çatdırmaq istədiyi ibrətamiz fikirləri onların dili ilə səsləndirir. Məsələn, hələ ilk fəsillərdə Arzu ilə şair və rəssam İradə xanımı qarşılaşdırır və İradə xanımın dili ilə mühüm bir fikri oxucunun diqqətinə çatdırır: “Allahın bizə bəxş etdiyi hədiyyələrə – həyat yoldaşımıza, övladlarımıza necə münasibət bəsləsək, aqibətimiz də elə olar”. Bu fikir, əslində, romanın ideya istiqamətini müəyyənləşdirən əsas tezislərdən biridir. Çünki əsərdə ailə yalnız birgə yaşayış məkanı kimi deyil, insanın mənəvi məsuliyyət daşıdığı, sevgi və qayğı ilə qoruduğu bir dəyər kimi təqdim olunur. Həyat yoldaşı və övladların “Allahın hədiyyəsi” kimi dəyərləndirilməsi də müəllifin ailəyə münasibətinin mənəvi-fəlsəfi əsasını ortaya qoyur. Natella Nurun “Allahın hədiyyəsi” romanını təqdim edərək incələyən ədəbi tənqidçi Vaqif Yusifli müəllifin nəsr sahəsində atdığı ilk addımı uğurlu hesab edir. Məncə, əsərin ideya istiqaməti, ailə və milli-mənəvi dəyərləri ön plana çıxarması, müəllifin şeirdən nəsrə keçid cəhdi və həyat hadisələrinə özünəməxsus yanaşması nəzərə alınarsa, bu fikirlə razılaşmamaq çətin olardı.
“Xəzan” ədəbi-bədii jurnalın növbəti nömrəsi çapdan çıxıb. Payızın ilk günü “Xəzan”ın oxucuları ilə görüşə gəlməsi bir təsadüfdürmü, yoxsa mistik məntiqə söykənir, demək çətindir. Hər zaman olduğu kimi 104 səhifəlik jurnal poeziya və nəsr nümunələri, publisistik yazılarla zəngindir. YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, tanış olun, sevə-sevə oxuyun.
Redaktor guşəsi -“Milli dəyərlərin divanı” -“Tovuz quşu taxtı” (yazını Zeynəb Cəmaləddin təqdim edir)
Publisistika -Tariyel ABBASLI – “Doğma vətənə sevgilərlə” (Dürdanə Qaraşovanın yaradıcılığı barədə) -Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Həmişə çətinliklərlə rastlaşmaq istədim” (“Ömrümdən izlər” silsiləsindən) -Ofeliya NƏZƏROVA – “Nəğməkar ruhun zəfər işığı –70 yaş” (Xalq artisi Zümrüd Məmmədovanın yetmişinci baharı) -Bayram MƏMMƏDOV – ““Labirint”in bədii çağırışını hamı eşidir” (Yazıçı, millət vəkili İmamverdi İsmayılovun əsərlərinə ziyalı mövqeyi) -Zərnişan TURAN – “Lətifə xanım Məmmədova – 65” (“Lətifə xanım” şeiri Zeynəb Cəmaləddinindir) -Günay RZAYEVA – “Son nəfəsinədək döyüşən qəhrəman – Novruz Aslanov” -Yunis QARAXANLI – ““Dadaizm” cərəyanı və onun ədəbiyyatımıza təsiri”, “Sözün sehrli dünyası”, “İnsanın daxili kompası” -Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Yüksək bal toplayan müəllim” -Adil MƏMMƏD – “Ətraf Sərraf – 70” (“Hələ neçə zirvə onu gözləyir” şeiri ilə də təbrik edir) -Adil MƏMMƏD – “Şeir kimi oxunan nəsr nümunələrində polifoniya” (Pərviz Yəhyalı yaradıcılığında mərhəmət çağırışı) -Şərafəddin İLKİN – “Həyatın yaddaşından süzülən hekayələr” (Şair Damət Salmanoğlunun nəsr yaradıcılığı) -Maqsud MÖVLANOV – “Lahıcın Zəvəro məscidi: keçmişdən bu günə” -Yunis QARAXANLI – “Qələmlə silahın vəhdəti”, “Pərvanə İmanova – qələmin vəfası və peşəkarın sözü”, “Vüsalə Yunusova – rənglərin harmoniyasını yaradan sənətkar və qayğıkeş pedaqoq”, “Qəlblərin və zehnlərin memarı Ramidə Oqtayqızı”, “Sevda Kərimli yaradıcılığının özünəməxsusluğu və şeirlərinin dili” -Pünhan ŞÜKÜR – “Xəlil Mirzənin payızı bahara dönən poeziyası”
(Əli bəy Azərinin yaradıcılığı haqqında) Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların həyat yolu rəşadətli bir tarixin, yaradıcılığı isə xalqın keçdiyi ağrılı-acılı, həm də şərəfli yolların bədii aynasıdır. Belə şəxsiyyətlərdən biri də ömrünün altımışıncı zirvəsinə qədər ucalan, həm hərb meydanında bir zabit kimi fədakarlıq göstərən, həm də qələmi ilə ədəbi cəbhədə xidmət edən ehtiyatda olan mayor, tanınmış yazıçı Əli Bəy Azəridir. Yazıçının keçdiyi şərəfli ömür yolu həm gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi, həm də müasir ədəbiyyatımız üçün zəngin bir xəzinədir. Əli Bəy Azəri 15 İyul 1966-cı ildə Azərbaycanın cənnət məkanlarından biri olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən təbiətin gözəlliyini, el-obanın saf mənəviyyatını ruhuna çəkən gənc Əlinin ədəbiyyata, söz sənətinə marağı ötən əsrin 70-ci illərinin sonlarında baş qaldırır. O, hələ erkən yaşlarından mətbuatda kiçik həcmli məqalələri ilə görünməyə başlayır və bu, onun gələcək böyük yaradıcılıq yolunun ilk qaranquşları olur. Lakin onun həyat xətti təkcə bədii sözlə məhdudlaşmırdı, Vətənə xidmət eşqi onu hərbi sahəyə yönəldir. Ali hərbi təhsil almaq üçün Rusiyaya yollanan Əli Bəy, orada təhsilini uğurla başa vurur və bir müddət peşəkar hərbi kadr kimi həmin ölkədə fəaliyyət göstərir.90-cı illərin əvvəllərində mənfur qonşularımızın torpaqlarımıza təcavüzü və Birinci Qarabağ müharibəsinin başlaması Əli Bəy Azərinin taleyində həlledici dönüş nöqtəsi olur. Rusiyadakı rahat hərbi karyerasını geridə qoyaraq, Vətənin çətin günündə onun harayına səs verir və dərhal Azərbaycana qayıdır. Kadr zabit kimi ön cəbhəyə atılan Əli Bəy, ölkənin ərazi bütövlüyü uğrunda gedən ən ağır döyüşlərdə iştirak edir. Müharibənin amansız qanunları və hərbi xidmətin ağır şəraiti onun bədii yaradıcılığına müvəqqəti olaraq fasilə verməsinə səbəb olsa da, cəbhədə yaşadığı, şahidi olduğu hadisələr gələcək böyük əsərlərinin xammalına çevrilirdi. O, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək bu gün Azərbaycan Ordusunun ehtiyatda olan şərəfli bir mayorudur. Hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra Əli Bəy Azəri daxilindəki söz fəvvarəsini yenidən canlandırır və ədəbiyyata möhtəşəm bir qayıdış edir. Onun qələmi bu dəfə hərb meydanında qazandığı təcrübəni, millətin dərdini və qəhrəmanlığını kağıza köçürməyə başlayır. Yazıçının yaradıcılıq diapazonu olduqca geniş və məhsuldardır. Bu günə qədər 15-dən çox kitabı işıq üzü görmüş sənətkar, oxucular tərəfindən rəğbətlə qarşılanan 4 irihəcmli romanın müəllifidir. Eyni zamanda müxtəlif elektron portallarda və ədəbi sərgilərdə 100-dən çox hekayəsi və 7 povesti dərc edilmişdir. Onun yaradıcılığı artıq milli hüdudları aşaraq beynəlxalq aləmdə də tanınır. Əsərləri rus və özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin nüfuzlu ədəbi jurnallarında işıq üzü görüb, həmçinin bir kitabı qonşu İran İslam Respublikasında nəşr edilmişdir. Əli Bəy Azərinin əsərlərinin əksəriyyəti hərbi mövzulardan bəhs edən sənədli-bədii nümunələrdir. O, sadəcə təxəyyülünə sığınmır, həm də özünün yaşadığı real döyüş xatirələrini ədəbiyyata gətirir. Müəllifin “Qəmlibel müsibəti”, “Arazgersdən keçən köç”, “Erməni Borisov” povestləri, eləcə də “Hərbi Zəngilan” və “İki Zəngilanlı zabit” romanları Qarabağ müharibəsinin real bədii təsviridir, doğma yurdun müdafiəsinin və zabit şərəfinin salnaməsidir. Yazıçı fərdi yaradıcılıqla yanaşı, həm də böyük bir təşkilatçı və redaktordur. O, 2016-cı ildən etibarən nəşr olunan “Xəzan” ədəbi-bədii jurnalının baş redaktoru kimi də ədəbiyyatımızın inkişafına mühüm töhfələr verir. “Xəzan” jurnalı qısa müddətdə təkcə paytaxtda deyil, xüsusilə Azərbaycanın bölgələrində ədəbi mühitin canlanmasına, gənc istedadların üzə çıxarılmasına xidmət edən gözəl bir nümunəyə çevrilmişdir. 60 yaş ömrün müdriklik zirvəsidir. Bu zirvədən geriyə baxanda görünən mənzərə fəxr ediləsidir: Vətən qarşısında zabit borcunu layiqincə yerinə yetirmiş bir hərbçi və millətin mənəviyyatına xidmət edən fədakar bir qələm adamı! Əziz qələm dostumuz Əli Bəy Azərini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uca Tanrıdan möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Qələminiz iti, sözünüz kəsərli olsun!
Son günlər Xalq qəhrəmanı QAÇAQ NƏBİ və Koroğlu müzakirə mövzusuna çevrilib. Efir, sosial şəbəkə onların müzakirəsinə əməlli-başlı yer ayırıb. Bir tərəf özünün subyektiv fikirlərini səsləndirir, sübut etməyə borclu olmadıqlarını bildirir, böyük bir qisim olan digər tərəf isə onları söyür, lənətləyir. Belə olmaz AXI… Birincisi, özünə doğma saydığı Qaçaq Nəbinin və Koroğlunun əzəz xatirəsini qədirbilən Azərbaycan xalqı heç vaxt unutmayacaq. Kimin nə deməsindən asılı olmayaraq onlar xalqın yaddaşında özlərinə yer tutublar. İkincisi, tarixçilər öz məntiqi araşdırmaları ilə onlara cavab verməlidirlər. Koroğlu konkret bir dövrdə (?) başına dəstə toplayıb Azərbaycan bölgələrinə mütəmadi basqınlar edərək əhalini yağmalayan osmanlı paşalarına qarşı vuruşub. Qaçaq Nəbi niyə qaçaq düşüb? Xalqın təəssübünü çəkməsəydi, o da indiki mühacirlər kimi çıxıb başqa bölgəyə gedər, ayın-arxayın orda yaşayardı. Adam bütün varlığı ilə Zəngəzur bölgəsinə, Qarabağa, o taylı-bu taylı Azərbaycana bağlıydı, hər yerdə xalqa zülm edənlərə qarşı vuruşurdu. Bununla belə o vaxt da satqınlar var idi, Nəbini satırdılar. İndi siz niyə əsəbləşib özünüzdən çıxırsınız. İmkan verin, tarixçilər ortaya sübut qoysunlar. Azərbaycan gündəmini dəyişənlər ortada meymun oynadırmışlar kimi davranırlar. Azərbaycan milli dəyərlərinə zərbə hardan gəlmiş olar? Dost, qardaş sandığın adamdan aldığın zərbələr necə göynədir? Hədəf niyə Azərbaycançılıq ideologiyası olsun axı..? Düşünün, cənablar, düşünün, boş-boş söyüşməkdən bir şey çıxmaz.
22 iyul – 365 gündən biri 22 iyul – Azərbaycan Milli Mətbuatın yarandığı gün Milli Mətbuatın yaradıcısı Həsən bəy Zərdabinin anıldığı gün… Onunla bərabər Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin, Sabirin və digər maarifçi ziyalıların xatırlandığı gün… Nə xoş o adamların halına ki, milli mətbuatın inkişafında iz qoya bilib. Ötən illərin birində mənə elə gəldi ki, mətbuat donub. Həsən bəy Zərdabinin tək varisi mənəm. Mənim də qələmim donub, heç nə yazmıram, yaza bilmirəm. Sən demə belə deyilmiş. Müasirlərimizdən gözəl qələm sahibləri Bayram Məmmədov, Şahməmməd Dağlaroğlu, Qafar Cəfərli, Damət Salmanoğlu, Mahir Cavadlı, Yunis Qaraxanlı, yaradıcılığıma dönə-dönə müraciət etmiş Vaqif Osmanov və onlarla digər həmkarlarım mənim də nələrsə yazdığımı qeyd etdilər. Deməli, mətbuatda günümüzü boş keçirtməmişik. Onların arasında Teyfur Çələbinin qeydləri xüsusilə diqqətimi çəkdi. Mən elə bilirdim Həsən bəy Zərdabinin yolunu davam etdirirəm. Teyfur Çələbi məni həm də Əli bəy Hüseynzadə ilə müqayisə etdi. Çox sevindim. Bu, mətbuatdakı zəhmətimə verilən ən böyük dəyərdir. Həsən bəy Zərdabi hamını maarifləndirməyə çalışırdı. Bərkə düşəndə kapital sahibləri hesab etdiyi Qarabağ bəylərinə üz tutdu. Təəssüf ki, bir qəzeti yaşatmaq üçün nə sadə rəiyyətdən, nə də bəylərdən dəstək görmədi. Əli bəy Hüseynzadə isə ziyalılarla işlədi, bəsirət gözü açıq olan ziyalılarla, milləti parlaq gələcəyə apara bilən ziyalılarla… Onlar isə çox azdır, bəlkə də barmaqla sayılası qədər… Gününüz mübarək, dostlar!
Söz qüdrətdi, bədii söz düşüncələrin qüdrətə yönəldilməsidi. Bu və ya digər mətləbin ifadəsi olan əsərlərin təxəyyül işığı sabahlar üçündü. Oxuyursan, özünü yaxşı əsərin əhatəsində hiss edirsən. Mahiyyəti zaman anlamında dünənlərlə bağlı olanların da, sabahlarda olacaqların da. Jurnalistikada da belədi. Əsasən, publisistikada.
Son vaxtlar yazılan belə məqalələrin başlıca yönümü vətənpərvərlikdir. Mədəniyyətdən yazılanların da, iqtisadiyyatdan, müharibədən, döyüşlərdən yazılanların da. Bu gərəkli prosesdə Əli bəy Azərinin sözü də sezilir, duyulur, görünür. Zamanında özü döyüşçü olmuşdu, tərxis edilmişdi. Sözü xalq naminə, dövlət naminə, dövlətçilik naminə tərxis edilməyib, yenə sıradadı. Bu qənaətimi onun “Nə deyim?..” kitabı da təsdiqləyir. Bu kitab bir ömürə söz işığıdı. Təfəkkürün işığıdı, onun haqqında yazılanların işığıdı, bir də vətənpərvərliyin işığıdı…
Mən də Zəngilanlıyam, Əli də, mən də zabit kimi xidmət etmişəm, Əli də, mən də Zəngilanda xidmət etmişəm, Əli də, mən də jurnalistika ilə məşğul oluram, Əli də, mənim də məqalələrim Vətəndən barınır, Əlinin də. Bu baxımdan özü könlümə yaxın olan bir yazıçı-jurnalistin kitabını da ruhumun doğması bildim…
“Nə deyim?”in başlıca mahiyyəti söz əsgərləri haqqında sözdü; özü də sözün əsgəridi və kitabda Əli bəy Azəri haqqında da işıqlı fikirlər könüləyatımlıdı…
“Son qor, son qığılcım qalana qədər…” məqaləsi Azərbaycanın tarixinə, deməli Azərbaycana heysiyyətin sözlə ifadəsidir. Sözə söykək kimi xatırlananlar dünyanın etiraf etdiyi gerçəkliklərdir. Əli bəy Azərinin qənaəti (“…İraqın, Suriyanın, İranın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və Rusiyanın ərazilərinə qatılan məmləkətlər bir vaxtlar Azərbaycanın əraziləri olub. Azərbaycan olub. Zaman-zaman qonşu dövlətlərin gücü ilə paralanan Azərbaycan ərazisində son olaraq XX əsrin əvvəllərində Ermənistan dövləti yaradılıb. Elə həmin vaxtdan da dünya əlində dəyənəyə çevirdiyi Er mənistan vasitəsilə Azərbaycanı döyəcləyir…”) bir əsrdən də çox çəkən milli qarşıdurmaların, milli münasibətlər müstəvisində döyüşlərin, müharibələrin siyasi-hərbi anatomiyasının annotasiyası kimi oxunur. Ermənistanın Azərbaycandan ərazi iddiası, iddanın nəticəsi olan ədalətsiz müharibə, döyüşlər, Ermənistanın hücumları, təxribatları. … haqqında Əli bəy Azərinin yazdıqları Azərbaycan mət buatının əsgərləşmiş sözü kimi tarixləşib.
90-cı illərdə başlayan, Ermənistanın siyasi, hərbi havadarlarının köməyi ilə apardığı müharibə Birinci Qarabağ müharibəsi adlandırıldı. Həmin vaxtlarda Azərbaycan Ordusu yaradıla-yaradıla for- malaşırdı, formalaşa-formalaşa yaradılırdı. Və formalaşa-formalaşa döyüşürdü. Yaradılan ərazi özünümüdafiə taborları düşmənin hücumlarının qarşısını ala bilsə də bu, yetərli deyildi. Düşmənlə əhali də döyüşürdü, milislər də. Belə bir şəraitdə Zəngilan taboru rayonun Ermənistanla sərhədini müdafiə edirdi. Əli bəy Azəri bu prosesin də təsvirini sözlə verib. Bu təsvir həm də Azərbycanda elan edilmədən başlamış müharibənin tarixi məqamlarının ifadəsidir: “Ərazi özünümüafiə taborunun mart 1992-ci ildə Müdafiə nazirinin birbaşa tabeçiliyindən ayrılaraq Füzuli rayonunda fəaliyyət göstərən briqada qərargahına, avqust 1993-cü ildə isə Qubadlı rayonunda fəaliyyət göstərən briqada qərargahına tabe edilməsi döyüşçülər arasında çaşqınlıq yaratmağa başladı. Qeyd etmək lazımdır ki, hər iki briqada istər idarəçilik, istərsə də nizam-intizam baxımından Zəngilan rayonunda olan döyüş səviyyəsindən, nizam-intizamdan və idrəçilikdən qat-qat aşağı səviyyədə idi. Həmin dövrdə hər iki rayonda beş motoatıcı taborun fəaliyyətdə olmasına baxmayaraq briqada qərargahı tez-tez Zəngilan rayonuna müraciət edir, komək göndərilməsini tələb edirdilər. Bu da döyüş hazırlığına mənfi təsir göstərirdi…”
Bu qeydlər Azərbaycanda ordu quruculuğu ilə bağlı xidmətdə olmuş zabit qeydləri kimi də dəyərləndirilə bilər. Bu zabit qeydlərini həm də təkcə tarixi faktlar kimi deyil, publisistik söz kimi təqdim edir. Hansı daha dəyərlidir? Biri ordu quruculuğunun tarixinə xidmətdə olan zabit münasibətidir, digəri vətəndaş-jurnalist münasibəti. Bu baxımdan SÖZ həmin faktın fövqündə dayanır. Niyə? – Əli bəy Azəri bu “niyə”nin cavabını oxucunun öz düşüncələrinə təslim edir. Və haqlıdır. “Nə deyim?..” deyir ki, oxucu desin…
“Ahın dağlara, dağlara…” məqaləsi Zəngilanın işğalının 25 illiyinə yazılıb. 25 il Əli bəy Azərinin qəlbinin göynəyi olan məqalədi. Sevgidi bu məqalə, sevgi fonunda təəssüf çalarları da var, inam işığı da. O inam da, o işıq da Zəngilanın qədim tarixinə heysiyyətdi, həm də sabahlarının yolunun səmtini nişan verir. Bu təəssüfün Şəhri-Şərifanın timsalında verilməsi isə qəbuledilən (və bəyənilən!) rəmzdi: “Şəhri-Şərifanın sorağı birinci minilliklərdən gəlir. Babək zamanında bir müddət ölkənin mərkəzi şəhərinə çevrilib. Səkkizguşəli sərdabə abidə kompleksinin qalıqları vardır. Deyilənə görə, yeraltı yolu Həkəri çayının altından keçməklə qarşı tərəfdə yerləşən Məmmədbəyli kəndindəki Türbəyə çıxırdı. Tədqiqat aparılmayıb…”. Təəssüf budur. Əli bəy Azərinin təəssüfü Zəngilanı (Azərbaycanı) sevənlərin təəssüfüdür…
Əli bəy Azərinin Vətən anlayışı bütün vətənsevərlərin düşüncələriylə səsləşir. Vətən üçün sərhəd məfhumunu ruh müəyyənləşdirir. Ruhun müəyyənləşdirdiyi sərhəd tarixin gizlinclərində də var, o sərhədləri tanımağa da, milli-mənəvi dəyərləri ayırmağa, ayrı salmağa o sərhədlərin gücü çatmır. Bu baxımdan tarixin neçə yüz illərinin o üzündə qalanlarda da bu gün ruhunda yaşayan işığın izlərini görmək böyük vətənsevərlikdir. “Nə deyim?..” kitabında bu tezisin də izləri duyulur, görünür.
Dərbəndi müqəddəs şəhər adlandıran (bəlkə də bu dərkə görə Dərbəndə sevgisi də müqəddəsləşən!) Əli bəy Azərinin “Dəmirqapı Dərbəndim” məqaləsi janr baxımından yol-səyahət qeydləri olsa da etnoqrafik çalarları ilə də diqqəti çəkir: “Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Çalqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, Dərbənd etimologiyaya görə Dar və Bərə, yaxud Dar və Bənd sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu dar bənddən keçmək məcburiyyətində qalıblar”.
Əli bəy Azərinin tarixi hadisələr müstəvisində yazılan “Dəmirqapı Dərbəndim” məqaləsində qürur, ehtiram, ruh zərrələri də müşahidə olunur. Bu zərrələr də sevgidi, bu sevgidə sezilməsi çətin olmayan bir sorğu da var. Kimdən? – oxucu müəyyənləşdirməlidi; “Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir” qənaətində də bu sorğunun çalarları duyulur…
Əli bəy Azərinin “Nə yaman dəyişib azman yerişim” məqaləsi Zəngilanlı şair Məhərrəm Mahinin şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir və bu, vətəndaşlıq borcu kimi duyğusallıqla yazılıb. Oçerk-müsahibə də (janrı müəllif belə müəyyənləşdirib) bir təsəlliyə söykənir: azman yeriş yavaşıya bilər, dolaşmaz, azman yerişli kişinin sözü (bədii sözü) dəyişməz. Yenə əvvəlki salğarındadı, əvvəlki urvatındadı. Bu, ustadlıqdı! Yeriş yiyəsinin də ustalığıdı, yeriş yiyəsini bu səmimiyyətlə təqdim etmək də…
Hər kitabın özünün yerinə yetirdiyi söz məsuliyyəti, söz missiyası var. Hər oxucu bu məsuliyyəti, bu missiyanı öz dünyaduyumuna, öz dərkinə görə müəyyənləşdirir. Bu və ya digər kitab haqqında oxucu (sərraf oxucu!) fikirləri istər əsərin (kitabın) ideya istiqamətlərinin, istərsə də əsərin (kitabın) bədii məziyyətlərinin (dəyərinin) işığının yolgöstərəninə dönür (buna rəy də deyirlər) . Əli bəy Azəri də Azərbaycanda çağdaş ədəbi prosesi məsuliyyətlə (ehtiramdan barınmış məsuliyyətlə) izləyir. Bu məsuliyyət (ehtiram) çağdaş ədəbiyyatımıza sevgidi. Oxuduğu, ədəbi prosesə yük olmadığına əmin olduğu kitablar haqqında rəylər də yazır. “Başsız qalan yurd yerləri sorağında” məqaləsi də, “Bu dünya yatanı oyadan deyil” məqaləsi də, “Niyə məhz kəpənək ömrü?” məqaləsi də düşündürücüdü, milli mənəvi dəyərlərə söz işığıdı. “Alovun şölələri sifətləri qarsıdır” məqaləsi gerçəkliyə gerçək münasibətin publisistik düşüncələrinin işığıdı. Nədi bu gerçəklik? – ədəbi prosesə qoşulan həvəslərin, nəfəslərin mövcudluğu, həm də əyalətdə. Nədir gerçək münasibət? – bu həvəslərə, nəfəslərə yaradıcılıq xeyir-duası vermək niyyəti. “Almanax jurnal deyil, məcmuədir, dərgidir, topludur. Müxtəlif müəlliflərin eyni mövzu və janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri buraxılışıdır” deyən Əli bəy Azərin bu məqaləsi “Qızıl Zəngilan” almanaxının təəssübkeşliyidi, bu təəssübkeşlik SÖZə ehtiramdı, çağdaş ədəbiyyatımıza sayğıdı: “Qızıl Zəngilan” almanaxının yaranmasında məqsəd zəngilanlı yazarların yaradıcılığı ilə oxucuları geniş müstəvidə tanış etməkdir. Eyni zamanda, fürsətdən istifadə edib rayonun füsunkar təbiəti, coğrafi relyefi, toponimləri, ədəbi üsluba yaxınlığı ilə seçilən yerli camaatın dili, şəhidləri, qəhrəman döyüşçüləri, tanınmış simalrı haqqında məlumat mübadiləsi aparmaqdır”. Bu missiya “Qızıl Zəngilan”ın, ruhunu (SÖZə vurğunluğunu) “Qızıl Zəngilan”a da ad eləmək Əli bəy Azərinin ömür missiyasıdı. Bunlara dəyər vermək isə oxucuların…
Məqalə yarımbaşlıqlar formatında hazırlanıb, könüləyatımlıdır, düşündürücüdür. Mənim könlümü “Vətəndən kənarda da vətənpərvər yetişdirmək olar” telləndirdi. Həm də bu qətiyyətin inamına inandım…
Əli bəy Azərinin “Hərbi Zəngilan” kitabı nəşr edilib. Zəngilanın müharibə tarixi kimi oxunmalıdır. Özünün də xidmət etdiyi o illərdə olmuşlar haqqında danışmaq, olmuşları xatırlamaq onun üçün həm vətəndaş, həm də hərbçi məsuliyyəti, məsuliyyətə söykənən borc olub. Bunlar yazıçının (jurnalistin) sonrakı yaradıcılığında da davam etdirilib. İstər verdiyi müsahibələrdə, istər bu və ya digər əsər haqqında fikir bildirəndə, istərsə də sosial düşüncələrində…
Əli Qurban oğlu Rzaquliyev (sözün Əli bəy Azərisi) 1966-cı il iyulun 15-də Zəngilanın Vejnəli kəndində anadan olub. Orta məktəbi 1983-cü ildə bitirib, 1984-cü ildə Xarkov şəhərində Qvardiya Ali Hərbi Tank Komandirləri məktəbinə daxil olub, 1988-ci ildən 1992-ci ilə kimi Kiyev, Şimali Qafqaz, Zabaykalye Hərbi Dairəsində xidmət edib. Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığına görə öz xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilib. 1992-ci ildən 2002-ci ilə kimi Zəngilanda və digər hərbi hissələrdə xidmət edib. Haramı döyüşlərinin iştirakçısıdır. Mayor hərbi rütbəsi ilə tərxis edilib…
Zamanında respublikamızın qəzet və jurnallarında, “Krasnaya Zvezda” qəzetində məqalələri, “Oğul” pyesi 2019-cu ildə “Rusiya ədəbiyyatı” jurnalında dərc olunub. “Qərbin qərbi”, “Rəsmi Bakı” qəzetlərinin baş redaktoru olub. ”Xəzan” jurnalının baş redaktorudur…
Əli bəy Azərinin 60 yaşdan sonrakı yaradıcılığının da işıqlı olacağına əminik. Əli bəy bu gün “Nə deym?..” deyir, zaman anlamında qürurla “Nə dedim, nələr dedim!” deyəcək!..
“Xəzan” jurnalının yetmiş dördüncü (iyul, 2026) sayı çapdan çıxıb. Jurnalın üz qabığında yazıçı Əli bəy Azərinin 60 yaşının tamam olması münasibətilə işgüzar şəraitdə çəkilən şəkili yerləşdirilib. Jurnal Azərbaycan Respublikası Milli Məclisi İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Millət vəkili Fazil Mustafanın “Xəzan” ədəbi-bədii jurnalının redaktoru, yazıçı-publisist Əli bəy Azəriyə yubiley münasibətilə ünvanladığı təbrik məktubuyla başlayır. Onun ardınca Azərbaycan Yazıçılar Birliyinin təbriki yerləşdirilib. Eyni zamanda Əməkdar müəllim Bayram Məmmədovun, şair Ramiz İsmayılın və “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın Əli bəy Azərinin həyat və yaradıcılığı barədə müvafiq yazıları çap olunub. Jurnalın bu sayında Natella Nurun “Allahın hədiyyəsi” romanı AMEA Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin təqdimatında tam həcmdə oxuculara təqdim olunur. Poetik nümunələr, nəsr və publisistik yazılarla zəngin olan jurnalın yetmiş dördüncü sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
Redaktor guşəsi -“Milli mətbuatın oxşar taleliləri” -“Əli bəy Azəri – 60” (Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu)
Publisistika -Fazil MUSTAFA – ““Xəzan” ədəbi-bədii jurnalının redaktoru, yazıçı-publisist Əli bəy Azəriyə (təbrik məktubu) -Bayram MƏMMƏDOV – “Hələ nələr deyəcəksən” (Yazıçı Əli bəy Azərinin 60 yaşı ərəfəsində onun kitablarını vərəqləyərkən) -Ramiz İSMAYIL – “Altmışdan o yana” (Yazıçı Əli bəy Azərinin altmış yaşına ürəyimin pıçıltısı) -Zaur USTAC – “Müharibə mövzusuna fərqli baxış” (Əli bəy Azərinin “İki Zəngəzurlu zabit” romanı haqqında) -Əli BƏY AZƏRİ – “Payızın astanasında” (özümlə söhbət) -Günay RZAYEVA – “Vətənə həsr olunmuş ömür – Milli Qəhrəman Valeh Müslümov” -Güldanə MEHDİYEVA – “Kitab həyatın ən uzaq və ən qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır” -Nağdəli KEŞTƏKLİ – “Damət Salmanoğlu poeziyasında estetik düşüncələrin yeri” -Adil MƏMMƏD – “Göyçay ədəbi mühiti” -Nuranə SULTAN – “Ayın görünməyən tərəfi” -Əli BƏY AZƏRİ – “Sözün lirizmi və duyğunun poetikası” (Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr) -Maqsud MÖVLAMOV – “Lahıcdan dünyaya uzanan sənət yolu – Ağa Mehdiyev” -Yunis QARAXANLI – “Hicran Əhmədlinin “Üşüyən ruhum” adlı kitabı haqqında bir neçə söz” -Məhrux DÖVLƏTZADƏ – “Aytəkin Mehmanqızının söz dünyası” -Vaqif YUSİFLİ – “Bir ailənin hekayəti” (Natella Nurun “Allahın hədiyyəsi” romanı haqqında)
Nəsr -Vaqif ƏSƏDOĞLU – “Ədalət və rəzalət” (fantastik hekayə – davamı, son, əvvəli jurnalın 72-ci (mart-aprel, 2026) sayında) -Solmaz HƏSƏNOVA – “İntizarın sonu” (hekayə) -Pərviz YƏHYALI – “Şərab dükanı üçün dua” (hekayə) -Natavan BAXIŞLI – “Ayanın həsrəti” (hekayə) -Çərkəz NƏSİRLİ – “Əhmədin oğlu ilə söhbəti” (hekayə) -Firavan MAHİR – “Tısbağa tərbiyəçisi” (hekayə) -Mina İLQAR – “Dünən işdəykən məni çox sarsıdan bir hadisə yaşadım” (esse) -Natella NUR – “Allahın hədiyyəsi” (roman) -Salman QARALAR – “Yaxşı sədr” (hekayə)
Buyurun, sevə-sevə oxuyun.
“Yazarlar” olaraq bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, onlara bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Sözün lirizmi və duyğunun poetikası Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr
Akademik Yaşar Qarayev yazırdı ki, ədəbiyyat xalqın mənəvi yaddaşı, insanın isə daxili aləminin bədii tarixidir. Bu baxımdan hər yeni kitab təkcə müəllifin yaradıcılıq hesabatı deyil, həm də müasir ədəbi prosesə qoşulan yeni bir səsdir. Ədəbiyyatın inkişafı müxtəlif poetik dünyaların, fərqli duyumların və fərdi üslubların qarşılıqlı mövcudluğu ilə təmin olunur. Burada eynilik deyil, fərdilik qiymətlidir. Müasir Azərbaycan ədəbiyyatında öz qələmini sınayan müəlliflərdən biri də Firavan Mahirdir. Onun “Jalə sevgisi” adlı ikinci kitabı müəllifin poetik dünyasını daha yaxından tanımağa imkan yaradır. Poeziya və nəsr nümunələrinin toplandığı bu kitab müəllifin daxili aləmini, həyata və insana münasibətini, bədii düşüncə istiqamətini nümayiş etdirən bir nəşr təsiri bağışlayır. Firavan Mahir peşə etibarilə ingilis dili müəllimidir. Müxtəlif dillərin poetik imkanlarına bələdlik onun söz seçimində, ifadə dəqiqliyində və fikrin yığcam təqdimatında hiss olunur. O, uzun təsvirlərə deyil, qısa, lakin emosional yük daşıyan poetik ifadələrə üstünlük verir. Müəllif üçün söz yalnız informasiya vasitəsi deyil, həm də hissin estetik ifadəsidir. Kitabın əsas mövzu dairəsini sevgi təşkil edir. Ancaq bu sevgi yalnız romantik hiss kimi təqdim olunmur. Burada sevgi insanın mənəvi bütövlüyü, sədaqəti, həsrəti, həyatın faniliyi və daxili təmizliyi ilə vəhdətdə təqdim edilir. Müəllif lirik qəhrəmanın duyğularını təbii axarda təqdim etməyə çalışır və süni pafosdan uzaq durur. “Kədərli qadın” şeirində oxuyuruq: Kədəri gözündə gizlədən qadın, Qəmdən ürəyini sızladan qadın. Bir qara buludu dalınca salıb, Çiçək yanağından öpdürən qadın. Bu misralarda müəllif konkret bir obrazdan çıxış edərək Azərbaycan qadınının ümumiləşdirilmiş mənəvi portretini yaradır. Burada kədər zəiflik deyil, mənəvi gücün ifadəsidir. Tarixin ağır sınaqlarından keçmiş qadının dözümü, səbr və fədakarlığı poetik boyalarla təqdim olunur. Müəllif qadının daxili aləmini sentimental çalarlarla deyil, həyat həqiqətinin fonunda göstərməyə çalışır. Firavan Mahirin poetik təfəkkürü daha çox obrazlı deyimlərdə özünü göstərir: “Bir balaca ürək verdin, dərya boyda sevgi qoydun…” “Bəzən bir mehinlə sığal çəkirsən, dərdimi o mehin alıb aparır…” “Səssizliyi gəzirəm qəlbimin harayında…” “Payız gəldi həm havaya, həm ömrümə bu gecə…” Bu misralar müəllifin bədii düşüncəsinin əsas istiqamətini müəyyənləşdirir. O, böyük fəlsəfi mühakimələr irəli sürmür; əksinə, gündəlik duyğuların poetik mahiyyətini açmağa çalışır. Sadə sözlər onun qələmində emosional məna qazanır. Poeziyanın təsir gücü də məhz bu səmimiyyətdən doğur. Yaşar Qarayev yazırdı ki, əsl poeziya insanın mənəvi aləmini zənginləşdirən estetik hadisədir. Firavan Mahirin şeirlərində də diqqəti cəlb edən cəhətlərdən biri oxucunun duyğularına hesablanmış təbii lirizmdir. Bu lirizm pafosdan deyil, müəllifin daxili yaşantılarından qaynaqlanır. Kitaba daxil edilmiş hekayələr də müəllifin yaradıcılıq diapazonunun genişliyindən xəbər verir. Hadisələrin ardıcıllığı, obrazların xarakterik cizgiləri və müəllif təhkiyəsinin axıcılığı göstərir ki, Firavan Mahir yalnız poeziyada deyil, nəsrdə də özünü ifadə etmək istəyən müəllifdir. Hekayələrdə həyat müşahidəsi ilə emosional təəssüratın vəhdəti hiss olunur “Jalə sevgisi” müəllifin yaradıcılıq yolunda mühüm mərhələ hesab edilə bilər. Kitabda böyük poetik iddialardan daha çox səmimi hiss, daxili təmkin və insan ruhuna həssas münasibət diqqəti cəlb edir. Bu isə hər bir qələm sahibi üçün mühüm başlanğıcdır. Yaradıcılıq inkişaf etdikcə poetik təfəkkür də dərinləşir, obrazlar zənginləşir, sənətkar fərdiliyi daha aydın görünür. Firavan Mahirin bu kitabı göstərir ki, o, Azərbaycan poeziyasının milli ənənələrinə bağlı qalaraq öz poetik nəfəsini formalaşdırmağa çalışan müəlliflərdəndir. “Jalə sevgisi” oxucunu duyğuların təbii axarına dəvət edən, lirizmi və səmimiyyəti ilə seçilən bir kitab kimi dəyərləndirilə bilər.
YÜZ DOQQUZUNCU YAZI MÜHARİBƏ MÖVZUSUNA FƏRQLİ BAXIŞ (Əli bəy Azərinin “İki zəngəzurlu zabit”i) Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan ordusunun döyüş yolu keçmiş (əvvəllər keçmiş sovet ordusunda xidmət etmiş) zabiti, tanınmış yazıçı Əli bəy Azərinin digər azərbaycanlı zabit, şair, hərbi jurnalist Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindn nəfis şəkildə çap olunmuş 272 səhifədən ibarət kitabı haqqında olacaq. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir. Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən (070-575-03-99) almaq olar. Əli bəy Azərinin 2025-ci ildə işıq üzü görmüş və hal-hazırda şəhərimizin kitab evlərində satışda olan “İki zəngəzurlu zabit” romanı müasir Azərbaycan nəsrində hərbi-vətənpərvərlik mövzusunu tarixi yaddaş, insan taleləri və milli kimlik məsələləri ilə birləşdirən maraqlı bədii əsərlərdən biridir. Əsərin ön sözündə qeyd olunduğu kimi, roman XX əsrin sonlarında bölgədə baş verən hadisələrin yazıçı təxəyyülü ilə sintezindən yaranmışdır və sovet ordusunda birgə xidmət etmiş iki dostun – iki zəngəzurlu zabitin sonradan qarşı-qarşıya gələn talelərindən bəhs edir. Əli bəy Azəri uzun illərdir ki, hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərlə tanınır. “İki zəngəzurlu zabit” romanında da müəllif oxucunu yalnız müharibə səhnələri ilə deyil, bütöv bir dövrün ictimai-siyasi mənzərəsi ilə qarşılaşdırır. Əsərin hadisələri qədim Zəngəzur torpağının müxtəlif məkanlarında – Mincivan, Qafan, Sisyan, Meğri və digər yaşayış məntəqələrinin fonunda cərəyan edir. Bu məkanlar sadəcə coğrafi adlar deyil, həm də bir xalqın yaddaşı, kökü və taleyidir. Romanın ilk səhifələrindən müəllif oxucunu Zəngəzurun təbiəti, kənd həyatı və insanları ilə tanış edir. Bu təsvirlər əsərə yalnız bədii gözəllik qazandırmır, həm də sonrakı dramatik hadisələrin emosional təsirini gücləndirir. Zəngəzur burada vətən anlayışının simvoluna çevrilir. Romanın əsas xətti iki zabitin – azərbaycanlı Azər və erməni İosifin taleyi üzərində qurulub. Hər ikisi Zəngəzur bölgəsinin yetirmələridir, hərbi məktəblərdə oxuyur, dostluq edir, bir-birinə arxa-dayaq olurlar. Onları yaxınlaşdıran yalnız hərbçi peşəsi deyil, həm də ortaq coğrafiya və uşaqlıq xatirələridir. Lakin tarix bəzən münasibətlərindən daha sərt olur. SSRİ-nin dağılması, milli münaqişələrin alovlanması və Qarabağ hadisələri iki dostun həyatını fərqli istiqamətlərə yönəldir. Dünən eyni süfrə arxasında oturan insanlar bu gün fərqli cəbhələrdə dayanmalı olurlar. Yazıçı məhz bu məqamı böyük ustalıqla təqdim edir: düşmənçilik xalqlar arasında yaradılsa da, onun ən ağır yükünü konkret insanlar daşıyırlar. Əsərdə Meğridə girov götürülən azərbaycanlılar, Mincivanda dayandırılan qatar, xalqın hiddəti və eyni zamanda təmkinə çağırış səhnələri geniş yer tutur. Qulu kişinin obrazı vasitəsilə müəllif ağsaqqallıq institutunun, xalq müdrikliyinin və vətəndaş məsuliyyətinin əhəmiyyətini göstərir. Qatar hadisələri romanın ən gərgin epizodlarından biridir. Burada həm xalqın haqlı narazılığı, həm də qan tökülməsinin qarşısını almaq istəyən insanların səyləri təsvir olunur. Bu səhnələr yalnız bir hadisənin təsviri deyil, bütöv bir dövrün psixologiyasını əks etdirir. Əsərin ən diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin hadisələrə birtərəfli yanaşmamasıdır. Yazıçı milliyyətindən asılı olmayaraq insan taleyini ön plana çəkir. İosif Arutyunov obrazı bunun ən parlaq nümunəsidir. O, erməni olsa da, dostluğa, insanlığa və vicdana sadiq qalmağa çalışan bir zabit kimi təqdim edilir. Bu yanaşma romanı sırf müharibə əsərindən daha yüksək səviyyəyə qaldırır. Oxucu burada yalnız qarşıdurma deyil, həm də insanlıq uğrunda mübarizə görür. Müəllif göstərir ki, siyasi proseslər insanları fərqli cəbhələrdə müxtəlif səngərlərə ataraq ayırsa da, vicdan və mənəvi dəyərlər hər zaman öz sözünü deyir. Əli bəy Azərinin dili sadə, axıcı və canlıdır. O, xalq danışıq üslubundan, yerli ifadələrdən və məişət detallarından məharətlə istifadə edir. Bu xüsusiyyət əsəri daha təbii və inandırıcı edir. Hadisələr sürətli inkişaf edir, dialoqlar canlıdır və oxucu özünü hadisələrin içində hiss edir. Müəllif xüsusilə kənd həyatının təsvirində, insan xarakterlərinin açılmasında və gərgin situasiyaların yaradılmasında peşəkarlıq nümayiş etdirir. Romanın dinamik süjeti oxucunu sonadək maraq içində saxlayır. “İki zəngəzurlu zabit” əsərinin əsas ideyalarından biri vətən sevgisidir. Müəllif oxucuya xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil, həm də milli yaddaş, ata-baba irsi və mənəvi dəyərdir. Zəngəzur obrazı roman boyunca bu düşüncənin daşıyıcısı kimi çıxış edir. Əsərdə vətənpərvərlik pafoslu şüarlarla deyil, insanların davranışları, seçimləri və fədakarlıqları vasitəsilə təqdim olunur. Bu da romanın təsir gücünü artırır. “İki zəngəzurlu zabit” Azərbaycan ədəbiyyatında yaxın tariximizin mürəkkəb və ağrılı səhifələrinə işıq salan dəyərli romanlardan biridir. Əsər dostluq və düşmənçilik, vətən və taleyüklü seçimlər, insanlıq və vicdan kimi əbədi mövzuları özündə birləşdirir. Əli bəy Azəri bu romanla təkcə iki zabitin həyat hekayəsini deyil, bütöv bir nəslin yaşadığı faciələri, ümidləri və mübarizəsini bədii şəkildə əks etdirməyə nail olmuşdur. Roman həm tarixi hadisələrə maraq göstərən oxucular, həm də vətənpərvərlik ruhunda yazılmış bədii əsərləri sevənlər üçün qiymətli bir ədəbi nümunədir. O, Zəngəzurun yaddaşını yaşadan, insan taleləri üzərindən tarixə nəzər salan və oxucunu düşünməyə vadar edən təsirli bir əsər kimi diqqəti cəlb edir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik! 21-23.06.2026 (Xankəndi, Şuşa, Laçın, Bakı)
1949-cu il 1 yanvarda Səmərqənd vilayətinin İştixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Özbəkistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ədəbi-dramatik verilişlər redaksiyasında redaktor (1971 – 1979-cu illər), “Səadət” (1979 – 1983-cü illər) jurnalında redaktor, “Gənc gvardiya” nəşriyyatında (1983 – 1994-cü illər) şöbə müdiri, baş redaktor müavini, baş direktor müavini və baş direktor vəzifələrində çalışıb. “Gecikmiş bəxt”, “Ana”, “Sirli istək”, “Ümid”, “Leyləklər”, “Qisas”, “Qəribə ziyafət”, “Anası danışdığı nağıl”, “Qırx hörüklü gəlin” və “Заветное желание” (rus dilində) adlı əsərləri çap olunub. Son illərdə “Bibixanım”, “Sultan Cəlaləddin, yaxud Çingizxan əlinə düşən məleykə”, “Nadirəli dövran”, “Gövhərşad bəyim” kimi tarixi romanları silsiləsindən nəşr olunub. Əsərləri rus, bolqar, qırğız, ingilis, ərəb, hind, benqal və tay dillərinə tərcümə edilib.