
”Fobiya” anlayışı heç birimizə yad deyil
Psixoloji triller və detektiv janrlarını ayrı-ayrılıqda çox sevirəm. Lakin bu iki janr bir əsərdə birləşəndə əsərə maraq ikiqat artır, gərginlik isə daha dərindən hiss olunur. Müəllif Vulf Dorn olduqda isə bu maraq üç qat artır.
”Fobiya” anlayışı heç birimizə yad deyil…. Hər birimizin həyatında müəyyən şeylərə qarşı qorxular var – təklik, qaranlıq, qapalı məkan, dəniz, heyvanlar və s…. Amma bir də var görünməyən, mücərrəd fobiyalar – uğur qazanmaqdan, irəli getməkdən, məsuliyyətdən qorxmaq….. Hansılar ki, insanı daxildən bloklayır və inkişafına mane olur..
Əsərin baş qəhrəmanı Sara da məhz belə bir fobiya ilə yaşayan qadındır. Zahirən hər şeyi qaydasında görünür: evi, yaxşı maddi vəziyyəti, həyat yoldaşı Stefan və oğlu Harvi… Amma ailə daxilindəki vəziyyət göründüyü kimidirmi? Bu sualın cavabını əsəri oxuduqca aydın şəkildə görürük.
Sara ilə Stefan arasındakı münasibətdə yaranan “çatlar” zamanla adiləşir. Hər şey gündəlik qayğıların, işlərin və görüşlərin arasında itib-batır. Məhz bu laqeydlik və susqunluq hadisələrin təhlükəli istiqamət almasına zəmin yaradır. Əsərin anti-qəhrəmanı da yaranmış vəziyyətdən ustalıqla istifadə edir…. Onun nə məqsədlə bunları etməsi isə oxucuya tədricən açılır. Spoilər vermədən deyim: bu kitabı və müəllifin bütün kitablarını mütləq oxumaq lazımdır….
Vulf Dorn mənim üçün ötən il kəşf etdiyim müəlliflərdəndir və artıq əminəm ki, bu tanışlıq davamlı olacaq. Bu, müəllifin oxuduğum dördüncü kitabıdır. Yazıçının əsərlərində insan psixikasına dərindən nüfuz etdiyini hiss etmək olur. O, qorxunu, travmanı və daxili ziddiyyətləri yalnız hadisələrin hərəkətverici qüvvəsi kimi deyil, insanın düşüncə və davranışlarını formalaşdıran əsas amil kimi təqdim edir. Məhz buna görə də oxucu onun əsərlərində təkcə süjetin gərginliyini deyil, həm də güclü psixoloji təsiri hiss edir.

Qeyd: Kitab Azərbaycan dilinə Cəlil Cavanşir tərəfindən çevrilib. Axıcı, səlis və fikirləri oxucuya rahatlıqla çatdıran bu tərcüməyə görə Cəlil bəyə xüsusi təşəkkürümü bildirirəm.
Müəllif və mənbə: Vəfa BAĞIRZADƏ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında