Xəzərin mavi lacivərdliyi boyasını türk qövümlərinin sakin olduğu ucsuz-bucaqsız Türküstan ellərinə baxışından alır. Sanki od rəngli günəş şəfəqləri dalğalara baş vuraraq mavi biçimə bələnir. Bu tələtümlü türk nəhri namərd gülləsindən al qana boyanan neçə-neçə vətən oğluna son mənzil olub. Böyük-Zirənin sahillərindəki yaşıl yosunlar isə istiqlalımızın rəmzi bayrağımızın ətəyini xatırladır. Hacı Hüseyn Əfəndiyev 1893-cü ildə Göyçayda Abdulla bəyin ailəsində doğulub. O, ilk təhsilini Göyçayda alır. Daha sonra Tiflisdə ali təhsilini başa vuraraq doğma elinə dönür. Gənc Hüseyn ata-babasının geniş təsərrüfatına rəhbərlik etməklə yanaşı Göyçayda ilk dəfə olaraq kitab və dəftərxana ləvazımatı dukanı açır. Əslində onun açdığı dükan kitabxana idi. Bu əzəmətli bina-mülk sonralar bolşeviklər tərəfindən müsadirə edilərək xəstəxanaya çevrilir. 1915-ci ildə ailə quran Hüseyn bəyin 1916-cı ildə oğul övladı dünyaya gələndə sevincinin həddi-hüdudu aşıb-daşır. Ailə həyatının xoşbəxtliyini könül dolusu yaşayan gənc heç ağlının ucundan da keçirməzdi ki, qısa zaman kəsiyindən sonra onun özünün, doğmalarının başı üzərini amansız qara buludlar alacaq. Cəmi dörd il sonra onun oğul övladı atasız qalacaq, olmazın məşəqqətlərinə düçar olacaq. Hətta təqiblərdən qorxan ana oğlunu qorumaq üçün onun soyadını da dəyişmək məcburiyyətində qalacaq. Bu azmış kimi Hüseyn bəyin atasız böyüyən övladı ll Dünya müharibəsinin odlu-alovlu səngərlərində ağır döyüş yolu keçəcək. Hələ Hüseyn bəy həyatının ən xoş illərini yaşayırdı. Ətrafına topladığı istedadlı gənclərin maarifləndirməsi yönmündə iş aparır, saysız-hesabsız mal-mülkündən gələn gəlirlərdən təhsil alan tələbələrə təqaüdlər verirdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Hüseyn bəy bu tarixi hadisəni ürəkdən alqışlayır. Göyçayda Əhrar partiyasının özəyini təşkil edən gənç bəy aqrar sahədəki problemlərin həlli istiqamətində ciddi iş aparır. 1918-ci ilin dekabrında AXC-nin parlamenti fəaliyyətə başlayanda Hacı Hüseyn bəy Əfəndiyev Göyçay qəzasından millət vəkili seçilir. 7 dekabr 1918- ci ildən 27 aprel 1920-ci ilə, yəni parlamentin son iclasına qədər deputat fəaliyyətini Hacı Hüseyn bəy Əfəndiyev əsasən aqrar istiqmətdə islahatların aparılmasına həsr edir. Həmçinin Hüseyn bəy parlamentdə məsləkdaşları ilə birgə AXC-nin bütövlükdə nail ola bildiyi məsələlərdə ciddi fəaliyyət göstərmişdir. AXC süküt edən gün, 28 aprel tarixində bolşeviklər Hüseyn bəyi həbs edir. O, XI ordunun 7 saylı xüsusi şöbəsinin müstəntiqinin qərarı ilə 3 iyun 1920-ci ildə Böyük-Zirə (Nargin) adasında güllələnmişdir. Cəmi 27 yaşında düşmən fətvası ilə qətilə yetirilən işıqlı aydın arzusunda olduğu çiçəklənən vətəni mavi dalğalara höpmuş ruhu ilə görməyə məhkum edildi. Yüzlərlə soydaşı kimi. İstiqlalımızın bu gün 106-cı il dönümünü qeyd edərkən Hacı Hüseyn bəy Əfəndiyevin timsalında bütün istiqlal mücahidlərinin ruhuna sayğılarla rəhmət oxuyuruq.
Miniatür əfsanə Hər tərəfdən sıx pöhrəliklərlə əhatələnən kiçik tala onların görüş yeri idi. Çoban hər gün günortaya yaxın sürüsünü yaxınlığdakı dərəyə ötürüb sevgilisinin görüşünə məhz bu talaya gəlirdi. Onun tütək çalmağı qulağı səsdə olan Günəşi görüş yerinə, talaya çağırmağı idi. Öz oymaqlarından dağ döşü cığıra düşüb gizlincə talaya gələn Günəş min bir həyacanla həm onu kimsə görəcəyindən ehtiyat edirdi, həm də görüşə gecikəcəyindən qorxurdu. Bir gün Günəş sevgilisinə deyir: -Eşitmişəm anan səni öz bacısı qızına adaxlamaq istəyir. Çoban cavabında gülümsəyib -Günəş, sən ki yaxşı bilirsən dünya ha dağıla mən səndən dönmərəm. -Onu da eşitmişəm ki, sənin otardığın sürü xalanın ərinə məxsusdur. -Nə olsun ki… bir parça çörəyimizi hardansa qazanmalıyıq ya yox? -Bax, ha məndən dönsən… -Niyə belə deyirsən? Əgər bir gün görüşünə gələ bilməsəm, bil ki başıma nə isə iş gəlib. Ürəyinə başqa heç nə gətirmə! Mütləq gəlib səni tapacam. Qəfil yağan yaz yağışından daldalanmaq üçün sevgililər böyük qarağac ağacının altına sığındılar. Çoban Günəşin əllərindən bərk-bərk tutmuşdu. Dəhşətli göy gurultusu, şimşəklərin göylərdə oynatdığı qılıclardan qopan od qəlpələri hər ikisini üşəndirirdi. Günəş titrəyir, sanki qorxudan möhkəmcə sarıldığı sevgilisinin odlu nəfəsindən qızınmaq istəyirdi. Tut ucundan göyə çıx yağan leysan dərə boyu sellərin şaqqıltısını keçən hər an artırırdı. Qapqara buludlar səmanı büsbütün tutmuşdu. Cəmi bir saat əvvəlki aydın göylərdən, parlayan günəşdən əsər əlamət qalmamışdı. Lap yaxınlıqda kiçik yasamallığın arxasında tükürpərdən ildırım çaxdı. Elə bil ildırımın hayqırtısından qorxan buludlar ərköyünlüklə ağlamalarına dərhal son qoydular. “Ağıllanıb” sakitləşərək dağların başına qalxdılar. Qara buludları əvəz edən ucsuz-bucaqsız maviliklərə hansısa qüdərtli əl əlvan rənglərdən qövs çəkdi. Göyqurşağının əsrarəngizliyi hər ikisini valeh etmişdi. -Günəş sən qaç, göyqurşağı sizin oymağın üstədir. Çat, onun altında rəqs et! -sonra gülümsəyərək əlavə etdi: -Bizim xoşbəxtliyimiz üçün. Mən də dərəyə düşüm. Görüm sürünün taleyi necə oldu. -Sən nə danışırsan! Eşitmirsən selin səsini? Ora düşmək olar? -Yox getməliyəm. Bəlkə qoyunlardan salamat qalanları var.
Həmin leysanlı, tufanlı yaz günündən aylar keçdi. Sonra illər bir-birini əvəz etdi. Çobandan bir soraq çıxmadı. Dağlar, meşə, meşənin qoynundakı tala çobanın tütəkdə çaldığı musiqiyə həsrət qaldı. Hər gün talaya gələn Günəş çobanı orda görməyib, məyus-məyus evə dönürdü. Qapılarını döyən bütün elçilərə yox cavabı verdiyindən bütün oymaq ona qəribə baxırdı. Hətta orda-burda xısın-xısın söhbət gəzirdi ki, Günəş havalanıb. Hər gün meşə içi harasa gedib, geri qayıdanda özbaşına gəlmədi, gəlmədi, yenə gəlmədi dediyini eşidənlər təəccüblərini yozacaq yer tapmırdılar. Ona tənə ilə baxanlar da az deyildi. Günəş isə qəlbində min cür yozmalar edir, sevgilisinin onu atdığına qınayır, sonra da özünü qınayır. Bəlkə məni mən onu sevdiyimdən çox sevir. Yazığı dərədə sel aparıb. Belə hallarda yenə də özünü məzəmmət edirdi. Dilim, ağzım qurusun! Təki heç nə olmamış olsun. Lap öz xalası qızı ilə xoşbəxt yaşasın. Və yenə də dərhal, yox-yox! Bəlkə yaralıdı, sel onu daşlara, qayalara çırpıb. Kaş mən güllücə yastıq olaydım onun başı altında. Doğrudan ay allahım bilmirəm o məni sevir, sevmir. Qoy yaşılca yastıq olum, əgər sellər onu qayalara vurub yaralayıbsa… Bəlkə O, sürünü sel apardığından qeyb olub. Bəlkə sevir… bəlkə…
Həmin gündən Günəşin oymağında hamı, hər yerdə onu axtarsa da heç yerdə tapa bilmədilər. Bütün obada söz düşdü ki, Günəş qayadan yıxııb ölüb. Amma heç kəs bilmirdi ki, hər yaz meşənin içindəki o talada tacı günəşi, ləçəkləri günəşin şölələrini xatırladan çiçəklər, camaatın çobanyastığı dediyi Günəşdir. Gənc qızların sınamalarında yaşayan Günəş-Çobanyastığı sonu sevir ləçəyində sevinib, xoşbəxtcəsinə gülümsəyir.
Onun doğma Təbrizi qana boyananda hamı kimi düşünmədi. İnqilab adı altında pəhləviləri əvəz edən şarlatanlar mahiyyət ehtibarı ilə eynən türkə və türkçülüyə asi olduqlarını bəyan etdi. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxardı. Məhbəs həyatı yaşadı, amma gerçəklik aşiqi olmaqdan vaz keşmədi. Mühacir həyatı yaşadı, ancaq çətinliklərə sinə gərib haqq carçısı olmaqdan əl çəkmədi. Ruandadakı vəhşiliklərə, Əfqanstandakı müharibə acılarına, Somalidəki aclığa, Xocalıdakı erməni faşistlərinin azğınlığına, Sovet-rus imperiyasının 9 aprel Tibilisi qətliamına 20 Yanvar Bakı qırğınına özünəməxsus etiraz edən Rza Diqqəti dünyaya təkbaşına əsil həqiqəti çatdırmağa müvəffəq olmaqla yanaşı, yaşanan gerçək tarixlərin izinin itirilməsinə sipər olmağı bacardı. Onun üçün tikanlı dəmir məftillər, keçilməz sərhədlər, quş belə uçması mümkünsüz olan sədlər maneə olmaqda aciz oldu. Və o neçə-neçə susmuş vicdanları dilə gətirtməyi bacardı, görməzdən gəlinənlərə görmək məcburiyyəti diqtə etdi. Erməni vəhşiliyinə məruz qalan azərbaycanlı körpənin şəkilini Fransada sərgidə çırıb atan ”mədəni” erməniləri Rza Diqqəti özünəməxsus şəkildə ifşa etdi. O sərgidə çırılmış şəkilin də şəklini çəkib başqa sərgilərdə nümayiş etdirməklə erməni xislətini dünyaya car çəkdi. Fotojurnalist, kinorejissor, ssenarist Rza Diqqəti ilə gözəl bir yaz səhərində doğma Bakımızın tarixi küçələrinin birində görüşmək, xoş ovqata köklənmək çox böyük məmnunluq yaşatdı.
(Esse) Yağan yaz yağışı düz sinəsinin ortasındakı qara xala kədərdən qapqara nəm çəkmişdi. Qan rəngli yanaqlar bağrının qara düyününün ahından solğunlaşıb, boynunu lap bənövşə kimi bükmüşdü. Yaxınlıqdakı çobanyastığı topasına tərəf boylanıb yazıq-yazıq dərdlərini bölüşmək istədi
– Hamı məni sevir, adım dillər əzbəridir. Çiçəklərin tacı hesab olunuram. Adıma nəgmələr qoşurlar, əzizlənirəm. Elə ki, dağ döşünə, düzlərə çıxdım dəstə-dəstə insanlar mənlə şəkil çəkdirməyə növbəyə dururlar. Analar adımdan qızlarına ad verir, şairlər vəsfimdən doymaq bilmir. Nasirlər şəhid qanının müqəddəsliyindən rəng aldığımı deyir. Təkcə özüm bildiyim kədərimi isə bir kimsə görmür, duymur. Lap səhnədə xoşbəxt qız rolunu şən qəhqəhələrlə oynayan, amma həyatda ən bədbəxt insan olan aktrisa kimiyəm. Qəfil azacıq artıq olan günəş hərarəti, yağan yağış, əsən külək qısaca ömrümüzə bağırımızdakı qara xal kimi nöqtə qoyur. Ya da acı olsaq da ac bir quzunun iştahlı mələməsinə qurban gedirik. Birdən də kimsənin əyləncə həvəsinin ehtirasında qırılır ömrümüz. Dərib bizi bir neçə anlıq sevilməyin məstindən keçirib, tezcə solan ləçəklərimizi miskincəsinə ayaqlar altına atırlar. Çobanyastığı topasından ağ, nazlı görkəmi ilə göz oxşayan biri qanrılıb lalə tərəfə sanki ona təskinlik verirmiş kimi dilləndi:
– Qəm yemə dostum. Biz də səninin günündəyik. Düzdü bizi yağış sənin kimi incitmir. Bağrımızda qara düyünlü xalımız yoxdu deyə sanma ki, dünyanın dərdsiz bəxtəvərləriyik. Min bir dərdin dərmanı olsaq da adımıza nəğmə qoşmazlar. İnsanlara sağlamlıq bəxş etsək də ünvanımıza zəqqutun acılığındayıq deyirlər. Bizi yolub cızzağımız çıxanacan qurudurlar, sonra da basıb çaydana qaynar suda qaynadıllar. Dərdlərə dərman, xəstələrə şəfa olan canımızı qətlə yetirib heç uf demirlər. Bu azmış kimi yeniyetmələrin sevir-sevmir sınamasında tutub bizi kəsilmiş toyuq kimi yolurlar. Qızlar da, oğlanlar da vay o gündən yolulan ləçəyimizin sonuncusunu niyyəti ilə düz gəlməməyi ola, onda hirslə necə sarı bağrımıza dağ çəkdiyini görəsən. Elə bil kiminsə sevməməyində günahkar bizik. Ən axırıncı lazımsıza bənzədib, hələ bir arxamızca lənətləyirlər də. Bəzən də istədikləri arzuya düz gələn axırıncı ləcəyimiz qopardıb elə atılıb düşürlər ki, saplağımız da, bətnimizdəki sarı toxumçuqlar da ayaqlar altında taptanaraq məhv olur. Hələ bizə tənə ilə sirkan deyənlər də tapılır.
Ruhunu incitməyə ehtiyat edirmiş kimi bir əl lalələri də çobanyastığını da oxşadı. Elə bil sehirli hənirti vardı bu barmaqların ucunda. Qəlblərini duyaraq lalələrin də, çobanyastığı çiçəklərinin də ən zərifini, ən məsumunu həm də ən acizini dərdi. Üzülən çobanyastığı da, lalə də qətillərinə verilən fərmana boyun bükəndə heç bilməzdilər ki, onlar dünyanın bütün çobanyastığı çiçəklərindən, bütün lalələrindən ən xoşbəxti, ən şanslısı olacaqlar. Çobanyastığı və lalələrin ən bəxtəvəri onları üzüb əldə tutandan dünyanın ən gözəl, ən məsum, mələkləri belə heyrətə salan nur simalı təkinə ünvanlandı. Ecazkar təbəssümdən çiçək dəstəsinə elə bir şəfqət seli axdı ki, çiçəklər sevgi etizasından bayıldı. Onların əksi bir cüt qonur dəryaya hopub əbədi olaraq xoşbəxt dalğaların qoynuna köçdü.
Susuz Qırğız çöllərindəki yovşanların ətrini qələmlə ağ kağıza köçürüb qoxusunu sınırlar aşırı çatdıra bilən qüdrətli əttar-yazar, obrazlarının iç dünyasının dərinliklərindən boylanan insan portretlərini canlandıra bilən mahir rəssam-yazar, Manasla “Cəmilə” arasında mənəvi körpü quran memar-yazar, İssık-Kulun göz yaşıtək dupduru sularıda üzən günəş şəfəqlərinin hərarətini Dəşti-Qıpçağın Xəzər civarlarına daşıyan rüzgarlara nəğmə qoşan akın-yazar, gırğız qopuzunun ecazkar səsinin Tyanşan əzəmətində əks-sədası nəğməkar-yazar Çingiz Ayıtmatov! Çoxdan “Ağ gəmi” nlə Xəzər adlı nəhri üzüb keçmişdin Qərb sahillərə, o “gəminin” duyğu yükündə “Köşək gözü” vardı. “Qırmızı yaylıqlı qovağım mənim”da heç qərib olmadı bu sahildə. “Ölüm kötüyü” də bəyənildi, “Gün var əsrə bərabər” də düşündürdü. Əsərlərinə təbliği, sevgini əsirgəmədi Azərbaycan xalqı. Türkün böyük oğlu deyib səni doğma Qırğıstanından kənarda ən çox biz təbliğ etdik. Dərsliklərimiz bol-bol yaradıcılığından söhbət açdı, nəşr evlərimiz əsərlərini cild-cild tirajladı. Və zaman gəldi dara düşdük, doxsanları yanvar dəhşətini yaşadıq. Yazarlarımız, ziyalılarımız dost qapısı döydü, susqunluğunu görüb dəvət göndərdi. Haqq səsimizə səs, mənəvi dəstək umduq. Cavabsız qaldı umacaqlarımız. Xocalı qətliamının fəryadı da eşidilmədi. Süküt və susqunluqla qarşılandı. Bu azmış kimi hələ bir saxta erməni əzabkeşliyi barədə dost dilindən ürəkyanğılı ifadələr də eşitdik. 20 yanvarı da, qətliamları da, torpaq itkisini də yaşadıq. Amma məğlub olmadıq, toparlandıq haqq etdiyimizi düşməndən geri aldıq. Güclü dövlət də qurduq, səsimizə səs verən dostlar da qazandıq. Həmişə Bakıya gələndə pişvazına çıxıb qarşıladığımız kimi bu gün də baş kəndimizə gəlişini alqışlayırıq. Bu dəfə sağlığındakından fərqli çiçəkləri abidənin önünə qoyuruq. Bu abidə də qüdrətli bir nasir üçün Azərbaycan xalqının ucaltdığı töhfədir. Biz ədəbiyyata, mədəniyyətə, istedada qiymət veririk. Hətta dost olmasa belə.
Etüd Qürüb hər axşamçağı olduğundan daha kədərli görünürdü indi. Fikrindən keçdi ki, zəhləsi getsin günəşin batması səhnəsindən. Qan rənginə boyanmış buludların ağlamamış gözləri qıpqırmızı olduğunu ürək ağrısı ilə içindən keçirdi. Əgər ona əziz olan dodaqlar nə vaxtsa pıçıldamasaydı ki, qürubu sevirəm, indi seyrinə daldığı mənzərəyə nifrət edərdi. Kiçik meşənin tala hissəsinə təzəcə yaşıl don geyinmiş palıd ağacları əcayib və uzun kölgələrini salırdı. Günəş batmağa can atdıqca kölgələr zəif mehdən səndələyə-səndələyə elə hey boy atıb uzanırdı. Dodağının altından mızılıtıya bənzər istehza bu eybəcər kölgələrdən də acığı gəlməyə haqqım yox dedizdirdi ona. Bilmirdi hardan gəlib ağlına bir dəfə demişdi ki, kölgə sözündən xoşu gəlir. Düşüncəsinin lap dərinliyindən bir fikir cücərdi. Bu ağacların kölgəsini beləcə yırğalayıb bir-birinin üstə çıxaran meh deyil. Kölgələrin bir az kefi kökdü. Yüngül sərxoşluqları var deyə bir-birlərini itələyirlər. Bağışladım onların şıltaqlığını deyib, acıqlanmaqdan vaz keçdi. Quşların səsisi də küsküncə notlara köklənmişdi. Ona elə gəldi ki, hər gün minlərlə dəfə nəqarət üstə dünyanın ən şirin adını daha şux səslə oxumurlar. Köklənib sehgaha elə qəmli ahda əziz adı təkrar-təkrar zümzümə edirlər. Hirslənə bilmirdi ki, cəhcəhlərə necə vurğun olduğu əzizinin xoşladığı səslərə xəyanət etmiş olar. Gücü özünə çatırdı. Bircə özümdən küsməyimə haqqım var. Dünyada nə varsa, günəş, ay, ulduzlar, kölgələr, quşların cəhcəhi, yağışın səsi, şimşəklər, guruldayıb toqquşan buludlar, yarpaqların pıçıltısı, ağacdələnlər, şər qarışdıqca domuşub üşüyən çiçəklər, həşəratların səsi, uzun və yöntəmsiz gövdələrini zərifcə çəmənliyin üstə sərələmiş kölgələr, yaşıllıqların içindən boylanan üstü kirəmitli evin hüzur dolu məğrurluğu, hətta bir az aralıda göldə ağız-ağıza verib yeknəsəq orkestr ifasını xatırladan qurbağaların xoru onu ovundurmur, ancaq küsüb də uzaqlaşmaq istəmirdi. Bütün gördükləri, fikrindən keçənlər ona dünyasının səcdəgahı olan ilahi varlığın sevdiyi, xoşladığı idi. Necə küsüb üz çevrə bilərdi onlardan. Hər kəsə, təbətin hər canlısına, hər koluna, çiçəyinə sevgisi olan sevgisinin sevgisi vardı. Bəlkə də elə dünyada onun xoşlamadığı canlı ya cansız ancaq mənəm fikiri keçdi ağlından. Qoy onda elə ancaq özümdən küsüm, özümə lap nifrət edim. Onda inciməz. Axırıncı sözünün qulaqlarında əks-səda verən məyusuluğu elə qulaqlarını batırırdı. Azacıq anlaşılmazlıqdan küsüb, incik düşən qəlbinin günəşi bir göz qırpımında nur şəfəqlərini zülmət qaranlıq niqabına bürümüş, bütün vicudu yoxa çıxmış nur hərarətinə həsrətlə buz bağlamışdı. Məni daha çox istəmirsən? Sözünü bitirməmiş, aldığı yox cavabının amansızlığında bütün dünyanın kədərini büsbütün özünə çəkib, məyus-məyus dunyanın içində dünyasızlığa, heçliyə, qəmin dalğa-dalğa üstündən keçdiyi bir dərinliyə yuvarlanmışdı. Əlindəki telefona da hirslənə bilmirdi. Axı burdan o hər gün bütün yaranışın ən mübarək, ən məlahətli səsi olan onun səsini eşitmişdi. Hələ qarşıda bir ömrə bərabər upuzun, qapqara gecə dururdu. Gecənin zülmətinə, sakitliyinə və uzandıqca uzanan tərsliyinə də ağız büzə bilməzdi. Axı o gecənin qulaq batıran sakitliyinə vurğundu deyə gecəyə də asi düşə bilməyəcəyini yəqin bilirdi. Günahkar da özüməm, elə hirsinini tökəcək ünvan da özüməm, küsəcək tək bir can varsa o da yenə özüməm fikirininin üstə qalıb evə döndü. Bağçaya çatanda yasəmənlərin ətrinə biganə qala bilmədi. Heç dünən belə deyildilər. İstədi əli ilə sığal çəksin salxımlara. Nə fikirləşdisə əlini tez də geri çəkdi. Əl vurmayım, yasəmənlərin ruhu inciyər deyib öz-özünə pıçıldadı. Necə göndərim, nencə…. Yox ee acıqlı olub deyib də, ya da zarafat edib. Ürəkdən ha deməyib ki. Yox bir, səni daha çox istəmirəm. Yasəmənlərdən qucağı tutan qədər üzdü. Heç ikicə addım atmamış qəfil uğultu ilə elə bir külək qopdu ki, bütün vicudu titrədi. Burulğan kimi başının üstə oynayan külək qucağındakı yasəmənləri göyə sovurdu. Bir göz qırpımında gözdən itən məhculuqda yasəmənlər yoxa çıxdı. Elə bil qara yel onları ətirləri ilə bərəbər harasa aparmaq üçün peyda olmuşdu. Külək qəfil əsdiyi kimi, qəfil də kəsdi.
Dünyanın kədəri çökmüş üzünü anidən təbəssüm bürüdü. Onun ki, küləkdən zəhləsi gedir. Ən xoşlamadığı külək belə ona çatmayacaq yasəmənləri vurub əlimdən aldı deyə öz-özünə pıçıldadı. Hətta zəhləsi gedən rüzgarlar belə ona səmt ətir aparır. Heç vaxt qarşılıq görməyəcək külək belə inad edirsə mən niyə….
Qucağında tutduğu yasəmən dəstəsini sinəsinə elə sıxmışdı sanki qorxurdu kimsə onu əlindən alacaq. Üz tutduğu ünvana necə çatacağının fərqinə varmadan gecənin qaranlığına qarışıb gedirdi. Bilirdi ki, çatacağı yerdə onu dan şəfəqləri qarşılayacaq.
Pərviz Yəhyalı Beynəlxalq Nobel İnformasiya Mərkəzinin sülh nominasiyası üzrə eksperti seçilmişdir. Belə ki, adı çəkilən mərkəzin Orta Asiya və Cənubi Qafqaz ölkələri üzrə fərd və təşkilatların namizədliyə təqdimatından öncə tələb olunan dörd müsbət rəydən birini P.A. Yəhyalı verməlidir. Əks təqdirdə namizəd statusu qazanmaq mümkünsüzdür. Xatırladaq ki, dünyanın ən nüfuzlu ödüllərindən birincisi olan Nobel Sülh mükafatının 8 ölkə üzrə eksperti təyin olunma siyasi və mənəvi baxımdan çox ciddi məsələdir. Hər il Norveç parlamentinin xüsusi komissiyasında baxılan təşkilat və şəxslərinin namizədləri sırasına düşmək ciddi prosedur qaydaları ilə müəyyənləşir. Heç kimə sirr deyil ki, istiqraz, borc və səhmlərdə yerləşdirilmiş vəsaitdən formalaşan Nobel fondunun müəyyən hissəsində Bakı neftinin və bakılı neftçilərin əməyindən də pay var. Həmyerlimizin Nobel Mükafatları Komissiyasında söz sahibi olması bütövlükdə respublikamızın ciddi uğurudur.
Pərviz müəllimi təbrik edir, ona fəaliyyətində ölkəmizi layiqincə təmsil etməyi arzulayırıq.
Pərviz Yəhyalı imzası əlli milyonluq Azərbaycan xalqının sıralarından bu gün aydın şəkildə görünür. Bu parlaq imza sadə və eyni zamanda çox möhtəşəmdir. Bəli, bu imza sahibi iddialıdır, dünyanı dəyişməyə, təkcə öz mənsub olduğu, canından əziz bildiyi xalqı üçün yox, eləcə də bütöv bəşəriyyət üçün, sülh üçün, əminamanlıq üçün. Haqqında söhbət açdığımız insan təbiətən təvazükardır. Onun həyat yoluna, fəaliyyətinə nəzər salanda hansı sahəni qabartmaq istəsən bir az çətinə düşürsən. Haradan başlayasan deyə. O, hələ ilk gənclik illərində fəth etdiyi müəllimlik zirvəzindən, bu zirvəyə gedən yoldakı əzmkarlığından söhbət açmağı əvvələ salmaq daha yaxşı olardı. Pedaqiji fəaliyyətinin ilk illərində, elə ölkə pedaqoji ictimyiyətinin rəğbətini qazanmış, çoxsaylı uğurlara imza atmışdır. Təkcə bir faktı demək kifayyətdir ki, Pərviz müəllim ölkədə üç dəfə (2001,2003, 2008-ci illər) “ ilin ən yaxşı” müəllimi müsabiqəsinin qalibi olmuş yeganə pedaqoqdur. Təbii ki, onun naliyyətləri həmişə təqdir olunmuş və layiq olduğu qiyməti aldıqda da bir ilkə imza atmışdır. Belə ki, Pərviz Yəhyalı ölkə prezidenti tərəfindən “əməkdar müəllim” fəxri adını alan ən gənc müəllim kimi də tarixə düşmüşdür. Burada onun çoxsaylı təltif və mükafatlarını sadalamaq fikrindən uzağıq. Lakin Pərviz müəllimin bütün pedaqoji fəaliyyətinə güzgü tutacaq bir deyimlə kifayətlənəcəyik. Onu öz düşüncəsindən süzülən aforizmi həm də bu günümüzlə necə də səsləşdiyinə isə bəşəriyyətin bütün tərəqqipərvər insanları yəqin ki razılaşar. Pərviz müəllim deyir: “ Bəşətiyyət hansı inkişaf mərhələsində olursa olsun, müəllimlik bütün zamanların ən lazımlı peşəsi olaraq qalacaq”. Bu yerdə onun daha bir aforizmini yazmaq yerinə düşərdi. “ Məktəb mənəvi zənginliyə açılan pəncərə, müəllimsə o pəncərədən doğan günəşdir ki, hərarətindən daim körpə qəlblərinə nur ələnər” Pərviz Yəhyalı həm də istedadının ziyasını jurnalistikadan da əsirgəməmişdir. Elə əmək fəaliyyətinə də ilk gənclik illərində jurnalist olaraq başlamışdır. Onun özünəməxsus publisist yazı manerası var. Oxucusunu sözlərinin sehrində hadisələrin iştirakçısına çevirmək qədər ovsunlaya bilməsi bacarığı var. Yeri gəlmişkən Pərviz Yəhyalı ritorika məziyyətlərini mükəmməl bilən bənzərsiz natiqlik qabiliyyəti ilə də seçilir. İstənilən auditoriyanı ram edib, həqiqəti insanların eşitmək istədiyi tərzdə çatdırmaq bacarığına sahibdir. Onun yurd sevgisi, vətən təəssübkeşliyi, bayraq müqəddəsliyi, and yerimiz şəhidlərə ehtiramı, tarixlərdən boylanan haqq səsimizi dilə gətirən natiqliyini bir hayqırtılı cəng melodiyasına bənzətməmək mümkün deyil. Pərviz Yəhyalının nitqləri, publistik yazıları folklordan qaynaqlanan elementlərlə zəngindir. Bu da səbəbsiz deyil. O tarixçi-etnoqraf kimi kənd-kənd, oba-oba gəzib materallar toplayır, araşdırmalar aparır. Bir etnoqraf kimi mənəvi mədəniyyət məsələlərini tədqiq edir. Müxtəlif nüfuzlu elmi jurnallarda işıq üzü görən onlarla elmi məqalələrinin tətqiqat obyekti bir qayda olaraq doğma diyardır. Pərviz Yəhyalı elimi yaradıcılığını mümkün qədər qısa formada yazmağın yolunu düşünərkən qarşımdakı onun haqqında yazılmış bir oçerkdən sitatı olduğu kimi verməyi məğbul bildim. Pərviz Yəhyalının elmi məqalələri elmi üslub qaydaları çərçivəsinə sığmır, lakin eyni zamanda onun dili kütləvi seriyadan da deyil. O, bacardıqca dərinə nüfuz edir, tədqiq etdiyi predmeti yazdığı sətirlərdə canlı şəkildə göstərir. Sanballı elmi məqalələrini mən həmişə elmdə hadisə hesab etmişəm. Vəli Əliyev Tarix Elmləri doktoru AMEA müxbür üzvü, professor. Təəssüf ki, Pərviz Yəhyalı haqqında görkəmli elm xadimlərinin söylədiyi fikirlərin hamısını bu kiçik yazıda vermək olmur. Haqqında söz açdığımız insanın ədəbi yaradıcılığı isə tənqidçilərin və oxucuların diqqətindən yayına bilməz. İlk hekayəsi “ Qaymaq dadı” nı qələmə alanda 17 yaşı olub. 2008- ci ildə istedadlı nasir kimi onu respublika Yazıçılar birliynə üzv qəbul ediblər. Əsərləri rus, gürcü, eston dilinə tərcümə edilib. Onun özünəməxsus yazı təhkiyəsi var. Hətta Pərviz Yəhyalı yaradıcılığına yaxından bələd olan oxucu onun imzasını görməsə belə, mütləq əsərin müəllifini tanıya bilir. Bəzən onu ifrat naturalizmdə, mağiq realizmə meyillilkdə tənqid edirlər. Ancaq bir həqiqət var ki, Pərviz Yəhyalının həcmcə ən kiçik əsərlərində belə böyük məna yükü daşıyan qatlar var, təsvir etdiyi hadisələri də, təbiəti də oxucusunun özünə inikas etdirməyi bacarır. Oxucu mütaliəni unudub, məhz özünü “qəhrəmanın” yerində hiss edə bilir. Onun “ Bir günlük yuxu” povesti, “ Bir dəstə yarpız” hekayəsi, “ Arzu şərbəti” novellası təbiət və insan bağlılığını, arzuların da təbiət-insan harmoniyasından doğmasını əks etdirən çox böyük ədəbi tapıntılarıdir. Lakoniklik, yığcamlıq və konkretlik Pərviz Yəhyalı nəsrinin əsas məziyyərlərindəndir. Pedaqoq, publisist, essesist, nasir, tarixçi, etnoqraf və ən başlıcası ləyaqətli insan olan Pərviz Yəhyalı həm də bir sülh carçısıdır. Ədaləti çoxdan itib-batmış dünyada sülh axtarmaq bəlkə də günümüzün reallığında ironik səslənir. Haqqında söhbət açdığımız şəxs özünün dediyi kimi dünya evində sülhü axtarmır, elə bir model, layihə arayır ki, məhz həmin riçaq dünyaya dayanıqlı sülh gətirsin. Yəqin onun ilk gənclik illərindən gözlərinin qarşısında keçən müharibə acıları, xalqımıza qarşı düşmənlərin olmazın haqsızlığını etməsi, ağrılı itkilərimiz, ikiyə bölünməyimiz, hiper güclərin öz maraqlarından doğan susqunluğu vadar etmişdi onu bu axtarışlara. Pərviz Yəhyalının dünya evi üçün sülh layihəsi Nobel komitəsinin də diqqətini çəkə bilmişdir. Belə ki, Pərviz Yəhyalı 2015-ci ildən bu ilədək üç dəfə rəsmi olaraq Nobel sülh mükafatına namizəd olmuşdur. Hə, bu uğura iddia israrı da əlli milyonluq xalqın sırasından məhz Pərviz Yəhyalıya məxsusdur. Onun namizədliyini irəli sürənlər yəqin bir gün həqiqətən təklif edilən layihəsinin dünya güclərinin ağlına batacağına inanırlar. Silahların əbədi susduğu, məkr və ədalətsizliyin olmayacağı dünyaya. Düzdür Beynəlxalq Atom Təhlükəsizliyi təşkilatının kollektiv mükafat kolleksiyasında nümayiş etdirilən nobel sülh mükafatı diplomunda Bəxtiyar Siracov, əslən azərbaycanlı Şirin Ebadi bu ödülü alan azərbaycanlılar kimi tarixə düşüblər. İnanırıq ki, Pərviz Yəhyalı nə vaxtsa Səhm və isteqrazlarda yerləşdirilən və gəlirindən hər il müxtəlif qitələrdən olan lauretlara verilən mükafatı Bakıya gətirəcək. Hələki onunla biz fəxr edirik, ancaq dünyanın bütövlükdə onunla qürur düyacağına əminik.
İlıq payız günəşinin şəfəqləri maşının bağlı şüşələrindən içəri keçməyə israrlı idi. Yolun hər iki tərəfi göz işlədikcə şoranlıq və kimsəsizliyi ilə yorucu təsir bağışlayırdı. Göylə yerin birləşdiyi üfüq xəttinə diqqət yetirdikcə ona elə gəlirdi ki, dünya elə beləcə bomboz düzənlikdən ibarətdir.
Zaman elə bir uçur. Dostunun atasının dəfininə getdiyi gündən düz bir il ötürdü. Yaddaşında bir il əvvəlki gün elə bil dünən olubmuş kimi bütün təfərrüatı ilə qalmışdı. Dəfindən qayıdarkən edilən zəngə görə maşını saxlayıb, yerə düşdüyü və onun üçün bir göz qırpımı anına bərabər, əsilində isə yarım saat danışdığı yeri yadında dəqiq saxlamışdı. Bütün ətraf ağappaq şoran torpaq üstə adda-budda kiçik yovşan kollarından ibarət olsa da, bir neçə yulğun ağacı diqqət çəkirdi. Gedəcəyi ünvana hələ 60 klometr qaldığını yol kənarı göstəricidən oxudu. Dəqiq buradır. Yulğun ağaclarını görcək yəqin etdiyini qəti əminliklə xatırladı. Sürəti azaldıb, maşını saxladı. Bu bir ildə heç nə dəyişməyib. Ucsuz-bucaqsız düzənlik kədərli və kimsəsiz görkəmi ilə günəşlə göz-gözə idi. İlk ağlına gələn buraların qaranlıq gecələrinin vahiməli səssizliyindəki mənzərənin necə olduğu oldu. Yəqin dilsiz-ağızsız şoran düzənlik dan doğuşunda hər səhər çox sevinir. Axı ona bu dünyada tək gülümsəyən yalnız günəşdir.
Ayaq ləpirləri qar üstündə düşən iz təki açıq-aydın qalırdı. Susuzluqdan çat-çat olmuş şoran yəqin ki, dərinliyində gizlətdiyi torpağa yorğanlıq edir. Ya da burda torpaq ölüb deyə şoranlıq onu dəfn edib.
Dünyanın belə səssiz və yetim qalmış yerində havadan belə kədər süzülür. Gülümsüdü. Günəş şüalarının bayaq maşının icərisinə keçmək istədiyi təkidini indi başa düşürdü. Günəş də yəqin bu şoran düzənliklərə boylanmaqdan yorulur deyə.
İki gün idi ki, əməlli-başlı küsüşmüşdülər. Bir-birlərinə ərkləri payızın bu vədəsi yaz yağışı kimi yaxşıca islatmışdı onları. Hər ikisi də özünə söz vermişdi ki, daha barışmayacaqlar. Səsini eşitməsə sabahı açılmaz bildiyi, amma sabahın açılmağı o yana, hələ bir səfərə də çıxıb. Düzdür yuxusuz gecəsinin qaranlığı çəkilsə də milyon illərin günəşi bu səhər çox sönük və parıltısiz idi. Bəlkə də acığından onu bütün yol boyu şüşə arxasında qoymuşdu.
– Aaa bu nədir? -deyə lap ucadan qışqırdı. Təəccüblü səsi bütün ətrafa yayıldı. Az qala tapdalayacağı süpürgəgülü çiçəyinə sığal çəkmək üçün dizləri üstə çökdü. Süpürgəgülünün kiçiçik çıçəklərini qoxuladı. Çox ətirli idi. Ağappaq şoranlıqda çiçək açmış bu balaca fidan möcüzə idi. Susuz, torpaqsız, duzu dizə çıxan şoranlıqda kiçicik gözəllik onu məftun etmişdir. Qanırılıb özündən bir neçə metr aralıdakı yulğunlara baxdı.
Bu o yer idi ki, bir il əvvəl burda dayanıb indi iki gündüz bir gecə “küsülü” olduğu ilə telefon söhbəti etmişdi. Onun səsinin sehri çatdığı şoranlıqda belə gül bitir deyə üfüq xəttinə boylandı. Şoran düzənlik ona o qədər döğma gəldi ki…
Bağışla Çox tərddüd etdim. Nəhayət qərara gəldim ki, bu məktubu yazım. Bilirəm, heç vaxt bağışlamayacaqsan. Ancaq öz iradəmdən asılı olmayaraq olan bir şeyə görə məni qınamamanı arzu edirəm. Az qala hər gün eləcə təkrar edirdin. Nə vaxtsa olacaq. Haçansa kimsə gəlib girəcək ürəyinə. Mənsə nə qədər and-aman edirdim ki, qəlb evimin tək sakinisən. Sən yenə dediyini deyirdin. Küçədə kimə isə baxdım, hansısa xanım mənə baxmaq istədi deyib elə dava edirdin. Nə and içməyimə, nə də söz verməyimə məhəl qoyurdun. Zaman keçəcək və biri çıxıb qəlbini fəth edəcək deyirdin. Hə bağışla! Düz deyirmişsən. Bəli o vədə yetişdi ki, səndən başqa da ürəyimdə gəzdirməli olduğum oldu. Bütün varlığımla hiss edirəm ki, heç vaxt qəbul etməyəcək, barışmayacaqsan. Sənə yaxşı bələdəm. Bölüşmək ruhuna yaddır. Bir ürəkdə ikinci biri varsa sən orda qərar tutub qalmazsan. Təkçə olduğun vaxtlarda belə boşuna xoflanıb, dünyamı alt-üst edirdin. İndi səni necə ovuda bilərəm, necə təsəlli verərəm. Onu da bilmirəm. Bildiyim təkcə odur ki, sən yaranışın ən qeyri-adi məsumusan. Nə qədər istəsən də acı bir həqiqəti qəbul etməzsən. O ürəkdə ki, səndən başqa olan olacaq, sən o darısqallığa sığmazsan. Mənə də çox ağırdı. Sənlə bərabər ürəyimdə başqasına yer ayırmaq. Amma neyləyim, həyatdır. Ağlımın ucudan keçmədiyi halda həyat öz sürprizini etdi. Ağırdır, amma daha yalvarmayacam. Bilirsən niyə? Elə darısqallıqda inciyərsən deyə. Bir də ki, sıxılarsan, əziyyət olar sənə. Bölüşə bilmədiyin ürəyimdən getsən yeni gələn qalib-qalib məni yaşatdığına gülmsəyəcək. Hətta bəlkə qürurlandı da. Zarafat deyil bağlı qalanı bir andaca açıb, keçib otur üst başda. Hər anı döyüntülərlə yaşaya, ritmlərə ahəng tuta-tuta. Nə isə, uzun-uzadı yazıb yormaq istəmirəm. Ürəyimə təzəcə daxil olan deyir ki, mənə sakitlik lazımdı. Deyəsən bunun da qısqanclığı var. Nə bilim vallah, həkim də israrla deyir ki, anju guya məni heç vaxt incitməyəcək. Nə qədər ömrüm var stend elə ürəyimdə qalıb, yaşamama stimul verəcək. Bu borucuq sənin yerini narahat etməyindən çox üzülürəm! Bacarsan bağışla!