Bu gün görkəmli numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür. Əli müəllim böyük alim, dəyərli ziyalı idi. O, ilk gənclik illərindən həyatını qədim sikkələrin öyrənilməsinə həsr edərək özündən sonra zəngin elmi irs qoymuşdur. Böyük alim, işıqlı insan olan Əli Rəcəblinin əziz xatirəsi tələbələrinin, aspirantlarının, elm adamlarının və əlbəttə ki onun tanyanların hamısının xatirəsində əbədi yaşayacaq. Əli müəllimin xatirəsinə böyük sayğı və ehtiramla ithaf etdiyim aşağıdakı esseni təkrar paylaşmaqla bir daha onu yad edirəm.
1234 ildir yaşı. Zərb olunub, zərbxanadan çıxandan dolaşır dünyanı. Asiya, Avropa və Afrika qitələrində əldən-ələ keçib. Bu gümüş dirhəm nələrin şahidi olmayıb. Alın təri, əl qabarı ilə qazanılıb, ruzi ilə əvəzlənib. Rüşvət kimi verilib, bəxşiş təki alınıb. Hansısa müharibədə həlak olmuş ərin dul xanımı tərəfdən balasının gələcək ehtiyacı üçün bərk-bərk gizlədilib. Bəzən hansısa qaranlıq əsrin bir ilinin bir günündə kefi kök tacirin kisəsindən çıxıb sədəqə verilib. Olub da ki, kimsə onu salıb itirdiyindən günlərlə ac qalıb. Bəlkə də neçə dəfə hansısa yetim onu yerdən tapıb, o ki, var sevinib. Satqınlığa ənam, xəyanətə qiymət də olub. Xəzinədə qara gün üçün saxlanıb, meyxanədə şəraba dəyişilib, çin ipəyi arşınladıb, Dəməşq müşkünə dəyişilib, neçə-neçə nazlı xanımın ənlik-kirşanına verilib. Qul da,kəniz də alınıb satılıb bu dirhəmə. Məlhəm də alınıb, zəhər də. Hiylə qurulub, tor tikilib. Bir içim suya da dəyişilib, bir tikə çörəyə də. Vəhşi ehtirası söndürüb, şəhvət qızğınlığının həyasız ovuna müqabil olub. Və daha nələr-nələr… sonra da düşüb kolleksionerlərin əlinə. Ərəbdən-türkə, farsdan-həbəşə, yəhudidən-yunana əl-əl gəzib. İndi mənim kolleksiyamda bərqərardı. 787-ci ildə Mədinədə zərb olunub. Abbasilərin 786-cı ildə Xəlifə taxtına çıxmış Əl-Mehdinin zamanında buraxılıb dövriyəyə. Nə gizlədim götürüb əlimə baxıram. Cəmi 2,85 qram çəkisi olan bu gümüş dirhəmin illərlə, əsrlərlə sevindirdiyi və kədərləndirdiyi insanları düşünürəm. Kiçik gümüş diyirçək artıq adları belə unudulan yüz minlərlə insanlara nə hislər yaşatmayıb. Mən də son deyiləm. Yəqin illər,əsrlər sonra hamı kimi unudulacam. Dəqiq bilirəm bir kolleksioner kimi yaddaşlarda qalmayacam. Amma mənim üçün bir neçə əhəmiyyətinə görə dəyərlidir. Birincisi özündə tarix yaşatdığına görə, ikincisi isə məndən əvvəl ona sonuncu dəyən yaranışın ən təmiz əllərindən iz olduğuna görə və bütün pisliklərdən cansız ”canına” hopanlarla yanaşı, halalıqla qazanılmaqdan da “xatirələrində” nələrsə yaşatdığına görə.
Üç qətlin izi ilə (Məqalə arxiv materalları və təkzibolunmaz tarixi faktlara əsaslanır) Qədim-qaim Qəbələdə dünyaya göz açan, amma ziya nuru ilə bütöv xalqa cığırdaşlıq etməyə müvəffəq olan üç aydınının həyat yoluna nəzər salanda diqqəti cəlb edən ilk nüans onların qətlini sifariş verən, yerinə yetirən qüvvələrin bir məkrin çirkin amalı olduğu açıqça sezilir. Haqqında araşdırma apardığımız hər üç simanı həyatda olduqları zaman fərqlidir. Yəni bu insanlar bir-birinin müasiri olmamış, zira onların ölüm səbəbləri kimi həyata baxışları da üst-üstə düşərək bütün zamanlar üçün müasir dünya görüşünə malik olmuşlar. Qədim və zəngin tarixi keçmişi olan Qəbələdə 1806-cı 14 iyulunda Qurban bayramı günü sonuncu Qəbələ sultanı Nəsrulla sultanın ailəsində bir uşaq dünyaya göz açır. Uşağın adını elə Qurban bayramının şərəfinə İsmayıl qoyurlar. Kiçik yaşlarında ailədə onu Qurban deyə çağırırdılar. İsmayıl bəy ilk təhsilini doğma Qəbələdə alır. Daha sonra o, Rusiyada hərbi təhsilini başa vurub, ordu sıralarında xidmət edir. Xüsusi istedadı ilə seçilən İsmayıl bəy Qutqaşınlı siravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlir. O, Müqəddəs Georgi ordeninə layiq görülmüş ilk azərbaycanlıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, İsmayıl bəy general-mayor rütbəsini hərb meydanlarında qazanmış ilk azərbaycanlı kimi də tarixə düşmüşdür. İsmayıl bəy Qurtqaşınlı ordudan tərxis olunduqdan sonra bəy komissiyasında fəaliyyət göstərir, eyni zamanda Şamaxıda müəllimlik edir. O, ərəb, fars, rus, fransız dillərini mükəmməl bilirdi. 1835-ci ildə Varşavada çap olunan Rəşid bəy və Səadət xanım əsəri ilə İsmayıl bəy ədəbiyyatımızda bədii nəsrə yeni ruh gətirir. Eyni zamanda onun ömrünün son illərində yazdığı “Səfərnamə” əsəri publisistikamızın ilk nümunəsi hesab olunur. İnanclı ziyalı olan İsmayıl bəy iki dəfə Məkkə ziyarətində olmuş və məhz o bu ziyarətinin təəssüratları əsasında oçerk ruhunda adı çəkilən əsərini yazmışdır. İsmayıl bəyin maarifpərvərliyi, xalq sevgisi, türkçülüyə bağlılığı diqqət çəkməyə bilməzdi. Bu diqqət həm dostlar həm də düşmənlər tərəfindən idi. Beləki 1854-ci ildə Osmanlı ordu komandanı Mustafa Zərif Paşa İsmayıl bəyə məktub ünvanlayaraq Azərbaycanda və Dağıstanda xalqı üsyana qaldırmaq yönümündə iş aparmağa çağırırdı. Nəzərə də alsaq ki, həmin dövr xalq üsyanlarının baş verdiyi həssas zaman kəsiyi idi. Cənubi Qafqazda çar Rusiyasının müstəmləkəçilik əleyhinə Car-Baləkəndə 1830, Lənkəranda 1831, Qubada 1837, Şəkidə 1838, Zaqatalada 1848- ci illərdə üsyanlar yatırılsa da Şimali Qafqaz və Dağıstanda mürüdizm hərəkatı sözün əsl mənasında Rus imperiyasını ciddi narahat edirdi. Romanovlar xanədanı Qafqazdakı müstəmləkə əleyhinə xalq çıxışlarının kordinasiya olunaraq mütəşəkkil forma almasından çox qorxurdu. Belə bir şəraitdə Rusiyanın ermənilərin timsalında Cənubi Qafqazda özlərinə dayaq seçdikləri erməni fitnəkarlığı işə yarayırdı. Etraf etmək yerinə düşərdi ki, çar I Nikolay sələfi l Pyotrın vəsiyyətlərini yaxşı əxz edərək 1828-ci il 10 fevral bədnam Türkmənçay müqaviləsindən sonra regonda fitnə-fəsadın, türkə düşmən münasibətin ən qəddar üsul və vasitələrini etiva edən erməni məkrindən öz siyasəti naminə məharətlə istifadə etməyi bacarırdı. Etnopsxologiyasında xəyanət, sadist barbarlıq olan erməni vəhşiliyi rus imperalizminin Cənubi Qafqazdakı siyasətini həyata keçirməyə vasitə idi. İsmayıl bəyə ünvanlanan məktubun erməni Loris-Məlikovun əlinə keçməsi isə şərəfsizliklə rütbə və mənsəb yüksəlişini məqbul bilən erməni simasızlığına göydən düşmə fürsət olur. Mİxayıl Loris-Məlikov 2.XI. 1824-ci ildə Tiflisdə doğulmuş qatı antitürk erməni cəlladı idi. Nəzərə alsaq ki, 1853-1856-cı illərdə Fransa və İngiltərənin bir koalisiyada Osmanlı dövlətinin Rusiyaya qarşı apardığı Kırım müharibəsinin qızğın vaxtı idi. Rusiya bu müharibədə labüd məğlubiyyətlə üz-üzə olduğunu dərk edir, müstəmləkə ucqarlarında xalq çıxışlarından çox ehtiyatlanırdı. Məhz bu səbəbdən Məlikova İsmayıl bəyin nəyin bahasına olursa olsun qətlə yetirmək tapşırığı verilir. 30 yaşlı Məlikov artıq kürd və ermənilərdən ibarət qaniçən cəza dəstəsi toplamağa müvəffəq olmuş, türklərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı. Uzun müddət İsmayıl bəyin qətlini planlaşdıran Loris-Məlikov 14 avqust 1861-ci ildə Şamaxıdan həyat yoldaşı Tuti Bikə xanımla Qəbələyə gedərkən Ağdaş karvansarasında nahar edən Azərbaycan xalqının böyük oğlunu zəhərləməklə qətlə yetirməyə nail olur. Yeməyinə mərgümüş qatılan İsmayıl bəy xanımı ilə elə karvansarada vəfat edir. Erməni terrorunun qurbanı olan İsmayıl bəy və onun xanımı Tuti Bikə Qəbələnin Soltanbaba qəbirstanlığında dəfn olunur. Erməni terroru ölmündən sonra da XX yüzilliyin 30-cı illərində İsmayıl bəy Qutqaşınlının əlyazmalarını məhv etməyi də bacarır. Miskin təxəllüsü ilə yazanılan şeirləri, Tuti adlı iri həcmli əsəri məhv edilmə səbəbindən təəssüf ki, günümüzə çatmamışdır. Erməni şərəfsizliyinin simvolu bu “xidməti” müqabilində rütbə almış, hətta 6 avqust 1880-ci ildə çar II Aleksandrın təsis etdiyi Rusiya Daxili İşlər nazirliyinin ilk naziri olmuşdur. Ancaq bu məqamda tarixin ironiyası öz gərdişini göstərməkdən yan keçməmişdir. Çarın qorunmasına cavabdeh olan nazir Məlikov işinin öhdəsindən gəlməyi bacarmamışdır.1 mart 1881- ci ildə xalqçılar cərəyanından olan Rısakov çarı qətlə yetirmişdir. Bu məqamda isteza doğuran bir fakt maraq doğurmaya bilmir. Quldurluq, qaniçənlik, türkə patoloji nifrət, mənsəbə çatmaq üçün makyavelli prinsipinə can-başla qulluq edən Mixayıl loris-Məlikov sərsəm xülyası ilə Rusiya çarı olmaq sevdasına düşməsi əslində təəccüblü də deyil. Beləki mövcud versiyalardan biri çar ll Aleksandırın qətlinə erməni nazirin şərait yaratması da var. Zatında insanlıqla bir araya sığmayan alçaqlıqlığı özündə etiva edən erməni xisləti onu bəsləyənləri, vasitə kimi istifadə edənləri məqamı çatanda haqqını verəcək qəbildə olduğunu unudurlar. Elə həmin ilin 4 mayında bu şərəfsiz erməni nəyin ki, tutduğu postda qalmağı, saray çevrəsində itirdiyi etimadına görə Rusiyada yaşamağının mümkünsüz olduğuna Fransaya qaçır və öz ləyaqətsiz ömrünü Nitsada başa vurur. Qəbələ torpağının digər yetirməsi olan İbrahim bəy Musabəyov 1880-ci ildə doğulub. O, da İsmayıl bəy Qutqaşınlı kimi ilk təhsilini Qəbələdə alıb. 1898-1902-ci illərdə təhsil aldığı Qori seminariyasını bitirib, Şəkidə müəllimlik fəaliyyəti göstərmişdir. Daha sonra o bir müddət Dərbənddə və Bakıda pedaqoq kimi çalışıb. Dövrü mətbuatda aktuallığı ilə seçilən çıxışları olub. İbrahim bəy həmyerlisi İsmayıl bəy kimi Azərbaycan ədəbi mühütündə cığrdaş olmaq, ilkə imza atmaq missiyasını bacarmışdır. Onun “Neft Milyonları Səltənətində” əsəri bədii nəsrimizin yeni ruhlu şedevrıdır. Məhs bu əsərə yazılmış ssenari əsasında bütün türk və müsəlman dünyasında 1916-cı ildə Bakıda ilk film çəkilmişdir. İbrahim bəyin fonemenal yaradıcılığı 20-ci illərdə hadisə hesab olunurdu. 1932-ci ildə yeni təsis olunmuş “Əmək Qəhrəmanı” fəxri adını alması da təbii ki, təsadüfi deyildi. Məşum 30-cı illər represiyası xalqın İbrahim bəy Musabəyov kimi düşünən zəkasından yan ötə bilməzdi. Qiriqoryanların, Yegizaryanların fətvası ilə Musabəyov bir neçə dəqiqəlik məhkəmə-tamaşanın hökmünə rəğmən sürgünə göndərilir. Qəbələnin yetirməsi Azərbaycan xalqının böyük oğlu, görkəmli nasir, istedadlı publisisit, dəyərli maarif xadimi “qırmızı donlu” erməni şərəfsizliyinin əli ilə 14 sentyabr 1942–ci ildə Karaqandada həlak olur. Eyni məkrdən sifariş alan eyni xislətli niyyəti həyata keçirməyin məkanı zamanı fərqli olsa təməlində bir prinsip durur. Türkə qənim kəsilmək, onun düşünən zəkalarını fiziki olaraq yox etmək. 1975-ci ilin yanvarın 2-də Qəbələnin füsunkar gözəlliklərinin qoynunda, Vəndam kəndində dünyaya göz açan Polad Həşimov müstəqillik dövrümüzdə, məhz erməni işğalçıları ilə açıq müharibədə yetişən generallarımızdan idi. Peşəkar hərbiçi kimi məhz o döyüş səngərlərində mətinlik yolu keçmişdi. 2016-cı ildə Böyük Qələbəmizin müjdəsindən xəbər verən aprel döyüşlərində Polad Həşimov yaralanmış, ancaq buna baxmayaraq qarşıya qoyulan döyüş tapşırığını layaqətlə yerinə yetirmişdir. O, 25 iyul 2019-cı ildə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyul ayında Ermənistanın intensiv hərbi əməliyyatlarının qarşısının alınmasında xüsusi igidlik göstərmiş, sərəncamında olan heyətlə düşmənin xeyli canlı qüvvəsi və texnikasını məhv etmişdir. İyul ayının 14- də general Polad Həşimov Tovuz döyüşləri zamanı cəbhədə qəhrəmancasına həlak olmuşdur. O, döyüş meydanında həlak olan yeganə generalımızdır. Ölkə prezidentinin müvafiq sərəncamı ilə general-mayor Polad Həşimov ölmündən sonra 9 dekabr 2020-ci ildə Milli Qəhrəman adına layiq görülmüşdür. İsmayıl bəy Qutqaşınlı, İbrahim bəy Musabəyov, Polad Həşimov Qəbələdə doğulub bütün Azərbaycana parlayan simalardır. Bu qətlləri törədən erməni şərəfsizliyi öz çirkin əlləri ilə günəş parlaqlığını qara ləkəyə çevirməyə cəhd edərək hər üç layıqli vətən övladlarını fiziki məhv etməyə nail olsalar da onların işıqlı əməllərinə kölgə tutmağı bacarmadılar. İsmayıl bəy də İbrahim bəy də Polad bəy də ilklərə atdıqları imzaları ilə, o ilklərin təməli üzərində ucalan tərəqqi və qalibiyyətimizdə yaşayır.
Salam olsun, sevimli oxucular! Şanlı Zəfər Günümüz mübarək olsun! Ənənəmizə sadiq qalaraq sevindirməyə davam edirik: budəfəki seçilmiş dəyərli ziyalımız cənab Pərviz Yəhyalı oldu. Təbrik edirik! Pərviz Yəhyalı – tarixçi alim, Beynəlxalq Nobel İnformasiya Akademiyasının üzvü (2015), tarix ü. f.d. (2004), AYB-nin üzvü (2008), Əməkdar müəllim (2006).
N.Tusi adına ADPU-nun Tarix–filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1997). Həmin ildən pedaqoji fəaliyyət göstərir. Yəhyalı ölkədə üç dəfə (2001, 2003, 2008) ilin ən yaxşı müəllimi müsabiqələrində birincilik qazanmış yeganə müəllimdir. Yəhyalının bir sıra ədəbi əsərləri gürcü, eston, rus, ingilis dillərinə tərcümə olunub. Qoy, “Ziyadar” da bu mükafatlar sırasında olsun. “Bunun nəyi pisdir!?”-1 Dəyərli Dostlar, hamınızı bağrıma basıram! – “Can deməklə candan can əskik olmaz”-2
Alıntılar haqqında qeyd: 1- Vaqif Isaqoglu 2- Dədə Ələsgər.
Bu gün qədim Alban təqvimi ilə ilin son günüdür. 28 avqust yeni il axşamıdır. Təbii ki unudulub. Amma biz Qafqaz aborigenlərindən olan albanların varisiyik. Odur ki, bu qədim yeni il həm də üzüm bayramı münasibəti ilə bir-birimizi təbrik edə bilərik. İlk növbədə albanşunas mərhum tarixçi alimlərimizə rəhmət, həyatda olanlara can sağlığı arzulamaqla alban yeni ilinə kiçik bir hekayə ilə tövhə vermək istədim. Epizodik istisnalar xaric bədii nəsrimizdə Alban dövrünü özündə əks etdirən nümunələr demək olar ki, yoxdur.
YAZARLAR olaraq, Pərviz Yəhyalının bu mövzuda qələmə aldığı orijinal minatürü təqdim edirik:
Yeni İl axşamı Yalın ayaqları, dizdən aşağı topuqları sızım-sızım sızıldayırdı. Bacardıqca özünü meşənin qalınlıqlarına verir, sıldırım qayalara gedən cığırlardan uzaq olmağa çalışırdı. Hərdən təntimiş nəfəsini dərmək üçün ani olaraq dayanır, yenə kol-kosun cızıb qanatdığı ayaqlarına güc verib üz tutduğu məbədə doğru irəlləyirdi. Uzun sarışın hörükləri kollara ilişdikcə hirslə onları əlinə dolayırdı. Bilirdi ki, onun yoxa çıxmasını indi qəbilədə hamı bilir, kimin ağlına hara gəldi orda axtarıılırdı. Bütün bədəni suyun içində idi. Yanaqlarındakı qurumuş göz yaşı izlərini saçlarının dibindən qaynayan tər damcıları isladırdı. Nəhayət o ay məbədinə çatdı. Məbədin giriş qapısıda hörümcək torlarını əli ilə qırıb atırdı. İçəridə heç kəsin olmadığına daxili əminliyi olsa da hər tərəfin böcək toru olduğundan yəqin bilirdi ki, ona heç kəs mane olmayacaq. Çay daşından yonulmuş qurbangahın qarşısında diz çökdü. Xəyalı onu uşaqlıq illərinə apardı. Hər ilin bu vədəsi, üzüm bağlarında məhsul yetişəndə bütün qəbilə bu məbədə axışıb gələrdi. Qurbanlar kəsilər, dualar oxunardı. O, daş kürsüdə əyləşib, ibadət üçün gələnlərin onun əlini öpməsini dualarının qəbul olunması kimi başa düşən insanlara çöhrəsindən təbəssüm payı əsirgəməzdi. Ağlı söz kəsəndən bütün qəbilənin sevimlisi olduğunu fərqində idi. Axşam elə ki məbədin hücrələrinə ay işığı düşdü, bütün ziyarətçilər ucadan xorla şükür duası oxuyardı. Bu anlarda qəbilənin ağsaqqallarından biri qoy Selena yeni ilin gəlişini təsdiq etsin deyərdi. O da öz növbəsində – Ey səmalarımızın altun hökmdarı, bizi, məhsulumuzu hifz et! Qoy yeni ilimiz uğurlu olsun! Biz sənə tapınırıq müüəddəs ay!- deyirdi. Adətən bu ayinin icrasından sonra hamı bir ağızdan -Selena, qoy ay tanrımız səni qorusun! Sən onun bizə bəxş etdiyi himayəçimiz olaraq hər il yeni il bayramımızı təbrik etmək səadətindən əksik olmayasan! Fikrində tutduğunu mümkün qədər tez icra etmək istəyirdi. Düzdü o, bacardıqca özünü meşənin dərinliklərinə vurmuş, gözətçilərin ola biləcəyi cığırlardan mümkün qədər aralı yerlərdən keçib gəlmişdi. Amma qəbilələrində bura gəldiyini bilə bilərdilər deyə sinəsində gizlətdiyi balaca saxsı qabı çıxarıb içindəki mayeni son qətrəsinə qədər içdi. Bu Selenanın hər yeni il günü baş kahinin məbədin alt tərəfindəki qayada keçən ildən basdırılmış küpədən götürüb ilk olaraq ona verdiyi qara üzüm şərabının dadından çox fərqli idi. Acı, zəqqutun təmli maye onun içdiyi həyatla əbədi ayrılıq içkisi idi. Qoynunda gizlətdiyi kiçik kağız parçasını çıxardıb, yazdıqlarını bir də oxudu. Əzizim Oroys! Sənin qəbilən xiristianlığı qəbul edib, bu məbədi kilsəyə çevirdi. O vaxtdan bizim qəbilənin bura ibadət üçün gəlməsinə qadağa qoyuldu. Bilirsən ki, mən öz qəbiləmizin ilahəsi idim. Amma mənim üçün nə sənin qəbilənin müqəddəs İsası, nə də mənim səmalar gözəli ayım büt deyil. Mən səni tanıyandan bir tanrıya ibadət edirəm. Bizim sevgi tanrımıza! Sənin qardaşın bütün albanların hökmdarıdır. Xirstianlığın himayəçisidir. Buna görə də mənim qəbiləm heç vaxt bizim izdivacımıza razı olmayacaq. Onlar xiristianlığı qəbul etsə də öz Selenalarını sənə qismət olması ilə barışmayacaqlar. Qan töküləcək. Güclü ordusu olan qardaşın mənim qəbiləmi sonuncu nəfərinədək qılıncdan keçirəcək. Hər yerdə gözətçilər qoyulub. Qardaşın bu gün, ayın 28-ini bizim təqvimlə bayram etməyi qadağan edib. Ona görə bu bayram günü bu məbədə gəlib intihar yolunu seçdim. Səni çox sevirəm! Əgər mümkün olsa məni bu məbəddə, yaxşı olsun kilsədə dəfn edərsən. Amma nə sənduqədə ay şəkli cızarsan, nə də xaç qoyarsan. Qoy buna görə nə mənim qəbiləm, nə də sənin qəbilən münaqişə etməsinlər. Onsuz da mənim tanrım sənsən Oroys! Bir də eşitmişəm romalılar Alazan vadisinə qoşun çəkib. Xahiş edirəm özünü qoru! Sən çox yaşa ki məni də xatırlayan olsun! Mən öz qəbiləmin insanlarının gözündə dönük, sənin qardaşının gözündə iblisəm! Bircə sən bilirsən Oroys, mən nə dönük nə də iblisəm. Sadəcə səni bütün dünyalardan, Məryəmdən də, Bədirlənmiş aydan da çox sevən Selenayam! Anidən gözləri qaraldı. Ona elə gəldi ki, kağız parçasındakı 52 hərfdən sözlərə, cümlələrə çevrilmiş yazı qaralıb oxunmaz hala düşdü.
-Alo, salam. Ariz, bu gün azı iyirmi dəfə zəng etmisən. Bilirsən ki, danışa bilmirəm. Nolub axı?
-Necəsn? -Üff! Yaxşıyam. -Hardasan?
-Bilirsən harda olduğumu. -Aynur, səni çox istəyirəm! -Başlama, sən allah. Ariz, bax bu gün mən bacımla Alban kilsəsinə getmişdik. Orda şam yandırdım. Dua etdim ki, sənin ağlından, fikrindən onların tanrısı məni çıxarsın!
-Dayan bir, Aynur! Mən də indi kilsədəyəm. Çox çətinliklə bura qalxdım. Düzdü şam yandırmamışam. Amma dua edib qovuşmağımızı onların tanrılarından xahiş etdim. -İndi ordasan? -Hə. -Onda dua et ki, bizim sevgimizə görə heç kəsin ağrıları olmasın! -Bilmirəm, nə xiristianlıq nə islam qadağan etmədiyini… Dayan bir. Burda kilsənin küncündə sənduqə var. Üstündə heç bir yazı yoxdu. Niyə görən bu küncdə dəfn olunub? -O ziyarətinlə ruhunu şad elədiyin məzara üz tut, dua et!! -Dua edirəm, Aynur! Dua edirəm ki, xiristianlıq ya islam bizə kömək olsun, nə bilim bu daş sənduqə altında uyuyanın ruhu bizə yardımçı olsun. Qovuşaq! Yox əgər qovuşmayacayıqsa bütün tanrılar, müqəddəs ruhlar məni sənə qurban qəbul etsin! -Küfr etmə! Tabular, ehkamlar sənin dediyin bütün dinlərdən sərtdir. Düş get evinə. Allah xatirinə, bütün nakam sevgilərə xatir get!
Bu günkü qəhrəmanım Pərviz Yəhyalıdı. Yazıçı Pərviz Yəhyalı. Titullarını sadalamağı sevmir. Hərçənd ki, ədəbiyyatda öz sözü, öz dəst-xətti ilə seçilən yaradıcı ziyalılarımızdandı. Adına və soyadına sadiqdi. Tarixinə bağlıdı. Gözəl tarixçidi həm də. Pafosdan kənardı. Düşündüyünü, hiss etdiyini yazır. Qələminə arxalanan yazardı . Yazılarından tanıyıram Pərviz Yəhyalını. Yalançı sevgilərdən, saxta səmimiyyətdən uzaqdı. Hər kəs kimi düşünmür. Elə hər kəsə də özünü isbat etməyə çalışmır. Sakitliyində də içindəki təlatümü gizlədə bilmir. Min ildi haqqa doğru gedir. Ədalətlidi. Qərarları da ədalətlə verir. Sözündə qətidi. Konkretdi. Düşündüklərini sonda deyir. Oxucunu intizarda qoymağı sevir nədənsə. Əfsanələrə və əsatirlərə inanır. Sözünün arxasında min bir qənaətləri var. . Amma bütün hallarda özüdü. Heç kimi təkrarlamır. Dünəndə də, bu gündə də Pərviz Yəhyalıdı. Yazdıqları müxtəlif dillərə tərcümə olunub. Hamısında da qalibdi. Gözəl müəllim, gözəl pedaqoq, gözəl yazıçıdı (Boynuna almasa da) .Əməkdar müəllimdi. Dostluğumuzun yaşı çox deyil. Amma mənə elə gəlir ki, onu lap uşaqlıqdan tanıyıram. Gəncliyinə bələdəm sanki. Neçə ilin yolçusuyuq elə bil. Sözü bələdçimdi. Səsindən başa düşürəm fikirlərini, düşüncələrini. Özü haqda məlumat verməyi sevmir. Tərifdən qaçır. Bir neçə elmi kitabların müəllifi olsa da, dəfələrlə ölkədə ilin ən yaxşı müəllimi kimi birincilik qazansa da heç yerdə bu haqda danışmır. Onun haqqında məlumatları da çətinliklə əldə etmişəm. Əgər buna məlumat demək olarsa. Qaranlıqda da işıq axtaranlardandı.” Ruhu göylərdə gəzənlərdən heç vaxt pislik gəlməz” prinsipi ilə yaşayanlardandı. Bütöv Azərbaycan sevdalısıdı. Eyni zamanda içində doğulub boya başa çatdığı Göyçaya bir övlad bağlılığı var. Bu onun doğma torpağa , yurd-yuvaya sufi sevgisindən irəli gəlir. “Bəzən küskün olanda dərələrin də xiffət çəkdiyini duyursan”-deyir həsrətin ən alisini yaşayan yazar. Onun fikrincə dağların da, təpələrin də, dənizin də, dalğaların da, yolların, evlərin də öz dili var, öz ruhu , öz canı var. Yetər ki, onları öz dilində danışdıra və dinləyə biləsən. Pərviz Yəhyalı küçələrlə, ağaclarla, kollarla, çiçəklərlə dil tapan yazardı. Onun fikrincə adamlardan çox təbiət başa düşəndi , duyandı. Elə təbiətin etibarını da çoxdan qazanıb Pərviz Yəhyalı. Düşündüklərində azaddı. Qələmini də azadlığa öyrəşdirib. Üsyanında da, küfründə də, zikrində də özünə , sözünə söykənir. Onunçun qırmızı işıqda keçmək dərd deyil. Təki yolun sonunda azadlıq , sevgi və xoşbəxtlik olsun. “Deyirlər guya arılar insanlar tərəfindən əhliləşdirilən yeganə həşəratlardı…Əgər doğrudan da əhliləşmiş olsaydılar gəlib dilimin ucundakı adın şirinliyindən balı aparardılar pətəklərinə”-deyir Pərviz Yəhyalı. Əslində şikayət etmir . O adın uzaqlığına sığınıb , həsrətinə bal qatıb bir də , bir də yaşamaq istəyir dəli sevdasını. Onunçun zaman və məkan anlayışı yoxdu. Sadəcə hisslər, duyğular və yaşananlar var. Xəyali və mücərrəd hər şey Pərviz Yəhyalıyçun əlçatandı əslində. Yetər ki, ruhun buxovlanmasın. Qərib və qəribə hisslərin yolçusundan bundan başqa heçnə gözləmək olmaz. Ruhuna bağlıdı axı. Onun ruhu bütün sərhədləri aşacaq qədər azaddı.Amma bu azadlığın içində sirli bir məhkumluğu da var yazarımızın. Elə o məhkumiyyətidi onu yaşadan , yaratmağa vadar edən və duyğularına kökləyən. Çılğındı.( Məncə) Amma emosiyasında da sakitdi. Sükutunda nigaranlığı və qəribə qorxusu var. Başa düşülməmək və tənha qalmaq qorxusu. “Bəlkə də sahildən baxan neçə baxışlar boğulub bu dənizdə”-fikriylə tam şərikəm dostumuzun. . Axı dəniz şahiddi. Sevincin, kədərin, sevginin, nifrətin , qanın, qadanın, ağrı, acının şahidi. Sularında o qədər göz yaşı , ayrılıq , sevgi qərq edib ki dəniz ..Sorğusuz , sualsız özü də. Amma yenə ən etibarlısı elə dənizdi yazarın fikrincə. Pərviz Yəhyalının həsrəti də yamyaşıldı. Öz ətrində, öz rəngindədi həmişə. Təptəzədi. Xəzəlləşmir. “Bu yolun sonunda , günəşdən o tərəfə bir sükutlu ,səssiz, uzun gecə var. O gecədədi həsrətin sonu. Orada xəyalların gerçək olacağı yuxu var ” -qənaətindədi Pərviz Yəhyalı. Ona görə də hissləri qocalmır, öz yaşındadı həmişə. Pəncərəsi ayrılığa baxır duyğularının. İçindəki qəhrəmanın həsrətindən özünə də pay düşür deyə sevə-sevə çəkir ayrılıq yükünü. Həmdəmi gecələrdi. Yuxuyla gerçəkliyin tam ortasında tökür bütün ağrılarını qaranlığın üstünə. Səhərəcən bir vüsal çiçəkləyir duyğularında. Gecənin səssizliyiylə pıçıldaşa -pıçıldaşa işığa can atır yazıçı. Özünü ovuda-ovuda, yariyuxulu, yarıoyaq duyğularının yoluna işıq tuta-tuta, barışa -küsə səssizliyi gecəylə bölüşür sabahacan . Bu da Pərviz Yəhyalının bir uğurudu. Tənhalıqla baş -başa verib vaxta hakim kəsilmənin özü də qəhrəmanlıqdı. “Cığırlar da, yollar da hamısı dolanıb dünyanın başına son ucu sən olan ünvana boylanır.Bütün çiçəklər, güllər günəşə boylandığı kimi.Bəlkə sən də insafa gəlib o mübarək qədəmlərini basasan yolların bağrına, mən sarı. Vallah dağılmaz dünya. Olsa-olsa çiçəklər üzün çevirər sən gələn yollara”.Fikirlərə baxın. Görün necə təzə, orijinal və təkrarsızdı. Nəfəsi üstündədi yazdıqlarının. Canlıdı. Uzunçuluqdan uzaq , bənzətmələr özünəməxsuz, fikirlər aydın və səlisdi. Ümumiyyətlə Pərviz Yəhyalı obrazlılıqdan məharətlə istifadə edən , hər yazısında təbiiliyə qaçan , qəhrəmanlarını öz duyğularının süzgəcindən keçirməyi bacaran yazıçıdı. Mənzum şeir də adlandırmaq olar onun yazılarını. Boğazdan yuxarı heç bir yazısı yoxdu. Özünütəlqini sevmir. Öyrənməyi sevir. Ədəbiyyata vurğundu. Darmacallıqda da ədəbiyyat yadından çıxmır. Bütün hallarda həyatının mərkəzindədi ədəbiyyat. Bəsitlikdən uzaq durmağa çalışır. Oxucunu düşündürməyi bacarır. Layk həvəskarı deyil. Hamı fəlsəfəsindən çox kənardadı. Yazdıqlarını kütləviləşdirmək istəmir. Qiymətini əsl ədəbiyyatçılardan almağa çalışır. Tənqiddən qorxmur. Yetər ki, içində qərəz olmasın. “Deyərlər” prinsipi ilə yaşamır. Bir özüdü, bir qələmi. Ruhusa həmişə narahatdı. Kimdən ? Nədən? Yenə də bir özü bilir, bir də qələmi. Kədərini gizlətsə də sevincindən biz dostlarına da pay düşür. Ürəyindən , bir də övladlarından nigarandı. Tanrı kömək olsun! Uzunçuluğu sevmir deyə çalışdım ki, onun haqqında yazdığım yazı da yorucu olmasın. Özünə qıraqdan bir oxucu gözüylə baxsın deyə ürəyindən və qələmindən keçənləri anladığım qədər anlatmağa çalışdım. Bacardımmı? Bəlkə də…
Parisin fəthi davam edir! Fransa dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş edən ölkədir. Elmin, incəsənətin, ədəbiyyatın elə bir sahəsi yoxdur ki, dünya şöhrətli fransız müəlliflər həmin sahələrdə ölməz əsərlər yaratmasın. Amma eynən ümumbəşəri dəyərlərə Fransa qədər zərbə vuran ikinci ölkə də tapmaq çətindir. Hiyləgər və simasız fransa keşişləri səlib yürüşlərinə, milyonlara günahsız insanların qanına bais olmalarına imza atmış, məzlum və suçsuzların ah-nalələri üzərində öz çürük taxtlarında xanədanlıq edən hökmdarları isə təkcə Fransanın yox, eləcə də bəşəriyyətin üzqaraları kimi tarixə düşmüşdür. Dünyada günahsızların ən kütləvi qanı axıdılan dini zəmində ən böyük qətliam da məhz 24 avqust 1572-ci ildə Parisdə baş vermişdir. Vorfalamey gecəsində Paris küçələrində bir gecədə 30 min insan öldürülmüşdür. Satqınlıq, dönüklük simvolu kimi yenə də fransız keşişləri hətta öz doğma torpağını qoruyan sadə kəndli qızı Janna Darkı yadellilərə satmışdır. Bəlkə də ziddiyyətlər burulğanı bütün zamanların tarixi boyu fransadakı kimi dünyanın heç bir bölgəsində özünü bunca çılpaqlığı ilə göstərə bilmməmişdir. Heç cürə inanmaq olmur. Necə olur ki, əsrlər boyu insanlığa sevgi bəsləyən fransız mədəniyyəti bu qədər çirkab içərisdən pərvaz etmişdir. Dünən və bu gün uşaqdan böyüyə hamının bildiyi həkimlik ən hümanist peşədir sadə həqiqəti fransada təzadın özünü belə heyrət içində boğmuşdur. İxtisasca həkim olan Gilyotin insan başı kəsmə “ixtirası” ilə bəşər tarixinin ən qanlı “kəşfinə” imza atmışdır. Patrik Süskindin “Parfümer” əsərində canlandırılan XVIII əsr Fransası, ələlxüsus Parisin üfunət içində boğulması əfsuslar olsun ki, bu gün daha dəhşətli formada özünü göstərir. Sözün həqiqi mənasında çırkab qoxuyan Paris öz siyasi yetiklilərinin sərsəm siyasətində də miskinliyinin pik məqamını yaşayır. Yüz milyonlarla vəsait xərcləyib dünyanın ən mötəbər idman yarışına açılış yapır. Amma necə! İnsanlığın indiyə qədər nail olduğu, oturuşmuş mənəvi dəyərlərini aşağılanması ilə. Sanki Yelisey kurarlarındakı söz sahiblərinin mənəviyyatı hər gün çirkab köpüklü Senada yuyunaraq bir az da artıq üfunət qoxuyur. Paradoksun özü belə təəccüb içində. Dünyanın valehedici ətirlərini istehsal edən Fransa mənəvi çirkinliyin içərisində üfunət qoxuyur. Bəlkə də təəccüblü deyil, Əlcəzairdə milyonlarla insanı qətlə yetirənlər Xocalı cəlladlarına qucaq açır. Sülhə, barışa meydan oxuyur. Görünür xislət naqisliyi onların qanına hopub. ABŞ-nin siyasi orbitində vurnuxan müasir Fransa, daha doğrusu müasir Fransanın siyasi kursunu həyata keçirənlər bütün bəşəri dəyərləri ayaqlamaqdan çəkinmir. Haqsızlıq, utanmazlıq sindromunun ağuşunda çabalayan fransa siyasi yetikliləri əslində ilk növbədə fransız xalqına, bütün qaranlıq dönəmlərinin çirkab bataqlığından əsil mədəniyyəti, ülvi dəyərləri cücərdən öz dahilərini də aşağılayır. Gerçəkdən onların ruhunu simasız davranışları ilə təhqir edir. Ölkəmizə, xalqımıza qarşı çirkin maraqlarının doğurduğu siyasəti sərgiləyən Yeliseyin mövqeyinə əhəmiyyət vermədən azərbaycanlılar Fransanı, tərəqqipərvər Fransanı, yaxşı dəyərlər yaradan Fransanı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına maraqlı olan Fransanı fəht edir. Fransanın 54-ci baş naziri Jorj Klemanso hələ 1918-ci ildə qətiyyətlə Azərbaycan istiqlalını tanımaqdan imtina etdiyi halda Böyük siyasətçi, XX yüzilliyin nəhəng diplomatı Əlimərdan bəy Topçubaşovun siyasi gedişləri qarşısında geri çəkilib, əvvəl inkar etdiyini iqrar etdi. Necə ki əvvəl heç cür qəbul edilməyən görkəmli şərqşünas professor Məhəmməd Sadıq bəy Ağabəyzadəni Faransada şərqşunaslığın sütunu adlandırlmaqla onun elmi naliyyətlərinə baş əydilər. Heç şübhəsiz zəngin ənənələrə malik fransız ədəbiyyatı Ümbülbanu qələminin qüdrətinə pərəstiş etdi. Generalını əsgər zəfərinin kölgəsində addımlağa diqtə edən əfsanəvi Əhmədiyyə Cəbrayılov igidliyinə təzim edən Fransa eynən də rəssamlıqda əsrlərlə şedevrlər yaradan fransız rəngkarlığı Toğrul Nərimanbəyov fırçasının sehrinə alqış dedi, bu gün də siyasət, elm, ədəbiyyat, incəsənət sferasındakı fəht marafonunu idmanda da öz şahanəliyini yaşadı. Hidayət Heydərov 33-cü yay olimpiya oyunlarının qızıl medalını qazanmaqla, Topçubaşov və məsləkdaşlarının vaxtı ilə siyasi meydanda əldə etdikləri uğurun təntənəsi, Azərbaycan Bayrağını Parisdə dalğalandırdı. Məhz bu azərbaycanlı bahadırın sayəsində dahi Üzeyir bəyin nakam Əhməd Cavadın sözlərinə bəstəsi, himnimiz səslənərək bizləri qürurlandırdı. Biz sevinirik, fəht edirik, qürbət səmalarında dolaşan Əlimərdan bəyin, Seyhun bəyin ruhlarını şad edirik, biz şərə düz yolla, əsil Qafqaz insanına xas mərdliklə qalib gəlirik. Eloğlu, vətən adını uca edən Hidayət özündən əvvəlki siyasət, elm, ədəbiyyat, şücaət, incəsənət fatehlərinin fəht sıralamasını idmanda dedi. Fikrimcə müasir fransa qeyrimüəyyənliyində narahatçılıqda olan Əlimərdan bəy, Ümbülbanu, Seyhun ruhları da Hidayətin qalibiyyət təntənəsinə alqış deyir. Eşq olsun:
Ziyarət Çubuqlarla sıxılmış kol darvaza əvəzi qarşıdakı bağlara aparan torpaq yolun başlanğıcında idi. Əlini atıb tapan qapını açdı. Ani tərəddüddən sonra buralarda indi bir kimsənin olmadığını yəqin bildiyindən yoluna davam etdi. Yolun sol tərəfi ilk yaz yaşıllığını xatırladırdı. Köbər boyu sıralanan seyrək yovşan kollarının ətrini dərhal hiss etdi. Sağda isə armatur çubqlarından qapılar qoyulmuş bağlar gözə dəyirdi. İlk ağlına gələn ümumi və xüsusinin fərqi oldu. İrəli addımladıqca getdiyi yolun bütün bağ sahiblərin ortaq istifadəsində olduğunu yəqin etdi. Çox guman ki doxsanıcı illərdə aparılan torpaq islahatından sonra ayrı-ayrı adamların payına düşmüş sahələrin sərhədləri xəndəklənmiş, hərə öz istəyinə uyğun bağ salmışdır. Yaddaşının ən dərin qatlarını ələk-fələk etməklə nələrisə bütün təfərrüatı ilə xatırlamağa cəhd edirdi. Niyə onu nənəsi illər öncə bura gətirmişdi, axı buralardan təsadüfən yolları düşə biməzdi. Dəqiq xatırlayırdı ki, o vaxt nənəsi ilə bura gələndə hələ məktəbə getmirdi. Demək ən azından onda altı yaşımdan kiçik olduğunu düşündü. Yox, axı mən məktəbə yeddi yaşımda getmişəm. Bəlkə elə altı yaşım olub, ya da… qrşısında gördüyü mənzərə onu heyrətləndirdi. Özüdür ki, var! Bu həmin armud ağacıdır. Torpaq yolun bağlardan əks tərəfində köbər yaxasında. Ağacın gövdəsindəki qırışlar yaşlı adamın alın qırışlarına bənzəyirdi. Qəribə görkəmli ağacın qurumuş budaqlarının bir hissəsində qara çilli yarpaqları o qədər seyrək idi ki, bəlkə də cəhd etsə saya bilərdi. Budaqda bircə dənə armud vardı. Diqqətlə baxdıqdan sonra bu armudun qədim abasbəyi sortu olduğunu yəqin etdi. İllər öncəsi eynən nənəsi etdiyi kimi ağacın gövdəsinə sığal çəkdi. Sığala uyuşmayan cod gövdə ovcunun içini gizildətdi. Bu gizilti sanki onun yaddaşını silkələdi. Yavaş-yavaş nənəsinin dediklərini xatırladı. Bu yurd indi boş qalıb. Yazıq anamın həmişə deyib ağladığı bibisinin ata yurdu. Anamın bibisi bu armud ağacından yürük asarmış. Əri Lənətə gəlmiş Krım müharibəsindən geri qayıtmayıb. Ağlamsına-ağlamsına deyilən sözlər onun yaddaşının dərinlikərindən üzə çıxıb indicə olubmuş kimi xatırlandı. Gör bu yarı qurumuş, iki əsrdən çox yaşı olan armud ağacı nələrə şahidlik etməyib, kimlər onun meyvəsindən dadmayıb. Kaş dili olaydı, kaş danışa biləydi. Bəlkə də onun budaqlarından yürüyü asılmış körpə bu yurddan çox-çox uzaqlarda son nəfəsində elə bu armud ağacını düşünüb, kim bilinir bu budaqlardan neçə-neçə qurbanlıq qoç asılıb, kölgəsində zümzüməsi xoş ovqat bəxş edən neçə-neçə samovar qaynayıb. Qərinələr boyunca meyvələrindən ağızlara dad, kölgəsindən dincələnlərə hüzur verib.
-Xeyirirdimi buralarda? -Heç, elə-belə -Bəs nə əcəb? -Uşaqlıqda gördüyüm idi. İndi vaxtım oldu deyə yolumu saldım. Lap uşaq yaşlarımda nənəmlə olduğum idi. -Sizin atınız var? – deyə simasında qəribə qeyri-adilik olan adam soruşdu -Nə? Bu hardan gəldi ağlınıza Dərhal digər müsahiblər az qala xorla -fikir verməyin ona, xəstədir. O, geri qayıdarkən sonuncu bağın sahibi ilə rastlaşmış, tanışlıqları olduğundan onu çaya qonaq dəvət etməsinə etiraz etməmişdi. Elə bağda meyvə yığan fəhlələr də çay süfrəsi ətrafında idilər. Onlar bir-birlərinə zarafat edir, bağ sahibinin dəvət etdiyi qonağın yanında bayaq sizin atınız var? Soruşan ruhi xəstə təsiri bağışlayan gənci açıq-aydın lağa qoyurdular. Bağ sahibindən başqa tanımadığı adamlara qulaq asdıqca acığı tutduğunun fərqində idi. Niyə bu gənclər belə şit zarafat edir görən. Xəstəni niyə ələ salıb mənasız-mənasız gülürlər. Bağ sahibinin; – müəllim doğurdan bu istidə nə əcəb sualına cavab verməyə həvəssiz idi. Xüdafisləşib ayrıldıqda, burdakı beş nəfərin atmaca və ironiyalarında lağ obyekti olan qəribə simalı gənc; -Müəllim, ziyarətiniz qəbul olunsun! Yenə gülüşmə, yenə qəhqəhə. Yerbəyerdən ona xitabən -burda həc ziyarətindən gələn var? Qəribə simalı gənc elə qeyri-adi yerişi ilə yanındakılara əhəmiyyət vermədən bağın qara-quzeyliyində gözdən itdi.
Gülsüz Güldan Nə qədər ki, torpaq idik dünyanın qəmi də nə idi bilməzdik. Buludlar toqquşub, yağışından bizə pay ələyəndə çəkib sərinliyi canımıza oxay deyərdik. Bütün qışı ağca qardan yorğan çəkib üstümüzə mışıl-mışıl yatardıq. Elə ki, yaz gəldi, günəş ilıqlığından yorğanımız əridi biz də oyanıb, rişəsi köksümzdə olan çiçəklərə can verərdik. Yayımızın bir ayrı ləzzəti, payızımızın başqa aləmi olardı. Dağ döşündən göz işlədikcə uzanan düzlərə baxıb, bizə ana torpaq deyib oxunan nəğmələrdən qürurlanardıq. Amma günlərin birində bizi əcayib ekskovator gəmrici dişləri ilə min illərin doğmalarından qopardı. Maşınlara qalaqlayıb, bir zavoda apardılar. Orada da başımıza min oyun açıb, qəliblərə salıb yanıb cızzağımız çıxanacan bişirdilər. O sexdən bu sexə bu sexdən o sexə tullayıb güldan halına saldılar. Üstümüzə naxış vurdular, bəzəklərdən guya könlümüzü alırlarmış kimi üst-başımıza əl gəzdirdilər. Adımızı güldan qoyub dükanlarda müştəri gözləməyə məhkum etdilər. İnsafən bizi dar və uzunboğaz görkəmə salsalar da naxışlarımız göz oxşayırdı. Bir sözlə əldən-ələ keçib hədiyyə kimi bağışlandıq. Sevilə-sevilə gəldiyimiz evdə yerimiz divar küncü oldu. Əvvəllər heç olmasa dekorativ də olsa gülə oxşar nə isə qoymuşdular tavana açılı ağzımıza. Sonra onu da götürüb atdılar. Bu evə gələndə fikirləşirdik ki, yazda qoynumuzda açan çiçəkləri heç olmasa xatırlaya biləcək, yanıb bişmiş ciyərimizə gül ətri çəkə biləcəyik. Amma gör fələk başımıza nə oyun açdı. Dar, uzunboğaz formamıza görə nə bətnimizə su tökən oldu, nə də güllə qovuşmağımıza izin verən. Elə bil bu evin kandarından içəri girəndə bir vahiməli baxışı olan qonşu bizi qarğımışdı ki, səni gülsüz qalasan. Bilmirik ki, bu küncdə məhbəs həyatımız nə qədər davam edəcək. Kaş kimsə sındırıb çilik-çilik edəydi bizi. Bu iki divarın kəsişdiyi küncə qısılmaqdan canımız qurtaraydı. Nə vaxtsa qapıdan bir ani nəzərlə bizə baxan gözlərin uyğusuna girib çılik-çilik olmağımız kaş çin olaydı, çini olmaqdan canımız qurtarıb yenidən anamıza dönəydik. Alın yazımıza elə qələm çəkilib ki, heç bir gülün saplağı bizim yöntəmsiz uzunluğumzca olmadığını dərk edirik. Amma yenə də, yenə də bir dəstə gül həsrətindəyik. Cansız qoymasaydılar adımızı dua edərdik. Dua edərdik ki, gözümüzü zilləyib baxdığımız divar kağızındakı arı pətəyinə oxşar naxışlar heç olmasa həqiqi güllərə oxşayaydı.
Dostluq və dostlar günü Dostluq ən ülvi mənəvi dəyərlərdən biridir. Dostluq, insanlar arasında mənəvi bağlar elə insanlığın tarixinin özü qədər qədimdir. Təmənnasız dostluğun içində sevgi, qarşılıqlı hörmət, mərhəmət, qayğı, can sirdaşı olmaq kimi hisslər var. Həyatında xoş gündə də, kədərli anlarında da yanında olmasını istədiyin, dəyər verdiyin, həmişə görüşünə, ünsiyyətinə can atdığın sirli bir cazibə ilə səni özünə çəkən əsl dostun varsa, demək xoşbəxtsən. Bu gün beynəlxalq dostluq günüdür. Tarixi bəlli olmayan dostluq gününü kim və nə vaxt təklif etdiyi bilinmir. 6 may 2011-ci ildən BMT-də Paraqvayın təklifi ilə 30 iyul beynəlxalq dostluq günü kimi qəbul edilib. 9 iyunun qeyri-rəsmi olaraq dostlar günü kimi qeyd olunması isə bir sıra ölkələrdə ənənə xarakterini alıb. Təbii ki, bu gün saf duyğularla bir-birlərinə bağlı olanları, əsl dostları təbrik etmək yerinə düşərdi. Qoy bütün dostların dostluğu səmimi özül üstdə möhkəmlənsin! Dost itgisinin acısını heç kəs dadmasın! Mənim üçün dünya malının heç bir dəyərilə ölçüyə gəlməz, müqayisə olunmaz ən yaxın dostumun bağışladığı dünyamın ən qiymətli hədiyyəsi olan bu qələmlə bütün dostlara Dostluğunuz Əbədi Olsun yazmaq çox xoşdur.
79-cu payız, 84-cü sıra və qürbətdən boylanan əbədi ayrılıq
Tikinti işlərinin getdiyi hasarlanmış ərazi xüsusi mülkiyyət olduğundan içəri daxil olmaq qaydalar çərçivəsində deyil. Üstəgəl bayram günüdür deyə mühafizə xidmətinə edəcəyim xahiş üçün alacağım cavab da təxminən bəlli olduğundan elə hasarın yanından səmanın şəkilini çəkməklə kifayətləndim. Bu o mülkdür ki, 15 mart 1865- ci ildə Məhəmməd Sadıx bəy Ağabəyzadə burada anadan olmuşdur. Onun haqqında qohumum kimi yox, sadəcə bir tarixçi kimi, həm də bu gün 28 mayı daha çox xatırlanmağa haqq etdiyi üçün kiçik bir yazı ilə yada salmağı özümə borc bildim. M. S. bəy Ağabəyzadə ilk təhsilini Bakıda alır. Daha sonra Peterburqda ali hərbi təhsilini davam etdirir. Eyni zamanda qiyabi olaraq şərqşunaslıq fakultəsini də bitirir. 21 yaşında peşəkar hərbiçi kimi fəaliyyətə başlayan Məhəmməd Sadıx bəy 48 yaşında general-mayor rütbəsi alır. O 1921-ci ilə qədər general rütbəsi alan 21 azərbaycanlıdan biridir. Hərbi qulluqda olarkən Qafqaz ordusunda, Türküstan hərbi dairəsində xidmət edir. Ordudan ehtiyata buraxılan general Göyçaya qayıdıb burada məktəb açmaq fikrində olur. Lakin Birinci Dünya müharibəsi başladıqda o yenidən ordu sıralarına qayıdır. Qafqaz və Ukrayna cəbhələrində döyüşlərdə iştitak edir. Müharibədən sonra Məhəmməd Sadıx bəy yenidən Göyçaya qayıdır. Bu o zaman idi ki, onu şərqşunaslar ciddi elmi araşdırmalarına görə tanıyır, dövrün nüfuzlu univeristetlərinə dəvət edirdilər. M. Sadıx bəyin yazdığı “Türkmən dilinin qramatikası” əsəri həmin dövrdə çox məhşur idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci ilin payızında M.Sadıq bəy cümhuriyyət parlamentinə deputat seçilir. Qısa müddətdən sonra baş nazir Xoyski onu daxili işlər nazirliyinə dəvət edir. Mirzə Sadıx bəy hökumətdə təmsil olunduğuna görə millət vəkilliyindən istefa verir. Polis quruculuğunda bir-birini əvəz edən üç nazirin müavini olsa da əslində həmin nazirlər daha çox siyasi faliyyət aparmalı olduğundan M.Sadıx bəy Ağabəyzadə faktiki olaraq nazirliyin və ümumiyyətlə polis sisteminin qurulmasına təkbaşına rəhbərlik edir. Azərbaycana gələn yüksək ranqlı qonaqların mühafizəsindən tutmuş polis sisteminin təsnifatının yaradılmasınadək bütün məsul işlərə bilavasitə rəhbərlik edir. Yüksək intellektə, dərin zakaya sahib olan general ana dilindən başqa türkmən, özbək, anadolu türkcəsi, ərəb, fars, rus, fransız, polyak, ukrayna dillərini mükəmməl bildiyindən cumhuriyyətə gələn qonaqlarla tərcüməçisiz əlaqə saxlayır, yeri gələndə bu missiyanı da özü yerinə yetirirdi. AXC-nin süqutundan sonra M.Sadıx bəy İstanbula mühacirət edir. Burda tibb unversitetinin professoru olan xalası oğlu Əli bəy Hüseyzadənin evində yaşayır. Ağabəyzadə hələ Batumda olarkən onun ata mülkü, qardaşlarının evləri Göyçayda müsadirə edilir. AXC daxili işlər nazirinin müavinini gizlətməkdə suçlandırılan bütöv bir nəsil doğma yurdlarından pərən-pərən salınır. 1927-ci ilədək Parisdə, Nitsada yaşayan Ağabəyzadə Paris univeristetlərinin birində şərqşunaslıqdan mühazirələr oxuyur. O, Faransadan öz xalası oğlu Əli bəy Hüseynzadəyə yazdığı (51 məktub) məktublarda qardaşlarından nigaran qaldığını, doğma Göyçaydan ötrü darıxdığını qeyd edir, ən böyük arzusu qan qohumlarına qovuşmaq olduğunu yazırdı. Tale 1927-ci ildə Məhəmməd Sadıx bəyi Lvov şəhərinə gətirib çıxarır. O, burada 1944-ci ilin 8 oktyabr tarixinə qədər univesitet professoru kimi fəaliyyətini davam etdirir. Quranın rus dilinə tərcümə edilməsində öz misilsiz tövsiyyələrini verir. Polyak dilində nəşr etdirdiyi dərslik bu gün də Avropa şərqşunaslarının istinad etdiyi əsərlər sırasındadır. Məhəmməd Sadıx bəyin elm aləmində uğurları ard-arda sıralansa da şəxsi həyatındakı problemləri bitib-tükənmirdi. Onun xanımı gənc yaşlarında dünyasını dəyişir. Xanımını Parisdə dəfn edən Sadıx bəy bir daha evlənmir. Lvov işğal altına düşdükdə Alman faşistləri yaşlı alimin yaşadığı mənzili zəbt edir. Ömrünün ahıl çağında dahi şərqşunas alim ehtiyac içində, şəraitsiz zirzəmi tipli evdə yaşamağa məcbur olur. Böyük pedaqoq, Şərq xalqları tarixi, dili, mədəniyyəti üzrə əvəzsiz mütəxəsisis həyatının son aylarında qayğıkeş tələbəsi Olqa Bak və onun ərinin himayəsində vətəndən uzaqlarda Lvovda əbədi olaraq gözlərini yumur. Bak və ailəsi bütün rituallara rayət etməklə onu müsəlman qaydalarına uyğun şəkildə dəfin edirlər. 9 oktyabr 1944- cü il lvov, liçakovski qəbirstanlığı 84-cü sırada ömrünün 79-cu payızında Böyük alim əbədi olaraq torpağa tapşırılır. Cümhuriyyət gününü qeyd edirik. Həmin cümhuriyyət asayiş sistemini qurub yaradan insanın, İçərişəhərdə ilk polis məktəbinin əsasını qoyan Məhəmməd Sadıx bəy Ağabəyzadənin böyük ehtiramla yad edilməsi fikrimcə yerinə və zamanına düşür. Qürbətdə uyuyan ruhun şad olsun! Sənin kölgəsində beşiyin qoyulan tut ağacı yoxdur daha. Ömrünü başa vurub. Sovetlər dönəmində əldən-ələ keçən, cürbəcür idarələr yerləşən mülkün idi kiminsə özəl mülkiyyətidir. Amma o mülkün üstündə açıq səma var. O mülkün torpağından rişələri şirə çəkən sənlə yaşıd, başı buludlara boylanan çinar var. Yamyaşıl çinar, masmavi səma, qıpqırmızı günlərə səsləyən umidlər var. 106 yaşlı bayram ruhuna alqış deyir, ruhun bayramı oxşayır. Bayramın, bayramımız mübarək!