Etiket arxivi: Polkovnik Mirqiyas Rüstəmov

ZƏFƏRİMİZ MÜBARƏK OLSUN!

ZƏFƏRİMİZ MÜBARƏK OLSUN!
AZƏRBAYCANI HORADİZ ŞƏHƏRİNDƏN TRIPP LAYHƏSİNƏ QOVUŞDURAN QÜDRƏTLİ ORDU!

Tarixə nəzər saldıqda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərində daşınıb və daşınır. Dünyanın böyük fatehlərindən olan, Çingiz xan döyüşən əsgərin psixoloji olaraq döyüşə hazır olmasının sirrini belə qiymətləndirirdi : ” Bir mıx bir nalı, bir nal, bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu bir dövləti saxlayır. ” Yəni bir dövlətin sarsılmazlığı və qüdrəti hər bir əsgərin ayrı-ayrılıqda döyüşə hazırlığı, təminatı və təchizatından asılıdır. Bu gün, biz, bunu başqa formada ifadə edirik. Belə ki, yüksək döyüş-döyüşə hazırlıqlı, hər tərəfli təmin və təchiz olunmuş əsgərin hazırlıq tədbirləri mənəvi-psixolojo təminat adlandırırıq. Əsgər torpaq qədər müqəddəsdir, çünki torpaq üzərində onun qanı tökülür. Torpaq öz gücünü-qüdrətini, dəyərini əsgər qanından, əsgər şücaətindən alır. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi : ” Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək… Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik! ” Vətənimizin, millətimizin, dövlətimizin müstəqilliyi, onun ərazi bütövlüyü uğrunda minlərlə oğul və qızlarımız öz arzu-istəyini, amalını qurban verərək canından keçib. Körpə bir uşağın dilində ilk dəfə səslənən ” anan ” kəlməsi nə qədər ecazkar və şirindirsə, hər bir əsgər tərəfindən qürurla səslənən ” Vətən ” sözü də bizim üçün onun qədər doğma və əzizdir.
Mən, hər dəfə hərbi qulluqçular qarşısında mühazirə oxuyarkən deyirəm : ” Vətən torpaqlarının düşmənlərdən qorunmasında, istər müdafiədə, istərsə də hücum döyüşlərində hər kişi vətəndaşa on metrəyə qədər torpaq payı düşür. Hər birimizə düşən bu torpaq payını qorumaq bizim vətəndaşlıq borcumuzdur. Bu mənim şəxsi fikrim deyil. Bu, Azərbaycan Silahlı Qüvvələrinin Döyüş nizamnaməsindən irəli gələn tələblərin qarşımızda qoyduğu vəzifələrdir. “
1991-ci ilin ” 18 oktyabr ” günü Azərbaycan xalqı öz istiqlalını bərpa etdiyi ilk gündən, istiqlalımızı və müstəqilliyimizi istəməyən dünyanın güc dövlətləri dırnağarası qonşularımız, olan, seperatçı erməni quldur qruplaşmalarından siyasi maşa kimi istifadə edərək müstəqilliyimizə maniyələr törədirdilər. Eyni zamanda erməni terror qruplaşmaları Suriyadan, Livandan, Fransadan, Livyadan və digər xarici ölkələrdən gətirilmiş xüsusi hazırlıqlı terror qruplaşmaları, Rusiya Silahlı Qüvvələrinin birbaşa dəstəyi və iştrakı ilə ölkəmizin ərazi bütövlüyünə işğalçılıq məqsədi ilə təcavüzlər edirdilər. Ölkəmizdə və Füzuli ərazisində yeni yaradılmaqda olan könüllü bölmələr və nizami qoşun hissələrimiz belə gərgin vəziyyətdə, təpədən dırnağa qədər silahlanmış düşmən terror qruplaşmalarına qarşı yarana-yarana döyüşür, döyüşə-döyüşə yaranırdı. Bu çətin hərbi-siyasi vəziyyətdə Füzuli rayonunda yüzlərlə, minlərlə təəsübkeş fədai könüllü şəkildə silaha sarılaraq ərazilərimizin müdafiəsinə qalxmışdılar.
Təcavüzkar düşmən, çirkin işğalçılıq niyyətini həyata keçirmək üçün, ölkənin hərbi plasdarmı olan Füzuli şəhərini və ətraf yaşayış məntəqələrini hər gün bombardıman edir, tanklardan, toplardan, təyyarələrdən yüzlərlə mərmilər, raketlər və bombalar yağdırdı. Yerli əhlinin illərlə, on illərlə böyük əzab-əziyyətlə tikib qurduğu ev-eşik, bağ-bağça bir anın içərisində dağıdılır xarabazarlığa çevrilirdi. Hər gün onlarla insan evinin içərisində və yaxud döyüş cəbhəsində şəhid olur, yaralanırdı…
Beləliklə ermənilər xarici havadarlarının dəstəyindən ruhlanaraq Qarabağda Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdı. 1992-ci il aprelin ilk günlərində bütün beynəlxalq hüquq və qanun normalarını pozaraq, Hadrut rayon tarix diyarşünaslıq muzeginin müdiri, daşnaksütun partiyasının fəallarından olan, qatı millətçi, Levon Mıkırtıçiyanı qondarma ” rejimə ” prezident seçdilər. O, dövürdə Qarabağda seperatçı əməllərlə məşğul olan, siyasət dəllalları Robert Köçəryan və Serjik Sarkisiyan yenicə ” prezident ” seçilmiş ” rəqiblərini ” bərk qısqanırdılar. Elə bu səbəbdən, arzuolunmaz rəqiblərini aradan götürmək məqsədilə hiyləyə əl atdılar. Belə ki, 1992-ci il aprel ayının 11 də səhər saat 6.00 radələrində erməni terror qruplaşmaları yenicə seçilmiş ” prezidentin ” rəhbərliyi ilə Füzuli rayonunun CƏMİLLİ kəndinə qəflətən hücuma keçdilər. Düşmənin CƏMİLLİ kəndinə hücuma keçməkdə əsas məqsədi qonşu QACAR kəndini işğal edib QIRMIZI BAZAR qəsəbəsinin etibarlı müdafiəsini təmin etməklə FÜZULİ-ŞUŞA meşə yolunu bağlamaq idi. Həmin dövürdə rayonun müdafiəsini təşkil edən FÜZULİ ƏRAZİ ÖZÜNÜMÜDAFƏ taboru,(komandiri mərhum, polkovnik leytenant Mobil Yusifov. ), Füzuli polis şöbəsinin çevik polis dəstəsilə ( polis rəisi polkovnik Binnət Məmmədov ) birgə əks-hücuma keçərək düşmənə ağır sarsıdıcı zərbələr endirdi. Gün ərzidə davam edən ağır və qanlı döyüşdə fədakar döyüşçülərimiz əzimkarlıq göstərərək düşmənin onlarla canlı qüvvəsini məhv edərək ağır itkilərə məruz qoydular. Cəsur döyüşçülərimiz düşmənin döyüş meydanında atıb qaçdığı xeyli silah-sursatı və BTR-60 döyüş maşınını qənimət olaraq ələ keçirmişdilər. Həmin gün, erməni millətçilərinə özünü ” qəhrəman ” kimi sırımaq istəyən ” qondarma rejimin prezidrnti ” Levon Mıkırtıçıyan döyüşçülərimizin hədəfinə tuş gələrək ölümcül yaralanmışdı. Ağır itkilərə məruz qalmış düşmən döyüş gününün sonuna məğlubiyyətini etiraf edərək geri çəkilməyə məcbur edildi. İki gündən sonra qondarma rejimin “ilk prezidenti ” Levon Mıkıtıçıyanın xəstəxanada öldüyü barədə xəbərlər yayıldı.
Ölkədə və cənubi Qafqazda tüğyan edən bu ağır hərbi-siyasi vəziyyət öz növbəsində ölkəmizdə çətin iqtisadi durum yaratmışdı. Belə ki, mövcud hərbi vəziyətə görə Avropa ölkələri Azərbaycanla iqtisadi müqavilələr bağlamağa tələsmirdilər. Düşmənlərimizin törətdiyi təcavüz və işğal nəticəsində qaçqın və məcburi köçkün dalğasının getdikcə artması ölkədə mövcud olan həri-siyas vəziyyət getdikcə çətinləşdirirdi…
Yaranmış gərginliyin zəiflədilməsi, hərbi-siyasi vəziyəti stabilləşdirlməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz BEYLƏQAN – XOCAVƏND ; ƏHMƏDBƏYLİ – HORADİZ istiqamətlərində 05 yanvar 1994-cü il tarixdə əks-hücuma keçərək HORADİZ şəhərini və otuza yaxın yaşayış məntəqələrini bir neçə saat ərzində düşmən işğalından azad etdi. Qarşıda olan düşmən qüvvələri darmadağın edildi. Belə ki, düşmən döyüş zamanı xeyli canlı qüvvə, silah-texnika itkisi verərək üzü geri qaçmağa məcbur edildi. Həmçinin, düşmən xeyli silah-sursatı və zirehli döyüş texnikasını döyüşə hazır vəziyyətdə ataraq qaçmışdı…
Azərbaycan Silahlı Qüvvələrinin dağıdıcı və sürətli əks-hücumunun erməni tərəfi üçün ağır nəticələnəcəyini hiss edən qonşu dövlətlərin hərbi-siyasi rəhbərliyi dərhal yaranmış vəziyyətə müdaxilə etməyə başladı. Belə ki, Rusiya Federasiyasının Qarabağ üzrə xüsusi nümayəndəsi olan, Vladimir Kazimirov dərhal Bakıya gələrək Azərbaycan Respublikası hərbi-siyasi rəhbərliyindən döyüşləri dayandırmağı bildirdi. O, bildirirdi ki, əgər, döyüşləri dayandırmasınız bu, Azərbaycan üçün çox təhlükəli olacaq. Cavabında isə mərhum, Ali Baş Komandan Heydər Əliyev bildirirdi ki, ” Siz bizə görə narahat olmayın. Biz çox yaxşı bilirik ki, erməni tərəf ağır itkilərə məruz qalıb. ” Eyni zamanda Rusiya rəhbərliyi İRƏVAN yaxınlığındakı GÜMRÜ hərbi bazasından Tank Əleyhinə Artilleriya alayının 152 mm divizionunu, 122 mm Artilleriya divizionunu və Avtomatik minatanlar divizionunu Füzuli istiqamətində Azərbaycana qarşı döyüşə yeritdi. Həmçinin digər qoşun Alayını döyüş cəbhəsinin şimalında MUROVDAĞ yüksəkliyi istiqamətid döyüşə salaraq bizim bölmələrə ağırlaşdırıcı zərbə endirdilər. Qarlı-şaxtalı dözülməz sərt qış şəraitində çıxılmaz vəziyyətdə qalmış qoşun hissələrimizin bərpa edilməsi, düşmənin qoşun birləşmələrinin qarşısının dayandırılması məqsədilə Azərbaycan hərbi-siyasi rəhbərliyi dərhal təxirə salınmaz tədbirlər həyata keçirdi. Belə ki, FÜZULİ döyüş cəbhəsi istiqamətində döyüş tapşırıqları yerinə yetirən “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-mayor ) Fəxrəddin Cəbrayılovun komandanlığı ilə MUROVDAĞ istiqamətində döyüşə yeridildi.
Bütün bunlarla yanaşı Vladimir Kazimirov ölkəmizi təhdid edərək, tələb qoyurdu ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərdən geri qaytardıqları HORADİZ şəhəri və ətraf yaşayış məntəqələrini boşaldaraq geriyə çəkilsin. Həmin ərazilər yenidən ermənilərə qaytarılsın. Əgər siz, bu tələbləri yerinə yetirməsəniz ermənilər sizin GƏNCƏ şəhərinə girəcək. Cavabında ona bildirildi ki, ” gedin nə bacarırsınız edin. Biz torpaqlarımızı heç kimə verməyəcəyik. Biz Azərbaycan ordusunun gücünə inanırıq. “09 aprel 1994-cü ildə mərhum Prezident, Ali Baş Komandan Heydər Əliyev FÜZULİ döyüş cəbhəsinə gəlib ” N” nömrəli hərbi hissənin şəxsi heyətinin uğurlu HORADİZ əməliyyatında qazandıqları qələbəyə görə təbrik etdi. Ümummilli lider Heydər Əliyev döyüşçülər qarşısında çıxışı zamanı dedi : ” Mənə məlumat verdilər ki, siz burada möhkəm dayanmısınız, xeyli ərazini düşməndən azad etmisiniz. Ancaq bizim torpaqların xeyli hissəsi hələ işğal altındadır. Bax, elə lap yaxınlıqdakı kəndlər də düşmənin əlindədir. Bunları geri almaq lazımdır.”
Həmin günlərdə erməni terror qruplaşmaları TƏRTƏR rayonu istiqamətində intensiv hücumlara başladı. Füzuli döyüş cəbhəsinin şimalında yaranmış bu gözlənilməz qanlı savaş ölkədə böyük gərginlik yaratmışdı. Bu səbəbdən FÜZULİ istiqamətində döyüş tapşırığı yerinə yetirən ” N” nömrəli hərbi hissə Milli Qəhrəma, mərhum polkovnik Eldar Ağayevin, “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-leytenant ) Yaşar Aydəmirovun, “N” nömrəli hərbi hissə polkovnik-leytenant ( general-leytenant ) Rövşən Əkbərovun komandirliyi ilə TƏRTƏR istiqamətində döyüşə yeridildi. Həmin vaxt, bəzi qonşu dövlətlərin qoşun hissələri erməni terror qruplaşmalarına kömək məqsədilə Gürcüstan Respublikasında yerləşən qoşun hissələrini TƏRTƏR istiqamətində Azərbaycana qarşı döyüşlərə saldı. On günlərlə davam edən bu qanlı qarşıdurmada düşmən qoşun qruplaşmaları ağır itkilərə məruz qaldı.
General-mayor Elbrus Orucovun dedikləri : ” 1994-cü il may ayının 3-ü günü idi, TƏRTƏR-AĞDAM yol qovşağının təqribən 800 metrə yaxınlığında ölüm-qalım döyüşləri gedirdi. Əgər, düşmən yol qovşağını tutmağa nail ola bilərdisə bu bizim üçün faciənin başlanğıcı ola bilərdi. Təqribən saat 20.15 radələrində mənə xəbər verdilər ki, Ali Baş Komandan sizi telefona çağırır. Mən, dərhal səhra qərargahına gəlib Ali Baş Komandan Heydər Əliyevlə telofon əlaqəsinə çıxdım.
Heydər Əliyev : Orucov vəziyyət necədir ?!

-Cənab Ali Baş Komandan TƏRTƏR-AĞDAM yol qovşağı uğrunda ağır və çətin döyüşlər gedir. Döyüşçülərimiz böyük qəhrəmanlıq göstərirlər.

Heydər Əliyev : Orucov indicə mənə başqa məlumat verdilər. Dedilər ki, siz, artıq TƏRTƏRİ erməniyə vermisiniz. De görüm, bu doğrudur ??!

Orucov : Cənab Ali Baş Komandan, mən, general şərəfimə and içərək sizə söz verirəm ki, mənim taleyimdə 2-ci ŞUŞA hadisəsi baş verməyəcək…
Bu zaman düşmən artilleriyası bizim səhra qərargahının ətrafını bombardıman edirdi.
Heydər Əliyev : orada nə səs-küydü, nə baş verir ?!

Cənab Ali Baş Komandan, bizim istiqamətdə atılan mərmilərin partlayış səsləridir.
Heydər Əliyev : aydındır döyüşlərə nəzarəti gücləndir. Döyüş gününün sonuna mənə ətraflı məlimat verərsən.

Oldu cənab Ali Baş Komandan.
GÜLLÜCƏ istiqamətində aparılan döyüşdə ” N” nömrəli hərbi hissənin tabor komandiri mayor Saday Quliyev öz döyüş heyəti ilə eməni zabiti polkovnik Mıkırtıçıyanı, milliyyətçə rus olan, baş leytenant hərbi tütbəli zabitlə birgə komanda qərargah maşınında əsir götürmüşdü. Onların üzərində olan döyüş xəritəsində erməni komandanlığının TƏRTƏR-YEVLAX istiqamətində müəyyən edilmiş döyüş qərarından bəlli oldu ki, düşmən 9 may gününə qədər YEVLAX yol qovşağını ələ keçirərək Azərbaycan Respublikasını ikiyə bölməklə Ölkəni məğlub duruma salmaq istəyirlər. Lakin düşmən yanlış qərar verməklə ağır və faciəli məğlubiyyətə düçar oldu. Qəhrəman Azərbaycan oğulları düşmən qoşun qruplaşmalarına elə bir ağır zərbələr vurdu ki, bir daha özünü qaldıra bilmədi.
Belə ki, düşmənin bir neçə gün ərzində 3000 nəfərdən artıq canlı qüvvəsi, 200 – dən artıq zirehli döyüş texnikası məhv edildi. Yaranmış vəziyyətə görə Ermənistanın paytaxtı İRƏVAN şəhərində döyüşlərdə öldürülmüş əsgərlərin valdeynləri küçələr çıxaraq döyüşlərin dayandırılmasını tələb edirdilər. Bu nümayişlər Ermənistanda günlərlə davam etdi. Nəticədə Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərin dayandırılmasını Rusiya Federasiyası rəhbərliyindən tələb edirdi. Böyük cəsarətlə deyirəm ki, düşmən 1994-cü ilin yanvar – may ayları ərzində aparılmış döyüş əməliyyatlarında düçar olduğu məğlubiyyətı açıq şəkildə etiraf edərək Azərbaycan ordusunun cəsarəti və fədakarlığı qarşısında diz çökməklə 12 may günü atəşkəsi imzaladı…
Azərbaycan Respublikasının 1994-cü ildə döyüş cəbhəsində düşmən üzərində qazandığı şanlı qələbələr beynəlxalq aləmdə, dövlətlərarası münasibətlər sistemində onun nüfuzunu artırdı və böyük inam yaratdı.
Bəli, Azərbaycan Silahlı Qüvvələrinin HORADİZ şəhərində düşmən üzərində qazandığı şanlı qələbələr bizi ” 20 sentyabr – Əsrin müqaviləsi ” olan neft konsersiyumuna gətirib çatdırdı.
1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda, Gülüstan sarayında Xəzər dənizinin Azərbaycan sektorunda ” Azəri “, ” Çıraq ” və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay bölgüsü haqqında əsrin beynəlxalq sazişi imzalandı. İştrakçılar : Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( SOKAR ) və dünyanın 8 ölkəsi ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı ) təmsil edən 13 iri neft şirkət ( o, cümlədən BP, Amoco, Statoil, LU Koyl və.s.)
Müqavilə müstəqil Azərbaycan Respublikasının iqtisadi suverenliyini gücləndirdi və ölkə iqtisadiyyatında böyük dönüş yaratdı.
Ölkə iqtisadiyatında yaranmış bu dönüşün əsasında dayanan BAKI – TİBİLİSİ – CEYHAN neft kəmərinin 13 iyul 2006-cı ildən işə düşməsi nəticəsində Azərbaycan nefti Avropa bazarına çıxarıldı. Bununla da ölkə iqtsadiyyatında yaranmış sıçrayışlı inkişaf başqa sahələr kimi Ordu quruculuğunun hərbi-elmi əsaslarla inkişafına əhəmiyyətli dərəcədə təsir etdi. Silahlı Qüvvələrimizdə maddi-texniki təchizat bazasının, kadr potdnsialının gücləndirilməsi, hərbi qulluqçuların döyüş-döyüşə hazırlıq qabliyyətinin daha da yüksəldilməsi, silah arsenalının yenilənməsi, müasir hərbi texloloji qurğuların və moderinləşmə tədbirlərinin qoşunlarda uğurlu şəkildə tətbiqi, beynəlxalq döyüş atışlı taktiki təlimlərin, gecə və gündüz döyüş atışlı çöl çıxışlarının səmərəli keçirilməsi, hərbi qulluqçulara sosial qayğıların artırılması, şəxsi heyətin mənəvi-psixoloji döyüş ruhunun yüksəldilməsi istiqamətində görülən həyatı vacib olan tədbirlər ölkə iqtisadiyatında olan yüksəlişin nəticəsi idi. Bütün bunlar bizi 44 günlük Vətən müharibəsində Şanlı ZƏFƏRƏ doğru hazırlayırdı…
2020-ci il sentyabr ayının 27-si idi. Bakı şəhərindən Qarabağa qədər bütövlükdə Azərbaycan xalqı yekdilliklə ayağa qalxmışdı. Hamı əyninə əsgər paltarı geyinib, əlinə silah götürərək əsgər olmuşdu. Belə ki, sentyabrın 26-dan 27-nə keçən gecə düşmənin təxribatçı terror qruplaşmaları qəflətən şimalda MUROVDAĞ silsiləsindən, cənubda ARAZ çayı vadisinə qədər olan, cöğrafi ərazilərimizdə yerləşən yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlardan, o cümlədən ağır artilleriya qurğularından atəş basqınları edirdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Döyüş cəbhəsində yaranmış vəziyyəti nəzərə alaraq, ordu rəhbərliyinə düşmən təxribatlarının qarşısının dayandırılması məqsədilə müvafiq tədbirlər görməsi haqqında döyüş əmri verdi.
Düşmənin məkirli işğalçılıq siyasətinin qarşısını dayandırılması məqsədi ilə Silahlı Qüvvələrimiz əks-hücuma başladı. Qoşunlarımız əks-hücum həmləsini hərbi hiylə işlədərək ilk növbədə MUROVDAĞ, SUQOVUŞAN və AĞDAM istiqamətinə yönəldərək düşmən qoşunlarının həmin istiqamətlərə cəmləşməsinə nail oldu. Ancaq, Ermənistan hərbi-siyasi rəhbərliyi ” böyük inamla ” bizi AĞDAMDA gözləyirdi. Lakin, Azərbaycan hərbi-siyasi rəhbərliyi taktiki şəkildə uğurlu manevir edərək düşmən qoşunlarına əsas zərbəni FÜZULİ istiqamətində endirdi. Gözlənliməz zərbədən çaş-baş qalmış düşmən döyüşçülərimiz qarşısında duruş gətirə bilməyib birinci döyüş gününün sonuna cənubda, QARAXANBƏYLİ kəndini, o cümlədən ARAZ çayı sahili boyunca tutduqları müdafiə mövdelərini tərk edərək üzü geri qaçmağa başladı. Beləcə düşmən ordusunun döyüş əzmi Ordumuz tərəfindən birinci döyüş günündə sındırıldı. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Azərbaycan ordu rəhbərliyi qoşun hissələrimizi dərhal CƏBRAYIL şəhər xarabalığından HADRUT qəsəbəsi istiqamətinə yönəltdi. Nəticədə XANKƏNDİ-ŞUŞA – XOCAVƏND və HADRUTA arasında təminat-təxliyyə yolları qoşunlarımızın taktiki manevirli fəaliyyəti ilə bağlandı. Çıxılmaz vəziyyətdə qalmış düşmən məcburən ZƏNGƏZUR dağ silsiləsi istiqamətindən dağlıq və meşəlik ərazilərdən xüsusi təynatlı bölmələrini və digər qoşun hissələrini HADRUT ətrafında döyüşə cəmlədi. Bütün bu cəhdlərə baxmayaraq HADRUTDA mühasirə vəziyyətində qalmış düşmən qoşun hissələri xeyli itkilər verməklə döyüşçülərimizin əzmikarlığı nəticəsində darmadağın edildi. Eyni zamanda döyüş cəbhəsinin şimalında – SUQOVUŞAN istiqamətində ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Növbəti dəfə Azərbaycan ordusunun taktiki hərbi hiyləsinə aldanan düşmən ordusu vaxti ilə SUQOVŞANDA tutmuş olduğu mövqeləri tərk edərək geri çəkilməyə məcbur edildi. Bu döyüşlərdə Ermənistanın növbəti məğlubiyyəti orduda idarəetmənin itirilməsi ilə nəticələndi. Belə ki, müharibənin şah damarını təşkil edən FÜZULİ şəhəri qoşunlarımız tərəfindən işğaldan təmizləndikdən sonra, döyüşlərin 21-ci günündə hər tərəflə qarşılıqlı əlaqələrini itirən düşmən ordusu idarə olunmaz şəklə düşdü. Yaranmış vəziyyət göstərirdi ki, düşmənin məğlubiyyəti qaçılmazdır. Döyüş vəziyyətini düzgün qiymətləndirən Azərbaycan hərbi-siyasi rəhbərliyinin növbəti tapşırıqları ilə döyüşən bölmələrimiz FÜZULİ, TUĞ yaşayış məntəqələrindən meşə və dağlıq ərazilərdən sızaraq ŞUŞA istiqamətində döyüşləri davam etdirməklə yağı düşməni torpaqlarımızdan təmizlədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın dillərə dastan qələbəsi, zəfəri ilə yekunlaşdı.
Siyasətdə belə bir deyim var : Döyüş meydanında ordusu qüdrətli olan ölkənin – danışıqlar masasında diplomatları daha da cəsarətli olar. “
Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliy ilə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı şanlı ZƏFƏR bizi daha uzaqlara, okeanın o tayına ABŞ-a, oradan isə, bütün dünyanın diqqət mərkəzində olan, TRIPP ( ZƏNGƏZUR ) layihəsinə qovuşdurdu. TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşurutu. ) Cənubi Qafqazdan nəqliyyat və kommunikasiya xətlərinin açılacaq genişmiqyaslı geosiyasi və iqtisadi infrastruktur layihəsi. ABŞ-ın təşəbbüsü olan bu layihə regionda təhlükəsizliyin təmin olunması və ticarət dövriyyəsi nin artırılmasını təmin edəcək. Layihə ZƏNGƏZUR dəhlizinin yeni forması olaraq dəhlizin beynəlxalq səviyyədə tamamlanan yeni formasıdır. TRIPP ( ZƏNGƏZUR ) marşurutu regional iqtisadi şəbəkəsini gücləndirəcək qlobal ticarət yollarını birləşdirəcək Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq. Layihənin Azərbaycan ərazisindən keçən hissəsi artıq hazır vəziyyətdədir.
TRIPP ( ZƏNGƏZUR ) layihəsində ABŞ və Qərb regionda sülhü təmin etməklə, yanaşı Şərq-Qərb ticarət dəhlizinə təhlükəsiz və alternativ çıxış əldə edir. Ermənistan isə illərdir davam edən iqtisadi təcridlərdən çıxmaq imkanı qazanmaqla, suverenliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq təminatlar əldə edir. Azərbaycan – ölkənin tranzit və loqistik imkanları genişlənir, beynəlxalq yükdaşımalarda strateji qovşaq statusu möhkəmlənir. Arzu edirəm bu yeni iqtisadi layihə xalqımızı əminamanlığa və bol ruzi-bərəkətə qovuşdursun.
Ölkəmizin ərazi bütövlüyü uğrunda QARABAĞDA uzun illərdir aparılan bu qanlı müharibənin başlandığı ilk gündən FÜZULİ rayonunun, ərazisi hərbi plasdarm olmuşdur! Odur ki, mən, tarixi hadisələrə və faktlara əsaslanaraq böyük cəsarətlə yazır-aşağısından imza edirəm! Bu müharibənin, bütün ağrı və acılarını daha çox, FÜZULİ camaatı öz çiyinlərində daşımışdır! Həmçinin Zəfərin qazanılmasında Azərbaycan ordusu ilə yanaşı FÜZULİLƏRİN və FÜZULİDƏN olan, döyüşçülərin də, xüsusi xidmətləri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edirik!
Cənab, Ali Baş Komandan, qədim Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunaraq, xalqımıza ŞANLI ZƏFƏRİ bəxş etdiyinizə görə, sizə minnətdarlıq edir və sizi səmimi qəlbdən alqışlayırıq. Həmçinin, sizdən xahiş edirik, 1994-cü ildə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Komandanlığı altında uğurlu HORADİZ əməliyatı zamanı əldə olunmuş qələbənin şərəfinə ” HORADİZİN AZAD OLUNMASI UĞRUNDA ” medal tərtib edilərdi. Bu döyüşlərdə iştrak etmiş minlərlə döyüşçülər təltif edilərdi. Bununla biz, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda zamanında əməyi və zəhməti olmuş minlərlə keçmiş döyüşçünü qürurlandırmış olardıq…
İllərdir on illərdir xalqımızın azadlığı, istiqlalı və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan ədalətli mübarizədə minlərlə, on minlərlə Azərbaycan övladları canını fəda edərək şəhidlik zirvəsinə ucalmışdı. On minlərlə döyüşçü sağlamlığını itirib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, sağlamlığını itirmiş döyüşçülərə gümrahlıq arzulayırıq. Torpaqlarımızın müdafiəsində xüsusi əzimkarlıq göstərmiş bütün müharibə iştrakçılarına xoş günlər arzulayır, dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirik.
Bu gün, xalqımız 44 günlük Vətən müharibəsində böyük fədakarlıqla qazanmış olduğu şanlı ZƏFƏRİN 6-cı il dönümünü təntənəli şəkildə qeyd edir. Fürsətdən istfadə edib ilk növbədə müqəddəs şəhidlərimizin ruhuna dualar oxuyur, onların analarını, atalarını, doğmalarını bayram münasibətilə səmimi qəlbdən təbrik edir və bütövlükdə xalqımıza firavanlıq arzulayırıq.
Zəfər bayramınız mübarək olsun !

Füzuli-Horadiz-Naxçıvan-Bakı
07 noyabr 2026

Müəllif: Polkovnik Mirqiyas Rüstəmov

Polkovnik Mirqiyas Rüstəmoun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I