
BARAK MUNOSA İLƏ…
əvvəli “Ədəbiyyat qəzeti”nin 30 oktyabr 2026-cı il sayında
– Ana Blandiananın şeirlərini niyə bu qədər sevirsiniz?
– “Sevmək” bir az subyektivdir, belə deməzdim. Onun təkcə şeiri yox, nəsri də dərindir. “Manipulyasiya haqqında saxta traktat” böyük əsərdir. Axmatova Soljenitsının “İvan Denisoviçin bir günü” haqda deyirdi: “200 milyonluq ölkədə hamı onu oxuyub, əzbərləməlidir”. Bu Blandiana üçün də keçərlidir: “…Traktatı” 9 milyardlıq dünyanın bütün düşünən hissəsi oxumalıdır.
– Yəni bu qədər…
– Əlbəttə… diktatura dövründə yaşayıb, bütün qadağalara rəğmən ləyaqətlə yaşayıb ölkəni tərk etməmək mühacirətdən böyük cəsarət tələb edir. “Podtekst”ə sənət səviyyəsində yeni forma verib. Misilsiz lakonikliyi var, ritorikadan qaçır; daxili gərginliyə baxmayaraq dili sadədir. Adi əşyaları, hadisələri təsvir edir, sonda dərin ictimai-fəlsəfi məsələlərdən bəhs etdiyini anlayırsan. Əbədiyyətlə və əbədiyyətə işləyən böyük şairədir. Ailə institutunun dağıldığı, gözdən salındığı çağda 50 ildən çox birgə yaşadığı ərinə həsr etdiyi 60-a yaxın şeir, məncə, ailənin, qadın-kişi sevgisinin XXI əsrdəki ən böyük poetik abidəsidir. Bəzən “ahıl lirika” ilə ictimai məzmun elə kəsişir ki…
– Lap həvəsə saldınız məni… Elə bu gecə nəsə oxuyacağam.
– İspancaya çox çevrilib. Bir neçə il əvvəl Asturiya Şahzadəsi Mükafatını alıb.
– Baxıram… Hə, ispanca elektron kitabları satışda var…
– Var, var, çoxdur… Elə şeiri var ki, roman gücündədir…
– Aha… Bakıya da gəlib…
– Bəli, 2023-cü ildə. Elə bu kafedə, bu masada o və səfir Vasile Soare, birgə qəhvə içmişik.
– Məşhur masada əyləşmişik ki…
– Adının tarixçəsini bilmirsiniz yəqin…danışım. Əsl adı Otiliya-Valeriyadır. 14-15 yaşında “Ana Blandiana” təxəllüsünü uydurub, qəzetə müsabiqəyə bu imza ilə 2 şeir göndərib, qalib gəlib. Qorxub, redaksiyaya üzrxahlıq məktubu yazıb, adını açıqlayıb. Baş redaktor isə bundan sonra bu adla yazmağı məsləhət görüb. Atası “xalq düşməni” elan edildiyindən, bədxahlar Rumıniyanın minə yaxın qəzet və jurnalına məktub yazaraq Otiliyanın xalq düşməninin qızı kimi Blandiana adı altında gizləndiyini bildiriblər. Cəmi iki şeiri çap olunan şairə ilk qadağa ilə üzləşib. Sonralar, xüsusən Çauşesku dövründə, əsərləri dəfələrlə yasaqlanıb.
– Hm… Kədərli taledir…
– Yeri gəlmişkən, Munosa ispan, yaxud katalon soyadına oxşamır.
– Atalığım yəhudi, anam katalondur. Anamgil Fiqerasdandır, qızlıq soyadı Pujolsdur, məşhur filosof Fransesk Pujols-i-Morqadeslə qohum olmalıdırlar. Fransesk gəncliyində şeir də yazıb. Eşitmisiniz?
– Yox… Amma Fiqeras Dalinin şəhəridir, deyəsən.
– Hə. Fiqeraslılar Daliylə çox fəxr edir… Atamın soyadı Munyosdu, bizi mən ikiaylıqkən atıb. Anam atalığıma ərə gedəndə bir yaşım olmayıb. O, anamı əvvəldən tanıyıb, sevirmiş… Sonra atalığımın təkidi ilə adımı dəyişiblər. İlk adım Arnau olub. Anamın istəyi ilə soyadıma bir “a” da əlavə edirlər. Beləcə, soyadım nə atamın, nə də atalığımındı. Adım isə, bilirsiniz, yəhudi adıdır.
– Bu ad ərəblərdə də var. Ad taleyin vacib kodu, bəlkə də alın yazısının ilk cümləsidir… Məsələn, mənim atama doğulanda Emin adı veriblər. Ağır xəstələnib, öləcəyini düşünüblər. O vaxt ucqarlarda həkim tapmaq çətin idi. Babam bir ruhani, türkəçarəçi tapıb gətirib. Adam yalnız dua oxuyub, sonra adını dəyişsələr uşağın yaşayacağını deyib. Təzə ad veriblər, Babulla. Atam 78 il yaşadı. Cavanlığında yaxşı şeirlər də yazıb. Üç il əvvəl vəfat edib.
– Təəssüf. Türklər demiş, başınız sağ olsun.
– Sağ olun. Adların və ad dəyişmələrinin maraqlı, bəzən taleyüklü tarixçəsi olur. Məsələn, Volter. Əsl adının Arovet le hissəsindən, təxəllüs düzəldib, həbsdən sonrakı satirik şeirlərini bu imza ilə yazıb. Paul Selanda da belədir: soyadı Ansel olub, Selana çevirib…
– “Ad taleyin ilk cümləsidir” ifadəsi xoşuma gəldi. İcazənizlə, istifadə edəcəyəm…
– Əlbəttə…
26 oktyabr, 2026-cı il
ardı olacaq…
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında