Yollar ağır, cığırlar dik, sıldırım çətin, Qaya-qaya igidlərin tək adı – MƏTİN! Şəhid düşən ərənliyin, məğrur qeyrətin pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan, Lap ölsə də haqq yolundan dönməz qəhrəman! Qayaları al qan ilə yazılı dastan, tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş, Dərələri dərin fikir, yamacı sirdaş! Qovuşuqdu qanı qana, qan çəkir, qardaş, Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı? Saf havayla, nur yağışla qatışmaqdımı? Yaradanın dərgahına yetişməkdimi, Ya cənnətə səyahətdi Şuşaya getmək?
-Rəşad müəllim, biz Tural Dadaşovla bir dəfə səfərə getmişdik. Bilirsiniz o, nə qədər kitab aldı?! Həm də uzun illər “Xəmsə” intellektual verilişinin aparıcısı olub. Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə futbol şərhçiləriylə bağlı söhbətdə idman jurnalisti İbrahim Cəfərov söylədi. Futbol üzrə Avropa çempionatı başlanandan həyəcanla birgə şərhçilərimizlə bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə insan diqqətlə qulaq kəsiləndə əlbəttə ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər. Amma mən şərhçilərimizdən razı qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin üstün səviyyəsi, məlumatlılığı, öz işlərinə içdən sevgisi barədə imkan düşən kimi fikir bildirmişəm. Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm oyunun şərhçisi Tural Dadaşova qarşı sosial şəbəkə istifadəçilərinin rəğbəti və alqışı isə çox təsirləndirdi. Elə bilirəm bu alqışlar və təriflər həm də neçə gündür əziyyət çəkən bütün futbol şərhçilərimizə və idman jurnalistlərimizə ünvanlanıb. Kitab məsələsini isə elə belə xatırlatmadım. Peşəkarlığın yolu həm də kitab oxumaqdan keçir. Elə “qəlbidaş” olmamağın da!
Uşaqlıqdan başlayır ədəbiyyat sevgimiz. Zaman-zaman dahiləri görməyi arzulayırıq. Böyüdükcə bu sevgi şeiriyyata çevrilir qəlbimizdə. Bir gün qovuşuruq qələmlə. Elə qovuşuruq ki, qəlbimizin sirrini açırıq ona. Heç kəslə bölüşə bilmədiklərimizi qələmin mürəkkəbi ürəyimizdən çəkib tökür vərəqlərə. Sonra ətrafımızda başqa şairləri gəzir gözlərimiz. Bizim kimi düşünən, bizim kimi duyğulu, həssas qəlbli insanları axtarırıq. Dahi şairlərlə üz-üzə gəlmək, onlarla vaxt keçirmək, şirin söhbətlərinə qulaq asmaq hər gənc şairin ən böyük qürurlarından biridir. Və bir gün sən də, o şairlərin keçdiyi yoldan keçmək istərsən. Onların ocağının sakininə çevrilmək istərsən. Var gücünlə, inadkarlıqla üzərində daha çox çalışırsan ki, səni də öz qanadları altına alsınlar. O böyük ailənin üzvlərindən biri də, sən olasan. Mənim də ədəbiyyat sevgim uşaqlıqdan başlamışdı. Şeirlərə olan sevgim əlimdə ələmə çevrilmişdi. Gəncə YB-yə üz tutsam da, doğulduğum şəhərin kiçik ocağı məni qane etməmişdi. Sosial şəbəkələrdə kifayət qədər geniş paylaşımlarım hər kəsin diqqətini çəkməyi bacarırdı. Lakin mənim məqsədim məhz AYB şairləni yaxından tanımaq və bir gün ora üzv olmaq idi. Məqsədimə çatmaq üçün üz tutdum Bakıya. Rəşad Məcid haqqında çox eşitmişdim. Ancaq mənə Rəşad Məcidin hər gəncə dəstək olmadığı deyilmişdi və bildirmişdilər ki, qəbuluna düşmək çox çətindir. AYB-yə qonaq gəldiyim ilk gün Rəşad Məcidlə qarşılaşdıq. Dəhlizdə məni görən Rəşad müəllim artıq məni sosial şəbəkələrdən tanıyırdı. İlk söhbətimiz də belə başlamışdı. -Sən Günəş deyilsənmi, gəncəli balası… ? -Bəli. -Burda nə gəzirsən? Gəncədən gəlmisən? -Bəli, sizinlə danışa bilmək üçün gəlmişəm. Rəşad müəllimin simasında təbəssüm vardı. Deyilənlərin tam əksi dayanmışdı qarşımda. Səmimi, mehriban, gülərüzlü biri idi. Kabinetinə dəvət etdi. Kitablarımla tanış oldu və dedi: -Kitab oxuyursan? -Bəli. Ayağa qalxıb yerli və türk ədəbiyyatından 15 kitab verdi mənə. -Çox oxu. Maşallah aktiv xanımsan. Çalış daha çox kitab oxu. -Baş üstə deyərək, sağollaşıb qayıtmışdım Gəncəyə. Bütün yol boyu həmin təsərrüfatlar məndə gözəl xatirəyə çevrilmişdi. Verdiyi kitabları elə yoldaca oxumağa başlamışdım. Bir həftəyə hamsını bitirib kitabla bağlı fikirlərimi paylaşmışdım sosial şəbəkələrdə. Zamanla Gəncə-Bakı yolunu tez-tez qət edib, AYB-nin tədbirlərində fəal iştirak etməyə başladım. Rəşad müəllim mənə AYB-ni sevdirən şəxs olub. Onun sayəsində gənc ədiblərin üzvü oldum. Yazılarımı təmənnasız olaraq dəfələrlə 525-ci qəzetdə dərc etdirib. İllər sonra AYB-nə üzvlüyüm qəbul olunanda da sevincimi ilk Rəşad Məcidlə paylaşmışam. AYB-nə üzvlük vəsiqəmi də, şəxsən özü təqdim edib. Daha sonra AYB-də ilk kitab təqdimatımda iştirak edib və çəkdiyim əziyyətlərin müqabilində fəaliyyətimin faydalarını vurğulayaraq qısa zamanda Prezident təqaüdü alacağımı bildirib. Bu gün mən Prezident təqaüdünə layiq görülmüş AYB üzvlərindən biriyəm. Qazandığım uğurların təməlində isə Rəşad Məcidin istedadlı gənclərə olan qayğı və diqqəti dayanır. Mənim dünyamda AYB-nin dirəyidir Rəşad müəllim. Mənim kimi yüzlərlə gəncə dəstək olub. Yeni nəsil şairlərin yetişməsində zəhməti böyükdür. Rəşad müəllimə uzun ömür, can sağlığı arzulayıram. Rəşad Məcid AYB-nin Günəşi, dəstək olduğu gənclər isə kainatın ulduzlarıdır. Harda olmasından asılı olmayaraq istedadları ilə parıldamağı bacarırlar.
Qəlbi dünya şəxsiyyət (Rəşad Məcidin doğum gününə)
Sənin kimi insanlar çox olsaydı əgər ki, Ədalətsiz sayılan dünya gözəlləşərdi. Paxıllıq yer üzündən silinərdi əbədi, Bəlkə onda ürəkdə duyğular dəyişərdi.
Dəstək görə bilməyib, AYB-yə üz tutan Gənclərin ümid yeri, ümid çırağı oldun. İstedadlı gənclərin çevrildin dayağına Yığdın öz qanadına ata ocağı oldun.
Ömrün 60 yaşını yola saldız şərəflə, Hər kəsin ürəyində yer eyləyib adınız. Qəlbi dünya şəxsiyyət hər kəsi sevindirib. “Xalqın sadə şairi” adını qazandınız.
“Fotonu 2000-ci illərin əvvəllərində Strasburqda Şahin Sinariya çəkib. Şəhəri gəzərkən Vaqif müəllim qeyri-adi adı olan bu məkanı görüb ayaq saxladı,-gəl, burda bir şəkil çəkdirək- dedi. Şairin 85-ci doğum günündə onunla bağlı xatirələrimi yazdım, bu fotonu da xatırladım. Ruhu şad olsun!” – RƏŞAD MƏCİD
Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. 1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci il¬də həmin ali təhsil ocağını bitirib. 1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda işləyib. 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları ilə işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb. R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub. 80-ə yaxın beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş R.Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Ramiz Əskər 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi. Zəngin, ölkəmiz, bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbr diləyir, kədərlərini bölüşürük. Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlaması
TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılmışdır. Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad MƏCİD Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
525.az xəbər verir ki, Rəşad Məcidə yubiley medalı bugün, martın 28-də Medianın İnkişafı Agentliyində təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşım edən Mətbuat Şurasının sədri cənab Prezidentə təltifə görə təşəkkür edib:
“Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.
AĞ ADAM ŞEİRİ (Rəşad Məcidə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yarananda, ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.
Qeyd: 21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq. Rəşad müəllimin 59 yaşı tamam olur. Xatırladıram ki, “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.06.2024-cü ilə (əvvəlcədən təyin olumuş vaxt uzadılıb) qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.