Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid (Məcidov Rəşad Museyib oğlu)in 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.
Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.
“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.
Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.
Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.
Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –
“Əllərimin qabarı, ürəyimin qabarı”
Bir pöhrə ağacdı – tumurcuqlayıb,
Bir parça çəməndi – güllü, çiçəkli.
Bardı, bərəkətdi
Əllərimin qabarı.
Gözümdə çaxan şimşəkdi,
Alnıma söykənən əlim.
Qəlbimi yandıran qəmim, kədərim,
Sonrakı ağlım, Araz dərdim.
Ağ varaqlarda çırpınan duyğularım –
Ürəyimin qabarı.
Deyə bilmədiyim sözdü – boğulub qalıb,
İki damla yaşdı,
Gözlərimdə sıxılıb qalıb
Ürəyimin qabarı,
Əllərimin qabarı.
Yaşıl-yaşıl gözəlliyini,
Budaq-budaq barını gördüm,
Sən neylədin, ürəyimin qabarı?!
Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…
Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:
Surquclayıb yüz ağrını, əzabı,
Dərd içində səadətdən gülmüşəm.
Xoş anların yapışmışam yalından,
Göz yaşımı gülüşümlə silmişəm.
Ustadımın heykəlinin önünə,
Aşıb-daşan məhəbbətlə gəlmişəm.
Mən nə deyim bu halətə, bu hala?
Demək, hələ çalxalanır dənizim,
Sevgimizdən qımıldanır.
Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqlı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri…
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.
Anarın “Qatardan qalan adam” hekayəsi barədə əvvəlki statusumda yazmışdım: “Hekayə həqiqətən dərin mülahizələrə, müxtəlif versiya və yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə gətirib çıxaran dəyərli bədii nəsr nümunəsidir”. Düzü, hekayənin bu qədər böyük reaksiya doğuracağını gözləmirdim. Həddindən artıq çoxlu rəylər oldu. Bəzi özünü ciddi ədəbiyyat adamları sayanların Anara qarşı içinin xıltını gizlədə bilmədən primitiv, üzdən tənqidlərini, yaxud hekayəni qaçaraq oxuyub mədhiyyə yazanların təriflərini qoyaq qırağa. Fərqli qənaətlər də rastıma çıxdı. Yazıçı Mehriban Vəzir bir məqamı tutaraq öz mövqeyindən irəli gələn qənaətlər söyləmişdi. Feysbuk bu statusu niyə sildi, bilmədim. Burda bəlkə hansısa siyasi məqamlar, ölkə adları çəkilmişdi ona görə. Amma ədəbiyyatşünas alim Asif Hacılının əsasən elmi yanaşmadan ibarət məqaləsi niyə yox oldu, bilmədim. Yaxşı ki, sayta vermişdik. Sosial media üzrə mütəxəssis Fərid Pərdəşünasdan da səbəblərini öyrənməyə çalışdım. Bəzi incə detalları söylədi və bu iki yazının niyə silinməsinə gümanlarım yarandı. Yazıçı Sərdar Amin də hekayə barədə məqalə yazdı. Sərdarın müşahidə etdiyi bir detalı Mehriban Vəzirin tutduğu nadir fərqli qənaətlər sırasına əlavə etdim: “Qatardan qalan adam”ın bizə yalnız ismi, bəllidir. İshaq! O da “Salmanzadə” soyadını Amerikada yəhudilərin biznesdə uğur qazanması zərurətindən “sünnət” edib “Salman” etmək istəyir. Mətnin ən uğurlu təqdimatı da elə bu istəyin sondakı cəzasıdır; öldüyü qəsəbədə müsəlman qəbiristanlığı olmadığından yəhudi məzarlığına təhvil verilir, yəhudilərə uyğun heç bir sənədi olmadığından yandırılaraq külü göyə sovrulur. Biznesə görə soyundan keçmək istəyən şərqli yandırılmalıdır. Bu, kiçik ideya deyil! Ömrünün bir qərinəsini Yazıçılar Birliyində anarxiyanın qarşısını almaqla məşğul olan Anarın 86 yaşlı qəlbində belə bir iddia varsa, təbii alqışlanmalıdır”. Görünən odur ki, hekayə təsadüfən bu qədər reaksiya doğurmayıb. Üzdən oxuyanlar da nəsə qeyri-adi məqamlar olduğunu hiss ediblər.
Uşaqlıqdan başlayır ədəbiyyat sevgimiz. Zaman-zaman dahiləri görməyi arzulayırıq. Böyüdükcə bu sevgi şeiriyyata çevrilir qəlbimizdə. Bir gün qovuşuruq qələmlə. Elə qovuşuruq ki, qəlbimizin sirrini açırıq ona. Heç kəslə bölüşə bilmədiklərimizi qələmin mürəkkəbi ürəyimizdən çəkib tökür vərəqlərə. Sonra ətrafımızda başqa şairləri gəzir gözlərimiz. Bizim kimi düşünən, bizim kimi duyğulu, həssas qəlbli insanları axtarırıq. Dahi şairlərlə üz-üzə gəlmək, onlarla vaxt keçirmək, şirin söhbətlərinə qulaq asmaq hər gənc şairin ən böyük qürurlarından biridir. Və bir gün sən də, o şairlərin keçdiyi yoldan keçmək istərsən. Onların ocağının sakininə çevrilmək istərsən. Var gücünlə, inadkarlıqla üzərində daha çox çalışırsan ki, səni də öz qanadları altına alsınlar. O böyük ailənin üzvlərindən biri də, sən olasan. Mənim də ədəbiyyat sevgim uşaqlıqdan başlamışdı. Şeirlərə olan sevgim əlimdə ələmə çevrilmişdi. Gəncə YB-yə üz tutsam da, doğulduğum şəhərin kiçik ocağı məni qane etməmişdi. Sosial şəbəkələrdə kifayət qədər geniş paylaşımlarım hər kəsin diqqətini çəkməyi bacarırdı. Lakin mənim məqsədim məhz AYB şairləni yaxından tanımaq və bir gün ora üzv olmaq idi. Məqsədimə çatmaq üçün üz tutdum Bakıya. Rəşad Məcid haqqında çox eşitmişdim. Ancaq mənə Rəşad Məcidin hər gəncə dəstək olmadığı deyilmişdi və bildirmişdilər ki, qəbuluna düşmək çox çətindir. AYB-yə qonaq gəldiyim ilk gün Rəşad Məcidlə qarşılaşdıq. Dəhlizdə məni görən Rəşad müəllim artıq məni sosial şəbəkələrdən tanıyırdı. İlk söhbətimiz də belə başlamışdı. -Sən Günəş deyilsənmi, gəncəli balası… ? -Bəli. -Burda nə gəzirsən? Gəncədən gəlmisən? -Bəli, sizinlə danışa bilmək üçün gəlmişəm. Rəşad müəllimin simasında təbəssüm vardı. Deyilənlərin tam əksi dayanmışdı qarşımda. Səmimi, mehriban, gülərüzlü biri idi. Kabinetinə dəvət etdi. Kitablarımla tanış oldu və dedi: -Kitab oxuyursan? -Bəli. Ayağa qalxıb yerli və türk ədəbiyyatından 15 kitab verdi mənə. -Çox oxu. Maşallah aktiv xanımsan. Çalış daha çox kitab oxu. -Baş üstə deyərək, sağollaşıb qayıtmışdım Gəncəyə. Bütün yol boyu həmin təsərrüfatlar məndə gözəl xatirəyə çevrilmişdi. Verdiyi kitabları elə yoldaca oxumağa başlamışdım. Bir həftəyə hamsını bitirib kitabla bağlı fikirlərimi paylaşmışdım sosial şəbəkələrdə. Zamanla Gəncə-Bakı yolunu tez-tez qət edib, AYB-nin tədbirlərində fəal iştirak etməyə başladım. Rəşad müəllim mənə AYB-ni sevdirən şəxs olub. Onun sayəsində gənc ədiblərin üzvü oldum. Yazılarımı təmənnasız olaraq dəfələrlə 525-ci qəzetdə dərc etdirib. İllər sonra AYB-nə üzvlüyüm qəbul olunanda da sevincimi ilk Rəşad Məcidlə paylaşmışam. AYB-nə üzvlük vəsiqəmi də, şəxsən özü təqdim edib. Daha sonra AYB-də ilk kitab təqdimatımda iştirak edib və çəkdiyim əziyyətlərin müqabilində fəaliyyətimin faydalarını vurğulayaraq qısa zamanda Prezident təqaüdü alacağımı bildirib. Bu gün mən Prezident təqaüdünə layiq görülmüş AYB üzvlərindən biriyəm. Qazandığım uğurların təməlində isə Rəşad Məcidin istedadlı gənclərə olan qayğı və diqqəti dayanır. Mənim dünyamda AYB-nin dirəyidir Rəşad müəllim. Mənim kimi yüzlərlə gəncə dəstək olub. Yeni nəsil şairlərin yetişməsində zəhməti böyükdür. Rəşad müəllimə uzun ömür, can sağlığı arzulayıram. Rəşad Məcid AYB-nin Günəşi, dəstək olduğu gənclər isə kainatın ulduzlarıdır. Harda olmasından asılı olmayaraq istedadları ilə parıldamağı bacarırlar.
Qəlbi dünya şəxsiyyət (Rəşad Məcidin doğum gününə)
Sənin kimi insanlar çox olsaydı əgər ki, Ədalətsiz sayılan dünya gözəlləşərdi. Paxıllıq yer üzündən silinərdi əbədi, Bəlkə onda ürəkdə duyğular dəyişərdi.
Dəstək görə bilməyib, AYB-yə üz tutan Gənclərin ümid yeri, ümid çırağı oldun. İstedadlı gənclərin çevrildin dayağına Yığdın öz qanadına ata ocağı oldun.
Ömrün 60 yaşını yola saldız şərəflə, Hər kəsin ürəyində yer eyləyib adınız. Qəlbi dünya şəxsiyyət hər kəsi sevindirib. “Xalqın sadə şairi” adını qazandınız.