Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist RƏŞAD MƏSCİDin 60 illik yubileyi münasibəti ilə onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub. Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi “Əməkdar mədəniyyət işçisi Rəşad Məcid- 60 “ başlıqlı sərgidə yazıçının Azərbaycan dilində, həmçinin xarici dillərdə nəşr olunan kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib. Sonra tədbir mərkəzin konfrans zalında davam edib. Əvvəlcə Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru, yazıçı, publisist Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubliyarı səhnədəki yerinə dəvət edib. Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Rəşad Məcidin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, öz ürək sözlərini, xoş arzularını bildiriblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubliyarı Fəxri fərman və hədiyyə ilə təbrik edib. Tədbirdə həmçinin Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran” qəzeti) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeiri məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilib. Rəşad Məcidlə Şuşada tanış olmuş daha bir məktəblinin – Məcid Məmmədovun şairin “Cıdır düzü” şeirini səsləndirməsi və sazda “Ruhani” havası çalaraq onu təbrik etməsi tədbirdə xüsusi ovqat yaradıb. Görüşdə Rəşad Məcidin şeirinə bəstələnmiş və digər mahnılar ifa olunub. Yekunda yubilyara söz verilib. O, hər dəfə doğma Ağcabədiyə gəlməkdən çox məmnun olduğunu qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Fotolar:
RƏNA TƏBƏSSÜM (İMANOVA) Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə xanım yazıçı öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu payızın ilk ayı mənim həyatımda silinməz iz qoyub. Məni yaradıcılığıma dəyər verib öz sıralarına – Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edən birliyin sədri Anar müəllim, sədr müavini Rəşad Məcid, katib, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu, komissiyanın katibi Məlahət xanım Qənbərovaya dərin minnətdarlığımı bildirirəm. Məni ilk təbrik edən sədrin baş müşaviri Rauf Aslanov, tanınmış yazıçı Seyran Səxavət, birliyin şöbə müdiri, şair Dayandur Sevgin, birliyin multikultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə və başqalarına təşəkkür edirəm. Sevincimə şərik olan hər kəsə, var olun, deyirəm!”
Rəna Təbəssüm (İmanova)nı bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Rəna xanım!
Fərid Pərdəşünas ölkəmizin ən istedadlı gənclərindəndir. Prezident Mükafatçısıdır. Həm texnobloger, həm Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi, o, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsində fəal iştirak edir. Onun informasiya texnologiyaları sahəsindəki maarifləndirici videoları da olduqca lazımlı və əhəmiyyətlidir. Vikipediya məsələsində Fəridə qarşı olan qüvvələrin mütəşəkkilliyi və qrup mənafeyindən çıxış etmələri bu günlərdə özünü açıq-aşkar büruzə verdi, müzakirələr etik əndazədən çıxdı. Buna görə də mən həm Fərid Pərdəşünasdan, həm də qarşı tərəfdən ittihamları dayandırıb müzakirələri təmkinlə, soyuqqanlı şəkildə aparmalarını xahiş etdim. Müraciətimdən sonra Fərid paylaşımlarını dayandırdı. Buna görə ona təşəkkürümü bildirir, bu addımı qarşı tərəfdən də gözləyirəm. Bu gün Mətbuat Şurasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün iştirakıyla Fəridlə söhbətimiz oldu, son günlər Vikipediya ilə əlaqəli problemlər barədə səmərəli müzakirələr apardıq. Ümumi arzumuz bu oldu ki, Fərid bilik və enerjisini daha çox yeni media trendlərinin tətbiqinə, informasiya texnologiyaları sahəsində yeniliklərə sərf etsin. Fəridin gələcəkdə bu sahədə davamlı uğurlara imza atacağına əminəm.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim. Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir. Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi. Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi. Gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır. Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər. Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram.
Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid (Məcidov Rəşad Museyib oğlu)in 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.