Qarğa Dimdiyinə aldı Apardı Nişan üzüyümü Uzaqlara… Qarğa Qara qarğa Dimdiyi ala qarğa Bilmədim ana qarğa Ya bala qarğa Apardı nişan üzüyümü. Tək qaş üzüyümü… Hara getdi, Hara saldı. Hara düşdü, Nişan üzüyüm, Bəxt üzüyüm?!. İndi mənə nişan göstər Neyləyim mən bəxti qara Söylə, söylə, qara qarğa?
İçib keçmiş günlərin sağlığına bir qədəh, Danışmışıq bir azca, cəmi-cümü bir qədər. İndi gəlib halımı soruşmağın nə fayda? Ürəyimdə darıxmaq, gözlərimdə qəm, kədər…
Sən ki mənim ömrümdə ən vüqarlı dağ idin, Niyə mənim qəlbimə dağ üstə dağ çəkirdin? Bircə dəfə saçımı sığallayıb öpmədin, İndi gəlib yanımda uşaqtək ağlayırsan…
Gəl əyilmə önümdə, dik dur, qurbanın olum, Sənsiz mən də darıxdım, bu həyatdan yoruldum. Sən mənim dayağımdın, mən sənə söykənirdim, İndi hansı dövrdü, önümdə diz çökürsən…
Bir məmləkət hekayəm var, Kağızlara səpələndi… Yarısı qaldı yarıda, Yarısı getdi sükuta, Sözlərim soyundu səslərdən, Çılpaq qaldı qorxudan…
Kağızlar iki yerə bölündü Yarısı yerə Yarısı göyə Yavaş-yavaş seyrəlirdi kağızlar, Hara getdi? Kimə yetdi? Harada itdi? Harada sahibini tapdı?
Ox olub kimə dəydi sözlərim? Ürəyini sancdımı bir yad nəfəsin? Kağız gəmilərim, görəsən, hara çatdı, Suların içindəmi əridi, Yoxsa bir uşaq əllərində Ümidəmi çevrildi?
Bəs kağız təyyarələrim ? Göy üzündə azan dualar tək Ünvanını tapdımı?
Görəsən, harada məskunlaşdı Səssizcə yazdığım hekayələrim? Cızmaqara kimi bir küncdə qaldımı, Yoxsa bir ürəkdə Yenidən doğuldumu? Yoxsa… yoxsa axar sulara qarışanda Boğuldumu???
Hər şey bir qırağa… Hansı tində yazıldı qara taleyim? Hansı küncə atıldı bələyim? Kim qucaqlamadı, kim səssiz keçdi? Hansı səmtə üz tutub getdi Ağlımdan küsən ürəyim?..
Quzunu qurda tapşırdılar, Körpə nəfəsi soyuq küləkdə itdi. Bilmədi ki, dünya bu qədər zalım olar, Onu qoynuna almadı, Onu qucaqlamadı heç kim.
Quzunun naləsi göyə ucaldı, Göy üzü aha büründü. Bir damla yağış, bir ah, Sanki ulduzlar da ağladı. Yarpaqlara toxundu o nalə, Buludların pəncəsinə ilişdi.
Yarasına məlhəm olan olmadı, Qanayan balaca ürəyi Səssizcə çırpındı, Hər baxışda bir sual Heç kəsin qulağı eşitmədi O susqun fəryadı.
Yuvasından ayırdılar, Yuvası da olmadı, Soyuq torpağın qoynuna Tənha bir sükut çökdü Sığal çəkmədi heç kim, Bir damla sevgi olmadı.
O mahnıda dediyi kimi Yaxın gəl, quzum, gecələr uzun… Bir təsəlli səsi, Bir ümid pıçıltısı, Sanki quzu yuxuda Soyuq tərə büründü… Sanki üşüdü arzuları… Gecələr uzundur axı…
Bax, belə itir ömür… Bir quzu səsini yandırar Səssiz gecələrdə… Quzunu qurda tapşırdılar, Bir zaman işıq olan İndi qaranlıq oldu əbədi.