Səlim Babullaoğlunun yeni kitabı Türkiyədə “Ketebe” nəşriyyatında çap olunub
“Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” / “Maskeli Adamların Marşı. İİlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabım İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü gördü.
Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır. Bu Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.
Səlim Babullaoğlu: “Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı- fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm. Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var. Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub. Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı. Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur. Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu. Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı. Amma olmadı. Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim. Ümid edirəm, oxucusunu tapacaq…”
İlyas Göçmənlə İstanbuldaÖmər Küçükməhmətoğlu ilə Bakıda
Nobel mükafatı… xahişlər… Ana Blandiananın müsahibəsi…
İndiyə qədər ədəbiyyat üzrə 122 nəfər “Nobel” mükafatı alıb. Onların 20-i (çox olar ki, az olmaz) milliyyətcə yəhudidir. Məsələn, 5 rus “nobelçi”dən ikisi – Pasternak və Brodski dəqiq yəhudidir, birinin (Soljenitsın) etnik mənsubiyyəti ətrafında müzakirələr ara-sıra hələ də ictimailəşir; rus Şoloxov haqqında isə nədənsə əsərlərini (“Sakit Don”u) o yazmayıb deyə mübahisə edirlər, bu da zaman-zaman indiyədək qabardılır. Macar ədəbiyyatının təmsilçisi kimi 2 nobelçi var (sonuncu 2-3 gün əvvəl bəlli oldu), ikisi də yəhudidir. Bu siyahıya müxtəlif xalqların ədəbiyyatını təmsil edən Zinger, Qordimer, Qlük, Yelinek, Bob Dilan və s. kimi bilinən adları da əlavə etmək olar. Hələ bilinməyənlər də var. Görəsən niyə belədir? Şəksiz ki, yəhudilərin “kitablı xalq”, “kitabçı xalq” olduğu, şəksiz istedadlı, zəki olduqları vacib şərtdir. Amma əsas şərt deyil; necə ki, ümumiyyətlə mükafat alıb-almamaq, ümumiyyətlə mükafat əsas şərt deyil; “nobeli” almayan böyük ədiblərin sayı və keyfiyyəti onları alanlardan qat-qat çox və artıqdı. Bu məsələni şərtləndirən əsas məsələlərdən biri, məncə budur ki, tarix boyu ya zəlzələdən, ya vəlvələdən köç, mühacirətlə tez-tez üzləşən yəhudilər başqa mədəniyyətlərə, xüsusən dillərə sirayət etmək məcburiyyətində qalıblar. Və başqa mədəni zəmində uğur qazanmağın yeganə yolu isə (onlar isə uğursuz yaşaya bilmirlər) həmin mədəniyyəti və xüsusən dili “yerlilərdən” iki dəfə artıq mənimsəmək və bilmək olub. Yəhudilərin istedadı, ən əsası isə böyük əzmi, sistematik çalışqanlığı bunu təmin edib, şərtləndirib. İkinci məqam, ikihissəli psixoloji məqamdır. Əvvəla hər şeyi tərk edənlərin böyük etibar və səylə sığındıqları, sığına bildikləri, onları da özləri kimi sorğu-sualsız, lal-dinməz və vəfayla qəbul edən yeganə şey peşə olub. Sonra isə başqa etnik/dini mənsubiyyət “yerli ağrılara” (ədəbiyyat isə daha çox ağrıdır) bir qədər kənardan, demək ki, daha soyuqqanlı/dəqiq baxmaq və yazmaq imtiyazı verib. Üçüncü məqam, kollegiallıq, kollektiv olma bacarığı, birgəlikdir, yəhudilər bunu başqalarından daha çox bacarıblar (xahiş edirəm, bunu məhəlli yerlibazlıq, vulqar qohumbazlıq, merkantil, lokal ictimai-siyasi maraqlarla qarışdırmayın); yəhudilər bir-birini, ən istedadlılarını, ağıllılarını və zəhmətkeşlərini təqdir ediblər; fərdlərini “gecikmədən” və nə qədər ki, intriqa burulğanında boğulmayıblar, “dəyərləndirə” biliblər. Və nəhayət, ədəbi proses, sonradan ümumdünya ədəbi-mədəni mühitinə qoşulma (bu uğur deməkdir) deyilən şey “yazar-naşir-çevirmən-mətbuat” kvartetinin təcəllasıdır ki, dünyada bu işin bilinən və bilinməyən sahibləri də elə yəhudilərdir. Halal olsun! Necə deyərlər, qarşınızda papağımı çıxarıram! Şəxsən mən özümüz də daxil olmaqla Qafqaz, postsovet məkanı və Şərqi Avropa coğrafiyasında bu “kvartetin” işini, iş metodlarını, təfərrüatlarını özüm üçün və tutarlı informasiyalar əsasında xeyli saf-çürük eləmişəm. Bizi kimi “yerlilərə” sırınan qlobal tendensiyalar, temalar, “ümumbəşəri konyunktura”, onlara uyanlar bir yandan, lüğət kitablarını və folkloru istismar edərək milli olmağa, bestseller yaratmağa çalışan özümüz və b. məsələlər də digər yandan ( təhlükəli mövzulardır) – ağır dərdlərə, aşılmaz sədlərə çevrilib; bəlkə bu haqda nə vaxtsa danışarıq (Allah bizə insaf versin!).
Bir dəfə, təxminən 17-18 il olardı, Yeni İlə 3 gün qalmış bir Şərqi Avropalı həmkarımdan mesaj aldım. Yazırdı ki, 2 dostu ilə Bakıdadır, xeyli sərgüzəşt yaşayıb və indi qaş-qaralan vaxt gəlib çıxıb bura, yersiz-yurdsuzdur. 1 saat sonra görüşdüm onlarla. Yedilər, içdilər (halal xoşları olsun), yerləşdirdim, o günləri demək olar bərabər olduq, təzə ilə 1 gün qalmış da Bakını tərk etdilər. Həmin tanışım sərhəddi keçməkdən başlayaraq xeyli xoşagəlməz şeylər yaşadığını deyirdi. Nəyin nə qədər düz və ya səhv olduğunu nə onda, nə sonra dəqiqləşdirmək həvəsim olmadı. Necə deyərlər, Allah qonağı idi, imkanlarım daxilində çalışdım ki, narazı qalmasınlar və neqativ təəssüratları yox olsun. Tanışımın dostlarından biri fotoqraf idi. 2 gün ərzində bir neçə dəfə hiss elədim ki, “qara-qura”, “gözlənilməz” şəkillər çəkir. Ayrılanda, maşına yaxınlaşanda üçü də dayandı, həmkarım səmimi və içdən minnətdarlıq edib soruşdu ki, onlardan hər hansı xahişim varmı? Dedim var. Dedim ki, vətənim haqqında heç vaxt pis düşünməyin, pis danışmayın. Rastlaşdığınız neqativlər hər yerdə var, olub və olacaq. Kimin nə qədər haqlı olub-olmadığını bilmək olmaz? Və dedim: – Dostunuza deyin, çəkdiyi “gözlənilməz şəkilləri” pozsun və mənə elə indi söz versin. “Rakursu həmişə dəyişmək mümkündür, mən isə foto sənətini pis bilmirəm”. Söz verdilər.
2023-cü ildə Ana Blandiana Bakıya gələndə səfərinin sonuncu günü, son şam yeməyində (həmin yeməkdə səfir cənab Vasile Soare, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edirdilər) xanım Blandiana soruşdu: “Məndən hər hansı istəyiniz, xahişiniz varmı?” – Xüsusi hər hansı istəyim yoxdur. İnanıram ki, ölkəmizi yaxşı xatırlayacaqsız. Sizə uzun, sağlam ömür arzulayıram. Bir də Nobel mükafatı. Amma işdir bu mükafatı alsaz, eşitmişəm ki, təqdimat mərasiminə hər bir laureatın bəlli sayda həmkarını dəvət etmək imtiyazı var, mərasimə məni dəvət etsəz, dəvətinizi məmnuniyyətlə qəbul edəcəm. Ana xanım, təxminən belə reaksiya verdi: – Yəqin ki, bu olmayacaq. Yəni, o bu mükafatı almayacaq. Mən bilmirəm, Ana Blandiana növbəti illərdə bu mükafatı alacaqmı, almayacaqmı? Və almasa belə o həm yaradıcılığı, həm həyatı və mübarizəsi ilə bu mükafatı alan bütün dəyərli yazıçı və şairlərlə eyni sırada dayanacaq. Bunları niyə yazıram… Bir neçə gün əvvəl, Ana Blandiananın bir müsahibəsi çıxdı qarşıma. Yeni müsahibədir. Həmin müsahibədən bəzi hissələri çıxarış edib paylaşır, keçidi isə şərh yerinə qoyuram. Sağlıq olsun, görüşərik.
Ana Blandiananın müsahibəsindən çıxarışlar:
“Bizim kimi kiçik ölkələr üçün Nobel mükafatı yazıçıdan çox ölkə üçün daha vacibdir. Polşanın ədəbiyyat üzrə 5 Nobel mükafatçısının (inanılmaz saydır) bəzisi zamanla unudulub, yazıçıların adlarını artıq xatırlamırıq. Amma Polşanın şöhrəti böyük dərəcədə artıb”.
“Rumıniya Nobel mükafatından daha ciddi çatışmazlıqlardan əziyyət çəkir. Həmişə özümüzə belə baxmışam: dahiləri və fərqli, özünəməxsus istedadları yetişdirməyə meylliyik, mükafatlar da alırıq, amma ortabablıq çoxdur, orta mədəniyyət isə yoxdur”. “Rumın PEN Klubuna rəhbərlik etdiyim 14 il ərzində, hər il dekabr ayında, üstündə İsveç kral tacının şəkli olan, qızılgüllərlə bəzədilmiş rəsmi məktub alırdıq. Bizə növbəti il üçün Nobel mükafatına namizəd təqdim etmək təklif olunurdu. Yadımdadır, İonesko sağ ikən onu namizəd göstərmişdik. Daha sonra Çoranı, sonra Gellu Naumu. Sonralar nə baş verdiyini bilmirəm.
Həmin məktublarda, mehriban dəvət təklifi cümləsindən sonra, çox ciddi/sərt xəbərdarlıq cümləsi olurdu ki, əgər təklif etdiyimiz namizədi ictimaiyyətə açıqlasaq, həmin namizəd artıq nəzərə alınmayacaq. Çünki təkliflər məxfidir. Demək istədiyim odur ki, illər sonra Yazıçılar İttifaqının sədri çıxıb deyəndə ki, beş-altı yazıçını Nobelə namizəd göstərib, bu, açıq-aşkar məsxərəydi. İctimaiyyətə açıqlanan təklif artıq keçərli sayılmırdı. Üstəlik, birdən-birə bir neçə nəfəri təklif etmək sadəcə gülüncdür. Hər il Nobel ətrafında yaranan hay-küy, hətta isteriya da bu qəbildəndir. Reallıq budur ki, namizədlərin kim olduğu bilinmir, bilinməməlidir. Həmin 14 il ərzində ən incidici məqam bu idi: Nobel Komitəsi heç vaxt cavab vermirdi ki, bizim təklif qeydə alınıb, ya yox. Nə bir təsdiq, nə bir qeyd. Bu məyusediciydi, çünki təklif etdiyimiz yazıçılar böyük ədiblərdi, amma heç birinin adı belə siyahılarda görünmürdü. Mətbuatda, jurnalistikada baş verənlər – Nobelə kimin layiq ola biləcəyi barədə mülahizələr – sadəcə jurnalistlərin təxminləridir”. Məni düşündürən məsələlərdən birini fransız tarixçi Jül Mişle belə ifadə edib: “Tarix, əslində, coğrafiyadır.” Bu fikri Nobel mükafatları haqqında düşünəndə xatırladım – görünür, ədəbiyyat da tarix və coğrafiyadır”. “Nobel mükafatı onu almayanlar üçün daha vacibdir, nəinki alanlar üçün. Rumıniya hələ ədəbiyyat üzrə Nobel almayıb. Bu, həm də daxili maneələrimizdən,çəkişmələrimizdən, həm də görkəmli yazarlarımızın haqsızlıqla qarşılaşmasından xəbər verir. Buna görə ürəkdən istəyərdim ki, kim olursa olsun, amma bir rumın Nobel alsın. Biz yetərincə çalışmırıq”. “Frankfurt Kitab Sərgisində (1995) baş verən bir hadisəni xatırlayıram. Mən o zaman Almaniyada çıxan “Alqışlarla dolu siyirtmə” kitabıma görə dəvətli idim. Rumıniya pavilyonuna da baş çəkdim. Mənzərə çox acınacaqlı idi. Digər ölkələr pavilyonlarını cəlbedici etmişdi, bizimkilər isə yox. Hətta kitablar belə görünmürdü, çünki Mədəniyyət Nazirliyindən gələn məmurlar sərgidə o qədər çox idi ki, kitabların qarşısını tutmuşdular. Hər biri maaş alırdı, fürsətdən istifadə edib sərgiyə də gəlmişdilər. Sonralar, Patapieviç dövründə Torino sərgisində vəziyyət çox yaxşı idi. Amma indi əvvəlki həvəs görünmür. Xaricdə, məsələn Roma və İspaniyada gözəl komandalar var, amma daha çox şey etmək olar. Mədəniyyət nazirliyi ölkədə hər zaman ikinci dərəcəli sayılır, bu isə böyük problemdir”. “Biz hər zaman istisnalarla fərqlənmişik. Dahilərimiz, qaliblərimiz var – amma orta mədəniyyətimiz yoxdur. Biz orta dəyərləri tanımalı, kateqoriyalara bölməliyik. Dövlət də, ziyalılar da bu sahədə daha çox işləməlidir. Hər kəs önə çıxmaq istəyir – və mümkün olsa, təkbaşına. Amma mədəniyyət birgəlikdir”. “Əsas odur ki, şagirdlər oxumağa yönləndirilsin, yazmağa yox. Önəmli olan oxumağı öyrətməkdir. Yazmağı isə hər kəs, əgər bacarırsa, özü öyrənməlidir”.
Müəllif və mənbə: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.
Kökü minilliklərin ötəsində tarixin ən dərin qatlarında rişələnmiş poeziya ağacımızın ən ümidverici budağından – müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlundan – iki yarpaq:
Həmidə xanıma iki şeir
1.
Yolunun üstündə tək ağac olub bitsəm, kölgəmdə dincələcəksənmi? Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm yayın qızmarında bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə – torpağın ətri çıxacaq onda, ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
Ya yağış qəfil haqlasa səni evə tələsəndə, islanıb, peşmanlanıb, göylərə lənət yağdırıb söylənəcəksənmi?
Cənubda qar az tapılar, bir qış axşamı quşbaşı qar olub yağsam, uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?
Ya uşaqlardan biri yıxılsa, ya totuq barmaqları donsa, de, gülüm, hirsələnəcəksənmi?
Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm, ölümün yaxasından tutub dillənəcəksənmi? Ya çıxıb getsəm, yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?
Və bir gecə elə beləcə şeirlər yazıb, yuxuna haram qatıb, səni oyadıb oxusam sənə, düzünü de, gülüm, xoşlanacaqsanmı? 2 oktyabr, 1997
2.
İndi sükut tez-tez kəsir mənim sözümü, Əvvəlkitək qan qaynamır indi damarda. Güzgülərdə qaçırdıram tez-tez gözümü, Adımı da heç yazmıram tərli divarda.
Qırxı çıxdı bu ömürün, canım sevgilim, Heç darılma, çarxı hələ, şükür, fırlanır. Bir sabahı sual etsən: hanı sevgilim? Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər, Asta-asta qanad çalıb qalxar yuxarı. O quş onu yuvasında divara hörər, Qorumaqçün ətcəbala quş balaları.
Dövrənə al nəvələri, sən də əzizlə, Üzlərində gözümü tap, adımı çağır. Kədəri qov, gizlə, gülüm, sən məni gözlə, Bu səfərdən dönər qocan o axşamçağı.
Müəllif: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.
Azərbaycan Yazıçılar Birliyinin katibi rusiyalı yazıçılara müraciət etdi
Rusiyanın Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Sergey Şarqunova Tatarıstanın Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zaydullaya “OGI” nəşriyyatının baş redaktoru Maksim Amelinə “Literaturnaya qazeta” qəzetinin baş redaktoru Mixail Zamşevə Moskva Yazıçılar Cəmiyyətləri Birliyinin sədri Yuri Viktoroviç Konoplyannikova Başqırdıstan Yazıçılar Birliyinin sədri Ayqiz Baymuxametova
Hörmətli həmkarlar!
Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunmuşdur. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş. Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilmiş, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilmiş, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti almışlar. Bəzilərinin vəziyyəti ağırdır. Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif, Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır, səhhətləri barədə ətraflı məlumat yoxdur. Müraciət etməklə sizlərin diqqətini bir məsələyə çəkmək istəyirəm.
İstəyirəm biləsiniz ki, mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli inşandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur. Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən, 25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı? Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada Azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb. Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm.
Sizə müraciət etməyimin səbəbi aşağıdakılardır: -Azərbaycan və İslam adətlərinə görə vəfat etmiş insanları tez dəfn etmək lazımdır. Dünyasını dəyişmiş Səfərov Ziyəddin və Səfərov Hüseynin nəşinin verilməsinə kömək edin (onlarla bağlı vəfatlarından sonra tibbi-ekspertiza prosedurları üçün – əgər bu RF hüquq mühafizə orqanlarına lazımdırsa, 2-3 saat bəs etməlidir); əks-təqdirdə, yəni nəşin vaxtında verilməməsi hüquq-mühafizə orqanları tərəfindən törədilmiş amansızlıq və zorakılıq ehtimalını artırmış, təsdiqləmiş olacaq;
-Ağır halda olan Səfərov Bakirin və saxlanılan digər şəxslərin (Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədiməli oğlu, Səfərov Məhəmməd Məzahir oğlu) vəziyyəti və səhhəti ilə bağlı əsaslı açıqlama yayılmasına, onların ailə üzvləri ilə görüşünə, evə buraxılmasına kömək edin;
Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyi üçün yetərli işlərin görülməsinə köməklik göstərin.
Sizin hər biriniz Rusiya Federasiyasının tanınmış, nüfuzlu ədəbiyyatçıları, ictimai xadimlər, ədəbiyyat və mədəniyyəti təmsil edən görkəmli şəxslərsiniz. Bir Azərbaycan ailəsinin və soyağacının faciəsinin dərinləşməməsi üçün imkanlarınızı, şəxsi nüfuzunu əsirgəməmənizi xahiş edirəm.
Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı təqdim olundu Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Bu cümlələr ilk oxunuşda təsəvvürümüzdə kino fraqmenti kimi canlansa da yazıçı, tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabından bir hissədir. Diqqət cəlb edən məqam povestin retrospektiv tərzdə yazılması, hadisələrinin sonunun kitabın əvvəlində öz əksini tapmasıdır. “Yerdələnin birinci mərtəbəsi”nin Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Məmməd Məmmədlinin qələm dostları, yazıçılar, mədəniyyət xadimləri iştirak etdilər. Qonaqlar yeni nəşr haqqında fikirlərini bölüşdülər, müəllifin yeni əsərlərinin uğurlu alınmasından, həmçinin mövzu seçimindən və yazı üslubundan söz açdılar. Bildirdilər ki, müəllifin ortaya qoyduğu əsərdə bir az fantasmaqorik, bir az da magik realizmin elementlərindən istifadə olunub. Təqdimat mərasimində bildirildi ki, kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və üç hekayəsi daxil edilib. Qeyd edək ki, Məmməd Məmmədli “Mən atamı xatırlamıram…”, “Zülmətdən doğan Günəş”, “Ərafın dərin qatlarında” hekayələrinin, həm də “Ay işığı” povest və hekayələr toplusunun ispan dilindən tərcüməsinin müəllifidir. Fotolar:
Azərbaycanlı şair və tərcüməçi Səlim BABULLAOĞLU Moldova Elmlər Akademiyasının ali medalı ilə təltif edilib
2025-ci il mayın 22-də Moldova Elmlər Akademiyasının “Gümüş” zalında Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib. Görüş zamanı Moldova Respublikası Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyini qeyd edib, Azərbaycan Respublikasının qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə qonağı təbrik edib və qeyd edib ki, bu münasibətlə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirinə təbrik məktubu göndərilib. Görüş zamanı son zamanlar Moldova və Rumıniya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə ardıcıl tərcüməsi və nəşri məsələlərindən, son 8 ildə 16 kitabın çap edilməsindən, Moldova Azərbaycanlıları Konqresinin sabiq prezidenti Vüqar Novruzovla Səlim Babullaoğlunun dostluq münasibətlərinin bu məsələdə xüsusi rolundan, səmərəli əməkdaşlıqdan, Mihay Eminesku, Ana Blandiana, İon Hadırka, İon Deakonesku, Arkadi Suçevyanu, Leo Butnaru, Nikolae Spetaru, İqor Volnitski, Griqore Kiperin şeir topluları və romanlarının nəşri, bu kitabların böyük əksəriyyətinin Babullaoğlu tərəfindən tərcümə, tərtib və redaktə olunduğunu, habelə “Dünya ədəbiyyatı” dərgisinin Moldova və Rumıniya ədəbiyyatı xüsusi saylarının nəşrindən söz açılıb. Tədbirə akademik İon Hadırka, Arkadu Suçevyanu və digər natiqlər çıxışlar ediblər. Daha sonra Moldova Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu Moldova-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlunu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătăru” medalı ilə təltif edib. Səlim Babullaoğlu akademiyanın prezidentinə, rəyasət heyəti üzvlərinə görüşə və təltifə görə minnətdarlıq edib, ölkələrimiz və xalqlarımız arasında ədəbi-əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib. Səlim Babullaoğlu şair İon Hadırkaya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini, habelə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova Azərbaycan Yazıçılar Birliyi sədrinin, eləcə də Moldova və Rumıniyanı Azərbaycandakı səfirlərinin birgə imzaladıqları Fəxri diplomu təqdim edib. Görüşdən sonra xatirə şəkli çəkilib. Görüş Moldova KİV-də, media və akademiyanın saytında geniş işıqlandırılıb.
Səlim Babullaoğlu XVII Beynəlxalq Qriqore Vyeru Poeziya festivalının mükafatına layiq görülüb
2025-ci il 20-23 may tarixlərində adını rumındilli ədəbiyyatın yeni tarixinə yazmış, həm Moldovanın, həm də Rumıniyanın klassiki kimi tanınan və sevilən şair, Moldova azadlıq hərəkatının liderlərindən olan Qriqore Vyerunun adını daşıyan XVII beynəlxalq poeziya festivalı keçirilib. Bəlli olduğu kimi XVII dəfə keçirilən festival bu il Rumıniyada, Yaş şəhərində start götürüb 22-23 may tarixlərində Moldovanın paytaxtı Kişineuda davam edib. Festivalda şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirak edib. Babullaoğlu açıqlamasında bildirib: “Mən festivalın yalnız Moldovada, Kişineuda keçirilən hissəsinə qatıla bildim, çünki əvvəlki günlərdə biz özümüz Rumıniyadan şairləri qəbul edirdik. Mənim festivalda iştirakımın əsas səbəbi buydu ki, biz bu il görkəmli rumın şairi Qriqore Vyerunun “İynənin nəğməsi” adlı seçmə şeirlər kitabını nəşr etmişdik. Fevralın 14-də Azərbaycan Yazıçılar Birliyində Moldova və Rumıniyanın Bakıdakı səfirlərinin iştirakı ilə kitabın təqdimat mərasimini təşkil etmişdik. Kitabın tərtibçisi, əsas tərcüməçisi və ön sözün müəllifi mən idim. Əsas tərcüməçisi ona görə deyirəm ki, kitaba Xalq şairi Ramiz Rövşənin və Qəşəm İsabəylinin şairin daha əvvəlki tərcümələrindən də nümunələr daxil etmişdim. Ramiz müəllimin Vyerudan 8-9 tərcüməsi, Qəşəm müəllimin də şairin uşaq şeirlərindən 15 tərcüməsi vardı. Mən isə 70-ə yaxın şeir çevirmişdim, nəticədə əsaslı kitab ərsəyə gəlmişdi və şairin yaradıcılığına bu həcmdə ilk müraciət idi. Yeri gəlmişkən, deyim ki, kitabın tərcüməsi təklifini bir çox hallarda olduğu kimi dostum, hüquq elmləri doktoru, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov vermişdi və nəşrinə də o dəstək vermişdi, çox sağ olsun. Sonra isə festival gerçəkləşəndə Vüqar müəllim kitabı şairin ailəsinə, festivala təqdim etmişdi. Onlar da nəşri, sağ olsunlar, yüksək dəyərləndirdilər. Festivalın əsas proqramına saldılar, müxtəlif nominasiyalar üzrə Qriqore Vyeru festivalının mükafatlarını verdilər ki, mükafatçılar sırasında Moldova və Rumıniyanın tanınmış ədibləri, mədəniyyət xadimləri də vardı, tərcümə üzrə baş mükafatı isə mənə verdilər. Təqdimetmə mərasimi festivalın ilk günün axşamı, mayın 22-də Kişineunun mərkəzində, “Teatrul fără nume” dəki Qala-konsertdə baş tutdu. Ümumiyyətlə, festival çox maraqlı və təntənəli təşkil olunmuşdu. Görünür Vyerunun 90 illik yubileyinin olması da bu təntənəni artırıdı. Kişineunun mərkəzində “Klassiklər xiyabanı”nda şairin büstünə əklil qoymaqla başlayan festival, İon Kryange adına Dövlət Pedaqoji Universitetində, “Prometeu-Protalent” Yaradıcılıq və İxtiraçılıq Liseyində, Krikovada – məşhur yeraltı şərab şəhərciyində, çox müxtəlif və maraqlı məkanlarda yaddaqalan tədbirlərlə müşayiət olundu. Mən həm açılış mərasimində, həm universitetdəki tədbirdə, eyni zamanda Qala-konserdə çıxışlar etdim, şair haqqında danışdım, onun ana dilimizdə şeirlərini səsləndirdim.
Şairin oğlu və onun irsini yaşadan, eyni zamanda festivalın rəhbəri Kelin Vyeru, görkəmli Moldova şairi, ölkəmizin dostu, akademik İon Hadırka, tanınmış şair və yazıçı Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiper və başqa həmkarlarla maraqlı debatlar, söhbətlər baş tutdu… Moldova televiziya kanallarına, radio və qəzetlərdə xeyli müsahibələr verdim. Əlbəttə ki, mənim üçün xüsusi əhəmiyyət kəsb edən məsələ Vüqar Novruzola, Moldova və Azərbaycan mədəni əlaqələrində çox böyük işlərə imza atmış dostumla uzun fasilədən sonra yenidən görüşmək, ünsiyyətdə olmaq, bir yerdə olmaqdı. Bir sözlə yaddaqalan və dolu bir proqram idi…” Bildiririk ki, mayın 22-də 2025-ci ildə Moldova Elmlər Akademiyasının “Gümüş” zalında Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib. Akademiyasının prezidenti, akademik İon Tiginyanu Moldova-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlunu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătărul” medalı ilə təltif edib.
Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü seçilib
525.az-a açıqlamasında Babullaoğlu bildirib ki, bu haqda xəbəri səfərdəykən alıb:
“Moldova Respublikasında səfərdəydim. Avropa Elm və Sənət Akademiyasının prezidenti Klaus Maynzer (Klaus Mainzer) və akademiyanın üzvlərlə əməkdaşlıq şöbəsinin rəhbəri İnqrid Firtalerdən (İngrid Vierthaler) bu haqda rəsmi məktub aldım. Bəzi formallıqlar var, yaxın vaxtlar da həll olar. Məktubda qeyd olunurdu ki, Akademiyanın 35 yaşı, elmin və sənətin müxtəlif sahələrini (humanitar elmlər, tibb, incəsənət, təbiət elmləri, sosial elmlər, hüquq və iqtisadiyyat, texniki və ətraf mühitlə bağlı elmlər, bir də dünya dinləri) təmsil edən dünyadan, xüsusən Avropa ölkələrindən1900 üzvü var, onların sırasında 29 Nobel mükafatçısı var. Belə anladım ki, üzvlük 3 kateqoriyadadır: həqiqi üzvlər, fəxri üzvlər, bir də rəyasət. Məni “incəsənət” kateqoriyası üzrə seçiblər, namizədliyimi Rumıniya tərəfi verib. Dəstəkləyənlər də olub təbii ki. Çünki proses bildiyim qədər seçki ilə baş verir. Akademiyanın mərkəzi ofisi Avstriyada, Zalsburqda yerləşir. Növbəti ilin martında Zalsburqda keçirilən üzvlüyün təqdimatı, yaxud məktubda yazıldığı kimi inaqurasiya mərasimində iştirak üçün də dəvət almışam. Namizədliyimi irəli sürən və dəstəkləyən hər bir şəxsə, cənab Klaus Maynzerə təşəkkür edirəm. Ümid edirəm, bunun bizim üçün faydası olacaq”.
5 iyun 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qonaqları salamlayıb və Qurban bayramı münasibətilə təbrik edib.
Şair Səlim Babullaoğlu bildirib ki, kitabı həmyerlimiz Mahir Həmzəyev tərcümə edib.
“Kitab Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir. Roman ilk dəfə məhz Azərbaycan dilində bütöv halda tərcümə edilərək nəşr edilib.
Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.
Romanın məziyyətləri çoxdur, sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir”,- S.Babullaoğlu deyib.
“Litva ədəbiyyatının bu gün buraya toplaşan bilicilərini və dostlarını görmək çox xoşdur. Bugünkü tədbirin təşkilinə görə mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, şair və esseist Səlim Babullaoğluya və Yazıçılar Birliyinin bütün idarə heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bu həftə Şimal və Baltik ölkələri Xarici İşlər Nazirliklərinin siyasi direktorları Bakıda səfərdədir və mən çox şadam ki, Litva XİN-nin siyasi direktoru, səfir Laymonas Talat-Kyalpşa və Nazirliyin ikitərəfli münasibətlər departamentinin ditektoru Mantas Yakimaviçyus bu gün bizimlədir. Ədəbiyyat və mədəniyyət sahəsindəki mübadilə Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir.
Ədəbi əsərlərin mübadiləsi sayəsində xalqlarımız qarşılıqlı anlaşma və hörmət şəraitində bir-birinin tarixi, dəyərləri və arzuları haqqında daha çox öyrənir. Bu mübadilə bizim ədəbi dünyagörüşümüzü, zənginləşdirir, oxucuları müxtəlif ədəbiyyat üslubları ilə tanış edir və xalqımızı bir-birinə yaxınlaşdırır”,- Kestutis Vaskeləviçüs bildirib.
Tədbirdə çıxış edən Seyfəddin Hüseynli, Kənan Hacı, İbrahim Rüstəmli, Esmira Fuad və digərləri kitabın konkret məziyyətləri barədə öz fikirlərini bölüşüblər.
Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Balis Sruoganın “Tanrılar meşəsi” kitabının tərcüməçisi və demək olar ki naşiri – bir çox vəzifə və titulların sahibi olmaqla yanaşı eyni zamanda uzun illərdir Vilnüs Kitabsevərlər Cəmiyyətinə rəhbərlik edən həmyerlimiz Mahir Həmzəyevə belə gözəl və faydalı əməlinə görə yazarlar, oxucular, bütün kitabsevərlər adından “Ziyadar” mükafatını təqdim edib. Tədbirdən fotolar:
YAZARLAR olaraq, Balis Sruoganı ehtiramla anır, Mahir Həmzəyevə, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdikləri misilsiz xidmətlərə görə təşəkkür, uğurları münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!