ANASINI ÖZÜNƏ YARAŞDIRMAYAN ÖVLAD

ANASINI ÖZÜNƏ YARAŞDIRMAYAN ÖVLAD
Bəzən elə hadisələr olur ki, eşidəndə və yaxud görəndə təsirlənirəm və bu, məni düşünməyə vadar edir. Gördüyüm fakta keçməmişdən əvvəl həmin ailə haqqında kiçik məlumat vermək istərdim. Belə ki, (adlar şərtidir) Nailə ilə Eldar Azərbaycanın kənd rayonlarının birində anadan olub. Hələ gənc ikən hər ikisi ailəliklə paytaxta köçmüşlər. 25 yaşları olanda ailə həyatı qurublar. Hazırda Nailə ilə Eldarın təxminən 60 yaşı var. Onların bir qız və bir oğlan övladları dünyaya gəlib.
Ailə çox kasıb şəraitdə yaşayıb. Yaxşı yadımdadır, hələ 10-15 il bundan əvvəl Nailə Bakının hansısa qəsəbəsindən hər gün 20-30 litr süd alırdı və yaşadığı qəsəbədən Bakıya bidonlarla südü satmağa aparırdı. Çox əziyyət çəkirdi. İlin bütün fəsillərində səhər tezdən avtobusla qəsəbədən Bakıya gedirdi, axşamüstü qayıdırdı. Onu da qeyd edim ki, qəsəbədən Bakıya təxminən 25 kilometrdir.
Nailə xanım çətinliklərlə, əzab-əziyyətlə hər iki uşağını oxutdurdu. Uşaqlar ali təhsil də aldılar. Hal-hazırda hər ikisi işləyir…
…Səhər saat 8.30 radələri olardı. Gördüm. Gözlərimə inanmadım. Dayandım və xeyli onlara baxdım. Ana bir böyük vedrə ilə gedirdi. Vedrənin içində xeyli yumurta var idi. O, yumurtaları qonşu qəsəbəyə satmağa aparırdı. Nailə xanımdan 6-7 metr aralıda oğlu işə gedirdi. Onun əlində heç nə yox idi. Eyni yolu piyada təxminən 15 dəqiqə gedəcəkdilər. Sonra isə oğlu işlədiyi müəssisəyə yola düşəcəkdi. Vedrə ağır olduğundan ana əziyyət çəkirdi, güclə yeriyirdi.
Məlumat üçün qeyd edim ki, ana və övlad bir evdə yaşayırlar və oğlan hələ ailə həyatı qurmayıb. Sakit ailədir.
Onlara bir daha diqqət yetirdim. Oğlanın anası ilə yanaşı getməməsi və anasına kömək etməməsini görəndə çox təsirləndim. Anasının yaxşı geyimdə olmamasına və ağır vedrə ilə getdiyinə görə oğlan utanırdı.
Sözüm belə övladlaradır: kasıb olduğunuza, geyimin köhnə və yaxud ucuz olduğuna görə utanmayın. Ananızın sizi necə böyütdüyü yadınızdadırmı? Əziyyətlə çörək qazanan, ailəsi, övladları üçün canından keçən belə analarla fəxr etməyə dəyər…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir