Yaşadığım qismət, Tanrı yazandı, Yaz ömrümü şaxta vurub, xəzandı, Dərdli könlüm, qəmli dastan yazandı, Çiçək kimi vaxtsız açıb, solmazdım.
Ürəyimi titrədən xoş duyğudu, Amalı yaşadan diqqət, qayğıdı, Bəxtim yatdı, fələk məni qarğıdı, Qəm küləyi tellərimi yolmazdı, Uzun illər sənə həsrət qalmazdım.
Vaxt gələr, əbədi ölər, bu həsrət, Qol açar vüsala, gülər, bu həsrət, Amalı sevincə bələr, bu həsrət, Sevgidə çəkilən zəhmət, gözəldir. İlahi yazısı, qismət, gözəldir.
Uşaq yaşlarında düşünmürük, biz, Gün keçir, Ay ötür, illər tələsir. Nağılmış o illər, gənc deyilik biz, Zaman ötüb keçir, zaman tələsir.
Müəllim gələntək, bitər sözümüz, Dikilir müəllimə, bir cüt gözümüz, Tənəffüslərdə yalnız, gülər üzümüz, Kim kimlə yarışır, kimlə bəhsləşir.
Yanardı bucaqda, kömür sobası, Qarışır hər kəsin tarixə başı, Dolaşırdı müəllim, o baş, bu başı, Dərsin bilməyənə hədələr kəsir.
Sevdiyimiz fəndi, cəbr, həndəsə, Cavab vermək üçün girərdik bəhsə, Diqqət yetirərdik, hər yeni dərsə, Bizi qorxutmazdı, nə tənlik, kəsr.
Alırdıq idmandan hər mükafatı, Oğlanlar futbolu, qızlar şahmatı, Bizi dostlaşdırdı, məktəb həyatı, Keçibdir o vaxtdan, ta yarım əsr.
İllər ötüb-keçir, ta qocalmışıq, Sanıram, həyatdan çox öc almışıq, Sevdiyimiz işdə, hey ucalmışıq, Arzu-diləyimiz qalmayıb kəsir.
Sinif yoldaşlarım, bacım-qardaşım, Duyantək dərdliyəm, dardadır başım, Süzülür gözümdən, acı göz yaşım, Əlimdən tutmağa hər an tələsir.
Sizləri tanıyan ilk gündən bəri, Amalın dilinin olduz əzbəri, Sevinc, qəminizdən olsa, xəbəri, Görüşünüzə bil, qəlbi tələsir. Yolunu dənizlər, nə dağlar kəsir.
Nağıl imiş, sevilməyim, sevməyim, Sevinməyim, şadlanmağım, gülməyim, Göz yaşımla yoğrulub, ta dürməyim, Sevincim, kədərim Haqdan gələndi.
Alın yazım qap qaradır, ağ deyil, İllər ötüb, artıq sənli çağ deyil, Ruh kimidir Amal, artıq sağ deyil, Tək qonağı royalarda gələndi. Yaxşını-yamanı Tanrı biləndi.
26.03.2024.
BİLMƏZ
Bəxt yazım Tanrıdan qaralanıbdır, Fələyin özü də ağarda bilməz. Həsrətinlə qəlbim yaralanıbdır, Yüz təbib yığışsa, sağalda bilməz.
Bəlkə, xəyalını tutub saxlayım? Ümid, inamımı ona bağlayım? Həsrət güllərindən çələng bağlayım? Kimsə kədərimi ovuda bilməz.
Səngimir, ömrümün dumanı, çəni, Günbəgün çoxalır, telimin dəni, Tərk etdi, ömrümü, qəlbimin təni, Ha səslə, ha çağır, qayıda bilməz.
Donubdur, gözümdə, arzu-diləyim, Sənsizlik dünyamdan mən nə istəyim? Məndən üz çevirib, sevgi mələyim, Bir ümman yanğımı soyuda bilməz.
Tüstüsüz yanıram, görünməz atəş, Yoxluğun dondurur, qızdırmaz Günəş, Tez-tez qulağımı oxşayır bir səs, Kimsə, ta Amalı toxdada bilməz, Dədimi-sərimi ovuda bilməz.
İNSAN ÜRƏYİ Sındırsan, sağalmaz məzara kimi, Yaşamdan əl üzər, insan ürəyi. Qövr edər, sağalmaz bir yara kimi, Hər bir dərdə dözər, insan ürəyi. * * * Bəzən xoş sözlərlə dindirər səni, Qaldırar zirvəyə, endirər səni, Saf eşqin odunda yandırar səni, Qəlbdən qəlbə sızar, insan ürəyi. * * * Göz yaşın sinəyə incitək düzər, Dost-tanış dərdini dinləyər, çözər, Bəzən də tutulan buluda bənzər, Zildə, bəmdə gəzər, insan ürəyi. * * * Nə etsən, neyləsən, Tanrıya agah, Nələr bəxş edəcək, açılan sabah? Gah sevinib gülər, ağlayarıq gah, Qəmdən naxış düzər, insan ürəyi. * * * Köklənsin sevinclə ilhamım, təbim, Olsun dost sevgisi, dərmanım, həbim, Qorusun bizləri, ay Amal, Rəbbim, Qəmin yükün əzər, insan ürəyi. Eşq gölündə üzər, insan ürəyi. 10. 06. 2023.
Sona Məmmədhüseyn qızı Teymurbəyli (Sona Amal) 21 mart 1959-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində anadan olub. 1977-1981- ci iillərdə də Naxçıvan Pedaqoji İnstitutunda təhsil alıb. İnstitutun Dil – ədəbiyyat ixtisası üzrə məzunudur. Sona xanım uzun illər pedaqoji fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olmuş və bir-birindən dəyərli ədəbi nümunələr ortaya qoymuşdur. Yazarın bu günə kimi 12 kitabı işıq üzü görmüşdür.