Etiket arxivi: TƏRANƏ MƏMMƏD

Təranə Məmməd – Payıza qatılan sevgi

Payıza qatılan sevgi

Heç sevmirəm payızı. Necə sevim axı? Yağış, soyuq, günəşsiz günlər.
Bilmirəm onun nəyinə qızıl payız deyirlər.
Qızıl a! Heyif deyil yay? Offf! Yay yadıma düşəndə ağlamağım gəlir.
Ağlamaq dedim yadıma qonşum düşdü. Qonşumuzda bir qadın var payız gələn kimi başlayır ağlamağa.
Zalımın qızı nə dərdini deyir, nə səsini kəsir. Elə ha ahı deyir. Səsini də eşidirik hərdən. Payızın ilk yağışı yağan kimi bu qadın başlayır gözünün yaşını tökməyə. Biz kişilər də ağlayan qadın görəndə onun bütün dərd-qəminə bais olduğumuzu sanırıq axı.
Bilmirəm, bəlkə tək mən beləyəm?
Bu gün gedib danışdıracam onu. Əvvəl axır bilməliyəm axı bu qadının dərdini.
3 ildir köçmüşəm bu evə. Qadın tək yaşayır və deyir ki, heç kimi yoxdur,amma hərdən bir kişinin gəlib ona bazarlıq etdiyini görmüşəm.
Budur, gəlir əlində dəsmal gözünü silə-silə..
Heç neçə yaşı olduğunu da bilən yoxdur. Bəlkə də 70-i haqlayıb. Mən də gənc deyiləm. Dünən 53 yaşımı qeyd etmişəm.
Təklik pis şeydir. Mənim oğlum olmasaydı dəli olardım yəqin. Oğlum mənimlə yaşamasa da varlığını həmişə hiss edirəm.
Nə isə,gedim yaxına, görüm bir söz ala bilərəmmi bu qadından.

  • Salam.
  • Salam, salam.
  • Necəsən ?
  • Ehh. Necə olacam ? Payız gəldi də.
  • Deyəsən sevmirsən payızı?
  • Yox!- deyib qapını bağladı.
    Yenə bir şey çıxmadı.
    Elə təzəcə pilləkənləri qalxmaq istəyirdim ki, qadın qapını açıb:
  • Gəl. Gəl bura,-deyə məni çağırdı.
    Mən qalxdığım iki pilləkəni düşüb qadının evinin açıq qapısından onun otağına daxil oldum.
    Otaq səliqə-səhmanlı idi. Hər şey öz yerində.
  • Gəl. Otur. Yaxşı insansan. Sən yeganə adamsan ki, mənim payızı sevmədiyimi görürsən. Heç kim buna fikir vermir. Elə bilirlər qocalmışam ona görə ağlayıram.
    Amma mən qoca deyiləm.
  • Neçə yaşın var?
  • Səncə?
  • Yetmışı keçərsən eləmi?
  • 55
  • Nə?
  • Hə. 55 yaşım var mənim.
    Mən halımın dəyişdiyini qadına bildirməmək istəsəm də təəccübümü gizləyə bilmədim.
  • Siz nə danışırsınız?!
    -Payızlar belimi bükdü mənim.Öldürdü məni payızlar.
    O, divardaki şəkilləri göstərib:
  • Bax bunların hamısını payızda itirmişəm.
    Atam bir gün işdən qayıtmadı. O payız bərk yağış yağırdı. Onu çox gözlədik .Yağışda maşını çöndü, gəzada öldü. Anam iki il sonra payızda gecə yatıb səhər oyanmadı.
    Məni və qardaşımı xalam böyütdü. Bir payız onu da itirdim.
    Amma payızın işi bununla bitmədi. Əvvəl sevdiyim insanı, sonra oğlumu da əlimdən aldı. Mən hər şeyi payızda itirirəm.
    Şəhərin mərkəzində evim var idi. 5 il əvvəl payızda onu satdım. Bura gəldim.
    Bu isə son payızdır. Bilirəm özüm. Hiss edirəm. Bu payız mənim dalımca gəlib.Əzrayıl göndərib,- dedi
  • Elə deməyin. Siz həll etmirsiniz ki, bunu
  • Orası elədir, mən həll etmirəm, amma bu payız əvvəlkilərdən fərqlənir. Mən görürəm.
    Yordum səni, bağışla. Dərdimi deməyə bir kəsim də yoxdur. Qardaşım olmasa ölərdim. Hərdən gəlir yanıma. Bax belə.
  • Deməli o kişi qardaşınızdır?
  • Hə. Qardaşımdır. Çay verim sənə.
  • Yox. Əziyyət çəkməyin.
    -Qəribədir.
  • Nə?
  • Mənə həmişə “sən” deyə müraciət edirdin indi isə “siz” deyirsən.
  • Hə. Bilmirəm niyə belə oldu.
  • Mən bilirəm. Çünki əvvəl məni dəli hesab edirdin. Hamı kimi. İndi isə tanıdın.
    Mən qeyri-ixtiyari ayağa durdum.
  • İcazənizlə, mən gedim.
  • Buyur!- deyə o əlləriylə mənə qapını göstərdi.

Evə gəldikdən sonra uzun müddət bu qadının anlaşılmaz bir cazibədarlığını hiss edirdim.
Bu qədər dərd içində olmasına baxmayaraq gözlərində sanki hələ həyat eşqi var idi. Amma heç özünə baxmırdı. Geyimi, həyatı artıq dünyadan küsmüş bir qoca həyatı idi.
Ertəsi gün işdən qayıdanda gül mağazasının yanından keçərkən ağlıma bir fikir gəldi. Bir dəstə gül aldım və qonşu qadının qapısını döydüm.
O, qapını açdı, məni gördükdə donub qaldı. Gözlərini əlindəki dəsmalla silib mənə baxdı və:

  • Sizin qapı bir mərtəbə yuxarıdadır,- dedi.
  • Qəribədir. İndi də siz mənə “siz” dediniz.
    Qadın gülümsədi. Bu 3 ildə ilk dəfə görürdüm onun gülümsəməsini. Necə gözəl gülüşü var bu qadının!
  • Bu güllər sizindir.
    -Mənim?
  • Bəli. Sizin.
  • Çox sağ olun. Lap bahar güllərinə bənzədi. Güllərin ətrini unutmuşdum. Buyurun içəri.
  • Yox. Gedim. İşdən gəlmişəm.
  • İstəsəniz gəlin çay içməyə.
    O gün çay içməyə getmədim. Amma bu qadının təbəssümü heç yadımdan çıxmırdı.Özümə təəccüblənirdim. Mən niyə ona gül aldım? Gülür, ağlayır. Axı deyən gərək ki,sənə nə var?
    Bu düşüncələrlə də yatdım.
    Səhər işə gedəndə onun qapısını döydüm. Qapını açan olmadı.
    İşdə bütün günü nigaran idim. Axşam yenə qapını döydüm. Qapını gözəl bir qadın açdı.
  • Bağışlyın, mən… burda yaşayan…
  • Qoca qadını deyirsiniz?
  • Bəli..
  • O yoxdur. Öldü
    -Siz nə danışırsınız?Mən onu dünən…
    -Elə siz gül verəndən sonra öldü,-deyə qadın gülümsədi.
    Mən onu təbəssümdən tanıdım. Bu gözəl qadın o idi.illərcə gözəlliyini, təbəssümünü hamıdan gizlədən, hər payızı dərd- qəm içində keçirən həmin qoca sandığımız qadın idi.
    -Tanımadınız eləmi?
  • Siz….siz çox gözəlsiniz!
  • İdim. İndi daha yox.
  • Siz gözəlsiniz.
    -Bəlkə içəri keçəsiniz?
    Mən içəri keçdim.
    Otaqda güllərin ətrinə qarışmış gözəl bir təravət var idi. Hər şey dəyişmişdi.
  • Qınamayın məni. Yorulmuşam. Şəkillərlə, ruhlarla danışmaqdan bezmişəm.
    Öz həyatımı həmişə başqalarına həsr etmişəm.
    Dünən siz gətirdiyiniz güllər məni sanki yuxudan oyatdı.Axı, mən də insanam.Mən də qadınam.
  • Özü də çox gözəl qadınsınız!
  • Bəlkə də.
    Otaqda mənim çox sevdiyim bir mahnı səsi eşidilirdi. Çox həzin bir musiqi və gözəl sözləri var idi bu mahnının.
  • Bu mahnını çox sevirəm. Gözəl mahnıdır!-dedim.
  • Doğrudan? Bəs sözləri və bəstəsi kimin olduğunu bilirsiniz?
  • Yox. Maraqlanmamışam heç.
  • Bu mahnını mən yazmışam.Sözləri də, musiqisi də mənimdir.
    Mən danışmağa çətinlik çəkirdim. Nə deyəcəyimi bilmirdim.
    Ürəyimin dərinliyindən isə “Mən sizi sevirəm” sözləri gəlirdi.

Bu il məzuniyyətimi payızda götürdüm. Biz onunla evlənib səyahətə getdik. İndi payızı çox sevirik. İkimizdə. Çünki bu payızı sevgiylə qarşıladıq.
Sevib sevilənlər üçün fəslin fərqi olmasa da, payıza sevgi qatmaq çox gözəldir.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Keçmişdən gələcəyə

Keçmişdən gələcəyə

(Hekayə real hadisə əsasında yazılıb)

Tələbələri bu sadə, həmişə gülərüz, sözündə, hərəkətində çox ciddi olan adama professor deyə müraciət edirlər. O, Bakıda ziyalı ailəsində anadan olub, bu möhtəşəm şəhərdə boya-başa çatsa da uzun illərdir ki, ata-babasının yurdu olan Qarabağ həsrətilə yaşayırdı. Bu insan ömrünün çox hissəsini təhsil almağa, elmə yiyələnməyə həsr edib, respublikanın universitetlərində dərs deyib, bir çox xarici ölkələrdə mühazirələr oxuyub,bilik və bacarığını sevimli tələbələri ilə bölüşüb. Neman müəllimi tələbələrinə və ümumiyyətlə onu tanıyanlara sevdirən ən vaçib cəhət onun Azərbaycanı canından artıq sevməsidir. Bu vətənpərvərlik hissi ona rəhmətlik atasından keçib. Belə ki, hələ Sovet İttifaqı dövründə Nemanın atası Azərbaycanı mətbuatda, xarici ölkələrdə layiqincə təmsil edib.

Neman bir neçə xarici dildə sərbəst danışır, tədris etdiyi fənni tələbələrə xüsusi həvəs və bacarıqla çatdıra bilir. O, çox danışmağı sevmir, danışdıqları isə atalar sözü kimi həmsöhbətlərinin və tələbələrinin yaddaşına həkk olunur.
Son zamanlar Neman müəllimin əhvalı-ruhiyyəsinin yaxşı olmasının səbəbi hamıya məlum idi. Hiss olunurdu ki, kişinin gülüşü də dəyişib. Əgər əvvəllər gözlərinin dərinliyində gizli bir kədər sezilirdisə, indi gülüşü ürəkdən gəlir və gözlərinin nuru, işığı ətrafa Günəş işığı kimi yayılırdı.
Axərbaycan xalqı 30 ilə yaxın həsrətində olduğu Qarabağa qovuşmaq imkanı əldə etmişdi artıq. Hər bir azərbaycanlı kimi Neman da Vətən Müharuibəsində əldə edilən möhtəşəm qələbəmizə çox sevinir, tezliklə ata babasının vətəni olan Qarabağa qovuşmaq arzusuyla yaşayır. Övladları qələbəmizi xarici ölkələrdə qeyd etsələr də, orada Azərbaycanın Zəfərindənn gürurla danışır, qələbəmizə həsr edilmiş bütün forumlarda iştirak edirlər.
Deyirlər, hər uğurlu kişinin arxasında ağıllı bir qadın olması vacibdir. Bəlkə də belə olmasaydı Neman bu qədər uğurlu olmazdı. Həyatının bölünməz bir parcası olan Səhər xanın həqiqətən ərinin ən yaxın sirdaşıdır. Səhər xanım çox səviyyəli, savadlı, xanım-xatın bir qadındır. Evləndikləri ilk gündən ailənin qayğıları, şirri, acısı və şirini bu iki insanın birgə müzakirəsi nəticəsində yaşanır.
Nemanın öz evini, ocağını, ailəsini çox sevməsinin, hər gün işdən evə tələsməsinin əsas səbəbi də məhz həmişə ərini gülərüzlə qarşılayan Səhər xanımdır.
Bakının baharı çox gözəl olur. Ağaclar artıq çıçəklərini töküb dümyaşıl don geyinib və onsuz da gözəl Bakımıza xüsusi bir gözəllik qatır. Bu gözəl bahar günündə Neman müəllim evə tələsir. Bilir ki, Səhər xanım əvvəl ləziz yeməklərlə sonra da pürrəngi çayla qarşılayacaq onu.
Bu dəfə Səhər xanım ərini əvvəl çayla qarşıladı.Neman müəllim içəri girib salamlaşdıqdan sonra Səhər ərinə və özünə armudu stəkanda pürrəngi çay gətirib əyləşdi.

  • Deyəsən mənə deyiləsi sözün var?- deyə Neman gülümsəyərək soruşdu.
  • Nə bildin?- deyə Səhər də gülümsədi
  • Nə bildim? Səni neçə ildir tanıyıram? Bilirəm ki, çay gətirib yanımda əyləşirsənsə, demək nəsə sözün var. De görüm, nə işdir.
  • Neman, bilirsən kim zəng etmişdi bu gün mənə?
  • Kim?
  • Gülzar.
  • Gülzar? Yadıma sala bilmədim
  • O tutulan oğlanın bacısı.
  • Səhər xanım, açıq de görüm kimdir zəng edən. Tutulan oğlan kimdir?
  • Neman! Sən onu heç unuda bilməzdin. Nə olub sənə? Uşağa konfet verən oğlan.
  • Həə! Nüsrət! Sən Allah? Nə deyir, Səhər? Necədirlər? Nə əcəb uzun illərdən sonra zəng edib.
  • Çox danışdıq. Deyir, zəng edib Neman müəllimi Qarabağda zəfərimiz münasibəti ilə təbrik etmək istəyiridim, gözlədim ki, oğlum cəbhədən qayıtsın sonra zəng edim.
  • Oğlu elə böyüyüb onun?
  • Bəs necə. Gör neçə il keçib aradan.
  • Qayıdıbmı oğlu? Sağ salamatdırmı?
  • Hə. Şükür sağ salamat qayıdıb. Elə sevinirdi ki, Gülzar.
  • Lap yaxşı. Ehh, Səhər xanım, nələr yaşamışıq e gör biz.
    Səhər bilirdi ki, bu gün ərinə verdiyi xəbər onu mütləq xəyalən çox uzaqlara aparacaq və mütləq o vaxt baş verənləri xəyanında bir daha canlandıracaq. Ona görə də qadın mətbəxə keçib ərini otaqda tək qoydu.
    Neman bir qutu siqaret görürüb eyvana cıxdı. Hava yavaş-yavaş qaralırdı. Sərin yaz havası idi. Neman dərindən nəfəs alıb siqaret yandırdı, siqaretin tüstüsünü içinə çəkdi və gözlərini uzaq bir nöqtəyə zilləyib o vaxtlar baş vermiş hadisəni təfsilatı ilə yada saldı.
    2003-cü ilin son ayları idi.Deyirlər söz vaxtına çəkər. Elə o axşam da hava yavaş-yavaş qaralırdı.
    Nemanın oğlu Turalın dərsədən qayıdan vaxtı idi. Səhərlə Neman evdə oturub konservatoriyanın birinci kursunda oxuyan Turalı gözləyirdilər.
    Qapının zənginin səsini eşidən kimi Səhər bildi ki, gələn oğludur. O, qapını açıb oğlunu salamladı və dərhal hiss etdi ki, uşağın rəngi qaçıb.
  • Nə olub oğlum? Niyə birtəhərsən? Xəstələnmisən?
  • Yox. Ata hanı ?- deyə Tuaral cavab verdi.
    Neman oğlunun qolundan tutub:
  • Nəsə olub?- deyə soruşdu.
    Türalın əlləri əsirdi. Uşağın rəngi sapsarı idi. O, əlində bir konfeti elə bərk sıxıb saxlamışdı ki, konfet əzik-əzik olmuşdu.
  • Bu nədi, Tural? Niyə belə bərk-bərk saxlamısan bunu, oğlum?
    Tural əvvəl atasına baxıb susdu sonra birdən danışmağa başladı.
  • Ata. Bir kişi məni öldürmək istəyirdi. Üstümə bıçaq çəkdi.
  • Nə?!- deyə Neman oğluna bir az da yaxınlaşdı
  • Danış, danış görüm!
    Səhər tez mətbəxdən bir stəkan su gətirib oğluna içizdirdi. Uşaq bir qədər özünə gəlib davam etdi:
  • Əvvəl dedi ki, qonşu blokdan bir ağır şey götürməliyəm, mənə kömək edərsən? Mən də razılaşdım. Elə bloka girən kimi dedi ki, mobil telefonunu ver mənə. Mən vermək istəmədim. O, bıçağı boğazıma dirəyib telefonumu aldı.
    Bu sözləri dedikdə uşaq kövrəldi sonra konfetə baxıb dedi:
  • Bunu da mənə verib dedi ki, al konfeti, heç kimə demə nə baş verdiyini.
    Səhər sual baxışlı gözlərini ərinə dikdi. Bir saniyə tərəddüddən sonra Neman telefonla polis bölməsinə zəng edib baş vermiş hadisəni danışdı.
    Ertəsi gün Neman polis idarəsinə gəlib yenidən dünənki məsələylə maraqlandı və ona dedilər ki, həmin adamın kim olduğu təxminən bəllidir. İki günndən sonra polis bölməsində həmin adamı Turala göstərdilər və o, təstiq etdi ki, üstünə baçaq çəkən adam odur.
    Neman çox təkidlə polis rəisindən həmin adamla görüşüb söhbət etməyə icazə verməsini xahiş etdi. Neman Nüsrət adlı bu çinayətkarla görüşdü.
  • Niyə məhz mənim oğlumu seçmisən?- deyə Neman soruşdu
  • Telefonu bahalı idi. Mənə pul lazımdır.
  • İşləmirsən?
  • Yox e . Mən şikəst adamam nə iş?
  • Necə yəni şikəst? Nə olub ki?
  • Müəllim, danışdırma məni, nə olar, bir qələtdir eləmişəm. Sənin oğlunun telefonunu heç satmamışam da. Qaytararlar sizə. Mən bədbəxt nə edəcəm bilmirəm.Bacım kiçik oğlu ilə bizdə yaşayır. Ərindən boşanıb. Qardaşım məktəbi bu il bitirəcək. Anam bir ildir ki, ölub. Mən özüm özümü bədbəxt etmişəm.Atamı şəhərdə çox adam tanıyırdı. Yaxşı dolanırdıq. Mən bu zəhrimar nəşəyə qurşanandan həm özümü, həm ailəmi bədbəxt etdim.Anam mənim dərdimdən öldü. Vicdan əzabı çəkirəm, amma neyləyim…
    Nüsrət kövrəlmişdi. Gözləri dolmuşdu. Hiss edilirdi ki, o həqiqətən anasının ölümündə özünü günahlandırırdı.
  • Anam həmişə uşaqlara konfet paylayardı. Həyətin uşaqları ona “konfet xala” deyərdilər. İndi mənım cibimdə həmişə konfet olur. O konfetləri payladıqca elə bilirəm ki, anamı yaşadıram,- deyə o əlləriylə gözlərini silə-silə davam etdi.
    Neman hiss edirdi ki, havası çatmır. Bu yazıq insanı necə xilas edə biləcəyi haqda düşünsə də bir qərara gələ bilmirdi.
  • Əldə etdiyin pullara nəşə alırsan?- deyə Neman soruşdu.
  • Mən şikəstəm. Cəbhədə ağır yaralandım. Güllə ağzımdan girib böynumdan çıxmışdı. Amma ölmədim.
  • Sən müharibə iştirakçısısan?! Vuruşmusan?!- deyə Neman ayağa qalxdı.
  • Bəs necə? Vuruşmaya bilərdimmi?
  • Bəs?…
  • Narazı deyiləm, bax bu çənəm protezdi. Özümün deyil.
    Bunu dedikdə o, çənəsini əliylə çıxardıb Nemana göstərdi. Yaxşı müalicə etdilər məni. Qoymadılar ölməyə. Amma nə xeyri. Bu zəhrimar nəşəyə qurşanandan itirdim özümü.
    Bayaqdan kənardan Nüsrəti dinləyən Neman özünü saxlaya bilməyib hönkürdü.
  • Necə olur axı bu, ay qardaş? Axı, belə olmamalıdır! Sən axı vətən yolunda vuruşmusan! Axı, sənin şərəfli adın var… Qazisən sən..
  • Ehhh, müəllim nə şərəf, nə ad? Mənim indi heç nəyim yoxdur. Canlı meyidəm mən. Sən də şikayətini etmisən yaxşı eləmisən. Mən də olsam edərdim. İncimirəm səndən. Özü də heç kövrəlmə, nə etmişəmsə özüm özümə etmişəm.
    Neman otaqdan çıxıb bir başa polis rəisinin yanına getdi və ərizəsini geri götürmək istədiyini bildirdi. Rəis bunun mümkün olmadığını dedi, çünki artıq iş sənədləşdirilmişdir .
    Nemanın məcbur olub bir neçə yüksək vəzifəli insanalra müraciət etdi. Onun şikayət ərizəsi geri götürülsə də Nüsrət cəzadan qurtula bilmədi, çünki Nemandan savayı daha bir neçə şikayətçi var idi. Heç demə şəhərdə eyni üsulla bir neçə adamadan telefon əldə edib satırmış Nüsrət.
    O günlər Nemanla Səhər bu məsələni çox müzakirə edirdilər evdə. Hətta bir dəfə Tural o qədər Nüsrətin həbs edildiyindən məyus olmuşdu ki, atasıyla anası bu haqda danışanda “Ata, o yazıq mənə konfet də vermişdi …,” deyərək urəyində Nüsrətin cinayətini bağışladığını bildirmişdi.
    Neman polisdən Nüsrətin ünvanını dəqiq öyrənib həyat yoldaşı Səhərlə onun yaşadığı evə getməyi qərara aldı.
    Ev “Sovetski” deyilən küçədən bir qədər yuxarıda yerləşirid. Neman bir mərtəbəli kasıbyana evin qapısını döydü. Qapını cavan bir qadın açdı.
    Səhər qadını görüb irəli keçdi və:
  • Bura Nüsrətgilin evidir?- deyə soruşdu
  • Bəli, amma Nüsrət indi…
  • Bilirəm, bacım. İcazə ver içəri keçək sizinlə söhbətimiz var
  • Buyurun,- deyə qadın arxaya çəkilib Nemanla Səhəri içəri dəvət etdi.
    Ev çox baxımsız olsa da səliqəli idi. Bəzi yerlərdə divarın kağızları qopmuş, tavanda bir neçə yerdə köhnəlmiş təmirin izi görünürdü.
    Səhər istər-istəməz evə göz gəzdirib söhbətə başladı.
  • Bacı, adını da bilmirəm…
  • Gülzardır adım.
  • Çox yaxşı, Gülzar, burda tək yaşayırsan?
  • Xeyr, kiçik qardaşım və balaca oğlum var. İndi həyətə düşüblər.
  • Gülzar,qardaşın Nüsrət bizim uşağın mobil telefonunu…
  • Mən neyləməliyəm ki? Mən almamışam ki o telefonu uşağın əlindən ? Niyə axı bir adam da soruşmur ki, bu adam niyə oğurluq edir!? Axı, heç kimi vurmur, öldürmür. Nüsrət oğru da deyi heç,– deyə qadın kövrəldi.
  • Gülzar, biz bura səndən nəsə istəməyə gəlməmişik,- deyə Səhər qadını sakitləşdirməyə çalışdı.
  • Bəs niyə gəlmisiniz?
  • Düşündük ki, indi ev başsız qalıb, bəlkə nəyəsə ehtiyacınız var.
  • Nə? Siz? Heç inana bilmirəm. Siz onu tutduranlardan biri deyilsinizmi?
  • Yox, bacı,- deyə Neman dilləndi. Mən ərizəmi geri götürmüşəm. Heasb edirəm ki, vətən yolunda əlil olmuş insan türmədə yatmamalıdır və mən çalışdım ki, bu iş dayandırılsın, lakin qanun var. Qardaşınız oğurluq edib. Kaş ki, etməyəydi…
    -Kaş ki… – deyə qadın yenə kövrəldi.
  • Nüsrət çox qeyrətli oğlandir. Müharibəyə könüllü getmişdi. Elə gedəndən bir müddət sonra yaralanıb qayıtdı. Sağ olsun həkimlər əllərindən gələni etdilər, qoymadılar ölsün.Xəstəxanadan çıxandan sonra uzun müddət heç yerə çıxmırdı.Sonra qonşuluqda bir adlı sanlı müğənni yaşayırdı, onunla dostlaşdı. Bir gün gördük ki, özündə deyil. Anam ağladı, özünü öldürdü ki, o oğlanla görüşmə, hamı bilir ki, o narkomandır. Ammma gec idi. Elə hər şey ondan başladı. Anam bu dərdə dözməyib öldü. Atam olsaydı belə olmazdı. Atamdan çəkinirdi.
    Bax belə… sonu da ki, bu, – qadın dərindən ah çəkib susdu.
    Səhər də, Neman da pərişan idilər.
  • Qardaşınız yaxşı insandır. Sadəcə yolunu azıb. O bizim uşağın əlindən telefonu alanda ona bir konfet də verib,- deyə Neman qadına qardaşının insanı cəhətini bir daha qəsdən açıqlamaq istədi.
    “Anam da hamıya konfet paylayardı. Demək o həqiqətən anama görə vicdan əzabı çəkirmiş…”- deyə düşündü Gülzar.
  • Başım söhbətə qarışdı sizə çay da təklif etmədim,- deyə Gülzar ayağa durdu.
  • Yox. Lazım deyil. Biz getməliyik, – deyə Səhər də ayağa qalxdı.
  • Bu bir qədər puldur. Bunu götür. Evə nə lazımdırsa al. Nüsrətin yanına gedəndə de, Neman bazarlıq etsin.
  • Yox. Siz nə danışırsınız. Götürə bilmərəm .
  • Götür, Gülzar! Biz hər şeyi anlayırıq.
    O gündən sonra Neman həftədə, ayda bir dəfə Gülzara bazarlıq edib aparır və yaxud Səhər onu evə çağırıb pul verirdi. Beləcə bir il keçdi.
    Bir gün televiziyada amnistiyaya düşənlərin siyahisinda Nüsrətin də adını eşidən Neman çox sevincək Gülzara zəng vurub təbrik etdi.
    Sonra Nüsrət işə düzəlib ailəsini dolandırırdı. Bir müddətdən sonra Gülzar da yaxşı bir insanla ailə qurdu. Kiçik qardaşları məktəbi bitirib işləyirdi. Ailə artıq sabit dolana bilirdi. Heman arxayın idi ki, Nüsrətin ailəsində hər şey öz yerini alıb.
    Sonralar Səhər də Gülzar da ailə, məişət qayğılarıyla məşğul olduqlarından bir- birinə yalnız bayramdan bayrama zəng edirdilər. Nüsrət isə cəmi bir dəfə Nemanla görüşüb“Sən nə qədər gözəl insanmışsan, müəllim. Oğlunu o axşam qorxutduğuma görə özümü heç vaxt bağışlamayacam,”- deyib ayrılmışdı.
    Bu gün Səhər xanım Gülzarın zəng etdiyini dedikdə Neman müəllimin yadına düşənlər adi xatirə deyildi, bu bir insanın həyatının qara səhifəsi idi.
    Neman sonuncu siqareti çəkib otağa keçdi Səhər sakitcə divanda oturub albomdakı köhnə şəkillərə baxırdı.
  • Sən də keçmişi varaqlayırsan?- deyə Neman müəllim arvadının çiyinlərini qucaqladı.
  • Neman, bilirəm ki, sən də bayaqdan eyvanda keçmişi varaqlayırsan və sənə bir təklifim var.
  • Buyur, sənin təkliflərin həmişə ağıllı və yerində olur.
  • Bəlkə gedək Gülzar gilə. Oğlu Şuşadan qayıdıb. Vallah, o uşağı gedib görmək savabdır. Gedəkmi?
  • Gedək də. Nüsrətdən də çoxdandır xəbərim yoxdur.
  • Soruşdum Nüsrəti də. Deyir, yaman qocalıb, amma qələbədən sonra dirçəlib. Bacısı oğluyla da fəxr edir. Deyir, hamımızın qisasın aldı baçıoğlu.
    Neman diqqətlə Səhərə baxdı sonra onun saçlarını əliylə arxaya darayıb alnından öpdü.
  • Səhər, bu həyatı həmişə dürüst yaşadıq, qızlarımıza alı təhsil verdik. Tural xaricdə oxudu. Var dövlətimiz başımızdan aşmasa da açından da ölmədik. De görüm, sən mənimlə xoşbəxtsən?
    Səhər ərinin gözlərinə baxıb sakitcə dedi:
  • Səninlə xoşbəxt olmamaq olarmı?
  • Səhər, incimə amma əsil xoşbəxtliyi mən bilirsən nə vaxt tam hiss etdim?
  • Bilirəm və incimirəm. Çünki elə mən də məhz o gün, Şuşanın ermənilərdən azad edildiyi günü xoşbəxtliyin nə olduğunu dərk etdim.İndi mən qalib ölkənin professorunun arvadıyam.
  • Mən isə Qarabağlı Azərbaycanın qocaman professoruyam.
    Bax budur əsl xoşbəxtlik! Elədir! Düz deyirsən, Səhər, sabah mütləq o igid əsgəri görməyə gedək. Biz ona və onun kimi minlərlə əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin!
  • Amin!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Həyatdan incəsənətə” – İlahə Səfərzadə

İlahə SəfərzadəTəranə Məmməd

Həyatdan incəsənətə

(Təranə Məmməd haqqında)

İctimai şüurun formalarından olub həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyat mürəkkəb olduğu qədər, eyni zamanda, onu yaradan üçün artıq bir həyat qayəsi, yaşam tərzi halını almış bir prosesdir. Eynən bu məqalədə haqqında söhbət açacağım yaradıcı qadın olan Təranə Məmməd kimi. O, incəsənətin növlərindən biri olan təkcə ədəbiyyatla kifayətlənmir, eyni zamanda çox gözəl rəsm əsərlərinin də yaradıcısıdır. Bir sözlə, bu qadın geyim tərzi, həyata baxışı, nəcib xarakteri, gözəl rəsmləri, lirik və epik əsərləri ilə belə demək mümkünsə, incəsənətlə bütünləşmişdir. Bu məqalənin mövzusu isə onun nəsr əsərləri, daha konkret ifadə etsək, hekayələri haqqındadır. 
Digər incəsənət növlərində olduğu kimi ədəbiyyatda da ilk növbədə əsərin məzmun gözəlliyi, sonra isə forma gözəlliyi əsasdır. Əgər sənət əsərlərinin özülünü həyat həqiqətləri təşkil etməzsə, ondan ərsəyə gələn məzmun da cəlbediciliyini itirər. Təranə Məmmədin bütün hekayələrində bütövlükdə onun yazıçı qayəsini, yəni, müəllifin oxucularda empatiya yaratmaq qabiliyyətini, ictimai mövqeyini, dünyagörüşü, müxtəlif həyati məsələlərə tərbiyəvi əhəmiyyətli mövqeyi, bədii-estetik məramını hiss etməmək mümkün deyil. 
Məlum olduğu kimi, nəsrdə sənətə məxsus olan bədiilik gözlənilməklə yanaşı eyni zamanda müəyyən bir sərbəstlik də vardır. Lakin deyərdim ki, Təranə Məmməd bu sərbəstliyin də ahəngini, ritmini tapmış, belə demək mümkünsə, nəsrə də lirizm yansıtmışdır. 
Müəllifin özünün də şərti olaraq “lirik hekayə” adlandırdığı “Sarı köynək” hekayəsində gənc ikən sevdiyi qızı itirmiş kişinin xatirələrindən bəhs edilir. Ümumiyyətlə, Təranə Məmməd yaradıcılığında müəllifin obrazlar vasitəsilə xalq deyimlərinə bir növ şüuraltı inam var. Bu da müəllifin kəlimələrin bir sehir olduğuna və həyatdakı ən güclü qüvvənin sözlər olduğuna inam hissindən irəli gəlir. Bəli, sözlərin gizli bir sehir olduğuna mən də inanıram. Psixoloqlardan da tez-tez eşitdiyimiz “gözəl düşün ki, həyatın da gözəl keçsin” sözləri əbəs yerə deyilmir. İnsan kəlimələr vasitəsilə düşünür, düşüncə vasitəsilə müxtəlif həyat hadisələrini özünə çəkir. Eynən “Sarı köynək” hekayəsinin qəhrəmanı kimi. O, sevdiyi qıza aldığı sarı köynəyin bacısının sözlərinə inanaraq ayrılıq salacağına inanır və dəyişmək üçün mağazaya gedəndə bacısının qəza keçirməsi onun həyatında çətinlik yaratdığı üçün sevgilisinə vaxt ayıra bilmir. Müəyyən müddətdən sonra isə sevdiyi qızın artıq başqasına nişanlandığını görəndə sarsıntı keçirir. İndi artıq o, nəvələri olan bir baba statusunda olsa da, nə ilk məhəbbətini, nə də aldığı o sarı köynəyi ömrü boyu unutmamışdır. Haradasa xalq mahnısı olan “Sarı köynək” ifa olunanda da xatirələri hər şey dünən baş veribmiş kimi yenidən canlanır və hekayənin qəhrəmanını əbədi bir xəyal qırıqlığına məhkum edir.
Çernişevski ədəbiyyatı “həyatın dərs kitabı” adlandırırdı. Bu mənada ki, gözəl yazılmış əsərlər insanın düşüncələrinə təsir edib onu aydınlatmalı, işıqlı bir gələcəyə yönləndirməli, humanizm və xeyirxahlığı təbliğ etməlidir. Yazıçının qısa hekayələrindən biri olan “Bumeranq”da öz atasına qarşı ədalətsiz davranmış oğulun da eyni taleyi yaşayacağı qənaətindədir. Belə ki, hekayədə sahibsiz bir məzarın sağ ikən atasına qayğı göstərməmiş, onun məzarına belə heç vaxt getməmiş bir şəxsə aid olduğu təsvir olunur. Bu çox qısa hekayə özündə dərin mətləblər ehtiva edir. Heç bir qanun kitabında öz əksini tapmayan, belə demək mümkünsə, yazılmamış qanunlardan biri də odur ki, övladın valideyn qarşısında vəfa borcu vardır. Belə ki, övladlar böyüdükdən sonra artıq yaşlanmış valideynlərinə qayğı və şəfqət göstərməli, onları sevgidən məhrum etməməlidirlər. Yazıçı bu hekayəsi ilə öz valideynini bu qayğıdan məhrum edənlərin eyni taleyi yaşayacağı qənaətindədir. Yəni, başqa sözlə ifadə etsək, “yaşatdığını yaşamadan ölməzsən” deyimi buraya tam uyğun gəlir. 
Bu ideyanı başqa bir əsərdə – “Qonşular” hekayəsində də görürük. Burada isə qızına heç vaxt sevgi göstərmədən onu tərk edən atanın qızını tapıb ona isinişməyə başladığı vaxt övladının da onu tərk etdiyinin şahidi oluruq.
Müəllifin “Uşaq yaddaşı” hekayəsində də başqa bir formada eyni ideya hakimdir, əslində. Hekayənin qəhrəmanı hər gün yol ilə gedərkən məktəblərinə yaxın olan yoldan keçəndə orada yaddaşında iz buraxan insanları xatırlayır, onlar üçün darıxır. O, keçmiş məktəbindəki qapıçı və xadimənin necə saf və gözəl qəlbli insanlar olduğunu fikirləşir həmişə. Onundüşüncələrindən məlum olur ki, qapıçı və xadimə kasıb olmalarına rəğmən ruhən zəngin insanlar olmuşlar. Bir dəfə məktəbdə ac qalan həmin qıza xadimə öz bulkusunu verib özü ac qalsa da qızın doymağından mənən rahatlıq tapmışdı. İndi o qız böyümüş, yaxşı iş yerlərində çalışır və təsadüfən yolda həmin xadimə qadınla qarşılaşanda ona kömək etmək istəyir. O, cibindəki pulu çıxarıb verəndə öz mənəvi borcunu yerinə yetirdiyini düşünüb ruhən xoşbəxtlik tapır. 
Yazıçı nədən yazmasından asılı olmayaraq, onun əsərlərinin əsasını insan, onun həyatı, milli, bəşəri qayğı və arzuları təşkil edir. Və hər bir sənətkar yazarkən həm də öz dövrünün sosial mənzərəsini yaradır, cəmiyyətin xarakterini obrazlar vasitəsilə kağıza köçürür. Lakin əsl ustalıq köçürmə prosesində deyil. Bu işin sirri həm də hər bir oxucunun buradan öz həyatı üçün hansı nəticə çıxaracağı qənaətinin düzgün ölçü meyarının hesablanmasındadır, yəqin ki. Təranə Məmmədin “Daxili çevriliş”hekayəsi də həyatda düzgün yol tutmamış insanın doğru yola gəlmək çabasını ifadə edir. Belə ki, hər gününü sərxoş olub içki şüşələrinə qurşanan adamın artıq ətrafında kimsəsi qalmamış, hər kəs ondan üz döndərmişdir. O, zaman-zaman əvvəlki həyatı üçün darıxıb həyat yoldaşı, qızı ilə münasibətləri düzəltmək, yenidən onların həyatındakı yaxşı insan olmaq haqqında düşünsə də iradəsiz davranışları buna mane olur, içkisiz qala bilmir, özü ilə bacarmır. Bir gün təsadüfən kafedə müqəddəs kitabı almaq istəyərkən pulunun çatmadığını görəndə bir şəxs (hekayənin daha sonrasında oxucu bu şəxsin onun qızını sevən, onunla evlənmək istəyən adam olduğunu öyrənir) ona bu kitabı alıb hədiyyə edir. Adam günlərcə evdən çölə çıxmadan kitabı oxuyur və sonrasında özündə bu dəyişikliyi hiss edir ki, o, içkisiz də qalmağı bacarırmış. Yavaş-yavaş özünə gəlməyə və iş-güc barəsində də düşünməyə başlayır. Hekayə obrazın yenidən işini, ailəsini geri qazandığı nikbin sonluqla tamamlanır. Əsərdən çıxan nəticəni isə belə aydınlaşdırardım ki, yazıçı insan psixologiyası və kainat qanunlarının vəhdətdə olduğu düşüncəsindədir və əgər bir insan qarşısına məqsəd qoyub hər hansı xoş niyyətini reallaşdırmaq istəyərsə, bütün kainat onun bu niyyətini gerçəkləşdirmək üçün iş birliyi edər. 
Müəllifin bu cür “kainatın iş birliyi etdiyi” hekayələrindən biri də “Kesma” adlı hekayədir. Evlənmək üçün heç kimlə uzlaşmadığını amma bibisinin qədər, qismət haqqında dediyi sözlərə də etinasız və biganə yanaşan gənci sonda bu sözə tam anlamı ilə inanmağa vadar edən bir hadisə yaşayır və bu hekayə də nikbin sonluqla tamamlanır. 
Yazıçının “Yuxulara inanın” hekayəsi ilk baxışda bədbin bir hekayə təsiri bağışlasa da (belə ki, hekayə vəfat etmiş uşağın ruhlar aləmindən olan nitqi əsasında yazılıb) düşünürəm ki, bu əsər də insana mənəvi rahatlıq və ruha dinclik bəxş edir. Hekayədə müəllif dünyagörüşünü, insanın maddi dünyadan köçdükdən sonra ruhlar aləmindəki dünyaya inamını da nümayiş etdirir. Yazıçının “sevdiyiniz insanla qovuşa bilmədiyinizə görə üzülməyin, cismin bacarmadığını ruh bacarır, bəzən” cümləsinin də kökü klassik ədəbiyyata gedib çıxır. Belə ki, müasir ədəbiyyatımız üçün özül, mənbə rolunu oynayan klassik ədəbiyyatımızda da bir çox əsərlərdə, o cümlədən, “Leyli və Məcnun”larda qəhrəmanlar sonda ruhlar aləmində qovuşduqları üçün xoşbəxt hiss etdikləri qeyd olunur. 
Ruhlar dünyasına inamın əks olunduğu hekayələrdən biri də “Güldəstənin yuxuları” hekayəsidir. Burada da müəllif cəmiyyətin sosial mənzərəsini, xalqın yaşam tərzini göstərməyə çalışır, bəzən hətta ruhun dili ilə ruhların yaşadığı mənəvi dünyanın daha gözəl və rahat olduğu qənaətinə gəlir. 
Yazıçının “Dəniz sevgisi”,  “Dənizdən böyük eşq”, “Qoru onları” hekayələrində sevən insanın qəlb çırpıntıları ifadə olunur, onun öz eşqi uğrunda hər fədakarlığı edəcəyi qənaətindədir. Bu nəsr əsərlərində saf və təmənnasız sevgi vurğulanır.
Müəllif  “Oğurluq”, “Qadınlar, qadınlar” hekayələrində isə oxucunu humanist duyğulara səsləyir, insanları anlamağa, intiqam və həsəd duyğularından uzaq olmağa, keçmiş yaşadıqlarından dərs almağa, həyatda heç kimin başına gələ biləcək pis hadisələrdən siğortalanmadığına, həyat təcrübələrinə söykənərək yaşananlardan dərs almağa dəvət edir. 
Ümumilikdə, Təranə Məmməd yaradıcılığı ədəbiyyatın əzəli məqsədi olan insanı mənən zənginləşdirmək funksiyasını ən gözəl formada həyata keçirir. Bu incəsənət xanımın həmişə yazıb-yaratmasını diləyirəm…

İlkin mənbə: “Həyatdan incəsənətə”

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Теране МЕММЕД – С добрым утром тебя, родная Cтрана!

Əzizim TƏRANƏ MƏMMƏD! Hər dəfə şeirlərini tərcümə etdiyim zaman bir daha sənə qarşı yaxınlıq, doğmalıq hissi keçirirəm. Bir şeirini də tərcüməmdə qəbul et. Ümid edirən ki, xoşuna gələcək.

Təranə Məmməd – Dan yeri sökülür…

Моя дорогая ТЕРАНЕ МЕММЕД! Каждый раз, когда я перевожу твои стихи, я испытываю чувство духовной близости и даже родства по отношению к тебе. Принимай ещё одно твоё стихотворение в моём переводе. Надеюсь, что тебе понравится.

Təranə MƏMMƏD

Oyan, Məmləkətim, sabahın xeyir!

Dan yeri sökülür, açılır səhər.
Günəş Xəzərimə ilk salam deyir.
Oyanır küçələr, oyanır şəhər,
Oyan, Məmləkətim, sabahın xeyir!

Açılır Bakımın üzündən örpək,
Birazdan alnlndan Günəş öpəcək.
Şəfəqdən şəhərə nur səpələnir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şəkidən Şirvana,Muğandan Milə,
Qədim Şamaxıdan cənub ellərə,
Günəş addımlayıb dağlardan keçir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şuşanın başından çəkilir duman,
Laçınım bəzənib- düzənib yaman!
Kəlbəcər uçadan “mən varam!”deyir.
Oyan, Məmləkətim, sabahın xeyir!

Füzuli, Zəngilan, Qubadlı gözəl,
Hərəsi bir oba, hərəsi özəl.
Ağdamdan azadlıq, hürr ətri gəlir!
Oyan, Məmləkətim, sabahın xeyir!

Canım Azərbaycan!Gözəl vətənim!
Çırpınan gəlbimsən, vuran ürəyim!
Təbiət şəninə min nəğmə deyir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Təranə Məmməd – Dan yeri sökülür…

Теране МЕММЕД

С добрым утром тебя, родная Cтрана!

Уже светает, утро наступает,
Солнце Хазару привет посылает,
Просыпаются улицы и дома,
С добрым утром тебя, родная Cтрана!

Как только Баку лицо приоткроет,
Тут же солнце в лоб его поцелует,
Лучи солнца город озарят сполна,
С добрым утром тебя, родная Cтрана!

В Шеки и Ширван, Миль и Муган,
И в Шамаху, усталости не зная,
Солнце спешит, через горы шагая,
С добрым утром тебя, родная Cтрана!

Над Шушой нет туманов, наступил покой,
Лачин приоделся, стал нарядный такой,
Свой голос подаёт Кяльбаджар с высока,
С добрым утром тебя, родная Cтрана!

Карабах, все районы прекрасны твои,
У них есть, у каждого красоты свои,
И все теперь свободны, свободна земля,
С добрым утром тебя, родная Cтрана!

Родной Азербайджан мой, ты душа моя!
Ты сердце, что бьётся в груди, ты жизнь моя!
Твоей природы богатства славят тебя,
С добрым утром тебя, родная Cтрана!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Перевод на русский язык:
ФЛОРА НАДЖИ (Flora NACİ)


FLORA NACİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kişi və qadın münasibətləri

Bu kiçik yazını rus dilindən tərcümə etməklə heç də bütün qadınlara haqq qazandırıb kişiləri suçlamaq fikrim yoxdur. Sadəcə, yeni ailə quran kişilərə bir vəsait kimi lazım ola biləcəyini düşündüm.
Ailənin sütunu qadındırsa, o sütunun əyilməməsi, sınmaması, alçalmaması bütün hallarda kişidən asılıdır.
Qadınlarınıza diqqətli olun ki, hörmət sahibi olasınız.
Yerli mentalitetdən, dədə-babaların goyduğu qanunlardan söz açanlara əvvəlcədən deyim ki, biz istəsək də, istəməsək də zaman ötür, çox şey dəyişir və bir çox mental dəyərlər öz əhəmiyyətini itirir.
Əgər biz toylarımızda gəlinlə bəyin müasir rəqsini, gəlinlərimizin geyimindəki açıq-saçıqlığı, qızlarımızın badə qaldırıb gələcək əri ilə şampan içməyini, qız atalarının toylarda rəqs etməyini qəbul etmişiksə, demək müasir həyatın digər həqiqətlərini də qəbul etməliyik. Bu mənim sözlərim idi. Aşağıda isə tərcümə etdiyim mətndir:

“Kişilər təəssüf ki, bəzən elementar şeyləri anlamırlar. Məsələn, adi, sadə bir həqiqəti: qadınlar son dərəcə qarşılıqlıdırlar. Qadınlar kişinin onlara olan münasibətini özlərinə energetik səviyyədə hopdururlar. Kişi qadın üçün hansı işlər gördüyünü, ona hansı sözlər dediyini, dediklərinin etdikləri ilə üst-üstə düşməsini və sairə. Zaman keçdikcə kişi bir zaman atdığı bumeranqı, yəni özünü necə apardığının nəticəsini geri alır. Ya bir zaman qadınına bağışladığı xoş xatirələrdən, diqqətdən, qayğıdan, zəriflikdən, istilikdən qadına bəxş etdiyi vaxtdan və qüvvədən hörülmüş bir qadın yaradır və ona sahib olur ya da tam əksinə. Çünki qadın bütün hallarda toplanmış enerjini kişiyə geri qaytarır. Bu qanundur. Beləliklə, kişi öz qadınını ya çətin sınaqlardan sonra qayıdıb istirahət edə biləcək və orada sakitlik tapa biləcək çiçəklənən cənnət bağçasına ya da dəqiq son güllə ilə onun axırına çıxa biləcək bundan əvvəl isə onun mənliyini hətta bütün ömrünü sındıraraq ət maşınından keçirən dəqiq, bərkimiş ölümcül bir mexanizmə çevirə bilər. Bir daha təkrar edək ki, qadın ağılsız dərəcədə qarşılıqlıdır!
Əgər siz qarşınızda incə, qayğıkeş, sakit, sevən, etibarlı bir qadın görürsüzsə, demək siz şərəfli və tərifə layiq əsl kişisiniz! Əgər sizə tərəf heç dönmədən üstünüzdən keçib gedə biləcək soyuqqanlı, hissiyyatsız birini görürsüzsə demək keçmişdə siz bunu yaratmaq üçün çox cəhd etmisiniz. Qadının bağışlama və dözüm limiti isə çoxdan bitib … Unutmayın, qadınınıza baxdıqda özünüzə baxırsınız. Ona görə özünüz verə bilməyəcəyinizi tələb etməyin.”

Liya Russ

ŞƏRH və RUS DİLİNDƏN TƏRCÜMƏ 

TƏRANƏ MƏMMƏDƏ MƏXSUSDUR.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Dan yeri sökülür…

Dan yeri sökülür…

Dan yeri sökülür, açılır səhər.
Günəş Xəzərimə ilk salam deyir.
Oyanır küçələr, oyanır şəhər,
Oyan, Məmləkətim, sabahın xeyir!

Açılır Bakımın üzündən örpək,
Birazdan alnlndan Günəş öpəcək.
Şəfəqdən şəhərə nur səpələnir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şəkidən Şirvana, Muğandan Milə,
Qədim Şamaxıdan cənub ellərə,
Günəş addımlayıb dağlardan keçir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Şuşanın başından çəkilir duman,
Laçınım bəzənib-düzənib yaman!
Kəlbəcər uçadan “mən varam!” deyir.
Oyan, Məmləkətim, sabahın xeyir!

Füzuli, Zəngilan, Qubadlı gözəl,
Hərəsi bir oba, hərəsi özəl.
Ağdamdan azadlıq, hürr ətri gəlir!
Oyan, Məmləkətim, sabahın xeyir!

Canım Azərbaycan! Gözəl vətənim!
Çırpınan gəlbimsən, vuran ürəyim!
Təbiət şəninə min nəğmə deyir,
Oyan, Məmləkətim, sabahın xeyir!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşa – Шуша

Şuşa

Könlüm evində gözəl, istəkli canansan, Şuşa,
Elə bağlıyam sənə, gözümdə cahansan, Şuşa.

Həsrətə, nisgilə mən çox oldum dərdi-mübtəla,
Buludlar arasında sən bir kəhkəşansan, Şuşa.

Ey mənim xan şəhərim,söylə sən nələr yaşadın,
Desələr inanmaram, demə ki, talansan, Şuşa.

Vüsala yetməkçün nə edim mən qəlbipərişan,
Durmusan dağ başında, yenə zərəfşansan, Şuşa.

Çəkdikcə nazını dağlar nazlanırsan daha da,
Qorudu dağlar səni, dağlarda ceyransan, Şuşa.

Tanrının göz yaşımı möcüzə Xarıbülbülün,
Qüdrətindən yaranan sirli xanımansan, Şuşa.

Etmə nihan üzünü, bir bax, gəlmişəm qoynuna,
Küsmüsən yoxsa məndən, nə hüsnüpünhansan, Şuşa.

İllərdiki qəlbimə sən hökmdar səltənətim,
Yenə qəlbimdə həmin o şövkəti-şansan, Şuşa.

Heç bilməzdim bu qədər qüssə verərsən sən mənə,
Sən demə, aşiqini dərdlərə salansan, Şuşa.

Bircə gün xəyalımdan silə bilmədim səni mən,
Otuz il ürəyimdə qəmi-zimistansan, Şuşa.

Sənin qədər sevilən şəhər görmədim dünyada,
Bu nə sevgi, bu nə sirr, ilahi məkansan, Şuşa.

Qəddi-qamətinə qurban, yenə şux dayanmısan,
Sevdanın söz mülkünün şahı-sultan, Şuşa.

Шуша

Ты души моей желанная, излюбленная,
Шуша.
Я так привязана к тебе, словно ты- вселенная,
Шуша.

Как долго ж с тоскою дружила моя несчастная душа,
Ты- словно млечный путь средь облаков,
Шуша.

Что пережил хан город? Скажи мне неспеша,
Расскажешь, не поверю, что разрушена,
Шуша.

Что делать мне несчастной, чтоб встретиться с тобой?
С вершины гор победы символ представляешь ты собой,
Шуша.

Чем больше любят тебя горы, тем больше нежишься,
А горы сберегли тебя, горный ты джейран,
Шуша.

Может чудо харыбюльбюль- это божья слеза?
Ты, созданная мощью своей, тайное творенье,
Шуша.

Не прячь же лик свой, посмотри, я на поклон к тебе пришла.
А может ты обижена, что смотришь так растерянно,
Шуша?

Владыкою все эти годы ты была, тобой покорена моя душа,
И снова для меня ты та же роскошь и богатство,
Шуша.

Не знала, что сможешь окутать грустью и будет тяжкой ноша,
Ты даже способна горем одарить любящего тебя,
Шуша.

Ни дня не смогла стереть тебя, былое в памяти круша,
Уж 30 лет в душе моей засела грустью ты,
Шуша.

Не видела города иного, который был любим так всеми.
Что за любовь, что за тайна? Ты- божественная земля,
Шуша.

Снова гордо стоишь предо мною
Влюбленная в величие твое, смотрю я не дыша
Ты словесного владычества Севды султан,
Шуша!

Sevda Səfərli – Şuşa şeiri RUS DİLİNƏ

TƏRCÜMƏ EDƏN TƏRANƏ MƏMMƏD

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Düşüncə

Düşüncə….

İnsanlar zəif və güclü ola bilirlər. Kimsə güclü, kimsə zəifdir.
Güclü insanlar həyatda zərbələrə daha çox məruz qalırlar.
Lap təbiətdəki kimi. Bəzən güclü fırtına zamanı zəif bir saman sadəcə əyilib yenidən qalxa bilirsə, köklü-köməcli iri ağac qırılır,sınır.
Güclü insanlar tək özlərini düşünmürlər. Onların daxili gücü ətrafı özünə cəlb edir və onlar hamının qayğısına qalmalı olurlar.
Güclü insanlar heç də zəiflərdən sağlam olmurlar. Sadəcə onların xəstələnib yatmağa da ixtiyarları yoxdur. Çünki onlar həmişə kiminsə qayğısına qalmalıdırlar. Onların xəstə olmağa ixtiyarları yoxdur.
Güclü insanlar tənha olurlar adətən. Ona görə yox ki, insanları yaxın buraxmırlar, ona görə ki, güclüdürlər. Onların da ağrayan yerləri olur, onların da köməyə ehtiyacı olur, onların da adi bir xoş sözə, incə davranışa ehtiyacı olur, amma… Axı onlar güclüdürlər! Hamı onlardan umur nəsə.
Güclü insanlar çətin insanlardır. Bəzən kobud, bəzən sərt görünə bilərlər, ancaq güclü insanla yaxın olmaq, onu yanında hiss etmək həmişə sabit mühafizəyə və heç vaxt satılmamağa əminlikdir! Yanınızda belə birisi varsa siz xoşbəxtsiniz!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Məzunlar

Мəzunlar

Aid olduğum nəslin bəxtinə bir çox tarixi hadisələr, təbii fəlakətlər, müxtəlif içtimai quruluşlar, hətta müharibə də düşdü. Hərdən dönüb geri, keçdiyimiz həyat yoluna baxanda nələrdən keçdiyimizi xəyalən təsəvvür edəndə …
Sözüm onda deyil amma.
Keçmişdən yadımda qalan bəlkə də ən parlaq və işıqlı xatirə orta məktəbi bitirdiyim gündür.
Bakı məktəblərinin birində 4-cü sinifdən oxumağa başlamışdım.
Ağdamın 2 nömrəli beynəlmiləl məktəbinin 3 sinfini əla bitirsəm də, Bakı məktəbində belə hesab etdilər ki, rayonda alınan təhsillə şəhərdəkinin fərqi çoxdur və məni yenidən 3-cü sinfə qəbul etmək qərarı verildi.
O vaxt bu məsələlərə çox dərindən varmasam da valideynlərimin narazılığını hiss edirdim . Onu da qeyd edim ki, birinci sinifə 5 yaş 3 aylığımda qəbul olmuşdum.
Ailəmin təkidindən və müəllimlərin sual- cavabından sonra qərar dəyişildi və mən 4-cü sinfə qəbul edildim. Həmin məktəbi əla qiymətlərlə bitirdim, lakin qızıl medal Arutünyan və Savçuk soyadlı şagirdlərə verilsin deyə mən rus dilindən 4 qiyməti alası oldum.
Bütün bunlara baxmayaraq, riyaziyyat təmayüllü bu məktəblə, müəllimlərimlə bağlı çoxlu xoş xatirələrim var.
Görünür, həyatda həqiqətən təsadüf yoxdur, çünki hətta ömrümə həmişəlik daxil olan insan da bu məktəbin və hətta oxuduğum sinfin məzunudur.
İllər ötür, əvvəldə qeyd etdiyim kimi, həyatda çox şeylər baş verir, ancaq o uzaq məzun günü unudulmur.
Biz indiki gənclikdən fərqli olaraq, o gün məktəbə məktəb formasında gəlmişdik. Qızlar qəhvəyi donlar və ağappaq önlüklər, oğlanlar da ağ köynək,qara şalvar geyinmişdilər o gün.
Sinfimizdə cəmi iki nəfər azərbaycanlı var idi. Qalanları rus, erməni, yəhudi, ləzgi, tat və sairə millətlərə aid olanlar idi.
Biz həqiqətən bir yerdə oxuyur, bir yerdə sevinir, bir yetdə kədərlənirdik. Bu adi sözlər deyil, çünki dəfələrlə bir-birimizin sevincini və kədərini birlikdə yaşamışdıq.
Məktəbin həyətində o gün qeyri-adi hisslər yaşanırdı. Qızlar ağlayır, müəllimlər həmişəkindən daha mehriban idilər. Hamıni bir məsələ düşündürürdü: məktəb illəri sona çatdı, bir daha heç vaxt təkrarlanmayan bu dövr burdaca bitti…
Müəllimlərin, valideynlərin xeyir-duasını alıb məktəbdən ayrıldıq…
O vaxtlar belə bir adət var idi. Məzunlar mütləq dənizkənarı bulvara gedərdilər. Bulvarda gəzən, oxuyan, rəqs edən məzunlar sanki Xəzərin üzərində uçan və qısa müddətlik yerə enmiş qağayıları xatırladırdılar.
Onlar da quşlar kimi qayğısız, sərbəst, xoşbəxt və gələcəyə ümidli idilər…
70 ci illərin məzunları…
Nə yaxşı ki, həmin məzunlar arasında mən də olmuşam!
Müasir son zəng günü əlbəttə çox fərqlidir. Olsun! Elədə olmalıdır!
Təki vətənimizdə sülh və əminamanlıq olsun! Məzunlarımız arzu etdikləri peşələrə yiyələnə bilsinlər!
Gələcəyə ümidlə, mətin addımlarla irəliləsinlər!
Bütün məzunları təbrik edirəm və deyirəm ki, sizi çox sevirəm,əziz balalar! Yolunuz açıq olsun!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Qonşular.

Qonşular

Yenə O. Mən onu tez-tez görürəm. Qonşu binada yaşayır. Bir qədər qeyri-adidir. Heç kimlə danışmır. Hərdən mən özüm onunla salamlaşıram. Səbəbini bilmirəm, amma onu yaxından tanımaq istəyirəm.

Bax, yenə binaya çatanda çantasını açıb açarları çıxardır.
Bu gün əli doludur. Mən bundan istifadə edib ona yaxınlaşıram və:

  • İcazə verin sizə kömək edim, – deyirəm.
  • Sağ olun. Mən özüm,- deyə o mənim köməyimdən imtina edir.
  • Xahiş edirəm. İcazə verin sizə kömək edim,- mən təkidlə çantaları onun əlindən alıb düz qapısına kimi aparir və dəvət gözləyirəm.
  • Buyurun, keçin içəri,- deyə nəhayət o məni içəri dəvət edir.

Mən içəri daxil oldum. Müasir dəbdə çox yüksək zövqlə bəzənmiş bu kiçik mənzildə qəribə bir sakitlik və rahatlıq var idi. Əvvəl otağa sonra qadına diqqətlə baxdım. O məndən çox kiçik idi. O qədər zərif və incəydi ki…

  • Hə. Mən anama oxşayıram. O da belə incə idi,- deyə qadın mənim fikrimi oxuyurmuş kimi dinləndi. Mən diksindim.
  • Təəccüblənməyin. Bu məndə vergidir belə, – deyə o gülümsündü və davam etdi:
  • Valideynlərim öləndən sonra tək yaşayıram.

Mən qapıya yaxınlaşıb otaqdan çıxmaq istədim.

  • Mən gedim, – dedim.
  • Hə. Gedin. Çox sağ olun.

Mən pilləkənləri tələsik düşüb evimə gəldim və səhərə qədər yata bilmədim. Bu qəribə qadın məni çox maraqlandırdı. O, sanki başqa planetdə yaşayırdı. Gecə özümə söz verdim ki, səhər tezdən həmin qadının evinə gedib onunla yaxından tanış olacam.
Səhər açılar – açılmaz mən onun qapısını döydüm. Qapını açan olmadı. Səsə qonşu çıxdı.

  • O mənzildə heç kim yoxdur. Evin sahibi dünən gecə getdi. Evi də bizə satıb.
    Qonşu qadın məni başdan ayağa süzdükdən sonra :
  • Dayanın. Sizə məktub qoyub.
  • Siz nə danışırsınız? Nə məktub? Mən onu heç tanımıram.
  • Dedi ki, sabah tezdən bir kişi gələcək və sizi təsvir etdi. Bu sizə çatacaq, – deyə mənə bir zərf uzatdı.

Mən zərfi götürüb pilləkənlərlə aşağı düşdüm.
Küçəyə çıxan kimi divara söykənib zərfi açdım.

“Bilirdim ki, gələcəksiniz. Sizi illərcə axtardım. Nəhayət, tapıb qonşuluğunuzda ev aldım.Sizinlə qala bilərdim, ancaq anamın ruhu bunu mənə bağışlamazdı. Məni axtarmayın. Mənim heç nəyə ehtiyacım yoxdur. İllər öncə siz məni atıb getmisiniz. İndi də mən gedirəm və istəyirəm ki, o hissi siz də yaşayasınız. Əminəm ki, məni bağışlayacaqsınız, çünki valideynlər öz övladlarını daha tez bağışlayırlar. Əslində heç olmadınız ki…Özünüzü bağışlaya biləcəksinizmi? Əlvida.”

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru