Etiket arxivi: Təranə DƏMİR

Təranə Dəmir – Zaman

ZAMAN

Qəribə zamandı. Köhnələr təzələri bəyənmir, təzələr köhnələrə daş atır. Əsl ədəbiyyata ağız büzənlər , köhnə paltarının söküklərini yamayıb təzə dona mindirənlər , hecanın , qəzəlin ətəyindən bərk -bərk yapışanlar , eyni notda ilişib qalanlar , Nizamidən , Füzulidən bu yanı görməyənlər , mənasız söz yığınını qafiyəyə sığdıranlar və sair və ilaxır sözbaz zümrə formalaşıb. İddiaları sözlərindən böyük yazarlar sözü iddiasından böyük yazarları kölgədə qoyub. Əsl sözün qarşısına boğaq atmaq , onu gözdən salmaqçun dəridən ,qabıqdan çıxmaq prinsipi ilə yaşayanlar da çoxdu. Pərdəarxası düşmənçilik edənlər ” dostluq”dan , ədalətdən, həqiqətdən dəm vurur. Havası , işığı gendən vuran ədəbi nümunələr durmadan tənqid və gülüş obyektinə çevrilir. Əslində tənqid edənlər özlərinin nə qədər dayaz , bəsit olduqlarının fərqində deyillər. Ya da yalançı təriflərdən başları gicəldiyindən həqiqətin əsl üzünü görə bilmirlər. Sərbəst vəzndə yaza bilməyənlər hecanı , hecada yaza bilməyənlər sərbəsti qaldırıb ala dağın başına qoyublar. Ortada itib batansa Sözdü. Böyük hərflərlə yazdım sözü. Çünki onu kiçildənlər çoxdu. Vaxtilə Azərbaycanın mətbu orqanlarında dərc olunan yazılar indi aktuallığını ( hətta gözəlliyini ) itirib deyə yazı müəllifləri bütün günahı zamanın və tərəqqinin boynuna yükləyib. Axı zaman durmadan inkişafdadı və bu sürətlə ayaqlaşa bilməmək , zamandan geridə qalmaqsa insanın özünün , sözünün gücsüzlüyüdü, acizliyidi. Uzun , sicilləmə yazıları oxuyan yoxdu indi. Oxucu təfəkkürü də dəyişib. İnsanlar yazının bir əvvəlin , bir də sonun oxuyur. Zamanın nəbzin tutan yazılar yazmaq lazımdı daha. Boğazdan yuxarı , qafiyədən asılıb qalan nəfəssiz , hay -küydən ibarət şeirlər öz ömrünü başa vurub. Romanlar , epopeyalar da yerini yığcam esselerə , hekayələrə verib. Nə qədər uzun olsa da onsuz da hamısı eyni qənaətə gətirib çıxarır. Ədəbi cameədə bir -birinə daş atmaq , yaxşı sözə ağız büzmək adi hal alıb. Kreslosu sözündən çox böyük olanlar gündəmi zəbt edib. Hər yerdə ( saytlarda , qəzet və jurnallarda , radio və televiyalarda) onlardı. Onlara əyilənlərsə onlardan da təhlükəlidi. Əyilməyənlər özlərinə heç yerdə yer tapmayanda küsüb öz qınlarına çəkilirlər. Bu hər sahədə belədi. Kiminsə ətəyindən tutub yerimək də hər insanın işi deyil axı. Bu özü də bir elmdi mənim aləmimdə. Özünü təsdiq edə bilməyənlər kibrindən və eqosundan baxır dünyaya. Sosial şəbəkələr od püskürür. Hamı yazır , hamı danışır. Susanlarsa içində haqq -hesab çəkir. Zənnimcə ən qərarlı təbəqə susanlardı. Özlərini , sözlərini cəmiyyətdən , ictimai qınaqdan , təhqirdən və tənqiddən uzaq tutanlar ən doğru yolu seçib məncə. Yuxarılar aşağıları , aşağılar yuxarıları daşa basır. Nəticədə aralıqda itib batansa Sözdü.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hərdən küsər qafiyələr adamdan

Hərdən küsər qafiyələr adamdan,
Misra -misra, heca- heca ağlayar.
Düşüb sınar o bacadan, bu damdan,
Ağrısını quca-quca ağlayar.

Gah arzudan, gah həvəsdən yıxılar,
Gah baxışdan, gah nəfəsdən yıxılar,
Gah o səsdən, gah bu səsdən yıxılar,
Sözdən sözə keçə-keçə ağlayar.

Sevdalanar, qış qapını kəsdirər,
İnadlaşar, “kaş” qapını kəsdirər,
Xəyalları sətir-sətir gəzdirər,
Heç nə tapmaz, durub heçə ağlayar.

Gözə girər varaq-varaq şeirlər,
Sınıq-salxaq, yüngül-yaraq şeirlər,
Gündüz sərsəm, gecə oyaq şeirlər
Uçan vaxta, gedən köçə ağlayar.

Sözündən dünyaya boylanan şair

Sözündən dünyaya boylanan şair

Çağdaş Azərbaycan poeziyasının ünlü simalarından biridir tanınmış şairimiz Təranə Dəmir! Hələ illər öncə dövri mətbuatda, Yazıçılar Birliyinin ədəbi orqanlarında şeirlərini sevə- sevə oxumuşam.Yaradıcılığına bələd olmağım isə sosial şəbəkələrdən başlayıb.Poeziya hər keçən an, hər keçən gün həyat reallıqları üzərində çəkilmiş rəsmə bənzəyir.İnsanın taleyi, bəxti, zamanın ağrı, acıları bu lövhədə çəkilmiş rəsmlərə öz rəngini qatır.Və bütün bunlar şairin qələmə aldığı hər bir şeirində duyulur, hiss olunur.Bir az boz, bir az ağlı, qaralı, bir az da sarımtıl payız rəngində.Bir gün feysbukda gözümə bir yazı sataşdı.Yaradıcılığıma həsr olunmuş” Könlündən bahar keçən şair” adlı bu yazı o qədər gözəl və isti yazıydı ki, dostlarım bu yazıya görə Təranə Dəmirə təşəkkürlərini çatdırmağımı məndən xahiş etdilər.Hətta dostlarımdan biri səni bu yazıdan sonra təzədən kəşf etdim qardaş, deyə sevincini gizlətmədi.Təranə xanımın bütün şeirlərində duyğu, həyəcan və ruh var.Təxminən qırx il öncə mərhum xalq şairimiz B. Vahabzadə, tanınmış şair dostum, manasşünas alimimiz Adil Cəmilin “Aylı gecə nağılı” kitabına yazdığı ön sözdə yazırdı:
Bəzən şeir adıyla yazılmış bir mənzuməni oxuyub görürsən, sözlər ilk çəkisini və ilk rəngini, yəni öz lüğəti mənasını saxlamış, rəqəmə bənzər quru sözlərdir, səni isitmir, həyəcanlandırmır. Baxırsan ki, bu yazıda şeir üçün lazım olan bütün zahiri elementlər- qafiyələr tutmuş ölçülərə qədər hamısı var, amma şeir yoxdur. Niyə? Bəs burada nə çatmır? Kəlmələrin duyğu, həyəcan yükü.Allah məzarını nurla doldursun böyük şairimizin.
Mənə görə ən gözəl şeir oxuyub kövrəldiyin, təsirləndiyin şeirdi.Həm də şeir heyrətləndirmək bacarığıdır.Bir də hər hansı bir şeiri oxuyandan sonra içindən zəmi uğultusu keçirsə və deyirsənsə ki, kaş bu şeiri mən yazaydım duyğusu ruhuna hakim kəsilirsə, demək müəllifin uğuru göz qabağındadır.Təranə Dəmirin poetik trayektoriyasını cızmaq, ölçmək mümkün deyil.Ürəyindəki azadlıq duyğusu söz- söz, misra- misra şeirlərinə hopub. Elə bir şeirinə rast gəlməmişəm ki, şairə utanc gətirsin. Şeirlərinin ömrü dünyanın ömrü qədər olacaq. Səsi yüz illiklərə, min illiklərə gedib çatacaq. Mən cəsarətlə və mübaliğəsiz bu gözəl şairimizin ədəbi enerjisini Günəşə bənzədərdim.Səmimiyyətimlə deyirəm, bu enerjinin insanda olmağı Allahın həm lütfüdür, həm də möcüzəsi. Şair nədən yazır yazsın, həmişə öz ampulasındadı.Geniş oxucu kütləsi var. Hər halda sevənləri, onu sevməyənlərdən çoxdu. Təpədən dırnağa şairdi Təranə Dəmir! Mövzu qıtlığından əziyyət çəkmir. Həyata, anaya, torpağa, dağa, şəlaləyə, bir sözlə hər şeyə özünün baxış bucağı var. Prinsipləri və dəmir xarakteri onu çinar kimi başını uca tutmağa sövq edir. Bayırda yağan yağışı ona qar kimi sırımaq çətindı.Çünki həqiqət bildiyi hər işdə israrlıdır.Dizinin kişilərə xas bərkliyinə və mərdliyinə təəccüblənməmək olmur. Sadaladığım bu keyfiyyətlər kökündən, tayfasından gəlir. Kolanı tayfasındandı axı.Ailəsinin, elinin, obasının, vətəninin təəssübünü necə çəkirsə, sözün də təəssübünü eləcə çəkir.Sözündən boylanıb dünyaya baxan şairin poeziyası sərhəd tanımır. Normadan artıq həssas, hissiyyatlı və duyğusaldır.Mənə elə gəlir Təranə Dəmirin dünyası gördüyündən böyükdü.Qəlbindəki qatı açılmamış sözlər, pak ruhuyla varaq arasında canlı bir ünsiyyət yaradır.Təranə xanımın şeirlərində bir qəribə səma ənginliyi, özünə məxsus ədəbi ləngər, rənglərin əlvanlığı, pərvazlanmaq duyğusu, yaxamızdan əl çəkməyən müqəddəs kədər- hər şey var. Sonda bu kiçik əsərimin böyük qəhrəmanına həmişəki kimi gələcəkdə yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Yazın, yaradın. Sizə yazmaq, yaratmaq yaraşır. Həm də yaratmaq gözəl hissdir.

    1. 2025.

Hörmətlə: Fəxrəddin Teyyub

Fəxrəddin Teyyubun yazıları

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Açdı taleyimdə yaz çiçəkləri

Bir ovuc ümidə açdım gözümü,
Döydü pəncərəmi bahar bu səhər.
Mənə əl elədi günəş gizlicə,
Silindi könlümdən qubar bu səhər.

Təzədən vuruldum bahara bu gün,
Üzümü , gözümü günəşlə yudum.
Açdı taleyimdə yaz çiçəkləri,
Çəmənə vuruldum, çölə vuruldum.

Yenə sevdalandım yaz səhərinə ,
İşığa bələndim , nura bələndim.
Açıldı ruhumun qaşı , qabağı,
Üstünə səhərin şehi çiləndi.

Bu səhər könlümün buzu əridi,
Bu səhər günəşin oduna düşdüm.
Nə yaxşı üzümə güldü bu səhər,
Nə yaxşı baharın yadına düşdüm.

SÖZÜN YARATDIĞI GÖZƏLLİK VƏ QÜDRƏT

SÖZÜN YARATDIĞI GÖZƏLLİK VƏ QÜDRƏT

Şair Təranə Dəmir yaradıcılığında bunu yaşamağa dəyər

Fb-də bir çox yaradıcı dostlar var ki, onların şeirlərin hər dəfə oxuyanda, düşüncəmə hansısa məntiqli bir söz və yaxud da hansısa oxuduğum bir aforizim hakim kəsilir. Çox zaman fikrimi başqa şeylərlə məşğul etmək istəsəm də, o hissin təsirindən çıxa bilmirəm. Bu hal bir neçə dəfə təkrarlandığından o şairin yaradıcılığına istinad etmək məcburiyyətində qalıram. Çünki, təsirinə düşdüyüm həmin şairin şeirlərinin mənə yaşatdığı gözəlliyi, heç, təbiətin gözəlliyindən belə alıb əvəzləyə bilmirəm…
Artıq neçənci dəfədir ki, gözəl yaradıcılığı ilə məni tilsimləyən şairimiz Təranə Dəmir imzasıyla yaradıcılığın paylaşan dəyərli şairimizin şeirlərin oxuyanda, istər-istəməz yaddaşıma, – “gözəl söz” və “sözün qüdrəti” kimi fikirlər, düşüncəmə sarmaşıq kimi sarılıb qalır. Doğrudan da, onun şeirləri haqqında fikir söyləməyin özüdə, insanda tərəddüd dolu bir məsuliyyət yaradır. Amma, qəlbimdə sakitlik yaratmaq üçün, bəzən məcburiyyət qarşısında qalanda, fikirlərimi, düşüncəmə toxumağa cəhd edirəm. Bu dəfə də belə oldu. Dəfələrlə gözəl şeirləri ilə oxucu kimi məni valeh edən, ruhuma məlhəm kimi yayılan sözlər, bu niyətimdə dəstəkçim olduğuna əmin oldum…
Azərbaycanımızın böyük şair və mütəfəkkiri Məhəmməd Füzulinin söz haqqında söylədiyi bu beyt Təranə Dəmir şeirlərin oxuyanda düşüncəmə hakim kəsildi.

Mən gözəl bir süfrə açdım sözdən
əhli – aləmə,
Onda min zövq artıran hər dürlü
nemət düzmüşəm.
Kim gəlir-gəlsin, aparsın hər nə istər
xatiri,
Qurtaran nemət deyil, süfrəmdən
olmaz heç nə kəm!

Bəli, şair Təranə Dəmir yaradıcılığın izlədikcə onun da sözdən böyük bir süfrə açdığının şahidi oluram. O süfrədə söz gözəlliyi, söz qüdrəti, Təranə Dəmir yaradıcılığın əsas qayəsini özündə büruzə verir.
Çünki, elə böyük mütəfəkkir Məhəmməd Füzuli demiş,

Söz mənadan aslıdır, məna sözdən
hər zaman,
Bir-birindən aslıdı, necə ki,
cisim ilə can.

Böyük mütəfəkkirin dediyi, – “sözün mənadan, mənanın sözdən” – asılılığı, Təranə Dəmir yaradıcılığında elə gözəl nizamlanır ki, bunu görmədən keçib getməkdə heç doğru olmazdı.
Onun, ruh oxşayan istənilən şeirinə istinad etmək olar:

…İndi adamlar yox ,yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya..

Bundan gözəl söz, məna bağlılığını necə təsəvvür etmək olar…?
İndi adamlar yox, yollar darıxır adam üçün…
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, hətta kollar da darıxır…
Zamanın başı üstündə həsrət əsir. Ayrılıqlar uzanır qatar-qatar gedir. İndi daş ömrü yaşayır bütün dünya.
Çünki…,

Hara baxırsan daşdı.
Ürəklər daş , küçələr daş,
Binalar daş , hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,

Hər şey daşlaşmış bir dövürdə yalnız xəyallarında qalan…,

İçində məhəbbət, saçında sığal, ruhunda bahar .

-da darıxır. Çünki,

-Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış,əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr, nidalar ,suallar…

Şairin digər şeirlərində də, ahəngdarlıq, rəngarənglik, sözün mənaya, mənanın sözə bağlılığı hər bir misrasında özünü büruzə verir. Məsələn:

Həqiqəti gəzə- gəzə
Dolanmışıq sərhəd-sərhəd.
Baxıb görmüşük haqq hanı,
O yan zülmət, bu yan zülmət.

Bir şair qəlbinin harayıdır ki, onun narazılığının qəlbindən süzüb gəldiyi kimi poetik cizgilərlə görünməkdədir. Bizə görünən haqqın zülmət içində olması, bir vətəndaş ürəyinin sızıltısıdır.

Bizi kənd -kənd , şəhər -şəhər
Küsdürüblər özümüzdən.
Bir azca sevgimiz vardı,
O da düşüb gözümüzdən.

Bəli, ümüd verən bir az sevgimiz vardı ki,- “O da düşüb gözümüzdən.” – deyir, gözəl şairimiz.

Üzümüzə gülə -gülə
Boynumuza çıxana bax.
Pambıq ilə baş kəsənə,
Evimizi yıxana bax.

Bu haqsız dünyanın eybəcərliyini, bu cür poetik çalarlarla cilallamaq şairin söz zənginliyini göstərir.
Dünya şöhrətli, Fransanın romantik şair və yazıçısı Viktor Hüqo deyir ki, -” Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır”.
Eynən gözəl şairimiz Təranə Dəmirin şeirlərində olduğu kimi.

Yer günahsa, Göy günahsa
Bəs hardadı bu haqq , Allah?
Şeytana gücün çatmırsa ,
Başımızı burax , Allah.

Bəli, şairin bir qəlb üsyanı kimi,- “Şeytana gücün çatmırsa ,
Başımızı burax , Allah”.
Çağdaş Azərbaycan Ədəbiyyatının böyük potensiala malik şairi olan Təranə Dəmir yaradıcılığı boyu, hər bir şeirində sözün gözəlliyin və qüdrətin qoruyub saxlaya bilir.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə deyir ki, – “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır”.
Şairin digər bir şeirinə nəzər salsaq, görərik ki, söz elə gözəl, lokanik dediyindən, fikir əzəməti özün biruzə verib.

-Bu qız bu oğlandan küsüb deyəsən,
Başını qaldırıb üzünə baxmır.
İstəyir çevrilib yanından gedə ,
Onda da ayağı sözünə baxmır.

Və yaxudda bir başqa şeirində…,
Hamımızın Səhər-axşam gedib, gəldiyimiz yolun yol olma qismətini elə incəliklə verib ki, elə bil ki, bir canlının tablosunu yaradır.

Bu yol neçə qışdan, bahardan keçib,
O dərədən keçib, bu yaldan keçib,
Neçə ayrılıqdan, vüsaldan keçib,
Nələrdən keçməyib yol olanacan?

Vurub dağa, daşa özünü gəzib,
Çəkib Yerin, Göyün nazını, gəzib,
Heç vaxt qatlamayıb dizini, gəzib ,
Dolanıb özünə sarılanacan.

Uzana -uzana incəlib bu yol,
Döyülə-döyülə dirçəlib bu yol,
Elə ayaq üstə dincəlib bu yol,
Yüyürüb nəfəsi daralanacan.

Belində nə qədər yükü var, Allah,
Günahı, əzabı, görkü var, Allah,
Bu yol ağrı çəkib o ki var , Allah
Özünə yol tapıb , yol alanacan.

Təranə Dəmir yaradıcılığının hər bir şeirində bu mükəmməllik, gözəllik, inanıram ki, istənilən oxucunu özünə çəkib, onu aslı vəziyyətə salar. Onun istənilən şeirinə istinadımda söz gözəlliyini və söz qüdrətini gördüyümdən daha bir şeirinə müraciət edərək, gözəl şairimiz haqqında düşüncələrimi, böyük çətinliklə də olsa yekunlaşdırmağı qərarlaşdırdım. Çünki, o tilsim düşüncə, ondan ayrılmaq da çətindir…

Sönüb odum , ocağım ,
Külümdən yapışmışam.
Buraxsam yıxılacam,
Ölümdən yapışmışam.

Asılmışam vaxta mən,
Qısılmışam baxta mən,
Nə tapmışam yoxda mən,
Zülümdən yapışmışam.

Dilimi “döz” aparır,
Ya səhv, ya düz, aparır,
İçimi söz aparır,
Çölümdən yapışmışam.

Kim göndərib bu dərdi?
Dərddi, yoxsa qədərdi?
Bu nə gözəl kədərdi,
Əlindən yapışmışam.

Azərbaycan Ədəbiyyatının görkəmli şairlərindən biri olan Süleyman Rüstəm deyir ki, – “Sanıram ki, yer üzünə işıq salan ulduzlar, köçüb getmiş dühaların qocalmayan sözüdür”.
İnanıram ki, şair Təranə Dəmir yaradıcılığında deyilmiş sözlərin hər biri, çağdaş şerimizin qocalmayan sözlərindən olacaq, daimi ulduzlar kimi öz parlaqlığını qoruyub saxlayacaq.
Şair Təranə Dəmir yaradıcılığına baxışımda Məhəmməd Füzulidən sitatlarla başladığım kimi, sözümü də, elə böyük mütəfəkkirin fikirləri ilə bitirmək istəyirəm:

-“Ey könül ! Söz xəzinəsini açsan,
Dinləyən şəxsi gözlə yormayasan !
Bəs edər bu verdiyin inci gövhər ,
İnci də çox olanda dəyəri itər”.
Ancaq bir həqiqəti bilirəm ki, Təranə Dəmir yaradıcılığı heç kimi yormaz və işlətdiyi gövhər sözlər də dəyərdən düşməz…
Böyük səmimiyyətlə şairimizə yaradıcılıq uğurları ilə bərabər can sağlığı və uzun ömür diləyirəm.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü

İndi adamlar yox, yollar darıxır – Təranə Dəmir

İndi adamlar yox, yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya,
Hara baxırsan daşdı.
Ürəklər daş, küçələr daş,
Binalar daş, hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,
İçində məhəbbət, saçında sığal, ruhunda bahar .
Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış, əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr, nidalar, suallar…

Bir “Novruz” bizdən o yana

Bir “Novruz” bizdən o yana

Uşaqlıqda il uzunu səbirsizliklə Novruz bayramını gözləyərdim. Bayramlar görüşdürürdü , qovuşdururdu hamını. Əmilər , dayılar, xalalar, bibilər , nənələr , babalar bayramıydı Novruz . Bayramda hamımızın bir öpüş , bir sığal payımız olardı. Bir illik tənbehdən ( dəcəlliyimiz başımıza bəlaydı) sonra bu pay dünyanın bütün nemətlərindən şirin olardı. Sevildiyimizi o gün anlayardıq sanki. Sən demə hamı bizi çox sevirmiş. Bizim xəbərimiz yoxmuş. Heç kim xətrimizə dəyməzdi. Dadını çıxarardıq bu bəxtəvərliyin. Bilirdik ki, bayramdan sonra yenə hər şey əvvəlki kimi davam edəcək. Yenə tənbeh olunacağıq, sözə baxmayanda yenə üzümüz danlanacaq. Amma içimizdəki sevinci dolu-dolu yaşamaq istəyərdik. Hamının üzündəki sevincdən bizə də pay düşərdi.. Ən azı bayramlarda hamı dərdini, yorğunluğunu , problemlərini, qayğılarını unudardı . Xoşbəxt olmağa çalışardı hamı. Hamı hamının qapısını ürəklə açardı. Yorğun düşərdik ev -ev gəzib insanlarla bayramlaşmaqdan. Amma bu yorğunluqdan da zövq alardıq. Bu yorğunluğun ləzzəti başqaydı axı. Birinci nənəmin yanına qaçardım. Səfurə nənəmin. Bayramlaşmağa. Görərdim ki, nənəm təzə paltarını geyinib oturub öz taxtında. Sultan kimi. Bilirdi ki, hamı onun yanına gələcək . Ona görə də səhərin gözü açılan kimi təzə paltarını geyinib qonaq gözləyərdi. Ağbirçək idi axı. Bizi görüncə üzü işıqlanardı. Üzümdən öpüb yanında oturdardı. Gələnlər əvvəlcə onu , sonra məni öpərdilər. Gətirilən sovqatlardan mütləq payımı verərdi. Qucağım dolardı sovqatla. Xoşbəxtlik deyəndə nədənsə o anları xatırlayıram. Gözümüzdəki gülüşlə , üzümüzdəki öpüşlə, saçımızdakı sığalla çox xoşbəxt idik. Elə böyük arzularımız da yox idi. Sevdiklərimizlə, bapbalaca arzularımızla yaşayırdıq xoşbəxtliyi . Qulaq falına çıxmazdım, qurşaqatdıya da getməzdim Novruzda. Tənbəl idim bu sarıdan. Ürəyimdə arzu da tutmazdım. Sevdiklərim yanımdaydı, bəs idi mənə.
Bütün evlərdən gülüş səsi gələrdi bayramlarda. Tutardıq bu gülüşün ətəyindən , gəzərdik ev-ev, qapı-qapı.Əynimiz bayramdan bayrama sevinərdi . Bu sevinci yaşamaq da bir xoşbəxtlik idi amma. Hamı bir -birinə ürəklə “Bayramınız mübarək” deyə bilirdi. Axı ürəklər də kindən, kidurətdən , nifrətdən uzaq idi o vaxtlar. Mənə görə dünyanın ən pak , təmiz vaxtlarıydı onda. Ətrafımız işıqla doluydu.
Göz açıb yumunca vaxt keçdi. Böyüdük . Bayram -bayram , sığal-sığal böyüdük. Bizimlə birgə arzularımız da böyüdü.
Bir də gördük ki, nə nənə var, nə sığal , nə öpüş , nə o evlər. Köhnə evləri söküb yerində daha böyük , daha təmtəraqlı evlər tikildi. İşığı əvvəlkindən daha az , sevgisi bir dadımlıq , qapısı , pəncərəsi kilidli. Anladıq ki, sən demə dünya biz düşündüyümüz kimi elə də işıqlı deyilmiş. Biz işıqla baxmışıq sadəcə hər şeyə. Evlər böyüdükcə adamlar azaldı . Adamlar seyrəldikcə bayramlar da kiçildi. . Qopduq bir -birimizdən. İçimizdən qopduq . Baxışlardakı gileydə , tənhalıqda itib batdı bütün bəşəri duyğular. Kirləndi ürəklər. Sonra bayramlardan da utandıq , çata bilmədiyimiz arzularımızdan da. Elə saçımızdakı sığaldan da, yanağımızdakı öpüşdən də .

Təranə Dəmir – KÖLGƏLƏR

KÖLGƏLƏR

Adam qaranlıqda yol gedirdi. Yol da onunla gedirdi sanki. Bitmirdi, tükənmirdi. Kölgəsi özündən qabağa düşmüşdü.. Qaranlıqda böyüyüb div boyda olmuşdu adam . Kölgəsinə heyrətlə , altdan yuxarı baxırdı. Arada əlini qaldırıb boyunu ölçürdü . Kölgə də onunla birgə əlini qaldırırdı . Kim kimə təslim olurdu gecə vaxtı? Bilmirdi. Yolun qırağındakı ağaclar adama bənzəyirdi. Onların da kölgəsi uzanmışdı yol boyu. Hərdən yuxulu- yuxulu gərnəşirdi budaqlar. Adama elə gəlirdi ağaclar yerində qımıldanır. Səsini də eşidirdi ağacların. Fikirləşirdi ki, yəqin bu ağaclar da bir- birini yarpaqların, budaqların hənirindən tanıyır. Bəlkə də hamısı elə bir kökdən cücərib. Adam öz fikirlərinə özünü inandırmışdı gecə vaxtı . Bircə onu bilirdi ki, tək deyil bu qaranlıqda. Kölgəsi də onunladı, yol da, ağaclar da. Qorxusu yox idi heç nədən. Arabir fit çalırdı özüyçün. Lap uşaq vaxtı olduğu kimi. Atası öyrətmişdi fit çalmağı. Daha doğrusu qıraqdan baxıb öyrənmişdi . Ömründə ilk dəfə fit səsi hər şeydən doğma gəldi qulağına. Demək bir səs ortağı da vardı qaranlıqda. Birdən gördü ki, hardansa işıq düşür yolunun üstünə. Bapbalaca, ovuc içi boyda. Əvvəlcə ətrafına , sonra göy üzünə baxdı. Göy üzü ulduzla doluydu. Çiçək açmışdı göy üzü sanki ulduz-ulduz. Sonra ulduzlar da qoşuldu adama. Addım -addım , kölgə -kölgə , ağac-ağac, ulduz-ulduz yeriməyə başladılar. Əsas odu ki, tək deyildi göyün altında , yerin üstündə . Uzaqdan, lap uzaqdan it səsi gəlirdi. Aha, ondan başqa da yuxusu qaçanlar varmış. Axı köpəklər çox vaxt ayaq səsinə hürür. İstədi geriyə , evinə dönə. Sonra nə fikirləşdisə addımlarını yeyinlətdi. Nə olur olsun irəli gedəcəkdi . Adam gecə vaxtı nədənsə özünü inandırmışdı ki, irəlidə onu gözəl şeylər gözləyir. Ona görə də kölgəsindən tuta -tuta, ağaclara, yola, ulduzlara qısıla -qısıla gedirdi yolun başındakı səadətə sarı. Fit də çalmırdı daha. Eləcə gedirdi. Qolları havanı , ayaqları yolu ölçürdü. Birdən nə gördüsə anidən dayandı. Daha doğrusu ayaqları yerə kilidləndi. Qaranlığın içindən bir cüt göz baxırdı gözünün içinə. Elə bildi yuxu görür. Əl atıb gözünü ovuşdurdu. Bir neçə dəfə kirpik çaldı. Yox , yuxu filan deyildi. Qaranlıqda bir cüt göz par-par yanırdı. Üşəndi. Soyuq tər basdı adamı. Barmaqlarını ovcuna sıxıb dayandı. Sonra ətrafa baxdı. Nə ağaclar vardı , nə ulduzlar. Yol idi, bir özü, bir də kölgəsi.

Təranə Dəmir – O gecə saatın əqrəbləri…

Fuadımın böyük qardaşı Vüqarımın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım..

O gecə saatın əqrəbləri
2 -nin üstündə ilişib qaldı,
Tutub çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım Göy üzünə
ən azı min kərə o gecə,
Səni Tanrıya, ulduzlara , aya , səmaya tapşırdım ,
Səsim göy üzündə azdı.
Başımın üstündə dayanıb sakit-sakit
üzümə baxdı qaranlıq,
Kimsə Göy üzünə daş atmışdı deyəsən,
O gecə pəncərəmdən işıq düşmədi.
Kölgə xatirələr boylandı zülmətin dörd tərəfindən ,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən.
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik -çilik olub
töküldü sənin otuz üç yaşına.

Təranə Dəmir – SƏSİNDƏ YOL GEDƏN ADAM

SƏSİNDƏ YOL GEDƏN ADAM

Bəzən sükuta bürünərsən bir səsin harayında. Təkliyinə, tənhalığına dönərsən. Yolunu aydınladar bu səs. İşıq tutar sabahına. Külünə bələnərsən. Təzədən doğularsan bu harayın səssizliyində. Heca -heca doğularsan, misra-misra var olarsan. Səsin sehrindən çıxmaq istəməzsən uzun müddət. Çəkib çıxarar səni qaranlığın , zülmətin içindən bu səs. Xəyalların əlindən tutub üz tutarsan məchulluğa. Paklanarsan , durularsan. Unudarsan dünyadakı bütün pislikləri. İçin dolar gözəlliklə və düşünərsən ki, hələ yaşamağa dəyər. Eynən Murad Zeynalın səsindəki işıq kimi . Pıçıltısında haray var , üsyan var bu səsin. Eşidən bilər. İstər nəğmələrində, istər qiraətlərində səsiylə danışır Murad Zeynal. Səsiylə anladır özünü, duyğularını, hiss etdiklərini, yaşadıqlarını və yaşamadıqlarını. Ovuda-ovuda , sarıya-sarıya danışır bu səs adamla. Qanatmadan, qırıb tökmədən. İnsanı yaşamağa, sevgiyə , Tanrya inandırır. Səsin mələk qanadlarında uçursan göyün yeddinci qatına. Kimin gücü çatar səni göydən endirməyə. Səsinin sehrində unudarsan bütün ağrılarını , kədərini, inçikliyini, narahatlığını.
Səsiylə tanımışam bu gənci. Elə səsiylə də anladıb özünü və elə bilmişəm ki, onu min ildi tanıyıram. Yol yoldaşı edib məni səsinə. Zərrə -zərrə hopub ruhumuza bu səs.
Qəribə arxayınçılığa da var Murad Zeynalın. Özünə , səsinə güvəndən irəli gəlir bu arxayınçılıq yəqin ki. Sözü yaşaya- yaşaya yaşadanlardandı axı.
Sözümüz onun səsində çiçəkləyir, qol -budaq atır, böyüyür. Murad Zeynalın səsinin qanadları var sanki. Bizim yaşadıqlarımızı nöqtəsinəcən, vergülünəcən özününkü edə bilir bu gənc adam. Dinləyicini ilk andan özünə ram etməyi bacarır. Sakit, pafossuz danışmağı sevir. Azadlığına düşkündü. Riyadan və boyadan uzaqdı . Heç nə ummaz adamdan. Yetər ki, şeir ürəyinə yatsın. Tez bir zamanda ya musiqiyə çevriləcək, ya səsə. Ürəyində kin və paxıllığa yer yoxdu. Ədalətlidi. Həqiqətin əllərindən tutub addımlayar sabaha. Dünəni də unutmaz. Tez kövrələndi. Söz verdisə edər. Bir də qəribə bir nigarançılığı var. Adama sirrini açmaz. Səsindən duyarıq narahatlığını. Amma içində həmişə bir ümid saxlayar. Yıxılanda tutmağa. Sözü urvatdan salanlardan deyil, dağ başına qoyanlardandı. İşığından hər kəsə pay düşər. Mən bu gəncin , səsi ilə sözümüzü sehrləyən Murad Zeynalın üzünü görməsəm də ruhunu gözəl tanıyıram . Bilirəm ki, bu səsin sahibindən heç kimə ziyan gəlməz. Mənə görə bu da bir uğurdu. Hələ ki, səsində yol gedirik. Onsuz da bütün yollar Tanrıdan keçir.