Hərdən küsər qafiyələr adamdan

Hərdən küsər qafiyələr adamdan,
Misra -misra, heca- heca ağlayar.
Düşüb sınar o bacadan, bu damdan,
Ağrısını quca-quca ağlayar.

Gah arzudan, gah həvəsdən yıxılar,
Gah baxışdan, gah nəfəsdən yıxılar,
Gah o səsdən, gah bu səsdən yıxılar,
Sözdən sözə keçə-keçə ağlayar.

Sevdalanar, qış qapını kəsdirər,
İnadlaşar, “kaş” qapını kəsdirər,
Xəyalları sətir-sətir gəzdirər,
Heç nə tapmaz, durub heçə ağlayar.

Gözə girər varaq-varaq şeirlər,
Sınıq-salxaq, yüngül-yaraq şeirlər,
Gündüz sərsəm, gecə oyaq şeirlər
Uçan vaxta, gedən köçə ağlayar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir