İndi adamlar yox, yollar darıxır – Təranə Dəmir

İndi adamlar yox, yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya,
Hara baxırsan daşdı.
Ürəklər daş, küçələr daş,
Binalar daş, hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,
İçində məhəbbət, saçında sığal, ruhunda bahar .
Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış, əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr, nidalar, suallar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir