Etiket arxivi: Tapdıq Əlibəyli 65

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI”

Zamanın axarında ömrün sürət qatarı necə şütüyürsə, illərin necə gəlib-keçdiyinə təəccüb edirsən. Bir də baxırsan ki, cavan tanıdığın adam artıq müdrik yaşa gəlib çatıb… Bəlkə də, ən yaxşı ədəbi əsərlər isə zamanın axarına qarşı çıxaraq, əslində zamanın dərinliklərinə nüfuz etməyi bacaran ədiblərin yardıçılığında öz əksini tapır. Bu fikri 65 illik yubileyi ərəfəsində olması ilə məni ötən illərə çəkib aparan, uzun illərin dostu, dərin düşüncəli və zəngin ruhlu şair-publisist Tapdıq Əlibəyliyə də şamil etmək olar. Bu təmiz qəlb sahibi gözlərimin önündə 65 yaşı tamamlamaqdadır. İndi mən onu 65 yaşlı Tapdıq Əlibəyli kimi təqdir edir, şəxsiyyətinə də, yaradıcılığına da hörmətlə yanaşıram.
Tapdıq Əlibəyli öz ədəbi səsi-nəfəsi olan şairdir. Həyatı da, taleyi də eyni rakursdan çözür. Bu səbəbdən onun qələmə aldıqları oxucunu xoş ovqata kökləyir, onu daim düşünməyə, ciddi olmağa sövq edir. Bunu bütövlükdə yaradıçılığını səmimiyyət müşayiət edən şairin şeirlərində bariz şəkildə görmək mümkündür:

Qələmim – alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Bu poetik çalara bürünmüş düşüncədə – şeirdə Tapdıq Əlibəyli ömrü müqəddəs Sözün məqamları ilə yaşantı olaraq ehtiva olunub. Deyərdim ki, şeirdə Söz adamının sözlə çəkilmiş portreti olduqça canlı və təbii şəkildə təqdim olunur.
Səmimi deyim ki, bu şeirin içində insan özünü də görür, həyatını da, sabah-biri gün, ümumilikdə gələcəkdə yaşayacağı halları sətiraltı izləyir. Təbii ki, bir insan həyatında baş verə biləcək müəyyən hadisələri qabaqcadan bilmək üçün çox cəhdlər edir, bəzən buna nail olur, bəzən yanlışlıqlar onu öz əhatəsinə elə alır ki, çaş-baş qalır, ancaq ümid işığını söndürmür. Tapdıq Əlibəylinin yuxarıdakı şeiri oxucuya məhz bunu anladır.
Tapdıq Əlibəyli üçün sürətlə ötən ömür-həyat bir Tanrı nişanəsidir – Söz şəklində bir ruh, könül işidir:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Belə deyim ki, şair üçün “şeir feyzi” bir söz ehsanıdır, o, daim “bu fitrətə əhsən olsun” deyir. Sonra da “əzizlədim hər misranı, söz çələngim ehsan olsun” deməklə oxucuda həyata fərqli maraq yaradır.

65 yaşlı şair bu gün “yol gedirəm qərib-qərib, şeir-şeir dərgahına” fikri ilə ömür səfərinin ən qaynar həddində olduğunu bəyan edir. Bu yolda onu “qəlib-qəlib dualar” izləyir və bu dualar “Yaradana…agah”dır.
Tapdıq Əlibəyli yazır:

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.

Bunu sözgəlişi demir əslində, razılaşaq ki, şairin dediklərində bir həqiqət var. Çünki “şairlər əzəldən söz pərvanəsi”dir, zaman-zaman “atəşə tutulub, oda yaxılıb”. “Sözü açıbsa da zindan-qəfəsi, şair ürəyinə güllə çaxılıb”… Bu fikirlərdə məyusluq doğuran heç nə yoxdur. Əksinə, şair həyatla insan arasındakı sərhədləri keçməyin mümkünlüyündən bəhs edir, çətin keçiləsi bütün yol ayrıclarında onu duyan oxucu üçün bir çıxış qapısının olduğunu deyir.
Şairin qəlbində yaşanan eşq həm fiziki, həm də mənəvi dünyanı aydınladan işıq kimidir. Bu, sadəcə insanın cismani eşqi deyil, həyatın bütün parıltılarına, müsbət və mənfi tərəflərinə duyulan dərin və əbədi sevgidir. Tapdıq Əlibəylinin qəlbi, məhz bu eşqin təsirindədir; onun ürəyi bir sehrin içindədir ki, hər an bir ritm tapır, hər an bir şeirə çevrilir. Bu, daha dərindən gələn bir ehtirasdır ki, insanın ruhunu oyandırır, varlığını özündən alır və onu sonsuz bir axtarışa, yaradıcı bir halətə gətirir.
Tapdıq Əlibəylinin şeirlərində bu axtarış bir çox formaya bürünür: bəzən incəliklə, bəzən isə sərt bir şəkildə. Ancaq nəticə eynidir: bu eşq heç vaxt bitmir, hər zaman yenilənir, hər zaman şairi özünə çəkir.
Şairlərin gözəlliyə olan sevgisi əbədidir. Onlar yalnız gözəl olanı yox, bu gözəlliyin arxasında dayanan acıları, ağrıları və həyəcanları da sevərlər. Bu sevgi onları dərinə, səmimi duyğulara aparır və yazılarında yalnız gözəlliyi deyil, həmin gözəlliyin kədərli çalarlarını da ortaya qoyurlar. Tapdıq Əlibəylinin yaradıcılığı məhz bu özəllikdə duyğuların, ehtizazların təcəssümüdür:

Gözümə, könlümə köçən gözəllik –
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol – əbədilik…
Baharla payızın gözəlliyitək.

O gözəllik ki, şairin varlığını riqqətə gətirir, hər bir kəlməni təzələyir, bütün aləmi bürüyür – bu, zamanın səsidir, əbədiliyin gözəlliyidir. Bu, bir həyat fəlsəfəsidir, varlığın hər anını təkrar-təkrar hiss etmə ehtiyacı ilə əlaqəlidir. Şair həyatın hər bir anını, hər bir gözəlliyi yeni bir başlanğıc kimi qəbul edir.
Tapdıq Əlibəylinin şeirləri, bu sevginin, bu ehtirasın, bu dərinliklərin ən yüksək nöqtələrində yüksəlir. Onun şeirində gözəllik bəzən pərişanlığın, bəzən sevdanın, bəzən nisgilin təbəssümüdür, amma hər zaman bir qeyri-adi dünya hissi ilə əlaqəlidir. Çünki onun sevgisi sadəcə bu dünyaya aid deyil – bu, əbədi, zamanın keçməz gözəlliyidir.
Şeirlərinin birinə belə yazır:

Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşək tək çaxır.

Tapdıq Əlibəyli çörək, həyat və əl qabarı arasındakı məsamələrin hamısında eyni rəng çaları tapır və bunu hamımıza göstərməyə müvəffəq olur.
Şairin “dünya bəmdən zilə qəm nəğməsiymiş” fikri də eyni qənaəti ortaya qoyur. Çünki həyat acılarını “oxuyan da bizik, dinləyən də biz”. “Fələk saya salmaz sən saydığını”. Fələklə insan arasında olanlara ya insanın iradə zəifliyi, ya da şeytanın fövqəladə gücü səbəbdir.
Döğrudan da, “insan piyadadırsa, zamansa atdadırsa, qəfildən qara hislər həyatın ağlığını qara pərdələrlə örtər”.
Həyatda əbədi nə var? Heç nə. Tapdıq Əlibəylinin aşağıdakı misraları bu anlamı ifadə edir:

Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.

Zaman gəlir ki, atalı-analı günlərin bir xəyala çevrilir. Belə bir yaşantının acısı ilə tutuşan şair bu təlaşın hamıda eyni olduğunu, lakin bu ayrılığı hərənin bir cür çəkdiyini deyir.
Mən aşağıdakı şeir parçalarında da Tapdıq Əlibəylini həyata bağlı, zəhmət qubarında bərkiyən adam kimi görürəm:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət – torpaqdakı sirr…

Burda əzəlimin paklığı yatıb,
Ən ülvi hisslərə köklənib ruhum.
Fərəhim ürəkdə zivəyə çatıb,
Torpağın qüdrətin nə vaxt ki duydum.

                   *** 

Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır, seyr et doyunca.

Bu misraları oxuduqca sanki Tapdıq Əlibəylinin yaşadığı 65 ilin hamısı gözlərimin önündən mülayim, ilıq-isti baxışlarla ötür, onun ömür-həyat göydələnində 65 mərtəbə Allah sevgisi ilə süslənmiş şəkildə nəzərimdə canlanır. Çünki şair qəlbi nə qədər təmizdirsə, bir o qədər israrlı, çək-çevirlidir. Bu israrlar,bu çək-çevirlər əsl insan sevgisi ilə doludur deyə mən Tapdıq Əlibəylinin ömür qatarının içində apardıqlarını dəqiq görür və bunları təqdir etməkdən məmnunluq duyuram.
Sənə can sağlığı arzu edirəm, şair qardaşım! 65-illik yubleyin mübarək olsun!

Raqif Nazimoglu,
hüquq elmləri üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü, şair-publisist,
“İti Qələm” Respublika Ədəbi Birliyi və
“Ağsu Yazarları” Ədəbi Birliyinin sədri,
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının fəxri professoru

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hacı Çingiz Ərəbli – Tapdıq Əlibəyli – 65


ZAMANIN FÖVQÜNDƏ OLAN ŞAİR

Zaman hər kəsi sınağa çəkir. Bu həyatın dəyişməz qanunudur. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə əksinə, çətinliklərin ağırlığı altında sınır. Kimi sözü ilə, kimi əməli ilə bu sınaqdan keçir və hər kəs öz mahiyyətini zamanın aynasında göstərir. Elə insanlar var ki, zaman onlardan sadəcə keçib getmir; əksinə, onların daxilindən süzülərək dərin bir mənaya, hikmətə çevrilir. Məhz belə şəxsiyyətlər cəmiyyətin və ədəbiyyatın yaddaşında iz qoyur. Ədəbi camiədə isə bu cür insanlar çox nadir yetişir. Şair Tapdıq Əlibəyli də məhz bu nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında şairdir – sözü duyan, ona can verən, hissləri incə çalarları ilə ifadə etməyi bacaran sənətkardır. Eyni zamanda, o, insan kimi də öz bütövlüyünü qoruyan, mənəvi dəyərlərə sadiq qalan, saf və səmimi bir şəxsiyyətdir.
Dağlar qoynunda yerləşən Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açması onun taleyində təsadüfi bir məqam deyil. Uşaqlıqdan nəfəsinə qarışan saf dağ havası, təbiətin sakitliyi və ucalığı onun ruhunun formalaşmasında mühüm rol oynamışdır. Bu mühit insanın daxilində təmizlik, saflıq və həssaslıq yaradan təbii bir məktəb kimidir. Bununla yanaşı, onun şəxsiyyətinin formalaşmasında genetik irs və sosial mühit də az rol oynamamışdır.
Bütün bu amillərin vəhdəti nəticəsində o, həm mənəvi, həm də fiziki aləmin incəliklərini dərindən duymağı bacaran bir sənətkara çevrilmişdir. Bu duyum, bu həssaslıq onun sözündə, misralarında öz əksini tapır. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, ruhun aynası, düşüncənin səsi kimi təqdim edir. Elə buna görə də Tapdıq Əlibəyli sözün əsl mənasında söz sərrafıdır – hər kəlməni seçən, ona dəyər verən və onu mənaya çevirən nadir sənətkarlardan biridir.
Tapdıq Əlibəyli publisistik məqalələrinin birində yazır: “Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var.

Hansı ki mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət… Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii – “nizamlı” söz – şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.”
Özünün dediyi kimi, söz nizamının işığında sözün heyrətinə bələnə-bələnə ömür təqviminin 65 ilini tamamlamaqdadır Tapdıq Əlibəyli.

Söz sərrafı sığal çəkər sözünə,
Təriflənsə, həya çökər üzünə.
Sözdən elə saray tikər özünə,
Bülənd olar goy üzünə sədası.

Son dövrdə şeir yazanların sayı artıb, lakin əsl, özünəməxsus və şeiriyyəti dərin mənaya malik şairlər şübhəsiz ki, azdır. Bu ədəbi fonda Tapdıq Əlibəyli sözə sığal çəkib ona yeni məna qataraq, şeirin və sözün həqiqi təmsilçisinə çevrilir. O, göstərir ki, hər zaman sözün, şeirin və ədəbiyyatın keşiyində duran, təxəyyülü zəngin və ifadəsi güclü şairlər var və onlar öz poetik inciləri ilə ədəbiyyatımıza dəyər qatır.
Çağdaş ədəbiyyatımızda poeziyanı təkcə təmsil etməklə qalmayan, ona yeni bir nəfəs, rəng və şirinlik verən Tapdıq Əlibəyli, hər zaman bizim yolumuzu işıqlandıran, ruhumuzu qidalandıran bir bələdçimizdir. Onun şeirləri yalnız poetik məzmunu ilə deyil, həm də içindəki həyat fəlsəfəsi və bədii üslubunun incəliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, Tapdıq Əlibəylinin üslubu sadəcə müasir poeziyanın qiymətli bir nümunəsi deyil, həm də ədəbiyyatımızın gələcəyinə işıq tutan bir xəzinədir. Düşünürəm ki, onun əsərləri, hərtərəfli araşdırılmalı, daha dərindən öyrənilməli və dəyərləndirilməlidir.
Bəzən mənə elə gəlir ki, Tapdıq Əlibəylini şair olaraq ilk kəşf edən insan mənəm. Yəqin ki, bu hiss müəllifi olduğum və Tapdıq müəllimin redaktoru olduğu, ön söz yazdığı “Eşqnamə” əsəri üzərində birlikdə çalışmamızdan və bu çalışma sayəsində ona daha yaxından bələd olmamdan irəli gəlir. Təmiz ürəkli, xoş diləkli və zəngin iç dünyası olan bu insan ədəbi camiədə özünəməxsus bir yer tutub.
Əminəm ki, Tapdıq Əlibəyli sözünə olan məhəbbət və hörmət sayəsində, ədəbiyyatımızda silinməyən dərin izlər buraxacaq və əsərləri gələcək nəsillər tərəfindən də hər zaman sevilərək zaman-zaman oxunacaq. Çünki onun yaradıçılığı zamanın fövqündədir.
Tapdıq Əlibəylinin sözə sığal çəkmək bacarığı da özünəməxsusdur – hər bir ifadə sanki bir naxış kimi ortaya çıxır. Məsələn, “Payız çöhrəsində yazdı 44 Gün” kitabını oxuyarkən sanki təsirli bir filmə tamaşa edirsən. Qeyd edim ki, bu əsər nəşr tarixi etibarı ilə Zəfərlə nəticələnən Vətən müharibəsi (Qarabağ) mövzusunda ilk poetik salnamədir.

Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı…
Payız çöhrəsində yazdı 44 gün.

Əminliklə demək olar ki, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndilərindən biri olan Tapdıq Əlibəylinin yaradıcılığı, ədəbiyyatımıza dəyərli bir töhfədir. Aşağıdakı bəndin prototipi də elə sevimli şairimizdir.

Şairlər duyğusal, kövrək olurlar,
Elə bil nur üzlü mələk olurlar,
Möhürü söz olur, qibləsi sevgi,
Qəlbinin səsiylə ahəng olurlar.

Söz dəryasına dalmaq, onun dərinliklərinə enmək hər şairin qismətinə düşməz. Sözün hər incəliyini və gözəlliyini axtarıb tapmaq üçün bu dərinliklərə qəvvas kimi enən şairlər həqiqətən də tərifə layiqdir. Necə ki, özünün də dediyi kimi:

Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci gəzirım.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.

Tapdıq Əlibəylinin ən diqqətçəkən və təqdirəlayiq xüsusiyyətlərindən biri onun insanlara olan dərin həssaslığı və yüksək dəyər verməsidir. O, Azərbaycana layiqincə xidmət etmiş, xalqının rifahı üçün çalışan şəxsləri mütəmadi olaraq gündəmə gətirir və dünyasını dəyişənləri heç vaxt unutmur, həmişə onların xatirəsini yad edir və bizə onların töhfələrini xatırladır.
Bu xüsusiyyətini nəzərə alaraq, Tapdıq Əlibəyliyə həsr etdiyim şeiri məmnuniyyətlə xatırlamaq istəyirəm:

Şair var boğulur öz göz yaşında,
Şair var heç adı yox baş daşında,
Şair var yüz sual var baxışında,
Sağ ol ki, hər kəsi yada salırsan.

Şair var gəlməyir səsi- sorağı,
Şair var yazdığı yalnız bayağı,
Şair var sönübdür ömür çırağı,
Sağ ol ki, hər kəsi yada salırsan.

Böyük ürəyin var, böyük amalın,
Tapdıq Əlibəyli, nurdur camalın,
Ünvanlar dolanır şair xəyalın,
Sağ ol ki, hər kəsi yada salırsan.

Çingiz Ərəblidir gördüyün yazan,
Yazdığı zamanda verildi azan…
İmzalar içində seçilir imzan,
Sağ ol ki, hər kəsi yada salırsan.

Tapdıq Əlibəyli həm də sədaqətli dostdur. Onunla söhbət etmək insanı daxilən rahatlaşdırır. Saçlarının ağarması və həyatın üzündə çəkdiyi naxışlar onun nurani çöhrəsinə yaraşır və əzəmətini artırır. Əlbəttə, bu onun qocalmasından yox, ucalmasından xəbər verir. Şair dostuma ithaf olaraq yazdığım kimi:

Şair dostum, gör bizi zaman necə qocaltdı;
Saçımıza dən salıb, gündən-günə çoxaltdı.
Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı…
Deyim var ki, başında zirvələrin qar olar.

Ruhumuzsa cavandır, sanki on beş yaşında,
Onun da ağ yoxdu ki, nə “saçında”, “qaşında”.
Bir ömürlük hakimdir qəlb evinin başında,
Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.

Ağaran tək saç olsun, ürək qocalmasın heç,
Ömrümüzdən qoy illər təki bac almasın heç,
Dostlarımız ucalsın düşmən ucalmasın heç,
Yoxsa ki hər günümüz ancaq ahu-zar olar…

Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə bəd nəzərdən, pis gözlərdən üzaq olmasını diləyirəm.
65 yaşın zirvəsindən üzü 100 ilin zirvəsinə ucalasan, əziz dost!

Hacı Çingiz Ərəbli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Bilgəh Sağlamlıq Mərkəzinin Baş Həkimi

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN SÖZ DÜNYASI

1 iyul 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, şair və jurnalist Tapdıq Əlibəylinin 65 illik yubileyidir. Bu münasibətlə onu əvvəlcədən təbrik edirəm. Tapdıq müəllimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Tapdıq Əlibəyli ilə biz eyni bölgədə – cənub zonasında dünyaya göz açmışıq. Lakin onunla tanışlığım təqribən 20 il əvvəl mərhum professor İsa Alıyev vasitəsilə olub. İsa müəllimlə Tapdıq Əlibəyli yaxın dost idilər. İsa müəllim iqtisadçı alim olsa da, sözə və sənətə ürəkdən bağlı idi. Aşıq musiqisini, muğamı gözəl bilirdi. Özü də şeirlər yazırdı. Onlar tez-tez görüşürdülər. Tapdıq Əlibəyli İsa müəllimi görmək üçün İqtisadiyyat İnstitutuna gəlirdi. İsa müəllim həmin vaxt İqtisadiyyat İnstitutunun direktoru, mən isə elmi katibi idim. O görüşlərin birində İsa müəllim məni Tapdıq Əlibəyli ilə tanış etdi:
– Rəsmiyyə, qızım, tanış ol, sənin yerlin – şair Tapdıq Əlibəyli.
Əslində, mən Tapdıq Əlibəylini qiyabi də olsa şair və jurnalist kimi tanıyırdım, imzasına bələd idim. Sadəcə, əyani tanışlığımız İsa müəllimin sayəsində oldu.

Tapdıq Əlibəyli

Tapdıq Əlibəylinin 65 illik ömür yolu zəngindir. O, gənc yaşlarından könlünü poeziyaya verib. “Ülü söz”ün alovu onu da yandırıb yaxıb:

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Şairi tale sıxanda da, həyat üzərinə yeriyəndə də bütün qələm əhli kimi söz köməyinə çatıb:

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Tapdıq Əlibəylinin yaradıcılığında “söz” anlayışı yalnız ifadə vasitəsi deyil, həm də insanın mahiyyətini açan əsas amildir. “Şeirlərim bir duadı” adlı şeirində şair yazır:

Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

“Yanğı həzzi” şeirində şair sözün gücünü od, şimşək, yanğı kimi obrazlarla təqdim edir. Burada söz həm yaradan, həm də yandıran qüvvə kimi təsvir olunur. Şairin fikrincə, həqiqi söz ürəkdən gəlməlidir. “Şam təki şair ömrü də…” misrası ilə şair öz taleyini yanan, əridikcə işıq saçan bir varlığa bənzədir:

Yandırıb Sözü yaxanın
Sözü də yandırıb- yaxır.
Özünü özü yıxanı
Doğması, yadı da yıxır.

“Bükmə ətəyinə abrını sözün” şeirində isə şair sözün məsuliyyətini vurğulayır. Saxta, duyğusuz yazanlara qarşı sərt mövqe nümayiş etdirir:

Qoy səni mindirim mən cin atına,
Enişli-yoxuşlu çap yorulunca.
Özün enmədikcə sözün qatına,
Beləcə çaparsan ömrün boyunca…

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası ilə yaxından tanış olduqda onun yaradıcılığında üç əsas xətti görmək mümkündür: birincisi – sözün və sənətin müqəddəsliyi; ikincisi – cəmiyyətin mənəvi problemləri; üçüncüsü – doğma yurd və təbiət sevgisi.
Tapdıq Əlibəylinin poeziyasının dili sadə olsa da, lakin obrazlıdır. Xalq danışıq üslubuna yaxın ifadələr, atalar sözlərini xatırladan misralar şeirlərin təsir gücünü artırır, oxucunu düşündürməklə yanaşı, duyğulandırır.
Tapdıq Əlibəylinin şeirlərində xalqın mənəvi dəyərləri, tarixi yaddaşı, eləcə də müasir həyatın ritmi ahəngdar şəkildə birləşir. Onun incə lirizmi və vətənpərvərlik duyğusu yaradıcılığına xüsusi əhəmiyyət qazandırır. “Payız çöhrəsində yazdı 44 Gün” kitabı şairin vətənpərvərlik duyğularının tərənnümüdür. “Gördüyüm başqadı” şeirində isə daha çox ictimai-fəlsəfi motivlər ön plana çıxır. Dünya qeyri-sabit, ziddiyyətli bir məkan kimi təqdim olunur. Burada həqiqət və yalanın, düz və əyrinin qarşıdurması verilir. Şair cəmiyyətin mənəvi aşınmasından narahatlıq keçirir:

Gözlərin oynayır ala buludda,
Fələk saya salmaz sən saydığını.
Sən ki piyadasan, zamansa atda,
Qəfildən boyayar qara ağını…

yaxud:

Hər atası kordan zaman Koroğlu olmaz,
Ağsaqqal sayılmaz hər ahıl kəs də.
Olsa da nə qədər saç-saqqal bəyaz,
Müdriklik bir şərtdir ağsaqqal kəsdə.

Tapdıq Əlibəylinin yaradıcılığında yurd sevgisi xüsusi yer tutur. Bürzünbül mövzusunda yazdığı şeirlərdə doğma kəndin təbiətini təsvir edir:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası -Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası -Bürzünbül.

Bu şeirlərdə sadəlik, halallıq, qonaqpərvərlik kimi milli dəyərlər ön plana çəkilir. Şair doğma torpağı yalnız coğrafi məkan kimi deyil, həm də mənəvi kök, milli kimlik kimi təqdim edir:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət -torpaqdakı sirr…

“Çanaq bulaq”, “Dağlar vüqarını çeşməyə süzüb”, “Təbiət sağlığı qoruyub burda” kimi şeirlərdə təbiət canlı, poetik lövhələrlə təsvir olunur. Təbiət yalnız fon deyil, insanın daxili aləmi ilə vəhdət təşkil edən canlı bir varlıqdır. Bulaq, dağ, çəmən obrazları saflıq, paklıq və həyatın davamlılığını simvolizə edir.
Lakin zamanın təsiri ilə itən dəyərlər şairi düşündürür, kədərləndirir. “Bir ev vardı…” şeiri nostalji ruhda yazılmışdır. Şair uşaqlıq xatirələrini, ailə mühitini, ata-ana obrazlarını sevgi ilə yad edir. Təbiət elementləri (söyüd, tut ağacı və s.) insan taleyi ilə paralel təqdim olunur:

Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə elə birdi ağrı-acımız…
Hopub xəyallara uşaqlıq çağı.

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası milli ruhu, mənəvi dəyərləri qoruyan və sözün gücünü ucaldan poetik nümunələrdir.

Rəsmiyyə Sabir,
İqtisad elmləri doktoru,
professor

Rəsmiyyə Sabiirin yazıları

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Musa Qasımlı yazır

Tapdıq Əlibəyli – 65
DAĞ SAFLIĞINA BƏLƏNƏN ŞAİR

Tanınmış şair Tapdıq Əlibəylinin yaradıcılığını təhlil etmək fikrindən uzağam. Bu, ədəbiyyatşünasların işidir. Mən bu yazıda şairin doğulduğu el-obasına bağlılığının yaradıcılığında necə əks olunması və şəxsi keyfiyyətləri barədə bəzi fikirlərimi bölüşmək istəyirəm. İnsanın doğulub boya-başa çatdığı məkanın, onun tarixi-milli yaddaşında mühüm və danılmaz bir rol oynadığı şübhəsizdir. Həmin məkanın insanın xarakterinə, düşüncə tərzinə, duyğularına və hətta yaradıcılığına təsiri çox böyükdür. Bu baxımdan şair-publisist Tapdıq Əlibəylinin doğulduğu yerə olan dərin bağlılığı, ruhunun saflığı, təbiətindəki saflıq, şeirindəki təbiilik və sadəlik, onun bütün yaradıcılığına xasdır. Sadəliyi onun böyüklüyüdür. Bu bağlılıq, həm də onun daxili aləmi ilə təbiətin vəhdətini ortaya qoyan bir sənətkarlıq nümunəsidir. Şair gözəl yazır:

Ayna bulaqları düşüb dillərə,
Çeşmələr daşlardan qaynayıb-daşır…
Qayalar dibinə sinən hər dərə
Dərinlik diliylə dinib-danışır.

Şairin bütün yaradıcılığında olduğu kimi, bu şeirdə də quru, şablon və pafoslu ifadələr yoxdur. Misraların dili ilə deyir ki, insanın sinəsində yerləşən ürəkdən gələn sözlər dərinlikdən, daşlardan süzülüb gələn saf, təmiz olar, pafoslu danışıq isə keçicidir. Şair hər bir təbiət elementini yalnız fiziki olaraq deyil, həm də metaforik olaraq insan ruhunun, düşüncələrinin və hisslərinin ifadəsi kimi göstərir. İstifadə olunan obrazlar bir-biri ilə qarşılıqlı əlaqədədir və təbiət qanunlarının insanlar üzərindəki təsirinin rəmzidir. Bu şeir həm də insanın daxili dünyasının təbiətlə əlaqəsini əks etdirir.
Şair doğma kəndi Bürzünbülü elə gözəl tərənnüm edir ki, sanki canlı tabloya tamaşa edirsən:

Quzeydə şehlənir yarpız, gicitkən,
Cincilim, əvəlik, əməköməci…
Güneydə mehlənir turşəng …böyürtkən,
Baharda lalələr güney sevinci.

Burda cücərən də, pöhrələnən də
Hərəsi ad alıb öz rişəsindən.
Adlar cərgəsində möhürlənəndə,
Bürzünbül kəndimiz bəlli səsindən.

Tapdıq Əlibəyli gözəl təbiəti olan bu elin, yurdun yetirməsi olaraq mənəvi dəyərləri yüksək tutmasını da həssaslıqla qələmə alıb. Şair müxtəlif şəxslərin xarakterləri və davranışları üzərində cəmiyyətin yüksək əxlaqını belə təqdim edir:

Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmanətə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.

Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya misalı.

Şeirdə ağsaqqal, ağbirçək, ismət-həya, etibar, sədaqət və dürüstlük təqdim edilir. “Qapıları açar-qıfıl görməyən” ifadəsi dürüst bir elin həyat tərzini rəmzləşdirir. Əmanətə xəyanət etməmək, cəmiyyətdə əxlaqlı və dürüst bir davranış tərzinin təməlini təşkil edir. Bu, həm də etimad və məsuliyyət duyğularının rəmzidir.
Tapdıq Əlibəyli mənim doğulub boya-başa çatdığım Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinin məzunudur. O vaxt Bürzünbül kəndində səkkizillik məktəb olduğu üçün şagirdlər 9-10 sinifləri Hamarkənd kənd orta məktəbində oxuyurdular. Tapdıq Əlibəyli 1978-ci ildə orta təhsilini tərifnamə ilə bitirərək ali məktəbə qəbul olub.
Qeyd edim ki, Hamarkənd kənd orta məktəbi tanınmış maarif xadimi Qulam müəllim Qasımovun direktor işlədiyi vaxtlarda (50 il) təkcə rayonun deyil, eləcə də respublikanın qabaqcıl təhsil ocaqlarından biri olub. Məktəbin təhsildəki uğurları təsadüfi deyildi. Direktorun ciddiyyəti, tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, müəllimlərin dərslərə ürəklərini verməsi, valideynlərin məktəblə sıx əlaqəsi uğurların təməlində dayanırdı.
Elə ona görə də burada təhsil alan şagirdlərin çoxu ali məktəblərə qəbul olaraq uğurla kariyeralarına davam etdirirdilər. Hamarkənd kənd orta məktəbinin məzunları arasında Tapdıq Əlibəylinin də özünə layiq yeri olub. Ali məktəbə qəbul olmaq onun həyatında yeni bir səhifənin başlanğıcını qoyub…
Söhbətlərində Tapdıq Əlibəyli Hamarkənd kənd orta məktəbini təkcə təhsil aldığı bir yer kimi deyil, həm də həyatda ona istiqamət verən, ruhunu zənginləşdirən bir ocaq kimi qiymətləndirir. O, məktəbin mənəvi dəstəyini vurğulayır, xüsusilə də məktəbin direktoru Qulam müəllim Qasımovun pedaqoji bacarıqlarından bəhs edərək, ona olan minnətdarlığını ifadə edir. Məktəb yalnız təhsil cəhətdən mükəmməl olmaqla qalmayıb, həm də şagirdlərin yüksək milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayırdı. Tapdıq Əlibəyli məktəbdə aldığı təhsili və qazandığı davranış qaydalarının həyatında önəmli bir iz buraxdığını dəfələrlə qeyd edib. Aldığı təhsil onu yalnız elmi sahədə deyil, həm də mənəvi inkişaf yolunda irəliləməyə təkan verib, cəmiyyətdə hörmətli bir şəxs olmasında mühüm rol oynayıb.
Bəzən bir şairin şəxsiyyəti ilə yaradıcılığı arasında uçurum olur; yazılan, deyilən söz həyat tərzi ilə tərs mütənasib olur. Tapdıq Əlibəylinin isə şəxsiyyəti və yaradıcılığı, ictimai fəaliyyəti vəhdət təşkil edir, tamdır, bütövdür və bir çoxlarına nümunədir. Öz imzasını ədəbiyyatda və cəmiyyətdə təsdiq etmiş şair, publisist, ziyalı və ictimai xadim olan Tapdıq Əlibəyli həm şəxsi həyatı, həm də yaradıçılığı ilə düşüncə adamı və cəmiyyətə xidmət edən bir şəxsiyyəti təcəssüm etdirir.
Tapdıq Əlibəylinin ədəbiyyata münasibəti dərin və fəlsəfidir. O, ədəbiyyatın yalnız sözlərlə deyil, ruhla da yazıldığını, insanın daxili aləminə daxil olmağın və ona təsir etmənin vacibliyini vurğulayır. Özünün də dediyi kimi: “Ədəbsiz ədib ədəbiyyata yalnız xələl gətirə bilər…” Bu söz, onun ədəbiyyata və sözün gücünə olan münasibətini, həmçinin ədəbiyyatın müsbət təsirini qorumağa olan bağlılığını və şəxsiyyətini göstərir. O, ədəbiyyat vasitəsi ilə cəmiyyətə həqiqətləri çatdırmağa çalışır, bilir ki, hər bir doğru fikir, hər bir düzgün yola işarə, cəmiyyətin inkişafında rol oynayır.
Tapdıq Əlibəylinin ədəbiyyata yanaşması qədər həyatda da özünəməxsus bir səmimiyyəti və dürüstlüyü vardır. Onun insanlara qarşı olan açıq və səmimi münasibəti hər zaman mənim diqqətimi çəkib. Bir neçə il əvvəl Naxçıvanda keçirilən və Muxtar Respublikanın 100 illiyinə həsr olunmuş “Türk dünyasına açılan Şərq qapısı” adlı möhtəşəm konfransda iştirak edərkən Tapdıq Əlibəyli ilə yol yoldaşı oldum. Bir ata sözümüz vardır.
Deyirlər qardaşın necə adamdır? Cavab verir ki, yol yoldaşı olmamışam. Tanımaq demək, sadəcə tanış olmaq deyildir. Tanımaq, insanın daxili varlığını, onun seçdiyi yolu, düşündüyü və qərar verdiyi anları anlamaqdır. Tapdıq Əlibəylini illər öncə tanısam da, bu yol yoldaşlığımızda onu yenidən tanımaq və daha dərindən söhbət etmək imkanım oldu. Bir neçə günlük səfərimiz onun düşüncə dünyasına bir daha daxil olmaq üçün yeni bir fürsət verdi. Şəxsiyyətinə və yaradıçılığına böyük hörmətim olan Tapdıq Əlibəylini yenidən kəşf etdim. Axı onun poeziyası obrazların çalarları ilə zəngindir. Əlbəttə, bu zənginliyi şərtləndirən onun öz təbiəti və təbiiliyidir. Könlü meşə, çəmən dilində dinən, çicəyin, gülün dilini bilən şair yazır:

Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm…

Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı
İlham sözə, söz ilhama vurulur…

Heyrətinə misra-misra bələnən, ilhamı sözə, sözün isə ilhamına vurulduğu sevimli şairimizin şeiriyyətində gözəlliklər bərq vurur. Mən də elə bu ovqatda dəyərli Tapdıq Əlibəylini qarşıdan gələn 65 illliyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurların bol olsun! Neçə gözəl illərə…

Musa Qasımlı,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
tarix üzrə elmlər doktoru, professor

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vidadi Orucov: SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Tapdıq Əlibəyli – 65

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Şair ömrü illərlə misralara hopmuş duyğuların, poetik yaddaşın izləri ilə yazılır. Bu fikir müstəvisində, şair-publisist Tapdıq Əlibəylinin 65 illik yubileyinin ərəfəsində onun sənətinə və həyatına bir daha nəzər salmaq fürsəti yaranır.
Düşünürəm ki, tale ilə üz-üzə gəlmiş şair ünvanlı bir qəlbin hesabatıdır bu yubiley. Amma bu altmış beş il sadəcə zaman ölçüsü deyil – arxada qalan ağrılı-acılı yolların, sevinc və kədərin qoşa addımladığı bir ömür salnaməsinin, vətəndaş mövqeyinin və poeziyanın zəngin xəritəsidir. Çünki elə insanlar var ki, yaşlarını illərlə yox, yazdıqları sözlərlə ölçürlər.
Tapdıq Əlibəyli məhz belə sənətkarlardandır. Onun da tale payına “söz” məsuliyyəti düşdü. Yazıb-yaratdıqları ilə o, uca sözə sədaqəti, poeziyaya mənəvi məsuliyyəti sayəsində ədəbi mühitdə özünə məxsus, artıq təsdiqlənmiş və tanınan bir ünvana çevrildi. Yaradıcılıqda özünə meyar olaraq Xalq şairi Zəlimxan Yaqubun poetik ucalığını qəbul edir və bu ucalığı belə dəyərləndirir:

Zəlimxan ilhamı bir dünya qurdu,
Zamanın fövqündə sözü təzə-tər.
Nə qədər şeir var diri-durudu,
O səs, o nəfəsdən durular bəşər.

Tapdıq Əlibəylinin poeziyası da məhz bu diri sözlərdəndir. Onun misralarında səs var, nəfəs var, ruh var. Bu sözlər oxucunu təkcə düşündürmür – onu saflaşdırır, duruldur, iç dünyasına işıq salır. Bu poeziya süni deyil; yaşanmış hissin, halın, taleyin və vicdanın səmimi ifadəsidir.

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairliyin yaşı olmur!

Bu dördlük Tapdıq Əlibəylinin yaradıcılıq taleyinin poetik açarıdır. O, gah dərviş kimi könül qapılarını döyür, gah şaman kimi yaddaşın dərin qatlarına enir. Onun şeiri bəzən səhər işığı kimi ümid gətirir, bəzən axşam sükutu kimi insanı özü ilə üz-üzə qoyur. Bu yol Yunus Əmrələrin, haqq aşiqlərinin, söz fədailərinin yoludur. Söz onda həm dua, həm çağırış, həm də məsuliyyətdir.
Vətən mövzusu Tapdıq Əlibəylinin poeziyasında sadəcə mövzu deyil – taledir. Xüsusilə 44 günlük Vətən müharibəsi onun şeirində xalqın qəhrəmanlıq səlnaməsinə çevrilir. Hər misrada savaşın nəfəsi duyulur, şəhid ruhu dolaşır, Xudayar təsnifinin sədası eşidilir… Bir də gözləri yollardan çəkilməyən analar, yarımçıq qalan arzular, nisgilli nişanlı qızların səssiz göz yaşları…

Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…

Bu misralarda ağrı ilə qürur çiyin-çiyinə addımlayır. Şair şəhidlərin gül üzündə yazı görə biləcək qədər saf, uca və mərhəmətli baxmağı bacarır.
Tapdıq Əlibəyli üçün torpaq sadəcə məkan deyil – qüdsiyyətdir, kimlikdir, alın yazısıdır. O, torpağı türk taleyi, türk yazısı kimi dərk edir. Onun üsyanı da, sevgisi də buradan doğur. “Tarix türkə, türk tarixə yaraşır” deyərək sözünü dünyaya deyir və türk olmağın şərəfini poeziyanın dili ilə əbədiləşdirir:


Türk soraqlı qüdsiyyətim – bu torpaq,
Qanımdakı heysiyyətim – bu torpaq,
Qayəmdəki hüsniyyətim – bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!

Üçrəngli Bayraq isə onun poeziyasında sönməyən əqidə çırağıdır – yol göstərən, ruh oyadan, Vətəni Günəş kimi isidən bir işıqdır:

Üçrəngli Bayrağım –
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!

Tapdıq Əlibəyli 65 yaşında bir daha sübut edir ki, o, yaşa söz qatmayıb – sözə ömür qatıb. Onun ömrü misralarındakı təravətlə birgə axır, gündən-günə daha da şirinləşir və zaman-zaman mənəviyyatımızı zənginləşdirərək dünyamızı işıqlandıracaq. Məhz bu mənəvi-estetik keyfiyyətlər Tapdıq Əlibəylinin sözünə digər yazarların münasibətində də aydın görünür. Tanınmış şair İladi Öməroğlu Tapdıq Əlibəylini gözəlliyə meyil salan, sözü bülbülün nəğməsi, gülün ətri qədər saf və təbii olan şair kimi dəyərləndirir:

“Gözəlliyə meyil salar,
Bülbüldən, həm güldən yazar!”

O, həmçinin Tapdıq Əlibəylinin poeziyasında insafın, dinin, elm və irfanın, zəhmətkeş insanın – “qabarlı əlin” müqəddəsliyinin sözə çevrildiyini görür və bu mənəvi yaxınlığı söz qardaşlığı kimi qəbul edir:

“İnsaf-dindən, elm-irfandan,
O qabarlı əldən yazar!”

Tapdıq Əlibəylinin qələmindən çıxan hər bir əsər insana yaşamağı, yaratmağı, Vətəni, insanı və Uca Tanrını sevməyi öyrədir. Onun poeziyası ədəbiyyatımız üçün dayaqdır, arxadır, örnəkdir. Bu əsərlər həyat fəlsəfəsi, gənclik eşqi və sabaha inamla dolu olduğu üçün gəncləri gələcəyə aparan yorulmaz qanadlara çevrilir.
Dəyərli şairimiz, dəyərli Vətənoğlu, arzumuz budur ki, sözünüz həmişə diri qalsın, ilhamınız Uca Tanrının xeyir-duası ilə qurumayan bulaq kimi daim çağlasın. Qələm yolunuz işıqlı olsun, misralarınız Vətənə,insana və həqiqətə xidmət etsin. Sizə möhkəm can sağlığı, uzun ömür, ruh genişliyi və yeni-yeni poetik zirvələr arzulayırıq.
Çünki dəyişməyən bir həqiqət var: sözün də, şairin də yaşı olmur.

Vidadi Orucov,
Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I