Etiket arxivi: Tapdıq Əlibəyli – 65

ONUN BÖYÜK ÜRƏYİ

Tapdıq Əlibəyli – 65
ONUN BÖYÜK ÜRƏYİ

O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına – ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər kəsin daha yaxşı olmasını arzulayır. Əgər Tanrının yaratdığı gözəl bir çiçək görürsə, ona qulluq edir, daha da böyüməsinə, daha da əsrarəngiz, daha da ətirli olmasına çalışır. Qoy bu gözəlliyi başqaları da görsün, ətrindən feyziyab olsun, deyir…
Bu yaxınlarda “YouTube” -də bir video-çarxa rast gəldim. Mövzu belə idi: “Gözəgörünməz bir zərrə olan atom bu qədər böyük enerjini necə yarada bilir?” Doğru sualdır, deyilmi? Möcüzədir, deyilmi? Bəs yumruq böyda kiçicik bir ürəyin bəşəri sevgisi möcüzə deyilmi?.. Şişirdilmiş müqayisədir? Niyə ki? Məgər atomun parçalanaraq yüksək enerji yaratmasını insan zəkası kəşf etməyibmi?..
O, şairdir, jurnalistdir, pulisistdir… bununla bitdimi? Əlbəttə, yox! O, həm də yorulmaq bilməyən ictimaiyyətçidir, təşkilatçıdır, natiqdir, yaxşıların yaxşısını etmək üçün bilik və bacarığını bütünlüklə ortaya qoyandır. Öz sözləri ilə desək: aydınımızdır.

Onu tanıdığım ilk gündən belə görmüşəm – o, hər yerdədir və hər yerdə öndədir. Təbii ki, söhbət dəyərli dostumuz, bu yaxınlarda mənalı, bəhrəli ömrünün 65 ilini başa vuracaq Tapdıq Əlibəylidən gedir. Qayıdıram yuxarıda söylədiyim fikirlərə aydınlıq gətirməyə. Yaradıcılığı barədə az sonra… Yeri gəlmişkən, o, öz fəaliyyəti və nailiyyətləri barədə danışmağı sevmir. Bu yaxınlarda, bir təsadüf nəticəsində öyrəndim ki, T.Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (#TAİB) İdarə Heyətinin üzvüdür və təşkilatın sayılıb-seçilənlərindəndir. Yenə də yeri gəlmişkən: T.Əlibəyli şair, publisist, tənqidçidir. “Konstitusyia” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda onun redaktoru olduğu, həkim-şair Hacı Çingiz Ərəblinin dini mövzuda yazdığı, yüksək tərbiyəvi əhəmiyyət yükü daşıyan “Eşqnamə” kitabının təqdimat mərasiminin aparısı kimi yüksək intellekt sahibi olduğunun, güclü yaddaşa, dərin tarixi biliyə və natiqlik qabiliyyətinə malik olduğunun bir daha şahidi oldum.
…Ötən əsrin sonları tariximizə qanlı-qadalı günləri ilə, 1987-ci ildən başlayaraq erməni faşizminin xalqımızın başına gətirdiyi vəhşiliklərlə, “20 Yanvar” faciəsi ilə, “Xocalı Soyqırımı” ilə, torpaqlarımızın işğalı ilə, bir milyondan artıq soydaşlarımızın min illərdən bəri sahib olduqları ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmaları ilə, yüzlərlə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə yazıldı. Torpaqlarımız şəhid qanları ilə yuyuldu… Eləcə də bu hadislərin fonunda son iki əsrdə həsrətində olduğumuz müstəqilliyimizi əldə edə bildik. Vətənə, xalqa bütün varlığı ilə bağlı olan, ömrünün cavan, qaynar çağlarını yaşayan Tapdıq Əlibəyli də bu proseslərin – Milli Azadlıq Hərəkatının öncüllərindən biri oldu, qələmi süngüsü oldu, damarlarından axan qanı mürəkkəbi… elə bu ağrılı-acılı hadisələrin axarında həm də “vətəndaş-şair” oldu…
Tapdıq Əlibəyli yaradıcılığı da məhz yuxarıda sadaladığım və sadalaya bilmədiyim digər milli, bəşəri dəyərlərdən bəhrələnib. O, qələmini rəngarəng mövzularda uğurla sınamaqla olduqca məhsuldar bir yaradıcılıq yolu keçib.

Araz ayırsa da o tay, bu taya-
Təbrizli, Bakılı Azərbaycana…
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil-nəcabətim bəlli cahana!-

deyən şair Vətən, millət, ədalət sevgisinin zirvəsində durduğunu bir daha sübut edir. Əslində Arazın bu ayrılıqda heç bir günah sahibi olmadığını hamı bilir. Amma, şair məhz bu məqamı önə çıxarmaqla tariximizə xəyanət edənlərə qarşı savaş açır, etiraz səsini ucaldır. O, Azərbaycanı o taylı bu taylı- bütöv görür, bu bütövlüyün uzaqda olmadığına öz varlığı kimi inanır. Bu yolda qarşımıza həmişə sədd çəkməkdə olan İranın irticaçı rejimini isə cəsarətlə ifşa etməkdən çəkinməyir:

Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından…

İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara…

Birinci Qarabağ savaşı bütün digər vətənpərvər ədiblərimiz kimi Tapdıq Əlibəyli yaradıcılığında da xüsusi bir iz buraxıb. Onun incə, həssas qəlbi o hadisələrə biganə qala biməzdi axı… qalmadı da. Bu baxımdan “Qanına qəltan Xocalı” poemasını qəlbinin süzgəcindən keçirərkən şair hansı hissləri yaşayıb görəsən?!

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş…
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Təəssüf! Çox təəssüf! Ancaq, bu belədir, bu həqiqətin şəffaf, masksız üzüdür. Şair də bunu söyləyir, ürək ağrısı ilə hayqırır. Bu hayqırtı həm də bizi tarixin acı həqiqətlərindən ibrət dərsi almağa səsləyir. “Qalxaq ayağa, toparlanaq, ədalətin libasını şərin murdar simasından qoparaq, onu olduğu kimi- çılpaqlığı ilə aləmə göstərək!”- deyir.

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş…
Əsrın müsibəti – Xocalı səsi!..

Necə düşünürsünüz? Zamanında belə misralar yaranmasaydı unutqanlıq böhranından yaxa qurtara bilərdikmi?! Xalqımızı müqəddəs zəfərə aparan yollara işıq saçan həm də belə əsərlər olmadımı?.. 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun əldə etdiyi möhtəşəm Zəfərə isə şair belə münasibət bildirir:

Salam, 44 Günlük döyüş Bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər Bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..

Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyümə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi…

Metaforaya, poetik tərənnümün gücünə diqqət edin: “Salam, 44 Günlük döyüş Bayrağım!”. Bəli, 44 günlük xilas savaşında, qeyrət savaşında qəhrəman döyüşçülərimizin Üçrəngli Bayrağımızı necə sevdiklərinin, onun müqəddəsliyinə necə inandıqlarının, bu müqəddəsliyi necə zirvələrə qaldırdıqlarının dəfələrlə şahidi olduq. Budur inam, budur Vətən sevgisi, budur bu sevginin layiqli tərzdə tərənnümü! “Azadlıq meydanda meydan sulayır,”- diqqət etdinizmi? “Meydan”- türk toponimidir, bir çox türk olmayan xalqların da leksikonuna daxil olub. Bizdən, bizim babalarımızın vaxtı ilə hərb meydanında “meydan sulamağından” götürüblər bu sözü. 44 günlük Vətən müharibəsində bu, bir daha təsdiqini tapdı. “Düşüb sümüyümə Şuşa havası.”- nəyə işarədir? “Nooldu Paşinyan, nooldu”?.. “Şuşada rəqs edirdin, “Yallı” gedirdin?!”. Hə?.. Paşinyan, nooldu?

Kimlərə də güvənsən,
Haya hay yox, alış, yan!..
Sən ki oyun sevənsən,
Qol götür-süz, Paşinyan!..

(“İti qovan” havası şeirindən, “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı, Bakı-2021).

“Cücəni payızda sayarlar!”- bunu bizim atalarımız deyib, sizinkilər yox. Siz elə bütün varlığınız boyu “ata” axtarışındasınız… tapmayacaqsınız… Saydıqmı “cücəni”? Kimin əskiyi çıxdı, Paşinyan? Cavabını möhtərəm Ali Baş Komandanımızın “Dəmir yumruq” ilə qoyduğu “!” işarəsi verdi. Bircə ifadə ilə şair görün hansı dərinliklərə baş vurur- poeziyanın əfsanəvi gücü budur.
Təəssüflər olsun ki, müharibə itkisiz olmur, ədaləti qurbansız, şəhidsiz bərpa eləmək olmur. İstər birinci, istər ikinci Qarabağ savaşlarında, istərsə də “atəşkəs” dövründə şəhidlərimiz oldu – analarımız övlad itkisinin ağrısını yaşadılar, bacılarımız dul, övladlarımız atasız böyümək məcburiyyətində qaldılar. Bütün bunlar vətəndaş-şair Tapdıq Əlibəylinin yaradıcılığından yan keçmədi. O, neçə-neçə şəhid qəhrəmanlarımızın həyatlarını, döyüş bölgəsində göstərdikləri şücaətləri öyrənərək gözəl, yaddaqalan, təsirli əsərlər yaratmaqla bir daha öz vətəndaşlığını sübut elədi. Elə bu gün də bu istiqamətdə öz fəaliyyətini davam etdirir, şəhidlərimizin valideynləri, əzizləri ilə tez-tez görüşür, onların dərdlərinə şərik çıxır.. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimova, polkovnik Şükür Həmidova, Mübariz İbrahimova, şəhid Əsəd Əsədliyə, baş leytnant İlqar Zeynalova, şəhid Xaliq Hüseynova, şəhid Asif Abdulova, şəhid Rəfael Nuriyevə, şəhid Mahir Səfərova və başqalarına ithaf etdiyi şeirlər diqqətəlayiqdir.
Şair “Şəhidlərə salam olsun” şeirində şəhidlərimizə olan düşüncə tərzini olduqca səmimi, hamının anlaya biləcəyi və poetik şəkildə ümumiləşdirərək aşağıdakı kimi ifadə edir:

Şəhid- yurdun şah damarı,
Əbədiyyət, cənnət barı…
Haqq sevdalı Tanrı yarı
Şəhidlərə salam olsun!

Tapdıq Əlibəyli lirikası da özəlliyi ilə seçilən, çeşmə kimi şəffaf, həzin bulaq nəğməsi kimi könül oxşayandır:

Mən sahiləm sənsə dəniz,
Ləpələnək əziz-əziz.
Sevgimizlə xoşbəxtik biz,
Sanki şirin bir yuxuyam.

Bəli, bu misralar oxucunu xəyallar aləminə aparır, şipşirin bir yuxunun tərkib hiisəsinə çevirir, “ayılsam, nəyimi isə- əvəzolunmaz bir nəyimi isə itirəcəm” təəssüratı yaradır… ya da ki… təəssüratı yox- qorxusu. Çünki, ayılandan sonra əhvalında yaranan süstlük səni yenidən geriyə- Tapdıq Əlibəyli lirikasının yaratdığı füsunkar aləmə çəkir…

Tapdıq Əlibəyli yaradıcılığı rəngarəngdir, müxtəlif baxış bucağına malikdir, mövzu kasadlığından əziyyət çəkmir. O, dostluğa olan sədaqətini də, təbiət lövhələrinin cazibəsini də qələminin dili ilə söyləyə bilir, sözlərin yaratdığı çalarlarla şəklini çəkə bilir o rəng möcüzələrinin…
Şairin “Facebook” səhifəsində “Özümdən-özümə yol…” başlığı altında yazdığı kiçik bir “hesabat-məqaləsi” diqqətimi çəkdi:

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr – yol yorğunu bir qərib…

Birinci misranı oxuyanda düşünürsən ki, şair gözəl bir təbiət hadisəsinin tablosunu yaradıb. Əslində bu elə belədir, lakin… ikinci misra birincinin daha dərin fəlsəfəsini açıqlayır: “arı gül üstə nə üçün xumar olub?”- sualı yaranır. Əlbəttə, şirə çəkir. Bunun “xumar” olmağa nə dəxli var? “fikir sözlə çiçəkləyir gül üstə”. Sözün fəlsəfəsi güclüdürsə, o, dildən çiçək kimi çıxır. Arının güldən çəkdiyi şirə isə bala çevrilir, ləzzət, qida, məlhəm mənbəyi olur- bir növ, o da çiçəkləyir… Amma bu daimi olmur, il üstünə il gəldikcə həyatın geridə qalan anları xatirəyə çevrilir- yorulur, qəribləşir…

Yarpaq gözəlliyi- baharın hökmü,
Xəzan özəlliyi- yarpaq tökümü…

Bu beytin hər misrası bir fəslin bədii portetidir – desək, yanılmarıq.Təkcə təbiətin yox, həm də insan ömrünün…

Sonda yenə şairin öz deyim tərzinə, öz üslubuna, özünün tövsiyəsinə arxalanaraq öz sözləri ilə deyirəm: “şairlərin yaşı olmur”, dəyərli şair qardaşım! Həmişəki kimi yenə dəyərlilərin dəyərlisi olaraq yaşa, yarat. Uğurlar! Uğurlar! Yenə də uğurlar!

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Tapdıq Əlibəylinin yazıları

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI”

Zamanın axarında ömrün sürət qatarı necə şütüyürsə, illərin necə gəlib-keçdiyinə təəccüb edirsən. Bir də baxırsan ki, cavan tanıdığın adam artıq müdrik yaşa gəlib çatıb… Bəlkə də, ən yaxşı ədəbi əsərlər isə zamanın axarına qarşı çıxaraq, əslində zamanın dərinliklərinə nüfuz etməyi bacaran ədiblərin yardıçılığında öz əksini tapır. Bu fikri 65 illik yubileyi ərəfəsində olması ilə məni ötən illərə çəkib aparan, uzun illərin dostu, dərin düşüncəli və zəngin ruhlu şair-publisist Tapdıq Əlibəyliyə də şamil etmək olar. Bu təmiz qəlb sahibi gözlərimin önündə 65 yaşı tamamlamaqdadır. İndi mən onu 65 yaşlı Tapdıq Əlibəyli kimi təqdir edir, şəxsiyyətinə də, yaradıcılığına da hörmətlə yanaşıram.
Tapdıq Əlibəyli öz ədəbi səsi-nəfəsi olan şairdir. Həyatı da, taleyi də eyni rakursdan çözür. Bu səbəbdən onun qələmə aldıqları oxucunu xoş ovqata kökləyir, onu daim düşünməyə, ciddi olmağa sövq edir. Bunu bütövlükdə yaradıçılığını səmimiyyət müşayiət edən şairin şeirlərində bariz şəkildə görmək mümkündür:

Qələmim – alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Bu poetik çalara bürünmüş düşüncədə – şeirdə Tapdıq Əlibəyli ömrü müqəddəs Sözün məqamları ilə yaşantı olaraq ehtiva olunub. Deyərdim ki, şeirdə Söz adamının sözlə çəkilmiş portreti olduqça canlı və təbii şəkildə təqdim olunur.
Səmimi deyim ki, bu şeirin içində insan özünü də görür, həyatını da, sabah-biri gün, ümumilikdə gələcəkdə yaşayacağı halları sətiraltı izləyir. Təbii ki, bir insan həyatında baş verə biləcək müəyyən hadisələri qabaqcadan bilmək üçün çox cəhdlər edir, bəzən buna nail olur, bəzən yanlışlıqlar onu öz əhatəsinə elə alır ki, çaş-baş qalır, ancaq ümid işığını söndürmür. Tapdıq Əlibəylinin yuxarıdakı şeiri oxucuya məhz bunu anladır.
Tapdıq Əlibəyli üçün sürətlə ötən ömür-həyat bir Tanrı nişanəsidir – Söz şəklində bir ruh, könül işidir:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Belə deyim ki, şair üçün “şeir feyzi” bir söz ehsanıdır, o, daim “bu fitrətə əhsən olsun” deyir. Sonra da “əzizlədim hər misranı, söz çələngim ehsan olsun” deməklə oxucuda həyata fərqli maraq yaradır.

65 yaşlı şair bu gün “yol gedirəm qərib-qərib, şeir-şeir dərgahına” fikri ilə ömür səfərinin ən qaynar həddində olduğunu bəyan edir. Bu yolda onu “qəlib-qəlib dualar” izləyir və bu dualar “Yaradana…agah”dır.
Tapdıq Əlibəyli yazır:

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.

Bunu sözgəlişi demir əslində, razılaşaq ki, şairin dediklərində bir həqiqət var. Çünki “şairlər əzəldən söz pərvanəsi”dir, zaman-zaman “atəşə tutulub, oda yaxılıb”. “Sözü açıbsa da zindan-qəfəsi, şair ürəyinə güllə çaxılıb”… Bu fikirlərdə məyusluq doğuran heç nə yoxdur. Əksinə, şair həyatla insan arasındakı sərhədləri keçməyin mümkünlüyündən bəhs edir, çətin keçiləsi bütün yol ayrıclarında onu duyan oxucu üçün bir çıxış qapısının olduğunu deyir.
Şairin qəlbində yaşanan eşq həm fiziki, həm də mənəvi dünyanı aydınladan işıq kimidir. Bu, sadəcə insanın cismani eşqi deyil, həyatın bütün parıltılarına, müsbət və mənfi tərəflərinə duyulan dərin və əbədi sevgidir. Tapdıq Əlibəylinin qəlbi, məhz bu eşqin təsirindədir; onun ürəyi bir sehrin içindədir ki, hər an bir ritm tapır, hər an bir şeirə çevrilir. Bu, daha dərindən gələn bir ehtirasdır ki, insanın ruhunu oyandırır, varlığını özündən alır və onu sonsuz bir axtarışa, yaradıcı bir halətə gətirir.
Tapdıq Əlibəylinin şeirlərində bu axtarış bir çox formaya bürünür: bəzən incəliklə, bəzən isə sərt bir şəkildə. Ancaq nəticə eynidir: bu eşq heç vaxt bitmir, hər zaman yenilənir, hər zaman şairi özünə çəkir.
Şairlərin gözəlliyə olan sevgisi əbədidir. Onlar yalnız gözəl olanı yox, bu gözəlliyin arxasında dayanan acıları, ağrıları və həyəcanları da sevərlər. Bu sevgi onları dərinə, səmimi duyğulara aparır və yazılarında yalnız gözəlliyi deyil, həmin gözəlliyin kədərli çalarlarını da ortaya qoyurlar. Tapdıq Əlibəylinin yaradıcılığı məhz bu özəllikdə duyğuların, ehtizazların təcəssümüdür:

Gözümə, könlümə köçən gözəllik –
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol – əbədilik…
Baharla payızın gözəlliyitək.

O gözəllik ki, şairin varlığını riqqətə gətirir, hər bir kəlməni təzələyir, bütün aləmi bürüyür – bu, zamanın səsidir, əbədiliyin gözəlliyidir. Bu, bir həyat fəlsəfəsidir, varlığın hər anını təkrar-təkrar hiss etmə ehtiyacı ilə əlaqəlidir. Şair həyatın hər bir anını, hər bir gözəlliyi yeni bir başlanğıc kimi qəbul edir.
Tapdıq Əlibəylinin şeirləri, bu sevginin, bu ehtirasın, bu dərinliklərin ən yüksək nöqtələrində yüksəlir. Onun şeirində gözəllik bəzən pərişanlığın, bəzən sevdanın, bəzən nisgilin təbəssümüdür, amma hər zaman bir qeyri-adi dünya hissi ilə əlaqəlidir. Çünki onun sevgisi sadəcə bu dünyaya aid deyil – bu, əbədi, zamanın keçməz gözəlliyidir.
Şeirlərinin birinə belə yazır:

Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşək tək çaxır.

Tapdıq Əlibəyli çörək, həyat və əl qabarı arasındakı məsamələrin hamısında eyni rəng çaları tapır və bunu hamımıza göstərməyə müvəffəq olur.
Şairin “dünya bəmdən zilə qəm nəğməsiymiş” fikri də eyni qənaəti ortaya qoyur. Çünki həyat acılarını “oxuyan da bizik, dinləyən də biz”. “Fələk saya salmaz sən saydığını”. Fələklə insan arasında olanlara ya insanın iradə zəifliyi, ya da şeytanın fövqəladə gücü səbəbdir.
Döğrudan da, “insan piyadadırsa, zamansa atdadırsa, qəfildən qara hislər həyatın ağlığını qara pərdələrlə örtər”.
Həyatda əbədi nə var? Heç nə. Tapdıq Əlibəylinin aşağıdakı misraları bu anlamı ifadə edir:

Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.

Zaman gəlir ki, atalı-analı günlərin bir xəyala çevrilir. Belə bir yaşantının acısı ilə tutuşan şair bu təlaşın hamıda eyni olduğunu, lakin bu ayrılığı hərənin bir cür çəkdiyini deyir.
Mən aşağıdakı şeir parçalarında da Tapdıq Əlibəylini həyata bağlı, zəhmət qubarında bərkiyən adam kimi görürəm:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət – torpaqdakı sirr…

Burda əzəlimin paklığı yatıb,
Ən ülvi hisslərə köklənib ruhum.
Fərəhim ürəkdə zivəyə çatıb,
Torpağın qüdrətin nə vaxt ki duydum.

                   *** 

Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır, seyr et doyunca.

Bu misraları oxuduqca sanki Tapdıq Əlibəylinin yaşadığı 65 ilin hamısı gözlərimin önündən mülayim, ilıq-isti baxışlarla ötür, onun ömür-həyat göydələnində 65 mərtəbə Allah sevgisi ilə süslənmiş şəkildə nəzərimdə canlanır. Çünki şair qəlbi nə qədər təmizdirsə, bir o qədər israrlı, çək-çevirlidir. Bu israrlar,bu çək-çevirlər əsl insan sevgisi ilə doludur deyə mən Tapdıq Əlibəylinin ömür qatarının içində apardıqlarını dəqiq görür və bunları təqdir etməkdən məmnunluq duyuram.
Sənə can sağlığı arzu edirəm, şair qardaşım! 65-illik yubleyin mübarək olsun!

Raqif Nazimoglu,
hüquq elmləri üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü, şair-publisist,
“İti Qələm” Respublika Ədəbi Birliyi və
“Ağsu Yazarları” Ədəbi Birliyinin sədri,
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının fəxri professoru

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hacı Çingiz Ərəbli – Tapdıq Əlibəyli – 65


ZAMANIN FÖVQÜNDƏ OLAN ŞAİR

Zaman hər kəsi sınağa çəkir. Bu həyatın dəyişməz qanunudur. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə əksinə, çətinliklərin ağırlığı altında sınır. Kimi sözü ilə, kimi əməli ilə bu sınaqdan keçir və hər kəs öz mahiyyətini zamanın aynasında göstərir. Elə insanlar var ki, zaman onlardan sadəcə keçib getmir; əksinə, onların daxilindən süzülərək dərin bir mənaya, hikmətə çevrilir. Məhz belə şəxsiyyətlər cəmiyyətin və ədəbiyyatın yaddaşında iz qoyur. Ədəbi camiədə isə bu cür insanlar çox nadir yetişir. Şair Tapdıq Əlibəyli də məhz bu nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında şairdir – sözü duyan, ona can verən, hissləri incə çalarları ilə ifadə etməyi bacaran sənətkardır. Eyni zamanda, o, insan kimi də öz bütövlüyünü qoruyan, mənəvi dəyərlərə sadiq qalan, saf və səmimi bir şəxsiyyətdir.
Dağlar qoynunda yerləşən Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açması onun taleyində təsadüfi bir məqam deyil. Uşaqlıqdan nəfəsinə qarışan saf dağ havası, təbiətin sakitliyi və ucalığı onun ruhunun formalaşmasında mühüm rol oynamışdır. Bu mühit insanın daxilində təmizlik, saflıq və həssaslıq yaradan təbii bir məktəb kimidir. Bununla yanaşı, onun şəxsiyyətinin formalaşmasında genetik irs və sosial mühit də az rol oynamamışdır.
Bütün bu amillərin vəhdəti nəticəsində o, həm mənəvi, həm də fiziki aləmin incəliklərini dərindən duymağı bacaran bir sənətkara çevrilmişdir. Bu duyum, bu həssaslıq onun sözündə, misralarında öz əksini tapır. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, ruhun aynası, düşüncənin səsi kimi təqdim edir. Elə buna görə də Tapdıq Əlibəyli sözün əsl mənasında söz sərrafıdır – hər kəlməni seçən, ona dəyər verən və onu mənaya çevirən nadir sənətkarlardan biridir.
Tapdıq Əlibəyli publisistik məqalələrinin birində yazır: “Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var.

Hansı ki mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət… Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii – “nizamlı” söz – şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.”
Özünün dediyi kimi, söz nizamının işığında sözün heyrətinə bələnə-bələnə ömür təqviminin 65 ilini tamamlamaqdadır Tapdıq Əlibəyli.

Söz sərrafı sığal çəkər sözünə,
Təriflənsə, həya çökər üzünə.
Sözdən elə saray tikər özünə,
Bülənd olar goy üzünə sədası.

Son dövrdə şeir yazanların sayı artıb, lakin əsl, özünəməxsus və şeiriyyəti dərin mənaya malik şairlər şübhəsiz ki, azdır. Bu ədəbi fonda Tapdıq Əlibəyli sözə sığal çəkib ona yeni məna qataraq, şeirin və sözün həqiqi təmsilçisinə çevrilir. O, göstərir ki, hər zaman sözün, şeirin və ədəbiyyatın keşiyində duran, təxəyyülü zəngin və ifadəsi güclü şairlər var və onlar öz poetik inciləri ilə ədəbiyyatımıza dəyər qatır.
Çağdaş ədəbiyyatımızda poeziyanı təkcə təmsil etməklə qalmayan, ona yeni bir nəfəs, rəng və şirinlik verən Tapdıq Əlibəyli, hər zaman bizim yolumuzu işıqlandıran, ruhumuzu qidalandıran bir bələdçimizdir. Onun şeirləri yalnız poetik məzmunu ilə deyil, həm də içindəki həyat fəlsəfəsi və bədii üslubunun incəliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, Tapdıq Əlibəylinin üslubu sadəcə müasir poeziyanın qiymətli bir nümunəsi deyil, həm də ədəbiyyatımızın gələcəyinə işıq tutan bir xəzinədir. Düşünürəm ki, onun əsərləri, hərtərəfli araşdırılmalı, daha dərindən öyrənilməli və dəyərləndirilməlidir.
Bəzən mənə elə gəlir ki, Tapdıq Əlibəylini şair olaraq ilk kəşf edən insan mənəm. Yəqin ki, bu hiss müəllifi olduğum və Tapdıq müəllimin redaktoru olduğu, ön söz yazdığı “Eşqnamə” əsəri üzərində birlikdə çalışmamızdan və bu çalışma sayəsində ona daha yaxından bələd olmamdan irəli gəlir. Təmiz ürəkli, xoş diləkli və zəngin iç dünyası olan bu insan ədəbi camiədə özünəməxsus bir yer tutub.
Əminəm ki, Tapdıq Əlibəyli sözünə olan məhəbbət və hörmət sayəsində, ədəbiyyatımızda silinməyən dərin izlər buraxacaq və əsərləri gələcək nəsillər tərəfindən də hər zaman sevilərək zaman-zaman oxunacaq. Çünki onun yaradıçılığı zamanın fövqündədir.
Tapdıq Əlibəylinin sözə sığal çəkmək bacarığı da özünəməxsusdur – hər bir ifadə sanki bir naxış kimi ortaya çıxır. Məsələn, “Payız çöhrəsində yazdı 44 Gün” kitabını oxuyarkən sanki təsirli bir filmə tamaşa edirsən. Qeyd edim ki, bu əsər nəşr tarixi etibarı ilə Zəfərlə nəticələnən Vətən müharibəsi (Qarabağ) mövzusunda ilk poetik salnamədir.

Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı…
Payız çöhrəsində yazdı 44 gün.

Əminliklə demək olar ki, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndilərindən biri olan Tapdıq Əlibəylinin yaradıcılığı, ədəbiyyatımıza dəyərli bir töhfədir. Aşağıdakı bəndin prototipi də elə sevimli şairimizdir.

Şairlər duyğusal, kövrək olurlar,
Elə bil nur üzlü mələk olurlar,
Möhürü söz olur, qibləsi sevgi,
Qəlbinin səsiylə ahəng olurlar.

Söz dəryasına dalmaq, onun dərinliklərinə enmək hər şairin qismətinə düşməz. Sözün hər incəliyini və gözəlliyini axtarıb tapmaq üçün bu dərinliklərə qəvvas kimi enən şairlər həqiqətən də tərifə layiqdir. Necə ki, özünün də dediyi kimi:

Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci gəzirım.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.

Tapdıq Əlibəylinin ən diqqətçəkən və təqdirəlayiq xüsusiyyətlərindən biri onun insanlara olan dərin həssaslığı və yüksək dəyər verməsidir. O, Azərbaycana layiqincə xidmət etmiş, xalqının rifahı üçün çalışan şəxsləri mütəmadi olaraq gündəmə gətirir və dünyasını dəyişənləri heç vaxt unutmur, həmişə onların xatirəsini yad edir və bizə onların töhfələrini xatırladır.
Bu xüsusiyyətini nəzərə alaraq, Tapdıq Əlibəyliyə həsr etdiyim şeiri məmnuniyyətlə xatırlamaq istəyirəm:

Şair var boğulur öz göz yaşında,
Şair var heç adı yox baş daşında,
Şair var yüz sual var baxışında,
Sağ ol ki, hər kəsi yada salırsan.

Şair var gəlməyir səsi- sorağı,
Şair var yazdığı yalnız bayağı,
Şair var sönübdür ömür çırağı,
Sağ ol ki, hər kəsi yada salırsan.

Böyük ürəyin var, böyük amalın,
Tapdıq Əlibəyli, nurdur camalın,
Ünvanlar dolanır şair xəyalın,
Sağ ol ki, hər kəsi yada salırsan.

Çingiz Ərəblidir gördüyün yazan,
Yazdığı zamanda verildi azan…
İmzalar içində seçilir imzan,
Sağ ol ki, hər kəsi yada salırsan.

Tapdıq Əlibəyli həm də sədaqətli dostdur. Onunla söhbət etmək insanı daxilən rahatlaşdırır. Saçlarının ağarması və həyatın üzündə çəkdiyi naxışlar onun nurani çöhrəsinə yaraşır və əzəmətini artırır. Əlbəttə, bu onun qocalmasından yox, ucalmasından xəbər verir. Şair dostuma ithaf olaraq yazdığım kimi:

Şair dostum, gör bizi zaman necə qocaltdı;
Saçımıza dən salıb, gündən-günə çoxaltdı.
Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı…
Deyim var ki, başında zirvələrin qar olar.

Ruhumuzsa cavandır, sanki on beş yaşında,
Onun da ağ yoxdu ki, nə “saçında”, “qaşında”.
Bir ömürlük hakimdir qəlb evinin başında,
Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.

Ağaran tək saç olsun, ürək qocalmasın heç,
Ömrümüzdən qoy illər təki bac almasın heç,
Dostlarımız ucalsın düşmən ucalmasın heç,
Yoxsa ki hər günümüz ancaq ahu-zar olar…

Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə bəd nəzərdən, pis gözlərdən üzaq olmasını diləyirəm.
65 yaşın zirvəsindən üzü 100 ilin zirvəsinə ucalasan, əziz dost!

Hacı Çingiz Ərəbli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Bilgəh Sağlamlıq Mərkəzinin Baş Həkimi

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I