
Zəfərin unudulmayan səsi: Xudayar
44 günlük Vətən Müharibəsi Salnaməsinə adını yalnız göstərdiyi qəhrəmanlıqla deyil, habelə, “Vətən yaxşıdır” mahnısını özü kimi bir Dastana döndərməklə yazan — şəhid Xudayar Yusifzadə 15 iyul 1998-ci il Bərdə şəhərində anadan olmuş, 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmiş, kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü iştirak etmiş Yusifzadə Xudayar qısa, lakin şərəfli ömrünü Azərbaycanın ərazi bütövlüyünə, dövlətinə və xalqına xidmətə həsr etdi. O, son nəfəsinə qədər döyüşərək müqəddəs amalına – Vətənin azadlığına sadiq qalaraq 22 oktyabr 2020-ci il… ən uca zirvəyə — şəhidlik məqamına yüksəldi.
Döyüş meydanında göstərdiyi şücaətlərlə adını qəhrəmanlıq salnaməsinə əbədi həkk edən Yusifzadə Xudayarın adı Azərbaycan xalqının yaddaşında yalnız bir hərbçi kimi deyil, o cümlədən mənəvi gücün, sarsılmaz iradənin və Vətənə sonsuz məhəbbətin rəmzi kimi yaşayır. Cəbhədə silahdaşları ilə birlikdə ürəkdən oxuduğu “Vətən yaxşıdır” mahnısı milyonlarla insanın qəlbinə yol tapdı. O səs Zəfər ruhunun, milli birliyin və torpaq sevgisinin unudulmaz ifadəsinə çevrildi.
Mən, Nərmin Ağaqızı — Xudayar Yusifzadənin doğum gününü dərin ehtiram hissi ilə anır, onun əziz xatirəsi qarşısında baş əyirəm! Şəhidlərimizin qanı ilə yazılan Zəfər tarixi Azərbaycanın ən böyük qürur səhifələrindən biridir. Bu tarixin müəlliflərindən biri olan Xudayar Yusifzadənin adı xalqımızın yaddaşında daim yaşayacaq.
Bakı / 15.07.2026
Müəllif: Nərmin Ağaqızı
Nərmin Ağaqıznın digər yazıları
Oxuyun >> Gözündə tük var