Etiket arxivi: YAZARLAR 43

VAQİF OSMANLI – “ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

RƏFAİL TAĞIZADƏ, ADİLƏ ASLANOVA və VAQİF OSMANOV


“ÜŞÜYƏN ŞEİRLƏR”İN İSTİSİ

Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,…” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”…
O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir.
Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar – Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində – axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də – Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir.
Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi – insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə.
Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:

Gecə tərin tökür nəm şüşəmizdə…
Küçə ayağına dar olmadı ki?!.
Məzar daşı kimi soyuq əllərim…
Yuxular gecənin dəm qonağıdır…
Ürək dönüb indi qəbir qazana…
Ağlayan daşlardan yer atlaz olur…

Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı.
“Üşüyən şeirlər,…”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”.
Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:

Öz halal torpağına
Yad quş da səkə bilməz!
Sən varsan, azadlıq var,
Bu yurdun qeyrətini
Heç vaxt yad çəkə bilməz!
Sən mənim torpağımın
Şanı, fəxri, hünəri,
Azərbaycan əsgəri!

Kədərlənir ki:

Sağ qalan şəhidlərin,
Ayaqları, qolları,
Görən gözü asılıb
Şəhid məzarlarından!
Dil açmamış körpəmin,
Müəmmalı baxışı,
Gələcək sualları,
Donub, asılı qalıb,
Şəhid məzarlarından!

Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:

Yaxında qonşu qadın
Ərini qarğıyırdı.
Tənha qalan bir qərib –
Dul gəlin ağlayırdı.

Küçədə “xoşbəxt” itlər
Kimə gəldi hürürdü.
Kif basmış boz ümidlər,
Küçələrdə ölürdü.

Onun lirik qəhrəmanlarından çoxu qadındı – “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:

Içindən qaynaıb, içindən daşan,
Payız gözlərindən selə qarışan,
Ruhuyla ağılı qoşa yarışan,
Özünün oduyla qarsılan qadın.

Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub – “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:

Möhtəşəm olurmuş sevilən kədər,
Varlığı təsəlli, yoxluğu əzab.
Fəsillər dövr edib dəyişən qədər,
Ürəyim ağlımla çəkir haqq-hesab.

Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:

Sevdirir insanı ruhu, nəşəsi,
Mən öz kədərimi sevdim, İlahi.

Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır.
İgid odur ki, kədərini də sevsin, özü də:

Dərdi qoyub cibinə,
Xərcləməyə gedəsən.
Gərək dərd sevəndə də,
Ən gözəlin sevəsən…

Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”. Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlan da yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.

Söz aldı, söz verdi dədə babamız,
İsindi evimiz, güldü yuvamız,
Bizləri yaşatdı üçcə balamız,
Nəvələr dırmanır divara, oğlan!

Lap bir gün əcəl gəlsə,
Qorxma!
Yan-yörənə buraxma!
Məni özünlə saxla!
Səni mənsiz aparsa,
Görəcəksən ordayam!

Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib – qanıqaynar vaxtı.
Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq – ümid də göndərir:

Süfrənizdə bir yeri boş qoyarsan,
Üzbəüzə, səninlə tuş qoyarsan,
Boşqabıma bir az da aş qoyarsan,
Bir də gördün, gəldim özüm, bağışla.

O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!”
Adilə Aslanova inamlıdır:

Mən içib Arazın suyunu bir qurtuma,
Ayaqyalın qaçacam, o mübarək yurduma!

O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.

Sevdiyim! Gəl incimə,
Hər nə istəyirsən, de,
Bircə mənə “Ay” demə.
Mən ona
tay olmaq istəmirəm!
Hər gecə bir şəkil alan
Ay olmaq istəmirəm.

“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir, Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz də sarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur.
Adilə Aslanova başdan ayağa şeir adamdı:

Hardasa bir ulduz uçur,
Qonur qərib şeirlərə.
Yapışmışam ətəyindən,
Görüm nə vaxt çırpır yerə…

“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:

Koroğlular qılınc beldə gələcək,
Keçəl Həmzə yad atından enəcək,
Div deyilən əməlində yenəcək,
Qarşılayın!.. Atlarımız kişnədi.

Onun “şeirləri ürək kimidir” – həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” – sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi – bənövşə kimi, kükrəkdi – şəlalə kimi, hürkəkdi – həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı – sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir – sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır – “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir – həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:

Niyə məni şair doğmadın, ana?!
Şairlər bir az da kədərdən yazır.
Mən də azdırardım qəm, kədərimi,
Yaxına qoymazdım heç qədərimi.
Iblisə, şeytana qəbir qazardım,
Yolundan didərgin salardım, ana!

Məni niyə şair doğmadın, ana?!
Şairlər dünyanın söz qılıncıdır.
Qılınc götürərdim, sipər çəkərdim,
Dünyanın qəlbinə ümid əkərdim,
Pisliyi, nifrəti xeyrə yozardım,
Sonra kürəyimə alardım, ana!
Bəlkə də, lap şair olardım, ana!

Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”…
Onun lirik dünyası gözəlliklər məskənidir – ilahi sözün sehrindən yaranıb…
Onun “ümidi kainatı qucan sevgi qədərdi”…
Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək…
“Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır…
Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım…
02.06.2024

ADİLƏ ASLANOVANIN YAZILARI

RƏFAİL TAĞIZADƏNIN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI

Hörmətlə: VAQİF OSMANOV

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Karl Marksın Azadlıq Fəlsəfəsi

Karl Marksın Azadlıq Fəlsəfəsi
Karl Marks azadlığa təkcə fərdi vəziyyət kimi deyil, həm də sosial fenomen kimi yanaşır.Onun fikrincə, həqiqi azadlıq o zaman mümkündür ki, fərd ictimai münasibətlər daxilində sərbəst hərəkət edə, öz potensialını reallaşdıra bilsin.Bununla belə, Marks kapitalist cəmiyyətinin bu həqiqi azadlığa mane olduğunu müdafiə edir.
Kapitalizmdə insanlar arasında iqtisadi bərabərsizliklər və sinfi parçalanmalar mövcud olmuşdur.Marksın fikrincə, bu vəziyyət insanların real azadlıqlarını məhdudlaşdırır, çünki müəyyən bir sinfin ictimai quruluşun üstünlüyü digər siniflərin azadlıqlarını məhdudlaşdırır.
Marksın azadlıq anlayışı sinfi mübarizə anlayışı ilə sıx bağlı olmuşdur.Onun fikrincə, məzlum siniflər öz azadlıqları uğrunda mübarizə apardıqda sinfi mübarizə yaranır. Lakin bu mübarizə ancaq mövcud nizamı devirməklə mümkündür. Marks proqnozlaşdırır ki, bu dağıntıdan sonra insanlar öz həqiqi azadlıqlarını əldə edəcəklər və hər kəs öz potensialını tam reallaşdıra bildiyi bir cəmiyyət yaranacaq.Ona görə də Marksın azadlıq fəlsəfəsi sosial transformasiya və ədalət axtarışı ilə sıx bağlıdır. Onun fikrincə, kapitalizm sistemini əvəz edəcək kommunist cəmiyyəti insanların öz həqiqi azadlığına çatmasına şərait yaratmışdır, çünki bu cəmiyyətdə iqtisadi bərabərsizliklər, sinfi fərqlər aradan qalxması fikri əsas olmuşdur. .

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QƏDİM TÜRKLƏRDƏ “SALAM” SÖZÜ NECƏ OLMUŞDUR?

QƏDİM TÜRKLƏRDƏ “SALAM” SÖZÜ NECƏ OLMUŞDUR?

Bu gün FB səhifəsində alim və yazıçı HÖRMƏTLİ Əlirza Xələfliyə bir ziyalı “Hey” adlı təcnis yazmışdı.Oxudum və təsirləndim.
Məndə sual yarandı ki, görəsən qədim türk xalqlarında “salam” sözü əvəzinə əvvəllər hansı sözümüz olmuşdur.Doğrusu nə qədər araşdırdımsa belə sözün işlək alternativini tapa bilmədim.
Bir çox dillərdə fonetik müqaisəli təhlil əsasında apardığım araşdırmalarda “salam” sözünün “səlamət, sağlam” sözündən yaranması öz təsdiqini tapdı.
Belə ki, rus dilində “здоровый – здравствуйте”; ingilis dilində “healthy – hello”; ərəb dilində “səlamət – səlam”; yunan dilində “geia sou – geia sou” və s. kimi eyni kökdən olan sözlər kimi təsnif olunmuşdur.
“Salam” sözünün dilimizdə özünə alternativsiz yer tutması əslində islamla sıx bağlıdır.Hətta “salam” sözü “müslim, müsəlman” sözünün epiteti kimi də qəbul edilir.
Digər dillərin müqayisəli təhlilindən aydın olur ki, “salam” sözü “səlamət, sağlam” sözlərindən alınmadır.Dilimizdə bu sözün arxaikləşib dildən çıxması türk dillərinə xələl gətirir.Əslində “salam” sözü ta ibtidaidən bütün xalqların dillərində ilkin söz kimi olmuş və saxlanılmışdır. Yalnız türk dillərində bu sözün qədim forması arxaikləşmişdir.
Folklorumuzun nümunəsi olan “Kitabi Dədə Qorqud”da “xanım hey” ifadəsi vardır.Dilçilər onu müraciət kimi qəbul edirlər.Əslində kütləyə “salam” vermək də müraciətdir.

Qədim Oğuz dillərində “hey” sözünün “səlamət” sözü ilə eyni kökdən olmasını sübut etmək araşdırmada ən əsas şərtdir.Əgər biz dilimizdə olan qədim ifadələrə diqqət versək, bunun izini görmək mümkündür.Dilimizdə olan ifadələri nəzərdən keçirək:”heyim kəsilib, heyim yoxdur, heyim qalmayıb, heyim qurtarıb, heysiz olmuşam, “hey-heyim gedib, vay-vayım qalıb” və s. kimi.
Türk dillərində bu ifadələrdə olan “hey” sözü “səlamət, sağlıqlı” sözünün alternativi kimi tam özünü doğruldur.
Araşdırmadan tam məlum olur ki, Qədim Oğuzlarda “hey” sözü “salam” sözünün türk dilində ilkin forması olmuşdur.”Hey” sözü həm “səlamət”, həm də “salam” mənasını bildirmişdir.
Maraqlıdır ingilis dilinin izahlı lüğətində “səlamət” sözünün 2-ci mənası “sound” – “səs” sözüdür.Türk dillərində də bu belədir.”Hey, səsin gəlsin!” ifadəsi bəzən “salam, səsin gəlsin” ifadəsini əvəz edir.Əslində dilimizdə olan “hay” (hay-küy, səs-küy) sözü “hay salmaq, səs salmaq” semantik cəhətdən “hey” sözündəndir.
Folklorumuzun digər nümunəsi olan “Koroğlu”dastanındakı “hoydu dəlilərim, hoydu” ifadəsi də müasir hərbi salamın qədim türk variantıdır.
P.S.Mən deyərdim ki, bütün xalqların dillərində “salam” sözü ən müqəddəs sözdür.Yəni “Salam Allah kəlamıdır”.Bütün xalqlar kimi biz də öz salamımızın qədim leksik formasını bilməliyik və onu xalqımıza çatdırmalıyıq.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ – CÜCƏ OVU

CÜCƏ OVU

(hekayə)

Zakir axşamüstü işdən qayıdırdı. Çox yorğun idi. Əlindəki boş yemək torbasını yelləyə-yelləyə həyət qapısına yaxınlaşırdı. Arvadı Züleyxanın səsi həyəti başına götürmüşdü. Hətta yol ilə keçənlər də eşidə bilərdilər.

-Qapı-bacada cücə qalmadı. – Züleyxa deyinirdi. – Kor qalmış bu pişik hardan gəlib buraları tanıdı? Səni görüm…

-Aaz, bir dayan görüm… – Səsə ayağını yeyinlədib özünü həyətə salan Zakir arvadına təpindi. – Aaz, havalanmış qarı kimi nə səsini başına atmısan? Demirsən yolunan keçib-eliyən olar, eşidər. Heç ayıb deyil?

-Nağayırım? – Züleyxa geri çəkilmədi. – İdarənin pişiyi dadanıb qapıya, gündə bir cücəmizi aparır.

Zakir bir il olardı ki, bura köçmüşdü. Həyət evində yaşayırdılar. Həyət-bacası vardı. On-on iki gün qabaq gedib cücə bazarından iyirmi cücə almışdı ki, arvadı saxlasın. Broyler toyuq əti yeməkdən ağzının dadını itirmişdi.

-Neçəsini aparıb?

-Bu günküynən yeddisi getdi. – Züleyxa əlini yelləyib gileyləndi.

-Bəs bunu mənə niyə indi deyirsən?

-Guya birinci cücəni aparanda desəydim qulağını kəsəcəkdin?

Zakir dinmədi, nəsə fikrə getdi. Ərinin susduğunu görən Züleyxa sözünə davam elədi:

-Sənin kimi fəhlələrdi də, gətirib sür-sümüyü atıb pişiyi cücə ətinə öyrəşdiriblər.

-Ağzının danışığını bil. – Zakir arvadına çəmkirdi. – Biz broyler toyuğun sür-sümüyünü atırıq.

-Yaxşı qazanın, broyler toyuq əti yeməyin, kənd çolpası alın.

-İşinin adı nədir? Cücələrə bax, pişik gəlib aparmasın.

-Day mənim işim-gücüm yoxdu. – Züleyxa gileyləndi.

Yekun qərar belə oldu. Həftənin sonuna kimi Züleyxa cücələri pişikdən qoruyur, bazar günü Zakir güdüb pişiyi güllə ilə vuracaq.

Zakirin təklülə ov tüfəngi vardı. Yaxşı ata bilməsə də hərdən üzü Şamaxıya tərəf dovşan ovuna çıxardı. Hələ vurduğu olmasa da ümidini üzməmişdi, əlbət bir gün vuracaqdı.

Şənbə günü Zakir işdən qayıdanda arvadı onu “muştuluqladı”:

-Cəmi bircə cücə qaldı.

-Sənə tapşırmışdım axı…

-Nağayırım? – Züleyxa əllərini yellədi. – Girdim evə ki, bir qurtum su içim, çıxdım gördüm apardı. Ha qışqırdım, xeyri olmadı.

-Yaxşı, daha keçib. Sabah onun işini həll edərəm. – Zakir əminliklə bildirdi.

Ertəsi gün Zakir tək qalmış cücəni ayağından ağaca bağladı. Qabağına dən tökdü, su qoydu. Özü də kənarda başqa bir ağaca söykənib pişiyin gəlməyini gözlədi. Ha gözlədi, pişik gəlib çıxmadı. Günorta oldu, pişik yenə gəlmədi. Zakiri yuxu apardı. Cücənin qışqırtısına yuxudan oyandı. Baxdı ki, pişik cücəni ağzına alıb dartışdırıb ipi qırmaq istəyir. Tüfəngi tuşlayıb çaxmağı çəkdi.

-Part!

Güllənin səsi Zakirin özünü silkələdi. Durub onlara tərəf qaçdı. Pişik cücəni buraxıb qaçdı. Cücə ölmüşdü.

Səsə Züleyxa evdən çıxdı.

-Nə oldu, ay Zakir? – Soruşdu.

-Daha bu gündən canımız qurtardı. – Zakir arxayın-arxayın dilləndi.

-Vura bildinmi? – Züleyxa sevinən kimi oldu.

-Vurmağına vurdum. – Zakir cavab verdi. – Ancaq pişik qaçdı, cücə öldü.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacıdan yeni hekayə

NAR AĞACI

(Hekayə)

Gülöyşə narın budaqları Zəbulla kişigilin damına doğru əyilmişdi. Sinəsini Günəşin istisinə sərmiş ağacın, sanki damarlarında qan qaynayırdı və bu qanı budaqlardan sallanmış meyvələrə ötürürdü. Ələ-ovuca sığmayan narları yuxarıdan Günəş, aşağıdan isə taxtapuşun dəmirinin istisi yetişdirirdi. Bu damın altında dərilmək üçün tələsən bir yetişmiş meyvə də vardı…

İsi hər dəfə darıxanda babasıgilə üz tuturdu, köhnə nərdivanla dama dırmaşıb doyunca nar yeyirdi, ağzı-burnu, üst-başı şirə-mala olandan sonra aşağı enib həyətdə ora-bura qaçan Kurkurla – keçiylə oynayırdı. Kurkur da Allahın bəlası idi, adam görən kimi mələyə-mələyə ardınca düşüb ondan əl çəkəsi deyildi. İsi taxta qapını aralayıb içəri adlayan kimi Kurkur qabağına yüyürüb öz balaca dostuyla salamlaşdı. Nar ağacının yetişmiş meyvələri uzaqdan adama “gəl-gəl” deyirdi. İsi isə bu dəfə nar sevdasında deyildi… Onun bu həyətə gəlməkdə qəsdi başqa idi.

Babası eyvanda oturub qəlyan tüstülədirdi, nənəsi isə əlində süpürgə və xəkəndazla həyəti süpürürdü. İsi Kurkurun qabağında bir-iki dəfə dombalaq aşdı, keçi kəsik-kəsik mələdi, sanki oğlanın hərəkətinə uğunurdu. İsi ilə Kurkur dost idilər. İsi babasına möhkəm-möhkəm tapşırmışdı ki, nəbadə, Kurkuru kəsib-eləyəsiniz, gecəylə gəlib bu evi yandıraram. İsi dostunun buynuzundan tutub yüngülcə silkələdi:

– Kef elə, Kurkur. Bir adam sənə toxuna bilməz, canını alaram. 

Kurkur razılıqla başını tərpədəndən sonra arxayın-arxayın həyətin o başındakı otluğa üz tutdu. İsi babasına, nənəsinə məhəl qoymayıb eyvana sarı deyil, evin arxa tərəfinə keçdi. Baba mızıldandı:

– Bərəkallah! Buna hələ salam verməyi öyrətməyiblər? Ay balam, bu uşağa nolub? Yaman havalı-havalı gəzir.

Nənənin, deyəsən, qulağı ağır eşidirdi, heç başını qovzamadı. Nar ağacının taxtapuşa uzanan budaqları İsini özünə doğru çəkirdi. Ən dadlı meyvə isə aşağıda – taxtapuşun altından həyətə pəncərəsi olan balaca otaqda idi.

Esmira İsigilin qonşuluğunda yaşayırdı. Qız hər dəfə məhəllədən gəlib keçəndə İsinin ürəyinin döyüntüsü artırdı, içində izaholunmaz hisslər oyanırdı. Uşaq özünü itirirdi, dili söz tutmurdu. Esmira İsiyə baxıb gülümsəyir, başına sığal çəkib ötürdü. Bu səssiz qarşılaşmalar İsinin içində nəğməyə dönürdü. Bu nəğməni özündən başqa eşidən olmurdu. Qızın sağlam bədənindən qopan ətir oğlanı əməlli-başlı sehrləyirdi. Bu, İsinin dünyada ilk sirri idi. İsi uşaq olsa da, sirr saxlamağı yaxşı bacarırdı. Qızın bu sirdən xəbəri vardımı, yoxdumu, bunun özü də sirri-Xuda idi.

İndi Esmira həmin bu taxtapuşun altındakı balaca otaqda idi. İsi onu qaçıran oğlanı da tanıyırdı. Oğlan qızı qaçırıb babasıgilə gətirmişdi. İsinin babası etibarlı adam idi və oğlanın babası ilə möhkəm dost idilər. Müharibədə almanlara qarşı birlikdə vuruşmuşdular. İsinin babası sağ-salamat qayıdıb gəlsə də, qızı qaçıran oğlanın babası sağ ayağını müharibəyə bağışlamışdı. Deyilənə görə, qızı oğlana verməyiblər, qız da qoşulub qaçıb. İndi qızı top-tüfənglə də geri qaytarmaq mümkün deyildi. İsinin babası kənddə sayılıb-seçilən adam idi. Hal-qəziyyədən də xəbərdar idi, qızı evində gizlətməyə özü razılıq vermişdi.

Çatlamış narın şirəsi axıb qabığına hopmuşdu. Şalvarının balağını dizinin kündəsinə qədər çəkmiş İsi gözucu taxtapuşdan aşağı boylandı. Başı gicəlləndi, az qaldı kəlləsi üstə taxtapuşdan aşağı dığırlansın. Tez nar ağacının budağından yapışdı, budaq möhkəm idi, müvazinətini düzəltdi. Günəşin altında narlar yaqut kimi işıq saçırdı. Digər narlar isə sürüşərək taxtapuşun kənarındakı novçaya yığılmışdı. Narların küskün görkəminə baxanda ürəyi sızladı. İndi onların yan-yörəsində qarışqalar dolaşırdı. İsi qaçırılmış qızı novçanın küncünə diyirlənmiş nara bənzətdi. Elə bu damdaca bapbalaca ürəyində babasına qarşı nifrət cücərməyə başladı: “Öz dostuna da xəyanət elədi bu qoca”.

Taxtapuş quzulamışdı, yağan yağışlar onun rəngini yuyub aparmışdı. Nar ağacı isə əvvəlki gözəlliyində idi. İsi həmişə bu dama çıxanda üst-başı bulaşana qədər, doyunca nar yeyərdi. Bu dəfə çatlamış narlar eyninə deyildi, xırdaca ürəyi nar kimi çatlamışdı.

İsi ayağı altında hənirti duydu, aşağı baxdı. Esmira him-cimlə nar istəyirdi. İsi budaqdakı ən iri narı bir andaca qoparıb ikiyə böldü, nar dənələri üzüaşağı töküldü. Qız gülümsədi. İsi parçalanmış narı ona verdi, qız narı ləzzətlə yeməyə başladı, göyərçin əlləri, ağzı, yanaqları, ağappaq donunun ətəyi, bir də ayağı altındakı mələfə qan rənginə boyandı.

***

İsi bu dəfə müvazinətini saxlaya bilmədi, tappıltı ilə taxtapuşun üstünə yıxıldı. Yetişmiş narlar dolu kimi üstünə töküldü, sanki onu daşa basırdılar,  nar ağacının yarpaqları bir andaca saralıb İsinin başına səpələndi. Ağac lümlüt qaldı. İsi, sanki bir andaca yazdan payıza düşdü, canını üşütmə aldı, əlləriylə çiyinlərini qucaqlayıb büzüşdü. Taxtapuşun üstündə, nar ağacının altında İsinin xəyallarını müsadirə etmək mümkün deyildi. Onu yuxu apardı, nədisə, bir də gördü ki, başının üstündəki ağac çiçəkləyib, qollarını tərpətmək istədi, baxdı ki, qolları da ağappaq ləçəklərə bürünüb. O, nar ağacının bir parçasına çevrilmişdi. Tumurcuqların hərəsi bir nazlı mələyə çevrilib İsinin xeyli vaxtdan bəri ürəyində gizli oxuduğu nəğməni xoş avazla oxumağa başladılar. İsinin sirrini açıb aləmə faş etdilər. Mələklər oxuduqca İsinin ayaqları da ağac kimi kök atıb taxtapuşun altına, yerin dərinliyinə doğru uzanmağa başladı, qolları ağacın budaqları kimi taxtapuşun hər tərəfinə doğru uzandı. İsi qocaman bir nar ağacına çevrilib evi büsbütün əhatə etdi. Baba da, nənə də, Esmira da indi bu ağacın içində idi.

Həyətdə qarışqa qoşunu nizami ordu kimi nar ağacına hücuma keçməyə hazırlaşırdı. Kurkur çaşqın halda həyətdə ora-bura qaçır, elə hey mələyirdi. Keçinin harayını eşidən yox idi.

Evin dərinliklərindən İsinin uçunan səsi eşidilirdi:

– Sən mənimsən, mənimsən… Səni heç kəsə vermərəm, vermərəəəm!..  

***

İsi gözlərini açanda başının üstündə yenə nar ağacını gördü. Hava da əməllicə soyumuşdu. Novçaya ilişib qalmış narlara qarışqalar daraşmışdı. İsinin bədəni qarışqa yuvasına dönmüşdü. Babası yuxarı qalxıb nəvəsini qucağına götürdü və birtəhər aşağı düşürtdü. Nənə ərini danlayırdı:

– Bayaqdan bir baxmırsan ki, bu gədə necə oldu? Uşağım naxoşdiycey. Tez ol, apar kiçik otağa.

Əllərini İsinin qollarına toxunduran arvad diksindi:

– Vaxsey, bədəni buz kimidir ki! Tez ol, apar içəri! Sirkəynən, keçi piyiynən ovuşdurum uşağı. Yoxsa, soyuq canına işləyəcək.  

– Uşaq döyül e, bəladır, bəla! – baba deyinə-deyinə İsini içəri apardı.

İsi damda nar rəngli yuxu görəndə oğlan gəlib qızı aparmışdı. İsini qızın gizlədildiyi otağa aparıb üstünü mələfə ilə örtdülər. İsi qeyri-ixtiyari yan-yörəsinə, mələfəyə, yatağın içinə baxdı; nar ləkəsinin bircə zərrəsini də görmədi. Baba ilə nəvə ha illah elədilər, İsi onlarla bir kəlmə də kəsmədi. Üzünü divara çevirib susdu.

Qocalar axşam tez yatırdılar. İsi onları yuxuya verib yerindən qalxdı və həyətə çıxdı. Çevrilib taxtapuşun üstündəki nar ağacına baxdı.

İsi bir də heç vaxt bu həyətə dönmədi.

22-23 aprel, 2024

Müəllif: KƏNAN HACI

KƏNAN HACININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru