Etiket arxivi: HEKAYƏ MÜZAKİRƏSİ

Kənan Hacıdan yeni hekayə

NAR AĞACI

(Hekayə)

Gülöyşə narın budaqları Zəbulla kişigilin damına doğru əyilmişdi. Sinəsini Günəşin istisinə sərmiş ağacın, sanki damarlarında qan qaynayırdı və bu qanı budaqlardan sallanmış meyvələrə ötürürdü. Ələ-ovuca sığmayan narları yuxarıdan Günəş, aşağıdan isə taxtapuşun dəmirinin istisi yetişdirirdi. Bu damın altında dərilmək üçün tələsən bir yetişmiş meyvə də vardı…

İsi hər dəfə darıxanda babasıgilə üz tuturdu, köhnə nərdivanla dama dırmaşıb doyunca nar yeyirdi, ağzı-burnu, üst-başı şirə-mala olandan sonra aşağı enib həyətdə ora-bura qaçan Kurkurla – keçiylə oynayırdı. Kurkur da Allahın bəlası idi, adam görən kimi mələyə-mələyə ardınca düşüb ondan əl çəkəsi deyildi. İsi taxta qapını aralayıb içəri adlayan kimi Kurkur qabağına yüyürüb öz balaca dostuyla salamlaşdı. Nar ağacının yetişmiş meyvələri uzaqdan adama “gəl-gəl” deyirdi. İsi isə bu dəfə nar sevdasında deyildi… Onun bu həyətə gəlməkdə qəsdi başqa idi.

Babası eyvanda oturub qəlyan tüstülədirdi, nənəsi isə əlində süpürgə və xəkəndazla həyəti süpürürdü. İsi Kurkurun qabağında bir-iki dəfə dombalaq aşdı, keçi kəsik-kəsik mələdi, sanki oğlanın hərəkətinə uğunurdu. İsi ilə Kurkur dost idilər. İsi babasına möhkəm-möhkəm tapşırmışdı ki, nəbadə, Kurkuru kəsib-eləyəsiniz, gecəylə gəlib bu evi yandıraram. İsi dostunun buynuzundan tutub yüngülcə silkələdi:

– Kef elə, Kurkur. Bir adam sənə toxuna bilməz, canını alaram. 

Kurkur razılıqla başını tərpədəndən sonra arxayın-arxayın həyətin o başındakı otluğa üz tutdu. İsi babasına, nənəsinə məhəl qoymayıb eyvana sarı deyil, evin arxa tərəfinə keçdi. Baba mızıldandı:

– Bərəkallah! Buna hələ salam verməyi öyrətməyiblər? Ay balam, bu uşağa nolub? Yaman havalı-havalı gəzir.

Nənənin, deyəsən, qulağı ağır eşidirdi, heç başını qovzamadı. Nar ağacının taxtapuşa uzanan budaqları İsini özünə doğru çəkirdi. Ən dadlı meyvə isə aşağıda – taxtapuşun altından həyətə pəncərəsi olan balaca otaqda idi.

Esmira İsigilin qonşuluğunda yaşayırdı. Qız hər dəfə məhəllədən gəlib keçəndə İsinin ürəyinin döyüntüsü artırdı, içində izaholunmaz hisslər oyanırdı. Uşaq özünü itirirdi, dili söz tutmurdu. Esmira İsiyə baxıb gülümsəyir, başına sığal çəkib ötürdü. Bu səssiz qarşılaşmalar İsinin içində nəğməyə dönürdü. Bu nəğməni özündən başqa eşidən olmurdu. Qızın sağlam bədənindən qopan ətir oğlanı əməlli-başlı sehrləyirdi. Bu, İsinin dünyada ilk sirri idi. İsi uşaq olsa da, sirr saxlamağı yaxşı bacarırdı. Qızın bu sirdən xəbəri vardımı, yoxdumu, bunun özü də sirri-Xuda idi.

İndi Esmira həmin bu taxtapuşun altındakı balaca otaqda idi. İsi onu qaçıran oğlanı da tanıyırdı. Oğlan qızı qaçırıb babasıgilə gətirmişdi. İsinin babası etibarlı adam idi və oğlanın babası ilə möhkəm dost idilər. Müharibədə almanlara qarşı birlikdə vuruşmuşdular. İsinin babası sağ-salamat qayıdıb gəlsə də, qızı qaçıran oğlanın babası sağ ayağını müharibəyə bağışlamışdı. Deyilənə görə, qızı oğlana verməyiblər, qız da qoşulub qaçıb. İndi qızı top-tüfənglə də geri qaytarmaq mümkün deyildi. İsinin babası kənddə sayılıb-seçilən adam idi. Hal-qəziyyədən də xəbərdar idi, qızı evində gizlətməyə özü razılıq vermişdi.

Çatlamış narın şirəsi axıb qabığına hopmuşdu. Şalvarının balağını dizinin kündəsinə qədər çəkmiş İsi gözucu taxtapuşdan aşağı boylandı. Başı gicəlləndi, az qaldı kəlləsi üstə taxtapuşdan aşağı dığırlansın. Tez nar ağacının budağından yapışdı, budaq möhkəm idi, müvazinətini düzəltdi. Günəşin altında narlar yaqut kimi işıq saçırdı. Digər narlar isə sürüşərək taxtapuşun kənarındakı novçaya yığılmışdı. Narların küskün görkəminə baxanda ürəyi sızladı. İndi onların yan-yörəsində qarışqalar dolaşırdı. İsi qaçırılmış qızı novçanın küncünə diyirlənmiş nara bənzətdi. Elə bu damdaca bapbalaca ürəyində babasına qarşı nifrət cücərməyə başladı: “Öz dostuna da xəyanət elədi bu qoca”.

Taxtapuş quzulamışdı, yağan yağışlar onun rəngini yuyub aparmışdı. Nar ağacı isə əvvəlki gözəlliyində idi. İsi həmişə bu dama çıxanda üst-başı bulaşana qədər, doyunca nar yeyərdi. Bu dəfə çatlamış narlar eyninə deyildi, xırdaca ürəyi nar kimi çatlamışdı.

İsi ayağı altında hənirti duydu, aşağı baxdı. Esmira him-cimlə nar istəyirdi. İsi budaqdakı ən iri narı bir andaca qoparıb ikiyə böldü, nar dənələri üzüaşağı töküldü. Qız gülümsədi. İsi parçalanmış narı ona verdi, qız narı ləzzətlə yeməyə başladı, göyərçin əlləri, ağzı, yanaqları, ağappaq donunun ətəyi, bir də ayağı altındakı mələfə qan rənginə boyandı.

***

İsi bu dəfə müvazinətini saxlaya bilmədi, tappıltı ilə taxtapuşun üstünə yıxıldı. Yetişmiş narlar dolu kimi üstünə töküldü, sanki onu daşa basırdılar,  nar ağacının yarpaqları bir andaca saralıb İsinin başına səpələndi. Ağac lümlüt qaldı. İsi, sanki bir andaca yazdan payıza düşdü, canını üşütmə aldı, əlləriylə çiyinlərini qucaqlayıb büzüşdü. Taxtapuşun üstündə, nar ağacının altında İsinin xəyallarını müsadirə etmək mümkün deyildi. Onu yuxu apardı, nədisə, bir də gördü ki, başının üstündəki ağac çiçəkləyib, qollarını tərpətmək istədi, baxdı ki, qolları da ağappaq ləçəklərə bürünüb. O, nar ağacının bir parçasına çevrilmişdi. Tumurcuqların hərəsi bir nazlı mələyə çevrilib İsinin xeyli vaxtdan bəri ürəyində gizli oxuduğu nəğməni xoş avazla oxumağa başladılar. İsinin sirrini açıb aləmə faş etdilər. Mələklər oxuduqca İsinin ayaqları da ağac kimi kök atıb taxtapuşun altına, yerin dərinliyinə doğru uzanmağa başladı, qolları ağacın budaqları kimi taxtapuşun hər tərəfinə doğru uzandı. İsi qocaman bir nar ağacına çevrilib evi büsbütün əhatə etdi. Baba da, nənə də, Esmira da indi bu ağacın içində idi.

Həyətdə qarışqa qoşunu nizami ordu kimi nar ağacına hücuma keçməyə hazırlaşırdı. Kurkur çaşqın halda həyətdə ora-bura qaçır, elə hey mələyirdi. Keçinin harayını eşidən yox idi.

Evin dərinliklərindən İsinin uçunan səsi eşidilirdi:

– Sən mənimsən, mənimsən… Səni heç kəsə vermərəm, vermərəəəm!..  

***

İsi gözlərini açanda başının üstündə yenə nar ağacını gördü. Hava da əməllicə soyumuşdu. Novçaya ilişib qalmış narlara qarışqalar daraşmışdı. İsinin bədəni qarışqa yuvasına dönmüşdü. Babası yuxarı qalxıb nəvəsini qucağına götürdü və birtəhər aşağı düşürtdü. Nənə ərini danlayırdı:

– Bayaqdan bir baxmırsan ki, bu gədə necə oldu? Uşağım naxoşdiycey. Tez ol, apar kiçik otağa.

Əllərini İsinin qollarına toxunduran arvad diksindi:

– Vaxsey, bədəni buz kimidir ki! Tez ol, apar içəri! Sirkəynən, keçi piyiynən ovuşdurum uşağı. Yoxsa, soyuq canına işləyəcək.  

– Uşaq döyül e, bəladır, bəla! – baba deyinə-deyinə İsini içəri apardı.

İsi damda nar rəngli yuxu görəndə oğlan gəlib qızı aparmışdı. İsini qızın gizlədildiyi otağa aparıb üstünü mələfə ilə örtdülər. İsi qeyri-ixtiyari yan-yörəsinə, mələfəyə, yatağın içinə baxdı; nar ləkəsinin bircə zərrəsini də görmədi. Baba ilə nəvə ha illah elədilər, İsi onlarla bir kəlmə də kəsmədi. Üzünü divara çevirib susdu.

Qocalar axşam tez yatırdılar. İsi onları yuxuya verib yerindən qalxdı və həyətə çıxdı. Çevrilib taxtapuşun üstündəki nar ağacına baxdı.

İsi bir də heç vaxt bu həyətə dönmədi.

22-23 aprel, 2024

Müəllif: KƏNAN HACI

KƏNAN HACININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tural Cəfərli – 44 NÖMRƏLİ PALATA

44 NÖMRƏLİ PALATA

Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər.
Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünün suyunu silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.
Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi… Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.

– Cek London, Drayzer, Tven…- Əsgər Ağayevin xırıltılı səsi bir andaca palatadakı sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev gözünü tavanda hörümçək toruna zilləyib sayıqlamağa başladı.

– Su, su, su verin… Ağayevin səhra çölünü xatırladan dili ilan kimi qıvrılır, davamında söyüş və qışqırıqlar eşidilirdi… Tibb bacısı dəmir stəkandakı suyu Ağayevə sarı uzatdı. Bir qurtum içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü…
Ağayev Filologiya fakültəsini keçən il bitirmişdi. Elə Aytacı da fakültədə görüb sevmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmiş, ancaq ümidini də üzməyib hərbi xidmətə yollanmışdı. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə…
Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi…
Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu:
-Əsgər, kitab oxuyursan?
-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.
-Kimləri oxuyursan?
-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu… Ağayev başını daha da dikəltdi.
Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə bunu şəxsən polkovnik Paşayev əmr etmişdi…

27 sentyabr… Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:

-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!
Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.
– İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi…
– “Birinci” mən “Şahinəm” necə başa düşdün qəbul….
-………………..
– Birinci, birinci!!!
-Birinci qəbulda!
-Biz kəndi aldıq, kənd bizdədi…. Necə başa düşdün qəbul!
-……..

Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişi siqaret tüstüsündən saralmış bığına sığal çəkib zikr edirdi. Halından belə məlum olurdu ki, özünü tamamən unutmuşcasına soyuq və halsız idi. Pencəyinin yaxası qədimi orden və medallarla dolu olan bu adamın elə bil üstündə dəmirdən çiçəklər açmışdı… Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçirdi, heç kim bu pərişanlığın fərqinə varmırdı…
Yaralı əsgərlərin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı…

Tibb bacısı həyəcanla səsləndi:

– Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.
– Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.
Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi böyüməyə başladı…
Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü.
İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı…
Palata qırx dörd… Tibb bacısının üzünə qonan kədərin iki adı vardı: “Olum və ölüm”… İkincini heç kim eşitmək istəmir, o yan bu yana var-gəl edir, addımlarını sürətləndirib bunu sanki özlərindən uzaqlaşdırmağa çalışırdılar .
Cərahiyyə otağından qara bulud kimi dolub çıxan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı…

Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…
Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin yaşamaq eşqi ilə vuran ürəyinin döyüntüsü kilidlənmişdi. 1 saylı uşaq evində böyüsə də, yetimliyini bildirməz, özünü hamıdan çox atalı-analı kimi göstərərdi…
Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…


“Bir azdan öləcəm. Lap az vaxtım qalıb… Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…
Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…
Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!


Müəllif: Tural Cəfərli

TURAL CƏFƏRLİNİN YAZILARI

ƏSƏD CAHANGİRİN LAYİHƏSİ

HEKAYƏ MÜZAKİRƏSİ

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru